Ardını oxu...
  

Ekspertlər BRİCS sammitində sülh müqaviləsi yox, hər hansı çərçivə anlaşmasının imzalanacağını, yaxud da indiyədək razılaşdırılan maddələrin paraflanacağını istisna etmirlər

Ermənistan hakimiyyəti “sülhməramlı” libasa büründüyü halda, davamlı şəkildə sülhə maneələr yaratmaqdadır. Bu ölkənin silahlanmaya böyük miqdarda vəsait ayırması, şərti sərhədlər boyunca hərbi kontingent və ağır texnika, artilleriya qurğuları, digər silahlar yerləşdirməsi nəinki sülhə aparmır, hətta növbəti eskalasiyaya hazırlıq məqsədi daşıyır.

Bütün bu təxribatçı addımların fonunda Nikol Paşinyanın və komanda üzvlərinin vaxtaşırı Azərbaycanla sülhə hazır olmaları barədə növbətçi bəyanatlar səsləndirməsi absurddur. Üstəlik, Avropa İttifaqının Ermənistandakı “mülki” adında, əslində isə hərbi-casus şəbəkəsinin sayının artırılması, həmçinin Danimarkanın hesabına üzv ölkələr baxımından sıralarının genişləndirilməsi sülhü pozmaq niyyətindən qaynaqlanır.

“Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında gizli görüş keçirilib”.

“Yeni Müsavat” bildirir ki, belə bir iddia ilə Ermənistanın “Qraparak” nəşri çıxış edib.

Qəzetin iddiasına görə, gizli görüş oktyabrın 8-də səhər saatlarında baş tutub və bu haqda ictimaiyyətə məlumat verilməyib: “BRİCS-in Kazanda keçiriləcək sammitində üçtərəfli görüş keçiriləcək. Moskvadakı gizli görüş buna hazırlıq məqsədi daşıyıb. Kazanda açıq şəkildə davam etdiriləcəyi ilə bağlı razılığa gəlindiyi haqda məlumatlar var”.

Qeyd edək ki, MDB sammitindən reportaj “Moskva. Kreml. Putin” müəllif proqramının hazırlayan Pavel Zarubinin çəkdiyi bir qısa süjetdə Putinin görüşdən əvvəl Paşinyanla oturub ikilikdə söhbət etdiyi görünür. Sonra isə digər prezidentlər də oraya gəlirlər. Bununla yanaşı, qeyd olunur ki, Rusiya cari il ərzində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin razılaşdırılmasında olduqca maraqlıdır. Bu mənada Kazanda müəyyən yeniliklərin olması istisna olunmur. Məsələ ilə bağlı “Vesti Kavkaza” nəşri yazır: “Moskvada keçirilən MDB dövlət başçılarının sammiti daha çox Birliyin iki üzvü - Azərbaycan və Ermənistan arasında münasibətlərin nizamlanmasına həsr olunub. Məhz bu respublikaların rəhbərləri ilə Rusiya prezidenti Vladimir Putin Kremldə ayrıca görüşlər keçirdi”.

Yeri gəlmişkən, oktyabrın 22-24-də Kazanda BRİCS-in dövlət və hökumət başçılarının geniş tərkibdə ilk sammiti olacaq. Sammitdə 20 min iştirakçı olacaq. Tədbirdə həmçinin jurnalistlərin, ekspertlərin də  iştirakı nəzərdə tutulur. Putinin sözlərinə görə, Kazanda BRİCS-ə üzv ölkələrin hərtərəfli tərəfdaşlığının daha da inkişaf etdirilməsi perspektivlərini əsaslı şəkildə müzakirə etmək, həmçinin müxtəlif sektorlar və əməkdaşlıq sahələri üzrə sazişlər paketini təsdiqləmək planlaşdırılır. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Rusiya BRİCS üzvlərini informasiya təhlükəsizliyi üzrə əməkdaşlıq memorandumu bağlamağa və “Süni intellekt sahəsində Etika Kodeksi”ni imzalamağa dəvət edəcək. Moskva korrupsiyaya qarşı mübarizə, gömrük və antiinhisar sahələrində, davamlı inkişaf, iqlim və enerji sahələrində iş üzrə əməkdaşlığı gücləndirmək niyyətindədir. Üstəlik, iqlim məqsədləri üzv dövlətlərin iqtisadi inkişafına mane olmamalıdır. Enerji keçid yolunu seçərkən hər bir ölkə milli prioritetlərə diqqət yetirməlidir.

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 14-də Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən bir sıra vacib məsələləri Avropa İttifaqının üzv ölkəsinin diplomatının nəzərinə çatdırıb. Prezident bildirib ki, Brüssel Ermənistanla Azərbaycan arasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə danışıqların uğurla keçirildiyi bir məkan olub və həqiqətən orada mühüm irəliləyişə nail olunub. “Lakin əfsus ki, Ermənistan tərəfi Brüssel prosesi adlanan bu prosesi davam etdirməmək qərarına gəldi. Ancaq hər bir halda bu, çox yaxşı nəticə və təcrübə verən müsbət proses idi”. Prezident İlham Əliyev qeyd edib ki, hazırkı şəraitdə daha çox diqqət ikitərəfli müstəviyə cəmlənib. Dövlətimizin başçısı vurğulayıb ki, sülh müqaviləsinin bütün bəndləri eyni dəyərə malikdir, birini digərindən ayırmaq olmaz. Prezident İlham Əliyev bu baxımdan Ermənistan hökumətinin “bu vaxtadək nə barədə razılaşdırılıbsa, ona imza atılsın, razılaşdırılmamış müddəalar növbəti mərhələlərə saxlanılsın” qəribə təklifini tamamilə reallıqdan kənar hesab etdiyini bildirib və bu cür yanaşma presedentinin ona məlum olmadığını vurğulayıb. Dövlətimizin başçısı qeyd edib ki, torpaqlarımızın işğalı dövründə dırnaqarası “Madrid prosesi prinsipləri” mövcud idi və bunun qarşılıqlı razılaşdırılmış əsas müddəalarından biri də o idi ki, bütün məsələlər razılaşdırılmadan heç nə razılaşdırıla bilməz. Sitat: “Bu, ozamankı ATƏT-in Minsk Qrupu həmsədrlərinin, Ermənistanın və Azərbaycanın mövqeyi idi və biz bu mövqedə qalırıq. Əfsuslar olsun ki, keçmiş Minsk Qrupunun bəzi üzvləri bununla bağlı öz mövqelərini dəyişdirdilər və Ermənistanın indiki qeyri-real təklifini dəstəkləyirlər”. Prezident İlham Əliyev bildirib ki, bir çox hallarda Ermənistan tərəfi bu təklifləri irəli sürməklə guya sülh istəyində olduqlarını nümayiş etdirirlər. Lakin onlar əvvəlcədən bilirlər ki, bu təkliflər qəbul oluna bilməz. Göründüyü kimi, dövlətimizin başçısının prinsipial mövqeyi dəyişməzdir və bu xatırlatmalar təkcə Ermənistan üçün deyil, həm də ona havadarlıq edənlər və ermənilərdən maşa kimi yararlananlara da ünvanlanıb. Deməli, qarşıdakı tədbirdə görüş olacaqsa da, Azərbaycanın diqtə etdiyi çərçivədən kənarda nələrsə baş verməyəcək. Dünyanın diqqətlə izlədiyi bir sammitdə üçtərəfli görüş, hətta hansısa razılaşma sənədinin imzalanması nə qədər gerçək ola bilər?

Ardını oxu...

 Sahib Alıyev

Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında rəsmi Moskvanın proseslərə yanaşması ilə bağlı diqqətçəkən fikirlər söylədi: “Açığı, mən fikirləşmirəm ki, Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhün yaranmasına yanaşmada Rusiyanın mövqeyi Qərbdən, yaxud da İrandan fərqlidir. Sadəcə, regionda qarşıdurmanın qalmasında haypərəstlik adı altında digərlərinin necə canfəşanlıq etdiklərini görüb, Rusiya seyrçiliyə üstünlük verir və beləliklə, Azərbaycanla da əlaqələri korlamır. Hazırda Rusiyanı ən çox maraqlandıran Zəngəzur dəhlizindən keçidin öz kontrolunda olmasıdır, vəssalam. Mümkündür ki, Rusiya sərhədçilərinin Ermənistanla İran arasındakı nəzarət-buraxılış məntəqəsindən çəkilməsinə razılıq da bu məqsədlə edilib. Yəni bununla həm də dəhlizə yanaşmada İranın mövqeyinin yumşaldılmasına çalışılıb. Ümumiyyətlə,  bu fikirdəyəm ki, hayların Rusiya ilə   bərabər Ermənistanın İran və Türkiyə ilə sərhədlərinin qorunmasına izn verilməsi də guya Moskvanın regionda mövqelərinin zəiflədilməsi təəssüratı yaratmaq üçün İrəvanla birgə oyunlarının davamıdır”.

S.Alıyev xatırlatdı ki, Rusiyanın Ermənistandakı sərhədçilərinin önəmli bir hissəsi onsuz da hayəsllilərdir: “Yəni əslində indiyə kimi də sərhədlər bir növ birgə qorunurdu. Aparılan indiki oyun Rusiyaya sanksiyalardan yayınmağa, Ermənistana isə çağdaş terminlə desək, kvadrober pulu qazanmağa imkan verir. BRİCS sammiti çərçivəsində Azərbaycanla Ermənistan arasında hər hansı bir sənədin imzalanıb-imzalanmayacağına gəldikdə, əgər guya Ermənistanın Rusiyanın boyunduruğundan qurtarmağa çalışdığı dediyim kimi, razılaşdırılmış oyundursa, ağlım kəsmir onlar buna getsinlər. Bəli, mən yaxın vaxtlarda Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsi yox, amma hər hansı çərçivə anlaşmasının imzalanacağını, yaxud da indiyədək razılaşdırılan maddələrin paraflanacağını istisna etmirəm. Ancaq bunun ya iki ölkənin sərhədində, yaxud da Almatıda baş verə biləcəyini zənn edirəm. Yeri gəlmişkən, Ermənistan Respublikasının Prezidenti Vaaqn Xaçaturyan Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə oktyabrın 15-də bu ölkəyə rəsmi səfər edib. Tokayev Azərbaycan-Ermənistan danışıqlarının növbəti raundunun Almatıda təşkil etməyə hazır olduğunu bildirib. Qazaxıstan prezidentinin bu haqda növbəti dəfə açıqlama verməsi onu göstərir ki, ən azı növbəti danışıqlar Qazaxıstanda aparıla bilər”.

Ardını oxu...

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadənin fikrincə, MDB dövlət başçılarının sammitində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin gizli görüşünün keçirilməsi mümkündür: “Məhz Nikol Paşinyan da İrəvandakı çıxışında Rusiyanın FTX Sərhəd Xidmətinin Zəngəzur dəhlizinə nəzarət edəcəyini istisna etmədiyini qeyd etdi. Deməli, belə bir görüş keçirilib ki, razılıq əldə edilib. Hazırda rəsmi İrəvan belə bir bəyanatın yanlış şərh edildiyini qeyd edir. Göründüyü kimi, Nikol Paşinyan hökuməti müstəqil deyil və Qərbdən verilən tezislərlə  idarə edilir. Ermənistanın öz müstəqil mövqeyi yoxdur. BRİCS sammiti çərçivəsində razılaşma əsasında yenidən gizli görüş keçilməsi varsa, Paşinyan prosesdən yayınacaq. Rusiya belə bir danışıqlarda və razılaşmada maraqlıdır. Düşünürəm ki, BRİCS sammiti çərçivəsində hər hansı bir sənəd imzalanmayacaq. Çünki Ermənistan hökuməti buna hazır deyil”. M.Əsədullazadənin sözlərinə görə, Rusiya çalışır ki, belə bir sammit fonunda sülhpərvər olduğunu dünyaya göstərsin: “Amma Ermənistan buna getməyəcək. Nikol Paşinyanın BRİCS sammitinə gedib-getməyəcəyi də dəqiq deyil. Ümumiyyətlə, proseslər elə müstəvidə inkişaf edir ki, yalnız Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqların davam etdirilməsi əsasdır. Rusiyanın iki ölkə arasında sülh müqaviləsinin bağlanmasında vasitəçi kimi iştirakı Qərbin Ermənistana ciddi təzyiqlərinə yol aça bilər. Ona görə də bu sammitdə hər hansı bir sənədin imzalanması gözlənilmir. Yalnız Ermənistan bütün şərtləri yerinə yetirəndə sonra sülh müqaviləsinin bağlanması mümkün olacaq”.

E.PAŞASOY,
“Yeni Müsavat”

Ardını oxu...
Dövlət orqanlarının jurnalistə ən əlçatan işçisi mətbuat katibi olmalıdır desək, yəqin ki, bütün həmkarlarımız bizimlə razılaşar. Təəssüf ki, reallıq bunu əks etdirmir. Bəzi mətbuat katibləri sadəcə sözdə o vəzifəni icra edir, əməldə isə əksi müşahidə olunur.
Son vaxtlar müxtəlif qurumların mətbuat katibləri bir çox hallarda mediaya açıqlama verməkdən boyun qaçırırlar.
Bəzi məlumatlara görə, mətbuat katiblərinə danışmaq qadağası nazirlik, komitə, agentlik və digər rəsmi qurumların rəhbərliyinə təyinat alan məmurlardan gəlir...

Modern.az saytı mövzu ilə bağlı jurnalistlərin fikirlərini öyrənib.

"Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, qurumların mətbuat katiblərinin media ilə sıx əməkdaşlığı və mətbuatı qanunlar çərçivəsində obyektiv şəkildə məlumatlandırması onların vəzifə borcudur. Baş redaktorun sözlərinə görə, mətbuat katiblərinin KİV-in suallarını cavablandırması Azərbaycanda dövlət idarəçilik sisteminin ən vacib elementlərindən biridir:

“Bunu tənzimləyən xüsusi qanun normaları da var. Çünki müxtəlif qurumların fəaliyyəti ilə bağlı obyektiv informasiyalar olmayan yerdə ən müxtəlif şayiələr, informasiya təxribatlarının yayılması üçün geniş imkan yaranır. Bunun qarşısını almaq üçün qanun qəbul edilib ki, hər bir mətbuat xidməti media ilə açıq, şəffaf və işgüzar əməkdaşlıq etsin. Amma çox təəssüf ki, hamısı bunu etmir. Məlumatlara görə, bəzi qurum rəhbərləri mətbuat xidməti rəhbərlərinin media ilə açıq əməkdaşlığına müəyyən məhdudiyyətlər qoyur. Belə olan təqdirdə ya həmin qurumun mətbuat xidmətinin media ilə əlaqələri tamamilə kəsilir, ya da həmin mətbuat xidmətinin rəhbəri media ilə anonim şəkildə münasibət saxlamaq məcburiyyətində qalır. Bunun hər ikisi anormal nəticədir. Bütün hallarda məsuliyyətin daha çoxunu mətbuat xidmətlərinin rəhbərləri yox, birbaşa həmin qurumların rəhbərləri daşıyır. Çünki qurum rəhbəri rəhbərlik etdiyi təşkilatın media ilə əməkdaşlığında nə qədər maraqlı olursa, mətbuat xidmətinin rəhbəri də bu istiqamətdə tam işgüzarlıqla fəaliyyət göstərmək məcburiyyətində qalır, yaxud həvəslə bu işi yerinə yetirir. Amma qurumun özü media ilə əlaqələrdən qaçırsa, belə şəraitdə mətbuat xidmətinin rəhbərindən nə ummaq olar?!
Ölkədə müəyyən qurumlar var ki, onun mətbuat xidmətinin rəhbərinin adı media qurumlarına bəlli deyil. Amma elə təşkilatlar da var ki, onların nəinki mətbuat xidmətinin rəhbəri, ən azı bir neçə əməkdaşının adını ictimaiyyət və media yaxşı bilir. Başqalarının qısqanclığına səbəb olmasın, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin nəinki rəhbərinin, media ilə əməkdaşlıq edən, müəyyən müəllif yazıları ilə çıxış edən ən azı 7-8 əməkdaşının adını əzbər bilirəm. Ona görə ki, fəal şəkildə işləyirlər. Qurum rəhbərliyi də maraqlıdır ki, onların gördüyü iş ölkə ictimaiyyətinə daha operativ şəkildə çatdırılsın, müxtəlif şayiə və dezinformasiyalar baş qaldırmasın. Ona görə də mətbuat katiblərinin media ilə işgüzar əməkdaşlığı dövlət idarəçiliyi üçün daha səmərəli şəraitin yaranması, qurumun media ilə əməkdaşlığının genişlənməsi, ictimaiyyətin informasiyanı istədiyi zaman almaq imkanı ilə təmin olunması deməkdir. Mən gözləyirəm ki, mətbuat katibləri onların mətbuata çıxışını məhdudlaşdıran qurum rəhbərlərinə açıq şəkildə mövqelərini bildirsinlər. Axı mətbuat katibləri də işlədiyi qurumun əməkdaşı olmaqla yanaşı, həm də medianın da təmsilçisidirlər. Mətbuat xidməti rəhbərləri media və qurum arasında balans yaratmağı bacarmalıdır. Əks halda, işgüzar nəticələr əldə etmək olmaz".

Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət də bildirib ki, bəzi dövlət qurumlarında mətbuat xidmətlərinin media ilə əlaqələrini məhz rəhbərlik əngəlləyir:

“Belə bir durumu biz bilirik, şəxsən məndə bununla bağlı informasiyalar da var. Yəni mətbuat xidmətinin daha açıq, şəffaf faəliyyət göstərməsinə məhz rəhbərlik tərəfindən əngəl yaradılır.
Bununla yanaşı, bəzi qurumların mətbuat katibləri də bir sıra hallarda özünü həmin qurumun rəhbərindən də üstün tutur, yəni dağ başına qoyur. Sanki həddən artıq böyük bir vəzifə sahibidir, yersiz lovğalıq onu boğur. O mətbuat katibləri mətbuata çıxmır, çıxsa da bunu seçərək edir. Bəzi qurumların mətbuat xidmətləri əlindəki informasiyanı rəsmi dövlət agentliyinə göndərir, digər jurnalistlərə isə bildirir ki, oradan götürsünlər. Bu isə çox böyük ədəbsizlikdir. Bəzi mətbuat xidmətləri var ki, dövlət media qurumlarına xəbəri göndərir, digər media qurumlarına göndərmir və yalnız bir neçə saat sonra başqalarına da yayırlar. Yəni ayrı-seçkiliyə yol verirlər. Bu cür halların yaşanması ilə bağlı əlimizdə faktlar var, havadan danışmırıq. Ümumilikdə götürdükdə yaxşı mətbuat xidmətləri də var, amma bəziləri həqiqətən də yarıtmaz fəaliyyət göstərirlər.
Yarıtmaz işləyənlərin bir qisminə rəhbərlik əngəl olur, digər qisminə isə özlərinin lovğalığı, jurnalistlərə yuxarıdan aşağı baxması maneçilik törədir.
Əslində mətbuat xidmətinin rəhbəri onun çalışdığı qurumun siması deməkdir. Sən nə qədər şəffaf, əlçatan olsan, o qurum haqqında da yaxşı ictimai rəy formalaşacaq. Yox, bağlı qapılar arxasında öz bildiyin işlə məşğul olacaqsansa, yalan informasiyalar, şayiələr, hətta bəzən böhtanlar da ayaq tutub yeriyəcək”.

Yenisabah.az saytının baş redaktoru, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadənin sözlərinə görə, jurnalist işlədiyi zaman peşəkar olanlar mətbuat xidmətində işlədikləri zaman da bu ənənəni davam etdirirlər:

“Qeyri-peşəkar mətbuat xidmətləri ilə yanaşı peşəkar olanlar da var. Biz Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin keçmiş mətbuat katibi Anar Cəbrayıllının timsalında bunun şahidi olmuşuq. Hesab edirəm ki, onun xələfi Ceyhun Musaoğlu da mətbuatla sıx işləməkdə maraqlıdır.
Hansı qurumda mətbuat katibinin fəaliyyəti zəifdirsə, bu, həmin qurum haqqında rəyə də öz təsirini göstərir.
Mətbuat katibləri haqda danışanda yalnız dövlət qurumlarından bəhs etməməliyik. Bura açıq və qapalı səhmdar cəmiyyətləri, siyasi partiyaları və digər qurumları da daxil edə bilərik.
Arzu edərdim ki, mətbuat katibləri jurnalistlərlə işləməkdə maraqlı olsunlar, gerçək mətbuatdan qorxmaq lazım deyil”.
 
Ardını oxu...
Qərbin Ermənistanla bağlı kompleks şəklində strategiyası yoxdur.
AzVision.az xəbər verir ki, ABŞ Dövlət departamentinə məsləhətçisi və Xarici Xidmət İnstitutunda Cənubi Qafqaz üzrə təlim materiallarının hazırlanmasına cavabdeh olan Ceyk Sotiriadis “Caucasus Watch” nəşrinə müsahibəsində belə deyib.

“Ermənistan olduqca qeyri-sabit regionda kiçik, həssas ölkədir və ümidsiz şəkildə təhlükəsizliyinə təminatçı axtarır. Qərblə əlaqə yaratmaq cəhdlərinə baxmayaraq, sonuncunun Ermənistanın ehtiyaclarını ödəmək üçün hərtərəfli strategiyası yoxdur. Vizaların liberallaşdırılması və Avropa İttifaqına (Aİ) daha geniş çıxış vədləri hələ də reallaşmayıb. Ermənistanın gözünün qarşısında kökə yelləməkdə davam edir, lakin nəzərəçarpacaq nəticələr əldə edə bilməyib. Bu, Qərbi Balkanlarda - çox vədlər edilmiş, lakin tez-tez qapıda gözlədilən bir bölgədə gördüyümüzə bənzəyir”, - analitik vurğulayıb.

Sotiriadis fikrincə, Qərb bu regionlarda ona etimadın qorunub saxlamasını istəyirsə, öz yanaşmasını yenidən nəzərdən keçirməli və yalnız vədlər deyil, real strateji əlaqənin təminatı üçün qətiyyətli hərəkət etməlidir.

- Enerji təchizatında demək olar ki, 100% Rusiyadan asılı olan Ermənistan üçün Moskvadan, sadəcə, “imtina etmək” asan variant deyil. Buna görə də, Vaşinqton ABŞ-nin əsas rəqibləri olan Rusiya və İran kimi ölkələrdən regional asılılığı nəzərə alaraq, uzunmüddətli sabitlik və ABŞ maraqlarına uyğun strateji uyğunlaşma formatının yenidən qurulmasına və yaradılmasına kömək etməlidir. Vladimir Putinin Bakıya son səfəri Rusiyanın regionda vasitəçi rolunu, xüsusilə Ermənistan və Azərbaycan arasında sülh danışıqları məsələsində öz rolunu saxlamaq istəyini nümayiş etdirib. Ermənistan və Azərbaycan yavaş-yavaş Rusiyanın birbaşa müdaxiləsi olmadan ikitərəfli sülh sazişinə doğru irəliləsə də, sazişin imzalanması perspektivi qeyri-müəyyən olaraq qalır. Biz Türkiyənin Cənubi Qafqaza münasibətdə artan iştirakını və strateji baxışını da qiymətləndirməyə bilmərik. Çünki bu məqamlar 1990-cı illərin əvvəllərindən bəri regionun geosiyasi mənzərəsindəki ən dərin dəyişikliklərdən biridir”, - Ceyk Sotiriadis vurğulayıb.

Analitik Cənubi Qafqazın bu gün bütün dünyada cərəyan edən daha geniş çoxqütblü rəqabətin mikrokosmosuna çevrildiyini deyib. Onun iddiasına görə, hazırda tarixdə transformasiya dövrü yaşanır və bu gün qəbul edilən xarici siyasət qərarları növbəti 50 il ərzində qlobal geosiyasət trayektoriyasına təsir göstərəcək.
Ardını oxu...
Bakı şəhərində tıxacların yaranma səbəblərindən biri kimi avtomobil yolları arasında istifadəyə verilməyən və səhranı xatırladan boş ərazilər göstərilir. Həmin ərazilərdən xüsusilə "Moskva" və Ziya Bünyadov prospektində avtomobil tunelinin üzərindəki boş əraziləri misal göstərmək olar.
Ümumiyyətlə, Bakıda belə ərazilərin sayı durmadan artır, paytaxtda sözün əsl mənasında səhralaşma gedir. Asfalt örtüyünün çoxaldığı mərkəzi küçələrdə yaşıllığın sayı azaldılır, barmaqla sayılacaq qədər az ağac, bitki örtüyü gözə dəyir. Ərazilərdə avtomobil və piyada hərəkəti üçün bölüşdürülmüş torpaq balansında pozulma müşahidə olunur.

Asfalt örtüyünün çoxalması, piyadalar üçün hərəkət məhdudiyyətinin azalması və torpaq ərazilərin balanslı şəkildə bölüşdürülməməsi gələcəkdə hansı problemlərə gətirib çıxara bilər?
Yaranmış vəziyyətlə əlaqədar hansı addımlar atılmalıdır?
Nəqliyyat məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev Bizimyol.info xəbər portalının sorğusunu cavablandırıb.

"Ümumi olaraq, səhralaşmış ərazilərdə insanların istirahəti üçün şərait yaradılmasın ehtiyac var. Bizdə asfalt səhrası ifrat çoxalıb. Asfaltın qızması, mühitin korlanması, səs kirliliyinin yaranması, temperaturun artması yaşam keyfiyyətini aşağı salır. İkinci məsələ, səsin artması ilə insanların birbaşa ömrünə təsir edir. Bu risklər minimumlaşdırmaq üçün həmin əraziləri insanların istirahət etməsi üçün məkana çevirmək lazımdır. Həmçinin, tıxacı yaradan səbəb aradan qaldırılmalıdır. Fərdi nəqliyyat vasitəsinin şəhərə gəlişi məhdudlaşdırılmalıdır. Daha çox sərnişin daşıyan növlərə investisiya, diqqət, həmin küçə-yol sahəsində üstünlüyün təmin edən həllər tətbiq olunmalıdır. Bu barədə efirlərdə də fikir səsləndirmişik. Bizim daha sıx məskunlaşmanın olduğu ərazilərimizin sərhədlərinə baxsaq, Lökbatan-Biləcəri dairəsi, bu, Bakı dairəvi bir yoludur. Sonradan Zığ dairəsi - beton yolla Hava limanı və Hava limanı şossesi ilə onu əlaqələndirən Biləcəri, Binəqədi, Ramanı aeroport şossesi. Bunu da əlaqələndirmək lazımdır ki, sürətli şəhərətrafı yol olsun. Onların giriş nöqtələrində - Lökbatan dairəsində, Avtovağzalda, "Koroğlu"da, Zığ dairəsində "park and ride" təşkil olunmalıdır. Yəni "park et və səfəri ictimai nəqliyyatla davam et". İnsanlar fərdi nəqliyyatla şəhərə qədər gəlib, şəhərin içində daha çox sərnişin daşıyan növlərə köklənsinlər.

Bununla paralel, o növlərin inkişafına pul yatırılmalıdır. Hansı ki, həmin növlər o gücü götürə bilsin. Mərhələli şəkildə indiki işlər görülür, amma davamı gəlməlidir. İlkin olaraq mövcud küçə, yol sahəsinin səmərəli istifadəsi yönündə verilmiş qərar zolaq ensizləşdirilməsi, avtobus-velosiped zolağının yaradılmasıdır, piyada infrastrukturunun düzəldilməsidir. Xüsusən "8 Noyabr" ərazisini bu mənada qabarda bilərik ki, burada heç vaxt velozolaq, piyada infrastrukturu olmayıb. Amma indi hal-hazırda qurulur. Avtobus zolağı da olmayıb. Bunlar tamamlandıqdan sonra həmin prospektboyu hərəkətə birbaşa təsir edəcək. Digər məsələ də odur ki, relsli nəqliyyatı da inkişaf etdirmək lazımdır. Beləliklə, daha çox yükü metro, şəhər ətrafından elektrik qatarı, gələcəkdə tramvay da götürə bilsin. Bu növ sahələr, həmçinin şəhərin giriş nöqtələrinə baxırıqsa və bütün şəhərdəki vəziyyəti gördükdə, onu anlayırıq ki, fərdi nəqliyyatla səfərlərin təşkili daha çox tıxaca gətirib çıxarır. Yol nə qədər genişləndirilsə də, o yol bir o qədər dolacaq.

Yol tikintisi ilə avtomobil alışı tərs mütənasibdir. Bir avtomobilin alınması bir saat çəkir, amma bir yolun tikintisi bir neçə ildir. Şəhər daxilində bu kommunikasiyaların olmasını nəzərə alaraq, köçürülmələr və sair ən yaxşı halda 3-5 ilə çəkəcək. Ona görə digər variantlara keçməliyik. Yəni dayanıqlı şəhərin mobillik prinsiplərinə əsaslanan qərarlar, çəkindirici alət, zona saatlı parkinq sistemi, əvəzedici alət, ictimai nəqliyyatın çeşidli və üstünlüyü təminedən növləri - bunu da qısaməsafəli mikromobillik vasitələri və uzunməsafəli mobillik üçün avtobus, metro, elektrik qatarı, tramvay və təkmilləşdirici elementlərə bölürük. Ziya Bünyadov-Əhmədli kəsişməsində əvvəl avtobuslar dövrə vururdu və 7 dəqiqə vaxt keçirirdi. İndi bu düz yolu yalnız avtobus gedə bilir. Bu da avtobusların beş-yeddi dəqiqə öz marşrutu üzrə uduşunu göstərir. Məsələn, Varşava şəhərində tramvaylara "yaşıl dalğa" effekti verilib. Svetoforlarda daha az dayanmaq hədəfi götürülüb. Bizdə bunu avtomobil üçün edirlər. Bu növ həllər insanların fərqli hərəkət növləri üzrə parçalanmasına gətirib çıxaracaq. İndi əgər əgər hər kəs avtomobillərə köklənirsə, "niyə?" sualını verək. Çünki avtomobilin önündə heç bir problem yoxdur. Yəni avtomobilin yolu şüşə kimidir, heç bir bariyeri yoxdur. Amma digər növlərə baxsaq, bu günədək diqqət ayrılmayıb. Səki demək olar ki, yoxdur. Şəhərin ən kənar nöqtəsi Yasamaldan Yeni Günəşliyə qədər 23 km-dir. Bu, şərq-qərb üzrə baxır. Şimal-cənub üzrə baxsaq, Rəsulzadə qəsəbəsindən Park Bulvar istiqamətinə 9,8 km-dir. Yəni bu, o qədər də böyük məsafə deyil, amma bizdə bu məsafəni hər kəs avtomobillə getməyə çalışır. Bu məsafənij çeşidli təklifləri olmalıdır. Piyada, mikromobillik, avtobus zolağı, metro, elektrik qatarı şəhər daxili stansiyaları və gələcəkdə tramvay. Yəni bunlar olmalıdır ki, insanlar alternativ növlərə daha çox köklənsinlər. Yoxsa biz hər sahəni, haranı görürük avtomobillərə versək, biz bu dairədən çıxa bilməyəcəyik. Dünyada bu islahatlar artıq keçilib, daha da təkmilləşdirilməsi yönündə işlər görürlər. Biz isə bu məsələnin hələ ilkin mərhələsindəyik. Bu günə qədər olan infrastrukturu, yarımçıqları tamamlamalıyıq. Metromuz varsa, onun üç xəttinin müstəqil fəaliyyəti üçün hərəsinin ayrıca deposu olmalıdır. Hərəsi minimum intervalla işləməlidir ki, qırmızı xətt iki, yaşıl xətt dörd, bənövşəyi xətt 7 dəqiqə deyil, bir-iki dəqiqəlik intervalla hərəkət etməli və texniki bariyerlər aradan qaldırılmalıdır. Müəyyən xətlər, depolar tikilməli, xətlərin ayrılması təşkil olunmalıdır ki, bu, daha sağlam fəaliyyət göstərsin. Metro rəqib tanımır. İki dəqiqəlik intervalla 1600-2000 sərnişini daşımaq qüdrətindədir. Eyni sayda sərnişini avtobus və digər növlər həmin sürətlə apara bilməz. Eynilə də, avtobusun istismar müddəti relsli nəqliyyatdan daha azdır. Ona görə də biz relsli nəqliyyata yatırım etməliyik.

Digər məsələ də ondan ibarətdir ki, dəmiryolunun şəhər daxilindəki stansiyaların sayını artırmaq da sərnişin axınının parçalanmasına səbəb ola bilər. Dərnəgül, Keşlə, Heydər Əliyev prospekti, Böyükşor, Nərimanov stansiyaları kimi və Sumqayıta da əlavə bir stansiya uzatmaq lazımdır. Mövcud dəmiryolu şəbəkəsin də şaxələndirməyə ehtiyac var. Xətdə qatarların sayını artırmaq lazımdır ki, yerüstü metro funksiyasını daşısın. Yetər ki, intensivliyini, dayanacaqların sayını artıra bilək.

Göründüyü kimi, sadəcə diqqətimizi bu tərəfə yönəltməliyik. Biz avtomobildən daha çox, çeşidli, üstünlüyü təmin olunmuş ictimai nəqliyyat növlərinə yönəlməliyik.

Həmçinin, zolaqlara mane olacaq səbəblər budaqlardır. Oktyabrın 15-dən budama sezonu başlayır. Gecə-gündüz bu məsələ danışılmalıdır ki, avtobusun zolaqda hərəkətinə mane olacaq ağaclar budanmalıdır. Sonradan onun maliyyə dayanıqlığı təmin olunmalıdır.

Brutto müqavilələrə keçidi sürətlə təmin etməliyik. Beləliklə, avtobus daşıyıcıları dayanıqlı xidmət göstərə bilsinlər. İndiyədək səsləndirilmiş şikayətləri aradan qaldıra bilsinlər. Sürücü qıtlığını aradan qaldırmaq üçün əməkhaqqını artırsınlar. Çeşidli bilet paketi təklif etsinlər, pulsuz keçidləri təmin etsinlər. Parkdakı avtobusları yeniləsinlər və kredit cəlb etsinlər. Brutto olmasa, heç kimin onlara kredit verməyə marağı olmayacaq. Çünki sahə risklidir. Amma brutto müqaviləyə keçidlə dövlət hər km-ə görə subsidiya etdikdən sonra artıq bu sahənin də cəlbediciliyi artır. Buna qədər aparılmış işləri tamamlamağa gərək var ki, bizim nəqliyyat sistemimiz daha sürətli və dayanıqlı fəaliyyət göstərə bilsin" - deyə, nəqliyyat üzrə mütəxəssis əlavə edib.

Mətin Şükürlü, Bizimyol.info
 
 
 
Ardını oxu...
Putinin səfərbərlik elan etmədən Rusiya hərbi kampaniyasını nə qədər davam etdirə biləcəyi bəlli deyil

Nə itkilərin artması, nə də havanın soyuması Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinin trayektoriyasını dəyişməyəcək. Bu barədə yüksək səviyyəli ABŞ rəsmiləri deyiblər. Anonimlik şərti ilə jurnalistlərə danışan rəsmilər bildiriblər ki, son bir neçə həftə ərzində gedən döyüşlər cəbhə xəttində yalnız kiçik dəyişikliklərə səbəb olub və Rusiyanın hər hansı düzəlişlər etdiyinə dair çox az işarə var.

Yüksək rütbəli hərbçi “bu, məhv etməyə yönəlmiş strategiyadır” deyib və əlavə edib ki, “rəqəmlərlə qalib gəlməyə çalışan Rusiyanın müharibə aparmaq üsulu budur”.

ABŞ ordusunun son qiymətləndirmələrinə görə, Ukraynanın mövqelərini təkcə say üstünlüyü hesabına sıxışdırmaq istəyi Rusiya Silahlı Qüvvələrinə baha başa gəlir.

Birləşmiş Ştatlarda hesab edilər ki, 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı işğalın başlanmasından bəri Rusiya qoşunları 600 min ölü və yaralı itkisi var. Bu, İkinci Dünya müharibəsindən sonra Rusiyanın istənilən münaqişədə itkilərinin sayının az olduğunu göstərir. Amerikalı rəsmilər bildiriblər ki, Rusiya sentyabrda müharibənin digər aylarına nisbətən daha çox itki verib.

Rusiya ordusu başqa yolla da əziyyət çəkib. ABŞ-ın yüksək səviyyəli rəsmilərinin hesablamalarına görə, Ukrayna Qara dənizdə yerləşən 30-dan çox orta və böyük rus gəmisini məhv edib və ya zədələyib. Bu, Rusiyanı Qara dəniz donanmasını yenidən formalaşdırmağa məcbur edib. Ukraynanın həmçinin Rusiyanın müharibədən əvvəlki tank ehtiyatının üçdə ikisindən çoxunu məhv etdiyi güman edilir.

“Bu, Rusiya ordusunu SSRİ-dən qalma anbarlarından və yanacaq çənlərindən istifadəyə məcbur edir", - ABŞ yüksək rütbəli hərbçisi deyib.

Ukrayna pilotsuz təyyarələri də Rusiyanın silah-sursat anbarlarına hücum edərək, Rusiya və Şimali Koreya istehsalı olduğu güman edilən yüz minlərlə mərmi məhv edib. ABŞ rəsmiləri zərərin çox güman ki, döyüş sursatı və artilleriya mərmilərinin cəbhə xəttinə çatdırılmasını yavaşlatacağını bildirib. Bununla belə, onlar xəbərdarlıq ediblər ki, bu Rusiyanın daha çox itki verməsinə səbəb olsa da, Kremli çəkindirmir.

Amerikalı yüksək rütbəli müdafiə “Amerikanın Səsi”nə deyib: “Rusiya şərqdə səylərini gücləndirdiyi üçün üyüdülmə kampaniyasına əhəmiyyətli miqdarda resurs və işçi qüvvəsi ayırmağa davam edir”.

“Rusiya dəfələrlə ukraynalıları təslim olmağa məcbur etmək üçün hər şeyi etməyə hazır olduğunu nümayiş etdirib. O cümlədən, Ukraynanın mülki əhalisinə və kritik infrastruktura hədəfli hücumlar edilir”, əlavə edib.

ABŞ-ın yüksək səviyyəli rəsmiləri hesab edirlər ki, Rusiya Prezidenti Vladimir Putin 2022-ci ilin sentyabrındakı kimi, kütləvi səfərbərlikdən qaça bilib. Buna qismən də rus könüllülərinin maaşlarının artırılması hesabına nail olub. Bununla belə, Putinin səfərbərlik elan etmədən Rusiya hərbi kampaniyasını nə qədər davam etdirə biləcəyi bəlli deyil.

Müəllif: Turan Abdulla
ayna.az
 
Ardını oxu...
Ukrayna müharibəsində Moskvanın mövqelərinin zəiflədilməsi baxımından ən praktik addımlardan biri, Rusiya üçün nəyin bahasına olursa-olsun, bundan qaçdığı ikinci cəbhənin açılması hesab olunurdu. Bu barədə Ermənistan Respublika Partiyasının (ERP) icra orqanının üzvü Qaqik Minasyan öz “Facebook” səhifəsində yazıb.

“İsrailin ardıcıl təxribatçı addımları nəticəsində İranın hərbi münaqişəyə cəlb olunması ABŞ və kollektiv Qərb üçün yeni, ikinci cəbhə ola bilər ki, bu da onlar üçün Ukrayna cəbhəsinin əhəmiyyətini azaldacaq və Rusiyanın oradakı imkanlarını artıracaq. İranın əleyhdarları İran-İsrail hərbi münaqişəsini, ilk növbədə, İranda hakimiyyəti dəyişmək, ölkəni Rusiya və Çin arasında ittifaqdan qoparmaq yolu kimi qiymətləndirirlər. Onlar çətin ki, Tehranın hərbi əməliyyatlara tez bir zamanda son qoymaq təklifləri ilə razılaşsınlar. Müttəfiqi İranın siyasi oriyentasiyasının məcburi şəkildə dəyişdirilməsi Rusiya üçün tamamilə qəbuledilməz olmalıdır, çünki bu, Rusiya Federasiyasını Hind okeanı ilə İran vasitəsilə birləşdirən Şimal-Cənub dəhlizinin reallaşdırılması imkanlarını istisna edir”, - deyə Minasyan qeyd edib.

Bu, Ermənistanın üçüncü Prezidenti Serj Sarqsyanın rəhbərlik etdiyi ERP-dən olan siyasətçinin mövqeyidir. Əslində o, təkcə Ermənistanın deyil, İran və Rusiyanın maraqlarını müdafiə etmək mövqeyindən çıxış edir. Eyni zamanda qeyd etmək lazımdır ki, indiki Ermənistan hökuməti İsraillə İran arasındakı münaqişədə də anti-İsrail tərəfini tutub.

Belə ki, ötən həftə Ermənistan və Fələstin diplomatik əlaqələrin qurulmasına dair sənəd imzalayıb. Müvafiq kommünike Nyu-Yorkda xarici işlər naziri Ararat Mirzoyan ilə Fələstinin Baş naziri Məhəmməd Mustafa arasında keçirilən görüşdə imzalanıb. Burada İsrail və Azərbaycana “cavab vermək” cəhdinin olduğu açıq-aydın görünür. Ancaq bu, hamısı deyil.

Demək olar ki, bütün erməni KİV-ləri İsrail əleyhinə kəskin yazılar dərc edir. Xüsusilə “Armenian Report” çox bəlağətli başlıqlı “İsrailin bombalanmasına razıyam” məqaləsi dərc edib. Mətnin müəllifi İsrailin məruz qaldığı raket hücumlarına açıq şəkildə sevinir. Bütün məqalə sözün əsl mənasında bu alçaq erməni sevinci ilə doludur.

“Azərbaycan Artsaxın mülki əhalisini öldürəndə, etnik təmizləmə törədəndə, Ermənistan ərazisinə İsrail silahları ilə keçərkən Təl-Əviv Bakını dəstəklədi”, - deyə məqalənin müəllifi öz fantaziyasını işə salır.

O, “Artsax”ın olmadığını, yalnız Ermənistan tərəfindən müvəqqəti işğal olunmuş ərazilərimizin olduğunu və Azərbaycanın BMT Nizamnaməsinin 51-ci maddəsinə ciddi şəkildə əməl etdiyini qəbul etmək istəmir. "Hazırda Bakı və Təl-Əvivdə qaynar başları soyutduğu üçün" müəllif İrana minnətdarlığını bildirir.

Məqalə müəllifi daha sonra SEPAH rəhbərinin siyasi məsələlər üzrə müavini Sərdar Yadollah Cavaninin sözlərindən sitat gətirir: “Zəngəzur dəhlizi və İsrailin Bakıdakı mövcudluğu ilə bağlı biz İnqilabın Ali Rəhbərinin göstərişlərinə əməl edirik və ölkənin milli maraqlarını qorumaq üçün bir an da tərəddüd etməyəcəyik”.

Bəli, İran Azərbaycanı təhdid etməkdə davam edir. Yalnız İsraildə deyil, ABŞ-da da hamının bunu görüb düzgün qiymətləndirəcəyinə ümid etmək qalır. Çünki İsrailin müttəfiqi olan Azərbaycan ABŞ-da daim tənqid olunduğu üçün doğrudan da paradoksal vəziyyət yaranır. İranla münasibətləri hər cür inkişaf etdirən Ermənistana ABŞ tərəfindən maliyyə, siyasi və hərbi baxımdan dəstək verilir...

Müəllif: Əkbər Həsənov - AYNA.az
 
Ardını oxu...
Rusiya xüsusi xidmət orqanlarının rəhbərləri diqqəti Cənubi Qafqaza yönəldiblər. Onların “açıq danışmalarından” belə nəticə çıxarmaq olur ki, regionda Moskvanı narahat edən ciddi məsələlər var.

Bu günlərdə Bakıya elan olunmamış səfərlə gəlib-qayıdan Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) direktoru Sergey Narışkin Azərbaycan Prezidenti İlham Əliyevlə, Azərbaycanın Xarici Kəşfiyyat Xidmətinin və Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi ilə görüşlər keçirib.

Narışkinin adı 2000-ci illərdən Azərbaycan cəmiyyətinə yaxşı məlumdur. Hansı vəzifəni tutmasından asılı olmayaraq, həssas dönəmlərdə Narışkin mütləq Azərbaycana, Ermənistana gəlir, yaxud regionla bağlı səs-küylü bəyanatların müəllifi olur.

Moskvaya qayıtdıqdan sonra Rusiya XKX-nin mətbuat xidməti səfərin məğzi ilə bağlı açıqlama yayıb. Qeyd olunur ki, Azərbaycan rəsmiləri ilə "beynəlxalq vəziyyətin aktual məsələlərinə", Rusiya XKX-nin Azərbaycan xüsusi xidmətləri ilə kəşfiyyat fəaliyyətinin müxtəlif istiqamətlərində əməkdaşlığına toxunulub, yaxın gələcək üçün ikitərəfli əlaqələrin prioritetləri nəzərdən keçirilib.

Bakıda keçirlən danışıqlarla bağlı Azərbaycanın rəsmi qurumları hər-hansı açıqlama yaymayıb. Rusiya XKX isə bildirir ki:

Xüsusi xidmət orqanlarının xətti ilə Rusiya-Azərbaycan əməkdaşlığı dinamik şəkildə inkişaf edir, konstruktiv, qarşılıqlı səmərəli və etibarlı xarakter daşıyır, Rusiya və Azərbaycanın milli maraqlarının müdafiəsi məsələlərinin həllində konkret nəticələrin əldə olunmasına yönəlib;

Beynəlxalq terrorçuluğa və dini ekstremizmə qarşı mübarizə məsələlərinə dair fikir mübadiləsi aparılıb;

Rusiya və Azərbaycan xüsusi xidmətlərinin qarşılıqlı əlaqələrində Qərb xüsusi xidmətlərinin dövlətlərimizin daxili siyasi sabitliyinin pozulmasına yönəlmiş düşmənçilik niyyətlərinin müəyyən edilməsi səylərinə xüsusi yer ayrılır;

Yaranmış vəziyyətdə "kəşfiyyatın və əks kəşfiyyatın əsas vəzifələrindən biri xaricdə təşkil olunan anti-Rusiya və anti-Azərbaycan xarakterli təxribat aksiyalarının vaxtında müəyyən edilməsi və qarşısının alınmasıdır;

Xarici xüsusi xidmətlərin Rusiya və Azərbaycan ərazisində sosial-siyasi vəziyyətin sabitliyinin pozulması məqsədilə sistemsiz müxalifətdən və beynəlxalq terror təşkilatlarından istifadə etməsinə qarşı birgə səylərin gücləndirilməsi zərurəti qeyd edilib...

Açıqlamada, əlavə olaraq, S.Narışkin sentimental fikirlərinə yer verilib:

“Azərbaycanda, həmişə olduğu kimi, bizi əsl dost sayağı qarşıladılar. Burada özümüzü evimizdəki kimi hiss edirik. Bununla əlaqədar mən həm Azərbaycan rəhbərliyinə, həm də bütün Azərbaycan xalqına təşəkkür etmək istəyirəm”.

Narışkinin səs-küylü səfərinin rezonansı bitməmiş Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikovun Astanada MDB Təhlükəsizlik Orqanları və Xüsusi Xidmətləri Rəhbərləri Şurasının 55-ci iclasındakı çıxışı yayıldı.

Bortnikov Ermənistan rəhbərliyini və Qərbi hədəfə götürərək, bildirib:

“NATO “sülhməramlı” adı altında öz kontingentini Cənubi Qafqaza yeritməyə çalışır. Qərb Ermənistanın KTMT-dən çıxmasına can atır ki, bu da Bakı ilə gələcək münasibətlərdə İrəvanı NATO-dan daha da asılı vəziyyətə salacaq. Qərb İrəvanı Bakı ilə danışıqları ləngitməyə inandırmaqla, Ermənistan-Azərbaycan nizamlanmasına başçılıq etməyə və de-yure BMT-nin, de-fakto NATO-nun himayəsi altında regionda özünün “sülhməramlı” kontingentinin yerləşdirilməsinə nail olmağa çalışır. Cənubi Qafqazda NATO blokunun möhkəmlənməsi təbii ki, regionda sabitliyə kömək etməyəcək”.

FTX direktorunun açıqlamasına Brüseldən eyni tərzdə dərhal cavab verilib. Avropa İttifaqı Xarici Xidmətinin rəsmi nümayəndəsi Peter Stano erməni mediasına bildirib:

“Aleksandr Bortnikovun şərhləri tamamilə cəfəngiyat, yalan və Ermənistan qarşısında götürdüyü öhdəlikləri və verdiyi vədləri dəfələrlə yerinə yetirmədiyini ört-basdır etməyə çalışan Rusiya rejiminə xas manipulyasiyadır”.

Situasiyanı şərh edən politoloq Fərhad Məmmədov diqqəti ona çəkir ki, Bortnikov bu açıqlamanı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktor müavini Esay Mkrtçyanın iştirak etdiyi tədbirdə səsləndirib: “Onun çıxışında BMT-nin sülhməramlı qüvvələrinin yerləşdirilməsi barədə qeydi də maraqlıdır. Aydın deyil, harada?! Azərbaycanla sərhəddə?! Avropa ittifaqının Ermənistandakı missiyasının Rusiyaya qarşı kəşfiyyat fəaliyyəti ilə məşğul olması barədə dediklərinə gəlincə, bunu artıq Zaxarova deyil, Bortnikov səsləndirir! Görək Ermənistanda necə reaksiya verəcəklər. Bortnikova da Zaxarova kimi cavab verəcəklər?! Mkrtçyan, heç olmasa, nəsə deyəcəkmi?”

Politoloq qeyd edir ki, bütün bunlar Paşinyanın BRİKS sammitinə qatılmaq üçün Kazana səfəri ərəfəsində baş verir: “Beləliklə, bu, ABŞ və Aİ-nin Azərbaycan və Ermənistan arasında danışıqlar prosesində fəal iştirakına Rusiyanın reaksiyasıdır. Danışıqlar sırf ikitərəfli formatda gedəndə belə reaksiya yox idi. Ermənistan Qərbin prosesə qarışması üçün nə qədər çox imkan yaratsa, Rusiyanın reaksiyası bir o qədər çox olacaq... İrandan da oxşar reaksiya göstərilməsi uzaqda deyil...”

Şənbə günü gün isə Ermənistan Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Edvard Asryan NATO-nun Beynəlxalq Hərbi Qərargahının rəhbəri general-leytenant Yanuş Adamçakı qəbul edib.

Erməni mediası yazır ki, görüşlər zamanı geniş spektrli məsələlər müzakirə edilib, xüsusilə Ermənistan-NATO əməkdaşlığının hazırkı gedişatı və onun inkişaf imkanlarına toxunulub. Əməkdaşlığın ən uyğun istiqamətləri qeyd olunub. Ermənistan tərəfi silahlı qüvvələrdə aparılan islahatların gedişatını təqdim edib. Regional təhlükəsizlik məsələləri müzakirə olunub, tərəflər həmçinin beynəlxalq hərbi-siyasi hadisələrə dair fikir mübadiləsi aparıblar.

Bu ərəfədə Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıl rayonunda çıxışında həm Ermənistanın, həm də Birləşmiş Ştatların ünvanına sərt mesajların yer alması diqqət çəkib.

Dövlət başçısı bildirib ki, Ermənistan təhlükəli oyunlara qoşulub. O, İkinci Qarabağ müharibəsinin tarixçəsini, antiterror əməliyyatını unutmamağı tövsiyə edib: “Onların yadından çıxmasın ki, necə diz üstə bizdən imdad diləyirdilər, necə Rusiyaya gündə bəlkə 10 dəfə ən yüksək səviyyədə müraciət edirdilər ki, müharibə dayandırılsın. Yadından çıxmasın ki, hətta o coğrafiyada biz istədiyimizə nail ola bilmişik. Heç kimə baxmadan, heç nəyə baxmadan, cəmi bir neçə saat ərzində separatçılığın kökünü kəsmişik”.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Pressklub.az-a açıqlamasında bildirib ki, Rusiya Xüsusi Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin Bakıya səfəri barədə mətbuatda qeyd edilənlər məsələnin görünən tərəfləridir. Onun sözlərinə görə, İranla İsrail arasında gərginliyin perspektivdə bölgəyə təsir edə biləcək tərəfləri, Gürcüstanda keçiriləcək parlament seçkilərinin Rusiya üçün gözlənilməz nəticələri və qonşu ölkə kimi Azərbaycanın reaksiyası və s. məsələlər müzakirə olunub. “O cümlədən, Ermənistan-Azərbaycan münasibətlərinin hansı istiqamətdə inkişafı, Ermənistanda hakimiyyət dəyişikliyi olarsa, yenə də Azərbaycanın reaksiyası müzakirə oluna biləcək mövzulardır”, - o, əlavə edib.

Ekspert qeyd edir ki, bunlar, təbii ki, baş verə biləcək proseslər haqqında ehtimallardır və səfərin detalları bizə məlum deyil: “Bir məsələni də qeyd edək ki, Qərb dövlətlərinin xüsusi xidmət orqanlarının rəhbərlərinin postsovet respublikalarına səfərləri Rusiyada hər zaman qısqanclıqla qarşılanıb. Bu il sentyabrın 14-də Böyük Britaniya Mİ6 kəşfiyyat xidmətinin rəhbəri Riçard Mur Bakıya səfər edib ADA-da mühazirə oxumuşdu. Əlbəttə, bu da Mİ6 şefinin səfərinin görünən tərəfi idi. Əsil səbəb məxfi olaraq qalır. Narışkinin səfərinin Murun səfərindən 3 həftədən sonra baş tutması da kompensasiya məqsədli ola bilər”.

İlham İsmayıl deyir ki, Rusiya FTX rəhbəri Bortnikovun NATO qüvvələrinin sülhməramlı adı altında Güney Qafqaza gələcəyi barədə verdiyi məlumat Narışkinin səfərinin əsas məqsədini də özündə ehtiva edə bilər. “Rusiya kəşfiyyat şefinin səfərinin məqsədi bu məlumatın detallarını Azərbaycan rəsmiləri ilə müzakirə etməsi də inandırıcı təsir bağışlayır”, - ekspert fikirlərini yekunlaşdırıb.

Turqut
 
Ardını oxu...
Son illərin ən dəb mövzusu “iqlim dəyişikliyi” məsələsidir, bu məsələdə o qədər miflər yaradıblar ki, əsl ekoloji problemlərin həlli, az qala, kənarda qalıb. Halbuki, insan övladı məhz ekoloji problemlərin həllinə köklənməli, təbiətə vurulan ziyanı mimimuma endirməli, təbiətdə həmahəng yaşamağı öyrənməlidir.
Ekoloji problemlərin həlli çox vacibdir, amma bunun “iqlim dəyişikliyi” ilə birbaşa heç bir əlaqəsi yoxdur – bəli, dolayı və cüzi təsirləri ola bilər, amma Yer planetində iqlim həmişə dəyişib, sonradan təbiət özü tənzimləməni həyata keçirib. İnsan övladı məhz o tənzimləməyə mane olmamalıdır, öz üzərinə düşəni etməli. Su hövzələrini çirkləndirməməli, yaşıllığı qorumalı və artırmalı, təbiətin vəhşi istismarına son qoymalıdır.
Amma gördüyümüz odur ki, son illər ekoloji məsələlər kənarda qalıb, “iqlim dəyişikliyi” haqqında miflər yaradılaraq bu sahəni də iri biznesə, pul toplamaq üçün vəsitəyə çevirirlər, məsələni “gretathunbergləşdirirlər”.
Dünyada iqlim yüzminillərdir dəyişib, indiki dövrdə bu məsələni aktualaşdırıb pul yığma vasitəsinə, ölkələrə, əsasən də neft-qazla, təbii resurslarla zəngin ölkələrə təzyiq vasitəsinə çevirmək üçün müxtəlif miflər uydurulur. Məsələn:
1) Yeni bir termin uydurublar – iqlim dəyişikliyi qaçqınları, və sübut etməyə çalışırlar ki, bu 21-ci əsrin “fenomenidir”, məhz indi, iqlim dəyişir deyə ortalığa çıxıb. Tam bir cəfəgiyyatdır – insanlıq tarixi haqqında yazılı mənbələrin yaşı qədər iqlim dəyişikliyi, quraqlıq, susuzluq və s. dəyişikliklərə görə köçən edən insan qrupları haqqında məlumatlarla doludur, bu hələ son 4-5 min ilin mənbələridir. Arxeoloji qazıntılarla elmi olaraq sübut olunur ki, iqlim dəyişdiyinə görə cənubdan-şimala, şərqdən-qərbə və əks istiqamətlərdə insanlar qrup şəklində daim köç edib yeni resurslar, yeni münbit torpaqlar və şarait axtarıblar. Yəni, “iqlim dəyişikliyi qaçqınları” 21-ci əsrin yox, onminillərin mövzusudur,
2) Dünyanın “mainstream” mediyası, böyük güclərin maragına xidmət edən media-holdinqlər, məsələn, “Euronews” TV kanalı, demək olar ki, hər gün daşqınlar, quraqlıq, və s. hadisələrlə bağlı dünyanın müxtəlif yerlərindən reportajlar verib qaramsal bir mənzərə cizirlər ki, baxın ha, bütün bunlar “iqlim dəyişməsinin” nəticəsidir. Son həftələrdə isə maraqlə bir təzad yaşadılar – 2 ay əvvəl, “Avropa quraqlıqdan yanır – bu iqlim dəyişməsinin nəticəsidir, bundan sonra Avropada quraqlıq olacaq, aqrar sektor susuz qalacaq, şəhərlərdə su olmayacaq”, deyə başlıqlar atıb camaatı qorxudurdular, son 1-2 həftədə isə, “Avropa leysanlara təslim oldu, hər yeri su basdı, çaylarda su qalxdı, su çoxaldı, fəlakətdir, iqlim dəyişir”, deyib yenə hər şeyi “iqlim dəyişikliyinə” bağladılar. Birincisi, indi hamının əlində kameralı telefon, medianın hər yerdə öz jurnalistləri var – təbii ki, hər bir hadisə kameralara tuş gəlir, çəkilir-yayılır. Yaxşı, 200-300-500-1000 il əvvəl quraqlıq və subasmalar olmurdu?! Təbii ki, olurdu, sadəcə onları sənədləşdirmək mümkün deyildi, amma arxeoloqlar dəfələrlə çay yataqlarının dəyişməsi, çayların quruması, tam tərsinə, yeni çay yataqlarının yaranması ilə bağlı minlərlə faktlar ortalığa qoyublar – bəs, məsələn, 2000 il əvvəl bu hadisələr olanda insan övladı nə edirdi ki, iqlimi dəyişdirirdi?! O zaman dünyada bir neçə on milyon insan var idi, nə zavod vardı, nə fabrik, nə neft məhsulları, nə də avtomobil – yaxşı, niyə quraqlıq olurdu, nədən daşqınlar yaşanırdı?!
3) Dünyada bir neçə dəfə “buz dövrü” olub, yəni iqlim gah çox soyuyub, gah da istilənib, o zaman indiki insan övladı hələ Planetdə yaşamırdı, bəs yaxşı, iqlim nədən dəyişirdi?! Sonuncu “buz dövrü” 11 min il əvvəl bitib və qlobal istiləşmə başlayıb – inanın ki, bunun da insan fəaliyyəti ilə qəti əlaqəsi olmayıb.
İnsanlıq bu “iqlim dəyişikliyi” miflərini, təzyiq vasitəsini, iri beynəlxalq təşkilat və koorporasiyalar üçün pul yığmaq metodunu bir kənara qoyub əsl problemlə - ekologiyaya vurduğumuz yaraların sağalması ilə məşğul olmalıdır. Başqa yol yoxdur, dünya miqyasında başımızı nağıllarla aldadıb növbəti beynəlxal dərəcəli “dələduzluqla” məşğul olurlar, təbiət isə insanların ağılsız və məsuliyyətsiz münasibətindən əziyyət çəkir...
Natig Cəfərli
TEREF
 

Ardını oxu...
  

ilk yayımlanma: 20:50

Ermənistandakı revanşist qüvvələr baş nazirin COP29-da mümkün iştirakına qarşı təbliğata başlayıb. Artıq xeyli müddətdir ki, Ermənistan nümayəndə heyətinin noyabrda Bakıda keçiriləcək COP29 iqlim sammitində iştirak edib-etməyəcəyi ilə bağlı suala dəqiq cavab vermir.

Qeyd edək ki, COP29-a ev sahibliyi üçün Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini irəli sürmüşdü. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqlar nəticəsində ötən il dekabrın 7-də verilmiş birgə bəyanatda elan olunub ki, Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri götürüb. Ondan sonra Bolqarıstan da öz namizədliyi ilə bağlı eyni addımı atıb.

Ardını oxu...

Ermənistan KİV-ləri Ermənistanın Azərbaycanın xeyrinə öz namizədliyini geri götürməsi arqumentindən çıxış edərək Nikol Paşinyanın COP29 çərçivəsində Bakıya gələ biləcəyinə dair iddialar səsləndirilmişdi.  Ötən həftə Ermənistan parlamentinin spikeri iqlim sammitində sənəd imzalanmasının əleyhinə olmayacağını açıq şəkildə bildirsə də, son qərarın Azərbaycanın olduğunu qeyd edib.

Erməni revanişistlər isə Paşinyanın Bakıya getməməsi üçün ən müxtəlif bəhanələr gətirirlər.

Musavat.com xəbər verir ki, Son olaraq alphanews.am saytına danışan politoloq Baniamin Matevosyan iddia edib ki, əgər Paşinyan və ya Ermənistan nümayəndə heyəti Bakıya səfər edərsə, “Azərbaycanın son illərdə hərəkətlərinin legitimlik qazandıracaq siyasi akt olacaq. Ermənistan Zəngəzur dəhlizinin Azərbaycan tərəfinin nəzarətinə verilməsinə, konstitusiyanın dəyişdirilməsinə razılıq vermiş olacaq. Bakında Paşinyan və ya Ararat Mirzoyan kameralara gülümsəyəndə bir qədər aralıda “Artsax”ın hərbi-siyasi rəhbərliyi mühakimə edəcək”.

Ardını oxu...

Politoloq deyib ki, “açıq-aydın görünür ki, bu şəxslərin taleyi rəsmi İrəvan üçün maraqlı deyil, ən azı, onların geri qayıtmasında maraqlı deyillər. Vəziyyətdə daha bir nüans var ki, nəinki hakimiyyət orqanları, hətta “Ermənistanla Azərbaycan qonşudur” deyən ziyalılara da onlardan danışmaq istəmirlər ”.

Yada salaq ki, “Hraparak” qəzeti də bir müddət əvvəl Paşinyanın Bakıya səfər edə biləcəyindən yazmışdı. Erməni hökumətinə yaxın politoloq Areq Koçinyan Nikol Paşinyanın noyabrda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının iştirakçılarının konfransında iştirak etmək üçün Bakıya gedə biləcəyini istisna etməyib.

“Mən istisna etmirəm ki, sazişin imzalanması COP29 çərçivəsində baş verəcək. Bir şərtlə ki, Ermənistanın baş naziri geri qayıdanda Bakıda saxlanılan hərbi əsirləri özü ilə gətirsin”, deyə bildirib.

Musavat.com

 
 
 
Ardını oxu...
2020-ci il oktyabrın 4-də düşmən üzərinə irəliləyən Şanlı Azərbaycan Ordusu Cəbrayıl şəhəri və rayonun 9 kəndini işğaldan azad etdilər. Bu hadisə Qalibiyyətli Vətən müharibəsində ilk azad edilən şəhərimiz kimi müasir Azərbaycan tarixinə düşdü. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 80 kənd işğaldan azad edildi. Bununla da Cəbrayıl rayonu 27 ildən sonra rəşadətli ordumuz tərəfindən düşmən işğalından azad edildi.
Cəbrayıl rayonun tarixində növbəti əlamətdar hadisə 2020-ci ilin noyabr ayının 16-da baş verdi. Bu əlamətdar hadisə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Cəbrayıl rayonuna səfəri idi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xudafərin körpüsündə Azərbaycan bayrağını ucaltması böyük tarixi və siyasi əhəmiyyəti vardır.
Ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ümumilikdə Cəbrayıl rayonuna 10 dəfə səfər etmiş və səfərləri zamanı rayon ərazisində çoxsaylı infrastruktur layihələrinin təməlqoyma və açılış mərasimlərində iştirak etmişdir.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı cari ilin 26 sentyabr tarixində Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. İndiyədək Cəbrayıl şəhərinə 117 ailənin, yəni 364 nəfərin daimi məskunlaşması təmin edilib və bu işlər böyük sürətlə davam edir.
Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədi ilə Prezident cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 4 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub.
Sevindirici haldır ki, ölkə başçısının Cəbrayıla növbəti səfəri məhz şəhər gününün 2-ci ildönümünə təsafüf etmişdir. Ölkə başçısı Cəbrayıl və Zəngilanda həyata keçirilən işlərlə yaxından tanış olub, bir sıra obyektlərin təməlqoyma və istifadəyə verilmə mərasinlərində iştirak edib. Belə ki, öz məhsuldarlığı ilə yadda qalan bu səfər çərçivəsində Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin binasının, “Azərişıq” ASC-nin Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin və Zəngilan rayonunda “AzərEnerji” ASC-nin “Sarıqışlaq” Su Elektrik Stansiyasının açılışı, Cəbrayıl şəhərində “Azərsun Holdinq” MMC-nin alkoqolsuz içki məhsulları istehsalı kompleksinin, “Hicaz quşçuluq” müəssisəsinin damazlıq yumurta istehsalı fabrikinin, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni müəssisələrin, Zəngilan şəhərində beşinci və altıncı yaşayış komplekslərinin təməlqoyma mərasimləri keçirilib. Ölkə başçısı həmçinin Cəbrayıl rayonunun Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin, Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksinin tikintisi və Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub.
Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edərək yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər. Dövlətimizin başçısı tədbirdə genişməzmunlu çıxış edərək bir sıra məqamlara toxunub. Ölkə başçısı bildirib ki, azad edilmiş torpaqlarda aparılan işlər miqyasına görə xüsusi xarakter daşıyır. “Heç bir başqa yerdə işğaldan, müharibələrdən əziyyət çəkmiş ölkələr bu sürətlə və bu keyfiyyətlə bərpa işlərini bu günə qədər aparmamışlar”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, çünki bu işlər genişmiqyaslı və çox dəqiq planlar əsasında görülür.
Cəbrayıl şəhərinin Horovlu kəndində görülən işlərə toxunan Prezident İlham Əliyev deyib: “Bildiyiniz kimi, Horovlu da Cəbrayıl şəhəri kimi, eyni gündə azad edilmişdir və bir neçə aydan sonra, yəqin ki, gələn ilin birinci yarısında Horovluya da vətəndaşlar qayıdacaqlar”.
Cəbrayılın azad olunmasının dördüncü ildönümü günü keçirilən görüşdə cənab Prezident bu hadisənin çox böyük əhəmiyyəti olduğunu bildirib. Çünki Cəbrayıl İkinci Qarabağ müharibəsi dövründə işğalçılardan azad edilmiş birinci şəhər idi.
“O vaxta qədər artıq müharibə bir həftə idi ki, gedirdi və 20-yə yaxın kənd azad edilmişdi, o cümlədən Cəbrayıl rayonunun kəndləri. Ancaq şəhər olaraq birinci şəhər Cəbrayıl olmuşdur və Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi”, - deyən dövlətimizin başçısı Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində əsl qəhrəmanlıq, fədakarlıq, rəşadət göstərdiyini bildirib, şəhidlərimizlə əbədi fəxr edəcəyimizi vurğulayıb.
Öz çıxışında dövlətimizin rəhbəri bu fikirləri səsləndirib ki: “Bizim Qələbəmiz əlbəttə ki, xalqımız üçün, dövlətimiz üçün ən böyük nemətdir, hesab edirəm ki, Azərbaycan xalqının çoxəsrlik tarixində ən parlaq hərbi Qələbədir”.
Eyni zamanda Prezident İlham Əliyev Ermənistana da xəbərdarlıq mesajı göndərib. Qeyd edib ki, Ermənistan təhlükəli oyunlara qoşulub, İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmasın. Onların yadından çıxmasın ki, necə diz üstə bizdən imdad diləyirdilər, necə Rusiyaya gündə bəlkə 10 dəfə ən yüksək səviyyədə müraciət edirdilər ki, müharibə dayandırılsın.
Dövlətimizin başçısı, həmçinin vurğulayıb: “Antiterror əməliyyatı onların yadından çıxmasın. Yadından çıxmasın ki, hətta o coğrafiyada biz istədiyimizə nail ola bilmişik. Heç kimə baxmadan, heç nəyə baxmadan cəmi bir neçə saat ərzində separatçılığın kökünü kəsmişik”.

Cavid Fərhadov – ehtiyatda olan polkovnik-leytenant,
Vətən müharibəsi qazisi

 

Dünyapress TV

Xəbər lenti