
Göyçayda dövlət satınalmaları ilə bağlı araşdırmalar göstərir ki, bəzi şirkətlər rayonda keçirilən tenderlərdə mütəmadi olaraq qalib gəlirlər.
FED.az xəbər verir ki, say baxımından ən çox tender qazanan şirkət “Retro Holding” MMC-dir. Bu şirkət əsasən Göyçay Suvarma Sistemləri İdarəsi ilə əməkdaşlıq edir və ümumilikdə dörd tenderin qalibi olub. Qalib gəldiyi satınalmalara cari və əsaslı təmir işləri, mal-materialların və ehtiyat hissələrinin alınması daxildir. Ümumi məbləğ 811 min manatdan artıqdır.
“Retro Holding”dən sonra “ATF” MMC gəlir. Şirkət Göyçay Rayon İcra Hakimiyyətinin elan etdiyi tenderlərdə üç dəfə qalib olub. Bu tenderlər əsasən şəhərdə asfalt örtüyünün əsaslı təmiri ilə bağlıdır. Şirkətin ümumi tenderlərdən qazandığı məbləğ 2,4 milyon manatdan çoxdur.
Qeyd edək ki, “ATF” MMC 2003-cü ildə yaradılıb, nizamnamə kapitalı 20 AZN təşkil edir. Hüquqi ünvanı AZ2318, Göyçay Rayonu, Çayarxı ünvanında yerləşir.
FED.az xəbər verir ki, üçüncü yerdə “Turan İnternational Company” MMC dayanır. Şirkət suvarma arxlarının lildən təmizlənməsi və çay məcrasının tənzimlənməsi işləri üzrə üç tenderin qalibi olub. Onun qazandığı tenderlərin dəyəri 268 min manatdan artıqdır.
Qeyd edək ki, “Turan İnternational Company” MMC 1993-cü ildə yaradılıb, nizamnamə kapitalı 50 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Vidadi Əhmədov Bayraməli oğludur. Hüquqi ünvanı AZ1052, Bakı şəhəri Nərimanov rayonu, İslam Abışov, ev 16N ünvanında yerləşir.
Sayca çox tender udan şirkətdən biri də “Həyat Rezidence Constraction” MMC-dir. Bu şirkət də əsasən yol təmiri və şəhər abadlığı sahəsində ixtisaslaşıb. İki tender müqaviləsi çərçivəsində ümumilikdə 1 milyondan çox dəyərində işləri icra edib. Bundan əlavə, “Huseynli Partners Architecture and Construction” MMC də iki tenderdə qalib gəlib. Bu müqavilələr Göyçay şəhərindəki prospektlərdə və küçələrdə aparılan təmir və abadlıq işlərini əhatə edir. Ümumi məbləğ 694 min manat civarındadır.
Qeyd edək ki, “Huseynli Partners Architecture and Construction” MMC 2021-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Şaiq Hüseynli Ağaməli oğludur. Hüquqi ünvanı AZ1102, Bakı şəhəri Nəsimi rayonu, Mir Cəlal , ev 52, m. 64 ünvanında yerləşir.
FED.az xəbər verir ki, “Qadir-Ti” MMC, “Zahir Tikinti” MMC və “Premium Təchizat” MMC Göyçayda keçirilən dövlət tenderlərində iki dəfə qalib olublar. “Qadir-Ti” MMC İcra Hakimiyyətindən ümumilikdə 208 min manat dəyərində mal-material təchizatı üzrə sifarişlər alıb. “Zahir Tikinti” MMC isə bina təmiri sahəsində ixtisaslaşıb və iki tender çərçivəsində 133 min manatlıq müqavilə imzalayıb. “Premium Təchizat” MMC isə Göyçay Rayon Mərkəzi Xəstəxanasına dəftərxana və təsərrüfat malları üzrə 81 min manatlıq təchizat həyata keçirib.
Qeyd edək ki, “Premium Təchizat” MMC 2021-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Yasin Mansurov Arix oğludur. Hüquqi ünvanı AZ0112, Abşeron rayonu, Ceyranbatan ştq, İ.Təhməzov, ev 32 ünvanında yerləşir.
“Azərbaycanda narahatedici və paradoksal bir vəziyyət yaranıb. Hər gün - bəli, hər gün vətəndaşların bank kartlarından 25-30 min manat civarında vəsait kiberdələduzluq yolu ilə oğurlanır. Bu rəqəmlər artıq adi statistikaya çevrilib. Daxili İşlər Nazirliyi demək olar ki, hər gün bu barədə faktlarla dolu həyəcan siqnalı verir, lakin problem azalmır, əksinə, dərinləşir”.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib.
O qeyd edib ki, bu, sistemli və kütləvi xarakterli cinayət dalğasıdır:
“Təəccüblənməmək mümkün deyil: axı son 2-3 ildə ölkədə bu sahədə müsbət istiqamətdə ciddi addımlar atılıb. Yəni hər şey artma istiqamətində olub. Maarifləndirmə kampaniyaları güclənib, kibermütəxəssislərin sayı xeyli artıb, infrastruktur müasirləşdirilib, DİN nəzdində Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi yaradılıb, konkret müsbət nəticələr var ortada, Baş İdarə ilə banklar arasında real vəziyyətdə işləyən anti-fraud sistem qurulub və s. Amma maraqlı və absurd olan budur ki, nəticə fərqli istiqamətdə inkişaf edir: kibercinayətkarlıq artır, daha hədəfli və ağıllı formalar alır.
Hər gün külli miqdarda talamalar var. Burada nə isə çatışmır, çox güman ki, bu çatışmazlıq texnologiya deyil, insan amilidir”.
Ekspert müşahidələrinə əsaslanaraq belə qənaətə gəlib ki, bu fırıldaq sxemlərinin effektivliyi bankların müştəri məlumatlarının haradansa sızması ilə birbaşa bağlıdır:
“Sadəcə təsadüfi nömrələrə zəng vurulmur. Əksinə, dövriyyəsi olan, kartında pul olan “yağlı müştərilər” hədəf seçilir. Bu isə bizə əsas verir ki, məlumat sızıntısı ehtimalını ciddi şəkildə araşdıraq. Şübhələr nəyə əsaslanır? Əgər bu qədər kütləvi şəkildə, yüksək məbləğli və dəqiq hədəflərlə dələduzluqlar həyata keçirilirsə, bu, artıq adi bir bank əməkdaşının fərdi bir müştəri məlumatını sızdırması - satışı ola bilməz.
Bu, yüksək səviyyədə məlumat bazasına çıxışı olan şəxslərin, bəlkə də sistemli şəkildə bu məlumatları fırıldaq şəbəkələrinə ötürməsi ilə bağlı ola bilər.
Bu məlumatlar həm banklardan, həm də mobil operatorlardan sızdırıla bilər, lakin ən çox ehtimal bank məlumat bazaları ilə bağlıdır.
Nə etməliyik?
1. Fərdi məlumatların qorunması haqqında qanunvericilik təcili şəkildə sərtləşdirilməlidir.
2. Banklarda və mobil operatorlarda müştəri bazasına çıxışı olan bütün əməkdaşlar üzrə daxili audit və təhlükəsizlik yoxlamaları həyata keçirilməlidir.
3. Məsuliyyət yalnız istifadəçiyə yox, məlumatı qorumağa borclu olanlara da şamil edilməlidir və s.
Əgər bu sahədə ciddi araşdırma və hüquqi mövqe ortaya qoyulmasa, kibercinayətkarlıq daha da sistemli xarakter alacaq.
Hər gün açıqlanan statistikalarla yalnız vətəndaşlar yox, dövlətin rəqəmsal etimadı və maliyyə sabitliyi də zərbə altında qalacaq.
Belə davam edərsə, vətəndaşlar kartlarında pul saxlamaq istəməyəcəklər. Bu, dolayısı ilə nağdsız ödənişlərə, şəffaflığın zəifləməsinə, rəqəmsal transformasiyaya mənfi təsir göstərəcək.
Ümid edirəm, təhlükəsizliyə cavabdeh olan əlaqədar qurumlar da baş verənlərin fərqindədir və ciddi tədbirlər görüləcək”.