
Maliyyə və gündəlik həyat: Çətin bildikləriniz sadə dildə…
ÜDM-in artımı bizə nə verir?
Hər il xəbərlərdə səslənir: “ÜDM, məsələn, 3,7% artdı! İqtisadiyyat dayanıqlı inkişaf göstərir!” Əslində, sevinmək lazımdır. Amma sən mağazadakı qiymətlərə, telefona gələn maaş bildirişinə nəzər salırsan və təbii sual yaranır:
Bəs o artım haradadır? Niyə bu artım mənim yanımda dayanmayıb şütüyən qatara oxşayır?
Gəlin, bunu akademik, darıxdırıcı dillə yox, sadə şəkildə izah edək.
Ümumiyyətlə, ÜDM nədir?
ÜDM – Ümumi Daxili Məhsul deməkdir. Yəni ölkədə bir ildə istehsal olunub satılan bütün məhsul və xidmətlərin ümumi dəyəri. Kim tərəfindən olması fərq etmir – istər yerli, istər xarici şirkət və şəxslər tərəfindən. Təsəvvür edin ki, biz bütün malları, xidmətləri, saç kəsimlərini, təmir işlərini, iPhone-ları, dönərləri, nefti və s. toplayıb bir rəqəm alırıq. Rəqəm nə qədər böyükdürsə, guya iqtisadiyyat da o qədər yaxşıdır.
Amma ÜDM də xəstəxanadakı “temperatur” kimidir: ortalama 36.6 göstərir, amma kiminsə hərarəti kəllə-çarxa çıxıb, kim isə artıq çoxdan komadadır.
Niyə ÜDM artımı ciblərdə hiss olunmur?
Artım “yuxarı” gedir, “yanlara” yayılmır.
Əgər gəlirin əsas hissəsi bir neçə iri şirkətə və ya resursların əldə edilməsin gedirsə, pul bir nöqtədə toplanır. Təsəvvür edin, piroq böyüyür, amma onu yenə də elə həmin 3 nəfər yeyir.
Gəlirin düzgün paylaşılmaması.
Əgər yığılan vergilər səhiyyə, təhsil və sosial təminatın yaxşılaşmasına getmirsə – insanlar fərq hiss etmir. Halbuki rifah təkcə rəqəm deyil, həm də özünü güvəndə hiss etməkdir.
Qiymətlər gəlirlərdən tez artır.
Rəsmi inflyasiya 8%-dir. Amma mağazaya girirsən, almanın qiyməti sanki raketlə orbitə çıxıb. Əsas xərclər bahalaşanda, iqtisadiyyatın artımı haqda danışmaq ələ salmaq kimi gəlir.
İş yerləri – həmişə layiqli iş demək deyil.
Statistikada məşğulluq çox vacibdir. Həyatda isə – iş yerinin keyfiyyəti. Məzuniyyətsiz, xəstəlik kağızı olmadan üç yerdə işləyib- dolanmaq “iqtisadi artım” deyil, insan resursunun tükənməsidir.
Bəs sadə insan üçün nə vacibdir?
ÜDM arta bilər, amma sabitlik və tərəqqi hissi – yox. Çünki iqtisadiyyat təkcə istehsal barədə deyil, həm də bölüşdürməkdir. Bu, təkcə rəqəmlər yox, həm də etimaddır. Və etimad ildə 3,7% artmır.
Bəs bu artımı hiss etmək olarmı?
Bəli. O ölkələrdə ki, iqtisadi artım bunlarla müşayiət olunur:
• normal yollarla (hər çuxura düşüb-düşməmək bəxt söhbəti olmasa),
• keyfiyyətli dövlət xidmətləri ilə (xatırlayın, əvvəllər arayış almaq necə idi, indi necədir – ASAN xidmət saat kimi işləyir),
• insanlara yatırım qoymaqla (yalnız betona yox),
• və rəqəmlərin arxasında az da olsa məntiqli izah dayananda, insanlar həqiqətən hiss etməyə başlayır: budur – yaxşılaşır.
Bəs bizdə necədir?
Əslində, bizdə hər şey o qədər də pis deyil. 44 günlük müharibədən sonra çox şey dəyişib: tikirik, yeniləyirik, rəqəmsallaşdırırıq, inkişaf etdiririk. Əlbəttə, bəzən qeyri-bərabərlik də olur – bəzi yerlərdə asfalt daha təzədir, poliklinikada isə növbə sovet kinosuna növbə kimidir. Amma ümumi tendensiya var. Və bu təkcə “hərəkət” yox, real dəyişiklikdir.
Nəticə?
ÜDM lap 137 faiz də arta bilər – amma insan mağazada bananı qida deyil, dəbdəbəli həyat kimi qəbul edirsə, deməli, nəinsə üzərində iş davam etməlidir.
Yaxşı xəbər odur ki, Azərbaycanda artıq həm rəqəmlər, həm də real həyat üçün işləməyə başlayıblar. Əsas məsələ odur ki, dayanmasınlar. Və bəlkə də o vaxt iqtisadi artım televizor süjeti yox, səhər soyuducunu açanda hiss edəcəyimiz bir şey olacaq.
Fuad Rəsulov
pressklub.az