Ardını oxu...
2019-cu ildən Azərbaycanda müharibə veteranlarına 80 manat müavinət ödənilir.

Milli Məclisdə 2025-ci il büdcə zərfinin müzakirəsi çərçivəsində bu məsələ də gündəmə gətirilir. Deputatlar vəsaitin azlığını, bu qəbildən olan insanların ehtiyaclarını ödəmədiyini bildirir.

Məsələn, deputat Arzuxan Əlizadə bildirib ki, 2019-cu ildən 5 il keçib: “Nəzərə almaq lazımdır ki, onlara verilən 80 manat 5 il əvvəlki 80 manat məbləğində deyil. Hətta 2006-cı ildə həmin veteranlara 55 manat verilirdi ki, o da həmin zaman təxminən 70 ABŞ dolları edirdi. 70 ABŞ dolları bugünkü ekvivalenti ilə 120 manatdır. Bunu da nəzərə almaq lazımdır və həssas təbəqə olan veteranlarımızla bağlı artımlara gedilməsi məqsədəuyğun olar”.

Deputat Razi Nurullayev isə 80 manatın iki dəfə artırılmasına ehtiyac və tələb olduğunu deyib.

Ümumiyyətlə, vəsaitin kəskin artırılması gözləniləndirmi?

Məsələ ilə bağlı TNS-ə danışan REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli qeyd edib ki, ölkədə təqribən 170 minə yaxın veteran var və onların aldığı 80 manatlıq müavinət kifayət qədər kiçik məbləğdir: “Uzun müddətdir ki, veteranlara verilən məbləğin artırılması ilə bağlı müzakirələr gedir. Yəqin ki, gələn ilin dövlət büdcəsində bununla bağlı müəyyən artımlar nəzərdə tutulur. Amma təəssüf ki, məbləğin, ən yaxşı halda, 100 manata qaldırılması gözlənilir”.
 
Ardını oxu...
“Siyavuş Novruzov bu problemi indi səsləndirir. Biz isə illərdir ki, sözügedən məsələni vurğulayırıq”.

Bunu “Yeni Sabah” a kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib.

SUPER40 endirim kodu - Sən sifariş edənə qədər bəlkə də bu məhsullar tükənəcək!

O, parlamentdə “Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinə YAP-çı deputat Siyavuş Novruzov və əmək və əhalinin sisial təminatı naziri Sahil Babayevin “deyişməsi” ilə başlayan mübahisə rəy bildirib.

Xatırladaq ki, Novruzov mübahisə zamanı deyib: “Başqa sahələri deyə bilmərəm, amma kənd təsərrüfatı ilə bağlı şikayətlər çoxdur. Xəstə mal-heyvanları insanlara verirlər, o da qapıdan girəndən 3 gün sonra ölür. Onların da bir dəfə almaq şansı var. Kəndliyə 2 inək 1 illik zəmanət verilir. Heç olmasa, 3 aylıq da yeməyini verin. Çünki kəndli onu ehtiyacdan alır”.

Nazir Sahil Babayev isə irada belə cavab verib: “Özünüməşğulluq proqramı çərçivəsində təqdim edilən hər bir aktiv vətəndaş tərəfindən şəxsən qəbul edilərkən videoçəkiliş aparılır və proqrama qəbul edilən həmin şəxsin elektron kabinetinə yerləşdirilir. Vətəndaşa həmin aktivlə bağlı bütün sertifikat və müvafiq yoxlama, qiymətləndirmə aktları təqdim olunur. Bu, önəmli bir məsələdir. Əgər bu kənd təsərrüfatı aktividirsə, deməli Qida Təhlükəsizliyi Agentliyinin, baytarlıq sertifikatları, yoxlama, sağlamlıq arayışları orda olur. Əgər bunlar avadanlıqdırsa, istehsal, mənşə, mənbə sertifikatları orda olur”.

Öz növbəsində, Vahid Məhərrəmov qeyd edib:

“Siyavuş Novruzov bu problemi indi səsləndirir. Biz isə illərdir ki, sözügedən məsələni vurğulayırıq. Həm mətbuatda, həm də sosial şəbəkələrdə.

Kifayət qədər faktlar var. Tələyə düşən şəxslərin ünvanı və kimliyini də açıqlamışıq. Təəssüf ki, bu hal hələ də davam edir. Daha ucuz, çıxdaş edilmiş, xəstə, qoca və bala salmış heyvanları sağlam inək kimi işsiz insanlara təqdim ediblər. Həmçinin, verilən otun həcmi az, keyfiyyəti isə pis olub. Buna görə bir çox vətəndaş ziyan çəkib.

Heyvanı təhvil alan şəxs onu bəsləyir, baytara aparır və onun yazdığı dərmanlara xeyli vəsait xərcləyir. Bir müddət sonra heyvan tələf olduqda isə vətəndaşa külli miqdarda zərər dəyir.

Bütün heyvanların tələf olduğunu, yaxud hamısının xəstə, qoca heyvan olduğunu demirəm. Elə vətəndaşlar da var ki, özünəməşğulluq proqramı çərçivəsində ona verilən heyvana yaxşı qulluq etmir. Yaxud fakt var ki, vətəndaşa daha məhsuldar heyvan veriblər, lakin o, yemləməni və sağımı vaxtında həyata keçirməyib”.

Ekspert məsələnin həlli istiqamətindən söz açıb:

“Bir vaxtlar Hadı Rəcəbli belə bir təşəbbüslə çıxış edəndə bildirdik ki, bu fikri reallaşdırmaq üçün kəndliyə heyvan verilirsə, torpaq sahəsi də ayrılmalıdır. Yəni örüş və biçənək ərazisi olmalıdır ki, kəndli həmin sahədə o heyvanı otarsın və biçənək ərazisindən ot, yem əldə edib heyvanı saxlaya bilsin. Təkcə ot yox, inəyə xüsusi yem verilməli, həmçinin ona baxanlar xüsusi təlim keçməlidir. Təlimdə inəklərin hansı vaxt aralığında və neçə dəfə sağılması, əməl edilməli olan qulluq qaydaları barədə məlumat verilməlidir. Ancaq bu iş olduqca formal həyata keçirildi. Oliqarx məmurların təsərrüfatından bazara çıxdaş heyvanları çıxarıb dəyər-dəyməz, çox ucuz qiymətlə alıb yüksək qiymətlə sənədləşdirdilər”.
 
Ardını oxu...
Gələn ildən ölkədə minimum əməkhaqqı artırılacaq.

Dövlət başçısı da VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bununla bağlı göstəriş verildiyini bildirmişdi.

Bəs artım nə qədər olacaq?

İqtisadçı-ekspert Natiq Cəfərli Referans.az-a açıqlamasında bu sualları cavablandırıb.

“Hazırda Azərbaycanda minimum əməkhaqqı 345 manatdır. Bu məbləğin 400 manat olması gözlənilir. Minimum əməkhaqqının artması avtomatik olaraq büdcə təşkilatlarında çalışanlara təsir göstərir. Eyni zamanda biznes sahəsində çalışanlar da minimum əməkhaqqından aşağı maaş ala bilməzlər. Amma özəl sektorda çalışanlar üçün digər maaşların indeksləşdirilməsinə aidiyyatı yoxdur. Buna özəl sektor özü qərar verir. Sadəcə minimum əməkhaqqı özəl müəssisələrdə verilə biləcək ən aşağı maaş həddini müəyyən edir”.

Ekspert bildirib ki, büdcədən maaş alan şəxslərdə isə müəyyən indeksasiyalar gözlənilir. Ümumi olaraq maaşlarda 8-10 faiz artım gözlənilir.
 
Ardını oxu...
“Məşğullluq İdarəsindən işsiz şəxslərə xəstə heyvanlar verirlər. O heyvanlar qapıdan həyətə çatana qədər və ya 3 gün yaşayırlar. Bunlara, heç olmasa, bir illik zəmanət verin, 3 aylıq da yemlə təmin edin. İnsanlar bunu kefdən almırlar ki?”

Bizim.Media xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə deputata etiraz edərək araşdırılmamış məlumatların verilməməsini qeyd edib:

“Xahiş edirəm, araşdırılmamış məlumat verilməsin. Təqdim olunan heyvanlarla bağlı videolar çəkilir, onların bütün sertifikatları təqdim olunur”.
 
Ardını oxu...
"Özünüməşğulluq proqramının həyata keçirilməsinin mexanizmində çox böyük nöqsanlar var".
Bunu Milli Məclisdə “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.

"Xəstə heyvanları insanlara verirlər. Həmin heyvan qapıdan ancaq həyətə daxil olur. Bundan 3 gün sonra ölür. Məşğulluğa cəlb edilən şəxsin də bir dəfə almaq şansı var, bunu da itirir. Bir mobil telefonu alanda ona 1 illik zəmanət verilir. Kəndçiyə özünü təmin etmək üçün 2 inək vermisənsə, bunu bir illik sığortalamaq lazımdır. Heç olmasa 3 aylıq qidası verilməlidir. Çünki həmin şəxs bunu kefdən yox, ehtiyacdan alır", - deyə deputat bildirib.
 
Ardını oxu...
Azərbaycan Respublikasının Konstitusiyası və Ailə Məcəlləsi valideynlərə uşaqların tərbiyəsində iştirak etmək və valideyn hüquqlarını həyata keçirmək üçün bərabər hüquqlar verir. Boşanmadan sonra mürəkkəb psixoloji vəziyyətə baxmayaraq, uşaqlar anası ilə və atası ilə tam hüquqlu ünsiyyətdən məhrum olmamalıdırlar. Ailə Məcəlləsinin 61-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır.

Boşanmadan sonra tərəflər öz aralarında uşaqla ünsiyyət məsələsini həll edə bilərlər. Bu mümkün olmadığı təqdirdə isə tərəflər mediatora müraciət edə bilərlər və mediator yazılı qaydada onlar arasında görüş vaxtlarını müəyyən edə bilər. Ən son halda isə tərəflər heç cür razılıq əldə edə bilmədikləri təqdirdə isə, bu məsələ məhkəmə müstəvisində həll olunur. Uşaqla ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideyn əvvəlcə mediasiyaya müraciət etməlidir. Əgər mediasiyada razılıq əldə edilməzsə, iddia ərizəsi ilə cavabdehin qeydiyyat yeri üzrə məhkəməyə müraciət edə bilər. Bu cür işlər ilə bağlı əksər hallarda məhkəmə rəy alınması üçün uşağın yaşadığı yer üzrə rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komitəsinə müraciət edir və komitənin rəyini nəzərə alaraq ünsiyyətin vaxtını və formasını müəyyən edir. Uşaqla ünsiyyət hüququna dair məhkəmə işləri iddia ərizəsi məhkəməyə daxil olduğun andan 3-6 ay ərzində yekunlaşır.

Boşanmış ata/ana hansı günlər öz övladı ilə görüşmək hüququna malikdir?

Məhkəmələr uşaqla görüş haqqında qərar qəbul edərkən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Qərarını rəhbər tutur. Qeyd edək ki, həmin qərara əsasən – daha dolğun ünsiyyətin təmin edilməsi məqsədilə həftəlik görüş günləri ilə yanaşı, qeyri-iş günləri hesab edilən bayramlarda, uşaqların tətil günlərində, habelə ünsiyyət tələb edən valideynin və uşağın doğum günlərində, eləcə də ailəyə aid digər əlamətdar günlərdə ünsiyyət qaydası müəyyən edilə bilər.

Məhkəmə qərarı verilərkən bir çox amillər nəzərə alınır. Məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, səhhətini, məktəbəqədər və ya ümumi təhsil rejimini hansı valideynə daha çox bağlılığını ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynlə uşağın yaşayış yerləri arasındakı məsafənin uzaqlığını, nəqliyyat vasitələri ilə uşağın aparılması və gətirilməsi müddətlərini, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər.

Baba, nənə, qardaş, bacı və digər qohumların uşaqla ünsiyyət hüququ

Ailə məcəlləsinin 62-ci maddəsinə əsasən baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı (Qəyyumluq və Himayəçilik komitəsi) valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. Valideynlər müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. Məhkəmənin qərarına əməl etməyən valideyn Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun məsuliyyət daşıyır.

Hansı hallarda atanın uşaqla görüş hüququ məhdudlaşdırıla bilər?

Uşaqla görüşlərin məhdudlaşdırılması hüquqi mexanizmlərlə müəyyən edilən hallar da var. Əgər ünsiyyət uşağa psixoloji travma vurur, uşağın tam hüquqlu fiziki inkişafına mane olur, ata əxlaqsız həyat tərzi sürür, alkoqol və ya narkotik maddələrdən sui-istifadə edirsə, ana məhkəməyə ərizə ilə müraciət edə bilər.

Uşaqla ünsiyyətlə bağlı qərarın icra edilməməsinə görə məsuliyyət

İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə – fiziki şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər 1200 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə cərimə edilir.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə – 2000 manatdan 4000 min manatadək miqdarda cərimə və ya 320 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.

Benefisiar.org
 
Ardını oxu...
Deputat Razi Nurullayev 2025-ci ilin büdcə müzakirələri zamanı çıxış edərək bir sıra önəmli sahələrə hökumətin diqqətini cəlb etməyə çalışıb.

Musavat.com bildirir ki, deputat ilk öncə, uğurlu COP29 tədbirinin yüksək səviyyədə keçirilməsinə görə ölkə başçısını, Azərbaycan xalqını, hökumət üzvlərini və hakim partiyanın təmsilçilərini təbrik edib. Ardınca büdcə sənədindən bəhs edərək bunları söyləyib: “İstərdim ki, təqdimatlarda heç olmazsa az da olsa çatışmazlıqlar, problemlər, çağırışlar, süni və təbii maneələr haqqında da nələrsə deyilsin. Ola bilməz ki, hər şey 100 faiz yaxşı olsun. Heç Norveçdə, Yaponiyada, Sinqapurda belə hər şey ideal deyil. Biz öz fəaliyyətimizə belə tənqidi rakursdan yanaşmasaq, inkişaf olmaz. Boşluqları demək lazımdır, ciddi müzakirələr və fərqli fikirlər bir-birini antoqonist mövqeyə çəkməlidir ki, doğrular bilinsin. Məqsədim tənqid yox, plüralizmə, fikir çoxluğuna və tənqidi yanaşmaya söykənən mülahizələrdir. Inkişaf üçün tənqidi yanaşma da olmalıdır və biz bunu birinci növbədə təqdimatlardan eşitməliyik. Hesabalama Palatasının yanaşmasında doğru məqamlar var və onların qeyd etdikləri nöqsanlar aradan qaldırlmalıdır. Amma, sual olunur, ki, onlar niyə ildən-ilə təkrarlanır?”

R.Nurullayev büdcə vəsaitinin səmərəli xərclənməsinin vacibliyindən danışıb:

“Büdcədən xeyli vəsait ayrılır, amma uzunmüddətli səmərə effekti zəifdir. Vəsaitlər ciddi nəzarət altında xərclənmir. Büdcə vəsaitləri şişirdilmiş rəqəmlərlə də xərclənir. Bu barədə çox uzağa getmirəm, elə internet axtarış şəbəkələrində “büdcə yoxlaması”, “büdcə oğurluğu”, “şişirdilmiş büdcə vəsaiti”, “yeyinti” yazıb “ok” düyməsini basmaq bəs edir ki, aldığın informasiyanı həzm etmək üçün “festal”a ehtiyac duyasan. Mən demirəm ki, hər şey pisdir, amma narahatedici məqamlar var və nəzarət sistemi güclənməlidir”.
Deputat qeyd edib ki, səmərəliliyin əldə olunması üçün hazırda mövcud qanunlara edilməli olan dəyişikliklərə də ehtiyac var və gərək bunlar edilsin: “Səbəb nə olur-olsun, gecikdirmək olmaz. Hesablama Palatasının sədri o məqamları çox gözəl bilir. Mənim üçün ən vacib məsələ büdcənin səmərəli xərclənməsi və uzunmüddətli inkişafa nail olmasıdır. Hamımız çalışmalıyıq ki, büdcə vəsaitinin xərcləndiyi hər bir manat özü ilə inkişaf gətirsin, dəyər yaratsın. Yarada bilirmi?”

R.Nurullayev yeni iş yerlərinin yaradılması zərurətindən danışıb:

“Xarici və daxili sərmayələrin cəlb olunması üçün aşkarlığın, şəffaflığın və qaydaların sadələşdirilməsi vacibdir. Hazırkı biznes mühiti çox da şəffaf və aydın deyil. Məhz, elə bu səbəbdən ciddi sərmayələr daxil olmur. Əmlakın qorunması, toxunulmazlığı vacibdir. O layihələr tez reallaşır ki, onlar birbaşa cənab Prezidentin nəzarətindədir. Amma, ölkədə on minlərlə layihələr həyata keçirilir. Ölkə başçısı hamısına tək nəzarət edə bilməz axı…
Şirkət yaratmaq asandır, bir gün tələb olunur. Bəs real olaraq, Azərbaycan reallığından çıxış edərək real işə başlamaq üçün nə qədər zaman tələb olunur? Vergi qanunvericiliyi tam olaraq sadələşdirilməli və hər kəsin başadüşəcəyi formata salınmalıdır. Torpaqların tələb olunan qaydalar əsasında təyinatının dəyişdirilməsi üçün iştirakçı olduğum bir məclisdə eşitdim ki, az qala bu mümkün deyil. Belə bir halda yeni iş yerlərinin açılması ilə bağlı münbit şərait var deyə də bilmərik”.

Deputat ardınca deyib: “Mənim bir seçicim var, bir də yaxından tanıdığım bir adam. Onların hər ikisi xarici sərmayə cəlb ediblər, amma ciddi problemlərlə üzləşirlər və bunlar aylarla, illərlə davam edir. Bunları müzakirə etmək və nəzərinizə çatdırmaq istərdim ki, görüm səbəb nədir. Bəlkə mən nəyisə düzgün anlaya bilmirəm…Gecikdirmələr və süründürməçilik bəzən daha çox şəxslərə və ayrı-ayrı qurumlara aiddir”.

Kəndlərin inkişafı ilə bağı dövlət proqramından bəhs edən deputat deyib:

“Kənd yerlərinin inkişafı urbanizasiyanın qarşısının alınmasının ən asan yoludur. Amma, kəndlərimizdə vəziyyət yaxşı deyil. Hər kəs kəndləri tərk edib şəhərə axışır. Qarabağda normal kəndlər salınır, biz Azərbaycanın hər yerində kəndləri inkişaf etdirməliyik. Bunun üçün də Kəndlərin inkişafı ilə bağlı xüsusi dövlət proqramının qəbul olunmasına ehtyac var. Buna qədər isə, cənab Baş nazir xahiş edirəm ki, bu ilki dövlət büdcəsində 21 kəndin inkişafı ilə bağlı dövlət vəsaiti nəzərdə tutulsun. 7 rayon seçilsin və hər birindən 3 kənd seçilməklə pilot layihə həyata keçirilsin.

Bura daxildir: kənd ərazisində biznes və istehsalat sahələrinin aydınlaşdırılması, bacarıqlı kənd adamlarından ibarət biznes kursu keçəcək adamların təlimə cəlb edilməsi, bələdiyyənin inkişaf layihəsinə cəlb olunması. Bələdiyyələrlə bağlı komitə iclasında qeyd etmişəm ki, bələdiyyələr çox işə görə bilər, əgər onlara dövlət dətəyi olarsa. Amma, bu dəstək yardım şəklində yox.
Bələdiyyələr və biznes qurumları kənd və şəhərlərdə birlikdə 50-50-yə biznes qursunlar. Həm bələdiyyə öyrənsin, həmdə biznes maraqlı olsun. Elə subvensiyalar müştərək layihələrə yönləndirilsin. Kənd mədəniyyətinin formalaşdırılması üçün təlimlər və dövlət hesabına bəzi infrastruktur layihələrin həyata keçirilməsi də vacibdir. Çox xahiş edirəm ki, bu məsələ ciddi müzakirə olsunsun və elə bu ilin büdcəsində pilot kəndlərin inkişafı ilə bağlı müəyyən məbləğ nəzərdə tutulsun”.

R.Nurullayev sənədsiz evlər probleminə də toxunub:

“Hazırda mövcud qanunvericiliyə görə sənəd olmadan heç kim evinə qaz, su, işıq çəkə bilmir. Məhdudlaşdırıcı qanunun qəbulundan sonra tikilən evləri demirəm, 50-60 il bundan öncə tikilən evlər də infrastruktur layihələrindən yararlana bilmir. Onlardan tələb olunur ki, evlərinin sənədlərini düzəltsinlər. Kənd yerlərində ev və torpaqla bərabər, ən kiçik ev və həyətin sənədləşməsi üçün 1000 manata qədər vəsait tələb olunur. Daha böyük ev və torpaq sahəsi olanlara isə 3-4 min manat tələb olunur. Bu vəziyyətdən dolayı kəndlərdə təbii qaz axını olsa da, onlar sənədləşmə tələbi ucbatından evlərinə qaz xətti çəkə bilmir. Əgər bu tələb 10 il də davam etsə, elə ailələr var ki, onlar o tələbi heç zaman yerinə yetirə bilməyəcəklər. Bu məsələ ilə bağlı sadələşmə lazımdır. Icra hakimiyyətinin arayışı ilə qaz çəkilişinə icazə verilməsi vacibdir. Bütövlükdə isə sənədləşmənin həyata keçirilməsi üçün dövlətdən sosial yardım alan, əlillik dərəcəsi olan, şəhid ailəsi, müharibə veteranı və digər güzəştli kateqoriya insanlar üçün sənədləşmənin həyata keçirilməsi üçün dövlət büdcəsindən vəsait ayrılsın, ya da onlardan vəsait tələb olunmasın. Bütün hallarda, onlar bu şəkildə sənədləşməyə getməyəcəklər”.

Deputat deyib ki, İmişlinin kanalizasiya sistemi çəkilib və yarımçıq qalıb: “Küçələrə asfalt vurulur, nə zamansa, kanalizasiya çəkiləndə o yollar dağılacaq. Kanalizasiya sistemi olmadan şəhərin səmərəli və planlı inkişafı mümkün deyil. Xahiş edirəm, cənab baş nazir, İmişlinin yarımçıq qalmış kanalizasiya sisteminin tamamlanması üçün vəsait ayrılsın. Bu gün kanalizasiya sistemi olmadığı üçün bir çox evlər və hündürmərtəbəli evlər basdırılmış mina üzərində yaşamalı olur. Keçən çağırışda bu məsələni hər il qaldırmışam, amma nəzərə çarpacaq dərəcədə belə irəliləyiş olmayıb”.

Deputat bildirib ki, hazırda İmişli şəhərində peşə məktəbinin təmiri gedir: “Bu məsələ rayon üçün çox vacib idi. Təhsilzsiz, peşəsiz insan, ölkə, rayon, Saxara səhrasında susuz və dəvəsiz kimidir. Bu işdə bizə köməklik edən hökumətə, Təhsi nazirliyinə və Peşə agentliyinə təşəkkürümü bildirirəm”.
 
Ardını oxu...
"Büdcə-vergi siyasətinin əsas istiqamətlərinə dair məlumata əsasən, 2025-ci və sonrakı üç ili əhatə edən ortamüddətli dövr üzrə büdcə siyasətinin məqsəd, istiqamət və hədəfləri bir sıra çağırışlar nəzərə alınmaqla müəyyən edilib".

Bunu bunu parlamentin bugünkü plenar iclasında çıxış edən maliyyə naziri Samir Şərifov deyib. Nazirin sözlərinə görə, növbəti dövrdə ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, ölkə iqtisadiyyatına reinteqrasiyası və bu ərazilərə Böyük Qayıdışın təmin edilməsi, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası, qeyri-neft sektorundan əldə olunan gəlirlərin ümumi büdcə gəlirlərində payının artırılması və bir sıra digər çağırışlar aktual olaraq qalır.

Bu gün ölkədə əsas vəsait işğaldan azad edilmiş ərazilərə və müdafiəyə yönəlib. Bəs qeyri-neft sektorunun inkişafı deyərkən əsas gəliri hansı sahədən əldə edə bilirik?

İqtisadçı-ekspert Akif Nəsirli "Cebheinfo.az"-a bildirib ki, qeyri-neft sektorunun inkişafından daha çox danışlır, ancaq bu istiqamətə diqqət zəifdir:

"Əslində bu gün qeyri-neft sektoruna dövlət büdcəsindən ayrılan vəsaitdən daha çox ona münbit vergi mühitinin yaradılması vacibdir. Çünki hazırda Azərbaycanda vergi sistemi iqtisadiyyatın toxumlarının əzilib öldürülməsi ilə məşğuldur. Hesab edirəm ki, müasir mərhələdə müdafiə qabiliyyətinin artırılması və Qarabağın, işğaldan azad edilmiş ərazilərin bərpa-quruculuq işləri bütün məsələlərdən vacibdir. Çünki həm Azərbaycana beynəlxalq təzyiqlər güclüdür, bunu qarşılamaq üçün müdafiə qabiliyyətini yüksəltməlidir. Digər tərəfdən, işğaldan azad edilmiş ərazilərdə varlığını gücləndirməlidir ki, bütün dünyaya öz torpaqlarını bərpa etdiyini göstərsin".

Ekspertin fikrincə, ancaq bir istiqamətə fokuslanıb digər istiqamətləri, ölkənin iqtisadiyyatını da unutmaq olmaz:

"Qeyri-neft sektoruna ayrılan vəsait nədir? Belə ki, qeyri-neft sektoruna ayrılan vəsait güzəştli kreditlərdir. O güzəştli kreditləri kimlərin aldığı çoxlarına bəlli deyil. Ancaq o bəllidir ki, həmin güzəştli kreditlərə hamının əli çatmır. Yəni, hamının əli çatan, münasib qiymətə olan, normal həcmdə olan kreditlər verilməlidir. Güzəştli faizlə əldə edilən bu kreditin kapital olaraq istehsala və yaxud xidmətə yatırıb gəlir əldə etməsi üçün münbit vergi mühiti olmalıdır.

Məsələn, ötən ilin yanvar ayından Vergi Məcəlləsinə edilən əlavə və dəyişikliklərə görə fəaliyyətə başlayan mikrosahibkar 20 faiz vergi verməlidir. Eləcə də 500 manata kassa aparatı almalıdır. Digər xərcləri də bunun üzərinə gələndə sahibkarlığa başlayan şəxsin birinci aydakı vergi sisteminə ödəməli olduğu xərc təxminən 1000 manata yaxındır. Bu nə deməkdir? İş görmək istəyən sahibkardan birinci gün həmin məbləği nəyə görə alırsız? Vergi sisteminə dəyişiklik edilməlidir. Hesab edirəm ki, ən vacib məsələ Milli Məclisdə Vergi Məcəlləsinin müzakirəsi olmalıdır".
Ardını oxu...
Pul oturdu... Amma məmnunluq gətirmədi bizə, həyatını ölkənin, dövlətin, xalqın ağır günündə minnətsiz, pulsuz-parasız Vətənə bəxş etmiş insanlara. Hörmətli, əziz, Azərbaycanın ən dəyərli insanları, durduğunuz Zirvəni bəhrəsiz səhralara əydirməyin.
Şərəf, ləyaqət statusunuz çox adamda qibtə, utanc əsməsi yaradır. Bu cılız əməllərindən ilham alanların yeğanə sevinci, kamı bizi pulla, maddiyatla əyməkdir. Nə hərbiçi təqaüdü, nə 80 manat dəyərində qan pulu, nə qeyri miqdarda pul
sizin dəyərinizə, qeyrətinizə əvəz ola bilməz. Səngərlərdə, güllə, mərmi yağışına qarşı sıçrayışda pul, medal, rütbəmi keçirdi ağlımızdan?
Məhz iki amal - Vətəni qorumaq və ailəmizin, uşağımızın başana qayıtmaq, ən böyük əsgəri və insani istək və arzularımız idi. Bizimlə bir cərgədə olanlardan itirdiklərimiz çoxdur. Bizim bu gün istədiklərimiz onlara nəsib olmadı. Ən kədərlisi - ailə, uşaq başına qayıda bilmədilər. Nə ayın 15, nə 20, nə 32-si haqqımızı yalvarışla, tələblə, hiddətlə istəyib quduzlaşdırmayaq şərəfdən, ləyaqətdən bixəbərləri. Çünki, biz elə həmin Əsgərik. Vətənə bəxş etdiyimiz Şərəfdən pay götürə bilməyənləri, haqqımızdan kəsdikləri pulla sevindirməyək. Qoy sevincləri bizdən oğurladıqları olsun. Talelərinə belə çörək yazılıb.
... Sübh tezdən küçəyə çıxdım. Kənd hələ oyanmamışdı. Ət dükanının qarşısında bir nəfər qəssabla söhbət edirdi. Bir parça kağaz verib getdi.
- Siz onu tanıyarsız - o da müharibədə olub, - işarə etdi gedənə qəssab.
- Ət üçün gəlmişdi, amma niyə almadı?
- O neçə aydır ət almır. Qəribə adamdır. Hər ayın axırı 80 manat pul verir mənə və siyahı.
- Niyə? - təəcübləndim.
- Müəllim, öz aramızda qalsın. Tapşırıb ki, heç kimə demə. Ay ərzində ət almayanları soruşur. Kasıb yaşlı adamlar indi ət almırlar. Verdiyi pulla hər ay 12 adama yarım kilo ət göndərirəm...
80 manat qan pulumuz. Bəlkə, bizdə onu nəzir edək haqqımıza girən dilənçilərə... Hərəsinə yarım kilo... qeyrət.
Zahid Teymurov
TEREF
Ardını oxu...
Nişan mərasimində nişanlanan qıza hədiyyə verilən qızıl-zinət əşyaları toy baş tutmadığı halda bağışlama müqaviləsi kimi deyil, əsassız varlanma kimi qiymətləndirilir.

Bu barədə Ali Məhkəmənin konkret iş üzrə qəbul etdiyi qərarında göstərilib.

İşin hallarından görünür ki, 01.06.2022-ci il tarixdə cavabdeh ilə iddiaçının oğlu arasında nişan mərasimi keçirilib, toy mərasimi və nikahın bağlanması 25 iyun 2022-ci il tarixə planlaşdırılıb. İddiaçı tərəfindən cavabdehə toy hədiyyəsi kimi qızıl-zinət əşyaları verilib, lakin nikah baş tutmayıb, münasibətlər pozulub. Bundan sonra iddiaçı tərəfindən cavabdehə nişanlanma mərasimində verilmiş qızıl-zinət əşyalarının geri tələb edilməsi ilə bağlı məhkəməyə müraciət edib.

Aşağı instansiya məhkəmələri qızıl-zinət əşyalarının iddiaçı tərəfindən cavabdehə toy hədiyyəsi kimi bağışlandığını qətnaməsində qeyd etsə də, toyun baş tutmaması halını nəzərə almayıb. Ona görə qızıl-zinət əşyalarının cavabdehdə qalmasına qərar verilib.

Lakin iş üzrə yekun məhkəmə instansiyası olaraq Ali Məhkəmə hesab edib ki, hazırkı iddianın hüquqi əsasını Mülki Məcəllənin 673-cü maddəsi təşkil etmir. Belə ki, nişan mərasimində nişanlanan oğlan və ya onun valideynləri tərəfindən nişanlanan qıza verilən hədiyyələr, o cümlədən qızıl-zinət əşyaları gələcəkdə rəsmi nikahın baş tutacağı ümidi ilə verilir. Gələcəkdə rəsmi nikah baş tutmazsa, əldəetmə sonradan aradan qalxmış əsasa söykənmiş olur. Sözügedən iş üzrə iddia tələbi rəsmi nikahın baş tutmaması, yəni nişanlanmanın rəsmi nikahın bağlanması ilə nəticələnməməsi ilə əlaqədar nişanlanma mərasimində verilmiş qızıl-zinət əşyalarının tələbi ilə əlaqədardır.

Ali Məhkəmə qeyd edib ki, iddianın hüquqi əsası kimi qızıl-zinət əşyaları əldəetmə ilə əlaqədar varlanmanın sonralar aradan qalxmış əsasa söykənməsi, əsassız varlanma nəticəsində əldə edilənləri qaytarma vəzifəsi ilə əlaqədar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091 və 1092-ci maddələri nəzərdən keçirilə bilər. Nəzərə almaq lazımdır ki, bağışlamadan imtina üçün əsasların olmaması bağışlanmış əşya hesabına varlanmanın sonradan aradan qalxmış əsasa söykənməsi əsası ilə hədiyyənin geri tələb edilməsini istisna etmir.

Buna görə də məhkəmə iddiaçının şikayətini təmin edib və qızıl-zinət əşyalarının cavabdehdən alınması barədə qərar qəbul olunub./oxu.az
 

Dünyapress TV

Xəbər lenti