İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Azərbaycana səfəri başlayıb.
“Report” xəbər verir ki, səfərin məqsədi Qoşulmama Hərəkatı Əlaqələndirmə Bürosunun nazirlər səviyyəsində keçiriləcək iclasında iştirak etməkdir.
Nazir tviterdə qeyd edib ki, Qoşulmama Hərəkatı yeni qlobal çağırışların həlli üçün çoxtərəfliliyi və ümumi düşüncəni gücləndirmək üçün xüsusi imkanlara malikdir: “Bu səfər regionda qonşuluq siyasətini izləmək və inkişaf etdirmək üçün bir fürsət olacaq”.
Bundan başqa, səfər çərçivəsində nazirin Azərbaycan rəsmiləri ilə ikitərəfli görüşlər keçirməsi planlaşdırılır.
Xatırladaq ki, Bakıda iyulun 5-6-da Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlərinin iclası keçiriləcək. İclas “Qoşulmama Hərəkatı: yaranan çağırışlara qarşı vahidlik və sarsılmazlıq” mövzusuna həsr olunacaq.
Ukrayna hakimiyyətinin Gürcüstanın səfiri Giorgi Zakaraşviliyə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili ətrafındakı vəziyyətlə bağlı məsləhətləşmələr üçün Tiflisə qayıtmağı tövsiyə etməsi münasibətlərin kəskinləşməsinin ifrat formasıdır.
Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Gürcüstan Xarici İşlər Nazirliyi Ukrayna hakimiyyətinin Gürcüstan səfirinin məsləhətləşmələr üçün ölkəni tərk etməsinə dair qərarından dərin narahatlığını bildirir. Bu hərəkət diplomatik münasibətlərin kəskinləşməsinin ifrat formasıdır və dost dövlətə və xalqa münasibətdə rəsmi Kiyevin bu addıma əl atması təəssüf doğurur”, – bəyanatda bildirilir.
Nazirlikdən vurğulanıb ki, Ukrayna hakimiyyətinin qərarı iki ölkə arasında strateji münasibətlərə ciddi ziyan vurur və suveren dövlətin daxili işlərinə birbaşa müdaxilədir.
Yaponiya Yuri Trutnevin İturup adasına səfəri ilə bağlı Rusiyaya etiraz edib.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Yaponiyanın "Kyodo" agentliyi məlumat yayıb.
Qeyd edək ki, Rusiya Baş nazirin müavini, Prezidentin Uzaq Şərq Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Yuri Trutnev Kuril adalarında yerləşən bir neçə sənaye obyektinə baş çəkib və adalarda güzəştli rejimin fəaliyyətinə dair müşavirə keçirib.
Xatırladaq ku, 1949-cu ildə İkinci dünya müharibəsindən sonra SSRİ-nin Kuril adalarını işğal etməsi və orada yaşayan Yaponiya vətəndaşlarının adadan çıxarılması Kuril adaları probleminin əsasını qoyub. İkinci dünya müharibəsinin sonunda ABŞ-nin Yaponiyanı işğalı etməsi nəticəsində Yaponiya 1951-ci ildə San-Fransisko müqaviləsinə imza atmaq məcburiyyətində qalıb və bu müqaviləyə əsasən, Yaponiya Kuril adaları üzərində olan bütün haqqlarından imtina edib. Amma keçmiş SSRİ bu müqaviləni imzalamadığına görə o, etibarsız sayılıb. Ukrayna müharibəsi başlayana qədər Rusiya ilə Yaponiya arasında sülh müqaviləsi çərçivəsində Kuril adaları məsələsi ilə bağlı danışıqlar aparılıb. Lakin Ukrayna müharibəsinə görə Tokya Rusiya qarşı sanksiyalara qoşulduğundan sülh müqaviləsi ilə bağlı danışıqlar dayandırılıb.
Onun sözlərinə görə, Türkiyə tarazlığı, ədalətliliyi, inamlı mövqeyi ilə böhranların həllində həlledici rol oynayır:
"İstanbul prosesi dəyərləndirilə bilsəydi, indiyə qədər yaşanan dağıntılar, göz yaşları yaşanmazdı. Taxıl müqaviləsi və əsir mübadiləsi ilə davam edən diplomatik səylər, təəssüf ki, müharibə lobbisi tərəfindən bloklandı və köhnəldi. Hərbi və mülki olmaqla on minlərlə insan bunun əvəzini ödədi. Əslində, biz Türkiyə olaraq bir müddət bu savaş lobbisinin hədəfi olmuşuq. Müxalifət namizədinin əsassız ittihamları da bu ssenarinin tərkib hissəsidir. Türkiyə demokratiyasına xələl gətirən iddialarla bağlı bir dənə də olsun konkret sübut təqdim edilməyib. Seçki ab-havasında belə bir təxribatın niyə törədildiyi ilə bağlı ictimaiyyəti qane edəcək heç bir açıqlama verilmədi. Son 1,5 ildə bu kimi saysız-hesabsız misallarla, təxribatlarla, Türkiyəni çətin vəziyyətə salmağa yönəlmiş qəddar cəhdlərlə qarşılaşmışıq. Müharibəyə odun daşımaq əvəzinə, sülhün bərqərar olması üçün səy göstərdik".
ABŞ-ın maliyyə naziri Janet Yellen Çinin yüksəkvəzifəli məmurları ilə görüşmək üçün iyulun 6-dan 9-dək Pekində olacaq.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, nazir Janet Yellenin səfəri ötən ilin noyabrında Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşmüş ABŞ Prezidenti Co Baydenin tapşırığı ilə bağlıdır. J.Yellen Pekində ÇXR məmurları ilə dünyanın ən böyük iqtisadiyyatına malik ABŞ və Çin üçün vacib olan münasibətlərə məsuliyyətlə yanaşmaq, narahatlıq doğuran sahələrdə birbaşa ünsiyyət qurmaq və qlobal problemlərin həlli üçün birgə çalışmaq məsələlərini müzakirə edəcək.
Xatırladaq ki, iyunun 18-19-da ABŞ Dövlət katibi Antoni Blinken Çində səfərdə olub.
Türkiyə hökuməti Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında dövlət qulluqçularının maaşlarının artırılması, iqtisadi qanun layihələri və İsveçin NATO-ya üzv olmaq məsələsini müzakirə etməyi planlaşdırır.
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nazirlər Kabineti dövlət qulluqçularının minimum əmək haqqının 22 min lirəyə (təxminən 850 dollar) artırılması, əhalinin bir hissəsinin texnika alışına görə vergi ödəməkdən azad edilməsi üçün qanun layihələrini nəzərdən keçirəcək.
Bu müddəaların baxılmaq üçün Parlamentə təqdim olunacaq qanunvericilik təşəbbüsləri paketinə daxil ediləcəyi gözlənilir.
Paketə təqaüdçülərə dəstək təşəbbüsləri, həmçinin 2024-cü ilin iyul ayına qədər yaşayış evlərinin kirayə haqqının 25%-dən çox artırılmasını qadağan edən müddəa daxildir.
Nazirlər Kabineti İsveçin Türkiyənin NATO-ya daxil olması ilə bağlı tələblərini yerinə yetirməsini də müzakirə edəcək. Ankara Stokholmdan antiterror qanunvericiliyinin sərtləşdirilməsini və terrorçu kimi tanınan bəzi şəxslərin ekstradisiyasını tələb edir. Türkiyə hələ də İsveçin NATO-ya üzvlüyünü təsdiq etməyib.
“Qurani-Kərim”in təhqir olunmasına görə İran İsveçə yeni səfir göndərməyəcək.
APA xəbər verir ki, bu barədə IRNA Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, İran İslam Respublikasının İsveçə yeni səfirinin göndərilməsi üçün inzibati prosedurları tamamlamasına baxmayaraq, “Qurani-Kərim”in təhqir olunmasına görə Xarici İşlər Nazirliyi hələlik yeni səfiri göndərməyəcək.
Daha əvvəl ISNA İranın İsveçə yeni təyin olunmuş səfirinin yola düşməzdən əvvəl XİN başçısı ilə görüşdüyü barədə məlumat yaymışdı.
Yeni səfir Tbilisi və Brüsseldəki səfirliklərdə müxtəlif diplomatik vəzifələrdə çalışıb. O, həmçinin İranın Tacikistandakı səfiri olub.
Qeyd edək ki, İran İsveçdə "Qurani-Kərim"in yandırılmasını pisləyib, İsveç səfiri XİN-ə çağırılıb.
“Beynəlxalq ictimaiyyət münaqişələri dialoq və məsləhətləşmələr yolu ilə nizamlamağa, çoxtərəflilik və inklüzivlik tətbiq etməyə borcludur”.
“Report” xəbər verir ki, bu barədə Pekində keçirilən XI Qlobal Sülh Forumu zamanı Çinin vitse-prezidenti Xan Çjen bildirib.
O, həmçinin qarşılıqlı etimad yaratmaq, mübahisələri həll etmək və təhlükəsizliyə nail olmaq üçün dialoqdan istifadə etməyin zəruriliyini qeyd edib:
“Biz münaqişələri dialoq və məsləhətləşmələr yolu ilə həll etməliyik. Beynəlxalq ictimaiyyət, xüsusən də güclü böyük dövlətlər birmənalı şəkildə sülhü təşviq etməli, müvafiq ölkələrin ehtiyac və istəklərinə uyğun olaraq danışıqları və vasitəçiliyi asanlaşdırmalıdırlar”.
Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan iyunun 27-29-da Vaşinqtonda danışıqlar zamanı Yerevan və Bakının razılığa gəlmədiyi məsələləri açıqlayıb.
Onun sözlərinə görə, ABŞ-da Ermənistan və Azərbaycan Xarici İşlər nazirlikləri rəhbərlərinin üçgünlük görüşü zamanı tərəflər “Ermənistan-Azərbaycan sərhədinin dəqiqləşdirilməsi, qoşunların geri çəkilməsi, Dağlıq Qarabağ xalqının təhlükəsizliyi və hüquqlarının təminatı üzrə beynəlxalq dialoq mexanizminin yaradılması” ilə bağlı məsələlərdə razılığa gəlməyiblər. Hazırda bu məsələlərlə bağlı mövqelər fərqlidir, – Kostanyan Ermənistan KİV-ə bildirib.
Rəsmi Yerevan və Bakı bütün bəndlər üzrə razılığa gəldikdə sülh müqaviləsi imzalanacaq, diplomat qeyd edib. Hələlik Ermənistan və Azərbaycan Xarici İşlər nazirlikləri rəhbərlərinin növbəti görüşü ilə dəqiq tarix yoxdur, o əlavə edib.
Qeyd edək ki, Ermənistan hələ də Azərbaycanın 8 kəndini, o cümlədən Qazax rayonunun 7 və Naxçıvan Muxtar Respublikasının 1990-cı illərin əvvəllərində zəbt edilmiş 1 kəndini saxlayır. Bakının nəzarətində Ermənistan SSR-ə məxsus bir kənd var.
Ermənistan həmçinin iddia edir ki, 2021-ci ilin mayında və 2022-ci ilin sentyabrında sərhəddə baş vermiş hərbi toqquşmalar zamanı Azərbaycan qoşunları onun ərazisinə “giriblər”. Azərbaycan bildirir ki, bu iddiaları əsassız sayır, çünki sərhəd delimitasiya edilməyib.
Bakı “Dağlıq Qarabağ xalqının təhlükəsizliyi və hüquqlarının təminatı üzrə beynəlxalq dialoq mexanizminin yaradılmasını” qəti şəkildə rədd edir, çünki bu, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin bir hissəsi üzərində suverenliyini məhdudlaşdırır. Azərbaycan Qarabağın erməni əhalisinin reinteqrasiyasını təklif edir, Azərbaycan Konstitusiyasının çərçivəsində onun sakinlərinin hüquq və təhlükəsizliyinə zəmanət verir.(Turan)
Çin müdafiə nazirlərinin danışıqları ilə bağlı ABŞ-a ultimatum verib. “Report” xəbər verir ki, bu barədə Çinin ABŞ-dakı səfirliyinin sözçüsü Liu Penyu danışıb.
Onun sözlərinə görə, Amerika tərəfi Çinlə münasibətlərdəki çətinliklərin səbəbini bilir: “Çin iki ölkənin müdafiə nazirləri arasında danışıqları mümkün etmək üçün ABŞ-dan birtərəfli sanksiyaları ləğv etməyi tələb edib. Faktiki olaraq Çinə qarşı birtərəfli sanksiyalar tətbiq edilib. İki ölkə arasında hər hansı mübadilə və əməkdaşlığa başlamazdan əvvəl bu cür maneələr aradan qaldırılmalıdır”.
Qeyd edək ki, 2018-ci ildə ABŞ Rusiyadan 10 ədəd “Su-35” döyüş təyyarəsi və “S-400” zenit-raket kompleksi üçün avadanlıq aldığı üçün Li Şanfuya qarşı sanksiyalar tətbiq edib.