Pomidor və xiyar ucuzlaşdı - SƏBƏB?
Rusiya Azərbaycan pomidoruna yenidən qadağa qoyub, daxili bazarda bolluq yaranıb

Mütəxəssislər isə xəbərdarlıq edir ki, ucuz məhsul keyfiyyətli demək deyil

Hazırda pomidor və xiyarın qiymətində ucuzlaşma müşahidə edilir. May ayının əvvəli müxtəlif çeşiddə pomidorların qiyməti bəzi ucuzluq olan marketlərdə 2.33-2.45 arasında, bahalı marketlərdə 3 manat – 3.50 olsa, xiyarın qiyməti isə növündən asılı olaraq 1.50- 1.30 arası dəyişsə də, indi qiymətlərdə endirim var.

Pomidoru hətta 1m.50 – 2 manata, xiyarı 1 manata da almaq olur. Bazardakı nisbətən bolluğun və qiymət ucuzlaşmasının səbəbi isə yenə də Rusiya göstərilir. Məlumatlara görə, Rusiya Azərbaycan pomidorunun idxalına “tərkibində zərərli orqanizmlər var” adı altında yenə embarqo tətbiq etdiyindən daxili bazarda məhsul bolluğu yaranıb və bu da qiymət enməsinə səbəb olub. Oxşar hadisə 2 il əvvəl də baş vermişdi. Rusiyaya ixrac edilən külli miqdarda pomidor bu ölkənin Veterinar və Fitosanitar Nəzarət üzrə Federal Xidməti - “Rosselxoznadzor” tərəfindən zərərli elan edilərək geri qaytarılmışdı. Həmin məhsulların tərkibində pomidor güvəsi olduğu bildirilirdi. Amma biz bilmirik, indi marketlərdə, küçə ticarətində yeşik-yeşik boy göstərən həmin güvəli pomidorlardır. Fermerlər təki satılsın deyə, qiymətini aşağı salıb, binəva əhali də ucuzdur deyə sevinib alır və güvəli pomidor yeyir, yoxsa mövsümdəki ənənəvi bolluqdur, "parnik"lərdə məhsul yetişib artıq və daxili bazara çıxarılır deyə bolluq yaranıb.

Kənd təsərrüfatı üzrə mütəxəssis Rauf Qarayev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, hazırda Rusiya idxal məhsullarına qadağa qoyacaq səviyyədə deyil. Rusiya iqtisadiyyatı elə vəziyyətdə deyil ki, idxala qarşı süni maneələr yaratsın. Rusiyanın idxal məhsullarına ehtiyacı var, Rusiya bazarlarını kənd təsərrüfatı məhsulları ilə təmin edən ölkələrdən biri də Azərbaycandır:

- Rusiyaya idxal olunan pomidorun tərkibində zərərli orqanizmlərin tapılıb-tapılmaması sual altındadır. Biz bunu bilmirik. Bu barədə hökumət açıqlama verməlidir. Yerli bazarda hazırda bolluq yaranması isə mövsümlə bağlıdır. Məlumdur ki, qışın bitməsi, yazın gəlişi ilə kənd təsərrüfatı məhsullarında qıtlıq yaranır. Tədarük azalır, stoklar boşalır. Anbarlarda köhnə məhsul qurtarır, yeni məhsulun yetişməsi isə müəyyən vaxt tələb etdiyindən daxili bazarda qıtlıq yaranır. Hökumət belə olan halda daxili bazarı idxal məhsullar hesabına təmin etməyə çalışır. Gördük ki, mart-aprel aylarında kartof, soğan digər ölkələrdən gətirildi, idxal məhsullar satışda çoxaldı. Pomidor, xiyar isə bəzi "parnik"lərdə yetişdirilmək hesabına az miqdarda olsa, satışa çıxarıldı. Məsələn, Zirə pomidoru ilin bütün fəsillərində satışda olur. Amma təbii ki, qiymətdə fərqlərlə. Qışda pomidorun qiyməti 2 manat ola bilməz. 3,4, 5 manata qədər qalxır. Xiyar da yalnız istixana məhsuludur. Təbii şəraitdə yetişən tərəvəzlər may ayının sonları, iyun ayında satışa çıxarıla bilir. Yerli məhsullar yetişdikdə, bazarda da bolluq yaranır, bu, qiymətlərə də təsir edir.
Pomidor, xiyarda, eləcə də digər kənd təsərrüfatı məhsullarında zərərli orqanizmlərin olub-olmadığını isə Kənd Təsərrüfatı Nazirliyinin müvafiq şöbələri araşdırmalıdır.

İqtisadçı Pərviz Heydərov isə diqqəti idxaldan asılılıq probleminə yönəltdi:

- Ölkəyə ərzaq idxalının artması artıq, bir müddətdir ki, narahatedici xarakter daşıyır. Bu, xüsusən də Rusiya-Ukrayna müharibəsindən sonra daha geniş vüsət almaqdadır. Getdikcə adi kənd təsərrüfatı məhsulları da ölkəyə kənardan gətirilir. Bu, nəyi göstərir? Təbii ki, sözügedən sahələrdə yerli istehsalın və tədarükün azalmaqda olduğunu. Məsələ bundadır ki, əvvəla, bizdə kənd təsərrüfatı, ümumiyyətlə, ərzaq məhsulları istehsalı və tədarükü onsuz da baha başa gəlirdi. Söhbət maya dəyəri, daşınmalardan və sairədən gedir. Odur ki, yerli istehsal və tədarük əsasən Rusiya və digər bu kimi bazarlar üçün səmərəli xarakter daşıyırdı. Müharibə başlandıqdan sonra isə yerli kənd təsərrüfatı istehsalçılarının, meyvə-tərəvəz, ümumiyyətlə, bitkiçilik məhsulları ixracatçılarının şimal bazara çıxış imkanları qeyri-səmərəli xarakter daşımağa başladı. Əvvəlki illərdə vəziyyət belə idi ki, məsələn, şimal bazarlarına çıxış müəyyən səbəblər baxımından maneələrlə qarşılaşanda sözügedən istehsalçı və ixracatçılar əllərindəki malları müvəqqəti də olsa, daxili bazara yönəldirdilər. İndi 3 ilə yaxındır ki, şimal istiqamətindəki bazarlar səmərəsiz xarakter daşıyır ardıcıl olaraq... Ona görə də yerli istehsal və tədarük "ölür"... Və beləliklə də, xarici analoq məhsullar yerli bazarı daha sürətlə doldurur. Çünki həm ucuz məhsullardır, həm də tələbatı ödəmək sarıdan yerli məhsullardan daha öncüldürlər. Bu, çox təhlükəli tendensiyadır. Ümumiyyətlə, ölkəyə xaricdən aqrar və yeyinti məhsullarının gətirilməsi eyni növ məhsulların daxildə bu və ya digər bazarlara daşınması xərclərindən daha asan və səmərəli başa gəlir. Odur ki, bazarlarda və marketlərimizdə getdikcə daha çox həcmdə və çeşiddə idxal məhsullarına rast gəlməli oluruq. Çalışmalıyıq ki, daxili bazarda yerli məhsullar üstünlük təşkil etsin, fermerlər də qazanc əldə etsin, əhali də keyfiyyətli məhsullarla qidalansın, dövlət büdcəsi də gəlir əldə etsin.
 
 
 

Bölmənin digər xəbərləri

19 May 2025 Mətbəximizdəki inflyasiya: Qiymətlər artır, payımız isə azalır...
19 May 2025 Bazarda nə baş verir – Təəccübləndirən qiymətlər
18 May 2025  Deputat, professor dolana bilmirsə, vətəndaş nə etsin? - HƏQİQƏTƏN DƏ...
17 May 2025 İki devalvasiyanın dərsi: Kölgə bazarı necə böyüyür? - NƏ BAŞ VERİR?
16 May 2025 Deputatın şirkətinə 1 milyonluq müqavilə
16 May 2025 “Azərbaycan Sənaye Bankı”da və “Bank Avrasiya” da pozuntular aşkarlandı
16 May 2025 Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
15 May 2025 "Səba" külli miqdarda borca düşdü, bütün paylarını satışa çıxardı, rəhbəri dəyişdi
15 May 2025 Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil
15 May 2025 Neft təhlükəli həddə ucuzlaşır: — Azərbaycanda riskli vəziyyət yarana bilər
15 May 2025 Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
14 May 2025 Azərbaycanda əhali içki və siqaretə 900 milyon XƏRCLƏYİB
14 May 2025 Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
13 May 2025 İki türk dövləti Ermənistanla eyni layihədə
13 May 2025 Bu məkanda qiymət 5 dəfə artdı – Şikayətlər dayanmır…
13 May 2025 “JEK”lərin pul toplması qanunsuzdur – AÇIQLAMA
12 May 2025 ABŞ qəfildən Rusiyaya düyü tədarükünü bərpa etdi
11 May 2025 Çinlə ticarət danışıqlarında böyük irəliləyiş əldə olunub - Tramp
11 May 2025 Çin və ABŞ İsveçrədə ticarət danışıqları aparır
10 May 2025 "Temu"nun qiymətləri niyə ucuzdur? - Rəqabət, yoxsa tələ?

Dünyapress TV

Xəbər lenti