TƏBİB Cavanşir Feyziyevin oğluyla milyonluq satınalma müqaviləsi imzalayıb
Tenderlə bağlı məlumatlar daha sonra portaldan silinib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) millət vəkili Cavanşir Feyziyevin oğlu Orxan Cavanşirin milyon manatdan çox dəyəri olan satınalma müqaviləsi imzalayıb. Bu barədə məlumatı araşdırmaçı jurnalist Aydın Allahverdi özünün “Facebook” hesabında yazıb.

Jurnalistin paylaşımından sonra Dövlət Satınalmalarının reyestrindən müqavilə ilə bağlı məlumatlar silinib. Ancaq A.Allahverdi həmin məlumatların ekran görüntülərini qeyd edib.

Ekran görüntüsündən bəlli olur ki, TƏBİB-in tabeliyindəki İnnovasiya və Təchizat Mərkəzi fiziki şəxs Orxan Cavanşir ilə dəyəri 1 milyon 176 min manat olan satınalma müqaviləsi imzalayıb.

Müqavilədə anbar sahəsinin 2023-2024-cü illərdə icarəyə götürülməsi nəzərdə tutulub.

Bu, Orxan Cavanşirlə imzalanan ilk müqavilə deyil. 2021-2022-ci illərdə ofis və anbar kompleksinin icarəyə götürülməsi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi də O. Cavanşirə 1 milyon 176 min manat xərcləyib.

Orxan Cavanşir millət vəkili Cavanşir Feyziyevin oğludur. Onun adı bundan əvvəl “çirkli pullarla” bağlı məsələdə hallanıb.

2021-ci ildə Britaniyanın Cinayətkarlıqla Mübarizə Agentliyi Cavanşir Feyziyevin ailəsinin bank hesablarında olan 15 milyon funt-sterlinqi (34,7 milyon AZN) "çirkli pul" sayıb, hesabları dondurub. 2022-ci ildə isə Britaniyanın Cinayətkarlıqla Mübarizə Agentliyinin (NCA) tələbi və “Westminster Magistrates” məhkəməsinin qərarı ilə pulun bir hissəsi müsadirə edilib. Söhbət 5,6 milyon funt-sterlinqdən (12,9 milyon AZN) gedir.

Məlumatda qeyd olunur ki, müsadirə edilən vəsaitin 1 milyon funt-sterlinqi Orxan Cavanşirin hesabında olub.

Cavanşir Feyziyev fevralın 1-də modern.az saytına müsahibəsində bildirib ki, hakim bank hesablarında olan 10 milyondan bir qədər çox vəsaitin qanuniliyini tanıyıb və məhkəmə həmin vəsaitlərin istifadə üçün açılmasına qərar verib.

"Lakin təxminən 5 milyon məbləğində qalan digər vəsaitlərin xarici ölkəyə köçürülmə mexanizmi məhkəməyə o qədər də aydın deyil və ona görə də məhkəmə həmin vəsaitlərin qanuni yolla köçürüldüyünə şübhə ilə yanaşır".

O, haqqında müsadirə hökmü çıxmış vəsaitlə bağlı bildirib ki, "indi bizim öz təşəbbüsümüzlə qalan vəsaitlərin, yəni Beynəlxalq Bank vasitəsilə köçürülmüş vəsaitlərin də qanuniliyinin yoxlanılması ilə bağlı yeni araşdırma mərhələsi başlanacaq".

"Həmin vəsaitlərin də necə və harada qazanılması haqqında kifayət qədər təsdiqləyici sənədlərimiz var",- Cavanşir Feyziyev deyib.

2020-ci ildə Cinayətkarlıqla Mübarizə Agentliyi bildirib ki, təhqiqatlar aparılan vaxt Feyziyevin ailəsinə məxsus olan vəsaitlər Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsinin (OCCRP) 2017-ci ildə aşkar etdiyi geniş pul köçürmə sistemi vasitəsilə yuyulub.

"Nə Feyziyevə, nə də onun ailə üzvlərinə qarşı hər hansı ittiham irəli sürülüb," - OCCRP-nin saytında yayılan məlumatda deyilib.

Həmin vaxt Cavanşir Feyziyev çirkli pulların yuyulması və ya hər hansı qanunsuz fəaliyyətdə iştirakını qəti şəkildə inkar edib.

2021-ci ildə Britaniyanın Cinayətkarlıqla Mübarizə Agentliyi Cavanşir Feyziyevin ailəsinin 34,7 milyon manatlıq pulunu "çirkli pul" saysa da, 2023-cü ildə ölkə başçısı İlham Əliyev deputatı "Şöhrət" ordeni ilə təltif edib. O, "respublikanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə" bu ordenə layiq görülüb.

 

Bölmənin digər xəbərləri

18 İyun 2025 Azərbaycandan Çinə fındıq və badam ixracı üçün tədbirlər görülür
18 İyun 2025  Dünyada yeni fəlakət riski: Azərbaycana da yaxınlaşır – Çıxış yolu isə…
17 İyun 2025 Azərbaycanın buğda idxalında Qazaxıstanın payı rekord həddə çatıb
17 İyun 2025 Dizel və benzinin bahalaşması ilə bağlı VACİB XƏBƏR
17 İyun 2025 Qaz və elektrik abonentləri niyə və nəyə görə pul ödəyəcəklər? - AKTUAL
15 İyun 2025 Neft qiymətləri 200-300 dollara qalxa bilər - İraq XİN
14 İyun 2025 İran-İsrail müharibəsi fonunda neftin qiyməti 130 dollara qalxa bilər
14 İyun 2025 Xəstəxanalarda qiymətlər bahalaşdı
13 İyun 2025 “İstəyirsən qazı işlət, ya da işlətmə, aylıq məbləği ödəməlisən” - deputat
13 İyun 2025 İsrailin İrana hücumundan sonra neftin qiyməti kəskin artıb
13 İyun 2025 Həmin qəza "Boeing"in səhmlərini çökdürdü
12 İyun 2025 Qızıl avronu sıxışdırır: Mərkəz Banklar 1960-cı illərdə olduğu kimi yenidən qiymətli metal toplayır
12 İyun 2025 Klinika rəhbərinin ölkədən çıxışına "stop" qoyuldu - 600 mindən çox borcu var
11 İyun 2025 Dünya Bankı 2025-2027-ci illərdə Azərbaycanda ÜDM-in hər il 2,4 %-dən çox artacağını proqnozlaşdırır
11 İyun 2025 Qiymət artımının qarşılığında keyfiyyətin yüksəlməsi operatorların əsas vəzifəsidir - AMMA BİZDƏ...
11 İyun 2025 İşıq və qaz puluna dair sabit tarifin mahiyyəti nədir? - AKTUAL
10 İyun 2025 Birjada qızılın qiyməti artıb
09 İyun 2025 Azərbaycanın bu bölgəsində siqaretə sərf olunan pul təhsil xərclərindən 3 dəfə çoxdur
08 İyun 2025 Azərbaycanın turizm potensialı Koreya Respublikasında təqdim olunur
08 İyun 2025 Türkiyənin ən kasıb şəhərləri məlum oldu: Üçü də eyni bölgədə yerləşir

Dünyapress TV

Xəbər lenti