Rusiyanın birtərəfli qaydada “Taxıl sazişi”ndən çıxması Azərbaycan bazarına necə təsir edəcək?
Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan “Taxıl sazişi” yenidən qüvvədən düşüb. İyulun 17-də Rusiya sazişdən çıxdığını bəyan edib. Bu sazişə əsasən, Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracı nəzərdə tutulurdu. Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov bəyan edib ki, razılaşmanın Moskva ilə bağlı hissəsi yerinə yetirildikdən sonra Rusiya dərhal “Taxıl sazişi” ilə bağlı sövdələşməyə qayıdacaq. Bu qərar yenidən dünya taxıl bazarında dalğalanmalara səbəb olub.

TEREF.AZ yazır ki, mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib ki, Rusiya tərəfi, həmişə olduğu kimi, yenə də istənilən kiçik bir elementdən öz xeyrinə istifadə etməyə çalışır:

“Sanksiyaların mümkün qədər yumşaldılmasına nail olmaq yolunda “Taxıl sazişi” Rusiya üçün bir fürsətdir. Hələlik indiki şərtləri bəlli deyil. Amma əvvəlki şərtləri ondan ibarət idi ki, Rusiyanın Kənd Təsərrüfatı Bankı SWİFT sisteminə qaytarılmalıdır. Eyni zamanda, kənd təsərrüfatı texnikasının logistik fəaliyyətinə tətbiq edilən qadağalar ləğv edilməlidir. Həm də Rusiya gəmilərinin limanlara daxil olmasına qoyulmuş qadağanın aradan qaldırılmasını istəyirlər. Rusiya tərəfi qeyd etdiyim hər üç qadağanın aradan qaldırılmasını tələb edirdi. Düşünmürəm ki, ABŞ bu güzəştlərə razı olsun. Mənim fikrimcə, hazırkı vəziyyətdə Rusiya tərəfinə güzəşt olmayacağı təqdirdə belə, yenə də “Taxıl sazişi” uzadılacaq”.

E.Əmirov vurğuladı ki, sazişin uzadılmaması ehtimalı azdır:

“Rusiya tərəfi bilir ki, hazırkı vəziyyətdə təklənir və “Taxıl sazişi”ni uzatmaması daha çox təklənməsinə səbəb olacaq. Ehtimal ki, saziş uzadılmayacağı təqdirdə yenidən buğdanın qiymətlərində artımlar olacaq və bu, dünyada xoşagəlməz hallara gətirib çıxaracaq. Lakin bu vəziyyət qısamüddətli olacaq. 2020-ci ildən bəri həmişə beynəlxalq təsisatlar həddindən artıq qorxulu proqnozlar verirlər. İndiki halda narahatlığa heç bir əsas yoxdur. Əgər “Taxıl sazişi” uzadılmasa, o zaman BMT-nin FAO təşkilatı sərt reaksiya verəcək”.
Onu qeyd edək ki, bu ilin yanvar-iyun ayları ərzində Azərbaycana 145 milyon 565 min ABŞ dolları dəyərində 493 min 210,21 ton buğda idxal edilib. Dövlət Gömrük Komitəsinin aylıq hesabatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 1,8 faiz, həcmi isə 23,1 faiz artıb. Ötən ilin ilk 6 ayında Azərbaycana 142 milyon 965 min dollar dəyərində 400 min 748 ton buğda idxal edilib.

İqtisadçı Xalid Kərimli isə bildirdi ki, Ukrayna bu dəhliz vasitəsilə tək taxıl ixrac etmirdi:

“Adı “Taxıl dəhliz”i olsa da, bu xətlə qarğıdalı, günəbaxan yağları da ixrac edilirdi. Nəzər salsaq görərik ki, taxıl istehsalında Hindistan və Çin öndədir. Amma bu ölkələr ixracda o qədər öndə deyillər və istehsal daxili tələbata yönəlib. Müharibəyə qədər isə Ukrayna dünya taxıl ixracında 7-8 faiz paya malik idi. Müharibədən sonra yəqin ki, bu pay azalıb. Dünya ixracındakı 7-8 faizlik rəqəmi saxlasaq və “Taxıl dəhlizi” tam olaraq işləməsə belə, taxıl və duru yağların qiymətində artım olacaq. Lakin burada digər məqam da var, “Taxıl dəhlizi” olmasa da, Ukrayna Polşa və Rumıniya üzərindən Avropa bazarına taxıl ixrac edir. “Taxıl dəhlizi”nin bağlanması Ukrayna taxılının dünya bazarına çıxmaması demək deyil. İkincisi, 2022-ci illə müqayisədə digər müsbət məsələlər də var. Bu da ondan ibarətdir ki, Braziliya, Amerika və Rusiya bu dövrdə taxılın istehsal həcmini və ixracını artırıblar. Yəni, indiki vəziyyət 2022-ci ildəki vəziyyət deyil. Son 12 ayda dünya bazarında taxılın, xüsusən də buğdanın qiymətlərində 25 -30 faiz ucuzlaşma var. Ucuzlaşma hər ay davam edirdi. Elə iyun ayında da 2 faizlik ucuzlaşma var idi. “Taxıl dəhlizi”nin fəaliyyətinin dondurulması bu ucuzlaşmanın dayanması deməkdir. Amma bu, ötənilki kimi faciəvi olmayacaq. Ötən il gözləntilər daha pis idi, dünya taxıl bazarında məhsuldarlıq səviyyəsi o qədər yaxşı deyildi. İndi vəziyyət o yerə çatıb ki, ötən il taxıl ixracına rüsum tətbiq edən Rusiya bu il bu addımı atmayıb. “Taxıl dəhlizi” ilə bağlı vəziyyəti ümumiləşdirsək, deyə bilərik ki, dünyada taxılın qiymətinin ucuzlaşması dayanacaq, amma bu, ötənilki kimi problemli olmayacaq”.

X.Kərimli vurğuladı ki, dünya bazarında taxılın qiymətinin ucuzlaşmasının dayanması Azərbaycana da təsir göstərir:

“Misal üçün, taxılın qiyməti baha olanda unun bir kisəsi 40 manat idi, amma indi 25-26 manata düşüb. Çörəyin qiymətini endiriblər və 70 qəpikdən 60 qəpiyə düşüb. Yəni, ucuzlaşma bizdə də müşahidə olunurdu. İndi “Taxıl sazişi”nin dayandırılması bu ucuzlaşmanın dayanması demək olacaq. Düzdür, bizim taxıl təchizatımızın Ukrayna ilə əlaqəsi yoxdur. Biz əsasən Rusiyadan alırıq və buna görə də məhsul qıtlığı problemi olmayacaq”.

Bölmənin digər xəbərləri

02 May 2025 Əsas neft yatağında quyular artır, hasilat azalır - Son 14 ilin rəqəmləri
02 May 2025 Bakıda küçəbəküçə mənzil qiymətləri - Tam siyahı
02 May 2025 Ətin qiyməti ucuzlaşacaq? - AKTUAL
01 May 2025 Samsung dünyada satılan smartfonların sayına görə “Apple”ı geridə qoyub
01 May 2025 Azərbaycanda kommunal xidmətlərə ən çox hansı rayonlar pul xərcləyir? - Tam siyahı
01 May 2025 ADMEDİA-nın qəribə tenderləri - TƏFƏRRÜAT
01 May 2025 Qalmqallı şirkət indi də ölkədən pul çıxarmaqda günahlandırılır - DETALLAR
30 Aprel 2025 Ərdoğan: İtaliya ilə ticarət hədəfimiz 40 milyard dollardır
30 Aprel 2025 Ölkədə kərə yağı sürətlə bahalaşır – Hindistandan nisbətən ucuzu gətirilib
29 Aprel 2025 Soyuq hava: Bu ili kənd təsərrüfatı ciddi ZİYANLA ÇIXACAQ - NƏ ETMƏLİ?
29 Aprel 2025 İnnovasiya və Təchizat Mərkəzi ilə “AZFAR MED” arasında daha bir sövdələşmə - 28 milyon 508 min manatlıq...
29 Aprel 2025 2 manatlıq şirkətə 264 minlik layihə verildi
28 Aprel 2025 Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tender oyunu
28 Aprel 2025 Çin Azərbaycanın 5 ən böyük ticarət tərəfdaşından biridir
27 Aprel 2025 Qızıl mağazalarında alıcıya niyə qəbz verilmir? - Külli miqdarda CƏRİMƏ XƏBƏRDARLIĞI
26 Aprel 2025 Mövsümi meyvələrin fantastik qiymətləri - SİYAHI
26 Aprel 2025 Avtomobil tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
25 Aprel 2025 Azərbaycan və Britaniya arasında 3,8 milyardlıq ticarət müəmması - NƏ BAŞ VERİR?
25 Aprel 2025 Ermənistan Türkiyədən nə alıb və nə satıb? - SİYAHI
25 Aprel 2025 Ağsu rayonunda tenderləri kim udur? - İLGİNC...

Dünyapress TV

Xəbər lenti