Vahid Ələkbərovun oğlunun milyardlıq sərvəti –
“Bahalı xarici avtomobillər, dəbdəbəli yaxtalar və milyardlarla dollarlıq sərvət – demək olar ki, hər kəs belə bir mirasın arzusundadır. Ancaq doğuş zamanı “şanslı bilet” yalnız bir neçə nəfərə düşür. Bəzilərinə nənənin xalçası və çini qablar, digərlərinə isə milyardlarla dollar, daha dəqiq desək, 20,5 milyard dollar qismət olur.

“Forbes”ın versiyasına görə Rusiyanın ən varlı varisi, “Lukoil”in təsisçisi Vahid Ələkbərovun oğlu 33 yaşlı Yusif Ələkbərovun gələcəkdə ümid edə biləcəyi bu məbləğdir.

Musavat.com xəbər verir ki, Rusiyanın “Moskovskiy Komsomolets” qəzetində Vahid Ələkbərovun oğlu Yusif və digər milyarder balalarına həsr olunan xüsusi yazı bu cümlələrlə başlayır.

Qeyd edək ki, “Forbes”in reytinqində Yusifdən sonra 11 yaşlı Tara Melniçenko və onun 6 yaşlı qardaşı Adrian gəlir. “YevroXim”in qurucusu Andrey Melniçenkonun övladlarının hər birinə 12,6 milyard dollar miras qalacaq.

Qəzet Yusif Ələkbərovun dəbdəbəli həyatını belə təsvir edib:

“Elit klublar, şənliklər, brilyantlar- bunlar ancaq filmlərdə görünür. Sosial şəbəkələrdə qapalı profil, minimum dostluq və cəmiyyətdən təcrid isə real həyatın tələbidir. Hesabında milyardları olan bir insanın həyatında qiymətli birisinizsə, sizi də xüsusi formada qoruyurlar.

Yusif Ələkbərov Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin neft-qaz yataqlarının istismarı fakültəsində oxuyub. Həmin dövrün məzunları Yusif Ələkbərovu belə xatırlayır – universitetə gəlib, başqa yerlərə getməyib, maşını daim ali məktəbin həyətində dayanıb, universitet içində onu həmişə iki mühafizəçi müşayiət eləyib.

Zəngin varis digər tələbələr arasında xüsusi olaraq seçilməyib. Hamı onun kimin oğlu olduğunu bilib, amma tanış olmaq üçün yanına getməyə cürət etməyiblər.

Neftçi karyerasında kiçik Ələkbərov atasının yolu ilə gedib. Gələcək neft maqnatı Vahid Ələkbərovun özü əmək fəaliyyətinə Xəzər dənizində qazma ustası, Koqalımda (hazırda LUKOIL-un əsas istehsal müəssisələrinin yerləşdiyi şimal şəhəri. – Red.) şəxsi bizneslə başlayıb. Bu şəhərdə indi də Vahid Yusifoviç haqqında əfsanələr dolaşır. Biri deyir ki, quyuda işləyərkən partlayış olub. İki fəhlə ölüb, Ələkbərov özü isə 12 metr hündürlükdən açıq dənizə tullanıb. O, sağ qalıb və sahilə çıxıb. Həqiqətdir, yoxsa uydurma, bunu demək çətindir…

Materialda qeyd olunur ki, dollar milyarderi universiteti bitirən oğlunu da Koqalımda quyu qazmağa göndərib. Yerlilər Yusif Ələkbərovun dəbdəbəli avtomobilini indi də xatırlayırlar. Yeri gəlmişkən, onun tam avtomobil parkı var. Orada neçə maşının olduğunu bilən yoxdur. Sosial şəbəkələrdəki bir neçə fotoda cəmi iki avtomobil görünür. Birincisi 9,5 milyon rubldan başlayan (təxminən 112 min ABŞ dolları) qara “Porsche”dir. Yeri gəlmişkən, bu avtomobil şəxsən onun adına qeydiyyatda olmayıb. Şəkil 2018-ci ildə yerləşdirilib, o zamanlar bahalı xarici avtomobilin rəsmi sahibinin kim olduğu məlum deyil.

Yazıda bildirilir ki, sürət Yusif Ələkbərov üçün sevimli məşğuliyyətdir. Cəmi bir il ərzində avtomobilə 27 cərimə yazılıb ki, bunların əksəriyyəti sürət həddini aşmağa görə baş verib. Hamısı ödənilib, ümumi məbləğ 41.000 rubl təşkil edir.

Yusifin ikinci avtomobili daha bahadır – 11,6 milyon rubldan (təxminən 140 min ABŞ dolları) başlayan “Mercedes-Benz”. 2021-ci ildə onun cəmi üç cəriməsi olub.

Yusif evlidir, xanımının adı Alisadır. 35 yaşlı xanım onunla 2016-cı ilin aprelində evlənib. Toydan qısa müddət o, dəbdəbəli “Mercedes-Benz”in sükanı arxasına keçib. Əri bu maşının qarasını, özü isə ağını sürüb. Və xanım sürətdə heç də ərindən geri qalmayıb. Onun sürdüyü maşınla bağlı 2021-ci ilin təkcə üç ayında 33 yol qayda pozuntusu qeydə alınıb.

Toydan sonra Alisa Yusiflə birlikdə “Lukoyl”da işə düzəlib və eyni zamanda şəxsi biznesini idarə edib. O, Na-Kurort turizm agentliyinin sahibidir. Son bir il ərzində şirkət öz sahibəsinə 78,5 milyon rubl gəlir və 7,6 milyon xalis mənfəət gətirib.

Yusif toydan sonra ilk dəfə sosial şəbəkələrdə ailə həyatının şəkillərini paylaşıb: yaxtada tətil, İspaniyaya səyahət, sevgilisi üçün böyük çiçək buketləri. Amma daha sona profildəki romantikanın azaldığı görünüb. Şayiələrə görə, cütlük ayrılıb, lakin şəbəkədə bu mövzuda etibarlı məlumat yoxdur.

Atasının Yusifi “Lukoil” şirkətinin idarəçiliyinə cəlb etmək istəyinə baxmayaraq, o, şəxsi biznesini qurur. Yusif Ələkbərov “AMC-Reklama” şirkətinin qurucularından biri olub. Həmin şirkət marketinq və kommunikasiya xidmətləri üzrə ixtisaslaşıb. 2011-ci ildə firma ləğv olunub. 2022-ci ilin avqustunda isə onun daha bir müəssisəsi – daşınmaz əmlakın idarə edilməsi ilə məşğul olan “Yusal” şirkətinin fəaliyyətinə son qoyub.

Lakin kiçik Ələkbərovun başqa bir layihəsi “Ekto holdinq” uğur qazanmağı bacarıb. Holdinqə neft məhsullarının daşınması ilə məşğul olan “VPT” şirkəti daxildir. 2022-ci il üçün onun gəliri 10 milyard rubl (119 milyon 696 min ABŞ dolları, xalis mənfəəti isə 1,8 milyard rubl (21 milyon 538 min ABŞ dolları) təşkil edib. Holdinqə məxsus başqa bir şirkət “B Planı” sərinləşdirici içkilərin istehsalı ilə məşğuldur. 2022-ci il üçün onun gəliri – 120 milyon rubl (1,4 milyon ABŞ dolları), mənfəət – 6,5 milyon rubl (təxminən 80 min dollar) civarında olub.

Varis öz biznesini qurarkən, “Lukoil”in səhmləri böyüyür. Əgər 2020-ci ildə onun mirası 18 milyard dollar qiymətləndirilirdisə, indi bu, artıq 20,5 milyard dollardır. Vahid Ələkbərovun Yusifə vəsiyyət edə biləcəyi səhm paketi isə bölünməzdir.

Vərəsə onu başqasına sata bilməz.
 

Bölmənin digər xəbərləri

17 İyun 2025 Azərbaycanın buğda idxalında Qazaxıstanın payı rekord həddə çatıb
17 İyun 2025 Dizel və benzinin bahalaşması ilə bağlı VACİB XƏBƏR
17 İyun 2025 Qaz və elektrik abonentləri niyə və nəyə görə pul ödəyəcəklər? - AKTUAL
15 İyun 2025 Neft qiymətləri 200-300 dollara qalxa bilər - İraq XİN
14 İyun 2025 İran-İsrail müharibəsi fonunda neftin qiyməti 130 dollara qalxa bilər
14 İyun 2025 Xəstəxanalarda qiymətlər bahalaşdı
13 İyun 2025 “İstəyirsən qazı işlət, ya da işlətmə, aylıq məbləği ödəməlisən” - deputat
13 İyun 2025 İsrailin İrana hücumundan sonra neftin qiyməti kəskin artıb
13 İyun 2025 Həmin qəza "Boeing"in səhmlərini çökdürdü
12 İyun 2025 Qızıl avronu sıxışdırır: Mərkəz Banklar 1960-cı illərdə olduğu kimi yenidən qiymətli metal toplayır
12 İyun 2025 Klinika rəhbərinin ölkədən çıxışına "stop" qoyuldu - 600 mindən çox borcu var
11 İyun 2025 Dünya Bankı 2025-2027-ci illərdə Azərbaycanda ÜDM-in hər il 2,4 %-dən çox artacağını proqnozlaşdırır
11 İyun 2025 Qiymət artımının qarşılığında keyfiyyətin yüksəlməsi operatorların əsas vəzifəsidir - AMMA BİZDƏ...
11 İyun 2025 İşıq və qaz puluna dair sabit tarifin mahiyyəti nədir? - AKTUAL
10 İyun 2025 Birjada qızılın qiyməti artıb
09 İyun 2025 Azərbaycanın bu bölgəsində siqaretə sərf olunan pul təhsil xərclərindən 3 dəfə çoxdur
08 İyun 2025 Azərbaycanın turizm potensialı Koreya Respublikasında təqdim olunur
08 İyun 2025 Türkiyənin ən kasıb şəhərləri məlum oldu: Üçü də eyni bölgədə yerləşir
07 İyun 2025 Tramp yenə FED rəhbərinə “ilişdi”: FED-də “cənab çox ləng” fəlakətdir!
06 İyun 2025 Dövlət büdcəsinin gəlirləri açıqlandı

Dünyapress TV

Xəbər lenti