Ardını oxu...
Rusiyanın "AvtoVAZ" şirkəti Azərbaycanda "Lada" avtomobillərinin istehsalına başladığını açıqlayıb və 2024-cü ildə burada 1,5 min avtomobil yığmağı planlaşdırır. Qeyd edilib ki, bu ilin sonuna kimi Azərbaycanda "Niva" və "Vesta" modelləri də istehsal olunacaq.

Rusiya avtomobil markalarının Azərbaycanda istehsala başlaması rəqabət mühitinə necə təsir göstərəcək?

"Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" İctimai Birliyinin icraçı direktoru Eyyub Əliyev mövzu ilə bağlı İqtisadiyyat.az-a açıqlama verib.

Onun sözlərinə görə, Rusiyanın Azərbaycanda avtomobil istehsalına başlaması istər qiymət, istərsə də kredit şərtləri baxımından "Lada" markasını əldə etmək istəyənlərə müəyyən fürsətlər verəcək.

E.Əliyev bildirib ki, bu, həmçinin "Niva" və "Vesta" markalı avtomobillərə də şamil olunacaq. "Lada", "Niva", "Vesta" markalarının ölkəmizdə kifayət qədər sevildiyini deyən E.Əliyev söyləyib ki, onların Azərbaycanda yığımı alıcılara bu avtomobilləri daha sərfəli və aşağı qiymətə əldə etmə imkanı verəcək:

"Praktikaya baxsaq, illər öncə Azərbaycanda Naxçıvan Avtomobil Zavodu (NAZ) istifadəyə verildi. Həmin zavodun istehsal etdiyi "Lifan" markalı minik avtomobilləri ölkədə yetərincə satıldı. Qiymət amilinin aşağı olması isə vətəndaşlara münasib məbləğə avtomobil almaq imkanı verdi. Son zamanlar biz müşahidə edirik ki, "Chevrolet" markalı avtomobillərin Azərbaycanda yığımı onların da sərfəli şərtlərlə satılmasına gətirib çıxarıb. Yəni vətəndaşlarımıza bu sahədə əlçatanlıq var".

İcraçı direktor həmçinin vurğulayıb ki, Rusiya avtomobil markalarının Azərbaycan bazarına daxil olması taksi sahəsində fəaliyyət göstərən insanlara müəyyən mənada müsbət təsir göstərəcək: "Taksilərlə bağlı yeni qərardan sonra tələblərə cavab verməyən "Prius" və digər markalı avtomobillərin əvəzinə, ölkəmizdə istehsal olunması, eləcə də ehtiyat hissələri və digər xarici brendlərə nisbətən daha ucuz olması baxımından "Vesta" modellərinin istifadəsinə təkan verəcək. Bu isə taksi sahəsində fəaliyyət göstərən insanlara müəyyən mənada müsbət təsir göstərəcək".

Nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənov isə İqtisadiyyat.az-a açıqlamasında deyib ki, Rusiya avtomobil markasının Azərbaycanda istehsalı xaricdən ölkəmizə gətirilən avtomobillərin qiymətinə müəyyən təsir göstərəcək:

"Xaricdən, xüsusən də Avropadan Azərbaycana gətirilən digər nəqliyyat vasitələrinin qismən də olsa rəqabətə davamlılığı aşağı düşəcək. Yəni yerli istehsal olduqda, düşünürəm ki, qiymət daha münasib olacaq. Həmçinin iş adamları və şirkətlərin minik, yük nəqliyyat vasitələrini əldə etməkdən ötrü artıq gömrük rüsumu, daşınma haqqı ödəyib xaricdən ölkə ərazisinə gətirməyə ehtiyac olmayacaq. Hesab edirəm ki, bunun iqtisadiyyatımıza da kifayət qədər müsbət təsirləri olacaq".

Xatırladaq ki, "AvtoVAZ" Azərbaycanda "Lada" avtomobillərinin yığılması layihəsinə başlayıb və 2024-cü ildə burada 1,5 min avtomobil yığmağı planlaşdırır.

Sadiq Cavadov
iqtisadiyyat.az
 

Ardını oxu...
“Kənd təsərrüfatının inkişafı üçün dəyər zənciri olmalı, proseslər A-dan Z-yə bir-birini dəstəkləməlidir”.

Bu fikirləri kənd təsərrüfatı sahəsində olan mövcud problemlər və çatışmazlıqlar barədə danışan kənd təsərrüfatı məsələləri üzrə ekspert Şahin Nəcəf Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda kənd təsərrüfatında olan problemlər kifayət qədər çoxdur:

“Meliorasiya-sulama sistemləri ilə bağlı olan ciddi problemlər hələ də qalmaqdadır. Bildiyimiz kimi, Cənubi Qafqazda ən az şirin su ehtiyatına malik ölkə Azərbaycandır. Cənubi Qafqazda şirin su ehtiyatlarının 67 faizi Gürcüstanın, 29 faizi Ermənistanın, 11 faizi isə Azərbaycanın payına düşür.
Buna baxmayaraq, hökumət hər il əkin sahələrinin dövriyyəsini artırır və həvəslə hesabat verilir ki, 150-160 min hektar örüş sahəsi əkin sahəsinə qaytarılıb. Kiçik təsərrüfatlar özlərinin bir-iki yerini sulamağa çətinlik çəkdiyi, Azərbaycanda şirin su ehtiyatlarnın bu qədər qıt olduğu halda, əkin sahələri dövriyyəyə qaytarılır. Lakin heç kim demir ki, 150 min hektarlıq sahə hansı mənbədən sulanacaq. Bunların hamısı kiçik fermer təsərrüfatlarının məhvi hesabına əmələ gələn porblemdir və hesabatlılıq, demək olar ki, yoxdur.

Mən dəfələrlə təklif etmişəm ki, ən azı bu məsələdə növbəli əkinə keçmək olar. Fermer 20 hektar taxıl əkib su olmadığına görə 10 ton taxıl əldə etməkdənsə, 10 hektar əkərək 50 ton taxıl yığsın. Geridə qalan növbəli əkin olan yerə də subsidiya verilsin. Bu gün subsidiyaların verilməsinə ciddi nəzarət var. Aldığın sahənin 10 sotu belə əkilmədikdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən cəza tətbiq edilir.

Bu gün Kənd Təsərrüfatı Nazirliyindən çox şey gözləmək də olmur. Çünki kənd təsərrüfatı naziri portfelsiz nazirdir. Onun heç bir səlahiyyəti yoxdur. Bu gün onun yeganə məşğul olduğu sahə subsidiyaların verilməsidir. Əhalinin 40 faizi aqrar sahədə çalışsa da, nazirin səlahiyyəti məhduddur. Mən meliorasiyanı Kənd Təsərrüfatı Nazirliyinə billəşdirilməsinin tərəfdarı idim.

Kənd təsərrüfatının inkişafı üçün dəyər zənciri olmalı, proseslər A-dan Z-yə bir-birini dəstəkləməlidir. Bu gün tonlarla soğan fermerin əlində qalaraq çöplüyə atılır. Milyonlarla ziyan olundu. Çünki Belarusdan soğanın buraxılması yerli fermerin ziyan etməsi ilə nəticələndi. İstixanalarda xiyar yetişdirən fermer İrandan məhsulun buraxılması nəticəsində ziyana düşür. Məsələn, Azərbaycanda Şəmkir pomidorunun 1 kiloqramının maya dəyəri 1 manat 40 qəpiyə əmələ gəlirsə, iranınkı isə 52 qəpiyə əmələ gəlir. Fermerlər azca pul qazanan kimi belə halların baş verməsi onların, belə deyək, “belini qırır”.

Bu gün ən böyük çatışmazlıqlardan biri min hektarlarla meyvə bağı salınsa da, konserv, meyvə qurutma zavodlarının az olmasıdır. Bunlar düzgün hesablanmalıdır. Şəmkir kimi aqrar sahədə böyük sərmayələr qoyulan bir rayonda bir konserv zavodu belə yoxdur. Birinci dərəcəli mallar bazarlara göndərilsə də, ikinci dərəcəli malların taleyinin necə olduğu bilinmir, yəni zavod yoxdursa, deməli, bunlar çoplüyə atılır.

Ümumiyyətlə, kənd təsərrüfatı sahəsində olan problemlər danışdıqca bitməyəcək qədər çoxdur. Bu gün Kənd Təsərrüfatı Nazirliyinin statistikalarına baxsaq, çoxlu sayda məhsulun yığılmasını göstərildiyini görərik. Lakin 42 faiz aqrar sahə ilə məşğul olan kiçik təsərrüfatların payının nə qədər olduğunu soruşsaq, bir-iki faiz olduğunu görərik. Kənd təsərrüfatının inkişafından danışdıqda onu iki hissəyə bölməliyik: bəzi məmurlara məxsus olanlar və kiçik təsərrüfatlar. Kiçik təsərrüfatlar doğru şəkildə dəstəklənmədikcə kəndlərimiz boşalacaq, kəndli yazda əkinçi, qışda dilənçi olacaq”.


Ardını oxu...
Azərbaycan əsilli rusiyalı iş adamı, “LUKOYL” şirkətinin təsisçisi və eks-prezidenti, “Gələcəyimiz" Fondunun İctimai Şurasının sədri Vahid Ələkbərov “Forbes” jurnalının versiyasına görə, ən varlı rusiyalıların siyahısına başçılıq edir.

"Unikal" xəbər verir ki, “Forbes” dünyanın ən varlı insanlarının sayca 38-ci olan illik reytinqini dərc edib. Siyahıda 125 rusiyalı milyarderin adı var, onların sayı keçən ilkindən 15 nəfər çoxdur. Birinci yeri il ərzində beş pillə yüksələn Vahid Ələkbərov tutub.


İkinci yerdə “Novatek”in İdarə Heyətinin sədri Leonid Mixelsonun, üçüncü yerdə isə “Evroxim” və “SUEK” şirkətlərinin təsisçisi Andrey Melniçenkonun adı var.
 
 
 
Ardını oxu...
Moldova hökuməti Rusiya tədarükündən asılılığı azaltmaq məqsədilə mayeləşdirilmiş təbii qazın (LNG) satınalınmasını gücləndirir.

Bu barədə Moldovanın energetika naziri Viktor Parlikov bildirib.

Onun sözlərinə görə, Moldova artıq amerikalı istehsalçıdan həcmi 2,6 milyon kubmetr olan LNG partiyası alıb.

Qaz gəmi ilə Yunanıstanın Aleksandrupolis terminalına çatdırılıb, daha sonra qaz kəmərləri ilə Moldovaya nəql edilib.

“Enerqokom”un direktor vəzifələrini müvəqqəti icra edən Viktor Bınzar qeyd edib ki, söhbət Yunanıstan DEPA-sından sınaq alışından gedir. Bu LNG-nin qiyməti rəqabətqabiliyyətlidir.

Qeyd edək ki, rəsmi Kişineu Rusiya “Qazprom”undan asılılığını azaltmağa çalışır. Son aylarda Rusiya şirkətindən tədarük sutkada 5,7 milyon kubmetrə qədər azalıb. Amma bu həcm soyuq dövrdə ölkənin tələbatını ödəməyə kifayət etmir.
 
Ardını oxu...
Rusiya prezidenti Vladimir Putin 2030-cu ilədək ölkəsini ümumdaxili məhsulun istehsal həcminə görə dünyanın ən nəhəng 4 dövləti sırasına çıxarmaq barədə göstəriş verib.

Bu barədə Kremlin saytında məlumat dərc olunub.

V. Putin həmçinin hökumətə göstərilən dövrə qədər əhalinin yoxsulluq səviyyəsinin 7 faizlik göstəricidən aşağı həddə endirilməsi, eləcə də ümumdaxili məhsulun istehsal həcmində idxalın payının 17 faizədək azaldılması istiqamətində təcili tədbirlər görülməsini tapşırıb.
 
Ardını oxu...
Bakı Neft Emalı Zavodunun modernləşdirilməsinə milyardlarla dollar sərmayə qoyulmasına baxmayaraq, zavod hələ də tam gücü ilə işləmir və bəzi markalarda benzin istehsal olunmur.
2024-cü ilin yanvar ayında Azərbaycan Aİ-95 markalı benzinin idxalını ötən ilin müvafiq ayı ilə müqayisədə 2,8 dəfə artıraraq 6,8 min ton bu məhsul alıb. Bu barədə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin hesabatında deyilir.
İdxal olunan benzinin dəyəri 6,5 milyon dollar təşkil edib ki, bu da bir il əvvəlkindən 2,6 dəfə çoxdur.
Eyni zamanda, idxalın böyük hissəsi - 3,6 min ton Rusiyadan tədarük hesabına əldə edilib. Belə ki, yanvar ayında Azərbaycan Rusiya Federasiyasından Aİ-95 markalı benzinin alışını 47,2% artırıb.
Bu markalı benzin də Azərbaycana Yunanıstandan - 1,1 min ton, BƏƏ-dən - 783 ton, Rumıniyadan - 569 ton, Belarusdan - 493 ton və Bolqarıstandan - 250 ton idxal edilib. Bundan əlavə, bu ilin yanvar ayında Azərbaycan bir ölkədən - Rumıniyadan 130 min dollar dəyərində 106 tondan çox Aİ-98 markalı benzin alıb.
Ölkədə ən çox istehlak edilən Aİ-92 markalı benzinə gəlincə, o, Bakı Neft Emalı Zavodunda kifayət qədər həcmdə istehsal olunur və yanvar ayında ölkəyə idxal edilməyib.
Müsbət tendensiya - istehsal artır
Xatırladaq ki, bundan əvvəl Dövlət Statistika Komitəsinin hesabatında 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda neft məhsullarının istehsalının ötən ilin müvafiq dövrü ilə müqayisədə artdığı bildirilirdi.
Belə ki, avtomobil benzininin istehsalı təxminən 15% - 249 min tona, dizel yanacağının istehsalı isə 7,8% artaraq 383,6 min ton təşkil edib.
Eyni zamanda, Azərbaycanda istehlakçılar ilin ilk iki ayında yanacaq xərclərini artırıblar: Onlar benzin və dizel yanacağının alınmasına ümumilikdə 449,4 milyon manat xərcləyiblər ki, bu da 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 10% çoxdur.
Bakı Neft Emalı Zavodu gözləntiləri doğrultmur
İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, Azərbaycanda avtomobil yanacağına olan tələbatın ödənilməsi ilə bağlı ciddi problemlər var.
“Azərbaycan Aİ-95 və Aİ-98 kimi markalı benzinlərin idxalından tamamilə asılıdır. Bakı Neft Emalı Zavodunun modernləşdirilməsinə milyardlarla dollar sərmayə qoyulmasına baxmayaraq, zavod hələ də tam gücü ilə işləmir və bu yanacaq növlərini istehsal etmir”, - deyə Kərimli Sputnik Azərbaycan-a bildirib.
Ekspert bildirib ki, bununla bağlı ictimaiyyətə heç bir izahat verilmir. Belə ki, o xatırladıb ki, əvvəlcə zavodun 2022-ci ildə tam gücü ilə işə salınacağı gözlənilirdi, sonra bu tarix 2023-cü ilə təxirə salınıb. Zavodun tam olaraq nə vaxt işə düşəcəyi hələlik məlum deyil.
“Azərbaycan Aİ-95 və Aİ-98 markalı benzin istehsal etmir, ona görə də onu idxal etmək məcburiyyətindədir, o cümlədən Avropa neftayırma zavodlarından. Bundan başqa, Aİ-92 markalı benzin respublikada istehsal olunsa da, onun da müəyyən hissəsi xaricdən gətirilməlidir. Azərbaycan hökuməti qiymətləri litri bir manat səviyyəsində saxlamaq üçün hətta bu növ benzinin idxal rüsumlarını da ləğv etməli olub”, - Kərimli vurğulayıb.
Sputnik
 
Ardını oxu...
Aprelin 1-dən Sankt-Peterburq turistlər üçün ödənişli olacaq.

Bazar ertəsindən etibarən şəhərdə kurort vergisi tətbiq ediləcək.

Güzəştli kateqoriya istisna olmaqla, bütün yetkinlik yaşına çatmış turistlərdən hər gün üçün 100 rubl tutulacaq.

Toplanan vəsaitin sonradan turizm obyektlərinin tikintisinə və təmirinə sərf olunması təklif edilir.

Digər bölgələrdə də kurort haqları tətbiq ediləcək. Stavropol diyarında vergi 100 rubl, Altay diyarında - 50, Krasnodar diyarında isə 30 ilə 50 rubl arasında dəyişir.
 
Ardını oxu...
Zelenski və ailəsinin gəliri açıqlandı
Ukrayna Prezidenti Volodimir Zelenski və ailəsinin ötən il üçün gəliri açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin ofisi məlumat yayılıb.

Bildirilib ki, Zelenski və ailəsinin gəliri 12 milyon 423 min 008 qrivna (təxminən 317 min ABŞ dolları) təşkil edib.

Zelenskilər ailəsinin 2023-cü ildəki gəliri əsasən əməkhaqqı, bank faizləri və daşınmaz əmlakın kirayə verilməsindən əldə edilən gəlirdən ibarət olub. Qeyd olunub ki, bu məbləğ 4 milyon 967 min 036 qrivna (təxminən 127 min ABŞ dolları) təşkil edib.
 
Ardını oxu...
“Azərbaycanda bu il Novruz bayramı Ramazan ayına təsadüf etdiyindən ölkəyə gələn turistlərin, xüsusilə müsəlman ölkələrindən gələn xarici vətəndaşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə az olub”.

Bunu “Report”a açıqlamasında “Azərbaycan Turizm Peşəkarları Təşkilatı” İctimai Birliyinin sədri Ceyhun Aşurov bildirib.

Bununla belə, onun sözlərinə görə, ölkədəki hotellər bayramda boş qalmayıblar, xüsusilə regionlardakı hotellərdə daha çox aktivlik müşahidə olunub:

“Azərbaycan vətəndaşlarının 90-95%-i regionlarda istirahət edib. Bu da regionlardakı hotellərin doluluğuna, ictimai iaşə müəssisələrinin fəaliyyətinə müsbət təsir edib. Bəzi bölgələrə, xüsusilə Qəbələ rayonuna sürət qatarı işlədiyi üçün həmin istiqamət turistlər arasında daha populyar olub. Gözlənilən odur ki, Ramazan bayramı ərəfəsində də hotellərdə sıxlıq müşahidə olunacaq. Bakıya gələn turistlərin də sayında artım gözlənilir”.

“Azərbaycan Turizm Agentlikləri Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov isə açıqlamasında bildirib ki, bayram günlərində bütün hotellərdə doluluq müşahidə edilib:

“Azərbaycanda bayram ərəfəsində turizm sektoru ən yüksək mövsüm kimi qiymətləndirilir. Həm də bir həftə iş günləri olmadı və vətəndaşlarımız regionlardakı hotellərinə üz tutdular. Demək olar ki, bütün hotellərdə doluluq olub”.

“Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri, eyni zamanda “Azərbaycan Ekoturizm Assosiasiyası”nın icraçı direktoru Samir Dübəndi isə bildirib ki, Novruz bayramı tətilləri turizm sənayesi üçün uğurlu keçib:

“Regionlarda beş ulduzlu hotellərin doluluğu 95-100% olub. Digər yerləşdirmə vasitələrinin satışı da yüksək olub. Ənənəvi olaraq populyar və daha tanınmış destinasiyalarımız yenə də liderdirlər - Quba, Qusar, Qəbələ, Lənkaran, Astara, Şamaxı-İsmayıllı regionları, Gəncə şəhəri və Göy-Göl əraziləri olub. Xarici turistlərin də sayı gözəçarpan dərəcədə yüksək olub. Deyə bilərəm ki, Bakıda - İçərişəhərdə fəaliyyət göstərən bir çox hotellər dolu olub. Növbəti həftələrdə açıqlanacaq rəsmi statistika daha ətraflı analiz etməyə imkan verəcək”.
 
Ardını oxu...
"Azərbaycanda normal bazar iqtisadiyyatı olsaydı Mərkəzi Bankın uçot dərəcəsinin endirilməsi indiki şəraitdə infliyasiya təhlükəsi yaradacaqdı".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov martın 28-də Azərbaycan Mərkəzi Bankının (AMB) uçot dərəcəsini 0,5% azaldacağı ilə bağlı proqnozunu şərh edərkən deyib.

Əkrəm Həsənovun sözlərinə görə, Azərbaycanda normal bazar iqtisadiyyatı yoxdur:

"İnhisarlaşma var, Mərkəzi Bankın kredit şərtləri sərtləşdirilib. Bir tərəfdən bu düzgün addımdır. Yəni, bəzi banklar əvvəlki kimi Mərkəzi Bankdan istədiyi qədər kredit götürə bilmir. Mərkəzi Bank sərt tələblər qoyur, girovlar tələb edir və s. Onsuz da bankların əksəriyyəti kredit götürə bilməyəcək. Onların kredit götürməyə imkanları yoxdur. Bu dəqiqə Mərkəzi Bank əvvəlki kimi kredit də vermir. Elman Rüstəmovun dövründə Mərkəzi Bankın öz müştəriləri var idi. Hansı ki, girov qoyub bankdan kredit götürürdülər. Onlar eyni girovu Mərkəzi Banka qoya bilirdilər. Yəni bir əmlak iki dəfə girovda olurdu. Həm Mərkəzi Bankdan götürülən kredit üzrə, həm də bankın müştəriyə verdiyi kredit üzrə. İndi Mərkəzi Bank buna yol vermir".

Əkrəm Həsənov indi kredit götürməyin asan olmadığını qeyd edib:

"Bu baxımdan faizlərin endirilməsi bütövükdə yaxşı haldır. Çünki ölkədə iqtisadi aktivlik zəifləyib. Pul həcmi azalıb, əslində isə artması lazımdır. Mərkəzi Bank bununla demək istəyir ki, devalvasiyadan qorxmur. Bu da bazar iştirakçılarına müsbət siqnaldır".

Qeyd edək ki, "Trading Economics” martın 28-də Azərbaycan Mərkəzi Bankının (AMB) uçot dərəcəsini 0,5% azaldacağını proqnozlaşdırıb. Beynəlxalq iqtisadi statistika portalı AMB-nin İdarə Heyətinin qərarının faiz dərəcəsinin 7,75%-dən 7,25%-ə endirilməsi istiqamətində olacağını açıqlayıb.
 

Dünyapress TV

Xəbər lenti