Ardını oxu...
Aprelin 24-25-də Parisdə Türkmən Enerji İnvestisiya Forumu (TEIF 2024) keçiriləcək. Bu tədbir Türkmənistanın enerji sektoruna xarici investisiyaların cəlb edilməsi məqsədi ilə keçirilir. Aşqabad xarici investorlara quruda ən böyük qaz yatağı olan “Qalkınış”ın işlənməsini təklif edir. Son bir il ərzində Türkmənistan hakimiyyəti türkmən qazının Azərbaycan və Türkiyə vasitəsilə Avropa bazarlarına çıxması ideyasını israrla təbliğ edir.

Türkmənistanın Xəzərin dibi ilə Transxəzər qaz kəməri çəkmək ideyası 2007-ci ildən müzakirə olunur. Onun vasitəsilə Türkmənistan qazı Azərbaycan ərazisindən keçməklə Avropa İttifaqı ölkələrinə gedə bilərdi. Müxtəlif hesablamalara görə, layihə 2-5 milyard dollara başa gələcək. Lakin indiyədək bu layihəyə ciddi maraq olmayıb. Hələ 2023-cü ilin iyulunda Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdi ki, layihənin kim tərəfindən maliyyələşdiriləcəyi məlum olana qədər həyata keçirilməsi qeyri-real görünəcək.

“Siz çox yaxşı bilirsiniz ki, Avropa bankları indi mədən yanacaq layihələrini maliyyələşdirməyi dayandırıb. Ona görə də bunun üçün xeyli vəsait cəlb etmək çətin olacaq”, - deyə Azərbaycan lideri vurğulamışdı.

Bununla belə, Türkmənistan hakimiyyəti ümidini itirmir. Martın əvvəlində eks-prezident Qurbanqulu Berdıməhəmmədov Antalya Diplomatik Forumunda iştirak etmək üçün Türkiyəyə səfər edib və bu səfər zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla türkmən qazının Türkiyəyə mümkün tədarükü perspektivlərini müzakirə edib. Görüşün yekununda tərəflər təbii qaz sahəsində əməkdaşlığın inkişafına dair Protokol və neft və təbii qaz sahələrində əməkdaşlığa dair Niyyət Bəyannaməsi imzalayıblar.

Sənədləri imzaladıqdan sonra Berdıməhəmmədov bildirib ki, Türkmənistandan qaz Türkiyə və Avropaya iki yolla - ya Xəzər dənizi və Azərbaycan, ya da İranın boru kəməri infrastrukturu vasitəsilə gedə bilər.

Bundan əlavə, Türkmənistanın xarici işlər naziri Rəşid Meredov Avropaya bir neçə səfər edib və orada bu məsələni müzakirə edib.

Mövzu ilə bağlı AYNA-ya danışan “Caspian Barrel” Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib ki, Türkmənistan təbii qaz ehtiyatlarına görə dünyada dördüncü yeri tutsa da, bu ölkə beynəlxalq bazarlardan uzaqda yerləşir və buna görəd də problemlər yaranır: “Əminəm ki, yaxın 50 ildə Türkmənistan Çin istisna olmaqla, beynəlxalq bazarlara çıxış tapa bilməyəcək. 2023-cü ilin noyabrında türkmən qazının İraqa nəqli ilə bağlı intensiv danışıqlar gedirdi. İki sənəd imzalansa da, onları kommersiya əməliyyatına çevirmək mümkün olmayıb”.

“Ötən il Azərbaycan Türkmənistandan 1,5 milyard kubmetr qaz alıb, lakin bu, məhdud həcmdir. Türkmənistan qazı İran vasitəsilə Azərbaycana nəql olunur. İranın qaz nəqli infrastrukturu isə Azərbaycana 2 milyard kubmetrdən çox olmayan qaz nəql etməyə imkan verir. Bu vəziyyətin yaxın gələcəkdə dəyişəcəyini gözləmək real deyil”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, Türkmənistan qazının Azərbaycan vasitəsilə Avropaya böyük həcmdə nəqlindən danışılarsa, onda Xəzər dənizinin dibi ilə qaz kəmərinin çəkilməsi mümkündür: “Söhbət 10 milyard kubmetr qaz nəqlindən gedir. Ancaq indiki şəraitdə və ortamüddətli perspektivdə bu, böyük riskdir. Bir il yarım əvvəl biz Baltik dənizində Rusiyadan Almaniyaya gedən boru kəmərlərində müəmmalı partlayışın şahidi olduq. İndi təsəvvür edin ki, Xəzərin dibi ilə qaz kəməri çəkilib və o, eyni risklə üzləşib. Rusiyanın şimalında və İranın cənubunda yerləşdiyi üçün bu risk yüksəkdir. Hər iki ölkə Qərbin sanksiyalarına məruz qalır və hər iki ölkə də təbii qaz hasil edir. Düşünmürəm ki, Rusiya və İran türkmən qazının elə burunlarının ucunda Avropaya necə nəql edilməsinə sakitcə baxacaqlar”.

“Azərbaycan öz boru kəmərlərini yaradanda Rusiya və İranın bu cür təzyiqlərindən yayına bildi. Sırf nəzəri cəhətdən Transxəzər qaz kəmərinin tikintisi bir neçə il çəkəcək və bu vaxta qədər Türkmənistan daimi qaz alıcıları tapmalı və onlarla uzunmüddətli müqavilələr imzalamalıdır. Amma fakt budur ki, 2040-cı ildən sonra Avropa enerji istehlakını kəskin şəkildə azaldacaq, çünki Avropa Yaşıl Sövdələşməsinə (European Green Deal) əsasən, Avropa İttifaqı ölkələri 2050-ci ilə qədər karbon neytral olmalıdır, yəni Avropa iqtisadiyyatı yaşıl enerjiyə keçəcək. Türkmənistanın böyük təbii qaz ehtiyatlarına malik olmasına baxmayaraq, vaxt itirib. Şəxsən mən inanmıram ki, yaxın illərdə Türkmənistan böyük həcmdə qazını Çindən başqa hansısa ölkəyə ixrac edə bilsin. Türkmənistan vaxt itirdi və imkanlarını əldən verdi”, - deyə Şaban fikrini yekunlaşdırıb.
 
Ardını oxu...
Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan Rusiyadan ümumi dəyəri 1 milyon 95,1 min dollar olan 2 min 476,7 ton qarabaşaq (“qreçka”) idxal edib.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, Rusiyadan idxal olunan 1 kiloqram qarabaşağın orta gömrük dəyəri 44 sent (75 qəpik) olub.
Məlumat üçün bildirək ki, bu ilin mart ayında ölkənin pərakəndə satış məntəqələrində idxal olunan qarabaşağın orta satış qiyməti 2,95 manat olub. Açıqlanan rəsmi məlumatlardan da göründüyü kimi, idxal olunan qarabaşaq market və dükanlarda gömrük dəyərindən 4 dəfə baha satılıb.
Onu da qeyd edək ki, Azərbaycana qarabaşaq yalnız Rusiyadan idxal edilib.
 
Ardını oxu...
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü il yanvar-fevral ayları ərzində Azərbaycana 19 milyon 266 min dollar dəyərində mebel və onun hissələri idxal edilib. 2023-cü ilin yanvar-fevral aylarında ölkədə 41.9 milyon manat dəyərində mebel istehsal edilib. Bu da o deməkdir ki, bu sahədə yerli istehsal idxalı 28 faiz həcmində üstələyib. Adətən insanlar daha çox xarici mebel almağa üstünlük verirdilər. Lakin yerli istehsal artıbsa, deməli, bu məhsullara tələbat artıb. Bəs mebel seçimindəki bu dəyişikliyin səbəbi nədir?

“Kaspi” qəzetinin mövzu ilə bağlıq məqaləsini təqdim edirik:

“İdxaldan asılılığı azaltmağa çalışırıq”

Mebel istehsalçısı İslam Əhədov bildirib ki, bu sahədə müştərilərin iki profil üzrə tələbatları mövcuddur:

“Birinci kateqoriya keyfiyyətli məhsul istehsal etməkdir. İkinci kateqoriya isə keyfiyyəti digər məhsullardan nisbətən zəif olan mallardır. Çalışırıq mebel sənayesi üzrə inkişaf edək. Bu baxımdan keyfiyyətli məhsul istehsalı, həmçinin idxal məhsullarından asılılığın daha da azaldılması üçün müəyyən işlərin görülməsinə ehtiyac var. İxracdan əlavə, məqsədimiz Azərbaycanda yerli məhsul istehsalını o dərəcəyə çatdırmaqdır ki, ölkəmizin bu sahədə idxaldan asılılığı maksimum dərəcədə azalsın. İxracla bağlı heç bir problemimiz yoxdur”.
Ardını oxu...
Qiymətə təsir edən səbəblər

İ.Əhədovun sözlərinə görə, bu sahədə ən ehtiyac duyulan innovativ dəzgahlardır:

“Hansı ki, bu avadanlıqlar vasitəsilə daha keyfiyyətli və müasir üslubda mebellərin hazırlanması mümkündür. Onların xaricdən gətirilməsi böyük xərc tələb edir. Bizdə həmin dəzgahların 70 faizi mövcuddur. Amma hər il müxtəlif tədbirlərdə iştirak edərkən görürük ki, bu cihazlar ildən ilə yenilənir, bazara daha yeniləri və keyfiyyətliləri daxil olur. Həmin dəzgahların əldə olunmasına ehtiyac var”.

Onun fikrincə, mebel istehsalını və ixracını inkişaf etdirmək üçün hər iki sahədə istehsalçılara güzəştlər olmalıdır:

“Bu sahə üzrə inkişaf etmiş şirkətlərin yaradılmasına ehtiyac var. Hansı ki, onlar daha böyükdür və keyfiyyətə daha çox önəm verirlər. Həmçinin müştərilərin istəklərini daha tez yerinə yetirirlər. Digər tərəfdən, mebel istehsalçılarının iş şəraitinin yaxşılaşdırılması kimi məsələlərə də toxunulmalıdır. Həmçinin materialların qiymətlərinin ucuzlaşdırılmasına ehtiyac var. Nə qədər yerli istehsal mövcud olsa da, xaricdən bəzi avadanlıqlar, məmulatlar, xammal ləvazimatları, aksesuarlar gətirilir. Onların gömrük rüsumu ilə bağlı müəyyən işlər görülərsə, bu, istehsala çox ciddi təsir edər. İstehsalçıların daha çox şikayətləndiyi məsələlərdən biri budur. Qeyd edim ki, mebellərin qiyməti sırf bu xərclərə bağlı olaraq dəyişir”.
İstehsal artımı ixracı da stimullaşdırır

İqtisadçı Emin Qəribli yerli mebel istehsalının inkişafını müsbət qiymətləndirir:

“Əvvəllər mebel istehsalı sırf daxili bazara yönəlmişdi. Amma artıq görürük ki, ayrı-ayrı şirkətlər müxtəlif ölkələrə də mebel ixrac edirlər. Bu onun nəticəsidir ki, həm vergi islahatları aparılır, həm də kiçik və orta sahibkarlığa yardımlar artırılır. Bunun sayəsində istehsalda artım müşahidə edirik. İstehsalla yanaşı, ixracın artması da gözlənilir. Məsələn, qonşu ölkələrə getdikdə orada yerli mebel istehsalçılarımızın nümayəndəliklərini görə bilərik”.

“Azad iqtisadi zonalara yönəlin”

E.Qəribli düşünür ki, istehsalçılar onlar üçün yaradılmış imkanları dəyərləndirsələr, daha da uğurlu olarlar:

“İstehsalın daha səmərəli olması üçün azad iqtisadi zonalar yaradılıb. Azad iqtisadi zonalar vergilərdən azaddır. Məsələn, Qarabağ bölgəsində istehsal onlar üçün daha sərfəli olar. Üstəlik, bu ərazilərdə tikinti işləri gedir. Həmin bazara yönələ bilərlər. Həmçinin mebel istehsalında yeni texnologiyalar tətbiq olunur və məhsullar daha müasir avadanlıqlarla istehsal edilir. Bu üstünlüklərdən istifadə etsələr, mebel istehsalındakı inkişaf daha da artar”.

İqtisadçının fikrincə, istehsalla bağlı bütün problemlər aradan qalxdığına görə ixrac sahəsində müəyyən işlər görmək lazımdır:

“Dövlət daxili bazar üçün güzəştlər yaradır. Amma ola bilər ki, gələcəkdə ixrac üçün də müəyyən addımlar atsın. Məsələn, mebel istehsalçılarının ixrac məhsullarının sığortalanması, müəyyən güzəştlər tətbiq edilə bilər. Bu isə imkan verəcək ki, daha çox məhsul ixrac edilsin. Düşünürəm ki, artıq o səviyyəyə çatmışıq”.
Ardını oxu...
“Hazırda yumurtanın maya dəyəri istehsalçıya 14-15 qəpiyə başa gəlir. Bazardakı qiymət isə demək olar ki, maya dəyərindən aşağıdır. İstehsalçılar bu fərqi Rusiya bazarına yumurta göndərməklə kompensasiya edirlər. Bu vəziyyət isə iyun ayının sonuna qədər davam edəcək”
Bunu Bakupost.az -a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Ekspert bu tarixdən sonra yumurtanın qiymətinin qalxacağını bildirib:

“İyun ayından sonra yenidən qiymət sabitləşəcək. Bunun da ciddi səbəblərindən biri kənd toyuqlarının yumurtaya düşməsinin başlamasıdır. Eləcə də indi kənd yerlərində cücə mövsümüdür və kəndlilər o yumurtalarla cücə də çıxarırlar. Düşünürəm ki, hökumət müvafiq tədbirlər görməlidir ki, yumurtalıq toyuq saxlayan fabriklər bu müddət ərzində iflasa uğramasın”.
Qeyd edək ki, iri ticarət şəbəkələrində yumurtanın qiyməti düşüb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Bununla da orta hesabla yumurtanın qiyməti 40-45 faiz azalıb.
 
 
 
Ardını oxu...
Azərbaycanda beş ulduzlu hotellərdə xidmət qiymətləri durmadan artır.

Xezerxeber.az-ın məlumatına görə, Dövlət Turizm Agentliyinin hesabatına əsasən, bu ilin yanvar-aprel ayları üçün Azərbaycanın şəhər və rayonlarındakı beş ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 225 manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,6% çoxdur.

Turizm üzrə ekspertlər bildiriblər ki, qiymətlərin mütəmadi artmasının bir sıra səbəbləri var.

Turizm üzrə ekspert Rəhman Quliyev bildirib ki, əvvəlki illərlə müqayisədə indi bəzi hotellərin xidmətlərində dəyişikliklər və əlavələr edilib.
Daha ətraflı süjetdə:

 
 
 
Ardını oxu...
“Meta” şirkətinin təsisçisi Mark Zukerberq planetin ən varlı adamları siyahısında üçüncü yeri tutaraq “SpaceX” və “Tesla”nın baş direktoru İlon Maskı geridə qoyub.

Bu barədə məlumat Blumberq Milyarderlər İndeksində (BBI) əks olunub.

Son 24 saat ərzində Mark Zukerberqin sərvəti 2,6 milyard dollar artaraq 178 milyard dollara çatıb. Bu, yeni süni intellekt modeli “Llama 3” və “Meta AI” chatbotunun yenilənmiş versiyasının təqdimatı fonunda baş verib.

Bu arada, İlon Maskın sərvəti bir gündə dörd milyard dollar azalaraq 170 milyard dollara düşüb. Belə ki, bir gün əvvəl “Tesla”nın səhmləri ticarətdə 3,6% ucuzlaşıb. Mask BBI reytinqində dördüncü yeri tutub.

Siyahıda birinci yeri isə Fransanın LVMH şirkətinin sahibi Berner Arno tutur. Onun sərvəti 218 milyard dollardır. İkinci yerdə “Amazon”un qurucusu Ceff Bezos gəlir. Onun sərvəti isə 201 milyard dollar qiymətləndirilir.
Ardını oxu...
“Bu gün Azərbaycanda fəaliyyət göstərən özəl məktəblərdə təhsil haqları kosmik məbləğə çatıb”.

“Report” xəbər verir ki, bu fikri Milli Məclisin deputatı Məlahət İbrahimqızı parlamentin aprelin 19-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, ölkədə, xüsusilə də Bakıda kifayət qədər özəl məktəblər var:
“Amma həmin məktəblərin hərəsi bir təhsil haqqı müəyyən edib. Hətta məbləğ kosmik rəqəmlərə çatıb. Ümumiyyətlə, özəl məktəblərdə qiymətlər necə tənzimlənir? Məbləğ təyinatında hansı parametrlər əsas götürülür? Bu məsələyə aydınlıq gətirmək lazımdır”.
 
Ardını oxu...
“Forbes” jurnalı Rusiyanın 125 ən zəngin milyarderinin illik reytinqini təqdim edib.

Zirvədə “Lukoyl”un eks-prezidenti, “Gələcəyimiz” Fondunun ictimai şurasının sədri Vahid Ələkbərov qərarlaşıb. Onun sərvəti, jurnalistlərə görə, 28,6 milyard dollara bərabərdir.

“Forbes” reytinqində ikinci yeri kapitalı 27,4 milyard dollar dəyərində qiymətləndirilən “Novatek” idarə heyətinin sədri Leonid Mixelson tutub. Ən zənginlərin ilk üçlüyünü isə Milli İdman Federasiyasının idarə heyətinin sədri Vladimir Lisin qapayıb. Nəşr onun sərvətinin 26,6 milyard dollar olduğunu hesab edir.
Həmçinin, “Telegram”ın yaradıcısı Pavel Durov da 15,5 milyard dollar sərvətlə ən varlıların onluğuna daxil olub.
 
 
 
Ardını oxu...
“Dünyadakı ucuzlaşmadan fərqli olaraq qiymət artımları bizə həmişə tez təsir edir. Sanki istehlak bazarımız yalnız bahalaşmaya adekvat qurulub. Statistika Komitəsinin məlumatına görə, yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 13 milyard 474,2 milyon manatlıq, o cümlədən 7 milyard 543,6 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5 milyard 930,6 milyon manatlıq qeyri-ərzaq malları satılıb ki, dövriyyə real ifadədə 3,1 faiz artıb. Pərakəndə ticarət şəbəkəsində xərclənilən vəsaitin 51,1 faizini bilavasitə ərzaq məhsulları təşkil edib. Göründüyü kimi, xərclənilən vəsaitin 50 faizdən çoxu ərzağa gedib. Bu, tək tələbin artmasının deyil, həm də ərzaq məhsullarının baha olmasının göstəricisidir”.

İqtisadçı ekspert Pərviz Heydərov bunu Bakupost.az -a söyləyib.

Onun dediyinə görə, ərzaq məhsulları, qiymətlərin bahalaşması zamanı elə bir yüksəliş əldə edib ki, bu sahədə qiymət səviyyəsi hələ də istehlak xərclərinin əsasını təşkil edir:

"Ancaq bu sahədə hər hansı ucuzlaşma gözlənilmir. Söhbət ən yaxın perspektivdən gedir. Düzdür, ayrı-ayrı ərzaq mallarının dəyərində eniş ola bilər. Ancaq, ümumən ərzaq sahəsində nə qlobal miqyasda, nə də daxili bazarda ciddi qiymət endirimi baş verməyəcək. Bu isə bir daha ölkənin ərzaq sahəsində təhlükəsizliyini daha tez müddətə gücləndirməyi, daxili bazarın asılılığını minimum həddə endirməyi, qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatı məhsulları istehsalına xüsusi diqqət yetirməyi, ən zəruri istehlak malları üzrə kəskin bahaçılığa yol verməməyi tələb edir. Azərbaycan kimi ölkələrdə ərzaq ucuz olmadığı halda, inflyasiya və bahalaşmanın statistikaya əsasən, tənəzzülü sadəcə olaraq, alovun söndüyünə işarə sayılmalıdır”.
Ardını oxu...
"Expressbank” 2024-cü ilin I rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.

"APA-Economics” banka istinadən xəbər verir ki, 2024-cü ilin I rübündə "Expressbank”ın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.3% azalaraq 3 milyon 396 min manat təşkil edib. 2023-cü ilin müvafiq dövründə bank 3 milyon 441 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə bankın faiz gəlirləri 21% artaraq 15 milyon 707 min manat, faiz xərcləri isə 26.9% artaraq 4 milyon 214 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 4.5 milyon manata ( illik müqayisədə 10.6% az ), qeyri-faiz xərcləri isə 10.9 milyon manata ( illik müqayisədə 1.3% çox) bərabər olub. Beləliklə bank bu dövrdə 5 milyon 40 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da illik müqayisədə 30% çoxdur.

Bu ilin ilk üç ayı ərzində "Ekspressbank” kiçilib. Belə ki, cari ilin aprel 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 5% və ya 28.4 milyon manat azalaraq 531 milyon 812 min manata enib. Cari ilin ilk 3 ayında "Expressbank”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2% və ya 8.5 milyon manat artaraq 417 milyon 763 min manata çatıb. Bankın kredit portfelində istehlak kreditləri 196 milyon manat, biznes kreditləri 115.2 milyon manat, daşınmaz əmlak kreditləri isə 106.5 milyon manat təşkil edib.

Bu dövrdə "Ekspressbank”ın cəmi öhdəlikləri 398.4 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 7.4% və ya 31,8 milyon manat azdır.

Şirkətlər üç ay ərzində bankdan 25 milyon manatdan çox depoziti geri çəkiblər. Belə ki, fiziki şəxslərin depozitləri ilin əvvəlinə nisbətən 3.1% və ya 4.7 milyon manat artaraq 156 milyon 882 min manat, hüquqi şəxslərin(şirkətlərin) depozitləri isə 32.9% və ya 25 milyon 726 min manat azalaraq 52 milyon 550 min manat təşkil edib. Bankın ümumi depozit portfeli də cari ilin ilk 3 ayında 9.1% və ya 20.8 milyon manat azalaraq 209 milyon 432 min manata enib.

2023-cü il aprel ayının 1-nə "Ekspressbank”ın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 2.6% və ya 3 milyon 421 min manat artaraq 133 milyon 239 min manat təşkil edib.
 

Dünyapress TV

Xəbər lenti