Ardını oxu...
“Birdən-birə bütün müəllimlərin maaşını qaldırmaq, hamıya yüksək maaş vermək çətin və mürəkkəbdir”

Bu sözləri Milli Məclisin Elm və təhsil komitəsinin deputatı Ceyhun Məmmədov AzEdu.az-a açıqlamasında bildirib.

“Sertifikasiya prosesindən keçən müəllimlərin maaşı imtahan göstəricisinə müvafiq faizlərlə artır. Ancaq digər müəllimlərə gəldikdə, onların maaşı davamlı olaraq az faizlərlə olsa belə, artır.

Dövlətimiz müəllimlərin həyat fəaliyyətinin yaxşılaşdırılması istiqamətində səylər göstərir. Əvvəlki illərlə müqayisədə müəllimlərin maaşında xeyli artımlar var. Bu gün, hətta bəzi müəllimlər 1500 manata qədər maaş alırlar. Bu rəqəm yaxşı göstəricidir. Zaman-zaman maaşların artırılması məsələsinə baxılacaq və artımlar ediləcək.

Birdən-birə bütün müəllimlərin maaşını qaldırmaq, hamıya yüksək maaş vermək çətin və mürəkkəbdir. Çünki dövlətin də üzərində müəyyən qədər yüklər, məsuliyyətlər var. Ona görə də bu prosesdə tələsmək olmaz. Maaş artımı zamanla düzələcək. Əlbəttə, müəllim də digərlər şəxslər kimi daha çox maaş almaq istəyirlər. Amma buna zaman lazımdır. Mərhələli addımlar atılacaq”.
 
Ardını oxu...
Nərimanov rayon prokurorunun müavini Zeynal Usubov kriptovalyuta işinə 945 min dollar pul yatırıb və aldadılıb.

Gununsesi.info xəbər verir ki, bunu özü fevralın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində ifadəsində etiraf edib. O, zərərçəkmiş qismində ifadə verib.

Zeynal Usubov ötən il prokuror müavini vəzifəsindən azad edilib. Lakin özü də ifadəsində təsdiqləyib ki, 945 min dolları kriptovalyuta biznesinə yatırmaq üçün prokuror müavini işlədiyi dövrdə verib.

Zeynal Usubov keçmiş Daxili İşlər Naziri, hazırda Prezident yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun qardaşı oğludur. Onu aldadıb pulunu ələ keçirməkdə ittiham olunan Nizami Alışan isə AzTV-nin keçmiş rəhbəri Arif Alışanovun qardaşı oğludur.

Nizami Alışan hazırda həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham irəli sürülüb. O, Zeynal Usubovla yanaşı, daha iki nəfəri – Babək Məmmədzadə və Yadigar İsrafilovu da investisiya fəaliyyətilə məşğul olan platformada kriptovalyuta alqı-satqısı adı ilə aldadıb, pullarını ələ keçirməkdə ittiham olunur.

Zərərçəkmişlərdən Babək Məmmədzadə “Aztelekom” MMC-nin keçmiş baş direktoru Məhəmməd Məmmədovun oğludur. Məhəmməd Məmmədov 2015-ci ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə birlikdə milyonlarla büdcə vəsaitinin yeyintisi ittihamı ilə həbs olunmuş, bir müddət sonra azadlığa buraxılmışdı.
 
Ardını oxu...
Bir müddət əvvəl tiktoker “Baboş”a son model “Range Rover” hədiyyə etməsi ilə gündəmə gələn
“Quseynoff” MMC-nin qanuni təmsilçisi Hüseynov Emin Zahid oğlunun vergi borcu yaranıb.

Tribunainfo.az xəbər verir ki, “Quseynoff” MMC-nin dövlətə olan borcunun daha da artdığı məlum olub. Belə ki, şirkətin hazırda dövlətə 173 594 AZN vergi borcu var.

Bir müddət əvvəl isə bu məbləğ 166 105 AZN idi.

Xatırladaq ki, vergi borcu olan “Quseynoff” MMC rəhbəri Hüseynov Emin tiktoker kimi məşhurlaşan “Baboş”a avtomobil hədiyyə etdikdən sonra məşhurlaşmışdı. E.Hüseynovun şirkəti spirtli içki istehsalı ilə məşğuldur.

Bir müddət öncə AQTA apardığı yoxlama zamanı “Demonn” MMC-nin sifarişi əsasında satışı həyata keçirilən viski məhsulunun qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz olaraq fəaliyyət göstərən “Quseynoff” MMC-də istehsal etdildiyini müəyyən etmişdi.
Laborator müayinələr nəticəsində “Quseynoff” əmtəə nişanlı viski məhsulunda sivuş yağlarının və mürəkkəb efirlərin kütlə qatılığı üzrə uyğunsuzluq aşkarlanmış, “Organic River” və “Time Vodka” əmtəə nişanlı araq məhsullarında isə tündlülük göstəricisi üzrə etiket məlumatlarında uyğunsuzluq müəyyən olunmuşdu.

Buna əsasən, “Organic River” və “Time Vodka” əmtəə nişanlı araq məhsullarının satışı dayandırılmış, “Quseynoff” əmtəə nişanlı viski məhsulunun satışı qadağan edilmiş və dövriyyədən çıxarılmışdı.

MMC rəhbəri saxta işçi istehsalı ilə məşğul olmaq və “Baboş”a avtomobil hədiyyə etməklə məşhurlaşsa da, bəzən müğənniliklə də məşğul olub. O, ötən ilin martında Canan adlı müğənni ilə mahnı oxumuş və hətta klip də çəkdirmişdi.

Ardını oxu...
  

Heyvanların aşağı çəkidə kəsilməsi ət istehsalına mənfi təsir göstərir, fermerlərin daha çox gəlir əldə etməsinin qarşısını alır.

Musavat.com xəbər verir ki, bu açıqlamanı Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov son günlər bəzi kütləvi informasiya vasitələrində heyvanların aşağı çəkidə kəsimi, ət istehlakının artımı ilə bağlı ekspertlərin açıqlamasına münasibət bildirərkən deyib.

O məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə istinadın əsassız olduğunu açıqlayıb:

“Heyvanların aşağı çəkidə və erkən yaşlarda kəsimi ilə bağlı bəzi ekspertlərin yanaşmaları əsassızdır və Kənd Təsərrüfatı Nazirliyinin mövqeyi bu məsələdə tam fərqlidir. Mövqeyimiz ondan ibarətdir ki, heyvanların erkən yaşda və aşağı çəkidə kəsilməsi heyvandarlığın inkişafına mənfi təsir göstərən amillərdən biri olsa da, bu sahədəki problemlərin yalnız bir aspektini təşkil edir. Çünki hesab edirik ki, heyvanların aşağı çəkidə kəsilməsi hallarının azaldılması ölkədə xırda və iribuynuzlu heyvanlardan əldə ediləcək ət istehsalının və ət məhsulları ilə özünütəminatın artmasına müsbət təsir göstərə bilər ki, bununla da idxaldan asılılıq azala bilər. Bununla yanaşı, aparılmış hesablamalar göstərir ki, heyvanları aşağı çəkidə kəsimə vermək həm də fermerlərin gəlirlərini azaldır. İri və ya xırdabuynuzlu heyvanların aşağı çəkidə yox, təsərrüfat yetişkənliyi dövründə kəsilməsi heyvandarlıqla məşğul olan fermerlərə daha çox qazanc gətirməklə yanaşı ümumi ət istehsalının da artmasına müsbət təsir göstərərdi. Bu yanaşma bütün dünyada mövcuddur”.

Şöbə müdirinin sözlərinə görə, ölkə üzrə qoyun və keçilərin orta kəsim çəkisində azalma müşahidə edilməkdədir:

“Rəsmi statistik məlumatlara görə, ölkə üzrə qoyun və keçilərin orta kəsim çəkisi 2023-cü ildə 14 kq-a bərabər olub ki, bu göstərici də 2020-2022-ci illərlə müqayisədə heyvan başına 2 kiloqramdan aşağıdır. 2023-cü ildə ölkə üzrə kəsilmiş qoyun və keçilərin orta kəsim çəkisinin 2 kiloqram az olması illik qoyun əti istehsalında 8 min ton civarında itki deməkdir. Bu baxımdan hesab edirik ki, heyvanların kəsim çəkisinin yüksəldilməsi, ölkə üzrə ət məhsulları təminat məsələsinə də müsbət təsir göstərə bilər”.

Vüqar Hüseynov aşağı çəkidə heyvan kəsiminin azaldılması istiqamətində maarifləndirmə işlərinin aparıldığını deyib:

“Heyvanların aşağı çəkidə kəsiminin azaldılması istiqamətində müvafiq dövlət qurumları kimi Kənd Təsərrüfatı Nazirliyi də davamlı maarifləndirmə işləri aparır. Hesab edirik ki, kəsim çəkisinin yüksəldilməsi məsələsinə bu yanaşma heyvandarlığın inkişafına, ət və ət məhsullarının istehsalının artımına perspektivdə müsbət təsir göstərəcək”.

Musavat.com

 
 
 
Ardını oxu...
Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan arasında "yaşıl enerji"nin ötürülməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun layihə sənədinin mətni razılaşdırılıb.

Bu barədə Azərbaycanın Energetika Nazirliyi məlumat yayıb.

Məlumata görə, İstanbul şəhərində Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi layihəsinin müzakirəsinə dair bu ölkələrin nazir müavinlərinin 3-cü iclası keçirilib.

İclasda dörd ölkə arasında elektrik enerjisi mübadiləsinin genişləndirilməsi imkanlarına və layihə üzrə müqavilə-hüquq bazasının formalaşdırılması məqsədilə hazırlanmış “Azərbaycanın Energetika Nazirliyi, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi, Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyi və Bolqarıstanın Energetika Nazirliyi arasında yaşıl enerjinin ötürülməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun layihəsi müzakirə edilib və sənədin mətni razılaşdırılıb.

Xatıraldaq ki, ötən il noyabrın 20-də COP29 iqlim konfransı çərçivəsində Avropa Parlamentinin COP29-dakı nümayəndə heyətinin rəhbəri Lidiya Pereyra (Lidia Pereira) Amerikanın Səsinin sualına cavabda deyib ki, yaşıl və təmiz enerji istehsalı ilə bağlı layihələrin həyata keçirilməsi prioritetdir.

2022-ci il dekabrın 17-də Azərbaycan, Macarıstan, Gürcüstan və Rumıniya Qafqaz regionundan Avropaya enerji körpüsünün tikintisini nəzərdə tutan strateji tərəfdaşlıq sazişi imzalayıb. Əldə edilən razılaşma çərçivəsində 1000 MVt gücündə və 1195 kilometr uzunluğunda Black Sea Energy dənizaltı elektrik kabelinin çəkilməsi gözlənilir.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə bildirib ki, Azərbaycan necə neft ixracatçısı ölkəsindən stabil qaydada qaz ixracatçısı ölkəsinə keçdi, eləcə də də yaşıl enerji ixracatçısı ölkəsinə keçəcək.

“Azərbaycan Avropa ilə artıq üçüncü enerji dəhlizinin açılmasına hazırlıq görür. Bu baxımdan ötən il martın 1-də Qara dənizin dibi ilə keçərək Avropaya uzanacaq magistral elektrik xəttinin keçəcəyi ölkələrin enerji nazirlərinin 6-cı toplantısı olub. Çox yaxşı haldır ki, artıq Xəzərin şərq sahillərindən Qazaxıstan və Özbəkistan da bu görüşlərdə aktiv iştirak edir”, o qeyd edib.
 
Ardını oxu...
Baltikyanı ölkələr bazar günü elektrik sistemlərinin kontinental Avropa elektrik şəbəkəsi ilə sinxronizasiyasını başa çatdırıblar.

“Report” xəbər verir ki, bu barədə Estoniyanın ERR teleradio yayım şirkəti məlumat yayıb.

“Sinxronizasiya Baltikyanı ölkələrə öz elektrik şəbəkələrini kontinental Avropanın bütün digər ölkələri ilə sıx əməkdaşlıq şəraitində, sabit və etibarlı tezlik nəzarəti ilə idarə etməyə imkan verir ki, bu da regional enerji təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırır”, – yerli enerji şirkəti “Elering”in bəyanatında deyilir.

Bir gün əvvəl Litva, Latviya və Estoniya öz enerji sistemlərini Rusiyanın rəhbərlik etdiyi BRELL (Belarus – Rusiya – Estoniya – Latviya – Litva) elektrik şəbəkəsindən ayıraraq bir gündən çox təcrid olunmuş rejimdə işləyiblər. Bu müddət ərzində Baltikyanı ölkələrin enerji sistemi digər tezlik zonaları ilə əlaqə olmadan fəaliyyət göstərib və elektrik enerjisi istehlakı yerli elektrik stansiyaları, həmçinin Estoniya –Finlandiya və Litva – İsveç birləşmələri vasitəsilə təmin edilib.

Bazar günü Baltik sistem operatorları şəbəkənin sabitliyini təmin etmək üçün gərginlik səviyyələrini yoxlayıb, avtomatik gərginlik tənzimləmə sistemlərinin dəyişikliklərə reaksiyasını test edib və öz elektrik şəbəkələrini kontinental Avropanın tezlik diapazonu ilə sinxronlaşdırmağa başlayıblar.

Latviya, Litva və Estoniya kontinental Avropa şəbəkəsinə qoşulan son Aİ üzv ölkələri olub. Baltik ölkələri “LitPol Link” elektrik ötürmə xətti birləşməsi vasitəsilə kontinental Avropa sinxron zonasına qoşulub.
Ardını oxu...
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” tresti gömrük qaydalarını pozduğuna görə cərimə edilə bilər.

Tribunainfo.az xəbər verir ki, “Neftqaztikinti” tresti İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

SOCAR-ın “Neftqaztikinti” tresti ilə bağlı işə 12 fevral tarixində Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, cərimələnməsi gözlənilən SOCAR-ın “Neftqaztikinti” trestinin müdiri Qağaməli Seyfullayevdir.

Qarşı tərəfi dinləməyə hazırıq.
 
 
 
Ardını oxu...
"BMT"nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının ("FAO") ərzaq qiymətləri indeksi yanvar ayında aylıq müqayisədə 1,6% azalarkən, illik müqayisədə 6,2% artıb.
Şəkər, bitki yağları və ət qiymətləri indeksindəki azalmalar süd məhsulları və taxıl qiymətləri indeksindəki artımları üstələyib.
"FAO"nun taxıl qiymətləri indeksi yanvar ayında aylıq müqayisədə 0,3% artaraq sabitliyə yaxın qalxıb, illik müqayisədə isə 6,9% azalıb. Buğdanın ixrac qiymətləri yanvar ayında cüzi eniş göstərsə də, ümumilikdə sabit qalıb. Zəif idxal tələbi qiymətlərə təzyiq etsə də, Rusiya Federasiyasında təchizatın məhdud olması və Avropa İttifaqı, Rusiya Federasiyası və ABŞ-nin bəzi bölgələrində qeyri-müəyyən qış əkin şərtləri qiymətlərin formalaşmasında əsas rol oynayıb.
Dünya qarğıdalı qiymətləri yanvar ayında yüksələrək son iki ildə ilk dəfə əvvəlki ilin səviyyəsini keçib. Bu artım mövsümi olaraq təchizatın məhdud olması, Argentinada əkinin bitməsi ilə əlaqəli mənfi şərait, Braziliyada əsas məhsulun ləng irəliləməsi və ABŞ-də aşağı qarğıdalı istehsalı və ehtiyat proqnozlarının yenidən qiymətləndirilməsi ilə bağlı idi. Digər iri dənli taxıllar arasında darı və arpanın dünya bazarındakı qiymətləri artıb, lakin arpa qiymətlərindəki artım cüzi olub.
Bu arada, "FAO"nun ümumi düyü qiymətləri indeksi yanvar ayında 4,7% azalaraq ixrac üçün mövcud olan təchizatın bol olması və ixracatçılar arasındakı rəqabətin qiymətlərə aşağı yönlü təzyiq göstərməsi ilə geriləyib.
"FAO"nun bitki yağları qiymətləri indeksi yanvar ayında aylıq müqayisədə 5,6% azalarkən, illik müqayisədə 24,9% artıb. Bu eniş əsasən dünya palma və kolza yağı qiymətlərindəki azalmadan qaynaqlanarkən, soya və günəbaxan yağı qiymətləri sabit qalıb. Yeddi ay ardıcıl artdıqdan sonra beynəlxalq palma yağı qiymətləri tələbin azalması nəticəsində son illərin ən yüksək səviyyələrindən geri çəkilib. Kolza yağı qiymətləri isə 2025-ci ilin əvvəlində mülayim şəkildə azalıb. Bunun əksinə olaraq, soya və günəbaxan yağı qiymətləri sabit qalıb. Cənubi Amerikadakı soya istehsal edən ölkələrdə mənfi hava şəraiti və güclü qlobal idxal tələbi qiymətləri qismən dəstəkləyib.
"FAO"nun ət qiymətləri indeksi yanvar ayında aylıq müqayisədə 1,4% azalarkən, illik müqayisədə 8,1% artıb. Bu eniş əsasən xırdabuynuzlu, donuz və quş ətinin beynəlxalq qiymətlərindəki azalmaların iribuynuzlu heyvan əti qiymətlərindəki artımdan daha təsirli olması ilə əlaqədar olub. Xırdabuynuzlu heyvan əti qiymətləri ilin sonundakı bayram tətillərindən sonra tələbin azalması ilə aşağı düşüb.
Eyni zamanda, donuz əti qiymətləri Almaniyada baş verən dabaq xəstəliyi epidemiyası səbəbindən bəzi əsas idxalçı ölkələrin idxal qadağası tətbiq etməsi və Avropa İttifaqında donuz ətinin həddindən artıq təklif olunması nəticəsində geriləyib. Digər tərəfdən, quş əti qiymətləri xüsusilə Braziliyada yem qiymətlərinin münasib olması səbəbindən istehsalın artmasını əks etdirərək azalıb. Bunun əksinə olaraq, dünya bazarında iribuynuzlu heyvan əti qiymətləri əsas bazarlardan gələn güclü idxal tələbi ilə yüksəlib.
"FAO"nun süd məhsulları qiymətləri indeksi yanvar ayında aylıq müqayisədə 2,4% artarkən, illik müqayisədə 20,4% yüksəlib. Beynəlxalq pendir qiymətləri istehsalın tədricən bərpa olunması və əsas istehsalçı ölkələrdə daxili pərakəndə satışların güclü olması səbəbindən qlobal idxal tələbinin artmasını əks etdirərək ay ərzində 7,6% artımla ən çox bahalaşan məhsul olub. Bunun əksinə olaraq, beynəlxalq kərə yağı qiymətləri Avropa və Okeaniyada qida sənayesi istehsalçılarının tələbinin artmasına baxmayaraq, azalmağa davam edib. Həm yağsız, həm də tam yağlı süd tozunun beynəlxalq qiymətləri isə Avropada istehsalın bərpası və daxili, eləcə də idxal tələbinin zəifləməsi səbəbindən geriləyib.
"FAO"nun şəkər qiymətləri indeksi yanvar ayında aylıq müqayisədə 6,8%, illik müqayisədə isə 18,5% azalaraq 2022-ci ilin oktyabr ayından bəri ən aşağı səviyyəyə düşüb. Bu azalmaya Braziliyada son aylarda əlverişli hava şəraitinin 2025-ci ilin aprelindən etibarən yığılacaq şəkər qamışı məhsuluna müsbət təsir edəcəyi və nəticədə 2024/25 mövsümü üçün qlobal təchizat gözləntilərinin yaxşılaşması səbəb olub. Bundan əlavə, Hindistan hökumətinin 2023-cü ilin oktyabr ayından etibarən məhdudlaşdırdığı şəkər ixracını yenidən başlatmaq qərarı dünya şəkər qiymətlərinə əlavə eniş təzyiqi göstərib. \\Valyuta.az
 
Ardını oxu...
Bakıda dünyanın ən tanınmış brendlərinin təkərlərinin idxalı və satışı ilə məşğul olan "İnterşin” MMC ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır.

Tribunainfo.az xəbər verir ki, təkər şirkətinin İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə,vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

"İnterşin” MMC ilə bağlı işə 17 fevral tarixində Sumqayıt Şəhər Məhkəməsində hakim Günel İsmayılovanın sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, hüquqşünas Əkrəm Həsənov İXM-nin 430.4-cü maddəsi barədə danışarkən bildirmişdi ki, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlmədiyi üçün sifarişi verən şirkət cərimələnir. Hüquqşünasın sözlərinə görə, iki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir:

"Bu maddənin qısa mahiyyəti belədir, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, şirkət, sahibkar ölkədən pul, valyuta çıxarıb. Məlum məsələdir ki, ölkədən heç bir səbəb olmadan pul çıxarmağa məhdudiyyət var.

Əgər mal ölkəyə gəlmirsə, sahibkarı, şirkəti cərimələyirlər. Belə olduğu halda Mərkəzi Bank müraciət edir məhkəməyə və məhkəmə də cərimə tətbiq edir. Tərtib olunan protokola əsasən pul ölkədən çıxarılıb, ancaq verilən 2 il müddətində həmin mal ölkəyə gətirilməyib. Qanunvericilik belə olsa da, praktikada çoxlu problemlər var. Bəzi hallarda həqiqətən də sahibkarların günahı olur. Ancaq bir çox hallarda Mərkəzi Bank bu kimi məsələlərə çox formal yanaşır. Bəzən ola bilir ki, sahibkar banka malın ölkəyə gəldiyini sübut edən gömrük sənədini verməyi unudur və ya malın gəlişi gecikir. İnzibati Xətalar Məcəlləsinə görə, o halda cərimə tətbiq oluna bilər ki, sahibkarın təqsiri olsun. Mərkəzi Bank isə bu məsələləri qətiyyən araşdırmır. Mərkəzi Bank çox vaxt sahibkarı çağırmır, problem barədə onunla danışmır, ondan səbəb soruşmur, ancaq məhkəməyə verir. Mərkəzi Bank bu sahədə öz səlahiyyətini düzgün icra etmir. Burada cərimələr çox yüksəkdir. Məsələn, sahibkar xaricə göndərdiyi pulun 30 faizini cərimə kimi ödəməlidir. Təsvir edin, 300 minə qədər cərimə olunan şirkətlər var”.

Qarşı tərəfi dinləməyə hazırıq.
 
Ardını oxu...
Xalqın durumu, düşdüyü vəziyyət Prezident İlham Əliyevə çatdırılmır?

Səhiyyə, Fövqəladə Hallar, Ekologiya, Kənd təsərrüfatı və s. nazirliklərin fəaliyyəti ilə bağlı zaman-zaman mətbuatda narazılıqlara rast gəlmək olur. Amma istər mediada, istər də sosial şəbəkələrdə elə gün yoxdur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri (keçmiş-müəl.) Sahil Babayevin adı çəkilməsin, yeddi arxa dönəni “yad olunmasın”. Bu adam nazir təyin olunan gündən etibarən əlillik dərəcələrinin təyin edilməsi, pensiya, ünvanlı sosial yardım və digər müavinətlərin verilməsini çətinləşdirdi. Vəziyyət o həddə çatdı ki, bədəninin yarısından çoxu fəaliyyətsiz olan insanlar belə, əlillik dərəcəsiz almaq üçün sözün əsl mənasında rəsmi qurumların işgəncəsinə məruz qaldı. Amma...

Əmması odur ki, Sahil Babayev bu xidmətlərinin qarşılığı olaraq, daha böyük posta – maliyyə naziri vəzifəsinə təyin edildi. Yəqin dəyərli oxucular da diqqət edib ki, bizim ölkəmizdə ən çox söyülən, ən çox qınaq obyektinə tuş gələn, bir sözlə, xalqın qanını içən məmurlar daha yüksək vəzifələrə gətirilir. Bu, həmçinin deputatlara da şamil olunur. Belə ki, 5 ildə bir dəfə seçici üzü görməyən, ən çox söyülən, təhqir olunan deputat illərlə Milli Məclisdə mürgü vurur.

Etiraf edim ki, dünən saytlarda və sosil şəbəkələrdə Sahil Babayevin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsindən azad edilməsi xəbəri, çoxsaylı vətəndaşlar kimi, bu sətirlərin müəllifini də qısamüddətli sevincə qərq etdi. Çünki, bir anlıq hər gün bu nazirlikdə haqsızlıqla üzləşən yüzlərlə vətəndaşımıza qarşı zülmə son qoyulacağını düşündüm. Hansı ki, gün ərzində onlarla bu kimi insan redaksiyamıza müraciət edir, qarşılaşdıqları haqsızlıqları dilə gətirirlər. O baxımdan, düşündük ki, yəqin Sahil Babayev illərdir insanlara zülm verdiyi, bir qarın çörəyə möhtac olan insanları rəzil günə saldığı, Azərbaycanın bütovlüyü uğrunda canından, qanından keçən qazilərin haqqına girərək onların pensiyasını kəsdiyi, həqiqi əlillərin əlilliyini əllərindən aldığı və s. üçün işdən azad olunub. Amma, biz saydığımızı sayaq, görün cənab Prezident nə saydı...

Əlbəttə, Sahil Babayevin maliyyə naziri təyin olunması kasıb-kusubun “qanını soraraq” büdcəni doldurmaq istiqamətində fəaliyyət göstərməsinin mükafatıdır. Deməli, bundan sonra da görəcəkləri günlərimiz qabaqdadır. S.Babayevin bu dəfə maliyyə naziri olaraq vətəndaşların başına daha hansı oyunları açağını tezliklə görəcəyik. Yəqin o, bu dəfə xalqa verilən qəpik-quruşun da “qeydinə qalaraq”, onları da büdcəyə yönəldəcək...

Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri işlədiyi müddətdə xalq dövlətdən, hakimiyyətdən narazı salan əsas məmurlardan biri idi.

Şübhəsiz, bir gün gələcək, haqq yerini tapacaq. Bu gün ölkəmizdə ədalət tərəzisi yaxşı işləməsə də, bir gün ədalət mütləq bərqərar olacaq. İnanıram ki, Sahil Babayevin də “ədalət tərəzisi”nin bir gözünə qoyulacağı gün uzaqda deyil.

Ölkədə yoxsulluğun qarşısını almağa cavabdeh şəxslərdən biri olan bu adam gəldiyi gündən insanların ümidini param-parça etdi. Vətəndaşların sosial gəlirini kəsərək, cəmiyyəti rəzil günə qoydu, gənclərin həyatını məhv etdi, neçə-neçə qazinin ölümünə səbəb oldu, cinayətkarlığın sayını artırdı...

Bu səbəbdən, hər kəs Sahil Babayevin cəzalandırılacağı günü gözləsə də, bunun əksi olaraq, daha yüksək posta gətirildi. Məhz bu vəzifə dəyişikliyindəndən aydın olur ki, xalqın durumu, düşdüyü vəziyyət Prezident İlham Əliyevə olduğu kimi çatdırılmır. Çünki xalqın “Babayan” adlandırdığı bu nazirin əməllərindən ölkə başçısını xəbəri olsaydı, bəlkə də onu bu vəzifəyə layiq görməzdi.

Jalə FAMİLQIZI
 

Dünyapress TV

Xəbər lenti