"İstilik təchizatı haqqında" qanun qəbul edildikdən sonra çoxmərtəbəli binalara qaz daxil olmayacaq". Bunu energetika nazirinin müavini Elnur Soltanov parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində "İstilik təchizatı haqqında" qanunla əlaqədar keçirilən ictimai dinləmədə deyib. O bildirib ki, proses daha təhlükəsiz mühit yaradacaq. Nazir müavini, həmçinin bildirib ki, mərkəzi istilik sisteminə qoşulmaq mənzil mülkiyyətçilərinin öz iradəsindən asılı olacaq: "Bu da tarif məsələsini mənasızlaşdırır. Çünki vətəndaşlar hər ayın sonunda xərcləri öz aralarında bölüşdürə bilərlər. Bu da bizim bildiyimiz sistemi dəyişdirir. Sözügedən məsələ vətəndaşın tam haqqıdır". Sözügedən qanun layihəsi ötən dəfə Milli Məclisdə müzakirə edilərkən “Azəristiliktəchizat” rəsmisi yaşayış binalarının mərkəzi istilik sisteminə qoşulmasını təklif etmişdi. Müzakirələrdə belə fikirlər də səslənmişdi ki, kombi sistemi vətəndaşın ziyanınadır, qaz çox aparır, bundan sonra MTK-lara, yaşayış binaları inşa edən şirkətlərə mənzillərin mərkəzi istilik sisteminə qoşulması vacib şərt kimi qoyulmalıdır. Bu məqsədlə yeni nəzarətedici qurumun yaradılması da təklif edilirdi. Yaşayış binalarının mərkəzi istilik sisteminə qoşulması isə qeyri-mümkün görünür. “Azəristiliktəchizat” hazırkı vəziyyətində heç mövcud abonentləri istiliklə təmin edə bilmir. Yaşayış binalarının mərkəzi istilik sisteminə qoşulması üçün nəhəng infrastruktur dəyişikliyi lazım gələcək. Bu, mümkün olacaqmı? Gələcək göstərər.
Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli Sherg.az-a açıqlamasında qeyd etdi ki, təkliflər səslənir, lakin mühüm məqamlardan biri arxa plana keçirilir: - Təəssüf edirəm ki, bu cür mühüm məsələlərin müzakirəsində bələdiyyələr tamamilə kənara qoyulur. Bələdiyyələrin adı çəkilmir, onların məsələnin həllində iştirakı ilə bağlı təklif səslənmir. Əslində, bu prosesdə aparıcı qüvvə bələdiyyələr olmalı idi. Yeni tikilən binalarda idarəetmə ilə bağlı qanunvericilik mövcuddur. Qanuna görə, binada 50 faiz sakin yaşayırsa, sakinlər toplaşıb özünüidarəetmə qurumu yaratmalıdırlar. Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti olmalıdır. Binanın idarə edilməsi bu qurum tərəfindən həyata keçirilməlidir. Belə bir pilot layihə həyata keçirilib, bir neçə il əvvəl. O zaman İqtisadiyyat Nazirliyinin həyata keçirdiyi pilot layihə əsasında paytaxtın bəzi inzibati rayonlarında belə idarəetmə sistemi yaradılmışdı. Amma MTK-lar binanın idarə olunması kimi “yağlı tikə”ni əldən buraxmaq, sakinlərin öhdəsinə vermək istəmir. MTK-lar sakinlərin canlarını boğaza yığıblar. Əslində isə binaların idarə edilməsiylə bağlı qanunvericilikdə heç bir boşluq yoxdur. Sakinlər özləri idarəetmə qurumu yarada bilmirsə, bu halda idarəetmə bələdiyyə tərəfindən həyata keçirilir. Hesab edirəm ki, mərkəzi istilik sisteminə keçid faydalı olar. Bu, həm enerjiyə qənaət baxımından sərfəlidir, həm də binaların estetik görünüşü baxımından. Vaxtilə MTK-lar tikdikləri binalarda istilik sistemini sakinlərin öhdəsinə buraxdılar. Hər sakin mənzildə kombi sistemi quraşdırdı, kombi aparatını da çıxarıb eyvanlara qoydular. İndi bütün eyvanlarda kombi boruları “gözə dəyir”. Bu, binaların, ümumiyyətlə, şəhərin memarlıq üslubunu da korlayır. Nəzarətedici qurumun yaradılmasında isə hesab edirəm ki, ehtiyac yoxdur. Büdcədən maliyyələşən kifayət qədər qurum mövcuddur, daha bir yenisinə nə ehtiyac? Sadəcə, mövcud qanunvericiliyin işlək mexanizmi yaradılmalıdır. Nə sakinlər əziyyət çəksin, nə bələdiyyələr, nə də dövlət orqanları. Sakinlər də tariflərin şişirdilməsi kimi bir problemlə üz-üzə qalmasınlar.