Ardını oxu...
Bakının Yasamal rayonunda suyun verilişində fasilələr yaranıb.

Gununsesi.info xəbər verir ki, rayonun Zivər bəy Əhmədbəyov (Nizami metrosunun yanı) küçəsində artıq bir neçə saatdır su gəlmir.

Səbəb olaraq isə paytaxtın Səbail rayonu, Neftçilər prospektində (Azneft dairəsinin yanı) su xəttində qəzanın olması bildirilir.

Həmçinin Suranaxı rayonu, Səttar Bəhlulzadə küçəsində Bülbülə magistral su xəttindəki qəza ilə əlaqədar Sabunçu rayonu, Ramana qəsəbəsində də suyun verilişi dayandırılıb.
 

         
Ardını oxu...
Baş Prokurorluq Azərbaycanın axtarışa verdiyi bir sıra təqsirləndirilən şəxslər barədə Cinayət-Prosessual Məcəlləsinin 467-13.4 maddəsinin tələbinə əsasən rəsmi bildiriş yaymağa başlayıb.

Teleqraf xəbər verir ki, məcəllənin qeyd olunan maddəsinə görə, cinayət prosesini həyata keçirən orqan – Baş Prokurorluğun İstintaq Baş İdarəsi - təqsirsizlik prezumpsiyasına riayət etməklə, bu məcəllənin 54-2.1-ci maddəsində nəzərdə tutulmuş məlumatları İctimai televiziya və radio (İTV) vasitəsilə yayımlayır və rəsmi internet səhifəsində dərc edir.

Məcəllənin 54-2-ci maddəsi isə “Çağırış” vərəqi adlanır. Bu maddənin ikinci bəndi çağırış vərəqəsində istintaqı həyata keçirən orqanın adı, çağırışın vaxtı, ittihamın mahiyyəti və digər məlumatların göstərilməsini vacib sayır.

Vəkillər Kollegiyasının üzvü Vüsal Cəfərov Teleqraf-a açıqlamasında deyib ki, bundan sonra təqsirləndirilən şəxslərlə bağlı qiyabi icraat tətbiq olunacaq: “Qiyabi icraat o hallarda tətbiq olunur ki, təqsirləndirilən şəxs cinayət təqibini həyata keçirən orqandan gizlənir və ya dəfələrlə göndərilən çağırışlara baxmayaraq, məsuliyyətdən yayınır və ya Azərbaycandan kənarda gizlənir. Qiyabi icraatın əsas məqsədi budur ki, həmin şəxsin istintaq və məhkəmədən yayınmasının qarşısı alınsın, bütövlükdə cinayət işinin araşdırılmasına mane olmasın”.

2024-cü ilin əvvəlində Cinayət-Prosessual Məcəlləsinə əlavə olunan prosessual sənədlərin rəsmi qaydada verilməsi ilə bağlı yeni fəsilə əsasən, istintaqdan yayındıqları üçün barələrində məhkəmə qərarı ilə axtarış elan edilmiş şəxslər haqqında qiyabi icraat aparıla bilər.

V.Cəfərov qiyabi icraatın mahiyyətini bu cür izah edib: “Kimsə dələduzluq ittihamı ilə axtarışdadır, lakin illərlə xaricə qaçdığı üçün onun istintaq orqanına cəlb olunması mümkün olmur. Bu halda dövlət orqanları bütün vasitələrlə onu axtarmağa çalışırlar, amma heç bir nəticə olmursa, qanun müəyyən şərtlər əsasında həmin şəxsə qarşı cinayət işini qiyabi qaydada davam etdirməyə imkan verir”.

Onun sözlərinə görə, bütün axtarış, çağırış tədbirləri nəticə vermirsə, istintaq orqanı (təqsirsizlik prezumpsiyasına riayət etməklə) çağırış barədə informasiyanı İctimai televiziya, radio vasitəsi ilə yayır, eləcə də rəsmi internet səhifəsində yerləşdirir: “Bu, sonuncu cəhddir ki, şəxs ya özü çıxsın ortaya, ya da xəbəri olsun ki, barəsində qiyabi proses başlayacaq”.

Qiyabi icraatın prosedurana gəlincə, vəkil deyib: “Məsələn, A şirkətinin direktoru M. böyük məbləğdə vergidən yayınma (Cinayət Məcəlləsinin 213-cü maddəsi) və ya dələduzluq (Cinayət Məsəlləsinin 178-ci maddəsi) ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunub. Onun haqqında iş başlanıb, evinə, ofisinə rəsmi çağırış vərəqələri göndərilib, telefonla xəbər edilib. Lakin o, ölkədən çıxaraq gizlənib və göndərilən bütün çağırışlara məhəl qoymur. 3 ay ərzində axtarış elan olunub, İnterpol xətti ilə axtarılır. Nəticə olmadıqda, prokurorluq məhkəmə nəzarətini həyata keçirən məhkəməyə vəsatət göndərir ki, biz bu şəxsə qarşı qiyabi icraat başlayaq. Məhkəmə dəyərləndirir ki, bütün prosedur addımlar atılıb, həmin şəxsə müdafiəçi təyin edilib, televiziyada və rəsmi saytlarda məlumat yerləşdirilib. Məhkəmə müsbət qərar verərək qiyabi icraatın aparılmasına icazə verir. Bu nümunədə məhkəmə və istintaq prosesi artıq həmin şəxsin iştirakı olmadan davam etdirilir”.

Teleqraf-ın araşdırmasına görə, aşağıdakı şəxslər barədə Azərbaycanın müvafiq məhkəmələri axtarış elan edib. Müvafiq prosedura uyğun olaraq onlar barəsində qiyabi icraat aparılacaq.

Rəsul Quliyev: Azərbaycan Milli Məclisinin sabiq sədri

1996-ci ildə Amerika Birləşmiş Ştatlarına mühacirət edən sabiq spikerlə bağlı iki cinayət işi mövcuddur.

Birincisi, onun 1980-ci illərin sonları, 1990-ci illərin əvvəllərində Bakı Neftayırma Zavoduna rəhbərlik etdiyi dövrdə yol verdiyi qanunsuzluqlarla bağlıdır. R.Quliyev xüsusi ilə külli miqdarda neft məhsullarını xarici şirkətə satıb pulunu mənimsəməkdə ittiham olunur. Bu cinayət işi üzrə ona Cinayət Məcəlləsinin külli miqdarda dövlət əmlakını mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb.

Digər cinayət işi isə dövlət çevrilişinə cəhdlə bağlıdır. O, 2005-ci ilin 18 oktyabrında Ukraynanın Simferopol şəhərində Azərbaycanın tələbi ilə İnterpolun axtarışında olduğu üçün saxlanılmışdı.

2005-ci ilin 19 oktyabrda dövlət çevrilişinə cəhd ittihamı ilə cinayət işi açılaraq onun barəsində axtarış elan edilib. Həmin cinayət işi ilə əlaqədar olaraq, o dövrdə iqtisadi inkişaf naziri olan Fərhad Əliyev, dövrün səhiyyə naziri Əli İnsanov və həmin vaxt Prezidentin İşlər İdarəsinin rəhbəri Akif Muradverdiyev, sabiq maliyyə naziri Fikrət Yusifov və deputat Fikrət Sadıqov da saxlanılmışdılar. Məhkəmə onlara azadlıqdan məhrumetmə cəzası versə də, Rəsul Quliyev istintaqdan yayındığı üçün mühakimə edilməsi mümkün olmayıb.

Elşad Abdullayev: Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru

Cinayət Məcəlləsinin 137.3 (insan orqanların və ya toxumalarının alqı-satqısı) və 308.2-ci (vəzifə səlahiyyətlərdən sui-istifadə) maddələri ilə cinayət işi ayrılmaqla istintaqı tamamlanaraq 26 avqust 2013-cü il tarixdə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. E.Abdullayev istintaqdan qaçıb xarici dövlətdə gizləndiyi üçün barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilərək axtarış elan olunub. Onun tutulması istiqamətində beynəlxalq axtarış tədbirləri həyata keçirilir.

Mahir Cavadov: Xətai rayonunun keçmiş prokuroru

M.Cavadov 1995-ci ilin martında Xüsusi Təyinatlı Polis Dəstəsinin qiyamının təşkilində günahlandırılaraq beynəlxalq axtarışa verilib. O, həmin qiyamdan sonra ölkəni tərk edərək Avstriyada sığınacaq tapıb. Ona görə də M.Cavadovu cinayət məsuliyyətinə cəlb etmək mümkün olmayıb

Arif Məmmədov: Azərbaycanın Avropa Şurası və Avropa İttifaqı yanında daimi nümayəndəliklərinin keçmiş rəhbəri, fövqəladə və səlahiyyətli səfir

Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb. Keçmiş diplomat istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.

Elnur Nağızadə: Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş mətbuat katibi

E.Nağızadə ilə bağlı daxil olmuş şikayət əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir. O, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək axtarışa verilib.

Zamirə Hacıyeva: Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı

Ona Cinayət Məcəlləsinin 179-cu maddəsinin (mənimsəmə və ya israf etmə) 3.1 (mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 3.2. bəndləri (külli miqdarda törədildikdə) ilə ittiham irəli sürülərək barəsində axtarış elan olunub.

Tələt Əliyev: Azərbaycanın Ukraynadakı keçmiş səfiri

Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) ilə ittiham verilərək barəsində axtarış elan olunub.

Orduxan Bəbirov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Süleyman Süleymanlı:

Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin bir sıra maddələri o cümlədən 220.2 (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə), 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə cinayət işi açılıb. Adı çəkilənlər təqsirləndirilən şəxs qismində cəlb ediliblər və Baş Prokurorluğun təqdimatı əsasında Nəsimi Rayon Məhkəməsinin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilərək barələrində axtarış elan olunub. Lakin istintaqdan qaçıb gizləndikləri üçün onları cinayət məsuliyyətinə cəlb etmək mümkün olmayıb.

İnqilab Kərimov: AXCP üzvü, AXCP sədri Əli Kərimlinin əmisi oğlu

Fransada məskunlaşan İ.Kərimov haqqında Baş Prokurorluqda Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) və 214-2-ci (terrorçuluğa açıq çağırışlar) maddələri ilə cinayət işi başlanılıb. İnqilab Kərimov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barəsində axtarış elan olunub.

Fikrət Hüseynli: Azərbaycanlı siyasi mühacir

Onun barəsində 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 318-1.2-ci (qanunsuz miqrasiyanın təşkili) 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri cinayət işi qaldırılıb və axtarışa verilib.

Bizim siyahımızda axtarışda olan bir qrup şəxsin adları yer alıb. Azərbaycanın axtarışa verdiyi və istintaqdan qaçıb gizlənənlərin siyahısı isə genişdir.

Daxili İşlər Nazirliyinin bu il yanvarın 25-də yaydığı məlumata görə, 2024-cü ildə İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilən 118 şəxsin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 65 nəfərin yeri müəyyən olunub.
 
Ardını oxu...
"2023-cü ilin oktyabr ayından çıxarışı olmayan torpaq sahələri üzərində aparılacaq tikintilərə kommunikasiya xətlərinin çəkilməsi qadağan olunub. Buna görə hazırda çıxarışlı torpaqlara tələbat artıb. Çıxarışı olmayan torpaqların qiymətində stabillik müşahidə edilsə də, çıxarışı olan torpaqların qiymətində artım var".

Bunu Oxu.Az-ın əmlak bazarındakı vəziyyətlə bağlı suallarını cavablandıran əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

Ekspert qeyd edib ki, yeni tikilən, təməl mərhələsində olan binaların da qiymətində ciddi artım müşahidə edilir.

O bildirib ki, artıq paytaxtda çoxmənzilli binaların inşası üçün torpaq sahələrinin məhdud olması və qiymətlərin kəskin artması səbəbi ilə tikinti şirkətləri tikintidən imtina ediblər:

"Hazırda tikinti aparan şirkətlər daha çox qəzalı kimi qeydə alınmış çoxmənzilli binaları sökərək onların yerində yeni binalar inşa etməyə üstünlük verirlər. Bu da tikinti xərcini daha çox artırır. Ona görə ki, həmin şirkətlər tikinti apardıqları ərazidə yaşayan sakinlərin hər birinə, qaydalara uyğun olaraq, köç və kirayə xərcləri verirlər. Kirayə xərcləri ortalama iki-üç il davam edir. Daha sonra tikinti şirkətləri həmin binalardan onlara tam təmirli, ümumi sahəsi daha geniş olan mənzillər verirlər".

E.Fərzəliyev deyib ki, hazırda əksər tikinti şirkətləri bu cür layihələrdən yararlana bilmirlər:

"Müəyyən problemlər var ki, ölkədəki tikinti şirkətlərini bu cür layihələrdən uzaqlaşdırır. Tikinti üçün icazənin alınması, sənədləşmə prosedurlarının çətinləşməsi, tikinti normativlərinin sərtləşdirilməsi (binalar arasında məsafənin saxlanması, həmin binalarda yaşayan sakinlərin mənzil sayına uyğun olaraq avtopark üçün yerlərin, yaşıllıq ərazilərin ayrılması və s.) səbəbi ilə artıq çox sayda tikinti şirkətini bu cür layihələrdən kənarda qoyur".

O bildirib ki, hazırda Bakının Nərimanov, Nəsimi, Yasamal rayonlarının mərkəzi ərazilərində tikilməkdə olan çoxmənzilli yaşayış binalarında bir kvadratmetrin qiyməti üç-dörd min manat arasında dəyişir:

"Bu da o deməkdir ki, tikilməkdə olan ikiotaqlı 100 kvadratmetrlik mənzillər əmlak bazarında artıq 300-400 min manata təklif olunur".

Aləmdə Nəsib
 
Ardını oxu...
Tural Sadıqlı Baş Prokurorluğa çağırılıb.

Baş Prokurorluqdan İTV-yə verilən məlumatda bildirilir ki, Baş Prokurorluğunun İstintaq idarəsi tərəfindən təqsirləndirilən şəxs Sadıqlı Tural Əlövsət oğluna Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş göndərilib.

10.06.1984-cü il təvəllüdlü Sadıqlı Tural Əlövsət oğlu Baş Prokurorluğunun İstintaq idarəsinə çağırılıb.
Tural Sadıqlı şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 15 aprel 2025-ci il tarixdə, saat 14:00-da Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə ünvanında yerləşən Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin inzibati binasına gəlməlidir.

Tural Sadıqlı nədə ittiham olunur?

Tural Sadıqlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 178.1, 12.1,34.2, 220.2, 12.1, 34.2, 281.2 və 12.1,320.1-ci maddələri ilə təqsirləndirilir.
Tural Sadıqlının 2016-cı ildə Almaniya Federativ Respublikasında yaşayan Azərbaycan Respublikasının vətəndaşını “oturum izni” ala biləcəyini vəd etməklə etibarını qazanıb aldadaraq 1260 manat məbləğində əmlakını ələ keçirməsinə və vətəndaşlıq almaq məqsədilə şəxslərin Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən siyasi partiyaların üzvləri kimi siyasi baxış və mövqelərinə görə təqib və təzyiqlərə məruz qalmaları, kütləvi aksiyalarda iştirak edib polis əməkdaşlarına müqavimət göstərdiklərinə görə məhkəmələr tərəfindən inzibati həbs olunmaları, barələrində cinayət işi başlanmaqla hüquq-mühafizə orqanlarına çağırılmaları kimi məzmununa bilə-bilə həqiqətə uyğun olmayan, yalan məlumatlar daxil edilib, dövlət təşkilatlarının müvafiq imza, blank, çap və əlyazma mətnləri birbaşa icra olunmayaraq, rəqəmsal qurğu vasitəsilə surəti çıxarılmaqla elektrofotoqrafik çap üsulu vasitəsilə çap qurğusunda icra edilmiş hüquq verən rəsmi sənədlərin qanunsuz hazırlamasına, bundan başqa, 19 aprel 2019-cu il, 8 iyun 2019-cu il, 15 iyun 2019-cu il və 7 avqust 2019-cu il tarixlərdə internet informasiya resurslarında Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, habelə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlar etməyə qəsdən açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Tural Sadıqlı barəsində həbs qətimkan tədbiri seçilib

Baş Prokurorluğun İstintaq idarəsində ibtidai istintaqı aparılmış cinayət işi üzrə 27.03.2019-cu il tarixli qərarla Tural Sadıqlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 178.1 və 12.1, 320.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla istintaqdan qaçıb gizləndiyi üçün həmin tarixli qərarla barəsində axtarış elan edilib və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08.09.2020-cu il tarixli qərarı ilə barəsində 3 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Tural Sadıqlı barəsində axtarış elan edilib

Bundan başqa, Baş Prokurorluğun İstintaq idarəsində ibtidai istintaqı aparılmış cinayət işi üzrə 07.09.2020-ci il tarixli qərarla təqsirləndirilən şəxs Sadıqlı Tural Əlövsət oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla istintaqdan qaçıb gizləndiyi üçün həmin tarixli qərarla barəsində axtarış elan edilib.
01 aprel 2024-cü il tarixdə hər iki cinayət işi vahid icraatda birləşdirilməklə iş üzrə toplanmış sübutların məcmusuna əsasən, 01 aprel 2024-cü il tarixdə Sadıqlı Tural Əlövsət oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 178.1, 12.1,34.2, 220.2, 12.1,34.2, 281.2 və 12.1,320.1-ci maddələri ilə yenidən ittiham elan edilməsi haqqında qərar qəbul edilib, lakin o, Azərbaycan Respublikası hüdudlarından kənarda olduğundan ona ittiham elan etmək mümkün olmayıb.
Cinayət-Prosessual Məcəllənin 54-cü və 467-13.4-cü maddələrinin tələblərinə əsasən, təqsirləndirilən şəxs Tural Sadıqlıya xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla və bu, barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.
 
Ardını oxu...
Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları ilə bağlı cinayət işi başlanıb.

APA-nın əldə etdiyi məlumata görə, Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2 , 213.1 , 308.2 və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.

Cinayət işi Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları, onların rəhbərləri, həmçinin, xarici qeyri - hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkar edilmiş qanun pozuntuları faktlarını araşdırır.

Qrantlar necə verilib?

Əldə etdiyimiz məlumata görə, bəzi beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda qeydiyyatdan keçməmiş "Benefisiar: Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı, " Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli, "İştirak Evi " MMC - nin təsisçisi və direktoru Məmməd Məmmədzadəyə ( Məmməd Alpay) və daha bir neçə nəfər müxtəlif adlar altında qanunsuz qrant vəsaitləri alıblar. Bu vəsaitlər Ədliyyə Nazirliyi və digər icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçməyib, ölkə qanunvericiliyinə zidd olaraq, "xidmət müqaviləsi" adı altında ayrılıb və ölkəyə göndərilib.

Məlumata görə, 2020-2021-ci illərdə Bəşir Süleymanlı və Məmməd Alpay fiziki şəxs kimi ABŞ-ın Alman Marşal Fondu ilə xidmət müqavilələri adı altında dövlət qeydiyyatına alınmayan müqavilələr tərtib ediblər. Sübhan Həsənli isə eyni formada ABŞ-ın " FH1360 " humanitar təşkilatı, Müharibə və Sülh Hesabatı İnstitutu ilə müqavilələr bağlayıb.

Guya bu şəxslər ayrı-ayrı beynəlxalq təşkilatlara xidmət göstəriblər və bunun əvəzində "xidmət haqqı" alıblar. Əslində isə qrantlar bu adla rəsmiləşdirilib, daha sonra isə həmin vəsaitlərlə maliyyə əməliyyatları aparıb, leqallaşdırıblar.

"No war" və LGBT təbliğatı üçün ayrılan pullar

Leqallaşdırılan vəsaitlər isə maliyyə ayıran beynəlxalq təşkilatların tapşırığı ilə həssas sosial təbəqələrin "hüquq müdafiəsi" adı altında ictimai - siyasi sabitliyin pozulması üçün xərclənib. Bu vəsaitlər daha " No war " , " LGTB " , " ultra liberal " düşüncəsinin dəstəklənməsi, mental dəyərlərə qarşı əks təbliğat aparılması üçün sərf olunub. Daha çox isə bu qruplar tərəfindən Azərbaycanın ərazi bütövlüyünün əleyhinə yönəlmiş fəaliyyətin qurulmasına xərclənib.

Bəşir Süleymanlı və Məmməd Alpay barədə həbs

Dünən Məmməd Alpay ( Məmmədzadə) və Bəşir Süleymanlı Cinayət Məcəlləsinin 193-1.3.2 ( cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma ), 308.2 ( ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui - istifadə etmə ) və 313 - cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Bu şəxslər barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sübhan Həsənli istintaqdan qaçıb

Sübhan Həsənli də Cinayət Məcəlləsinin 193-1.2.3 (öz qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 308.2 və 313 - cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Lakin o, istintaqdan qaçıb gizləndiyi üçün barəsində axtarış elan edilib. Onun barəsində də Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Maliyyəni leqallaşdırmağa kömək edən qurumlar və banklar araşdırılır

APA onu da öyrənib ki, qanunsuz müqavilələrlə qrant vəsaiti alaraq Azərbaycana gətirən şəxslərlə bağlı istintaq araşdırması davam edir. Araşdırma təkcə bu fəaliyyətlə məşğul olan QHT-ləri və onların rəhbərlərini əhatə etmir. Bu fəaliyyətə şərait yaratmış qurumlar, o cümlədən bank əməkdaşlarının da cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində işlər görülür.
 
Ardını oxu...
Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli barəsində axtarış elan edilib.

APA-nın əldə etdiyi məlumata görə, Sübhan Həsənli Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi üzrə cəlb olunub.

Məlumata görə, Sübhan Həsənli 2020-2021-ci illərdə ABŞ-ın "FH1360" humanitar təşkilatı, Müharibə və Sülh Hesabatı İnstitutu ilə müqavilələr bağlayıb.

O, aldığı qrantları "xidmət müqaviləsi" ilə ölkəyə gətirib və leqallaşdırıb.

Guya bu beynəlxalq təşkilatlara xidmət göstərib və bunun əvəzində "xidmət haqqı" alıb. Əslində isə qrantlar bu adla rəsmiləşdirib, daha sonra isə həmin vəsaitlərlə maliyyə əməliyyatları aparıb, leqallaşdırıb.

Sübhan Həsənli Cinayət Məcəlləsinin 193-1.2.3 (öz qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 308.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Lakin istintaqdan qaçıb gizlənib.

Onun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Barəsində axtarış elan edilib.

Qeyd edək ki, Sosial Hüquqlar Mərkəzi dövlət qeydiyyatından keçməyib.
 
Ardını oxu...
"Seçki Müşahidə" Alyansının icraçı direktoru Alpay Məmməd də cinayət məsuliyyətinə cəlb edilib.

TEREF "Qafqazinfo"ya istinadən məlumat verir ki, A.Məmməd barəsində də 3 ay 28 günlük həbs qətimkan tədbiri seçilib.

21:36

"Vətəndaş Hüquqları" İnstitutunun rəhbəri Bəşir Süleymanlı həbs edilib.

TEREF "Qafqazinfo"ya istinadən məlumat verir ki, o, Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində cinayət məsuliyyətinə cəlb edilib.

B.Süleymanlı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığı və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay 28 günlük həbs qətimkan tədbiri seçilib.
 
 
 
Ardını oxu...
Gələn həftə – martın 20-si Azərbaycana yaz fəsli daxil olur.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, yaz fəslinin Azərbaycana daxil olması saat 13:01:25-ə təsadüf edəcək.

Bildirilib ki, fəslin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq.

Bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika (Günəşin illik zahiri hərəkət yolu) üzrə hərəkət edərək, ekvatoru kəsməklə Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində asrtonomik yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq.
 
 
 
Ardını oxu...
"Gənclik" metro stansiyası yaxınlığında, Fətəli xan Xoyski küçəsi ilə Atatürk prospektinin kəsişməsində qanuni parklanma yeri mövcud olsa da, bəzi sürücülər dayanma-durma qaydasını pozaraq avtobuslara təhlükəli vəziyyət yaradır.

TEREF Xəzər TV-yə istinadən məlumat verir ki, nəticədə avtobuslar dayanacağa daxil olmaq üçün qayda pozuntusu etmək məcburiyyətində qalırlar.

Mövcud vəziyyət avtobus sürücülərini bezdirib.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) "Xəzər Xəbər"ə bildirilib ki, ərazi nəzarət altındadır.

Ətraflı süjetdə:

 
Ardını oxu...
Rusiyada naməlum şəxs uşaq bağçasında odlu silahdan atəş açıb.

Oxu.Az-ın "112 Telegram" kanalına istinadla məlumatına görə, hadisə Yeni Moskvada yerləşən "Bilingual Kids Academy"də qeydə alınıb.

Hücum nəticəsində uşaq bağçasının əməkdaşı ayağından yaralanıb. Uşaqlar xəsarət almayıblar.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər.

"SHOT" "Telegram" kanalının məlumatına görə, atəşi uşaqlardan birinin atası açıb. O, boşanmaqda olduğu həyat yoldaşı ilə uşaq bağçasında qarşılaşıb.

Sonra qısqanc kişi keçmiş həyat yoldaşının sevgilisinin ayağına atəş açıb və sakit şəkildə skamyada oturaraq polisin gəlməsini gözləyib.

Yaralı aldığı xəsarət nəticəsində xəstəxanaya yerləşdirilib, həyatına təhlükə yoxdur.

Dünyapress TV

Xəbər lenti