Ardını oxu...
  

Bakıda yağan leysan yağışları taksi xidmətlərinin qiymətinin artmasına səbəb olub.

Musavat.com teleqraf-a istinadən xəbər verir ki, adi günlərdə 8-10 manata gedilən məsafələrin gedişhaqqı hazırda 25-30 manat arasında dəyişir.

Paytaxtın bəzi ərazilərinə taksi ilə getmək istəyən sərnişinlər 40-45 manat ödəməlidirlər. Adi günlərdə həmin məsafələrin qiyməti 14-17 manat təşkil edirdi.

Bunlar adi - ekonom taksi xidmətinin qiymətidir. Komfort taksilərdə isə Bakının müxtəlif istiqamətləri üzrə qiymətlər 60 manatadək artıb.

Bundan başqa, Bakıda taksi tapmaq da çətinləşib. Taksi sifariş edən sərnişinlər avtomobilin gəlməsi üçün 20-25 dəqiqə gözləməli olurlar.

Ardını oxu...
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində baş verən qanunsuzluqlar – korrupsiya və rüşvətlə bağlı son vaxtlar yayılan məlumatlar, deyəsən, yavaş-yavaş təsdiqini tapmaqdadır. Elə götürək, “Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabatı”nı.

TEREF-in Bakupost.az-a istinadən məlumatına görə, sənəddə bildirilir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda dövlət vəsaitlərinin və əmlakının idarə olunması sahəsində aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal olunması və Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş məktub ilə əlaqədar həmin materiallar DTX-yə göndərilib.

Qeyd olunur ki, DTX-dan daxil olmuş məlumatlara əsasən, 1 audit üzrə aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Aydındır ki, məsələyə DTX qarışıbsa, demək, ortada ciddi qanun pozuntuları olub və hazırda bu məsələ hərtərəfli araşdırılır.

Bəs, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində nələr baş verib? Oradakı qanun pozuntuları nədən ibarətdir?

Qeyd etdiyimiz kimi, hələlik istintaq getdiyi üçün bu suala konkret cavab vermək mümkün deyil. Amma həm Naxçıvan sakinlərinin şikayətləri, həm muxtar respublikanın rəhbərliyi və tibb camesəinin narazılıqları, eyni zamanda mediada yayılan məlumatlar əsasında müəyyən fikir və ehtimallar səsləndirmək mümkündür.

Bu narazılıq və şikayətlərin ünvanı isə əksər hallarda Naxçıvan Muxtar Respublikasının hazırki səhiyyə naziri Samiq Sadıqovdur. Qeyd edək ki, 38 yaşı olmasına rəğmən, nazır karyerasında sürətlə irəliləyib. Belə ki, Samiq Sadıqov 2010-cü ildə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsini, 2010-2011-ci illərdə Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanasında internatura təhsilini başa vuraraq həkim-oftalmoloq ixtisasına yiyələnib. 2014-cü ildən Naxçıvan Muxtar Respublikası Göz Xəstəxanasında həkim-oftalmoloq kimi başlayıb, 2016-2017-ci illərdə Naxçıvan Muxtar Respublika Xəstəxanasında bölmə müdiri, həkim-oftalmoloq kimi fəaliyyət göstərib. 2015-2017-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində və Naxçıvan Tibb Kollecində müəllim kimi fəaliyyətini davam etdirib.

Cəmi 3 ildən sonra – 2017-ci ildə isə Samiq Sadıxov Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru təyin olunub. 2020-2023-cü illərdə Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsinin direktoru vəzifəsində çalışıb.

Əlbəttə, onun vəzifə pillələrində bu cür sürətlə irəliləməsində Ali Məclisin keçmiş sədri Vasif Talıbovun həlledici rolu olub. Vasif Talıbovdan sonra isə o, hansısa yollarla əvvəlcə səhiyyə nazirinin birinci müavini, daha sonra – 2024-cü il mayın 31-də isə səhiyyə naziri vəzifəsinə təyin edilib.

Samiq Sadıqov nazir təyin olunduqdan sonra muxtar respublika hökumətinin qərarına zidd gedərək, Ailə Sağlamlıq mərkəzlərinı Tibb Müəssisələrinin İdarəetmə Birliyinin (TMİB) deyil, Naxçıvan Səhiyyə Nazirliyinin tabeliyinə keçirib və büdcə üçün əlavə lazımsız xərclər yaradıb.

Qeyd olunur ki, oxşar vəziyyət Təcili Yardım Mərkəzi, Diaqnostika Mərkəzi (əksər yeyintilər demək olar, bu müəssisə üzərindən həyata keçirilib), Naxçıvan Şəhər Poliklinikası üçün də xarakterikdir. Naxçıvanda İcbari Tibbi Sığorta Agentliyi (İTS), Tibb Müəssisələrinin İdarəetmə Birliyi müstəqil qurumlar olmağına baxmayaraq, muxtariyyətin səhiyyə naziri tərəfindən idarə olunub.

O da qeyd olunur ki, Samiq Sadıqovun yaxınları, ailə üzvləri Naxçıvan İTS və Naxçıvan TMİB-də müxtəlif vəzifələrdə çalışırlar.

Ən ciddi qanunsuzluqlardan birinin isə Ailə Sağlamlıq mərkəzlərinin Naxçıvan Səhiyyə Nazirliyinin tabeliyində müstəqil qurum olmalarına baxmayaraq, əmək haqqını TMİB-in büdcəsindən almasıdır.

Bundan başqa, nazirin vəzifə imkanlarından istifadə edərək, Naxçıvan Sağlamlıq Mərkəzinə guya tibbi aksiya keçirmək adı altında özəl klinikalardan “uzman”lar dəvət etdiyi və bu yolla xeyli qazandığı da bildirilir.

Naxçıvanda fəaliyyət göstərən bütün xəstəxanalarda tibb işçilərinin maaşının kəsilməsi də yerli əhalinin ciddi narazılığına səbəb olan məsələlərədn biridir. Buna isə məhz elə Hesablama Palatasının yerli Səhiyyə Nazirliyində milyonlarla manat yeyinti aşkarlamasının səbəb olduğu deyilir. Belə anlaşılır ki, nazirlik üzə çıxan yeyintini işçilərin maaşı ilə doldurmaq istəyib.

Nazirin ən ciddi maxinasiyaları isə təbii ki, Naxçıvan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibb Müəssisələrinin İdarəetmə Birliyi ilə əlbir olub, milyonlarla manatı mənimsəməsi ehtimalıdır. Hesablama Palatasının auditinin də məhz bu istiqamətdəki qanunsuzluqlara fokuslandığı anlaşılır.

Beləliklə, söhbət böyük bir regionda İTS-in ayırdığı milyonlarla manatı qanunsuz yollarla mənimsəməkdən gedir. Bu isə nazir üçün olduqca qaranlıq perspektiv vəd edir: o, ən azı vəzifədən gedəcək. Qanunsuzluqların miqyası deyildiyindən daha böyükdürsə, buna həbs cəzası da əlavə oluna bilər…
 
Ardını oxu...
“Belə məmurları işdən çıxarmaq yox, həmin pulu geri ödədib həbs etmək lazımdır”.

Bunu Yenicag.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

O, Hesablama Palatasının 2024-cü ildə fəaliyyətinə dair hesabatında qeyd olunan 461.6 milyon manata bərabər maliyyə pozuntuları ilə bağlı fikirlər səsləndirib.

MMP sədri söyləyib ki, belə pullar tək yeyilmir, əksinə, onların arxalarında duran adamlar var:

“Artıq buna öyrəşiblər. Biz isə deyirik, sonra nüfuzdan, hörmətdən düşürük. Ölkədə məmurlardan kim nə qədər qazanırsa qazanır, talayırsa talayır. Danışırıq, kimlərinsə xoşuna gəlmir. Bu gün həmin adamların boğazından yapışmaq lazımdır. Hazırda dövlət büdcəsini dağıtdığına, korrupsiyaya bulaşdığına görə həbsdə nə qədər adam var. İndi həmin rayonlar yenə də elədir, bilmirəm, niyə?”

Onun sözlərinə görə, göstərilən rəqəm Azərbaycan üçün həqiqətən böyükdür:

“Bunu edənlər 500-600 minlik maşınlarda gəzirlər. Belə məmurları işdən çıxarmaq yox, həmin pulu geri ödədib həbs etmək lazımdır. Hərə bir yandan dağıtsa, bu dövlət dövlət olmaz ki…. Biz də nazir olmuşuq, lakin QAZ-31-dən o tərəfə maşınımız olmayıb. Hər zaman dövlətə xeyir verməyi düşünmüşük. Bu məmurlar isə elə deyil, köməkçiləri, katibələri, ailəsi-uşağı üçün bir maşın alırlar. Büdcə dayanmaz axı buna. Ona görə də ciddi tədbirlər görülməlidir. Həmin pullar əllərindən alınıb xalqa açıq şəkildə bildirilməlidir”.
 
Ardını oxu...
"Telegram"da bir sıra tanınmış botların kütləvi şəkildə bloklanması müşahidə olunub.

Sfera.az xəbər verir ki, xidmətin olmaması ilə bağlı xəbərlər aprelin 14-də səhər saatlarında gəlməyə başlayıb.

Bloklananlar arasında kolleksiya hədiyyələrinin tarixini izləmək kimi unikal xüsusiyyəti ilə tanınan @getSendGiftsBot botu da var. Xidmət hədiyyələrin sahibləri haqqında məlumatları, o cümlədən sahiblik tarixi, dəyəri və əməliyyat məlumatlarını dondurub.

Get hədiyyələrinin yaradıcısı hesab edir ki, bloklanma hədiyyə hərəkətlərinin tarixini izləməyə imkan verən botun funksiyası ilə bağlı ola bilər. Onun sözlərinə görə, xidmətdə hədiyyənin verilmə faktı, ilkin və bazar dəyəri, hədiyyələrin vaxtı və mövcudluğu qeydə alınıb. Eyni zamanda, tərtibatçı bloklamanın NFT hədiyyələrinin izlənməsi ilə bağlı olduğuna şübhə edərək, iddiaların xüsusi olaraq istifadəçilər arasında standart hədiyyələrin hərəkəti ilə bağlı məlumatlarla bağlı yarandığını ehtimal edib.
 
Ardını oxu...
Dövlət Sosial Müdafiə Fondunun sabiq əməkdaşı 1983-cü il təvəllüdlü Vüsal Əliyevin məhkəməsi yekunlaşıb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə onun saxta əmək kitabçaları, şəxsiyyət vəsiqələri və digər sənədlər hazırlayaraq ayrı-ayrı vətəndaşlara əsassız olaraq güzəştli şərtlərlə ailə başçısını itirməyə və ya yaşa görə əmək pensiyalarının təyin olunmasına nail olması, nəticədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna məxsus ümumilikdə 6 milyon 500 min manatdan artıq pul vəsaitini ələ keçirməsi bildirilib. V.Əliyev əsasən güzəştli kateqoriyalı şəxslərə aid sənədləri saxtalaşdırmağa və özünün müəyyən etdiyi şəxslərə xüsusilə külli miqdarda pensiyanın köçürülməsinə nail olub. Pensiya köçürülmüş şəxslər arasında onun baldızı və digər qohumları, eləcə də tanışları da olub.

Pullar 2019-cu ilədək müxtəlif bankomatlarda nağdlaşdırılıb. Müəyyən edilib ki, 6,5 milyon manat pul müvafiq olaraq ümumilikdə 16 161, 192 987, 81 066, 293 795, 110 927, 96 089, 410 568, 751 192, 228 974, 217 004, 97 843, 155 097, 119 395, 390 621, 142 157, 56 424, 173 310, 637 490, 338 924, 35 085, 361 072, 152 218, 128 944, 137 143, 221 818, 320 611, 218 290, 99 559, 107 462, 50 872, 40 856, 16 183, 94 369, 11 413, 16 812 və 9 381 manat olmaqla 40-a yaxın şəxsin adına olan kartlara köçürülüb. Bəzi şəxslərin adına saxta yollarla hazırlanmış pensiya sənədləri əsasında 751, 637 min manat kimi böyük məbləğin köçürülməsi diqqət çəkir.

Vüsal Əliyev Cinayət Məcəlləsinin 178.4 (dələduzluq xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 313 (vəzifə saxtakarlığı), 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) və digər maddələri ilə yekun ittiham edilib.

Məhkəmə ona 14 il 6 ay həbs cəzası verib. Həmçinin ondan müsadirə edilmiş 270 min manat dövlət hesabına köçürülüb. Bundan başqa Vüsal Əliyevdən 5 milyon 656 min manat pulun tutularaq DSMF-nin hesabına köçürülməsi də hökmdə yer alıb.

Qeyd edək ki, V.Əliyev 16 avqust 2019-cu ildə həbs edilib. O, 2006-2010-cu illərdə DSMF-nin Səbail rayon şöbəsinin pensiya təyinatı sektorunda məsləhətçi və aparıcı məsləhətçi, 2013-2015-ci illərdə isə qurumun Suraxanı rayon şöbəsinin pensiya təyinatı sektorunda baş məsləhətçi vəzifələrində işləyib.

Xatırladaq ki, həbs edildikdən sonra V.Əliyev onun əleyhinə ifadə vermiş keçmiş iş yoldaşını sifarişlə döydürərək bıçaqlatdırıb.

Tags:

Ardını oxu...
  

1993-cü ilə aid nəşrlərə əsaslanan MKİ-nin məxfiliyi ləğv edilmiş sənədində iddia olunur ki, 1989-90-cı illər arasında Sibirdə sovet əsgərləri uçan naməlum obyekti (UNO) vurublar, bundan sonra yadplanetlilər parlaq işıq şüası ilə onların əksəriyyətini daşa çevirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, MKİ-nin məxfiliyi ləğv edilmiş sənədində Sibirdə sovet əsgərləri ilə naməlum uçan obyekt (UFO) arasında ehtimal edilən qarşılaşma haqqında məlumat var. Bu barədə ilk material 1993-cü ildə Ukrayna nəşrlərində yer alıb.

Sənəddə təlimlərin keçirildiyi sovet hərbi bazasının üzərində alçaqdan uçan boşqab şəkilli obyektin göründüyü təsvir edilir. Naməlum səbəblərdən hərbçilər obyektə “yer-hava” tipli raket atıb, bundan sonra “boşqab” bazanın yaxınlığında yerə düşüb.

Məlumata görə, dağıntılar arasından iri başlı və qara gözlü beş qısa boylu humanoid çıxıb. İddiaya görə, onlar tək bir sferik obyektə birləşiblər və bu, yüksək səsli səs çıxarıb və sonra parlaq işığa çevrilib. Nəticədə hadisə yerində olan 23 əsgər daşa çevrilib və yalnız ikisi birbaşa işığa məruz qalmadığından sağ qalıb.
Xəbərdə həmçinin qeyd olunur ki, UNO qalıqları və ölən əsgərlərin cəsədləri Moskva yaxınlığındakı gizli tədqiqat institutuna təhvil verilib. Sənədə əsasən, ekspertlər belə qənaətə gəliblər ki, naməlum enerji mənbəyi əsgərlərin bədən quruluşunu dəyişərək, onları tərkibində əhəng daşına oxşar maddəyə çevirib.

Bununla belə, qeyd olunur ki, MKİ sənədindəki məlumatlar 1993-cü ildə Ukrayna qəzetlərində “Kosmik qisas” başlıqlı məqaləyə əsaslanır. Bu hekayət azı səkkiz ildir ki, internetdə yayılır və onun doğruluğuna dair suallar yaradır.

MKİ kimi ciddi bir təşkilatın adi qəzet məqaləsini ciddiyə alması və onu məxfi elan etməsinin özü də suallar doğurur.

Musavat.com

 

Ardını oxu...
Bakıda ötən həftə BYD avtomobili ilə ağır qəza törədən sürücü Anar Nəcəfov xəstəxanadan video paylaşıb.

Modern.az-ın məlumatına görə, o, kart hesabına yüksək məbləğdə pul toplanması ilə bağlı iddialara aydınlıq gətirib.

Anar Nəcəfov bildirib ki, kartına 90 min manat pul yığılması və ona avtomobil hədiyyə edilməsi ilə bağlı deyilənlər yalandır: “Cəmi 3-4 min pul yığılıb. Maşın da hədiyyə edilməyib. Yalan söhbətdir. O kart pulları başqalarına gedə bilər, bizim karta gəlməyib”.

Qeyd edək ki, qəza Heydər Əliyev prospektində baş verib. “Bolt” taksi şirkətinə məxsus avtomobilin sürücüsü idatəetməni itirib, arakəsməni yararaq prospektdə hərəkətdə olan “Ford”a dəyib və yolun bu biri tərəfinə düşüb. Hadisə nəticəsində sürücü və sərnişini xəsarət alıb.
Ardını oxu...
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Azərbaycanın bəzi rayonlarında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq yağıntıların intensivləşəcəyi, 15 və 16-da daha da kəskinləşəcəyi, yağışın leysan xarakterli güclü olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, intensiv yağış nəticəsində dağ çaylarından sel və daşqın keçəcəyi ehtimalı var.

Aprelin 15-16-da qərb küləyinin əsəcəyi, 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq fasilələrlə yağış yağacaq, 15-16-da arabir leysan xarakterli intensiv olacaq.

Aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq 17-si gündüzədək şimal-qərb küləyinin əsəcəyi, 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti aprelin 17-dək davam edəcək.

Qeyd: Hava durumu ilə bağlı yenilənmiş məlumatlar mütəmadi olaraq təqdim olunacaq.
 
Ardını oxu...
Türkiyədə son 30 ilin ən aşağı temperaturu qeydə alınıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə ölkənin kənd təsərrüfatı naziri İbrahim Yumaqlı "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Belə ki, son üç gündə havanın temperaturu -15 dərəcəyə enib. Bəzi bölgələrdə son 30 ilin ən aşağı temperaturu qeydə alınıb. Ölkə ərazisində də qar və dolu yağıb.

Temperaturun kəskin aşağı düşməsi ilə təsərrüfatlar zərər çəkib. Belə ki, əkilmiş ərik və qoz ağaclarına, üzüm bağlarına, kartof və soğan sahələrinə ziyan dəyib.

Nazir qeyd edib ki, əlverişsiz hava şəraitindən zərər çəkən istehsalçılara dövlət tərəfindən dəstək verilməsi nəzərdə tutulur.
 
Ardını oxu...
Aprelin 13-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində yerləşən çoxmərtəbəli binaları əhatə edən, 1400-dən çox sakinin yaşadığı həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.
Tədbir çərçivəsində Leyla Əliyeva IDEA könüllüləri ilə birlikdə keçirilən ağacəkmə aksiyasında iştirak ediblər. Həyətin azyaşlı sakinlərinə hədiyyələr təqdim olunub.
“Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılmış digər ərazilərdə olduğu kimi, yenidən qurulmuş növbəti həyətdə də sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli təşkili və onlarda idmana marağın artırılması məqsədilə ərazidə süni örtüklü futbol stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaqlar üçün oyun sahəsi salınıb. Eyni zamanda, həyətyanı sahədə söhbətgahlar, çoxsaylı oturacaqlar, quş yuvaları və pişik evləri quraşdırılıb. Həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü, elektrik xətləri yenilənib.
Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 170 ədəd müxtəlif növ ağac və 3100-dən çox mövsümü gül, eləcə də kol bitkiləri əkilərək yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətrafında sıx bitən və havanın çirklənməsinin qarşısını almaq məqsədilə adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkilərək “yaşıl sədlər” yaradılıb.
Məlumat üçün bildirək ki, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi 2017-ci ildən etibarən icra olunur. Layihənin əsas məqsədi paytaxt ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad olması, yaşıllıqların bərpası, mənalı istirahət mühitinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır. “Bizim həyət” layihəsi çərçivəsində bu günədək 157 ümumi yaşayış sahəsi abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.
Qeyd edək ki, IDEA İctimai Birliyi həyətlərin abadlaşdırılması və yenidənqurma işlərinin aparılması istiqamətində sakinlərin təklif və müraciətlərini İctimai Birliyə təqdim etməyə çağırır. Müraciətlərinizi IDEA İctimai Birliyinin “qaynar xətt”i “1113” və ya e-mail ünvanına (info@ideacampaign.org) göndərməyiniz xahiş olunur.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti