b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_e2d1abf2c072935a68fe8084957969f5.jpg
 

Gündəlik qidalanmamızda mühüm yer tutan yağlar düzgün seçilmədikdə, sağlamlığımız üçün ciddi təhlükəyə çevrilə bilər. Mütəxəssislər xüsusilə bəzi növ yağların tərkibində olan zərərli maddələrin orqanizmdə yığılıb xərçəngdən tutmuş ürək-damar xəstəliklərinə qədər bir sıra problemlərə səbəb olduğunu bildirirlər.

Musavat.com xəbər verir ki, trans yağlar ən təhlükəli yağ növü hesab olunur. Bu yağlar əsasən hazır qidalarda – çipslər, şirniyyatlar, fast food məhsulları və margarində geniş şəkildə istifadə edilir. Trans yağlar orqanizmdə pis xolesterolu artırır, yaxşı xolesterolu isə azaldır. Bu da zamanla damarların tıxanmasına və infarkt riskinin yüksəlməsinə gətirib çıxarır.

Hidrogenləşdirilmiş bitki yağları da diqqətlə seçilməlidir. Qızartmalarda istifadə edilən bu yağlar dəfələrlə qızdırıldıqda kanserogen maddələr ifraz edir və bu maddələr hüceyrələrin mutasiyasına səbəb ola bilər. Bu isə xərçəng riskini ciddi şəkildə artırır.

Eyni zamanda, palma yağı da sağlamlıq üçün mübahisəli yağlardan biridir. Ucuz və asan tapıldığı üçün bir çox sənaye məhsullarında istifadə olunur. Lakin bəzi elmi tədqiqatlar palm yağının orqanizmdə iltihabi prosesləri gücləndirdiyini və qaraciyər fəaliyyətinə mənfi təsir etdiyini ortaya qoyub.

Həkimlərin tövsiyəsinə görə, sağlam qalmaq üçün qidalanmada zeytun yağı, kətan toxumu yağı, qoz və avokado yağı kimi təbii və soyuq sıxım yağlara üstünlük verilməlidir. Bu yağlar həm ürək sağlamlığını qoruyur, həm də hüceyrələrin yenilənməsinə yardım edir.

Unutmayın: hər yağ sağlam deyil. Marketdən aldığınız hər məhsulun üzərindəki tərkibi oxuyun və “trans yağ”, “hidrogenləşdirilmiş yağ” ifadələrini görsəniz, uzaq durun.

Musavat.com

Dünyapress TV

Xəbər lenti