![]() |
![]() ![]() ![]() |
|
2019-cu ildən “Xəzər” telekanalında yayımlanan “Komedixana” layihəsi illərdir izləyicilər tərəfindən sevilir. Layihənin ulduzları isə tamaşaçıların daim diqqət mərkəzindədir.
Bəs “Komedixana”nın parlaq ulduzlarından olan aktyor Cavidan Novruz kimdir?
Musavat.com aktyorun dosyesini təqdim edir.
Cavidan Novruz 12 fevral 1987-ci ildə Bakı şəhərində, Xalq artisti Ramiz Novruzun ailəsində anadan olub. Səbail rayonu 7 nömrəli orta məktəbi 2005-ci ildə bitirdikdən sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dram-kino aktyorluğu fakültəsinə, Xalq artisti Kamal Xudaverdiyevin kursuna qəbul olub. Universiteti 2009-cu ildə bitirib.
Hazırda aktyorluqla yanaşı, müğənnilik edən Cavidan ifaçılığına atasının razı olmadığını müsahibəsinin birində bu sözlərlə ifadə etmişdi:
“Atam evdən çıxanda deyirdi ki, birdən çaşıb “Azəri Star”a, “Yeni Ulduz”a gedərsən, məni biabır etmə. Deyirdim ki, elə şey yoxdur. Mənə deyirdi ki, otur yerində, bayağı müğənnilərin sayını artırma”.
Aktyor iki dəfə “Komedixana” komandasına qatılsa da, onun yolu hər zaman yarımçıq qalıb. Komandadan ilk ayrılığı Ənvər Abbasovla arasında olan anlaşmazlıq səbəbindən olub:
“May ayının 25-26-da Sumqayıtda konsert verməli idik. 25 may atamın ad günü idi. Onun vəfatından sonra ilk dəfə Akademik Milli Dram Teatrında atam üçün xatirə gecəsi keçiriləcəkdi. Düşündüm ki, atama həsr olunan bu tədbirdə oğlu olaraq iştirak etməliyəm. “Komedixana”nın layihə rəhbərinə də zəng edib məsələni bildirdim. Amma atamın xatirə gecəsində iştirak etməyimə icazə vermədi, dedi ki, mümkün deyil.
Bu hadisədən sonra aramızda heç bir müqəddəs bağ qalmadı. Həmin an hər şeyi bitirdim. Amma düşmənçiliklə yox, dostluqla ayrıldım”.
Cavidan bir neçə ay sonra Ənvər Abbasovdan üzr istəyərək komandaya qayıtsa da, onun fəaliyyəti uzun çəkməyib.
Cavidan Novruz hazırda atasının yazdığı hekayələrdən birinə film çəkir. O, bu haqda sosial media hesabında məlumat yayıb:
“Atam, mərhum Xalq artisti Ramiz Novruzun 70 illiyidir! Bu münasibətlə atamın kitabını çıxarıram və qələmə aldığı çox gözəl bir hekayənin filmini çəkirəm. Artıq çəkilişlərə başladıq. Gözəl bir iş ərsəyə gətirəcəm ki, ruhu şad olsun. Nə qədər nəfəsim gəlirsə, mən bu insanı yaşadacağam.
Bir övladı kimi borcum nədirsə, onu edirəm. Yanımda olan hər kəsə təşəkkür. Xüsusilə aktyorlar, Əməkdar artistlər Anar Heybətov və Məsmə Aslanqızı, çalışdığım Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına təşəkkür edirəm. Baş rolun ifaçısı Ramiz Novruzun nəvəsi Turan Novruzdur”.
Könül
Musavat.com