Arayik Harutyunyan getdi. Nə dəyişəcək? Azərbaycandan və Ermənistandan şərhlər
Sentyabrın 1-də istefa ərizəsini “DQR parlamenti”nə təqdim edən separatçı “Dağlıq Qarabağ Respublikasının prezidenti” Arayik Harutyunyanı kimin əvəz edəcəyi həm Bakıda, həm də Yerevanda müzakirə edilən məsələlərdən biridir.

Türkiyəli jurnalist Könül Şahin Arayik Harutyunyanın istefa məsələsindən sonra həm Azərbaycan, həm də Ermənistanda səslənən şərhləri toplayaraq BBC Azərbaycanca üçün yazıb:

“DQR parlamentinin’’ beş partiyasından dördü Samvel Şahramanyanı ötən həftə "istefa vermiş" Arayik Harutyunyanın yerinə namızəd göstərib. Azərbaycan və Ermənistan arasında hərbi ritorikanın artdığı bir vaxtda, separatçı seçkilərin sentyabrın 9-da keçirilməsi gözlənilir.

2023-cü ilin yanvarında tanınmamış "DQR Təhlükəsizlik Şurasının katibi" vəzifəsinə başlayan Şahramanyan avqustun 31-də Gurgen Nersisyanın yerinə Arayik Harutyunyan tərəfindən “dövlət naziri” təyin edilib.

“DQR”in “keçmiş prezidenti” Bako Sahakyanın adamı kimi qələmə verilən Şahramanyan mart ayında Rusiya sülhməramlı qüvvələrinin qərargahında Xankəndi/Stepanakert təmsilçisi olaraq Bakı nümayəndələri ilə görüşən şəxs idi.

Qarabağdakı separatçı qurumun yeni prezidenti üçün seçkilərin 2025-ci ildə keçirilməsi planlaşdırılır. Amma İkinci Qarabağ müharibəsindən sonra belə bir seçkinin keçirilməsi Bakını kəskin addımlar atmağa vadar edə bilər, ona görə də politoloqlar Harutyunyanı “DQRin son seçilmiş prezidenti" adlandırırlar.

Ermənistandan jurnalist Karpis Paşoyanın fikrincə, Arayik Harutyunyan “DQR”in dövlətçiliyinin son nümayəndəsi" idi:

“Artsax ermənilərinin daha prezident seçmək imkanı olmayacaq. İstənilən seçim Bakı ilə razılaşdırılmalıdır. Bunun alternativi silahlı mübarizədir, lakin bunun mümkünlüyü qeyd olunmur”.
Karpis Paşoyan hesab edir ki, Arayik Harutyunyanın “Dağlıq Qarabağın prezidenti” seçilməsi ABŞ və Rusiyada "həyəcan yaratmışdı".

Minsk qrupunun həmsədrləri olan bu ölkələr 1980-ci illərin axırında Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSRİ-nin tərkibindən çıxarılıb Ermənistan SSRİ-nin tərkibinə verilməsi təşəbbüsünü reallaşdırmağa çalışan və Birinci Qarabağ müharibəsinin başlamasında rolu olan Qarabağ Hərəkatı ilə heç bir siyasi əlaqəsi olmayan Harutyunyanla razılaşmanın asan olacağını düşünürdülər, o əlavə edib.

Amma 2020-ci ilin mayında “DQR”in dördüncü “prezidenti seçilən" Arayik Harutyunyan vəzifəyə başladığı ilk həftədən Bakının sərt reaksiyasına səbəb olmuş addımlar atmışdı.

O, 2020-ci il mayın 21-də Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə Şuşada keçirilən “andiçmə mərasimi” ilə vəzifəyə başlamış, “prezident”liyinin ilk həftəsində Şuşanın işğalının 30 illiyi şərəfinə “Dağlıq Qarabağ Milli Məclisi”nin Xankəndidən Şuşaya köçürülməsi haqqında qərar qəbul etmişdi.

Arayik Harutyunyanın istefasına baxmayaraq, onun həmsədri olduğu Azad Vətən (Azat Hayrenik) partiyası tanınmamış parlamentdə çoxluğa malikdir. Bu, o deməkdir ki, müvəqqəti “prezident” də Harutyunyanın təsdiq edəcəyi şəxs olacaq.

Kimin seçiləcəyindən asılı olmayaraq, ən vacib və kritik məsələ Ağdam-Xankəndi yolu mövzusunda Bakı ilə razılığın əldə olunmasının zəruriliyidir. Bakı Ağdam-Xankəndi yolunun açılmasında israrlıdır və görünür ki, bu qərarından geri addım atmayacaq.

Hələlik Ağdam-Xənkəndi yolunun açılmasına Qarabağdan, sadəcə Samvel Babayan (separatçı DQR Təhlükəsizlik Şurasının keçmiş katibi) müsbət baxır. Ermənistan mətbuatına açıqlama verən Babayan bildirib ki, 20-yə yaxın bənddən ibarət həll zərfi üzərində işləyirlər və bu zərfdə Ağdam-Xankəndi və Laçın-Xankəndi yolunun necə işləyəcəyi ilə bağlı tövsiyələr də yer alacaq.

Son vaxtlarda müxtəlif təklifləri ilə çıxış edən Babayan tanınmayan Qarabağ parlamentinin ikinci böyük partiyası “Vahid Vətən”in lideridir.

O, Ermənistan mətbuatına verdiyi açıqlamasında şənbə günü keçiriləcək seçkiləri boykot edəcəyini bildirib.

Ermənistanda mənzillənən Demokratik Alternativ Partiyasının lideri və siyasi şərhçi Suren Surenyants sosial media hesabında “DQR-in mövcudluğunu çoxdan itirdiyini" bildirib və bunu Ermənistan Baş naziri Nikol Paşinyanın səhv siyasətinin bir nəticəsi adlandırıb:

“Artsax bir subyekt kimi Arayikin istefası ilə yox, Ermənistanın bir nömrəli kabinetini tutan şəxsin müharibədən əvvəlki və müharibədən sonrakı avanturist siyasəti nəticəsində məhv edilib. Artsaxın subyektliyi çoxdan məhv edilib, Arayikin istefası, sadəcə bir nəticədir”.

Surenyantsın fikrincə, Qarabağda yeni rəhbər kim olursa olsun, o, Qarabağ erməniləri ilə bağlı iki çətin qərar verməli olacaq: Azərbaycandan asılı olaraq Qarabağda yaşamağa davam etmək və ya erməniləri Qarabağdan çıxarmaq.

Yerevandan başqa bir siyasi şərhçi Benyamin Poğosyanın fikrincə, Arayik Harutyunyanın ən böyük səhvi son doqquz ay ərzində vəzyiyyəti dəyişdirəcək heç bir qərar qəbul etməməsi olub. Poğosyan “Qafqazdan xəbərlər” (“Novosti s Kafkaza”) Youtube kanalına müsahibəsində onu da deyir ki, Harutyunyanın yerinə seçiləcək “prezident” Ermənistandan asılı olmayacaq, fəaliyyətini “daha çox müstəqil quracaq”.

Bakıda mənzillənən Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov BBC Azərbaycancaya deyib ki, Arayik Harutyunyanın istefası Bakı üçün uğurlu bir nəticə sayıla bilər:

‘Siyasi və psixoloji baxımdan Harutyunyanın istefasını uğur kimi dəyərləndirmək olar. Çünki bütün bu olanlar onu göstərir ki, Azərbaycanın apardığı siyasət və etdiyi təzyiq Qarabağdakı ictimai siyasi proseslərə birbaşa təsir edir”.

Rusif Hüseynova görə, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan şəhərlərinin və mülki sakinlərinin bombalanması əmrini verdiyinə görə, Azərbaycanda cinayətkar elan olunmuş bir şəxs ilə danışıqların aparılması mümkün deyildi:

“Bütün bunlara görə Bakı onu Qarabağ ermənilərinin səlahiyyətli nümayəndəsi olaraq görmürdü. Onun getməsi ilə Bakının danışıqlar apara biləcəyi bir şəxsin ortaya çıxması bütün bu komunikasiya məsələlərini asanlaşdıra bilər”.

İkinci Qarabağ müharibəsi zamanı Gəncəyə onlarla dinc sakinin ölümünə səbəb raket hücumu edilməsindən sonra Azərbaycan Baş Prokurorluğu Arayik Harutyunyan və bəzi “DQR vəzifəliləri” barəsində cinayət işi açmışdı.

Bakıdan mənzillənən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov BBC Azərbaycancaya deyib ki, Qarabağda yeni “seçilən prezident’’ kim olursa olsun, Bakı üçün əsas məsələ onunla Qarabağ ermənilərinin reinteqrasiya mövzusunun müzakirəsi olacaqdır:

“Azərbaycan üçün əsas məsələ odur ki, Qarabağ əhalisinin nümayəndəsi yerli əhalidən olsun. Qarabağ erməniləri kimi öz nümayəndələri olaraq göndərsələr, mərkəzi hakimiyyət onunla dialoq aparmağa hazırdır”.

Fərhad Məmmədov vurğulayır ki, rəsmi Bakı üçün aktual məsələlələr Ağdam-Xankəndi yolunun istifadəsi, reinteqrasiya prosesinin başlanması, silahsızlaşdırmanın həyata keçirilməsidir və onun üçün fərqi yoxdur ki, bunu "Samvel Şahramanyanmı edəcək, Samvel Babayanmı".

Bölmənin digər xəbərləri

18 İyun 2025 Kəngərliyə növbəti köç karvanı yola salındı
17 İyun 2025 Xankəndi rejiminin "qara kassası" hakim qarşısında
16 İyun 2025 “Zəngəzur dəhlizi əldən gedir” - İrəvanda panika
15 İyun 2025 Laçının Sus kəndində “Son zəng” sevinci yaşandı - FOTOLAR
13 İyun 2025 Laçının Baş Planı təsdiqləndi
13 İyun 2025 Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq
13 İyun 2025 Şuşa ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM
12 İyun 2025 Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun şəhid olduğu gündür
06 İyun 2025  Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır
05 İyun 2025 MİDA-nın Füzulidə tikdiyi mənzildən şikayət - FOTO
02 İyun 2025 Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
02 İyun 2025 “Qarabağda hər kəs ev tikə bilməz” - Asəf Quliyev
31 May 2025 Füzuli şəhərində yeni “Nar” mağazası fəaliyyətə başladı
30 May 2025 İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM
30 May 2025 Azad olunmuş torpaqlara köç artır - Bu il geri dönüşdə rekord qeydə alınıb
30 May 2025  BU NƏDİ BELƏ: İqtisadiyyat Nazirliyinin siyahısında Ağdərə rayonu yoxdur – FOTOFAKT
28 May 2025 Prezident Bəylik kəndinin açılışında - Fotolar
28 May 2025 Laçın Hava Limanı Hansı Üstünlüklər Vəd Edir?
28 May 2025 Prezident Şahbaz Şəriflə Laçında nahar masasında – Fotolar
27 May 2025 İlham Əliyev Laçında açılışlar etdi - FOTO

Dünyapress TV

Xəbər lenti