Ardını oxu...
İranda hicab taxmayan qadınları ağıllı kameralar aşkar edəcək.
Teref.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, kameralar İranın küçələrində geyim qaydalarına əməl etməyən qadınların kimliyini də müəyyən edəcək.
Qaydalara əməl etməyən şəxslərlə bağlı xəbərdarlıq mesaj şəklində göndəriləcək.
İran rəsmiləri bu addımın vətəndaşlarda hər hansı bir gərginliyin yaşanmaması üçün təhlükəsizlik qüvvələri tərəfindən yenilikçi bir tədbir olduğunu bildiriblər.
 
Ardını oxu...
Bakıda anasının yad kişilərlə gəzdiyini bilən məktəblidən DƏHŞƏTLİ ƏMƏL

Bakı şəhər sakini, 2007-ci il təvəllüdlü Vüsal qısqanclıq zəminində anası Ləmanı (adlar şərti verilib - red.) qətlə yetirib.

Teref.Az Teleqraf.com-a istinadən xəbər verir ki, Vüsal 2019-cu ilin avqustunda anası Ləmanın istifadəsində olan mobil telefona baxarkən "Tik-tok" və digər sosial şəbəkələrdə onun müxtəlif kişilərlə intim əlaqədə olması barədə yazışmalar aparmasını görüb.

O, bu barədə atası Vahidə məlumat verib və anasının bu hərəkətlərinə görə valideynləri Xətai rayon Məhkəməsinin 23 dekabr 2019-cu il tarixli qətnaməsi əsasında boşanıblar.

Daha sonra Vüsal atası ilə birlikdə yaşayarkən 2020-ci ilin yay aylarından etibarən anasının yüngül həyat tərzinə görə təhsil aldığı məktəbdə, qonşuluqda yaşayan həmyaşıdlarının ona mütəmadi irad bildirmələri ilə əlaqədar anasının əxlaqsızlıq etməsi ilə namusuna, həmyaşıdları və qohumları arasında nüfuzuna ləkə gətirdiyini hesab edib. O, qisas almaq niyyəti ilə anasını öldürmək qərarına gəlib.

Bu məqsədlə Vüsal 19 aprel 2022-ci ildə, saat 20.05-də özünə məxsus mobil telefondan anasına mesaj yazıb. Növbəti gün, saat 12 radələrində Nizami rayonunda babasına məxsus evin yaxınlığında yerləşən bankın yanına görüşə çağırıb.

Vüsal niyyətini həyata keçirmək üçün aprelin 20-də, saat 11 radələrində yaşadığı evdən bıçaq götürüb və anası ilə görüşə gedib. Vüsal saat 12 radələrində anasına yaxınlaşıb və ona ümumilikdə 3 ədəd bıçaq xəsarəti yetirib. Qadın aldığı xəsarətlərdən vəfat edib.

"Qənaətə gəldim ki, anam atama xəyanət edir"

İstintaq orqanı tərəfindən Vüsalın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib: "Atam, anam və bacımla birlikdə yaşamışıq. Anamı atama xəyanət etdiyinə görə bıçaqlamışam. Anamın xəyanət etməyini isə onun heç bir yerdə işləmədiyi halda tez-tez evdən çıxmasından, evə gec qayıtmasından, evə gəldikdə yataq otağına girərək saatlarla kiminləsə telefonla danışmasından, nəhayət, məqam taparaq anamın telefonundakı məlumatlara baxarkən onun kənar kişilərlə intim yazışmalarını aşkar etməyimdən bildim.

Artıq qənaətə gəldim ki, anam atama xəyanət edir".

"Atam və anam boşandı"

Təqsirləndirilən şəxsin sözlərinə görə, atası işi ilə əlaqədar tez-tez Türkiyəyə getdiyi üçün o, bacısı və anası evdə tək qalıb: "Anamın evə gec gəlməsi, başqa şəxslərlə telefon əlaqəsi saxlaması məhz həmin müddətlərə təsadüf edib. Şübhələrim barədə babam Sadifin evində olan zaman, 2019-cu ilin dekabrında bibim Naziləyə dedim. Bibim də atama xəbər verməyimi məsləhət bildi.

Bundan sonra atama olanları bildirdim. Atam dərhal evimizdə olan qaynanası Bahara zəng etdi. Ondan Ləmanla birlikdə evi tərk etmələrini tələb elədi. Həmin vaxtdan atam və anam boşandı. Mən, bacım və atam evimizdə, bəzən isə babamın evində qaldıq".

"Küçəyə utandığımdan çıxa bilmədim"

Təqsirləndirilən şəxs deyib ki, anasının başqa kişilərlə "İnstaqram"da olan yazışmaları sinif yoldaşları və məhəllədəki həmyaşıdlarının əlinə keçib: "Onlar da məni bu səbəbdən təhqir edirdilər. Buna dözməyib atamın vasitəsi ilə oxuduğum məktəbi dəyişdim. Lakin küçəyə utandığımdan çıxa bilmədim. Fkirləşdim ki, ailəmə düşən ləkəni yumalıyam.

Ata-anam boşandıqdan sonra anamla danışmamışam. Ümumiyyətlə, onunla əlaqələrimi tamamilə kəsdim".

"Görüşmək istədiyimi bildirdim"

Vüsal bildirib ki, aprelin 19-da saat 19 radələrində Əhmədli qəsəbəsində getdiyi dərs məşğələsindən çıxıb və babasının evinə gedib:

"Həmin gün mənim İngilis dili və Riyaziyyat fənlərindən fərdi məşğələ dərslərim olub. Babamgilə gəldikdən sonra anama mesaj yazaraq görüşmək istədiyimi, ona deyəcək sözüm olmasını bildirdim. Anam mənimlə görüşməyə razılaşdı.

Ona aprelin 20-də saat 12-də babamgilin evinə yaxın olan "Kapital Bank"ın qarşısında görüşmək istədiyimi yazdım".

"Nə olduqlarını xatırlamıram"

Vüsalın sözlərinə görə, aprelin 19-da gecə babasıgildə qalıb və səhər mətbəxdən bıçaq götürərək məktəbli çantasına qoyub: "Saat təxminən 11.15-də babamgilin yaşadığı evdən çıxdım və piyada "Kapital Bank"ın qarşısına gəldim. Anamın piyada "Neftçilər" dairəsi adlanan yerdən "Kapital Bank"a tərəf gəldiyini gördüm.

Ona yaxınlaşdım, əlimdə olan bel çantasını yerə qoydum və içərisinə əvvəlcədən qoyduğum bıçağı çıxardım. Bundan sonra nə olduqlarını isə xatırlamıram.

Çantamı və bıçağı yerə ataraq oradan təslim olmaq üçün 24-cü polis şöbəsinə getdim. Lakin bölmənin yerini dəyişdirildiyini gördüm və babamgilə qayıtdım".

"Məni polis şöbəsinə apardılar"

Təqsirləndirilən şəxs qeyd edib ki, nənəsinə anasını bıçaqla vurduğunu, ona kömək etmələrini bildirib: "Nənəm də həmin vaxt babama bu barədə məlumat verdi. Babam və nənəmdən başqa bibim qızı da evdə idi. Evdə olanlar anamı bıçaqladığımı bildilər. Buna görə atama zəng edərək məlumat verdilər.

Təxminən 15 dəqiqə sonra atam da gəldi. Anamı bıçaqla vurduğumu ona da bildirdim. Atam məni polis idarəsinə aparmaq istədi. Polis əməkdaşları gələrək məni 24-cü polis şöbəsinə apardılar".

"Əxlaqsız hərəkətlərini görməmişəm"

İş üzrə şahid qismində ifadə verən təqsirləndirilən şəxsin atası Vahidin sözlərinə görə, Ləmanla 2006-cı ildə ailə qurub: "Bizim birgə nikahımızdan 2 övladımız olub. Hər ikisi məktəblidir, eyni məktəbdə oxuyurlar. Oğluma atamın adını qoyduğuma görə nəsildə hamı onu xüsusi olaraq sevib.

9-cu sinif şagirdi olan oğlum tərbiyəli, normal uşaqdır. Məktəbdə də yaxşı oxuyub. Məktəbi bitirdikdən sonra ali təhsil almaq fikrində idi.

Əvvəllər Ləmanla münasibətlərimiz tam normal olub. Mən işlə əlaqədar əksər vaxtlarda xarici ölkələrdə səfərlərdə olmuşam. Ləmanın əvvəllər hər hansı əxlaqsız hərəkətlərini görməmişəm".

"Arvadımın yad kişilərlə münasibəti olduğunu bildirdi"

Vahid qeyd edib ki, 2020-ci ilin dekabrında Ukraynadan geri qayıtdıqda Ləman boşanmaq üçün məhkəməyə ərizə verdiyini bildirib: "Mən əvvəl zarafat kimi qəbul edərək "mən boşanmıram" dedim. Lakin Ləman boşanmaq istədiyini qəti bildirdi. Mən də boşanma ilə əlaqədar məhkəməyə müraciət etdim.

2020-ci ilin dekabrında mən, qızım, oğlum bacımgilə qonaqlığa getdik. Orada bacım mənə bildirdi ki, oğlum və qızım arvadımın yad kişilərlə münasibəti olduğunu, mənə xəyanət etməsi barədə ona deyiblər. Bununla bağlı hələ boşanmamışdan əvvəl yad kişilərlə münasibəti və tanış olması ilə əlaqədar oğlumun telefonundan çəkdiyi ekran görüntülərini, eyni zamanda Ləmanın telefon danışıqlarını təqdim etdi".

"Ailəmiz dağıldı"

Vahidin sözlərinə görə, bundan sonra övladlarının dediklərini təsdiq etmək üçün onlarla danışıb və övladları ona Ləmanın yad kişilərlə danışdığını, görüşdüyünü telefonda gördüklərini bildiriblər: "Bundan sonra digər bacım Ləmanın anası, yəni qayınanama zəng etdi, qızını da götürərək evdən getməyini bildirdi. Qaynanam və Ləman mənzildə olan əşyaları, qızıl-zinət əşyalarını götürərək getdilər. Artıq Ləmanın başqa adamlarla münasibəti aşkara çıxdığına görə ailəmiz faktiki olaraq dağıldı".

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmə hökm çıxaran zaman Vüsalın barəsində Cinayət Məcəlləsinin 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsi tətbiq olunub.

Məhkəmənin hökmü ilə Vüsal 5 il müddətinə azadlıqdan məhrum edilib.
Ardını oxu...
1923-cü il aprelin 28-də - ilin ən gözəl fəsli olan baharda dünyaya göz açan, gözəl insan, qayğıkeş həkim, akademik Zərifə xanım Əliyevanın 100 yaşı tamam olur. Dünya şöhrətli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın Tanırının taleyinə yazdığı ömür payı, tərcümeyi-halı çox sadə, başqalarından fərqlənməsə də, neçə-neçə insanın dünyaya nurlu baxışında yaşayan əməllərinin dəyəri ölçüyəgəlməz dərəcədə qiymətlidir.
Zərifə xanım Əliyeva Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, tibb elmləri doktoru, professor, onlarla elmi monoqrafiyanın müəllifi, bir zamanlar kütləvi yayılan qlaukomanın etimologiyası, tibbi deontologiya, iridodiadiaqnostika məsələləri üzrə həkim kimi özünü təsdiqləmişdir.
Zərifə xanımın keçmiş SSRİ miqyasında, Azərbaycanda M.İ.Averbax adına Beynəlxalq Mükafata layiq görülən ilk qadın oftalmoloq olmuşdur. Azərbaycanın tibb tarixində özünəməxsus yeri olan təcrübəli həkim Əziz Əliyevin ailəsində dünyaya gələn Zərifə xanım Tanrının Azərbaycan xalqına bəxş etdiyi nurlu əllər sahibi olmasını qısa, şərəfli ömür yolu ilə təsdiqləmişdir. Elm aləminə dəyərli yeniliklər gətirməklə intellektual səviyyəsi, biliyi, fitri istedadı, cəmiyyətdəki mövqeyi, çalışdığı kollektivdəki səmimiyyəti ilə də fərqlənən Zərifə xanımın barədə ömür-gün yoldaşı Ulu Öndər Heydər Əliyevin demişdi: “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib.”
Zərifə xanımın həyat yolu, elmi axtarışları, səhiyyənin oftalmologiya sahəsinə gətirdiyi yeniliklər bu gün də nümunə göstərilə biləcək qədər dəyərli, zəngin olub. Seçdiyi peşəsini humanizm ilə təcrübənin vəhdətində təkmilləşdirən, xəstələrinə ana, bacı kimi qayğı göstərən, ən başlıcası isə qadın şəfqəti, ana nəvazişi ilə yanaşan Zərifə xanım Böyük Vətən müharibəsinə təsadüf edən tələbəlik illərində belə Bakıdakı hərbi hospitallarda müalicə olunan xəstələrə, yaralılara yardım göstərmişdir. Onu tanıyanlar deyirdilər ki, Zərifə xanım təkcə savadı ilə deyil, mərhəməti, nəvazişi ilə də xəstələrə həyat, yaşam uğrunda mübarizədə yardımçı olurdu.
Zərifə xanım Əliyeva alimlik dərəcəsi almaq üçün apardığı tədqiqatlara əsasən yazdığı «Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomitsinlə müalicə» adlı namizədlik dissertasiyasındakı nəzəri bilikləri ilə xəstəliklə mübarizə yollarını tibb ictimaiyyətinin diqqətinə çatdırdı. O, eyni zamanda qlaukoma xəstəliyinin öyrənilməsi istiqamətində araşdırmalarını davam etdirirdi. Peşə ilə əlaqədar yaranan göz xəstəliklərinin araşdırılması oftalmologiyada demək olar ki, yeni bir sahə kimi onun diqqətini cəlb edir. Əldə etdiyi nailiyyətlər onun vəzifədə də yüksəlməsinə imkan yaratdı. O, əvvəlcə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru, sonra isə kafedra müdiri oldu.
Görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ilk elmi- tədqiqat laboratoriyasının yaradılması təşəbbüsünü qaldıran da Zərifə xanım olmuşdu. Gözün zədələnməsinin profilaktikası, görmə orqanlarında bədxassəli şişlərin diaqnostikası və öyrənilməsi ilə bağlı elmi axtarışlarını davam etdirən Zərifə xanımın Bakıda Məişət Kondinsionerləri Zavodunda yaratdığı laboratoriya dünyada yeganə olmaqla, həm də onun ikinci iş yeri idi. Burada apardığı tədqiqatlar daha çox səmərə verirdi. Müəssisədə fəaliyyət göstərən bu laboratoriya təkcə kondisionerlər zavodunun deyil, həmçinin həmin vaxtlarda paytaxtımızın sənaye mərkəzi sayılan Nərimanov rayonunda yerləşən digər zavod və fabriklərin əməkçilərinin xidmətində idi. Zərifə xanım və onun rəhbərlik etdiyi kollektiv yüzlərlə əməkçinin gözlərini müalicə edib və onların gözlərinə sözün əsi mənasında nuru qaytarıb.
Zavodda çalışanlar arasında qadınlar çoxluq təşkil etdiyindən daha artıq diqqət tələb olunurdu. Zərifə xanım aydın başa düşürdü ki, istehsalatda çalışan qadınlar həm də ana kimi ailənin qayğısını çəkməli, cəmiyyət üçün layiqli övlad yetişdirib, tərbiyə etməlidirlər. Bu baxımdan hamı onu qadınların hamisi adlandırırdı. Zərifə xanımı tanıyanların, onun haqqında xatirələrini söyləyənlərin ilk sözü bu olur: Zərifə xanım gözəllik, mərhəmət ilahəsi idi.
Ana kimi övladlarını Vətənə məhəbbət ruhunda böyütmüş, Azərbaycan xalqını dünyada tanıdan, adı məşhur liderlərlə qoşa çəkilən Prezident İlham Əliyev kimi lideri xalqımıza bəxş edən Zərifə xanım ən səmimi sözlərə, hörmətə layiq Azərbaycan qadını kimi ölkəmizdən kənarlarda belə ad–san qazanıb. Məsul vəzifələrdə çalışan Ulu Öndər Heydər Əliyevə layiq həyat yoldaşı olmaq, onunla çiyin-çiyinə addımlamaq üçün ən azı onun yüksəldiyi zirvənin yarısını qət etmək bacarığına malik olmaq lazım idi. Zərifə xanım davranışı, səmimiyyəti, qayğıkeşliyi ilə bu zirvəni də fəth etdi. Zərifə xanım dəyanəti ilə Şərq qadınlarına məxsus keyfiyyətləri şəxsində birləşdirən ömür-gün yoldaşı olduğunu sədaqətilə bildirib. Bu cür qiymətləndirmə bir ana, həyat yoldaşı kimi Zərifə xanıma verilən dəyərdir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
DİA.AZ
Ardını oxu...
Yevlax rayonunda 1974-cü il təvəllüdlü Məmməd qısqanclıq zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Leylanı öldürüb, qonşusu İlqara (adlar şərti verilib - red.) isə xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Məmməd 9 fevral 2022-ci ildə səhər saat 05:30-da yaşadığı Yevlax rayonunun kəndində fərdi yaşayış evinin yataq otağında arvadı Leylaya heyvanları bu gün sahəyə özünün aparacağını deyib.

Leylanın - “məni indi kimə qısqanırsan?”, - sualına cavabda, onu bir dəfə İlqarla gördüyünü deyib.

Leylanın yaxşı elədiyini, onun sözü ilə evdə oturmayacağını, ev dustağı olmayacağını deməsinə əsəbiləşib. Əvvəllər arvadı ilə birlikdə yaşadığı evin tövləsindən çıxdığını gördüyü həmkəndlisi İlqarı öldürmək qərarına gəlib. Evdə saxladığı tüfəngdən açdığı atəşlə Leylanı öldürüb.

Leylanın öldüyünə əmin olduqdan sonra saat 05:50-də yaşadığı evdən 150 metr aralıda qonşuluqda yaşayan İlqarın evinin həyətinə gedib. Yerdən götürdüyü daşla eyvanın döşəməsini döyüb və İlqarı səsləyib. İlqar qapını açıb eyvana çıxanda ona tərəf atəş açıb.

İlqara Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında tibbi yardım göstərildiyindən onun həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Məmmədin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məmməd ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

O bildirib ki, hadisədən bir müddət əvvəl bir dəfə evə gələrkən İlqarı onların həyətindən çıxan görüb və arvadının ona xəyanət etməsindən şübhələnib:

“Çünki əvvəllər İlqar heç vaxt bizə gəlməmişdi. Arvadım Leyla ilə aramızda mübahisə yarandı və ona xəsarət yetirdiyim üçün Yevlax Rayon Məhkəməsinin hökmü ilə 1 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olundum. Sonra amnistiyaya düşdüm və həbsdən azad edildim. Amma mərhum arvadımın hərəkətini bağışlaya bilmədim. Həbsdən qayıtdıqdan sonra qərara gəldim ki, onu öldürüm”.

Təqsirləndirilən şəxsin məhkəmə ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında ziddiyyət yaranıb. Bu səbəbdən məhkəmə onun ibtidai istintaqa verdiyi ifadəsini tədqiq edib.

Məmməd ibtidai istintaqa deyib ki, hadisə günü səhər saat 05:30-da yuxudan oyanıb, çaynikə su doldurub və qaynaması üçün qaz sobasının üzərinə qoyub:

“Həmin vaxt arvadım da yuxudan oyandı. Ona torpaq sahəsinə getdiyimi, qayıdandan sonra tövlədə olan iribuynuzlu heyvanları örüşə özümün aparacağımı dedim.
Leyla çarpayıda uzanıqlı vəziyyətdə mənə - “indi kimə qısqanırsan?”, - dedi. Mən də Leylaya - “mən səni bir dəfə İlqarla görmüşəm”, - dedim. Leyla da mənə evdə oturmayacağını söylədi”.

Məmməd qeyd edib ki, Leyla onunla mübahisə edən zaman çarpayıda uzanıqlı vəziyyətdə olub:

“Arvadımla mübahisədən sonra yataq otağında divanın altında olan qoşalülə "16-lıq" tüfəngi götürdüm. Leylaya tərəf yaxınlaşdım. Aramızda məsafə təxminən bir metr olardı.

Tüfəngi Leylaya tərəf tutdum. Silahı görən Leyla qışqırmağa başladı. Onun baş nahiyəsi istiqamətində atəş açdım. Lakin qırmanın Leylanın hansı nahiyəsinə dəydiyini görmədim.

Qoşalülə tüfəngi 28 fevral 1993-cü ildə Ağdam rayonundan tapmışam. O vaxtdan da yataq otağımdakı divanın altında saxlamışam”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, bir dəfə atəş açıb və qadının boğaz nahiyəsindən qan gəldiyini görüb:

“Cibimdən siqaret çıxararaq çəkdim. Siqareti çəkdikdən sonra 1 stəkan çay içdim. Saat 6 radələrində 100-130 metr aralıda yaşayan həmkəndlim İlqarı öldürmək məqsədi ilə tüfəngi də götürdüm və yaşadığı evə tərəf getdim. Bunun üçün psixi xəstə olan həmkəndlim Əlinin yaşadığı evin həyətindən İlqarın həyətinə keçdim.

Yerdən daş götürdüm, evin eyvanındakı taxta döşəməyə vurdum. İlqar çölə çıxmadığı üçün bundan sonra bir neçə dəfə daşla döşəməni döydüm. Nəhayət, İlqar evdən eyvana çıxdı”.

Məmməd qeyd edib ki, aralarında məsafə təxminən 7-8 metr olub:

“İlqarı görən kimi qoşalülə tüfənglə bir dəfə ona atəş açdım. O, qışqırdı, mən də həyətdən çıxdım. İlqara hansı nahiyəsindən xəsarət yetirdiyimi bilmədim”.

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Məmməd 18 il müddətinə azadlıqdan məhrum edilib.
Ardını oxu...
Şanlıurfada 3 uşaq anası Hülya B. ərinin qardaşı Ferdi B.-ni tapança ilə öldürərək polisin gəlməsini gözləyib. Polisə təslim olan Hülya B. bölmədəki ifadəsində törətdiyi əməli etiraf edib.

O, peşiman olmadığını və bunu namusuna görə etdiyini dilə gətirib.

Hadisəni törədən Hülya B. "Həyat yoldaşım İsmayıl B işə getdikdən sonra qaynım mənə kömək etmək bəhanəsi ilə tez-tez yanıma gəlməyə başladı. Sonra münasibətdə olduq.Amma sonradan ərim bizim münasibətimizdən xəbər tutdu.

Münasibətimiz ortaya çıxan kimi İsmayılla Ferdi arasında bıçaqlı dava düşdü. Dava zamanı hər ikisi yaralanıb. Qardaşlar bədənlərinin müxtəlif nahiyələrindən yüngül xəsarətlər alıblar. İlk olaraq qaynımla İzmirə getmişdim. Bir müddət sonra İzmirdə aramızda mübahisə olanda darıxdığım həyat yoldaşım və uşaqlarımın yanına qayıtdım. Hadisələrdən uzaq olmaq üçün Diyarbəkirdə məskunlaşdıq" deyə söyləyib.

Yeni həyatına başladığını bildirən Hülya B. diş texniki olan qaynının son günlər telefonla təcavüzünə, təzyiqlərinə məruz qaldığını iddia edib:

"Qaynım onunla bir intim əlaqədə olmağım üçün telefonda məni daim sıxışdırırdı.
O, təkidli təklifini rədd etdikdə, bu dəfə "TikTok"da birlikdə yaşadığımız vaxtlara aid uyğun olmayan şəkillərimi paylaşmaqla hədələməyə başladı.

Bundan sonra yoldaşıma aid sənədsiz silahını evdə götürüb Şanlıurfaya gəldim.

Evdən çıxan Ferdini silahla təqib etdim, sonra da vurdum. Mən bunu namusum üçün etmişəm və peşman deyiləm".

Polis bölməsindəki ifadəsindən sonra məhkəməyə sövq edilən Hülya B növbətçi hakim tərəfindən "əvvəlcədən planlayaraq adam öldürmə" ittihamı ilə həbs edilib. Qadınən himayəsində olan 3 uşaq Diyarbəkirdə yaşayan atalarının yanında qalıb.(32gun.az)
Ardını oxu...
Bakıda dodağına və alnına dolğu vurduran qadın problemlə üzləşib.

DİA.AZ “Qafqazinfo”ya istinadla xəbər verir ki, bundan sonra sifətində xoşagəlməz vəziyyət yarandığını deyən paytaxt sakini 1984-cü il təvəllüdlü V.A. hüquq-mühafizə orqanlarına müraciət edib.

O, fevralın 19-da Nərimanov rayonu Həsən Əliyev küçəsində yerləşən kosmetoloji mərkəzdə dodaq və alın nahiyəsinə dolğu vurduruğunu, lakin az sonra üzündə problemlərin yarandığını deyib. Şikayətçi kosmetoloq X.Mirzəyevanın məsuliyyətə cəlb edilməsini tələb edib.

V.A.-nın Nərimanov Rayon Prokurorluğuna etdiyi müraciət aidiyyəti üzrə Nərimanov Rayon Polis İdarəsinə göndərilib.

Araşdırmalar davam etdirilir.
Ardını oxu...
Avropa Azərbaycan Məktəbinin şagirdi Sara Nabikoğlu ABŞ-ın 10 nüfuzlu ali məktəbindən qəbul dəvəti alıb.

Terefd.az Azedu.az-a istinadla xəbər verir ki, Sara Nabikoğlunun əksərən aerospeys mühəndisliyi ixtisası üzrə dəvət aldığı yerlər sırasında ABŞ-ın Boston, Virciniya Texnologiya, Mayami, Pensilvaniya, Corc Vaşinqton kimi nüfuzlu universitetləri var. O, hazırda Böyük Britaniyanın “Queen Mary” və Bristol universitetlərindən də dəvət alıb.

Azərbaycanlı şagirdin seçimi Boston Universiteti olub.

Sara Nabikoğlu ixtiraları və ideyaları ilə bir neçə beynəlxalq olimpiadada uğur qazanıb. O, 5 dildə sərbəst danışır.
Ardını oxu...
 
Ardını oxu...
Rusiya prezidenti Vladimir Putinin qeyri-rəsmi xanımı olduğu iddia edilən Alina Kabayeva yeni sərvətin sahibi olub.

KONKRET.az xarici agentliklərə istinadən xəbər verir ki, martın əvvəlində Vladimir Putinin sevgilisi “Nebesnaya qratsiya” Assosiasiyasının direktoru olub.
Sənədlərə əsasən, “Nebesnaya qratsiya” bir neçə fəaliyyət növünə malikdir. Burada film istehsalından tutmuş, idman və istirahət fəaliyyəti, əmlakın idarə edilməsi, hətta masaj salonlarının idarəçiliyi də var.

Şirkət Putinin dostlarının qurduğu “Sirius Xüsusi İqtisadi Zonası”nda qeydiyyatdan keçib. Qeydiyyat yeri Triumfalnaya küçəsi, 7 ünvanı göstərilib. Bura 2,2 milyard rubl (28 milyon 248 min ABŞ dolları) dəyərində idman kompleksinin binasıdır. Bina əvvəllər “Qazprom”un törəmə müəssisələrinə məxsus olub, lakin bu ilin yanvar ayında Bədii Gimnastika Akademiyasına hədiyyə edilib. Yeri gəlmişkən, Akademiyaya Alina Kabayeva nəzarət edir, onun şirkəti bu binada yerləşir.
Ardını oxu...
 
Ardını oxu...
1995. Birinci ən çətin anımda Azərbaycanda həkimlər tərəfindən qızım Ayana ölüm hökmü oxunduğunda milli liderimiz Heydər Əliyevə qızımın müalicəsi üçün Almaniyaya göndərilməsi üçün teleqram vurdum. Gecə saat 12 də o böyük şəxsiyyət baş nazirin vəzifəsini icra edən Fuad Quliyevə zəng vurmuş,”Nuridə Atəşi yaxşı şairdir, qızı ölərsə, həyatı sönər, onu Almaniyaya göndərin deyə göstəriş vermişdi.
2016. İkinci çətin anım AMEA Arxeologiya, Antropologiya və Etnoqrafiya İnstitutunda ədalətsiz yerə tarix üzrə elmlər doktorluğu müdafiəmə bütün rəsmi elmi instansiyaları keçdiyim halda, (ilkin müdafiə belə olduğu halda) qadağa qoyuldu. Berlindəki səfər çərçivəsində əziz Prezidentim İlham Əliyevə müraciət təqdim etdim. Təyyarədən Bakıya enincə “Nuridə Atəşinin problemləri həll edilsin” deyə aidiyati təşkilatlara göstəriş verdi. Prezidentin göstərişinə zidd olaraq nə AMEA, nə Diaspora üzrə Dövlət Komitəsi nə də Mədəniyyət nazirliyi əməl etmədi.Lakin AMEA-nın, Arxeologiya və Tarix elminin ən görkəmli və dəyərli alimlərindən 77 nəfər üzvləri, Azərbaycan Prezidentinə mənim elmi tədqiqatlarımın objektivliyi haqqında müraciət imzaladı. Bu müraciət beynəlxalq elm aləmini də ayağa qaldırdı. Fransanın Lyon2 Universitetinə müdafiə üçün dəvət edildim. Elmi saxtakarlıqlarını ortaya çıxartdığım və qəbul etmədiyim elmi tezislərini tənqid etdiyim bir qrup alim nəinki dövlətimin rəsmi quruluşlarına danoslar yağdırmağa başladılar. Onlar mənim Fransada da müdafiəmə mane olmaq üçün fəaliyətə keçdilər. Avropanın müxtəlif görkəmli Universitet və Muzeylərinin mütəxəssislərindən yaradılmış Juri üzvlərinə, Juri sədrinə təyziqlər edildi. Fransa Xarici İşlər Nazirliyinə, Fransanın Azərbaycandakı Səfirliyinə , xüsusi ilə fransız elmi rəhbərim professor Mişel Kazanovaya müxtəlif təyziqlər və basqılar edildi. Əgər mənə dəstək olarsa ona bir daha Azərbaycanda qazıntılar aparmaq üçün izn verilməyəcək deyə təyziqlər altında qalan elmi rəhbərim də, Juri sədri də, Fransa Dövləti də, Fransız və beynəlxalq elm də bu ədalətsizliyə baş əymədi. Bütün maneələrə baxmayaraq mən 2019-cu ildə uğurla Fransada müdafiə etdim. Bununla da nəinki ilk Azərbaycanlı alim, hətta ilk qafqazlı alim olaraq Avropa elmində Xocalı- Gədəbəy mədəniyyətininin ilk beynəlxalq tədqiqatçısı və Qafqaz arxeologiyasının tədqiqat tarixini ilk dəfə yazan mütəxəssis oldum.
2020-ci ildə Azərbaycan prezidenti yanında Ali Atestasiya Komissiyası mənə arxeologiya üzrə Dosent diplomu verdi. Danosçular mənim bir tarixçi kimi yetişməyimdən, onların elmi saxtakarlıqlarını daha çox ifşa edəcəyimdən qorxaraq bundan sonra Fransız diplomumun vətənimdə nastrifikasiyasına maneə olmaq üçün yenidən fəaliyyətə keçdilər. Ekspert Şurasının sədri yenə elminə, şəxsiyətinə və ədalətinə əsla şübhə etmədiyim millət vəkili Anar İskəndərli idi.
2016-cı ildə AAKomissiyasında müdafiəyə buraxılmağım üçün AAK sədri Arif Mehdiyev şəxsən Anar İskəndərliyə mənim elmimdə danosçuların yazdıqları iftaraların, böhtanların kökünü dərindən araştırmağı tapşırmışdı. Anar İskəndərli Arif Mehdiyevin qarşısında”Nuridə Atəşinin tədqiqatlarında mənfur danosçuların iddialarının əsassız olması haqqında əlini müqəddəs Qurana basmağa hazır olduğunu bildirdi və Arif Mehdiyev müdafiyəyə buraxılmam üçün icazə məktubu imzaladı.
2023: Həyatımın 3-cü zor anı: Azərbaycan Prezidenti yanında Ali Atestasiya Komissiyası 24.01.2023 tarixində Fransanın Lyon 2 Universiteti tərəfindən verilmiş Avropa elmində ən yüksək elmi dərəcə hesab edilən Habilitasiya diplomumun nastrifikasıyasına rəsmi imtina qərarı vermişdir. Və Ekspert Şurasının sədri millətin Vəkilindən Millətin şairinə, aliminə qarşı edilən bu ədalətsizlik üçün bu gün əlini qurana basmağa hazır olduğunu millətin önündə soruşmaq istəyirəm. Sizcə buna haqqım varmı?
Ədalət sormağa haqqım varmı? Ədalət naminə susmayın!!!
Nuridə Atəşi
Teref.az
Ardını oxu...
"Nə vaxt baş ağrılarım olur, çox yatıram, onda həkimə gedirəm. Həkim də baxır deyir ki, hamiləsən..." - Çoxuşaqlı ana

Quba sakini, 6 uşaq anası, hazırda 7-ci uşağının doğulmasını gözləyən Qahirə İbrahimova çoxuşaqlı ana olmağı könüllü seçməyib, o, sadəcə hamiləlikdən qorunmağın yollarını bilmir.

“Qorunma vasitələrini bilmirəm. İstərdim gedim həkimə, nəsə etsinlər ki, mən bir də həkimlərə düşməyim”, - 33 yaşlı Qahirə İbrahimova BBC-yə deyir.

O deyir ki, hamilə qaldıqdan sonra abort etməyə maddi imkanı çatmadığından hər dəfə doğmalı olur.

Qubada yaşayan 34 yaşlı Qahirə İbrahimova 2014-cü ildə ailə qurub. O deyir ki, hamı onu tez-tez uşaq doğduğu üçün qınayır, ancaq onun xəstəxanaya profilaktik məqsədlərlə getməyə heç vaxt maddi “imkanı olmayıb”.

BBC-yə danışan mütəxəsislər hesab edirlər ki, Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırması haqqında qanun qəbul edilsə, Qahirə İbrahimova da ucqar yerlərdə yaşayan bir çox qadın kimi arzuolunmaz hamiləlikdən əziyyət çəkməz.

Sözügedən qanun isə hələ qəbul edilməyib.

Səhiyyə Nazirliyinin müəssisəsi olan İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) mütəxəssisi Afət Məmmədova deyir ki, qanun qəbul olunsa, reproduktiv sağlamlıqla bağlı məsələlər “daha tez həllini tapar və qadınların uşaqlıqdaxili vasitələrə, o cümlədən, kontraseptivlərə çatımlılığı artar”.

Deputat Məlahət İbrahimqızı bu qanunun indiyədək nə üçün qəbul olunmaması ilə bağlı sualına “bu qanun təcili, “pojarnı” deyildi” deyə cavab verib.

Ailə, Qadın, Uşaq Problemləri İnstitutundan bildiriblər ki, qurumun qanun layihəsinin qəbulunu sürətləndirilməsini istəmək “səlahiyyəti yoxdur, yalnız bölgələrdə maarifləndirmə aparmaq imkanları var”.

BMT-nin Azərbaycanda cinsi və reproduktiv sağlamlıq və hüquqlar üzrə saziş qurumlarının tövsiyələrinin icra vəziyyətinin qiymətləndirilməsi sənədində deyilir ki, “sənəd Milli Məclisdə təqdim olunarkən opponentlər hesab ediblər ki, qanun layihəsində əks olunmuş süni mayalanma, surroqat analıq və sperma donorları “milli mentalitetə” ziddir”.

“Bu uşağı doğsan..."

BBC müxbirlərinin Azərbaycanın ucqar kəndlərdə söhbətləşdiyi bir çox qadın nəinki ailə planlaşdırması və ya reproduktiv sağlamlıqla bağlı məlumatlıdır, onlar heç profilaktik məqsədlərlə də ginekoloqa getmirlər.

Onlar məsləhət almaq üçün yaşadıqları yerdə nəinki həkim və heç tibb bacısı da tapa bilmədiklərini deyirlər: “Ancaq hamiləsənsə, həkimə gedirsən, qalan bütün hallarda, ağrıdan ölmürsənsə, evdə birtəhər özünü müalicə edirsən, ya da ki, kənddə başı çıxan kimsə sənə kömək etməyə çalışır” – söhbət etdiyimiz qadınlardan biri bizə deyir.

Quba sakini Qahirə İbrahimova da deyir ki, onun adi vaxtlarda, sadəcə tibbi müayinə üçün həkimə getmək kimi təcrübəsi yoxdur. O, həkimə yalnız hamilə olmasından şübhələndikdə gedə bilir.

“İmkansızlıqdan. Nə vaxt baş ağrılarım olur, çox yatıram, onda həkimə gedirəm. Həkim də baxır deyir ki, hamiləsən, uşaq da ikiaylıqdır, ya da üçaylıqdır, onda da yoldaşım qoymur tələf etməyə ki, günahdır. Bundan əvvəlki uşağı doğanda mənə xəstəxanada dedilər ki, yazıqsan, gətir spiral qoyaq sənə, çünki vəziyyətin ağırdır. Resept yazdılar ki, get bunu aptekdən al. 60 manat idi spiral qoymağın qiyməti. Ona da imkanım olmadı. Gəldim evə, dedim ayın axırı gedərəm. Sonra da bu uşaq boynuma düşdü”, - Qahirə İbrahimova deyir.

İndi 6 uşaq anası olan Qahirə İbrahimovanın ilk övladı ana bətnində altıaylıq ikən tələf olub. 2015-ci ildə ikinci övladı sağlam, sonrakı oğlu isə autizmlə dünyaya göz açıb. Dördüncü doğuşda körpə qısa müddət sonra vəfat edib. Beşinci doğuşda qızı salamat qalıb, amma onun da sağlamlığında problem olub. Əməliyyat edilsə də, uşaqda əlillik qalıb.

“Xalça-palazımızı satdıq, qızımı aparıb əməliyyat etdirdik, ancaq ayaqlarında qüsur qaldı. Bir addım atır, yıxılır. Əlildir indi”, - Qahirə xanım deyir.

Sonradan Qahirə İbrahimovanın daha üç uşağı doğulub: 6-cı övladı Yusif, onun ardınca isə qızları Lətifə və Həyat.

“Xəstə uşağı əməliyyat etdirməyə kredit götürmüşdük. Evdə ondan başqa 5 uşaq var. Bunun ərzağı var. Qışda odunum yoxdur ki, peç qalayım. Uşaqlar ölür soyuqdan. Toku da qoşmuşam 45 manat yazıb. Heç bir yerdən gəlir də yoxdur. Çətindir. Getmək olmur həkimə. Burdan Qusara maşınlar 30-40 manata aparırlar”, - o vaxtlı-vaxtında həkimə gedə bilməməsinin səbəblərini sadalayır.

Qahirə xanım deyir ki, indiyədək iki dəfə evdə özbaşına medikamentoz aborta, yəni, dərman içərək “uşaq salmağa” cəhd edib və hər ikisində də onu Qusara – xəstəxanaya “zorla çatdırıblar”.

“Evdə ucuz olduğu üçün dərman içib, uşağı salmaq istədim, ancaq olmadı. Uşaq düşmədi. Təcili yardım məni güclə Qusara - balnisaya çatdırdı. Həmişə elə olur, uşaq gəlir dayanır ağızda, düşmür. Qanaxma götürür məni. Həkim də deyir ki, sən dərman atma, xəstəxanaya çatdıra bilməzlər, ölərsən. İndi bu uşağa görə (qarnını göstərir - müəl.) getmişdim həkimə, Qubanın həkimi Qusarla danışdı. Dörd aylıqdır deyə, götürmək təhlükəlidir”, - Qahirə İbrahimova danışır.

Gənc ana reproduktiv sağlamlıq və ailə planlaşdırmasının nə olduğunu bilmədiyini deyir. O bu barədə heç vaxt heç kimdən məlumat almadığını bildirir.

“Milli mentalitetə zidd” qanun qəbul olunarsa...

Səhiyyə Nazirliyinin müəssisəsi olan İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi Afət Məmmədova təəssüflənir ki, Azərbaycanda “reproduktiv sağlamlıqla bağlı qanun çoxdan hazırlansa da, hələ qəbul olunmayıb”.

“Neçə illərdir bu qanun layihəsinin qəbulunu saxlayırlar, yaz sessiyası gələndə deyirlər ki, payız sessiyasında, payız sessiyasında da yenə başqa vaxta uzadırlar. Həmin bu soruşduğunuz məqamlar orada öz əksini tapıb. O qanun qəbul olunmayıb deyə istinad edə bilmirəm. Ancaq bilirəm ki, orda aztəminatlı ailələrə kontraseptivlərin verilməsi, uşaqlıq daxili vasitələrin təmin olunması nəzərdə tutulub”.

Sənədin nə zamanı qəbul olunacağı haqda qanunverici orqanın təmsilçiləri BBC-yə “bu yaz sessiyasında qanun layihəsinin Milli Məclisə çıxarılacağını” deyiblər.

Reproduktiv sağlamlıq və ailə planlaşdırması nədir?

İSİM-in həkim-metodisti Afət Məmmədova deyir ki, reproduktiv sağlamlıq ümumi sağlamlığın, ailə planlaşdırması da onun hissəsidir.

O deyir ki, əvvəllər həm Bakıda, həm də bir çox iqtisadi bölgədə ailə planlaşdırması mərkəzləri olub.

“Hər bir cütlük müraciət edə bilərdi və orada onlara həmin bu prinsipləri izah edirdilər, uşaqlar arasında düzgün fasiləni necə seçmək lazımdır, intervallar hansı üsullarla gözlənilməlidir və sair. Təssüf ki, son illərdə ailə planlaşdırması mərkəzlərinin fəaliyyəti elə də qabarıq deyil, nəinki 90-ci illərdə və 2000-ci illərin əvvəllərində. Ancaq daha sonra ailə həkimi institutu qurulmağa başlayanda reproduktiv sağlamlıq və ailə planlaşdırması barədə təlimlər Azərbaycanda işləyən bütün mama-ginekoloq və mamalar üçün keçirildi. Həmçinin bu təlimlər bütün ailə həkimlərinə və tibb bacılarına da keçirilmişdi”.

Afət Məmmədova deyir ki, doğuşdan növbəti hamiləliyə qədər mütləq fasilə vermək lazımdır: “Bu fasilələrdən nə qədər məlumatlıdırlar qadınlarımız, xüsusən bölgələrdə yaşayanlar? Özünüz bilirsiniz ki, bizim yazılmamış qaydalara görə uşaqlar dalbadal olsa, ana hisdən-pasdan o qədər tez ayrılar, uşaqlar da birgə böyüyər. ÜST-ün tövsiyəsi isə deyir ki, mütləq doğuşlar arasında 2 ildən az olmayan fasilə lazımdır ki, ana öz orqanizmini bərpa etsin və təkrar hamiləliyini fəsadsız keçirsin, həmçinin uşaq sağlam doğulsun”.

“Sosial, tibbi və psixoloji tərəfləri ilə bağlı məlumatlar çatımlı deyil”

Azərbaycanda 21 ildir fəaliyyət göstərən Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin 5 prioritet mövzusundan biri reproduktiv sağlamlıqla bağlıdır.

Təşkilatın rəhbəri Şəhla İsmayıla görə, Azərbaycanda “ən çətin və davamlı olaraq ən çox iş görülməli sahə” bu məsələ olduğundan bir QHT kimi hər zaman onu diqqətdə saxlamağa çalışırlar.

“Ölkədə bu sahədə görüləsi həddindən artıq çox iş var. Çox pis göstəricilərimiz var. O cümlədən selektiv abortlar üzrə biz dünyada birinci yerdəyik. Bu, o deməkdir ki, dünyada ana bətnində qız uşağıdır deyə, dölün amansızcasına tələf edilməsinə imza atan ölkəyik”.

Şəhla İsmayıl hesab edir ki, ölkədə Reproduktiv sağlamlığın sosial, tibbi və psixoloji tərəfləri ilə bağlı məlumatlar çatımlı deyil.

“Ölkə televiziyalarında reproduktiv sağlamlıqla bağlı bir veriliş yoxdur. Bir peşəkar nəşr yoxdur ki, dövlət tərəfindən idarə olunsun və bu məlumatlar orada çap olunsun. Evdə oturan xanımlar üçün gedəcək yer yoxdursa, söhbət həkimdən yox, maariflənmədən gedir, profilaktikadan gedir. Nəyinsə qarşısının alınması üçün müəyyən məlumatların əldə olunmasından gedir. İstər hökumət tərəfindən, istər QHT-lər tərəfindən”, - müsahibimiz əlavə edir.

O deyir ki, yalnız internetə girişi olanlar nələrsə tapa bilər, bu məqamda isə “ən vacib problemlərdən biri - Azərbaycan dilində vacib məlumatların olmaması məsələsi ortaya çıxır”.

“Reproduktiv sağlamlıq dölün ana bətnində olduğu dövrü və hamiləlikdən sonrakı dövrü əhatə edir. Bu, çox geniş bir mövzudur. Bura ana-uşaq ölümlərindən, uşaq dünyaya gətirilməsindən əlavə, süd vəzi xəstəlikləri, əmizdirmə məsələsi, aidiyyatı xəstəliklər, patalogiyalar daxildir, bütövlükdə fiziologiyanı bilmək, məlumatlandırma daxildir. Ailə planlaşdırması da sözsüz ki, bunun tərkibindədir, ancaq biz onu dar çərçivədə götürürük, ancaq qadınlara aid olduğunu götürürük. Ancaq axı, bu, həm kişilərə, həm də qadınlara aid olan məsələdir”.

Şəhla İsmayıl iddia edir ki, ölkədə bu sahədə məktəblər səviyyəsində də bu məsələlər tədris olunmur.

“Biz konsultasiya formasında 8-10-cu sinif qızları üçün təlimlər təşkil etmişik. Bakının bütün kəndlərinin məktəblərində ginekoloq və androloqları aparıb maarifləndirmə aparmışıq. Görmüşük ki, nəinki uşaq dünyaya gətirmək barədə, qızların ümumiyyətlə aybaşı ilə əlaqəli mövzulardan, elementar gigiyenik məsələlərdən xəbəri yoxdur. Ailələrdə bu mövzuda danışmaq tabudur. Abır-həya bəhanəsi ilə uşaqlara qətiyyən məlumat verilmir, məktəblərdə də tədris olunmur. Ona görə də mütəşəkkil işə ehtiyac var. Bu məsələ Azərbaycanda ən təzadlı mövzulardandır”, - o əlavə edir.

Hamiləlikdən qorunma vasitələrindən istifadə: Azərbaycan statistikası nə deyir?

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti Afət Məmmədova deyir ki, Azərbaycanda müasir konratseptiv vasitələrdən reproduktiv yaşda olan qadınların cəmi 14 faizi istifadə edir. Mütəxəssis bunun “çox aşağı faiz” olduğunu düşünür.

“İnkişaf etmiş ölkələrdə qadınların 50 faizi, elə ölkələr var ki, hətta 70 faizi müasir konratseptiv üsullardan istifadə edir”.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə Azərbaycanda uşaqlıqdaxili spiralı olan qadınların sayı hər min nəfərə 4,5 nəfər olub.

Məlumatlarda, həmçinin bildirilir ki, ölkədə eyni ildə 11,4 min qadın və ya hər min qadından 4,4 nəfəri hormonal kontrasepsiyadan istifadə edib.

Cəmi 10,4 min qadın baryer kontraseptivdən (prezervativlər, diafraqmalar, uşaqlıq boynu kolpakları) istifadə edərkən, 5,4 min qadın isə kimyəvi kontrasepsiyaya üz tutub. Bu isə müvafiq olaraq hər min qadına 4 və 2,1 nəfər deməkdir.

İndiyədək hamiləlikdən qorunma vasitəsi kimi 62 qadın sterilizasiya üzrə cərrahiyyə əməliyyatlarına müraciət edib, bu isə hər yüz min qadına 2,4 qadın deməkdir.

“Bu işin başında mütləq maarifləndirmə durmalıdır”

BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Komitəsi də tövsiyə edir ki, ailə planlaşdırması ilə bağlı və reproduktiv tibbi maarifləndirmə qızlar və oğlanlar arasında geniş aparılsın, xüsüsi ilə cinsi yolla yoluxan HİV və AİDS xəstəliklərinin aradan qaldırılmasına diqqət yetrilsin.

Afət Məmmədova vurğulayır ki, təmsil etdiyi qurum ölkənin bir çox bölgələrində, əsasən məktəblərdə, kollec və universitetlərdə maarifləndirmə ilə məşğuldur: “Söhbətlər aparılır, bukletlər hazırlanır, paylanılır. Yəni, ölkədə əhalinin maarifləndirilməsi gənc yaşlardan başlayaraq və əlbəttə ki, şəxslərin yaşlarına uyğun olan məlumatlar uyğun formada verilir”.

Ailə, Qadın, Uşaq Problemləri Komitəsinin ailə məsələləri şöbəsini müdir müavini Kamila Əliyeva deyir ki, Azərbaycanın 11 bölgələsində qadınlarla işləmək üçün 11 mərkəz var. Bu mərkəzlər - Zaqatala, Goranboy, İsmayıllı, Ağdam, Göygöl, Hacıqabul, Qəbələ, Saatlı, Sabirabad, Şüvəlan və Zərdabda yerləşir.

“Əməkdaşların sayı çox deyil, hər mərkəzdə təxminən 10-a qədər əməkdaşımız var. Bunlar, əsasən, sosial işçilər, pedaqoqlar, psixoloqlardır (hamısında yoxdur). Elə mərkəz var, bu say daha azdır. Üstəlik, bu mərkəzlərdə ginekoloqlar, mamalar və başqa tibb işçiləri yoxdur. Səhiyyə Nazirliyinin qurumu İSİM-dən həkim-metodist cəlb olunur, rayonların öz həkimləri cəlb olunur. Biz maarifləndirici qurumuq. Bizim öhdəliyimiz əsasən və yalnız maarifləndirici tədbirlər keçirməkdir. Həkim kimi məlumatlandırmaları isə həkim-ekspertlər aparır”, - Kamila Əliyeva deyir.

Komitə rəsmisi vurğulayır ki, onlar əsasən gənclər arasında reproduktiv sağlamlıq, ailə planlaşdırması, selektiv abortlarla bağlı təlimlər aparırlar.

O deyir ki, təmsil etdiyi qurumun yalnız təkliflər vermək səlahiyyəti var.

Ancaq Şəhla İsmayıl aparılan maarifləndirmə işlərini yetərli saymır. Üstəlik, onun fikrincə, yoxsul ailələrdə o qədər sosial problem var ki, reproduktiv sağlamlıq haqqında bəlkə heç eşitmək istəməzlər.

“Təsəvvür edin, gəlirsən hansısa bir mövzu ilə - elə olsun reproduktiv sağlamlıq - girisən otağa ki, bir otaqda 8 nəfər yaşayır, yuxarıdan tavandan su damır, ortalıqda ləyənlər qoyulub və sən burada insan haqlarından danışırsan. Görün nə qədər uyğunsuz bir tablodur. ...İnsanlar o qədər acınacaqlı vəziyyətdə yaşayırlar ki, gəlib onlara hansısa reproduktiv sağlamlıqdan təlim vermək onları təhqirdir”.

Ailə planlaşdırılmasında istisna – abort

“Azərbaycanda 2004-cü ildən beynəlxalq təşkilatlar tərəfindən qadınlara verilən kontraseptiv vasitələr dayandırılıb”, - bu barədə Azərbaycanda cinsi və reproduktiv sağlamlıq və hüquqlar üzrə saziş qurumlarının tövsiyələrinin icra vəziyyətinin qiymətləndirilməsi sənədində (2015-ci il) deyilir.
Sənəddə, həmçinin Azərbaycanda abortların ailə planlaşdırılmasının əsas üsulu kimi istifadə edilməsindən də narahatlıq ifadə edilib.
“Çünki uşaqlıq cərrahi abort zamanı deşilə, cırıla, qanaxma ola bilər. İkincisi isə infeksiya ehtimalıdır. İltihabi proses yaradır ki, bu da sonsuzluğa səbəb ola bilər. Abortlardan sonra uşaqlıqdankənar hamiləlik də həyati təhlükə yaradır. Üstəlik, abort gələcək uşağın – dölün xəstə və azçəkili olma və sair risklərini də artırır. Vaxtında kömək almasa, qadın daxili qanaxmadan ölə bilər. Abortdansa, ailə planlaşdırması üsullarından istifadə etmək tövsiyyə olunur. Bunun da növləri var, çeşidləri var, hər bir cütlük özü üçün fərdi olaraq bu üsullardan birini seçə bilər və doğuşdan iki il keçdikdən sonra o kontraseptiv üsulların istifadəsini dayandırıb istədiyi vaxt hamilə qalaraq, uşaq sahibi ola bilər”.

2000-ci ildən bəri Azərbaycanda ən az abort göstəricisi 2000-ci ildə qeydə alınıb: 17,5 min nəfər.
2012-ci ildən isə abortların sayı hər il artan xətlə gedib, 2021-ci ildə aborta getmiş qadınların sayı 46, 877 olub. 2021-ci ildə ölkədə 15-49 yaşlı hər 1000 qadından 18-i aborta üz tutub.
„Pajarnı“ olmayan qanun

BBC Azərbaycancanın danışdığı mütəxəssislər sözügedən qanunun qəbulunun ailə planlaşdırılmasına və xüsusilə yoxsul ailələrdə reproduktiv sağlamlığa müsbət təsir edəcəyini, bu sahədə müşahidə edilən bir çox problemin həll olunacağını düşünürlər.
Parlamentdə bu qanun layihəsi bir dəfə müzakirəyə çıxarılıb, amma deputatlar tərəfindən bir sıra tənqidlərlə üzləşib.

Milli Məclisin səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı deyir ki, o, qanun layihəsinin işçi qrupunun rəhbəri olsa da, elə özünün də razılaşmadığı müddəalar olub.
Millət vəkili onu narazı salan məqamların yalnız birinə toxunub: o və bəzi həmkarları surroqat ana məsələsinə etiraz ediblər.

“Azərbaycanın milli dəyərləri var. Bizim mənəviyyat kodeksimiz var. Azərbaycan xalqının mənəviyyat kodekslərinə, milli dəyərlərinə uyğun gəlməyən məsələləri, öz ailəm üçün razı olmadığım, rəva bilmədiyim maddələri xalq üçün edə bilmərəm. Millət vəkillərində bir neçə maddə ilə bağlı fikir ayrılığı oldu və çoxluq etiraz etdi və tapşırıldı ki, qanun [layihəsi] geri qayıtsın və təkrar işlənsin. Ondan sonra da dövlət proqramı hazırlanırdı, o proqram da hazır olmadığına görə, bunlar da bir-birlərini tamamlamalı idi deyə bu layihə qaldı”.

Deputat deyir ki, daha sonra da parlament seçkiləri və digər daha vacib qanunlar gündəmə gəlib:

“Ailə planlaşdırması ilə bağlı da Əhalinin Sağlamlığı haqqında Qanunda, bir də Ailə Məcəlləsində, eləcə də digər bir sıra qanunlarda ayrı-ayrı maddələr var idi. Yəni, demək istəyirəm ki, təcili, “pojarnı” deyildi bu qanun. Çünki bizdə analığın mühafizəsi ilə bağlı BMT-nin konvensiyası ratifikasiya olunub, ondan irəli gələn məsələlər qanunlarda təsbit olunub. Ona görə bu qanun [layihəsi] qaldı. Ancaq indi inşallah yaxın vaxtlarda buna baxılacaq. Qanun layihəsindən millət vəkillərinin haqlı irad tutduqları, etiraz etdikləri məqamlar çıxarılıb artıq. Yəqin ki, yaz sessiyasında bir daha işçi qrupunda, komitə iclasında baxılacaq, sonra Milli Məclisin rəhbərliyi səviyyəsində iş planına salınacaq”.

Qanun qəbul olunana qədər isə, Qahirə İbrahimova və onunla oxşar vəziyyətdə olan qadınlar bətnindəki uşağın doğulmasını gözləməklə yanaşı, digər övladlarını necə dolandırmağın qayğısını çəkməklə məşğul olacaqlar.

Dünyapress TV

Xəbər lenti