Sabiq deputat 33 ildən sonra Xankəndindəki ata yurduna baş çəkdi...
Bu günlərdə 33 ildən sonra ilk dəfə doğma Xankəndini ziyaröt etmiş şəhid Milli Qəhrəman Şirin Mirzəyevin xanımı, 122 saylı Xankəndi seçki dairəsindən sabiq deputat Flora xanım Qasımova Moderator.az əməkdaşıyla söhbətində sevinc və kədər hisslərinin qovuşduğu bir əhval-ruhiyyə ilə uşaqlıq, gənclik xatirələrini aradığı ata ocağının indiki durumunu anlatmağa çalışıb...

-Flora xanım, bilirik, 33 ildən sonra doğma Xankəndini ilk ziyarətiniz zamanı yaşadığınız hiss və duyğuları izah etmək, anlatmaq çox çətindir...

-Elədir... Çox çətindir... İnanırsız, öncədən müəyyən edilmiş tarixdə Xankəndinə gedəcəyimiz mənə xəbər ediləndən sonra həyəcandan iki gecə yata bilmədim. Doğma şəhərimizdən ayrılıb Bakıya döndükdən sonra isə üç gecə yuxusuz qaldım. İnsan öz doğulduğu, amma artıq üç onillikdən çox bir müddətdə görmədiyi məkana dönəndə həm sevinc, həm kədər hisslərindən yoğrulmuş çox qarışıq və izaholunmaz hisslər yaşayır...

... Xankəndinə Bərdə-Ağdam-Xocalı-Şuşa yolu ilə gəlib Xan bağı deyilən gözəl tarixi məkanın yanından daxil olduq. Hələlik, işğalçı xislətli yadların yenicə tərk etdiyi özünün əsil sakinləri – Azərbaycan vətəndaşlarıyla məskunlaşdırılmamış Xankəndinə girişdə ölü, nimdaş bir şəhər ab-havası duyursan...

Şəhərə girən əsas yolun asfaltı çat-çatdır... Orada bizsiz yaşadıqları 34-35 illik müddətdə, sovet dövründən bəri tikilmiş köhnə binaların əksəriyyəti təmir edilməyib, üzlüklər, suvaqlar qopub tökülür. Demək olar ki, həm həyət evlərinin, həm də binaların həyətlərində doğranmış odunlar yığılıb. Görünür, ötən qış Ermənistandan gələn xəttdə qəza baş verməsi səbəbindən Yuxarı Qarabağa təbii qaz verilişi dayandığı zaman ermənilərin gördüyü odun tədarükünün nəticələridir... Öyrəndik ki, işğaldan öncə işləyən iri müəssisələrin çoxu dayanıbmış: ipək kombinatı, mebel fabriki, ayaqqabı fabriki... Deyəsən, ipək kombinatını söküb yerində bina tikiblər...

Amma işğal dövründə Xankəndi pərakəndə, plansız şəkildə olsa da, genişlənib. Şəhərin mərkəzində bir neçə “rəsmi” bina tikilib: qondarma “parlament”lərinin binası, “veteranlar binası”, orta məktəb binası və s. Bir neçə yerdə 4-5 mərtəbəli yaşayış evləri tikilib. Ancaq ən çox tikilən dəbdəbəli həyət evləri villalardır. Bizi müşayiət edən ANAMA əməkdaşı Kərkicahandan qayıdarkən keçmiş yay kinoteatrı və hərbi hissə yaxınlığında belə villardan birini göstərib hazırda Bakıda həbsdə olan keçmiş separatçıbaşı Bako Saakyanın villasıdır”- dedi...

-Nəhayət, 33 il sonra Xankəndindəki ata yurdunuzu görmək nəsib oldu. Nə qədər ağır olsa da, uşaqlıq, gənclik xatirələrinizin yaşadığı bu məkanın hazırkı durumu haqda danışmağınızı istərdik...

-Doğrudur.. Ata yurdumuzu 33 ildən sonra görmək mənim üçün çox ağır oldu... Sovet dövründə Spandaryan adlanan, sonradan isə Azərbaycan dövlətinə, xalqına qarşı döyüşlərdə ölmüş işğalçı hərbçilərdən biri olan Xaçaturyanın adı verilmiş küçədəki evimiz çox dəyişilib. İşğalçılar evdə yaşayıblar. Otaqlarımız yaşayış üçün bərbad vəziyyətə düşsə də, yerindədir... Ermənilər həyətimizdə əlavə olaraq bir talvar da tikiblər. Həyətin digər başında isə başqa biri əlavə ev tikib...

Bizi müşayiət edən ANAMA əməkdaşı dedi ki, Xankəndində, demək olar ki, bütün evlərdən silah-sursat tapılıb. Gözümüzün qabağında bizim otaqlardan birindən də xeyli atıcı silah gülləsi aşkar edildi...

-Həyətinizdəki ağaclardan xatırladınız, salamat qalanı var?

-Bəli. Bəzi ağaclar qalıb. Bir böyük tut ağacımız var idi – o, daha da böyüyüb. Həyətdə də bir neçə iri çəlləklər var idi. Görünür, onlara tut yığıb tut arağı düzəldirmişlər işğalçılar... Bir sözlə, son 30-35 ildə uşaqlığımızın, gəncliyimizin keçdiyi bu ocağa yad, murdar bir ruh, ab-hava qatılıb...

Allah bir daha xalqımızın heç bir nümayəndəsinə doğma yurd, ocaq itkisi yaşatmasın...

Sabiq deputat 33 ildən sonra Xankəndindəki ata yurduna baş çəkdi...
Sabiq deputat 33 ildən sonra Xankəndindəki ata yurduna baş çəkdi...
 

Dünyapress TV

Xəbər lenti