“Avropa ilə hər şey qaldığı yerdən davam edəcək” - MÜSAHİBƏ
Xaləddin İbrahimli" Xalqızımız kənardan dəstək xəyalpərəstliyinə son verməlidir"
Türkiyənin “Çağ” Universitetinin azərbaycanlı professoru, politoloq Xaləddin İbrahimli
Pressklub.az-a müsahibəsində regionda cərəyan edən prosesləri, o cümlədən AzərbaycanErmənistan, Azərbaycan-Qərb münasibətlərində baş verən hadisələri şərh edib.
– Martın 17-də Rusiyada prezident seçkiləri keçiriləcək, artıq hazırkı prezident Vladimir
Putinin namizədliyi qeyd alınıb. Görünən odur ki, Kremlin ssenarisində dəyişən bir şey yoxdur.
Amma namizədlərdən Putinin Ukrayna siyasətini tənqid edən Boris Nadejdin geniş populyarlıq
qazanır, müxalifətin çağırışı ilə ona 150 mindən artıq vətəndaş imza verib. Bu ondan xəbər
verir ki, Rusiya cəmiyyəti müharibədən yorulub və iqtisadi durumun ağırlaşması da
narazılıqları artırır. Yaxın dövr üçün Rusiya daxilində nələr baş verə bilər?
– Rusiya toplumunun müharibədən yorulması bir gerçəklikdir. Xalq Ukrayna ilə savaş istəmir. Bu
müharibə psixoloji baxımdan çox ağırdır. Həm də Rusiyada hiss edir və bilirlər ki, Putin olmasa,
müharibə də dərhal dayanacaq. Ona görə də alternativ namizədin seçilmə şansı çoxdur. Boris

Nadejdin elə də populyar şəxs olmasa da reytinqi hər gün artır. Bunun səbəbi məhz yuxarıda
söylədiklərimdir. Putin seçkiləri saxtalaşdırsa, bu zaman ölkə içində narazılıq daha da arta bilər.
Bu narazılığın isə haralara gətirib çıxacağını söyləmək çətindir. Bütün hallarda, ən yaxşı variant
Putinsiz Rusiyadır. Bu baş verərsə, Rusiya bir sıra təməl problemlərini həll etmiş olar.
– Yaxın Şərqdə ötən ilin oktyabrından başlayan hərbi münaqişənin əhatə dairəsi genişlənir.
HAMAS-İsrail müharibəsi uzanır, Qırmızı dənizdə böhran həllini tapmayıb, ABŞ-Britaniya
koalisiyasının husilərə hava zərbələri effektli deyil, dünən isə İrana bağlı proksi qruplar
İordaniyada ABŞ hərbçilərini öldürdü. İndi dünya ABŞ-ın hansı cavab tədbirləri görəcəyini
müzakirə edir. Beləliklə, Yaxın Şərqdəki böhran daha da böyüyə, böyük qüvvələrin
qarşıdurmasına çevrilə bilərmi?
– Fikrimcə, ABŞ və İsrailin 2011-ci ildə “ərəb baharı” ilə başlayan Orta Şərqi yenidən
şəkilləndirmək planı hələ davam edir. Nə deyilməsindən asılı olmayaraq, adı çəkilən iki dövlət,
eyni zamanda Orta Şərqi xaosa sürükləməkdədir. Vaşinqton və Təl-Əvivin əlində alət olan İran
bölgədə böhranın dərinləşməsinə və genişlənməsinə çalışır. İranın sağa-sola raket zərbələri bu
işə xidmət edir. Yəməndəki proseslər – ABŞ-ın husilərə xırda-para zərbələri buraya Qərbin daha
genişçaplı müdaxiləsi və Babül-Məndəb boğazına əl qoyması üçün qapı açır. Burada da alət
islam qılafına bürünmüş və müsəlman toplumları aldatmağı bacaran İrandır. ABŞ və dostları
BRICS ölkələrinin sahillər boyu təsirini azaltmağa, Çinin həm dəhliz, həm yol güzərgahlarını öz
təsiri altına almağa çalışır. Bunun da yolu Orta Şərqin yenidən şəkilləndirilməsindən, bunun yolu
da bölgənin daha dərin xaosa sürüklənməsindən keçir. Türkiyəni bu prosesin içinə çəkə
bilmədilər, hakimiyyət ağıllı davrandı və güney sərhədlərindən kənara çıxaraq, xaosun ölkə içinə
girməsini önlədi.
Ola bilsin, İran da xaosa sürüklənsin. ABŞ bunu, təbii ki, istəmir. Çünki belə xaosdan İranın
içindən yeni böyük bir dövlət ortaya çıxa bilər. Lakin molla rejimi bütün islam dövlətlərini özünə
düşmən etdi. İranda xaos olsa, bunun anlamı o olacaq ki, molla rejimi artıq tələblərə cavab verə
bilmir, ABŞ və İsrail İranda yeni avtoritar rejim formalaşdırmaq planını işə salıblar. Yeni rejim də
İranın unitar quruluşunu pozmamağı hədəf seçəcək. Qərbdən İranın bütövlüyünün pozulmasına
yönəlik hər-hansı bir addımın atılacağını gözləmək çox yanlış düşüncədir.
– Türkiyə ilə ABŞ arasında F-16 anlaşmasını necə dəyərləndirirsiniz? Dünən ABŞ dövlət
katibinin müavini Viktoriya Nuland bildirdi ki, Ankara F-35 proqramına qayıda bilər, bir şərtlə,
Rusiyadan alınmış S-400 ZRK-lardan imtina edilməlidir. Ərdoğan İsveçin NATO üzvlüyünə
“yaşıl işıq” yandırdıqdan sonra Rusiya-Türkiyə münasibətlərində durum necə olacaq? Liviyada,
Suriyada Türkiyəyə qarşı təxribatlar gözlənilirmi?
– Türkiyənin təməl problemi İraq və Suriyanın şimalında sərhəd boyu nəzarəti tam ələ almaqdır.
Rusiya burada Türkiyəyə ciddi mane olur, nə qədər təzadlı görünsə də, ABŞ və İranla sinxron
hərəkət edir. ABŞ Türkiyənin istəyinin baş tutmaması üçün hər yola əl atır, F-16- ların
verilməməsi bu işin görünən tərəflərindən biridir. Lakin Türkiyə Suriya və İraqın şimalında bütün
sərhəd boyu güvənli bölgə yaratmaqda qərarlıdır, başqa alternativ də yoxdur. Türkiyə cənub
sərhədlərini nəzarətə götürməli, ordusu olan, amma siyasi hakimiyyəti olmayan yeni dövlətin
formalaşdırılmasına imkan verməməli, islam dünyası ilə əlaqələrinin qırılmasına əngəl olmalıdır.
Türkiyə islam dünyasının lideridir və hər zaman liderliyə oynamağa məcburdur. O, bu rolu
üstlənməsə, İranın, ya da Səudiyyənin liderliyini qəbul etməlidir. Bu isə Türkiyənin Orta Şərqdə

Livan və ya İraq kimi sıradan bir dövlətə çevrilməsi deməkdir. Türk Dövlətləri Təşkilatı (TDT) isə
daha önəmli üstün yöndür və bu, başqa söhbətin mövzusudur.
– Azərbaycan-Ermənistan normallaşma prosesində yaranmış durumu necə dəyərləndirirsiniz?
Prezidentin yerli kanallara müsahibəsində səsləndirdiyi tezislərdən sonra Ermənistan
rəhbərliyi əlavə şərtlər irəli sürür, Avropa İttifaqı Azərbaycana qarşı xəbərdarlıq mesajları
göndərib. Sülh sazişinin yaxın zamanlarda əldə olunması, tərəflərin kompromislərə getməsi
mümkündürmü?
– Avropa Birliyi (AB) Ermənistanı sülh sazişi bağlamağa qoymur, Fransanı qabağa veriblər. Lakin
AB-nin, konkret olaraq, Fransanın prosesə təsir imkanları zəifdir. İrana çox güvənirdilər, o da bəlli
bir yerə qədər təzyiq göstərdi. Hazırda Tehranın bu təzyiqi dayandırdığını düşünmək olmaz. Bir
konfederasiya olaraq AB təmsilçi qismində üzv dövlətlərdən biri kimi bölgəyə gələ bilmir. Hətta
Ermənistan və Gürcüstan AB üzvü olsalar belə, bunun baş verməsi gerçək görünmür. Qafqazla
AB-nin arasında Türkiyə var. Yəni, Ermənistan Qərbin fitnə-fəsadlarına uymamalıdır. Türkiyə və
Azərbaycanla münasibətlərini ön plana çəkməlidir. Bu zaman mühasirədən çıxmış olacaq. O,
coğrafi olaraq Azərbaycan və Türkiyənin mühasirəsindədir və bu mühasirədən onu ancaq
Azərbaycan və Türkiyə çıxara bilər. Qabaqda İranın bölünməsi ilə daha dərin mühasirəyə düşə
bilər. Ermənistan bu gerçəklikləri nəzərə almalı və Zəngəzur dəhlizinin açılmasına razılıq verərək,
mühasirədən çıxmalıdır. Mən bunun gerçəkləşəcəyinə əminəm. Ermənistan bunu etməzsə,
proseslərdən kənarda qalacaq, hətta bir dövlət kimi yaxın gələcəkdə varlığını itirə bilər. Rusiya
da uzun müddətdir Qafqazda zəifləyir, yaxın gələcəkdə bu, daha aydın hiss olunacaq.
– AŞPA Azərbaycan nümayəndə heyətinin mandatını 1 illiyinə dondurdu, rəsmi Bakı da
ümumiyyətlə, Avropa Şurasından və Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasından
çıxmaqla hədələyir. Qarşıda nə baş verə bilər, prezident seçkilərinin nəticələrinə Qərb
təşkilatların mövqeyi necə olacaq və bu seçki sonrası proseslərə – Azərbaycan-Qərb
münasibətlərinə necə təsir edəcək?
– AB, Avropa Şurası təzyiqlər göstərəcək, amma çətin ki, istəklərinə nail olsunlar. AŞPA-da son
baş verənlər da bu təzyiqin bir formasıdır. İnsan haqlarından, seçkilərin qeyri-şəffaf
keçirilməsindən, siyasi məhbuslardan danışan Qərb qurumları səmimi deyillər, heç zaman
səmimi olmadılar, xalqımızı aldatmaqla, riyakarlıqla məşğul oldular. Bu problemlər illərdir var və
Qərbdə bunu yaxşı bilirlər. İndimi gördülər, indimi ayıldılar?! Baxarsınız, bir ildən sonra yenə heç
nə olmamış kimi Avropa ilə hər şey qaldığı yerdən davam edəcək.
Azərbaycan-Ermənistan münasibətlərində istədiklərini edə bilmirlər, təəssüf ki, təzyiq əsasən
bununla bağlıdır. Xalqımız da öz problemlərini özü həll etməyi öyrənməlidir. Kənardan dəstək
xəyalpərəstliyinə son verməlidir.
Turqut
 

Dünyapress TV

Xəbər lenti