Qarabağ işğal altında olanda AŞPA NƏDƏN KOR OLMUŞDU Kİ?
“Növbədənkənar prezident seçkiləri fonunda Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı xüsusi fəallıq göstərməsi və ölkəmizə təzyiqlər etməsi gözlənilən idi. Bunun əksinə olaraq, bu qurum indiyə qədər bir dəfə də olsun Ermənistanı Azərbaycan ərazilərinin işğalına görə ittiham etməyib, onunla bağlı konkret ölçü götürməyib”.

Bunu Reyting.az-a professor Cümşüd Nuriyev son günlər Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə Azərbaycan arasında müşahidə edilən gərginliyi şərh edərkən deyib.

C. Nuriyev xatırladıb ki, vaxtilə Azərbaycan ərazilərinin işğalı səbəbindən İrəvanın AŞPA-dakı nümayəndə heyətinə sanksiya tətbiq edilməyib, amma Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra AŞPA-da Azərbaycan heyətinin səsini dondurmaq haqqında danışırlar. Professor bu yanaşmanı çox biabırçı, ikiüzlü, əsassız hesab edir.

Onun sözlərinə görə, Avropa Şurasının, eləcə də Avropa Şurası Parlament Assambleyasının Azərbaycanın “qayğısına” qalması, hələ eko-fəalların Laçın dəhlizini bağladığı zaman məlum idi. “O zaman bu qurum dəhlizə soxulmaq, proseslərdə iştirak etmək istəyirdi. Amma bir çox təşkilatlar kimi AŞPA da istəyinə çatmadı”,- deyən C. Nuriyev əlavə edib ki, AŞPA-nın Azərbaycana təzyiq göstərməsinin, ittiham etməsinin səbəbi zamanında ermənilərə verilən vədləri yerinə yetirmək istəyi ilə əlaqədardır.

C. Nuriyev bildirib ki, AŞPA-nın Azərbaycana qarşı səsləndirdiyi iddia və ittihamlar tamamilə əsassızdır:

“Birincisi, Azərbaycan heç bir dövlətin ərazisini işğal etməyib, qonşularına və dünya dövlətlərinə hörmətlə yanaşır, başqasının ərazilərində gözü yoxdur.

İkincisi, Azərbaycan özünün işğaldakı ərazilərini azad edib, yalnız öz sərhədləri daxilində anti-terror əməliyyatı keçirib.

Üçüncüsü, AŞPA başda olmaqla beynəlxalq qurumlar Azərbaycana minnətdar olmalıdırlar ki, onların həll etməli olduğu problemləri Azərbaycan özü həll edib. Yox, əgər Azərbaycanın ərazi bütövlüyünü təmin etməsindən xoşhal deyillərsə, deməli, niyyət və məqsədləri başqa olub. Bu da onu deməyə əsas verir ki, Qarabağ münaqişəsi öncədən razılaşdırılan və ssenariləşdirilən münaqişədir, prezident İlham Əliyevin “günahı” isə bu ssenariləri pozaraq Azərbaycan dövlətinin ərazi bütövlüyünü və məcburi köçkün olan vətəndaşlarının hüquqlarını təmin etməsidir. Görünür, AŞPA kimi qurumlar bundan pat vəziyyətinə düşüblər və reallıqları qəbul etmək istəmirlər. Amma əvvəl-axır reallığı qəbul etməyə məcbur olacaqlar”.

C. Nuriyev xatırladıb ki, Azərbaycan AŞPA-ya daxil olduğu 2001-ci ildən bu qurumda hər zaman müəyyən qüvvələr ölkəmizə qarşı təxribatlar törətməyə cəhd göstərib: “Biz bunu son iyirmi ildə müşahidə etmişik. Onlar ermənipərəst olduqlarını açıq şəkildə desələr, daha yaxşı olardı”.

Professorun fikrincə, Azərbaycanın beynəlxalq qanunlara əməl etməsinə, qonşu ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşmasına baxmayaraq, AŞPA və bu kimi qurumlar rəsmi Bakıya qarşı qərəzli münasibətlərini davam etdirəcəklər, çünki onlarda ədalət anlayışı yoxdur. “Ümumən dünyada siyasi baxımdan ədalət axtarmaq doğru deyil. Odur ki, biz son 3 ildə Azərbaycana uğurlar gətirən yolda irəliləməklə düz edirik. Bu yolla davam etməli, aparılan siyasəti dəstəkləməliyik. Bizə qrşı atılan addımlardan da qorxmamalıyıq”, - deyə C. Nuriyev fikrini yekunlaşdırıb.
 

Dünyapress TV

Xəbər lenti