Ardını oxu...
Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 182 ünvanında yerləşən beşmərtəbəli binanın zirzəmisinin Yasamal Rayon İcara Hakimiyyəti tərəfindən sahibkarlardan birinə satıldığı iddia edilir. İcra Hakimiyyəti isə zirzəmini şəhid ailəsi üçün ev tikmək məqsədilə ayırdığını deyir.

Bu barədə Pravda.az-a müraciət edən bina sakinləri bildiriblər ki, zirzəmidə təhlükəli vəziyyət yaranıb.

Bakı Şəhər İcra Hakimiyyətinə, Yasamal Rayon İcra Hakimiyyətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edilsə də, tikinti işləri dayandırılmayıb, iş başa çatıb, mənzil təhvil verilib.

Pravda.az məsələni araşdırmaq üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu ünvanlayıb.

Komitənin Mətbuat Xidmətindən verilən açıqlamada bildirilib ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən sözügedən ünvanda 3 may 2024-cü il tarixində şəhərsalma nəzarəti qaydasında monitorinq keçirilib: “Monitorinq nəticəsində vətəndaşın mülkiyyətində olan yaşayış binasının zirzəmisinin ön hissəsində, təxminən, 10 kvdarat metrlik sahədə qanunsuz tikinti faktı aşkar edilib. Sözügedən ünvanda aparılan işlərin heç bir müvafiq icazəverici sənədləri olmadığından Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara müraciət edilərək tikinti işləri mayın 3-də dayandırılmışdı”.

Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə də sorğu ünvanlanıb.


Ardını oxu...
30 ildən çoxdur ki, ibtidai sinif müəllimi işləyirəm. Amma hazırda işlədiyim Sabunçu rayon, Bakıxanov qəsəbə ünvanında yerləşən 271 saylı tam orta məktəbin direktoru məni həyatımdan bezdirib. 2021-ci ildə müəllimlərin sertifikasiya imtahanında keçid balını yığa bilməmişdim, amma 29 avqust 2023-cü il tarixdə keçirilən imtahanda 40 imtahan və 21 müsahibə balı olmaqla cəmi 61 bal toplamışam. Buna baxmayaraq, neçə ildir Sabunçu rayon 271 saylı məktəbin direktoru Səbinə Qasımova mənə ibtidai sinif vermir və mən yalnız ibtidai siniflərə musiqi və texnologiya fənlərini tədris edirəm.

Bu sözləri Axar.az-a şikayətində 271 saylı tam orta məktəbin müəllimi Səltənət Zahid qızı Bağırova deyib.

“Məktəbimizin direktoru özünü məktəbə, pedaqoqa yaraşmayan tərzdə aparır, müəllimlər arasında ayrı-seçkilik salır, imkan düşdükcə məni, müəllimləri və digər işçiləri təhqir edir, aşağılayır. Hətta mənə bildirir ki, sənə sinif verməyəcəm, hara gedirsən get, kimə istəyirsən şikayət et, mən heç kimdən qorxmuram. Son günlər isə məni müxtəlif bəhanələrlə işdən qovacağı ilə hədələyir. Uzun müddətdir direktordan öz haqqımı tələb edirəm, amma təəssüflər olsun, mənim tələbimin heç biri təmin edilməyib. Əksinə, daim direktor tərəfindən şantaj olunur və basqıya məruz qalıram”, - şikayətçi bildirib.

S.Bağırova məktəbdə biabırçılıqların baş verdiyini qeyd edib:

“Məktəbi bir dəfə yoxlasalar, görərlər ki, necə biabırçılıqlar baş verir. 271 saylı məktəbin 10 və 11-ci sinif şagirdləri dərsə gəlmir, dərs saatlarının pulunu da müəllimlərlə direktor öz aralarında bölür. Bundan başqa, məktəbimizdə 7-ci saatın dərsləri də keçirilmir, məşğələlər olmur, direktor sözügedən dərs saatlarını münasib bildiyi müəllimlərin adına yazır və sonradan dərs saatlarına ödənilən pulları ona geri verirlər. Məktəbimizdə bağban ştatı var, amma maaşını direktor alır. Ayşən və Sevər adlı şəxslər də ştat cədvəlində xadimə kimi müqavilə bağlayıblar, sadəcə, faktiki olaraq laborant işləyirlər. Müəllimlərin sertifikasiyasından keçməyən dörd nəfər ibtidai sinif müəllimi iki aklad sinif aparırlar, mənə isə normal dərs saatı belə verilmir”.

Müəllim hətta məktəbi Sicilya mafiyasına bənzərdib:

“271 nömrəli məktəbdə Siciliya mafiyasına bənzər mafiya yaradılıb. Qocaman və daha təcrübəli Ofeliya Arazova gənc direktor Səbinə Qasımovanı tam idarə edir, kiminlə necə danışmaq, kimi sıxışdırmaq olar, hamısını o həll edir. Bir sözlə, mafiyanın başçısı Ofeliya Əkrəm qızı Arazovadır”.

Onun sözlərinə görə, direktor başqa müəllimləri də hədələyir, amma işdən çıxarılma təhlükəsinə görə hamı qorxusundan susur:

“Məktəbimizin müəllimlərinin tən yarısı direktor Səbinə Məmmədağa qızı Qasımovanın onlara münasibətindən çox narazıdırlar, bütün bunları onlar ikilikdə mənə etiraf edirlər və bildirirlər ki, işlərini itirəcəklərindən qorxduqları üçün susurlar. Ən dəhşətlisi isə odur ki, direktor ibtidai sinif müəllimələrindən birini evində nökər kimi işlədir, bunu da ərazidə hamı bilir. Onu da əlavə edim ki, direktor və müavini məni intihar həddinə çatdırıblar”.

Qeyd edək ki, məsələ ilə bağlı 271 saylı tam orta məktəbin direktoru Səbinə Qasımova ilə əlaqə saxladıq. Direktor iddiaları təkzib etdi və bildirdi ki, Səltənət Zahid qızı Bağırova Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciət etməlidir.
Ardını oxu...
Ağstafa Rayon İcra Hakimiyyəti tenderləri ilə “göz qamaşdıran” dövlət orqanlarından biridir. 2023-cü ildə "abadlıq işləri" adı ilə ümumilikdə 1 milyon 200 min manatdan çox müqavilə imzalayıb və köçürmələrə qol qoyub.

Maraqlıdır ki, yüksək məbləğli bir çox tender müqavilələri “Topxana Layihə İnşaat” MMC ilə bağlanıb. Bu şirkət mediada “tenderlər kralı” deyə qeyd edilir.

Sözügedən İcra Hakimiyyəti və nəzdindəki idarənin yüksək məbləğli tenderlərini təqdim edirik:

AĞSTAFA RAYON İCRA HAKİMİYYƏTİ - “Auto Azərbaycan" MMC -

Ağstafa RİH-i üçün xidməti minik avtomobilinin alınması - Məbləğ: 57.800 AZN

Bu şirkətin nizamnamə kapitalı 15352742 dollar, qanuni təmsilçisi İSMAYILOV EMİL HÜSEYN OĞLUDUR.

AĞSTAFA RAYONU İCRA HAKİMİYYƏTİ BAŞÇISININ AĞSTAFA ŞƏHƏR İNZİBATİ ƏRAZİ DAİRƏSİ ÜZRƏ NÜMAYƏNDƏLİYİ

"TOPXANA LAYİHƏ İNŞAAT" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Ağstafa şəhərində kommunal binaların əsaslı təmiri - Məbləğ: 182.900 AZN

AĞSTAFA RAYON İCRA HAKİMİYYƏTİ - TOPXANA LAYİHƏ İNŞAAT" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Ağstafa rayonunda yolların əsaslı təmiri - Məbləğ: 435.034,32 AZN

AĞSTAFA RAYON İCRA HAKİMİYYƏTİ - "TOPXANA LAYİHƏ İNŞAAT" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Ağstafa rayonunda abadlıq işləri - Məbləğ: 189.980 AZN

AĞSTAFA RAYONU İCRA HAKİMİYYƏTİ BAŞÇISININ AĞSTAFA ŞƏHƏR İNZİBATİ ƏRAZİ DAİRƏSİ ÜZRƏ NÜMAYƏNDƏLİYİ

"TOPXANA LAYİHƏ İNŞAAT" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Ağstafa şəhərində abadlıq işlərinin satınalınması - Məbləğ: 455.362 AZN

Yerli mediada gedən məlumatlara görə, "Topxana Layihə İnşaat" MMC-yə Əli Bayramov rəhbərlik edir.

Şirkət 1996-cı ildə yaradılıb və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qeydiyyatına alınıb.

Nizamnamə kapitalı 110010 AZN olan şirkətin hazırkı qanuni tımsilçisi Fuad Ələkbərova Vaqif oğludur.

Ağstafa Rayon İcra Hakimiyyətinin bu işləri hansı dərəcədə gördüyü qaranlıq qalır. Nəzərinizə çatdıraq ki, sözügedən abadlıq işləri görülən küçələrdə bu hallar təsdiqini tapmır.

hurriyyet.az
 
Ardını oxu...
Sumqayıt şəhər sakini Aytəkin Bayramova övladının təhsil aldığı Həzi Aslanov adına Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbdə bullinqə məruz qaldığını iddia edir.
Yeniavaz.com-a müraciət edən A. Bayramova iddia edir ki, məktəbin müəllimləri – sinif rəhbəri S. S. və tarix müəllimi N. K. VIII sinifdə təhsil alan qızını təhqir edir, məktəbdən çıxması üçün ona təzyiq göstərirlər.
Onun sözlərinə görə, övladı sözügedən şəxslər və onların məktəbdə övladına qarşı yaratdığı mühit nəticəsində özünü öldürmə həddinə çatdırılıb. A. Bayramova deyir ki, bununla bağlı məktəb rəhbərliyinə müraciət etsə də, məhəl qoyan olmayıb.
Valideyn övladının həyatının təhlükədə olduğunu, təcili tədbir görülməyəcəyi təqdirdə canına qəsd edəcəyini deyir. Bildirir ki, övladı tez-tez “Özümü IV mərtəbədən atacağam”, deyir. A. Bayramovanın iddiasına görə, bunu eşidən müəllimlər isə tədbir görmək əvəzinə, onu ələ salırlar.
Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən Yeniavaz.com-un müvafiq sorğusuna cavab olaraq bildirilib ki, valideynin şikayəti əsasında mayın 7-də İdarənin əməkdaşları tərəfindən sözügedən məktəbdə araşdırma aparılıb:
“Araşdırma zamanı sinif rəhbərinin və tarix müəlliminin şagirdi təhqir etməsi faktı öz təsdiqini tapmayıb. Belə ki, araşdırma aparılan gün L. M. (şərtidir) dərsdə iştirak etmirdi. Valideyn Aytəkin Bayramovanın da iştirakı ilə adıçəkilən müəllimlərin şagirdi təhqir etməsi iddiası il bağlı L.M.-nin sinif yoldaşlarının fikirləri öyrənilib. Şifahi sorğu aparılan zaman şagirdlərin tam sərbəst olması üçün obyektiv şərait yaradılıb. Şagirdlərlə söhbət zamanı müəllimlərin L.M.-ni təhqir etmədiyi məlum olub. Şagirdlərlə söhbət zamanı onların əksəriyyəti L.M.-yə qarşı müsbət münasibət bəslədiklərini, lakin tez-tez valideyni Aytəkin Bayramova tərəfindən müxtəlif təzyiqlərə məruz qaldıqlarından, onunla münasibət qurmaqdan ehtiyat etdiklərini bildiriblər”.
İdarədən bildirilib ki, həmçinin vətəndaşın müraciətində qeyd olunan məsələlərlə bağlı məktəb rəhbərliyi, psixoloq, şagirdin sinif rəhbəri və məktəbin tarix müəlliminin iştirakı ilə görüş keçirilib, valideyn və müəllimlər arasında mövcud konflikt və ziddiyyətlərə dair müzakirə aparılıb:
“Məlum olub ki, məktəbin tarix müəllimi valideynin tez-tez onun işgüzar nüfuzuna xələl gətirəcək şikayətlər etməsi və sonuncu telefon əlaqəsi zamanı vətəndaş Aytəkin Bayramovanın onu təhqir etməsi ilə əlaqədar onu məhkəməyə verəcəyini bildirib. Buna görə də müəllim və valideyn arasında ola mövcud konflikt böyüyərək münaqişəyə çevrilib”.
Qeyd olunub ki, valideyn də öz növbəsində tarix müəllimindən şikayət edib.
“Vətəndaş Aytəkin Bayramova ilə söhbət zamanı, onun öz azyaşlı övladını intihara sövq edəcək ifadələr səsləndirməsi, məktəbin hündür mərtəbəsindən özünü atmasını təlqin etməsi müşahidə olunub”, - İdarədən bildirilib.

Ardını oxu...
Bakı şəhəri Nizami rayonunda yerləşən 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin müəllimləri - Xanım Həsənova , Könül Səmədli, Aybəniz Hacıyeva, Kəmalə İsrafilova, Elman Məmmədov, Nailə Aslanova və Aynurə Mehdiyeva tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər saytımız vasitəsilə Elm və Təhsil naziri Emin Əmrullayeva müraciət edir:

"Hörmətli Nazir!

Bakı şəhəri Nizami rayonunda yerləşən 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbində baş verən haqsızlıq, direktor Tariyel Əkbərovun özbaşınalıqları, dərs saatları kəsilən, Qərbi azərbaycanlı olduğu üçün təhqir olunan, səbəbsiz yerə töhmətlər alan, sertfikasiya imtahanlarında yüksək bal toplayan və sırf öz ixtisası üzrə təhsil alan, uzun illərdir çalışan müəllimlər olaraq, Sizdən xahiş edirik ki, səsimizə səs verin.

Sizə və nazirliyə, eləcə də Bakı Şəhər Baş Təhsil İdarəsinə çoxsaylı şikayət məktubları yazmağımıza baxmayaraq bu gün də məktəbdə direktor Tariyel Əkbərovun haqsızlıqları ilə üzləşirik. Direktor Tariyel Əkbərov birmənalı olaraq hər gün bizə hədə-qorxu gəlir, işdən qovmaqla hədələyir. Özünü məktəbdə direktor kimi aparmır və bizimlə dustaq kimi davranır. Bu da bizim səhhətimizə çox ciddi təsir edir.

Biz, Azərbaycan xanımları, müəllimləri, dövlətimizin gələcəyi üçün əsgər böyüdən anaları olaraq, direktorun xoşagəlməz davranışlarını müəllim adına ləkə kimi qiymətləndiririk.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə yazdığımız məktubların cavabsız qaldığını, köməksiz olduğumuzu görəndən sonra, yaranan problemlərlə bağlı direktor Tariyel Əkbərovun əleyhinə Elm və Təhsil Nazirliyi qarşısında etiraz aksiyası təşkil etdik.

Cənab Nazir!

Bizi nazirliyin əməkdaşları Həbib Kərimov və Məlahət Hacıyeva qəbul edib dinləsə də, şikayətimiz təmin olunmadı, məktəbdə olan problemlər öz həllini tapmadı. Əksinə, Tariyel Əkbərov bir az da qabağa gedərək, bizə daha çox hədə-qorxu gəldi.

Onu da qeyd edək ki, müəllim yoldaşımız Könül Səmədli çalışdığımız məktəbdə mənəvi terrorla üzləşir. O, şagird döyməklə bağlı direktor tərəfindən şərləndi. Araşdırılma aparıldı, heç bir kamera görüntüsü və sübut təqdim etməyi bacarmayan direktor bu yolla ikinci dəfə Azərbaycan müəlliminə qarşı haqsızlıq etdi.

04.04.2024-cu il tarixində Bakı Şəhər Təhsili İdarəsinin əməkdaşı Elşad Səfixanov məktəbə gəlsə də, bizim problemlərlə maraqlanmadı. Dərs saatlarımızın kəsilməsini, əsassız yazılan töhmətlər barədə qəti fikir söyləmədi. Qeyd etdiyimiz problemlərin həllinə səy göstərmədi. Bu qədər haqlı şikayət və problemlərdən sonra Elşad Səfixanov daha çox məktəbin direktoru Tariyel Əkbərovun vəkili kimi şikayətlərimizi əsassız hesab etdi.

Belə başa düşdük ki, bizim yazdığımız məktublar Sizdən gizlədilir, ünvana yetişmir və ya biz o məktəbdə işləməyə layiq deyilik.

Cənab Nazir!

Siz uzun illər təhsil sektorunda müxtəlif vəzifələrdə çalışmısınız. Çalışdığınız illər ərzində də müəllimlərin problemləri ilə kifayət qədər tanış olmusunuz. Biz əminik ki, tapdalanan hüquqlarımızın bərpa olunmasında, direktorun Azərbaycan müəlliminə olan hörmətsizliyini, müəllimlə ünsiyyət qura bilməməsini, etik davranış qaydalarını pozduğunu, dərs saatlarımızın kəsilməsini, eləcə də həmkarımız Könül Səmədlinin məktəbin müəllimi Bahar Kazımova tərəfindən "erməni" deyilərək təhqir olunmasını və direktor Tariyel Əkbərovun Xanım Həsənovaya, Kəmalə İsrəfilovaya, Aybəniz Hacıyevaya, eləcə də Könül Səmədliyə yazılan əsassız töhmətləri də araşdıracaqsınız. Buna tam əminik.
Öncədən Sizə dərin təşəkkürümüzü bildiririk. Xahiş edirik, bizə kömək edin".

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin "qaynar xətti" ilə əlaqə saxladıq. Bildirildi ki, ancaq şikayətçi olan şəxslər məsələ ilə bağlı nazirliyə müraciət edib, cavab ala bilərlər.

Ardını oxu...
"İldən artıq Saatlı rayon Xəstəxanasında heç bir diaqnoz qoyulmadan, qan, rentgen yoxlanmaları edilmədən müalicə aldım. Həkim elə bir ucdan mənə dərman yazırdı, heç bir analiz tələb etmirdi. Deyirdi, "Get, bu dərmanı al, at, keçib gedəcək". Onun dediyini edirdim, amma vəziyyətim getdikcə lap ağırlaşırdı. Nəhayət ayaq nahiyəmdə şiş əmələ gəldi və məni Bakıya - Respublika Klinik Xəstəxanasına göndərdilər. Burada məni başdan-ayağa yoxladılar və bəlli oldu ki, məndə qaraciyər sirrozunun əlamətləri var. Burdakı həkimlər qeyd etdi ki, indiyədək rayonda aldığım dərmanların heç bir effekti yoxdur, onları almağı kəsim. Bax, beləcə ilboyu rayon xəstəxanasında mənə dəxlisiz və bahalı dərmanlar aldırdılar. Vaxtında diaqnoz qoymadılar və mən də xəbərsiz olduğundan üzərinə düşmədim. Nəticədə, indi xəstəliyim irəliləyib və çox əziyyət çəkirəm".
Yuxarıdakı fikirləri Bizimyol.info xəbər portalına Saatlı rayon sakini Səriyyə Sadıqova deyib. Onun dediklərinə görə, Saatlı rayon Xəstəxanasında Müseyib adlı həkim ondan heç bir qan analizi almadan, diaqnoz qoymadan, aidiyyəti olmayan dərmanlar aldırıb və nəticədə xəstəliyi get-gedə irəliləyib.

Xəstə qeyd edib ki, artıq on aydır ki, real diaqnozdan sonra ciddi müalicələrə başlanılsa da, dərmanlar od qiymətinədir: "10 aydır ki, müalicə alıram, ay ərzində 1200-1400 manata kimi dərman xərclərimiz çıxır. Artıq çatdırıb dərman ala bilmirəm. Borclar, kreditlər üst-üstə yığılıb. Vicdanlı insanlardan kömək istəyirəm, mənə kömək edin".

Xəstənin həyat yoldaşı Gülhüseyn Sadıqov da eynilə həyat yoldaşı Səriyyə xanım kimi sağlıq problemi yaşayır. O, illər öncə yıxılıb, çanaq sümüyünü sındırdığı üçün indi yeriməkdə çətinlik çəkir. Ürəyinə isə "stend" qoyulduğundan, çanaq əməliyyatına girməsini həkimlər riskli hesab edirlər: "İkimiz də təqaüd kartımızı kreditə bağlamışıq, rayondakı evimi satışa çıxarmışam. Mən artıq öz narahatlığımı unutmuşam, təki həyat yoldaşım sağalsın. Qardaşım 1992-ci ildə Qarabağ döyüşləri zamanı şəhid olub. Ancaq bu günədək heç bir yerdə onun adını hallandırıb, kimlərdənsə kömək istəməmişik, utanmışıq. Ancaq indi vəziyyətimiz çox pisdir, dövlətimizdən kömək istəyirik. Dərmanlar çox bahadır və çatdırıb, ala bilmirik" - deyə, xəstənin həyat yoldaşı qeyd edib.

Məlumat üçün bildirək ki, xəstə hazırda Bakıda, öz qızının evində qalır və indi dərman almağa maddi imkanı çatmadığından, vəziyyəti get-gedə ağırlaşır.

Vətəndaşlar İcbari Tibbi Sığortaya müraciət edib-etmədikləri barədə bildirdilər ki, bunun üçün komissiyalardan keçməli və uzun müddət oturub, cavab gözləməlidirlər: "Süründürməçilikdir. O dərmanların dövlət tərəfindən qarşılanması üçün gedib, komissiyaya yazılmalıyam. Təzədən yoxlamalardan keçib, xəstəliyimi təsdiqlətdirməliyəm. Bunun üçün də ildən artıq zaman sərf olunur. Mənim buna nə taqətim, nə də imkanım yoxdur. Vəziyyətim get-gedə pisləşir. Vaxtında doğru təyin olunmayan diaqnozun, həkim səhlənkarlığının əziyyətini çəkirəm. Apteklərlə əlbir işləyirlər. İnsan həyatına yox, ticarətə üstünlük verirlər. Təki, dərmanlar alınsın, apteklər xəstələrdən xeyir götürsün" - deyə, xəstənin həyat yoldaşı bildirib.

Məlumat üçün qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələri vətəndaşın oğlu ilə əlaqə saxlayıb. Müraciətçinin övladına bildirilib ki, məsələ ilə əlaqədar müvafiq komissiyadan keçildikdən sonra dərmanlarla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən vətəndaşa yardım oluna bilər. Əgər xəstənin əməliyyata ehtiyacı varsa, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bunu qarşılayır. Amma bunun üçün lazımi donoru tapmaq vətəndaşın üzərinə düşür.

Əlavə olaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mövzu ilə bağlı xüsusi və rəsmi açıqlamalarını yayımlamağa hazırıq.

 
Ardını oxu...
Yasamal Rayon İcra Hakimiyyəti Başçısının Mənzil-Kommunal Təsərrüfat Birliyi (MKTB) məhəllədaxili yolların təmiri ilə “Koneks Construiction” şirkəti ilə satınalma müqaviləsi imzalayacaq.
Reportyor.info xəbər verir ki, şirkət qurumu bununla bağlı keçirdiyi tenderin qalibi seçilib.
“Koneks Construction” MMC-nin təklifi 387 165,87 manat olub.
Satınalma müsabiqəsinin nəticəsi ötən ilin dekabrında dövlət satınalmalrının vahid elektron portalında açıqlanıb.
Lakin tərəflər arasında hələ ki, müqavilə bağlanmayıb.
“Koneks Construcition” şirkəti “tender kralı” kimi tanınır.
Şirkət vaxtaşırı satınalma müsabiqələrinin qalibi seçilir. Xüsusilə təmir-tikinti, abadlıq işləri ilə bağlı tenderlər “Konkes Construction”a verilir.
Baxmayaraq ki, şirkətlə bağlı şübhəli məqamlar var.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Koneks Construction” MMC-nin 27 noyabr 2019-cu ildə qeydiyyata alındığı göstərilir. Şirkətin nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, mənzil 202-də yerləşən MMC-nin qanuni təmsilçisi Fərzəliyev Mehdi Məhəmmədəli oğludur.
Reyestr məlumatlarında şirkətin 2019-cu ildə qeydiyyata alındığı göstərilsə də, bir çox mənbələrdə “Koneks Construction” MMC-nin 2016-cı ildən fəaliyyətdə olduğu qeyd edilir.
Belə məlum olur ki, şirkət 3 il vergidən kənar fəaliyyət göstərib.
“Koneks Construction”la bağlı başqa bir şübhəli məqam onun geyim, dəftərxana ləvazimatları ilə bağlı keçirilən tenderlərdə də qalib seçiməsidir.
Deməli, geyim və ofis ləvazimatları satan şirkət həm də tikinti sektorunda fəaliyyət göstərir. O zaman ortaya sual çıxır: Çoxprofilli, tenderlərin vaxtaşırı qalibi seçilən, iriməbləğli sifarişlər alan bu şirkət haqqında açıq mənbələrdə nədən heç bir məlumat yoxdur?
Şirkətin adicə internet səhifəsi və əlaqə telefonlarına belə, rast gəlinmir.
Bu isə “Koneks Construction” MMC-nin tenderlərdə istfadə etmək üçün yaradılan və fəaliyyəti kağız üzərində olan şirkətlərdən biri olmasına şübhələri artırır.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovdur. O, 2019-cu ildən rayona rəhbərlik edir.
 
 
 
Ardını oxu...
Abşeron rayonu Ceyranbatan qəsəbəsinin sakinləri növbəti dəfə eyni problemlə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlayıb. Bir surəti də Yenixeber.org-a daxil olan müraciətdə qəsəbə sakinləri yenə də Ceyranbatan qəsəbə 2 №-li tam orta məktəbdə yaşanan şagird sıxlığı problemindən bəhs edir və dövlət başçısından məktəb üçün yeni tədris korpusunun tikintisini xahiş edirlər.

Aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli cənab prezident,

Biz-Abşeron rayonu Ceyranbatan qəsəbəsi Yeni Məhəllənin sakinləri-bütün seçkilərdə Sizin rəhbərlik etdiyiniz siyasi hakimiyyətin namizədinə səs vermişik. Sizin fəaliyyətinizi yüksək qiymətləndirmiş, ölkəmizin sabahına daha da ümüdlə baxmışıq. Bütün sahələrdə olduğu kimi, təhsil sahəsindəki ardıcıl və yorulmaz fəaliyyətiniz bütün ölkə ictimaiyyəti kimi bizi də ruhlandırır. Elə bu səbəbdən də qarşılaşdığımız problemin həllində Sizdən kömək umuruq.

Cənab prezident, bizim problemimiz təhsillə, məktəbimizdəki vacib sayılan problemlərlə bağlıdır. Ceyranbatan qəsəbəsinin demək olar ki, yarısını təşkil edən bizim yaşayış massivində bir-2 saylı orta ümümtəhsil məktəb- var. 11 (On bir) sinif otağından ibarət iki mərtəbəli bir korpusdan ibarət məktəbdə 240 (İki yüz qırx) şagirdin təhsil alması nəzərdə tutulsa da, hazırda 1000-ə (Bir min) yaxın uşaq təhsil almaq məcburiyyətindədir. Uşaqların sayının ilbəil artması ilə problemin ciddiliyi də artır. Bu səbəbdən də siniflərdə uşaqların sayı məlum normadan çox, tədris qrafiki isə daha da sıx olur. Tədris məcburiyyət səbəbindən gündə 3 (Üç) növbəlilik olmaqla, həftədə 6 (Altı) gün olur. Bu isə təbii olaraq birbaşa tədrisin səviyyəsinə kəskin şəkildə mənfi təsir edir.

Məktəbdə kompyuter kabinetlərindən, idman zalından, futbol meydançasından isə danışmağa dəyməz. Sizin idmana bunca qayğınızın qarışılığında bizim uşaqlar idman dərslərinin tədrisindən belə məhrum olublar. Cənab prezident, Sizin təhsilə və idmana yüksək qayğınıza baxmayaraq Bakıətrafı qəsəbədə-Ceyranbatan qəsəbəsi 2 saylı orta məktəbdə-intellektli və yetkin nəslin yetişməsində ciddi problemlər var.

Yeni tədris korpusunun və idman zalının tikilməsi üçün məktəbin ərazisində lazımı qədər torpaq sahəsi də var. Nədənsə məsul şəxslər, müvafiq vəzifə sahibləri bu imkana baxmayaraq lazımı addımları atmaqda maraqlı görünmürlər.

Hörmətli, cənab prezident, bizim ümüdümüz Sizədir. Xahiş edirik ki, bizim uşaqların təhsil probleminin həllinə, yeni tədris korpusunun tikintisinə, məktəbimizin müasir standartlara uyğun təminatına kömək edəsiniz.

Əvvəlcədən minnətdarlığımızı bildiririk.

Yenixeber.org
Nərimanov Rayon İcra Hakimiyyəti
Nərimanov rayonu Əliəşrəf Əlizadə küçəsində inşası davam etdirilən tikiliyə yaxın ağaclar məhv edilir.

Tribunainfo.az xəbər verir ki, tikintinin aparılması ilə əraziya yaxın olan yaşıllıqlar da qurumağa başlayıb. Sakinlər bildirib ki, bu ağaclar öz-özünə qurumur. Tikinti zamanı bilərəkdən ağaclara zərər verilir, ağaların dibi metonlanır. Beton qalıqları tökülən ağaclar zamanla qurumağa başlayır. Bütün bu işlər isə gözdən uzaq yerdə deyil, şəhərin mərkəzində, günün gündüz çağında aparılır.
Sakinlər bildirib ki, yaşıllıqların məhv edilməsi, ağacların qurudulub kəsilməsi aşkar şəkildə həyata keçirilsə də, görünür bu işə məsul olan Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfat Birliyi, Nərimanov Rayon İcra Hakimiyyəti faktdan xəbərsizdir. Sakinlərin sözlərinə görə, həyətlərdə ağaclar budanan zaman həmin gün müdaxilə edən, sakiniləri cərimələyən sözügedən qurumlar bu kimi hallara qarşı səssiz qalırlar.
Kəsilərək məhv edilmiş ağacların dibi betonlansa da, tikinti zamanı ağacın kötüyü yenə də istismar edilir, məhv edilməsi üçün əllərindən gələni edirlər.
Ardını oxu...
 
 
 
Ardını oxu...
“Mənə “al bu yüz mini və get”, desə də sizinlə hüquq müstəvisində qarşılaşacağımı dedim”.

Bunu Yenicag.az-a videomüsahibəsində 2017-ci ildə Bakıya gələn “Ajda Baku” MMC-nin təsisçisi Mikayil Kəskin deyib.
Onun sözlərinə görə, restoran əvvəlcə 3 ortaq ilə fəaliyyətə başlayıb

“Cüneyt Akgün, Rizvan Məmmədov və mən işə başladıqda həm təsisçi, həm də direktor özüm idim. Ancaq bir müddət sonra mənim xəbərim olmadan hər iki vəzifəmi əlimdən alıblar. Bunu isə saxta ünvana mənimlə əlaqə saxlaya bilməyiblər. Hər kəsə aydındır ki, xarici vətəndaşlar üçün qanuni olaraq keçərli olan ünvan Dövlət Miqrasiya Xidmətidir”, – deyə Mikayil Kəskin bildirib.
Əlavə olaraq təsisçi həmin şəxslərin 4 illik qazancını ödəmədiyini qeyd edib:

“Prezident İlham Əliyevdən və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan üzləşdiyim məsələ ilə bağlı dəstək istəyirəm. İki ölkə arasında qardaşlıq münasibətlərini bu kimi məsələlərlə pis hallandırmaq istəmirəm. Məni bu vəziyyətə salan şəxs Azərbaycan Respublikasının elm və Təhsil nazirinin qardaşı olduğu üçün maddi baxımdan çox güclüdür. Mənə “al bu yüz mini və get”, – desə də, sizinlə hüquq müstəvisində qarşılaşacağımı dedim. O isə qarşılığında “Azərbaycanda hüquq yoxdur, sən kimsən ki, məhkəmədə təhsil nazirinin qardaşına, yəni mənə qalib gələsən”.
Şikayətçi bildirib ki, qarşı tərəf məhkəməni ciddiyə almır və 8 qarşılaşdırma üzrə cəmi birində iştirak edib:

“Bu sözün həqiqi mənasında çox pis haldır. Azərbaycanda belə şeylər yaşanmamalıdır. Qardaşlıq münasibətlərini nəzərə alaraq, özümü vətənimdə hiss edirəm. Sadəcə, doğru qərar verilməsini, haqq-ədalətin yerini tapmasını istəyirəm”.

Ətraflı videomüsahibəni təqdim edirik:

 
 
 

Dünyapress TV

Xəbər lenti