![]() |
![]() ![]() ![]() |
|
Bakı şəhərinin mərkəzində yerləşən 2 məşhur gecə klubu "Alibi" və "Jolly Bistro"da aşkarlanan qanun pozuntuları aradan qaldırılmayıb.
Musavat.com xəbər verir ki, bu barədə sakinlər növbəti dəfə Daxili İşlər Nazirliyinə şikayət ünvanlayıblar.
Sakinlər qeyd edirlər ki, gecə klubundan ətrafa yayılan səs-küy barədə şikayətlərindən sonra da vəziyyət dəyişməyib. Klublar "eğlenceye devam" devizi paylaşıblar.
Bu 2 klub ətrafında yaranan vəziyyət artıq bir çox sakinlər üçün ciddi narahatlıq doğurur. Gecə saat 11-dən sonra şəhərin sükutunu pozan bu klubların səs-küyləri ətraf mühitə verdiyi zərərdən əlavə, cəmiyyətin psixoloji sağlamlığına da mənfi təsir göstərir.
Vətəndaşların müraciətləri əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi 22 ünvanında yerləşən "Alibi" və Əbdülkərim Əlizadə küçəsi 15 ünvanında yerləşən "Jolly Bistro" adlı gecə klublarından ətraf mühitə yayılan səs-küy və tüstünün yaratdığı narahatlıqları ilə bağlı araşdırma aparıb.
Lakin qeyri-qanuni fəaliyyət davam etməkdədir.
Sakinlər deyir ki, "Alibi" və "Jolly Bistro" klublarının fəaliyyəti yalnız cəmiyyətin narahatlığına səbəb olmaqla qalmır, həm də bu klublarda tətbiq olunan təhlükəsizlik qaydaları heçə sayılır. Səs-küy səviyyəsi normadan qat-qat artıq olan bu klublar ətrafda yaşayan insanların yuxusuzluğuna səbəb olurlar. Gecə klublarının səs-küyü sadəcə musiqi deyil, həm də ətraf mühitin hər bir sahəsinə nüfuz edən, insanı dərin yorğunluğa sürükləyən bir təcavüzdür.
Gecəyarısı baş verən səs-küy şəhərin bir çox ərazisində yaşayan sakinlər üçün ciddi bir problemə çevrilib. Gecə saatlarında narahatlıq yaratmaqla cəmiyyətin sağlamlığına zərər vurulmuş olur.
Bundan əlavə, bu klublarda yanğın təhlükəsizliyi qaydalarına əməl olunmur. Fərqli növ fişənglərin yandırılması, təhlükəli siqaret və qəlyan tüstüsünün yayılması yerli sakinlərlə yanaşı, klub həvəskarlarının da sağlamlığını təhlükə altına alır.
Bakı sakinlərinin narahatlığını daha da artıran amillərdən biri bu klubların gecə yarısından səhərə qədər fəaliyyət göstərməsidir. Bu gecə həyatı bir çoxlarının cəmiyyətin normal ritminə uyğun olmayan, sərhədləri aşan həyat tərzini təbliğ etməsi ilə nəticələnir.
"Alibi" və "Jolly Bistro" gecə klublarının cəmiyyətdə yaratdığı bu mənfi təsirlər artıq yalnız bir neçə şəxs üçün deyil, bütöv bir şəhərin sakinləri üçün ciddi problemə çevrilib.
Bu problemlə bağlı rəsmi müraciətlər də mövcuddur və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən monitorinqlər klublarda səs-küy səviyyəsinin yüksək olduğunu və bu barədə tədbirlərin görülməsinin lazım olduğunu ortaya qoyub.
Bu, yalnız cəmiyyətin həyatına təsir etməklə qalmır, həm də ekoloji balansı pozur. Bakının gecə həyatı gənclər və böyüklər arasında sosial və ətraf mühitə zərər verən bir amilə çevrilməməli, bu məsələyə ciddi yanaşılmalı və qanunla tənzimlənməlidir. Səslərin sükut içindəki cəhdi, ətraf mühitə verilən zərər və təhlükəsizlik qaydalarına riayət etməyin yaratdığı fəsadlar artıq cəmiyyətin narahatlığını doğurur.
Bakı sakinləri daha sakit, sağlam və təhlükəsiz bir şəhər arzulayır, buna görə də hüquq-mühafizə orqanlarının məsələyə diqqət yetirməsi, daha sərt qaydaların tətbiq edilməsi vacibdir.
Xatırladaq ki, vətəndaşların müraciətləri əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi 22 ünvanında yerləşən "Alibi" və Əbdülkərim Əlizadə küçəsi 15 ünvanında yerləşən "Jolly Bistro" adlı gecə klublarından ətraf mühitə yayılan səs-küy və tüstünün yaratdığı narahatlıqları ilə bağlı araşdırma aparıb.
Nazirlikdən vətəndaşlara verilən cavabda deyilir:
"Adı çəkilən iaşə obyektlərində tərəfimizdən 19.04.2025-ci il tarixində Daxili İşlər Nazirliyinin sahə rəisi kapitan Xalid Məmmədov, iaşə obyektlərinin nümayəndələri Kənan Yıldırım (Alibi) və Naif Tiryəkinin (Jolly Bistro) iştirakı ilə birgə monitorinq keçirilmişdir.
Monitorinqlər zamanı hər iki iaşə obyektinin zalında səs-küy səviyyəsinin ətraf mühit üçün yol verilən norma daxilindən artıq olduğu müəyyən edilib, qanunamüvafıq tədbirlərin görülməsi üçün 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət olunub.
Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Prezidentinin "Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları"nın təsdiq edilməsi haqqında 08 iyul 2008-ci il tarixli 796 nömrəli və "Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normalarının icrasının təmin edilməsi barədə" 13 fevral 2009-cu il tarixli 52 nömrəli Fərmanlarına əsasən, mənzil daxilində səs-küy səviyyəsinin ölçülməsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, gecə saat 23:00-dan 06:00-dək isə Daxili İşlər Nazirliyinin səlahiyyətindədir.
Qeyd olunanları nəzərə alaraq qanunamüvafiq tədbirlərin görülməsi üçün Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə də müraciət olunub".
E.MƏMMƏDƏLİYEV,
Musavat.com