Ardını oxu...
Rusiyanın Ukraynaya hücumundan sonra bu ölkədə yaşayan bir çox azərbaycanlı qonşu dövlətə atılan raketlərin od-alovundan uzaq olsa da, bir müddət əvvəl aparılmış qismən hərbi səfərbərlik bir çoxunda həyəcan, qorxu yaratmışdı. Hətta evini satıb Rusiyadan köçənlər də olub, burda yaşayan azərbaycanlılar BBC Azərbaycanca ilə müşahidələrini bölüşərkən deyiblər.

Rusiyanın Ukraynaya müharibə başlatmasının bir ili tamam olur. Bu müharibə nəticəsində Ukraynada minlərlə insan həlak olub, milyonlarla insan qaçqın olub. Bəzi iqtisadi təhlilçilər deyirlər ki, Ukraynaya hücumun ildönümü ərəfəsində Rusiya iqtisadiyyatı Qərbin sanksiyalarının ağırlığını hiss etməyə başlayır.

Moskvanın mərkəzində və ona yaxın ərazilərdə yaşayan azərbaycanlılar BBC-yə deyir ki, müharibənin təsirlərini daha çox bahalaşmada, Azərbaycana gedərkən təyyarə biletlərinin qiymətlərində və səfərbərlik elanına görə Rusiyanı tərk edən tanışlarının yoxluğunda hiss edə bilirlər.

2022-ci ilin sentyabrın 21-də Rusiyada qismən hərbi səfərbərlik elan ediləndən sonra Moskva-Bakı təyyarə reyslərində adi vaxtlarda 240-300 manat olan biletin qiyməti 3000-3600 manat kimi bahalaşıb.

Həm Rusiyada, həm də Ukraynada milyonlarla azərbaycanlı məskunlaşıb, amma müharibəyə başlayan Rusiyada qeyri-rəsmi rəqəmlərə görə, təqribən 2 milyondan çox azərbaycanlının yaşadığı hesab edilir.

Moskva Domodedovo hava limanı
Ötən ilin sentyabrında Rusiyada qismən hərbi səfərbərlik elan ediləndə bir neçə gün ərzində viza tələb olunmayan ölkələrə təyyarə biletlərinin qiyməti bir neçə dəfə bahalaşdı
“Artıq təşviş, narahatlıq yoxdur, sanki heç müharibə yoxdur”
Artıq yeddi ildirki Rusiyada, Moskva ətrafında yaşayan Nigar Salayeva (BBC-yə danışan azərbaycanlıların bəziləri təhlükəsizliyinə görə ad və soyadlarının dəyişməsini istəyiblər) deyir ki, müharibə ilk başlayanda və hərbi səfərbərlik elan ediləndə azərbaycanlılar arasında narahatlıq, həyəcan artıb, amma bu gün bu təlaşdan əsər-əlamət qalmayıb:

“Burada yaşayan azərbaycanlıların əksəriyyəti ailəli, uşaqlıdır, gənc ailələrdirlər və hamı narahat idi ki, Rusiya vətənadaşı olduqlarına görə, onları müharibəyə apara bilərlər”.

Rusiyada qismən hərbi səfərbərlik başa çatdığından təşviş nisbətən azalıb, amma işsizlik artıb, iş tapmaq çətinləşib və hətta işlərin itirənlər də olub, Nigar Salayeva əlavə edib.

Onun sözlərinə görə, işini itirənlər təkcə azərbaycanlılar deyil.

Nigar Salayeva xatırlayır ki, bir il əvvəl başlayan müharibəyə görə, qorxudan, təşvişdən bəzi azərbaycanılar evlərini satıb Azərbaycana qayıdıblar, müvəqqəti Türkiyəyə gedənlər də olub:

“Evini-eşiyini, hər şeyini satıb Azərbaycana gedənlər oldu burda. Rəfiqəmgilin ailəsi neçə il burada yaşasalar da köçüb qayıtdılar Lənkərana. Elə adamlar oldu ki, səfərbərliyə görə gizlənməli oldu. Həyat yoldaşım atasının təkidi ilə Azərbaycana getdi, amma 10-15 gün qalıb, qayıdıb gəldi Moskvaya. Biz çoxuşaqlı ailəyik deyə, yoldaşımı [müharibəyə] aparmayacaqlarını bilirəm, amma yenə də narahatıydıq ki, qanunsuz apara bilərlər”.

Onun sözlərinə görə, Moskvadakı bazarların birində ticarətlə məşğul olan həyat yoldaşının işində bir az problem yaranıb, işləri zəifləyib:

“Müharibənin əvvəlində çox problemlər yarandı, amma sonradan hər şey normallaşdı. İndi hətta ruslar arasında da təşviş, narahatlıq yoxdur, sanki heç müharibə yoxdur”.

Müharibə başlayandan sonra Rusiyadakı azərbaycanlıların üzləşdikləri çətinliklərdən biri də Azərbaycana gedib-gəlməkdə üzləşdikləri “hədsiz baha təyyarə biletləri” olub.

“6-7 ay əvvəl atam rəhmətə getdi və biz ailəvi getmək üçün təyyarə biletinə 300 min rubl pul ödədik. Bu, Azərbaycan manatı ilə 7 min manata yaxın puldur. Normal halda bu məbləğ 60 min rubl ətrafında olurdu, yəni 1300-1500 manat ətrafında. Bəzən bayram ərəfələrində də bahalaşma olurdu, amma bu dəfə elə olmadı. Hazırda qiymətlər enib, amma müharibədən əvvəlki kimi deyil”, – Nigar Salayeva BBC Azərbaycancaya deyib.

Moskva metrosu
Moskvada yaşayan Mübariz Qasimi deyir ki, ölkə daxilində əvvəllər görmədikləri qədər yoxlamalar var, “iş icazəsini soruşurlar, metrolarda yoxlamalar aparılır”.
“Rusiya avtoritar ölkə olsa da alternativlər tapa bilib”
Artıq dörd ildir Moskvada yaşayan Mübariz Qasiminin sözlərinə görə, Rusiyada müharibənin ilk altı ayı çətinliyi gözlə görüləcək dərəcədə olmayıb:

“Ancaq sentyabrda səfərbərlik qərarı veriləndə bu, həm azərbaycanlılara və eləcə də Rusiyada yaşayan hamıya təsir etdi. Tanıdığımız azərbaycanlılara da çağırış gəldi, fərqi yoxdur, onlar bir aydır alıblar vətəndaşlığı, ya beş ildir. Rusiya vətəndaşlığını almış bəzi azərbaycanlılar ölkəni təcili tərk elədilər”.

Mübariz Qasimi restoran biznesində çalışır və daha çox turistlərin yoxa çıxması onun işinə təsir edib.

“Müştərilərimizin sayı azalıb, məcbur qalıb işçilərin də sayını bir-iki nəfər azaltdıq. Qiymətlər bahalaşıb, əsasən də ərzaq, gigiyenik vasitələr, ölkəyə gəlməsinə qadağalar qoyulan tanınmış markaların elektron-texnika məhsulları”.

Onun sözlərinə görə, Moskvada və digər Rusiya şəhərlərində Qərbin brend geyim dükanları bağlanıb.

Mübariz Qasimi deyib ki, ümumi iş yerləri ilə bağlı elə də narahatlıq yoxdur, çünki iş yerlərini tərk edənləri başqaları əvəzləyib.

“Həyat davam etsə də ölkə daxilində əvvəllər görmədiyimiz qədər yoxlamalar var, insanların iş icazəsini yoxlayırlar, hər addımbaşı yoxlayırlar, metrolarda daha çox yoxlamalar aparılır”, – o bildirib.

Mübariz Qasiminin sözlərinə görə, BMW, Audi, Mercedes, Porche və başqa Avropa avtomobil şirkətləri yeni modellər göndərmir və ona görə də Rusiyada Çin istehsallı avtomobillər daha geniş yayılmağa başlayıb və qiymətlər də bahadır:

“Ümumiyyətlə, buradakı azərbaycanlıların əsas qayəsi müharibəyə gedib hədər yerə məhv olmamaqdır. Rusiya vətəndaşlığı alan azərbaycanlıların çoxu ölkəni tərk elədilər, amma son vaxtlar bəziləri qayıdır. Ancaq yeni səfərbərlik elan ediləcəyi ilə bağlı şayiələr də yayılır”.

Onun fikrincə, müharibənin təsiri Qərb dövlətləriylə böyük biznesi olan azərbaycanlılara olub və sanksiyalar onların işlərində ləngimələr, geriləmələr yaradıb, sifarişlər, çatdırılmalar problemlə üzləşib:

“Ancaq Rusiya, demək olar, hər sahədə alternativlər tapıb. …Ən çox bəyəndiyimiz odur ki, nə qədər avtoritar idarəetmə olsa da, Rusiya ehtiyatlar baxımından, özünü vəziyyətdən çıxarmaq baxımından müsbət nəticələr əldə edə bilir”.

Rusiyanın Federal Statistika Xidmətinin məlumatına görə, fevralda Moskva ətrafındakı İstra şəhərində supermarketdə xiyarın qiyməti iki ayda 53 faiz bahalaşıb.
Rusiyanın Federal Statistika Xidmətinin məlumatına görə, fevralda Moskva ətrafındakı İstra şəhərində supermarketdə xiyarın qiyməti iki ayda 53 faiz bahalaşıb
“Bahalaşma olsa da endirimlər vaxtı alış-veriş edirik”
Müharibə yeddi ildir Moskvada yaşayan Bahar Hüseynovanın ailəsinə birbaşa təsir etməyib, çünki həyat yoldaşı “dövlət işində” çalışır və iş yerindən ona hərbi xidmətə aparılmayacağı ilə bağlı arayış verilib.

Ona görə də ərinin səfərbərlik və işini itirməklə bağlı problemi olmayıb.

Elə Rusiyadakı bahalaşmadan da yayınmağa çalışırlar:

“Hər kəs ayağını yorğanına görə uzadıb alış-verişini edir. Geyimdə bahalaşma yoxdur, düzdü bizim aldığımız ərzaqlarda artım oldu, amma endirimlər də tez-tez olur. Çalışıram ki, aldığım hər şeyi endirim vaxtı alım ki, bahalaşmanı hiss etməyək”, – Bahar Hüseynova bildirib.

Azərbaycana təyyarə biletlərinin baha olması onlar üçün müharibənin özünü göstərdiyi ən ciddi amildir:

“Bahalaşma yeni deyil. Azərbaycana gediş-gəliş elə korona dövründə çətinləşmişdi. Onda biletlər də baha idi, birbaşa reys də tapmaq olmurdu, ancaq bir neçə reys dəyişməklə getmək olurdu. Ondan sonra bircə dəfə getmişəm vətənə. İndi deyirlər düzəlib” , – Bahar Hüseynova deyib.
Ardını oxu...
“Milliyyətcə azərbaycanlı olan xarici ölkələrin vətəndaşları Azərbaycana gələndə digər əcnəbilər kimi 1 aydan artıq müddətdə ölkədə qaldıqda vizalarının müddətini uzatmalıdırlar”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı bildirib.

O deyib ki, milliyyətcə azərbaycanlı olan şəxslər Azərbaycana xəstə ata-anasının yanına gəlirsə, 1 aydan sonra qalma müddətinin artırılması üçün müxtəlif yollara baş vurmalı, hətta xəstəliklə bağlı arayış almalıdır.

“Ona görə də yaxşı olar ki, əcnəbilərlə müqayisədə, milliyyətcə azərbaycanlı olanlara daha artıq qalma müddəti ilə bağlı qanunvericilikdə güzəştlər nəzərdə tutulsun”, - M.İbrahimqızı təklif edib.
 
Ardını oxu...
Türkiyədə fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ nəticəsində dəymiş zərəri sığorta sektoru ödəməyə başlayıb.

Bunu Türkiyə Sığorta Dərnəyinin (TSB) sədri Atilla Benli bildirib. A.Benli episentri Kahramanmaraşda olan zəlzələlərdən sonra fəlakət bölgəsində araşdırmaları davam etdirdiklərini qeyd edib. “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin araşdırmasına görə, zəlzələnin dağıtdığı tikililərin sığorta ödənişləri 1 milyard ABŞ dolları civarında olacaq. Bildirilir ki, bu məbləğin böyük hissəsi təkrarsığorta şirkətləri tərəfindən ödəniləcək. Ölkəmizdə isə sığorta sahəsində vəziyyət heç də ürəkaçan deyil. Belə ki, ölkəmizdə fərdi mənzillərin 90 faizi sığorta edilməyib.

Maraqlıdır, zəlzələ olacağı təqdirdə, sığorta olunmayan mənzillər üçün ödəniş ediləcəkmi?

Cebhe.info-ya açıqlamasında sığorta üzrə mütəxəssis Hikmət Allahverdi bildirib ki, kompensassiyalar dövlətin səlahiyyətində olan məsələdir:
"Bunun üçün 2011-ci ildən “Mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin icbari sığortalanması haqqında” Qanun var. Bu qanun əsasında yaşayış mənzillərini sığortalayan şəxslərə sığorta ödənişi mümkündür. Amma kompensasiyalar dövlətin səlahiyyətində olan məsələdir. Bu qanun qüvvədə olan zamanlarda da kompensasiya ödənilməsi halları baş verib. Məsələn, Şamaxıda zəlzələ oldu, evlərin sığortası olmasa belə,dövlət əhaliyə dəyən zərəri qarşıladı. Amma bunun əksini də görmüşük. Ticarət obyektləri yanıb, amma bu şəxslərin sığortası olmadığı üçün nə sığorta şirkətləri, nə də dövlət kompensassiya ödəyib”.
 
Ardını oxu...
Rusiyanın Baş naziri Mixail Mişustin Azərbaycanla pensiya təminatı sahəsində əməkdaşlıq haqqında sazişin Dövlət Dumasına təsdiq üçün təqdim edilməsi haqqında qərar imzalayıb.

Teref.az oxu.az-a istinadən xəbər verir ki, saziş ratifikasiya üçün Dumaya göndərilib.

Qərarda qeyd edilir ki, saziş 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanıb.

Müqavilənin müddəalarına əsasən, pensiya hesablanarkən Azərbaycan vətəndaşlarına Rusiyada işləyərkən qazandıqları əmək stajı, rusiyalılar üçün isə Azərbaycan ərazisində qazandıqları əmək stajı hesablanacaq.
 
Ardını oxu...
29 yaşlı Türkan Hadıyeva Bakının Xəzər rayonunda yaşayır.

O, imkan tapdıqca anası ilə birgə küçələrdən, zibilliklərdən taxta, çör-çöp, rezin, odun yığmağa gedir.

Dörd il əvvəl həyat yoldaşını itirən Türkan Hadıyeva indi beş yaşlı oğlu ilə birgə valideynləri ilə qalır.

O deyir ki, dörd nəfərlik ailə onun və oğlunun aldığı müavinətlə dolanır.

Daha ətraflı burada:

 
Ardını oxu...
Baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Azərbaycanın 21 fevral tarixinədək Türkiyəyə göndərdiyi humanitar yardımların sayı açıqlanıb.

Bu barədə Azərbaycan XİN-in tviter hesabında məlumat verilib.

XİN-in məlumatına görə, qardaş ölkəyə zəruri ləvazimatlarla yanaşı, 24 900 000 manat maddi yardım da edilib.

Bu məbləğdə hökumət, dövlət qurumları, hüquqi və fiziki şəxslər tərəfindən birbaşa maddi yardım öz əksini tapıb.

Təqdim olunan siyahıda isə fiziki şəxslər və ayrı-ayrı şirkətlər tərəfindən göndərilən yardımlar əks olunmayıb.
Ardını oxu...
 
Ardını oxu...
Alim Paşayev 8 yaşında olarkən valideynləri onu 1 saylı İnternat Məktəbinə yazdırıb. Bundan sonra onun valideynlərilyə ünsiyyəti kəsilib. Beləcə, Alim Paşayev ata-ana qayğısından məhrum bir uşaqlıq keçirir.

İndi A.Paşayev Bilgəh qəsəbəsində həyat yoldaşı və iki azyaşlı övladı ilə bir otaqlı evdə kirayədə qalır. O deyir, internat məktəbində bir yerdə qaldığı uşaqlar evlə təmin edilsələr də, o, bu imkandan məhrum olub.

Sosial Xidmətlər Agentliyinin sözçüsü Murad Həşimov Toplum TV-yə bildirib ki, A.Paşayevin onlara təqdim etdiyi rəsmi sənədlərdə çatışmazlıq var.

A.Paşayevin sözlərinə görə, nazirlikdən heç kim ona təqdim etdiyi sənədlər arasında çatışmazlıq olduğunu deməyib. O, yenidən sənədlərini toplayaraq Sosial Xidmətlər Agentliyinə təqdim edəcəyini bildirir. Amma şikayətçinin sözlərinə görə, ailəsinin yeganə problemi ev deyil. Onun bir yaşlı qızının səhhəti ağırlaşıb.

A.Paşayev deyir, övladının müalicəsinin xərclərini qarşılamaqda çətinlik çəkir. TƏBİB-in mətbuat xidmətinin əməkdaşı bildirir ki, istənilən vətəndaş icbari tibbi sığorta vasitəsilə pulsuz müalicə ala bilər.

Vətəndaş isə rəsmi qurumla razılaşmır.

A.Paşayev övladının tezliklə sağlamlığına qovuşamasını istəyir.

Toplum TV

 
Ardını oxu...
Masallı rayonu Boradigah qəsəbə sakini Bəyverdiyev Asif Məhərrəm oğlu özünün və həyat yoldaşının pensiyasının bərpa olunmamasından şikayətçidir.

O, bu barədə Yeniavaz.com-a müraciətində bildirib.

A.Bəyverdiyev deyib ki, problemi ilə bağlı 48 rəsmi müraciət ünvanlayıb:

“Mən 5 ildir nevroloji əsəb xəstəliyindən əziyyət çəkirəm. 5 il pensiya almışam, indi təyinatım dayanıb. Bu barədə Prezident Administrasiyasına, Dövlət Sosial Müdafiə Fonduna, TƏBİB-ə dəfələrlə rəsmi müraciətim olsa da, mənə cavab verilməyib. 48 dəfə rəsmi müraciətim olub. Şablon formada mənə cavablar verilir. Mən Sahil Babayevin müavini Anar müəllim ilə Masallı şəhərində görüşdüm. Hətta o da mənə söz verdi. Bir dənə pensiyamız var. Onu da almasaq, nə yeyək, necə dolanaq, acından ölürük”.

Vətəndaş qeyd edib ki, həyat yoldaşı Bəyverdiyeva Səbinə Mürvət qızı da eyni xəstəlikdən əziyyət çəkir və onun da pensiyası kəsilib.

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin rəsmisi Tural Qurbanov Yeniavaz.com-a bildirib ki, Bəyverdiyev Asif Məhərrəm oğlunun əlilliyinin qiymətləndirilməsi ilk növbədə tibb müəssisəsi tərəfindən elektron sistemə daxil edilmiş göndəriş əsasında, özünün iştirakı olmadan aparılıb:

“Müəyyən olunub ki, göndərişdə vətəndaşın mövcud diaqnozuna əsasən aktiv sürücülük vəsiqəsinin olması uyğunsuzluq yaradıb.

Bu baxımdan ona 22.05.2022-ci il tarixdə e-sistem üzərindən imtina qərarı verilib.

Buna baxmayaraq, vətəndaş Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib.
Müayinə nəticəsində şəxsin əlavə müayinə və müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilib”.

 

Dünyapress TV

Xəbər lenti