İranla Türkiyəni üz-üzə qoyacaq razılaşma: Pezeşkian ilk həmləsini etdi
İsrail Qəzzadan sonra Livana hücuma başlayıb. Bu gəlişmə bölgəni böyük müharibəyə doğru apardığı deyilsə də, işarələr bunun əksini göstərir.

Bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti yazır.

“İran açıq çağırışlarına baxmayaraq Qəzzada hərəkətə keçə bilmədi. Komandirləri öldürülərkən də səssiz qaldı. Dəməşqdəki konsulluğu hədəfə alınanda gərginliyi azaldacaq mövqe tutdu. İsmayıl Haniyə Tehranda öldürüləndə mümkün cavab addımlarını zamana buraxdı. Livana hücumdan sonra İrandan verilən açıqlamalar bizə deyir ki, Tehran “diplomatiya”ya şans verib.

Tehran niyə bu mövqedən çıxış edir? Arxa planda ABŞ və İran arasında razılaşma varmı? İşarələr çox güclü səslə “Bəli” deyir”, – məqalədə qeyd olunur.

Türk nəşri ABŞ-ın prosesdəki roluna da diqqət çəkir:

“ABŞ-ın əsas məqsədi regionda mövcudluğunu minimuma endirmək və diqqətini Çinə yönəltməkdir. Hər şey bunun ətrafında fırlanır. Çıxış strategiyası iki sütuna əsaslanır: birincisi İsrailin təhlükəsizliyini təmin etməkdir. Buna nail olmaq üçün İranın İsrail (Livan və Suriya) ətrafındakı təsiri azaldılmalıdır. Buna görə də Qəzza, Livan və Suriyanın cənubunda İsrailin nəzarəti istənilir. İkincisi, ərəb ölkələrini bir araya gətirməklə İranı balanslaşdırmağa çalışırlar. Bu, bölgəni gərgin və parçalanmış vəziyyətə gətirməlidir”.

Bəs, İran öz nüfuzunu yerlə-yeksan edən bu qədər hücum qarşısında niyə susur?

“Yeni Şafak”a görə, Tehrandakı sükut Vaşinqtonla razılaşmadan irəli gəlir:

Birinci, ABŞ-ın noyabrın 5-də keçiriləcək seçkilərdən sonra Tehrana nüvə danışıqlarına yenidən başlamağa söz verdiyi bildirilir. Hətta “hərtərəfli siyasi müzakirələr”dən danışılır. İran nüvə danışıqlarından sonra sanksiyaların ləğvini tələb edir. İran Prezidenti Pezeşkian Nyu-Yorkda verdiyi açıqlamada nüvə müzakirələrinə qayıtmaq istədiklərini deyib.

“Əgər nüvə sazişinin öhdəlikləri tam yerinə yetirilərsə, digər məsələlərlə bağlı danışıqlara başlaya bilərik”, – Pezeşkian vurğulayıb.

İkinci, altı aylıq danışıqlardan sonra ABŞ bu yaxınlarda İraqdan çəkilməyə razılıq verdi. ABŞ onsuz da bölgədən çıxmaq istəyirdi, amma İraqı İranla sövdələşmə obyektinə çevirdi. Bu xəbərdən bir neçə gün sonra Pezeşkian “əzələ nümayişi” olaraq ilk səfərini İraqa etdi. Hətta Bafel Təlabani ilə selfi də çəkdirdi.

Üçüncü, Qəzza və ya İordan çayının qərb sahili İran üçün önəmli deyil, amma “Hizbullah” önəmlidir. “Hizbullah”a yaxın bir media qurumu təşkilatın niyə İsrailə cavab verməməsini İrandan heç bir razılığın olmaması ilə əlaqələndirib. Pezeşkian da söyləyib ki, “Hizbullah” təkbaşına İsrailə qarşı dura bilməz. İran “Hizbullah”ın Livandakı varlığına toxunulmasını istəmir. Amma baş verənlər qarşısında bu susqunluq təşkilatın Livanın cənubundan (İsraillə sərhəddən) şimala çəkilməsinə dair razılaşmanın olub-olmaması sualını yaradır.

Dördüncü, “Hizbullah” İsrail və ABŞ üçün problemdir. Amma Yəməndə İranı dəstəkləyən qruplar problem deyil, ona görə də heç vaxt gündəmə gəlmir. Səudiyyə Ərəbistanına qarşı balans üçün Yəməndəki qüvvələrin qalması ABŞ-ın da marağındadır”.

Beşinci amilə gəlincə, Türkiyə qəzeti qeyd edir ki, Suriya dosyesi ABŞ-İran danışıqlarında açıq qalır:

“Əslində, İran Suriyanın Səudiyyənin rəhbərlik etdiyi konsorsiuma inteqrasiyasına qarşıdır. Tehran bu ölkədəki mövcudluğunu davam etdirmək istəyir. Görünür, buna görə də həm ABŞ, həm də Rusiyanın Suriya dosyesini Türkiyə ilə müzakirə etmək istəyir. Başqa sözlə, ABŞ PKK üzərindən mərcə girir, ruslar Əsədlə dialoq prosesinin təşəbbüskarı kimi önə çıxırlar. Suriya dosyesi açıq qalsa, növbəti toqquşma zonası bura olacaq”.

“Yeni Şafak” bundan öncə İraqın Süleymaniyyə şəhərindəki PKK-nın terror qruplaşmalarına rəhbərlik edən Bafel Təlabaninin əsas dəstəkçilərindən birinin İran olduğunu yazmışdı. Türkiyədən müxtəlif səviyyələrdə İranın bu pozucu fəaliyyətlərinə etiraz edilib. Analitiklərə görə, İraqdan geri çəkilən ABŞ-ın yerini İrana verməsi həm də Tehranı Ankara ilə üz-üzə qoymaq məqsədi daşıyır. Həmçinin bu, İraqda ABŞ tərəfindən PKK-ya nəzarətin İrana ötürülməsi anlamına gələ bilər. Türkiyənin bu durumla da razılaşacağı inandırıcı görünmür. Artıq Türkiyə İraqla terrorizmə qarşı birgə mübarizəyə dair müqavilə imzalayıb. İraqda mövqelərini gücləndirməyə çalışan İranın bunu pozmağa cəhd edəcəyi ehtimalı da yüksəkdir.
 

Bölmənin digər xəbərləri

10 May 2025 Avropa üçlüyünün rəhbərləri Kiyevdə - Mühüm açıqlama olacaq
10 May 2025 Tramp Putinlə bağlı qərarını verdi
10 May 2025 İran ABŞ-la nüvə danışıqlarının yeni mərhələsinə razılıq verib
09 May 2025 Tramp Ukrayna ilə Rusiyanı barışdıra biləcək tərəfi açıqladı
09 May 2025 Sülh sazişi 2026-cı ildən sonraya qalır?
09 May 2025 Putin və Si Cinpinin danışıqları 7 saatdan çox davam edib
09 May 2025 Vaşinqton-Moskva münasibətlərində gərginlik: - Rusiya yenidən Çinə ehtiyac duymağa başlayır
08 May 2025 Tramp bu “açarı” keçmiş rəqibinə verdi - Azərbaycan üçün önəmi
08 May 2025 Bu gün Bakıda Türkiyə və İsrail arasında danışıqlar başlanır
08 May 2025 Prezidentin Moskvaya getməməsinin – SƏBƏBLƏRİ
08 May 2025 Paşinyan Moskvada Qələbə Paradında iştirak edəcək
08 May 2025 Ermənistan Konstitusiyasını dəyişdirir – Yeni layihə 10 aya hazır olacaq
07 May 2025 Moskva paradına 29 ölkə lideri gələcək – Uşakov siyahını açıqladı
07 May 2025 Almaniyada yeni kansler SEÇİLDİ
06 May 2025 İlham Əliyev Belarusun Baş nazirini qəbul etdi - FOTO
06 May 2025 "Əziz dostum məni Vaşinqtona çağırdı"- Ərdoğan Trampdan yazdı
06 May 2025 Ermənistanda Paşinyanın impiçmenti tələb olunur
06 May 2025 Netanyahu Bakıya gəlirmiş: Son anda bu hadisə baş verib! - İLGİNC...
05 May 2025 Kipr məsələsi iki suveren dövlət prinsipi əsasında həll olunacaq
04 May 2025 Netanyahunun Azərbaycana səfərinin təxirə salınmasının MÜMKÜN SƏBƏBİ – Ankara icazə vermədi? (DETALLAR)

Dünyapress TV

Xəbər lenti