ABŞ-la uzun və ciddi çəkişmə Bakının planlarına daxil deyil - İNCƏLƏMƏ
Azərbaycan Milli Məclisi ABŞ Senatı tərəfindən qəbul edilmiş S.3000 (ermənilərin müdafiə aktı) qanunu ilə bağlı bəyanat yayıb.

Bəyanatda Azərbaycana qarşı olan akt pislənilir və Cənubi Qafqazda baş verən proseslərlə bağlı “obyektiv” mövqe tutmağa çağırış edilir.

“Azərbaycan parlamenti ABŞ Senatının 15 noyabr tarixli qərarını rədd edir. Vaşinqtonun bu cür hərəkətləri regionda sülh və sabitliyə mənfi təsir göstərir.

ABŞ-ın işğalçı Ermənistana dəstəyi onun Azərbaycan torpaqlarını işğal etməsinə kömək edib.

ABŞ 30 il ərzində Ermənistana qarşı heç bir sanksiya tətbiq etməyib, əksinə, maliyyə yardımı ayırıb, yüksək səviyyədə görüşlər keçirib.

Amerika tərəfinin bu cür addımları Azərbaycan cəmiyyətində ABŞ-ın nüfuzuna xələl gətirib. Təəssüf ki, Birləşmiş Ştatlar 1992-ci ildə “Azadlığa Dəstək Aktı”na ayrı-seçkilik xarakterli 907-ci düzəlişin qəbulu ilə Azərbaycana qarşı etdiyi səhvi yenidən təkrarlayır”, – bəyanatda bildirilir.

Daha sonra sənəddə ABŞ-ın Qarabağdakı separatçı rejimə də dəstək verdiyi bildirilir.

“Birləşmiş Ştatların vasitəçi kimi bugünkü addımları Azərbaycan cəmiyyətində etibarını itirməsinə səbəb olub və son illərdə Amerikanın xarici siyasəti tamamilə iflasa uğrayıb. Bunu ABŞ-ın Yaxın Şərq və Əfqanıstandakı siyasəti sübut edir”, – parlament deputatları hesab edirlər.

“Azərbaycan Respublikasının Milli Məclisi bir daha bəyan edir ki, Azərbaycan həmişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, beynəlxalq öhdəliklərinə uyğun hərəkət edərək öz milli maraqlarına zidd olan bütün mənfi addımları qətiyyətlə və adekvat şəkildə cavablandıracaq”, – bəyanatda deyilir.

Xatırladaq ki, noyabrın 15-də senatorlar S.3000 aktının təsdiqinə səs veriblər. Bu akt ABŞ prezidentinin 107-115 ictimai qanundan istifadə edə bilməyəcəyini nəzərdə tutur.

Qeyd edək ki, “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəliş Azərbaycana kömək göstərməyi qadağan edir. Öz növbəsində 107-115 ictimai qanunu prezidentə bu düzəlişin qüvvəsini dayandırmağa icazə verir.

Əgər layihə Nümayəndələr Palatası tərəfindən qəbul edilsə və dövlət başçısı tərəfindən imzalansa, ABŞ prezidenti 907 saylı düzəlişin qüvvəsini dayandıra və 2024-2025-ci illərdə büdcə ayırmalarından Azərbaycana kömək üçün maliyyə ala bilməyəcək.

Qanun layihəsini bu ilin sentyabrın 29-da Miçiqandan olan senator Qeri Piters təqdim edib.

“Azadlığın Müdafiəsi Aktı”na 907-ci düzəlişə əsasən, ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsi qadağan edilib. Amma ABŞ prezidentləri 2002-ci ildən bəri hər il 907-ci düzəlişin tətbiqini dayandırırlar. Prezidentə bu səlahiyyətlər 2001-ci ildə Konqresin tərəfindən verilib.

Son hadisələr Azərbaycan və ABŞ arasında münasibətlərin soyuduğunu göstərir. Maraqlıdır, amerikalı parlamentarilər nəyə nail olmağa çalışırlar? ABŞ administrasiyası və şəxsən prezident Bayden onların mövqelərini bölüşürmü? Rəsmi Bakıya qarşı bu cür təzyiqlərin sonu necə ola bilər? Təzyiqlər Azərbaycana ciddi ziyan vurmağa qadirdirmi?

Şərqi Avropa ölkələri üzrə rusiyalı ekspert, “Azadlıq” radiosunun jurnalisti Vadim Dubnov (Praqa) fikirlərini Pressklub.az-la bölüşüb.

O, hesab edir ki, bu kəskinləşmə Rusiya və Azərbaycanın maraqlarının ancaq bir anlıq üst-üstə düşməsi ilə əlaqədardır. “Çünki indi hər şey ilk növbədə kommunikasiya məsələləri ilə bağlıdır – bu, ən birinci qıcıqlandırıcı səbəb və əsas intriqadır“, – analitik hesab edir.

Onun sözlərinə görə, ABŞ hazırkı halda Ermənistanı dəstəkləməyə hazırdır. “Ermənistan üçün isə onun öz ərazisindən keçəcək kommunikasiyalara nəzarət etmək vacibdir.

Laçın dəhlizində əməliyyat keçirən Bakı, sanki Ermənistana işarə etdi ki, indi İrəvan da öz ərazisində də nəzarət-buraxılış məntəqəsi qura bilər və bununla da sanki Moskvanı “aldatdı”. (Əslində, Ermənistan aprelin 22-də birinci olaraq birtərəfli qaydada Azərbaycanla sərhəddə – Laçın-Xankəndi yolunun girişində buraxılış məntəqəsi yaradıb, Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri isə aprelin 23-də Ermənistanla sərhəddə – Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-keçid məntəqəsi qurublar – red.)

Amma buna baxmayaraq, hazırkı vəziyyətdə Moskva və İrəvanın mübarizəsini kənardan müşahidə etmək imkanı olan Bakı hələlik Rusiyanın tərəfindədir. Və şübhəsiz ki, maraqların bir anlıq üst-üstə düşməsi Azərbaycan rəhbərliyi üçün vacibdir.

Bakı, əlbəttə ki, yola Moskvanın nəzarət etməsini istəyərdi. Çünki onunla razılığa gəlmək daha asandır”, – Dubnov hesab edir.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar hazırda Ermənistanın mövqeyini müdafiə edir. Xüsusən də, Azərbaycanın İran üzərindən real layihədən daha çox hədə kimi görünən yol çəkmək niyyəti fonunda. “Əslində belə bir yolun tikintisinə heç nə mane olmasa da, heç kim onun əsas yol olmasını istəməz – çünki onlar əsas yolun Ermənistandan keçməsini istəyirlər.

Hesab edirəm ki, hazırkı mübarizə də buna görə gedir. Mənə elə gəlir ki, buna həm də dərhal siyasi çılğınlıqla bu intriqaya qoşulan rəsmi Bakının tərzi də təsir edir. Amma düşünürəm ki, hər şeyin bir məhdudiyyəti var.

Bu, uzunmüddətli ola bilməz. Çünki Bakının siyasəti həm Moskvadan, həm də Qərbdən bərabər məsafədə olmağı nəzərdə tutur. Və buna görə də, Rusiya ilə yaxınlaşma resursu tükənməyə yaxındır və ya ən azından tezliklə tükənməyə yaxın olacaq. Mən hələ də hesab edirəm ki, ABŞ-la uzun və ciddi çəkişmə riski Bakının strateji planlarına daxil deyil”, – rusiyalı ekspert yekunlaşdırıb.

Müəllif: Rauf Orucov - Mənbə: Pressklub.az
 

Bölmənin digər xəbərləri

10 May 2025 Avropa üçlüyünün rəhbərləri Kiyevdə - Mühüm açıqlama olacaq
10 May 2025 Tramp Putinlə bağlı qərarını verdi
10 May 2025 İran ABŞ-la nüvə danışıqlarının yeni mərhələsinə razılıq verib
09 May 2025 Tramp Ukrayna ilə Rusiyanı barışdıra biləcək tərəfi açıqladı
09 May 2025 Sülh sazişi 2026-cı ildən sonraya qalır?
09 May 2025 Putin və Si Cinpinin danışıqları 7 saatdan çox davam edib
09 May 2025 Vaşinqton-Moskva münasibətlərində gərginlik: - Rusiya yenidən Çinə ehtiyac duymağa başlayır
08 May 2025 Tramp bu “açarı” keçmiş rəqibinə verdi - Azərbaycan üçün önəmi
08 May 2025 Bu gün Bakıda Türkiyə və İsrail arasında danışıqlar başlanır
08 May 2025 Prezidentin Moskvaya getməməsinin – SƏBƏBLƏRİ
08 May 2025 Paşinyan Moskvada Qələbə Paradında iştirak edəcək
08 May 2025 Ermənistan Konstitusiyasını dəyişdirir – Yeni layihə 10 aya hazır olacaq
07 May 2025 Moskva paradına 29 ölkə lideri gələcək – Uşakov siyahını açıqladı
07 May 2025 Almaniyada yeni kansler SEÇİLDİ
06 May 2025 İlham Əliyev Belarusun Baş nazirini qəbul etdi - FOTO
06 May 2025 "Əziz dostum məni Vaşinqtona çağırdı"- Ərdoğan Trampdan yazdı
06 May 2025 Ermənistanda Paşinyanın impiçmenti tələb olunur
06 May 2025 Netanyahu Bakıya gəlirmiş: Son anda bu hadisə baş verib! - İLGİNC...
05 May 2025 Kipr məsələsi iki suveren dövlət prinsipi əsasında həll olunacaq
04 May 2025 Netanyahunun Azərbaycana səfərinin təxirə salınmasının MÜMKÜN SƏBƏBİ – Ankara icazə vermədi? (DETALLAR)

Dünyapress TV

Xəbər lenti