Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda diri çəkidə ət istehsalı artıb. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, ötən ilin müvafiq dövründə ölkəmizdə 139.2 min ton diri çəkidə ət istehsal olunub. Cari ilin ilk üç ayında isə bu rəqəm 141.6 min tona çatıb. Bununla da yanvar-mart aylarında Azərbaycanda diri çəkidə ət istehsalında 1,7 faiz artım qeydə alınıb. Qeyd edək ki, yanvar-mart aylarında kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcminin dəyəri faktiki qiymətlərlə 1601.6 milyon manat təşkil edib. Bunun da 94.3 faizi (1.510.1 milyon manat) heyvandarlıq sahəsinin payına düşür. Bəs diri çəkidə ət istehsalı artıbsa, ət qiymətlərində ucuzlaşma gözlənilirmi?
Bu barədə Moderator.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, hələlik ət istehsalında elə bir ciddi artım qeydə alınmayıb ki, bu, qiymətlərə birbaşa təsir göstərsin: “1,7 faizlik artım Azərbaycan reallığında ciddi göstərici sayılmır. Ona görə də bunun qiymətlərə dərhal təsir edəcəyini söyləmək düzgün olmaz. Çünki ölkədə əhali sayı artır, tələbat artır. Eyni zamanda, ölkəyə gələn turistlərin sayı da artmaqdadır. Azərbaycanla Çin arasında vizasız gediş-gəlişin tətbiq edilməsi də bu prosesə təsirsiz ötüşməyəcəkdir. Əgər Çindən 100-150 min turist gəlsə, bunun da daxili bazara təsiri olacaq. Ona görə də Azərbaycanda ət istehsalı daha kəskin artmalıdır – hər il təxminən 5-8 faiz civarında artım olmalıdır ki, bu, qiymətlərə real təsir göstərsin, sabitlik yaransın və hətta ucuzlaşma müşahidə olunsun”.