Maşın bazarında diqqətçəkən ucuzlaşma: Əsas alıcılar xanımlardır
Azərbaycanın avtomobil bazarında son illərdə ilk dəfə olaraq ucuzlaşma müşahidə edilir. Ekspertlərin fikrincə, bu tendensiya hələ bir müddət də davam edəcək. Hibrid və elektromobil avtomobillər bazara daxil olduqca, köhnə maşınların qiyməti daha da ucuzlaşacaq.

Mövzuyla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Son zamanlar paytaxtda mövcud olan tıxaclar, parkinq qiymətlərinin artması insanların şəxsi avtomobillərdən istifadəsini çətinləşdirib. Bu səbəbdən sanki zaman keçdikcə avtomobillərə maraq azalır. Məlum tendensiyanın ilkin əlamətləri özünü qiymətlərdə də göstərir. Son illərdə ilk dəfə olaraq ümumi avtomobil bazarında ucuzlaşma qeydə alınıb. Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən məlumat verilib. Belə ki, 10 min manatadək olan avtomobillərin qiyməti aprel ayında 8,2 faiz ucuzlaşıb. Aİ-95 markalı benzindən istifadə edən və daha bahalı avtomobillərə tələbin azalması müşahidə olunsa da, həmin avtomobillərin qiyməti dəyişməyib. Bəs bu ucuzlaşma prosesinin davamlı olması mümkündürmü?

Seçimlər dəyişir

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayevin sözlərinə görə, avtomobil bazarımızda ucuzlaşmaya son vaxtlar qəbul edilən qərarlar səbəb olub:

"Hazırda bütün dünyada elektrikli və hibrid avtomobillərə maraq artır. Yeni avtomobil almaq istəyən, yaxud avtomobilini yeniləyən şəxslər əvvəlcədən kiçik də olsa bazar araşdırması aparırlar. Eyni zamanda, taksi fəaliyyəti ilə bağlı qoyulan tələblər də avtomobil bazarımıza təsir edib. Yeni qaydalara görə köhnə avtomobillər artıq taksi xidməti göstərə bilməyəcək. Ona görə də sahibkarlar avtomobillərini satmağı üstün tuturlar. Satış artdığı zaman tələb və təklif qanunlarına görə qiymətin ucuzlaşması baş verir".

İri mühərrikli avtomobillər də ucuzlaşacaq

Y.Mustafayevin fikrincə, artıq köhnə avtomobillərin erası bitir:

"Avtomobil alanlar hibrid və elektromobilləri seçdiyinə görə, digər nəqliyyat vasitələrinin satışı hazırda çox azdır. Köhnə avtomobil satan şəxslər daha da ucuz qiymət qoyurlar ki, tez satılsın. Beləliklə, bu məsələlər ümumi avtomobil qiymətlərinə də ciddi təsir göstərir. Müşahidə olunan ucuzlaşma prosesi davam edəcək. Həmçinin irihəcmli mühərriki olan avtomobillərin də qiymətlərində enmə gözlənilir. Bu avtomobillərə də tələbat azalacağı üçün onların da qiyməti ucuzlaşacaq. Artıq tanınmış maşın istehsalçıları da öz seçimlərini hibrid və elektromobillər üzərindən edirlər. Çünki bazarın tələbi bu istiqamətdədir".

Yeni avtomobil gətirmək daha sərfəlidir

İqtisadçı Xalid Kərimli bildirdi ki, hazırda sahibkarlara yeni avtomobilləri gətirmək daha çox sərf edir:

"Hibrid və elektromobil avtomobillərə maraq ötən ildən başlayaraq sürətlə artıb. Bu avtomobillər gömrük rüsumundan da azad edilib. Xüsusən də yeni buraxılış olan bu avtomobillər ölkəmizə gətirilərkən heç bir rüsum ödənilmədiyi üçün onların qiyməti daha əlverişli olacaq. Həmin avtomobillər insanların büdcələrinə daha uyğun olduğu üçün bazarda da payları artır".

Qiyməti alıcı və satıcılar müəyyən etmir

X.Kərimli qeyd etdi ki, qiymətlərin ucuzlaşması qısamüddətlidir, bazarda yeni avtomobillər çoxaldıqca, zamanla qiymətlər də stabilləşəcək:

"Qiyməti ucuzlaşan avtomobillər köhnə maşınlardır. Hansı ki, onlar yeni qanuna qədər taksi parkında istifadə olunurdu. Artıq onlar təyinatı üzrə fəaliyyət göstərə bilməyəcəyinə görə kütləvi şəkildə bazara çıxarılırlar. Kütləvi təqdimat da istər-istəməz qiymətlərə öz təsirini göstərir. Bu tendensiya qısamüddətlidir. Sonra bazar yenidən stabilləşəcək. Çünki Azərbaycan bu avtomobilləri xaricdən idxal edir. Avtomobil bazarımızda qiymətləri alıcılar və satıcılar yox, əsasən gələn avtomobillərin dəyəri müəyyənləşdirir. Avtomobili gətirən sahibkar maşını sata biləcəyi halda gətirir. Görsələr ki, sata bilmirlər, bu avtomobilləri gətirməyəcəklər. Bu zaman artıq daha bahalı avtomobillər idxal ediləcək. Beləliklə, bazar stabilləşəcək. Gətirilən avtomobillərin dəyəri artacaq".

Rüsumlar olsa, qiymətlər yüksələcək

İqtisadçı Emin Qəribli isə hesab edir ki, köhnə avtomobillərin zamanla bazardan çıxması həm iqtisadiyyatımız, həm də ekologiyamız üçün müsbət addımdır:

"Avtomobillərin qiymətinin ucuzlaşması müsbət haldır. Hətta bu avtomobillərə idxal rüsumundan əlavə, vergilər də tətbiq edilməlidir. Bu qayda həmçinin böyük mühərrikli avtomobillərə də tətbiq olunmalıdır. Bütün dünyada bu tendensiya var. O zaman bu avtomobillərin qiyməti də artacaq".

Əsas alıcılar xanımlardır

Maşın satışı ilə məşğul olan Fikrət İbrahimov da bazardakı mövcud vəziyyəti təsdiqləyir:

"Bəli, avtomobillərin qiymətlərində ucuzlaşma mövcuddur. Demək olar ki, benzin və dizellə işləyən, iri mühərrikli bütün avtomobillərdə qiymət azalmasını görmək mümkündür. Çünki alıcılar daha çox hibrid və elektrikli avtomobillərə üstünlük verirlər. Hətta 10 min manatlıq maşını da satmaq mümkün deyil. Satıcılar qiymətləri müəyyən etsə də, alıcılıq qüvvəsi çox aşağıdır. İndi maşın alanların əksəriyyəti xanımlardır. Onların da seçimləri hibrid və elektromobil maşınlar olur".
 

Bölmənin digər xəbərləri

05 May 2025 ÖLKƏ İÇİ KRİMİNAL DÜNYA GÜNDƏM MEDİA ŞOU-BİZNES "Al" Marketlər bağlanır - SON DƏQİQƏ
05 May 2025 Tramp Çin üçün gömrük rüsumlarını azaldacağını açıqlayıb
05 May 2025 "Tesla"da satışların azalması Maskı çətin vəziyyətə salıb" - "The Wall Street Journal"
03 May 2025 Dünyada ərzaq bahalaşır
03 May 2025 Qəbirstanlıq biznesi-Azərbaycanda ölmək də bahalaşır
02 May 2025 Əsas neft yatağında quyular artır, hasilat azalır - Son 14 ilin rəqəmləri
02 May 2025 Bakıda küçəbəküçə mənzil qiymətləri - Tam siyahı
02 May 2025 Ətin qiyməti ucuzlaşacaq? - AKTUAL
01 May 2025 Samsung dünyada satılan smartfonların sayına görə “Apple”ı geridə qoyub
01 May 2025 Azərbaycanda kommunal xidmətlərə ən çox hansı rayonlar pul xərcləyir? - Tam siyahı
01 May 2025 ADMEDİA-nın qəribə tenderləri - TƏFƏRRÜAT
01 May 2025 Qalmqallı şirkət indi də ölkədən pul çıxarmaqda günahlandırılır - DETALLAR
30 Aprel 2025 Ərdoğan: İtaliya ilə ticarət hədəfimiz 40 milyard dollardır
30 Aprel 2025 Ölkədə kərə yağı sürətlə bahalaşır – Hindistandan nisbətən ucuzu gətirilib
29 Aprel 2025 Soyuq hava: Bu ili kənd təsərrüfatı ciddi ZİYANLA ÇIXACAQ - NƏ ETMƏLİ?
29 Aprel 2025 İnnovasiya və Təchizat Mərkəzi ilə “AZFAR MED” arasında daha bir sövdələşmə - 28 milyon 508 min manatlıq...
29 Aprel 2025 2 manatlıq şirkətə 264 minlik layihə verildi
28 Aprel 2025 Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tender oyunu
28 Aprel 2025 Çin Azərbaycanın 5 ən böyük ticarət tərəfdaşından biridir
27 Aprel 2025 Qızıl mağazalarında alıcıya niyə qəbz verilmir? - Külli miqdarda CƏRİMƏ XƏBƏRDARLIĞI

Dünyapress TV

Xəbər lenti