Bir müddət əvvəl lisenziyası ləğv edilmiş "MuğanBank" Açıq Səhmdar Cəmiyyəti (ASC) jurnalist Fikrət Fəraməzoğlunu intihar həddinə çatdırıb.
Bu barədə Qaynarinfo-ya jurnalistin özü bildirib.
Fikrət Fəraməzoğlunun sözlərinə görə, bir neçə il əvvəl həyat yoldaşının səhhətində ciddi problem yaranıb. "Elə bir problem ki, tam 5 ildir ailəlikcə mübarizə aparırıq" deyən jurnalist əlavə edib ki, müalicə xərclərini qarşılamaq maddi imkanı yetərli olmadığına görə evini girova qoyaraq "MuğanBank" ASC-dən kredit götürüb.
"Birinci mərhələdə götürdüyüm krediti çətinliklə də olsa ödədim. Lakin yoldaşımın əməliyyatı üçün - indiyə qədər 4 dəfə əməliyyat keçirib, hələ qarşıda daha bir ağır proses var - yenidən kredit götürmək məcburiyyətində qaldım. Kreditin bir hissəsini ödəsəm də, müəyyən gecikmə yaranıb. Amma mümkün qədər əlimə düşən qədərini ödəyirdim ki, problem yaranmasın. 25 min manat kreditin 11 min manatını ödədikdən sonra yaranan yubanmaları aradan qaldırmaq üçün banka baş vurdum", deyə jurnalist bildirib.
"Mənə uzun hesab-kitabdan sonra 28 min 200 manat ödəməli olduğumu bildirdilər. Üstəlik, ödədiyim 11 min manatın 7 manatını faizlərə çıxdıqlarını dedilər. Bu azmış kimi, gecikmə səbəbini "əsas gətirib” faizləri 46 faizlə hesablayıblar. Onların məntiqi ilə mən "MuğanBank”a 25 min manatın müqabilində 39 min manat ödəməliyəm. Bir müddətdir banka təklif edirəm ki, həmin 46 faiz məsələsini ləğv etsinlər. Bu oratalama 6-7 min manat az vəsait deməkdir ki, onu da hissə-hissə ödəyim. Lakin heç bir şəkildə qəbul etmirlər".
Jurnalist qeyd edib ki, dünyanın heç bir ölkəsində 25 min manata görə 39 min manat ödəmək qaydası yoxdur. "Bağlanmış bir bankın öz ağlıyla istədiyi faiz dərəcəsi müəyyən etməsi kimi bir qaydada mövcud deyil. Bunu sələmçilər belə etmirlər", deyə Fikrət Fəraməzoğlu vurğulayıb.
Onun sözlərinə görə, indi bir tərəfdən həyat yoldaşının sağalması üçün xərcləri qarşılamalı, digər tərəfdən bu xərcləri qarşılamaq üçün lomabrdan götürdüyü pulu geri ödəməlidir:
"Əlimdəki 5-10 qram qızılı lombardlara qoyub, götürməkdən artıq bezmişəm. "MuğanBank" məni intihar həddinə çatdırıb. Kimə şikayət edim, kimə deyim? Məgər şikayət edilsə belə, hər hansı tədbir görüləcəkmi?".
Fikrət Fəraməzoğlu sonda problemin aradan qalxmasına yardımçı ola biləcək qurum və şəxslərin məsələyə diqqət yönəldəcəyinə ümid edir.
Qeyd edək ki, hazırda ləğv prosesində olan "MuğanBank” ASC keçmiş deputat, "Odlar Yurdu” universitetinin rektoru Əhməd Vəliyevin bankı kimi tanınır. Bankın səhm paketinin əhəmiyyətli hissəsi Əhməd Vəliyevin övladlarının əlindədir. Bankın lisenziyası 2023-cü ildə ləğv edilib.
Jurnalistin problemi ilə əlaqədar bankın mövqeyini öyrənmək mümkün olmayıb.