b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_ffd800b29f8582da817b5bd662abb9e1.jpg
  

 

Mütəxəssislər xəbərdarlıq edir ki, suitilərin tələf olması dənizdə xəstəliklərin artmasına səbəb ola bilər

Son günlərdə Xəzər dənizinin Pirşağı sahilində bir neçə ölü suiti cəsədi aşkarlanıb. Dəniz kənarında çimərliyə gələn sakinlər sahildə uzanan suitilərlə qarşılaşdıqlarını bildirirlər. Bənzər mənzərələrə Mərdəkan və Novxanı sahillərində də rast gəlinir.

Məsələ ilə bağlı danışan Balıqçılar İttifaqının rəhbəri Əfqan Əliyev bildirib ki, ölü suitilərin cəsədi Xəzərin suyunu çirkləndirmir: “Dəniz öz xüsusiyyətinə görə özünü təmizləmə qabiliyyətinə malikdir. Bu səbəbdən çimərlik mövsümündən əvvəl sudakı çirklənmə ilə bağlı narahatlığa ciddi əsas yoxdur”. Lakin o da etiraf edir ki, sahildə çürüməkdə olan və artıq tamamilə çürümüş suitilərin leşlərinə rast gəlmək mümkündür.

Mütəxəssislər xəbərdarlıq edir ki, Xəzərdə suitilərin tələf olmasına virus və bakterial infeksiyaların artması səbəb ola bilər. Dəniz heyvanları, xüsusilə də zəifləmiş immunitetə malik suitilər çirklənmə fonunda bu cür xəstəliklərə qarşı daha həssas olurlar.

Suitilərin bu şəkildə kütləvi tələf olması əhali arasında narahatlıq doğurub. İctimaiyyət arasında belə suallar dolaşır: bu virus təhlükəlidirmi? İnsanlara da keçə bilərmi? Hazırda laborator analizlər nəticəsində bu infeksiyaların insan sağlamlığına təsir edib-etmədiyi dəqiqləşdirilir.

Qeyd edək ki, Xəzər suitisi dünyanın ən kiçik qulaqsız suitilərindən sayılır və yalnız bu dənizdə yaşayır. XIX əsrin sonunda onların sayı 1 milyonu keçsə də, XX əsrin sonlarından etibarən brokonyerlik, sənaye çirklənməsi və iqlim dəyişikliyi səbəbilə populyasiyaları kəskin şəkildə azalıb. 1990-cı illərin ortalarında suitilərin sayı xeyli aşağı düşüb.

Xəzər suitiləri 50 ilə qədər ömür sürə bilirlər. Onlar il ərzində dənizin şimalından cənubuna və əks istiqamətdə miqrasiya edirlər. Əsas qida mənbələri olan kilkə balıqlarının azalması da bu canlıların yaşamını çətinləşdirir.

Ekoloqlar hesab edir ki, Xəzərin mövcud ekoloji vəziyyəti suitilər üçün qənaətbəxş deyil. Onların sayının sürətlə azalması ciddi ekoloji narahatlıq doğurur və bu prosesi dayandırmaq üçün regional əməkdaşlıq və təxirəsalınmaz tədbirlər vacibdir.

Telman Zeynalov koronavirusu ekoloji silah kimi səciyyələndirdi

Telman Zeynalov 

Ekoloq alim, professor Telman Zeynalov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Bütün bunlar brakonyerlərin oyunlarıdır. Onlar torlarına düşən suitini öldürüb sahilə atırlar. Cavan suitilərin isə dərilərini soyub satırlar. Bu cür hadisələrin əksəriyyəti Dağıstan sahillərində baş verir. Xəzər dənizinin suyu elədir ki, xəstə insan ayağını ora salanda sağalır. Belə olan halda Xəzərdə hansı bakteriyadan söhbət gedə bilər? Əgər Xəzərdə bakteriya və virus olsaydı, balıqlar da tələf olardı. Suitilərin ölməsi və Xəzərdə virusların olması ilə bağlı çirkin oyunlar gedir. Onlar ictimaiyyət arasında belə məlumatlar yaymaqla diqqəti öz üzərlərindən atırlar. Xəzərdə hansısa bakteriya varsa, Ekologiya və Təbii  Sərvətlər Nazirliyi haraya baxır? Nazirlik, əlbəttə, reaksiya verməlidir. İnsanlar Xəzər dənizində çimir, hətta uşaqlar suyunu udur. Virus onları niyə öldürmür?”

ENVER .png (466 KB)

Ekoloq Ənvər Əliyev isə açıqlamasında bildirib ki, Xəzərdə suitilərin kütləvi şəkildə ölümünə 2022-ci ildə də rast gəlinib: “10 minə qədər suiti Dağıstan sahillərində ölü tapıldı. Analiz etdilər və bəlli oldu ki, suitilərin yediyi qidalar olduğu kimi mədələrində qalıb. Onlar imkan edib qidanı həzm edə bilməmişdilər. Əgər suda virus olsaydı, o, müəyyən hissədə dərhal 10 minə yaxın suitini öldürə bilməzdi. Virusdan ölüm tədricən baş verərdi və qəbul etdiyi qidanın müəyyən hissəsi həzm olunardı. Həmin dövrdə Xəzər dənizində zəlzələ olmuşdu və belə bir versiyalar irəli sürülmüşdü ki, silkələnmə nəticəsində yaranan kükürd və azot kimi qazlar heyvanları qəflətən zəhərləyir və dərhal məhv olurlar. Xəzərin Azərbaycan sahillərində kütləvi suiti ölümünə rast gəlinməyib. Əgər virusdan ölüm olsaydı, dağıstanlı alimlər bunu açıqlayardılar. Onlar ölümü qazlardan zəhərlənmə ilə əlaqələndirdilər. Adətən dənizdəki silkələnmələrdən sonra suiti meyitləri aşkarlanır”.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən qəzetə  verilən məlumata görə, çimərlik mövsümünün başlanması ərəfəsində ölkə üzrə çimərliklərin monitorinqinə artıq start verilib. Yoxlamalar başa çatdıqdan sonra nəticələri barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Almaniya Ekoloji Tədqiqatlar İnstitutunun araşdırmasında qeyd olunur ki, Xəzər dənizi Avropa və Asiyanın sənaye regionları ilə sərhəddə yerləşdiyi üçün transsərhəd çirklənməyə məruz qalır: “Suyun tərkibində nitrat, fosfat, ağır metallar və mikroplastiklərin miqdarı yüksəkdir. Bu çirklənmə nəinki dəniz canlıları üçün, həm də sahilboyu ölkələrin insan sağlamlığı üçün təhlükəlidir”.

Xəzər dənizinin suyu səthdə bir qədər təmiz görünsə də, dərinliklərdə və sahil zolaqlarında vəziyyət narahatedicidir. Bu dənizdə çimmək və ya balıq tutmaq istəyən insanlar yalnız rəsmi çimərliklərə və yoxlanılmış ərazilərə üz tutmalıdırlar. Eyni zamanda hökumətlərarası əməkdaşlıq çərçivəsində çirklənməyə qarşı sərt tədbirlərin görülməsi vacibdir.

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

Dünyapress TV

Xəbər lenti