İndi də bu kəndimizə göz dikiblər
Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Qazaxıstanda görüşəcəkləri dəqiqləşdi. Sülh müzakirələrinin Qazaxıstan dönəmi bizə nə vəd edir?

- ABŞ dövlət katibi ötən günlərdə həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Ermənistan Baş naziri Nikol Paşinyanla danışdı. Blinkenin məqsədi sülhyaratma prosesini daha da sürətləndirmək və tərəfləri buna həvəsləndirməkdir. Onlar dedilər ki, siz vasitəçi olmadan daha yaxşı nəticələr əldə edirsiniz, daha yaxşı işləyirsiniz. Azərbaycan prezidenti uzun müddətdir bunu söyləyirdi, nəhayət onlar da anlayıblar. Güman edirəm ki, bu temp və ya müsbət dinamika nazirlərin Almatı görüşünə də sirayət edəcək.

Mən Almatı prosesindən ən azı sülhə dair çərçivə sazişinin razılaşdırılmış variantının üzə çıxacağını gözləyirəm. Çərçivə sazişi sülh müqaviləsinin fundamental prinsiplərini özündə əks etdirən sənəddir. Çərçivə sazişi ilə sülh müqaviləsi arasında cəmi bir addımlıq yol qalır. Güman edirəm ki, proses kifayət qədər irəliləyib və müsbət nəticələr əldə edilib. Sülh müqaviləsinin imzalanması prosesi yeni vüsət qazanıb. Azərbaycan Prezidenti də bəyan edib ki, COP29-a qədər sülh müqaviləsi imzalana bilər. Bu, bütün dünya tərəfindən təqdir edilir.

Narahatlıq yaradan bir məqam budur ki, Rusiyanın Ermənistandakı “5-ci kolon”u aranı qarışdırmağa çalışır. Sayları az olsa da, revanşistlər Qazaxın 4 kəndinin qaytarılması ətrafında həngamə yaratmağa çalışırlar. Amma polis onların öhdəsindən gəlir. Revanşistlər bütün ölkəni mitinq dalğasına bürüyüb, ordunu da cəlb etməyə çalışırlar. Qənaətimə görə, bu baş tutmayacaq. Paşinyan həqiqətlərin erməni xalqına çatdırılması və sülhyaratma baxımından ciddi bir məsafə qət edib. İnanmıram ki, revanşistlər onun qarşısını alsınlar. Sülh müqaviləsinin imzalanmasının önünə əngəllər çıxarılsa da, bunların ciddi maneələr yaradacağına inanmıram.

- Nikol Paşinyanın bu çevriliş cəhdləri qarşısında əli nə qədər güclüdür? Diqqətçəkən bir məqam da var ki, erməni cəmiyyətinin önəmli hissəsi hakimiyyətə qarşı etirazlara dəstək vermədi. Baş verənlərin izahı nədir?

- Ermənistanda yaşayan ermənilərin 80-85 faizi Nikol Paşinyanı müdafiə edir. Qarabağdan gedən ermənilər də fəallıq göstərsələr də, hələlik qaynayıb-qarışa bilmirlər. Onların da proseslərə elə də ciddi qatqıları yoxdur.

Nikol Paşinyanın bir çatışmazlığı da var: aranı qarışdırmağa və sülh prosesinin qarşısını almağa çalışanlara qarşı qəti addımlar atmaqda tərəddüd edir. Məsələn, 4 kəndin təhvil veriləcəyi açıqladıqdan sonra ordunun 12 hərbçisi etirazlara qoşulmuşdu. Sonra bu hərbçilər səhv etdiklərini, ordunun siyasətə qarışmamalı olduğunu bildirdilər, Paşinyan da onları bağışladı. Hesab edirəm ki, Paşinyan yanaşmasını bir qədər sərtləşdirməlidir. “Demokratiya oyunu” Nikol Paşinyanı uçuruma apara bilər. Düzdür, Nikolun sabit elektoral bazası var, onlar Nikola, Nikol da onlara arxayındır, amma radikallar da sakit durmurlar.

Aranı qarışdıranlar Köçəryan, Sərkisyan, “Qarabağ klanı”nın digər üzvləri və onlara dəstək verən Rusiyadır. Paşinyan bunu nəzərə almalıdır. Demirəm ciddi cəza tədbirləri görsün, heç olmasa, qanunu pozanları qanunun gücü ilə cəzalandırmalıdır. O da bunu etmir, edirsə də yarımçıq edir.

- Paşinyanın Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasiminə getməyəcəyinə dair məlumat yayılıb. Maraqlıdır ki, Ermənistan baş nazirinin Moskvaya andiçmədən bir gün sonra Avrasiya İqtisadi Birliyinin sammitinə qatılmaq üçün gedəcəyi deyilir. Paşinyanın bu mümkün addımı Moskvada necə qarşılanacaq?

- Moskva üçün prinsipial məsələdir. Görünən budur ki, Paşinyan bu mərasimdən yan keçməyə çalışır. İştirak etməyəcəyi ehtimalı güclüdür. Paşinyan açıq şəkildə tarana gedir. Avrasiya İqtisadi Birliyinin sammitinə gəlincə, bunu iqtisadi əlaqələrə görə edir. Digər sahələrdə, xüsusən də hərbi müstəvidə Rusiya ilə əlaqələri kəsməyə çalışırlar. Artıq KTMT-dəki fəaliyyətlərini də dondurublar. Bir sözlə, yozulması çətin durum yaranıb.

Andiçmə mərasimi Rusiya üçün də, Putin üçün də prinisp məsələsidir, elə Nikol Paşinyan üçün də... Paşinyan üçün daha çox prinsipial xarakter daşıyır. Buna görə də, andiçmə mərasiminə qatılmayacaq. Putin də bundan istifadə edərək, Ermənistandakı vəziyyəti ağırlaşdırmaqda davam edəcək.

- Anklavlar məsələsi də gündəmdədir. Bu məsələnin çözümünə dair ən müxtəlif variantlar irəli sürülür, siz problemin həllini necə görürsünüz?

- Mən xüsusən də Başkən məsələsinə diqqət çəkmək istəyirəm. Başkənd heç bir halda anklav sayıla bilməz. 1934-cü ilədək orada yaşayanların hamısı azərbaycanlı idi. Həmin tarixdən sonra bura Moskva, Stalin və Beriyanın dəstəyi ilə ermənilər köçürüldü və oradan Ermənistana yol çəkildi. Bütün bunlar Azərbaycana qarşı edilən alçaqlıqların yeni mərhələsi idi. Ermənilər köçürüldükdən sonra Başkəndin adını dəyişdirib “Arsvaşen” qoydular. Bu, həm də o dövrdə Azərbaycana rəhbərlik edənlərin tarix yanlışı idi. Yəni Ermənistanın Azərbaycan ərazisində heç bir anklavı yoxdur, hələ bizim onda 4 kəndimiz qalır. Kərki, Yuxarı Əskipara, Sofulu və Barxudarlı kəndləri də qaytarılmalıdır.

Başkənd məsələsi gündəmə gətirilməməli və birdəfəlik çıxarılmalıdır. İndi Ermənistan bunu gündəmə gətirərsə, Azərbaycan qəti şəkildə bildirəcək ki, Başkəndin onun ərazisidir, 1934-cü ilədək orada erməni yaşamayıb. Bunu sübut edən sənədlər var, masaya qoyulmalıdır. Dediyim kimi, ermənilər Başkəndə birbaşa Stalin və Beriyanın göstərişi ilə köçrülüb. Bir sözlə, Başkənd məsələsindən yan keçilməlidir.

Ermənilərin “Voskepar” adlandırdıqları Əskiparanı götürək, 15 il əvvəl ora köçən erməni deyir ki, guya ataları 5000 ildir burada yaşayır. 5000 ilin nə demək olduğunu belə anlamırlar. 5000 il əvvəl insanlar heç iki ayaqlarının üstündə yeriyə bilmirdilər. 5000 il əvvəl insanların intellekti yox idi, xüsusən də sənin kimi erməninin... Əgər sən 15 il əvvəl gəlib “5000 illik tarix”dən danışırsansa, sənin başın xarabdır.

Dünyapress TV

Xəbər lenti