Amerikada yaşayan jurnalist Qənirə Ataşova plastik-cərrah Ülviyyə İlyasova ilə bağlı paylaşıb edib.
Axşam.az xəbər verir ki, jurnalist Ü.İlyasova haqda bunları yazıb:
"Qanun susdu, ana ağladı - ədalət yerini tapmadı. Duydum-duymadım deməyin: Qaynı arvadını həkim olmadan, lisensiyasız bir klinikada əməliyyat edən və onun ölümünə səbəb olan Ülviyyə İlyasova, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə cəmi 3 il məntəqə tipli azadlıqdan məhrumetmə cəzası aldı. Yəni, həbs edilmədi. Bundan sonra kim harada istəyirsə, əməliyyat edə bilər. Buyurun, mətbəxlər sizi gözləyir. Qoy ali təhsilli doktorlar içəridə çürüsün. Onların əlində tibbi şəraitdə baş verən ölümlər qatı cinayətkarlıqdır… Elmimizə bu yaraşır. Əziz “könüllü cərrahlar”, bəli, sizi deyirəm iş başına. Çünki artıq nə diplom, nə lisensiya, nə də insan həyatı önəmlidir. Qorxmayın, məsuliyyət yoxdur, qanun susur. Əməliyyat masası yerinə mətbəx stolu, steril alətlər əvəzinə isə bıçaq dəsti kifayətdir. Cəsarətiniz varsa, buyurun – bu ölkədə hamı hər şeyi edə bilər! Ülviyyə İlyasova, sizi ürəkdən təbrik edirəm. Çünki sən qanundan üstünsən".
Xatırladaq ki, ötən ilin sentyabrında Yasamal Rayon Prokurorluğunun hadisə ilə bağlı yaydığı məlumatda bildirilirdi ki, “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasovanın “liposaksiya-piysovurma” əməliyyatı icra etdikdən sonra Səbirə Vəliyevanı ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirmək əvəzinə, yaşadığı fərdi evə apararaq, onu həkim nəzarətindən kənar saxlayıb. Həmçinin növbəti gün qanaxma baş verdikdə isə xəstəni köməksiz vəziyyətdə qoyaraq keçirdiyi əməliyyat nəticəsində baş vermiş kəskin qan itirmədən Səbirə Vəliyevanın ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edək ki, 1984-cü il təvəllüdlü Səbirə Vəliyeva 2024-cü ilin aprelin 16-da cərrahi əməliyyatdan sonra ölüb. İstintaqla “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələrilə yekun ittiham elan edilərək barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. S.Vəliyeva Ü.İlyasovanın eltisi olub. Vəfat edən 40 yaşlı qadının biri qız, biri oğlan olmaqla 10 yaşlı əkiz uşaqları anasız qalıb.