
Prezident İlham Əliyevin mayın 26-da imzaladığı əfv sərəncamı nəticəsində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 175 nəfər azadlığa çıxacaq.
Bundan başqa, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 25 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılır.
Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzası şərti tətbiq edilmiş 1 nəfər cəzadan azad edilir.
Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarının çəkilməsi təxirə salınmış 2 nəfər cəzadan azad edilir.
Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 10 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilir.
Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 2 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılır.
İslah işləri cəzasına məhkum edilmiş 4 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilir.
Cərimə cəzasına məhkum edilmiş 1 nəfər cəzadan azad edilir.
Sərəncamla bağlı“Sherg.az"a danışan D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu qeyd edib ki, təqdim etdiyikləri siyahıdan heç kəsin adı çıxmayıb:
“Əfv sərəncamının imzalanması çox müsbət bir addımdır. Lakin bizim siyahıda olan şəxslərdən əfvə düşməyən insanları bayraq edib gəzdirəcəklər. Hesab edirəm ki, əfv komissiyası düzgün hərəkət etmədi. Tək bizim deyil, digər hüquq müdafiəçilərinin də təqdim etdiyi siyahıdan heç kəs əfv olunmayıb. Biz monitorinq qrupumuz ilə üç, dörd dəfə Cənab Prezident İlham Əliyevə müraciət edib. Hər bir məsələyə ciddi yanaşıb və əməl etmişik. Axı biz hər dəfə Prezidentə müraciət edə bilmərik. Əfv komissiyasısının məğzi Azərbaycana söz gəlməməsi üçündür. Necə olur axı, biz Prezidentə birbaşa deyəndə hər şey həll olur, ancaq Əfv komissiyası bunları görmür? Əfv komissiyasında ləyaqətli insanlar çoxdur, amma istəyirəm ki, komissiyanın tərkibi dəyişsin”.
Hüquq müdafiəçisi, Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı isə bildirdi ki, Əfv sərəncamını müsbət qarşılayır:
“175 nəfər məhkum əfv edilib. Xeyli insanın isə cəzası yarıya endirilib. Amma əfv komissiyasına aid bəzi məqamlar var. Cəmiyyəti maraqlandıran digər insanların da bu komissiyada öz yerini alması yaxşı olardı. Kimlərin əfvə düşməsini istəməyə gəldikdə isə konkret ad çəkməyəcəm”.