Ardını oxu...
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. Qeyd edək ki, bu, komissiyanın ikinci iclasıdır. Ötən iclasda 120 müraciətə baxılıb. Əfv Komissiyasının növbəti iclasının yanvarın 24-də keçirilməsi nəzərdə tutulub. TEREF.AZ-ın məlumatına görə, Əfv Məsələləri Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev "Şərq"ə açıqlamasında bildirib ki, hansı kateqoriyadan olan cinayəti törətməsinə baxmayaraq, hər kəsin müraciəti hərtərəfli araşdırılır.

Onun sözlərinə görə, iki iclasda 200-dən artıq müraciətə baxılıb: "Bilirsiz ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il "Heydər Əliyev İli" elan olunub. İlin başlanğıcından etibarən bu çərçivədə çoxsaylı tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Ulu Öndərin anadan olmasının 100 illiyi ilə bağlı əfv sərəncamının verilməsi də gündəmdədir. Çünki Azərbaycanın Əfv İnstitutu Ümummilli Lider tərəfindən 1995-ci ildə qəbul olunmuş Konstitusiyaya daxil edilib.

Bu baxımdan Ulu Öndərin yüzilliyi ilə bağlı, yəni anadan olmasının ildönümü ərəfəsində əfv sərəncamının imzalanması gözlənilir. Əfv Komissiyasının iclasları yanvarın 12-dən öz işinə başlayıb. İki iclasda iki yüzdən çox müraciətə baxılıb. İclaslar çox ətraflı və geniş müzakirələrlə müşayiət olunur. Bəzi hallarda iclaslar 3-4 saat çəkir. Bu da prosesin şəffaf və geniş müzakirədən keçməsinin göstəricisidir. Yeri gəlmişkən qeyd edim ki, Komissiyanın sədri Samir Nuriyev tərəfindən hərtərəfli şərait yaradılıb. Hər kəs istənilən müraciətlə bağlı öz fikrini açıq şəkildə bölüşür".

Ə.Nuriyev vurğulayıb ki, indiyədək, yəni 1995-ci ildən bu yana Azərbaycanda 68 əfv sərəncamı olub:

"Sərəncamlar ümumilikdə 8 min 975 nəfərə şamil olunub ki, onların da 95 faizi cəzadan azad edilib. 32 əfv sərəncamı Ulu Öndər Heydər Əliyev tərəfindən, 36 isə Prezident İlham Əliyev tərəfindən imzalanıb. Vurğulamaq lazımdır ki, dövlət başçısının fəaliyyətində mərhəmət və humanizm təməl prinsiplərdəndir. 36 əfv sərəncamı da bunun bariz nümunəsidir. Sərəncamlar məhbusluqdan azad olmuş şəxslər üçün də yeni fürsət və imkanlar yaradır. Ümid edirik ki, azadlığa çıxmış insanlar ölkəmizin inkişafına öz töhfəsini verəcək".
Ardını oxu...
Ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, İlkin məlumatlara əsasən 2023-cü ilin əvvəlinə ölkədə pensiyaçıların sayı 1115 min nəfərə yaxınlaşaraq ölkə əhalisinin 11,0 faizini təşkil edib. Həmin dövrə 417 min nəfər aylıq sosial müavinət, 382 min nəfər isə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alıb.

2022-ci il ərzində məcburi dövlət sosial sığorta haqları hesabına təyin olunmuşlar da daxil olmaqla birdəfəlik müavinət alanların sayı 186 min nəfərdən çox olub. Bunlarla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanı ilə 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların, daxili işlər orqanlarının əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsini gücləndirmək məqsədilə, bu kateqoriyadan olan şəxslərə və ya onların vərəsələrinə (vəfat etmiş şəxsin əlillik dərəcəsinə uyğun olaraq) I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manat birdəfəlik ödəmə müəyyən edilib.
Ətraflı

Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 aprel tarixli 3218 nömrəli Sərəncamı ilə 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1500 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olub və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750 manat məbləğində birdəfəlik maddi yardım müəyyən edilib.

“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 683-VIQD nömrəli Qanununa əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün beş il müddətinə birdəfəlik müavinət təsis edilib, 2023-cü il yanvarın 1-dən onun məbləği 600 manat müəyyən olunub.

İlkin məlumatlara əsasən, 2023-cü ilin əvvəlinə 66 minədək aztəminatlı ailənin 292 mindən çox üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği təxminən 88 manat təşkil edib.
 
Ardını oxu...
Oxfam: Həddən artıq zənginlik və ifrat dərəcədə yoxsulluq eyni vaxtda artıb

Bu həftə İsveçrənin Davos şəhərində illik Dünya İqtisadi Forumu işə başladığı vaxt Oxfam son 25 ildə ilk dəfə həddindən artıq zənginlik və ifrat dərəcədə yoxsulluğun eyni vaxtda artdığını bildirib. Xeyriyyə təşkilatı qlobal bərabərsizliyin artması fonunda daha ədalətli vergitutmaya çağırır.

Yüzlərlə milyarder, onlarla hökumət naziri və bank rəhbərlərinin bu həftə Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirakı planlaşdırılır. Oxfam xeyriyyə təşkilatı onların getdikcə varlandığını deyir. Oxfam təşkilatından Nabil Əhməd: "Davos yanvarda qayıdır. Sərvət bayramı geri dönür. Və biz yeni narahatedici məlumatlar gətiririk ki, bu da 2020-ci ildən bəri dünyanın ən zəngin bir faizinin bütün yeni sərvətlərin təxminən üçdə iki hissəsinə sahib olduğunu göstərir."

Oxfam deyir ki, bu sərvətin mənbəyi qismən hökumət pulları-2020-ci ildə koronavirus pandemiyasının ölkələri təcrid olmağa məcbur etdiyi vaxt qlobal iqtisadiyyata axan likvidlikdən ibarətdir. Nabil Əhməd: "Bunu etmək vacib idi. Lakin eyni zamanda, ultra varlılar bunun nəticəsində səhmlər bumunu, birja bumunu həqiqətən idarə edə bildilər. Ultra varlılar iqtisadiyyatda vergi maneələri olmadan həqiqətən də ciblərini doldura biliblər."

Oxfam-ın hesablamalarına görə, hazırda azı 1,7 milyard işçi inflyasiyanın maaşları üstələdiyi ölkələrdə yaşayır, bu da o deməkdir ki, insanlar daha da yoxsullaşır. Bu arada isə inflyasiya ərzaq və enerji qiymətlərini artırdığı vaxt milyarderlərin sərvəti artıb. Nabil Əhməd: "Biz 95 ərzaq və enerji korporasiyasının 2022-ci ildə mənfəətlərini ikiqat artıra bildiyini göstərə bildik."

Oxfam enerji şirkətlərinə tətbiq edilən əlavə vergilərin yüksək gəlirli ərzaq şirkətlərinə şamil etməyə çağırır. Təşkilat həmçinin dünyanın multimilyonerləri və milyarderlərinə beş faizə qədər vergi tətbiq etmək istəyir. "Həddindən artıq bərabərsizlik qaçılmaz deyil. Daha bərabər bir dünya üçün ilkin strateji şərt ultra varlıların vergiyə cəlb edilməsidir. Söhbət tibb bacıları, müəllimlər, orta təbəqədən getmir. Bu, həqiqətən də ən yüksəkdə olanlara aiddir və onların daha ədalətli vergi ödəmələrini təmin edir" - deyə, Nabil Əhməd bildirir.

Dünya İqtisadiyyat Forumunun təşkilatçıları yığıncağın hər kəs üçün faydalı olduğunda təkid edir. Dünya İqtisadiyyat Forumunun prezidenti Borge Brend: "Çox şey ortaya qoyulub. Biz həqiqətən də müharibələr və münaqişələrlə bağlı həll yolları tapmalıyıq. Biz həmçinin tənəzzülə uğramayacağımızı təmin etməli və 1970-ci illərdə olduğu kimi on illik aşağı artımı təmin etməliyik. İndi bu ortaya qoyulub və biz bütün maraqlı tərəflərin daha təhlükəsiz və bütün maraqlı tərəflərin inklüziv qlobal iqtisadiyyat yaratmaq işinə cəlb edilməsinə ehtiyac duyuruq".

Dünya Bankı oktyabr ayında xəbərdarlıq etmişdi ki, həddindən artıq artan inflyasiya və iqtisadi artımın yavaşlaması fonunda ifrat yoxsulluğa qarşı mübarizədə irəliləyiş dayanıb.

 
Ardını oxu...
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

Teref.az-ın xəbərinə görə, iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb.

Əfv Komissiyanın növbəti iclasının yanvarın 24-də keçirilməsi nəzərdə tutulur.

Bununla da iclaslarda baxılan məsələlərin sayı 200-ü ötüb.
 
Ardını oxu...
Aslan Babayev özünü öldürmək həddinə çatdığını deyir

"İtin günündə yaşayırıq, bildiyiniz itin günündə… Gəlib yaşayışımızla əyani tanış ola bilərsiz. Xirtdəyə kimi borcun içində üzürük. Dərman borcla, çörək borcla… Bir gün mən də özünü öldürən qazilərin siyahısına düşəcəm”.

Astara sakini Aslan Babayev 7 aydır ki, Lənkərandakı Hirkan Milli Parkına gözətçi işinə düzəlib. 360 manat maaş alır. Birinci Qarabağ döyüşlərinin iştirakçısı kimi də 80 manat alır. Deyir, evinə daxil olan gəlir bundan ibarətdir. 7 nəfərlik ailə gözünü ona dikib. O isə aldığını kreditlərə ödəyir. Ailə ac qalmasın deyə, çörəyi nisyə alır. Xəstə övladının dərmanlarına görə də apteklərə xeyli borcu yığılıb: "Borcun içində üzürük. Evdə özünə iş tapan bircə mənəm. O vaxt müharibədə yaralandım, dövlət baxmadı mənə, indi yaşa dolduqca vəziyyətim ağırlaşır, tez-tez müalicələr almalı oluram, onu da borc-xərclə edirəm”.

"Hər iki oğlum gəncdir. Bir oğlum Naxçıvanda hərbi xidmətdə olarkən ayaqqabı döyüb, barmaqları iflic olub. Yeriməkdə çətinlik çəkir deyə, əmək fəaliyyətiylə məşğul ola bilmir. Ağır işlər görə bilmir. İkinci oğlumun da 22 yaşı var. Anadangəlmə böyrək qüsurludur. Bir böyrəyi cəmi 40 faiz inkişaf edib. Həkim onun iki kiloqramdan artıq yük götürməsinə icazə vermir. Ömrü müalicələr qəbul etməklə keçir, onun da müalicələrinə görə xirtdəyə qədər borca girmişəm. Uşaq vaxtı müavinət verilirdi, sonradan o da kəsildi”, – şikayətçi deyir.

Aslan Babayev bir borcu ödəmək üçün növbəti borca girməli olur və bu, illərdir ki, davam edir: "Müalicələrimiz üçün adamlardan aldığım borcları qaytarmaqdan ötrü bankdan kredit götürürəm, sonra da o kreditin aylıqlarını ödəmək üçün təzədən adamlardan borc alıram. Düşmüşəm quyunun lap dibinə, çıxa bilmirəm. Hər iki oğlumun əlillik təyinatı üçün müraciət etmişik, imtina veriblər. Pensiya verilsə, ən azı, dərmanlarını öz pullarıyla alarlar. Ünvanlı sosial yardım üçün müracisət edirik, vermirlər, bəhanələr gətirirlər. Kimə deyəsən dərdini? Mən də insanam, utanıram mağazalara nisyə çörək üçün ağız açmağa… Qalmışam təkbaşına 7 nəfərin əlində…”

Aslan Babayevin oğlu Yusif Babazadə də bu yaxınlarda Meydan TV-yə müraciət etmişdi. O bildirmişdi ki, ayaq barmaqlarını itirməsinə görə ikinci qrup hərbi əlillik təyin edilsə də, 2019-cu ilin fevralında pensiyası kəsilib: "İkinci qrup hərbi əlil olmağıma və vəziyyətimin ağır olmasına baxmayaraq 2019-cu ilin fevralından heç bir səbəb göstərilmədən pensiyam kəsilib. Şikayətlərim nəticəsiz qalıb, heç bir yerdən müraciətlərimə cavab ala bilmirəm. Barmaqlarım iflic olduğundan yerimək qabiliyyətimi itirmişəm. Buna görə əmək fəaliyyətiylə də məşğul ola bilmirəm. İki azyaşlı övladım var. Vəziyyətim çox ağırdır”.

Aslan Babayev köməklik üçün Astara Rayon İcra Hakimiyyətinə müraciət etdiyini, ancaq nəticəsiz qaldığını deyir.

Astara Rayon İcra Hakimiyyətindən Meydan TV-yə deyilib ki, Babayevlər ailəsi quruma da müraciət edib. Onlara bildirilib ki, sosial durumla bağlı aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilməlidirlər: "İcra hakimiyyətinə belə məsələlərə görə büdcə ayrılmır və bu məsələləri həll etmək qurumun vəzifəsinə daxil deyil. Vətəndaşlara dəfələrlə izah edilib ki, bu şeylərə görə aidiyyəti quruma müraciət olunmalıdır. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi müxtəlif sosial proqramlar (özünəməşğulluq və sair) həyata keçirir, bəlkə bu ailə də həmin proqramlarla maraqlana bilər. Pensiya məsələsinə görə də aidiyyəti üzrə müraciət etməlidilər”.
 
Ardını oxu...
Yanvarın 1-dən dövlət müxtəlif kateqoriyaya aid altı minə yaxın vətəndaşın təqaüdünü, müavinətini və əmək haqqını artırıb. Onlar arasında keçmiş hərbiçilər də var. SSRİ-nin Almaniyaya qarşı müharibəsinin veteranlarına ödənişlər artıb (ayda 330 manat, 2022-ci ildə 81 nəfər). Qarabağ müharibələri zamanı yaralanan əlillərin müavinətləri artırılıb. Amma dövlət Qarabağ müharibələrinin əlilliyi olmayan veteranlarını unudub. Bu kateqoriyaya aid vətəndaşlar ayda 30, sonradan 50 manat ölçüsündə veteran təqaüdü alırdılar. 1 aprel 2019-cu ildən etibarən prezidentin fərmanı ilə Qarabağ veteranları üçün 80 manat ölçüsündə prezident təqaüdü təsis edilib. Fərmanda deyilir ki, təqaüd kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinətin əvəzinə verilir.

Amma 2019-cu ildən bütün kommunal xərclər bir neçə dəfə artıb, veteranların pensiyasına əlavə olaraq verilən prezident təqaüdü isə dəyişməyib. Hazırda Azərbaycanda 70 minə yaxın Birinci Qarabağ müharibəsi veteranı yaşayır. Onların bəziləri işləmir, bəziləri xəstədir, ağır müharibə illərində sağlamlıqlarını itiriblər. Azərbaycanda minimum pensiya cəmi 280 manat olduğu üçün bu insanların bəziləri üçün veteran təqaüdü əhəmiyyətli ola bilər.

“Qorqud” Tədqiqat Mərkəzinin rəhbəri, Ehtiyatda Olan Zabitlər Təşkilatının idarə heyətinin üzvü Tərlan Eyvazov Turan-la söhbətində bildirib ki, 80 manat aylıq veteran təqaüdü artan kommunal xərcləri qarşılamır. Bir halda ki, prezidentin fərmanında təqaüd bununla izah olunur.

“Elektrik enerjisi, su, internet, qaz, telefon, nəqliyyat – hamısı çox bahalaşıb. Pensiya islahatı nəticəsində 200 min veteran və müharibə əlili təqaüddən məhrum edilib. Dövlət bundan qənaət etdiyi pulu indi dördüncü əhalinin sosial müdafiəsi paketi kimi qələmə verir.

Hökumət hər şeyin artan qiymətini hesablamalı və veteranlar üçün prezident təqaüdünün yeni ölçüsünü müəyyən etməlidir. Hesab edirəm ki, yeni qiymətlərə adekvat təqaüd ödənilməlidir, yəni artım ən az 50% olmalıdır (ayda 160 manat), deyə T.Eyvazov bildirib.

2019-cu ildə veteran təqaüdlərinin artımı Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş əməkdaşı Üzeyir Cəfərovun təşəbbüsü ilə baş verib. O, Turan-la söhbətində bildirib ki, veteran təqaüdləri mütləq artırılmalıdır.

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin heç bir rəhbəri müharibədə iştirak etməyib, əvəzində mətbuatda özlərini müvəffəqiyyətlə reklam edirlər. Onlar deyirlər ki, “yəqin ki, gələcəkdə, növbəti sosial islahatlar paketində veteranların ehtiyacları nəzərə alınacaq”. Onlar belə qeyri-ciddi bəyanatla veteranlara qarşı hörmətsizliklərini nümayiş etdirirlər. Onlar yanvarın 1-dən ödənişlərin artırılması haqqında fərmanda adları keçməyən veteranların narazılığını bilirlər. Bir çox digər həll edilməmiş məsələlər var. 2016, 2020 və 2022-ci illərin hərbi hadisələrinin bir çox iştirakçıları müharibə veteranı adı almayıb. Bu, əhalinin ƏƏSMN-yə etimadını daha da azaldır”, deyə o qeyd edib.

Üzeyir Cəfərov veteranların Birinci və İkinci Qarabağ müharibəsi iştirakçılarına ayrılmasını doğru hesab etmir. Bu, böyük nəsil veteranların narazılığına səbəb olur. Bəziləri üçün 50 manatlıq prezident təqaüdü bütün xərcləri qarşılamaq üçün yeganə mənbədir. “Veteran təqaüdünü ayda 160 manata qədər artırmaq doğru olardı”, deyə Ü.Cəfərov qeyd edib ki, “nazirlikdən deyəcəklər ki, veteranlara ödənişləri artırmaq üçün pul yoxdur. Əslində hökumət müharibə iştirakçılarının ədalətli istəyini yerinə yetirmək istəsə, büdcə vəsaiti tapmaq çətin deyil”, deyə o əlavə edib.

Qarabağ müharibəsi veteranı Kamal Əliyevin fikrincə, birinci müharibənin sağ-salamat qayıdan veteranları unudulub. İmtiyaz yoxdur. Ayda 80 manatlıq veteran təqaüdü inflyasiya ilə dəyərsizləşir, veteranların müavinəti indeksləşdirilmir. Veteranlar həddindən artıq bahalı dərmanları əldə etmək haqqında düşünmürlər belə, köhnə yaralarını xalq təbabəti ilə müalicə etməyə çalışırlar.

Kamal Əliyevin təqaüd yaşı yaxınlaşır. Ömrü boyu işləyib, ƏƏSMN-dən ona heç vaxt işləməyənlərin pensiyası kimi, minimum pensiya – ayda 280 manat təyin ediblər. 80 manat prezident təqaüdü ilə birlikdə o, 360 manat alacaq, bu məbləğ heç nəyə çatmır.

“92-94-cü illərin müharibə iştirakçılarına bu nə münasibətdir? O vaxtkı gənclər Ağdamı müdafiə etməsəydi cəbhə Ağcabədidən və Bərdədən daha irəli keçərdi, ermənilər açıq-aşkar Kürün qərb sahilinə çıxıb Azərbaycanı iki hissəyə bölmək tapşırığından bəhs edirdilər. Ölkəmiz sadəcə olaraq yox ola bilərdi. Biz onu bacardığımız kimi qoruduq. Bunu dilə gətirmək və veteranlara “Ağdamın müdafiəsinə görə”, “Kəlbəcərin müdafiəsinə görə”, “Zəngilanın müdafiəsinə görə” və Azərbaycanın digər beş rayonunun müdafiəsinə görə medal vermək baha başa gəlir, əziyyətlidir?

Onlar dövlət tərəfindən unudularaq yaşla bağlı, xəstəlikdən vəfat edirlər. Xalq öz müdafiəçilərinə hörmət edir, amma dövlət üçün biz boz simasız kütləyik. Doğma ölkəmiz ayda 80 manatla bizdən canını qurtardı”, deyə veteran Turan Agentliyinə bildirib.

Agentlik hökumətdə Qarabağ müharibəsi iştirakçılarının problemlərinin müzakirəsində iştirak edən hərbi ekspertlə əlaqə saxlayıb. O, bu mövzuda qapalı müşavirədə iştirak etdiyi və veteran təqaüdünün ölçüsünə yenidən baxılması zərurətindən danışdığı üçün adının açıqlanmamasını xahiş edib.

“Qapalı müşavirədəki çıxışımı mətbuatda təkrar etsəm doğru olmaz. Yalnız onu deyəcəyəm ki, məsələyə baxılacaq, bütün məsələ büdcə vəsaiti məsələsinin həllindədir…”, deyə hərbi ekspert izah edib.
 
Ardını oxu...
Sabahdan pensiyaların ödənilməsinə başlanılır. Bu il ilk dəfə olaraq ümumi əsaslarla pensiya təyin olunmuş pensiyaçılara ötən il verilən maddi yardımın (200 manat) hər aya düşən məbləği də bu ilin əvvəlindən onların pensiyalarına əlavə edilib və yanvar ayının pensiyaları həmin artımlarla birgə ödəniləcək.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, bu aydan pensiya məbləğinə hesablanan 16.7 manat əvvəlki ildə verilən yardımın 2023-cü ildən pensiya məbləğlərinə əlavə olunmasıdır:

“Əmək Pensiyası” haqqında qanuna bu ildən edilən dəyişikliklərə əsasən yardımlar pensiya məbləğinə əlavə olunaraq hər il indeksasiya olunacaq. Bu ötən il cənab Prezidentin göstərişi ilə pensiyaçılara ödənilən illik 200 manat yardımın artıq bu ildən aylıq ödənişlərə əlavə olunmasıdır. Yəni, məbləğindən asılı olmayaraq pensiya alan vətəndaşımıza 2022-ci ildə rüblük 50, illik 200 manat yardım ödənilib. Bu aylıq 16.7 manat deməkdir (200 manat/12 ay=16.7 manat). Bu isə o deməkdir ki, 16.7 manat məhz ötən ilki yardım artıq aylıq məbləğə əlavə olunmasıdır. Bu baxımdan artıq yanvar ayından həmin yardımlar pensiyaya əlavə olunur. Bu halda 300 manat pensiyaya alan vətəndaşımıza yanvar ayında 316.7 manat ödəniləcək. Amma bu indeksiyaya olunaraq artırılmış məbləğ deyil. Qeyd edək ki, xüsusi qulluqla pensiyaya çıxmış vətəndaşlar üçün yardım onların pensiyasının 10 faizi miqdarında idi. Oxşar mexanizm həmin vətəndaşlarımıza da şamil edilir.

Ekspert bildirib ki, bu yardım artıq pensiya məbləğinin bir hissəsi olur.

“Yəni, 300 manat pensiya alan vətəndaşın pensiyası indi 316.7 manatdır. Bu isə aylıq pensiya məbləğidir. Amma heç də bu ay üçün yeganə artım deyil.

Bir daha qeyd etmək istərdik ki, ikinci artım indeksasiyadır. Vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur. Ötən ilin ilk 10 ayında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,5 faiz artıb. Bu o deməkdir ki, mövcud tendensiya saxlanacağı halda bu ilin yanvar ayında pensiyalar təxminən 15 faizə yaxın indeksasiya olunacaq. Təbii ki, daha dəqiq rəqəm bu ayın sonuna doğru elan olunacaq.

Ötən il pensiyası 300 manat olan vətəndaşımız üçün ikinci artım faizi belə hesablanacaq: 316.7 manat X indeksasiya faizi= yeni pensiya məbləği. Yəni, 316.7 manat x 15.0 faiz = 47.50 manat. Qeyd edim ki, 15.0 faiz təxmin olunan indeksasiya faizidir, konkret rəqəm ayın sonunda elan olunacaq. Bizim nümunədə, 300 manat pensiya alan vətəndaşımızın hər iki artımdan sonra pensiya məbləği belə olacaq: 300 manat + 16.7 manat + 47.50 manat= 364.2 manat. Bu artım hər ay ödəniləcək.

V.Bayramov bildirib ki, birinci artım sabahdan verilsə də, 2022-ci ildə orta aylıq əmək haqqıda artımla bağlı rəsmi statistika yanvar ayın sonunda bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılacaq.

“Pensiya artımları yanvarın 1-dən hesablanır, amma ikinci artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Yardımın pensiyaya əlavə olunan məbləği isə artıq bu aydan ödəniləcək. Bu o deməkdir ki, 300 manat pensiya alan pensiyaçının fevral ayında ödənişi belə olacaq: 300 manat + 16.7 manat + 47.50 manat (yanvar üzrə indeksasiya artımı) + 47.50 manat (fevral üzrə indeksasiya artımı) = 411.7 manat. Deməli, 300 manat pensiya alan vətəndaşımızın pensiya məbləği yanvar ayında 316.7 manat, fevral ayında 411.7 manat, mart ayından etibarən isə 364.2 manat alacaq.

Bir daha qeyd etmək istərdim ki, indeksasiya faizdən asılı olaraq bu rəqəmlərdə kiçik dəyişikliklər ola bilər. Amma ümumi mexanizm artıq təsdiq edilib. Bununla belə, indeksasiya faizində qeyd etdiyimz rəqəm ilə müqayisədə ciddi dəyişiklik gözlənilmir”.
 
Ardını oxu...
Avropa Birliyinin iqtisadi olaraq AB-dən ən çox asılı, ən çox xarici borcu, ən yüksək işsizlik ordusu olan ölkəsi Yunanıstandır. 2006-cı ildən başlayan, 2008-09-cu illərdə maksimuma çatan, sonra isə ancaq AB yardımları ilə avrozonada və ayaqda qalan Yunanıstanın problemləri daha çox daxili sistemindən, oyun qaydalarından, əmək bazarının strukturundan və dövlətin iqtisadiyyatda oynadığı rolun böyüklüyündən doğur.
Bu gün Yunanıstan əhalisi ilə Azərbaycan əhalisinin sayı, demək olar ki, eynidir, bu gün Yunanıstanda 10 322 307 nəfər yaşayır. Ölkə iqtisadiyyatının 50%-dən çoxunu dövlət sektoru təmin edir, əhalinin yarısı da məhz dövlət sektorunda (dövlət şirkətləri, bələdiyyə şirkətləri və s.) çalışırlar. Sosial dövlət olduğunu elan edən Yunanıstan yüksək müavinat, təqaüd və maaş verməyə çalışırdı, 2006-cı ildən başlayaraq ölkənin resursları azaldı, çünki, özəl sektor əsasən turizm üzərinə inşa edilmişdi, Türkiyənin həm qiymət, həm də servis olaraq Yunanıstanı rəqabətdə udmağa başlaması Avropadan gələn turizm selinin Türkiyəyə yönəlməsinə səbəb oldu ki, bu da Yunanıstanın tirizm sektorunda tənəzzül yaratdı. Nəticədə turizm sahəsində işsizlik artdı, xidmət sahəsinin ümumi ÜDM-ə verdiyi tövhə azalmağa başladı. Bunun üzərinə də Yunanıstanın böyük Beynəlxalq İdman Yarışlarını milyardlarla pul xərcləməsini gələndə, böhranın təməlləri yarandı və bir tək Arvopa Birliyinin yardımı ilə Yunanıstan defolt olmaqdan qurtuldu, günü bu gün də Yunanıstanı ayaqda saxlayan AB-dən aldığı kreditlər və yardımlardır.
Məsələyə fəlsəfi baxsaq, Yunanıstan dövləti öz üzərinə götürdüyü sosial yükü çəkə bilmədiyinə görə böhrana düşdü, əhalinin rifahı kəskin azalmağa başladı. Amma cəmiyyətləri “sol” düşüncəli olduğundan nə dövlət iqtisadiyyatından, nə də sosil yardımlardan əl çəkmək istəmirlər, istənilən özəlləşmə söhbətləri əhalini küçələrə çıxıb etiraz etməyə səbəb olur. Son statistik məlumatlara görə ölkə əhalisinin 53%-i dövlətdən aldığı maaş-təqaüd-müavinat-yardım hesabına yaşayır. Bu gün AB yardımları olmasa Yunanıstan çökər, bəlkə də ən kasıb ölkələr sırasına yuvarlanar.
Gələk gözəlim Azərbaycana – Bu gün bizim iqtisadi modelin təməlini də dövlət sektoru, və ya dövlət büdcəsindən ayrılan vəsaitlər təşkil edir. İqtisadi aktivliyi yaradan iki amil var, hər ikisi də büdcəyə bağlıdır: 1) Büdcədən ödənilən maaş-təqaüd-müavinatlar ki, bu da ticarətin canlı olmasına səbəb olur, 2) Büdcədən təmir-tikintiyə, investisiya layihələrinə ayrılan vəsaitin yaratdığı iqtisadi aktivlik.
Xarici ticarətdə ixracın 90%-dən çoxu dövlət sektorunun payına düşür, büdcənin formalaşmasının 50%-ə yaxını Neft Fondundan transfertlər, 15%-ə yaxını neft-qaz sektorundan gələn vergilər, 15%-ə yaxını isə büdcədən ayrılan maaşlardan tutulan vergilərlə, büdcədən ayrılan investisiyaların yaratdığı vergi yükü təşkil edir. Yəni, büdcənin 80%-ə yaxını neft-qaz sektorundan birbaşa və dolayı asılıdır.
Gələk əhalinin dolanışığında büdcənin oynadığı rola: Ölkədə muzdla çalışan (müqavilə ilə, yəni rəsmi) 1 mln. 729 min nəfərdir, onlardan 900 mindən bir az çoxu dövlət sektorunda çalışır, yəni, büdcədən maaş alır. Məmləkətdə 1 mln. 197 min təqaüdçü var, son prezident fərmanı ilə də məlum oldu ki, müxtəlif növ müavinatlar alan insanlarımızın sayı da 1 mln. 900 min nəfərdir. Beləliklə, ölkədə 4 mln. nəfərə yaxın vətəndaşımız dövlətdən, büdcədən asılı yaşayır.
Dövlətin iqtisadiyyatda, sosial təminatda oynadığı rol çox böyükdür və təhlükəlidir. Yunanıstan üçün AB-nin oynadığı rolu bizim üçün ancaq və ancaq neft-qaz sektoru oynayır – fərq budur ki, Avropa Birliyi tükənın mənbəə deyil, amma neft-qaz həm tükənir, həm də qiyməti çox oynaqdır. Əgər neft-qaz sabah kəskin ucuzlaşanda 4 mln. əhalini ələbaxan edən hökumət başına nə çarə qəlacaq?! Vəziyyətdən necə çıxacaq?! Tutalım ki, 2-3 il kredit, borc götürüb vəziyyəti idarə edə bilər, bəs sonra?!
Ona görə də ölkədə ciddi institutsional və sistem islahatlarına ehtiyac var, bizim millət unikaldır, dünyada dövlətdən ən az nəsə istəyən toplumdur, əhalinin əsas istəyi budur ki, köməkləri özlərinə qalsın, hökumət çalışmağa, pul qazanmağa mane olmasın, yetər. İndiki sosil-iqtisadi model dayanıqlı deyil, böyük təhlükələrə qapı açan, gələcəkdə böyük təlatümlər yarada biləcək bir modeldir, bunu anlamaq üçün neftin 30-40 dollar olmasını gözləmək lazım deyil, bu gün institutsional dəyişikliklər lazımdır ki, dövlətin iqtisadiyyatda rolu minimuma düşsün, nəticədə də dövlətin sosial yükü azalsın – həm də, unutmayın, vətəndaş dövlətdən, büdcədən nə qədər asılı olursa, onu idarə etmək bir o qədər asan olur, amma bir yerə qədər, bu asılılıq dividend gətirənə qədər, dividend azalan kimi asılılıq da yox olmağa başlayacaq, bu isə sosial gərginliyi artıran, sabitliyi pozan amilə çevrilə bilər.
Natiq Cəfərli
Teref.az
 
Ardını oxu...
Ən çox artan birdəflik ödənişlərdir, müharibə əlillərinin isə müavinəti yox, Prezident təqaüdü artırıldı
Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq 2023-cü ilin 1 yanvarından təqaüdlər, müavinətlər və maaşlar artırılıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, bu məqsədlə büdcədən 750 milyon manat ayrılıb və 800 min nəfərdən artıq vətəndaş ondan faydalana biləcəklər.

Prezident İlham Əliyev yanvarın 10-da yerli kanallara müsahibəsində bildirmişdi ki, hökumət imkan daxilində artımlara gedir:

“Bu, bizi qane edir? Əlbəttə ki, yox. Amma biz imkan daxilində öz addımlarımızı atırıq. Çünki bir daha demək istəyirəm, bizim əsas xərclər istiqaməti Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək və ordu potensialımızı gücləndirməkdir. Bu iki əsas prioritet bizim üçün uzun illər prioritet kimi qalacaq”.

Beləliklə, şəhid ailəsi üçün Prezidentin aylıq təqaüdü — 600 manata çatdırılır. Bundan əvvəl müavinətin həcmi 500 manat idi və 100 manat artım edilib.

Habelə müharibə, 20 Yanvar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Prezidentin aylıq təqaüdü, orqanizmin funksiyalarının:

81-100 faiz pozulmasına görə (I dərəcə) — 500 manata,

61-80 faiz pozulmasına görə (II dərəcə) — 400 manata,

31-60 faiz pozulmasına görə (III dərəcə) — 330 manata qalıdırılır.

Qeyd edək ki, bu kateqoriyadan olan əlillərin müavinəti artırılmayıb, yalnız Prezident təqaüdünün məbləğində dəyişib. Belə ki, 1-ci qrup əlillər 100, manat 2-ci qruplar 50 manat, 3-cü qrub müharibə iştirakçıları isə 30 manat artıq vəsait alacaqlar.

Uşağın anadan olmasına görə birdəfəlik müavinət — 500 manata, dəfn üçün birdəfəlik müavinət isə 500 manata çatdırılır. Qeyd edək ki, bu müavinətlər 1 dəfə verilir və ötən ilə müqayisədə xeyli artım var: ötən il bu müavinətlər müvafiq olaraq 300 və 350 manat təşkil edirdi.

Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət — 300 manata çatdırılır. Keçən il bu rəqəm 237 manat təşkil edirdi və müvafiq olaraq 63 manat artım nəzərdə tutulur.

Bundan başqa əlilliyi olan şəxslərə müavinət, orqanizmin funksiyalarının:

81-100 faiz pozulmasına görə (I dərəcə) — 270 manata,

61-80 faiz pozulmasına görə (II dərəcə) — 220 manata,

31-60 faiz pozulmasına görə (III dərəcə) — 150 manata çatdırılır;

Ötən il 1-ci qrup əlillər 220 manat, 2-ci qrup əlillər 180 manat, 3-cü qrup əlillər isə 120 manat alırdı. İqtisadçılar bu rəqəmlərin hədsiz az olduğunu, kökməyə ehtiyac olan vətəndaşların minimum xərclərinə yetmədiyini bildirirdilər.

Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) gözdən əlilliyi müəyyən edilmiş şəxslərə Prezidentin aylıq təqaüdü —300 manata qaldırılır.

Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Prezidentin aylıq təqaüdü —200 manat olacaq. Beləliklə, birinci qrup əlillər müavinət və Prezident təqaüdü ilə birlikdə 420 manat alacaqlar.

1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına Prezidentin aylıq təqaüdü —330 manata çatdırılır;

Yaşa görə müavinət — 220 manata çatdırılır. Bu məbləğ ötən il 180 manat təşkil edirdi və Prezident sayı 100 min nəfərdən artıq olan, hər il artmaqda olan vətəndaşların gəlirini 40 manat artırıb. İqtisadçılar bu məbləğin də hazırki yüksək inflyasiya, bahalaşma şəraitndə minimum xərcləri ödəmək iqtidarında olmadığını bildirirlər. Əsas gətirilir ki, 2023-cü ildə ölkədə ehtiyac meyarı və yaşayış minimumunun həddi 246 manata çatdırılıb. Bu o deməkdir ki, 246 manat bir nəfərin ən zəruri ehtiyaclarını qarşılamağa yetər. O zaman hökumətin hansı məntiqlə onlara 26 manat daha-az-220 manat verməyi rəva görür?

Ailə başçısını itirməyə görə müavinət (hər ailə üzvü üçün) — 120 manata çatdırılır, bundan əvvəl sözügedən ailələrə 100 manat ödənilirdi.

Daha sonra, yanvarın 1-dən etibarən bir yaşınadək uşağı olan aztəminatlı ailələrə (ünvanlı sosial yardım alan) hər uşağa görə müavinət — 100 manata qaldırılır. Beşdən çox uşağı olan qadınlara isə hər uşağa görə müavinət 105 manat olacaq. Bu, rəqəm ötən il 75 manat təşkil edirdi və əhəmiyyətli artım sayıla bilər.

Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) və 18 yaşınadək əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü — 100 manata çatdırılır. Bu rəqəm də ötən il 80 manat təşkil edirdi və daha 20 faiz artırılmasına qərar verilib.

Prezident əsas iş yeri üzrə elm və təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən pensiyaçılara Prezidentin aylıq təqaüdünun məbləğini artırıb. Yanvarın 1-dən etibarən:

elmlər doktoru elmi dərəcəsinə görə — 500 manata,

fəlsəfə doktoru elmi dərəcəsinə görə — 300 manata çatdırılır;

Fəxri adlara layiq görülmüş şəxslərə aylıq təqaüdünə gəlincə;

“Xalq” fəxri adına görə — 200 manat,

“Əməkdar” fəxri adına görə — 150 manat olacaq.

Prezidentin fərdi təqaüdü də 1200 manatdan 1500 manata qədər artırlacaq. Qeyd edək ki, bu təqaüdün kimlərə verilməsi ancaq dövlət başçısının özü tərəfindən müəyyən olunur, bir qayda olaraq ölkənin ictimai-mədəni həyatında fərqlənən şəxslərə verilir.

Qeyd edək ki, artımlar müharibə iştirakçılarına şamil olunmayıb. Onlara verilən 80 manat müavinətin məbləği bir neçə ildir dəyişmir. Hazırda ölkədə 100 mindən artıq müharibə veteranı var. Onların 84 minə yaxını 44 günlük müharibədə iştirak etmiş şəxslərdir. Ekspertlərə görə, hökumətin onların müavinəti artırmamasının əsas səbəbi müaribə iştirakçılarının sayca böyük kontingenti əhatə etməsi və əməkqabiliyyətli olmaları ilə bağlıdır. Belə əsas gətirilir ki, 100 min nəfərdən artıq vətəndaşın müavinəti 15 faiz artırmaq büdcə üçün böyük yükə çevrilə bilər. Amma bu əsaslandırma tənqidə dözmür. Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda döyüşmüş şəxslərin hansısa formada dövlət qayğsını hiss etməsi mənəvi məsələdir. Dövlət onları unutmadığını, qayğı ilə əhatə olunduqlarını nümayiş etdirməlidir.

Bundan başqa məcburi köçkünlərin də 60 manat “çörək pulu” artırılmamş qaldı. Azərbaycan 2 il əvvəl işğaldakı torpaqları azad etsə də məcburi köçkünlərin həyatında hər hansı dəyişiklik baş verməyib, Zəngilanın Ağalı kəndi istisna olmaqla məskunlaşma aparılmır, nə zaman olacağı da məlum deyil. Həmin vətəndaşlar yenə qaçın həyatının yaratdığı məhrumiyyətlər içərsində yaşayırlar. Onların “çörək puluna” ehtiyacları var. Hökumətin bu reallığı nəzərə almaması təəssüf doğrurur.

Dünyapress TV

Xəbər lenti