LAVROV YENƏ “IZQOY” STATUSUNDA -
Putin çoxdan bəri gözlənilən və noyabrın 15-16-da İndoneziyanın Bali adasında keçiriləcək “G20” sammitinə getmədi. Heç onlayn şəkildə də sammitin işində iştirak etməyəcək. Əvəzində, bu qlobal əhəmiyyətli tədbirə XİN başçısı Sergey Lavrovu göndərib. O Lavrovu ki, artıq çoxdan bəri sivil dünyada diplomat yox, adi siyasi fırıldaqçı, sözünün, vədinin bir qara qəpiklik dəyəri olmayan, Kremlin Solovyov, Skabeyeva, Simonyan kimi ucuz təbliğatçılarından yalnız diplomatik statusu ilə fərqlənən, gözdən düşmüş bir fiqur kimi qəbul edilir.

Ancaq o da məlumdur ki, Lavrov xüsusilə fevralın 24-dən sonra aşağılanmağa öyrəşmiş birisidir. Hələ bu ilin mart ayında onun BMT-nin İnsan Haqları Şurasının iclasındakı çıxışı zamanı zalda olan xarici diplomatların böyük əksəriyyəti Rusiyanın Ukraynada başlatdığı işğalçılıq müharibəsinə etiraz olaraq, oranı tərk etmişdi. İyul ayında isə yenə İndoneziyanın Bali adasında “G20” ölkələrinin XİN başçılarının toplantısında Lavrov nümayişkaranə şəkildə boykot edilmişdi.

Nazirlərin əksəriyyəti onunla birgə, yana-yana görünmək istəməmişdi və bu səbəbdən ənənəvi birgə foto da çəkilmədi. “İzqoy” münasibəti görən Lavrov isə toplantı yekunlaşmadan İndoneziyanı tərk etməli oldu.

Məsələnin sırf siyasi aspektinə gəlincə, Baliyə getməyən, “G20”-yə hətta onlayn formatda belə qatılmayan Putin bununla da, beynəlxalq miqyasda olduqca önəmli strateji tribunadan imtina etdi. Hansı ki, özünü haqlı bilən, gördüyü işin, apardığı müharibənin ədalətli, doğru olduğuna inanan lider belə bir tribunadan qətiyyən imtina etməzdi…

Mütəxəssislər Putinin şəxsən “G20”-də iştirakdan imtina etməsini müxtəlif cür izah edirlər.

Bir çoxları onun hansısa sui-qəsddən, öz fiziki təhlükəsizliyindən, həyatını itirməkdən qorxduğunu bildirirlər. Putinin indiyə qədərki davranışları – “Covid”dən özünü necə həssaslıqla qorumasından tutmuş, hətta öz şəxsi bioloji tullantılarını belə mühafizə etdirməsinə qədər bir çox faktorlar onu deməyə imkan verir ki, qorxu amili heç də əsassız deyil.

Digər şərhçilər onun ölkədə olmadığı bir vaxtda saraydaxili çevrilişin baş verməsindən ehtiyat etdiyini bildirirlər.

Ən çox üzərində dayanılan versiya isə Putinin bu sammitdə, kobud dildə desək, çıxış edəcək üzünün, deyəcək sözünün olmamasıdır. Çünki onu orada ağır ittihamlardan, cavabını verə bilməyəcəyi çətin suallardan, aşağılanmış münasibətdən başqa heç nə gözləmir.

Bir neçə ay əvvəl Putinin bu tədbirə qoşulacağı daha inandırıcı idi. Çünki həmin vaxt Rusiyaya hər nə qədər ağır zərbələr dəysə də, hələ bu günkü qədər gözdən, hörmətdən düşmüş vəziyyətdə deyildi. Bu gün isə Putin sözügedən qlobal tədbirə qatılsaydı, orada məğlub, əzilmiş, tükənmiş biri kimi çıxış etməli olacaqdı. O isə hər zaman belə tədbirlərdə özünü qüdrətli bir dövlətin rəhbəri kimi aparıb və bundan irəli gələn yekəxana, saymazyana ədaları ilə seçilib…

Lakin artıq dövran o dövran deyil. Hazırda Rusiyanın əlində nüvə silahından başqa demək olar, heç bir ciddi təzyiq vasitəsi, arqument qalmayıb. Bu alətdən isə son bir neçə ayda Putinin özü, eləcə də Lavrov, Medvedev kimi qeyri-adekvat fiqurlar dönə-dönə, yeri gəldi-gəlmədi elə kobud və primitiv şəkildə istifadə ediblər ki, artıq beynəlxalq birlik Rusiyanın nüvə hədə-qorxularına da qeyri-ciddi yanaşmağa başlayıb. Həmçinin, böyük nüvə dövlətlərinin rəhbərləri artıq Kremlə lazımi cavabı verib, xəbərdarlıqlarını ediblər…

Putinin əlindəki digər alətlərə gəlincə, Rusiyanın iqtisadiyyatı çökür, xarici enerji bazarlarındakı mövqeləri sarsılır, daxili narazılıqlar artır, ordu acı məğlubiyətə düçar olur və geri çəkilir, Rusiya bütün beynəlxalq meydançalardan təcrid olunur, onun ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə, idmanına belə yer yoxdur, vətəndaşları hər yerdə “izqoy” həyatı, münasibəti yaşayır və sair. İndi Putin belə bir dövlətin başçısıdır və bu statusda hər hansı beynəlxalq tədbirdə iştirak etmək, onu hərbi cani adlandıran liderlərin danlaqlarına, ittihamlarına tuş gəlmək əlbəttə ki, onun üçün arzuolunmaz və qəbuledilməzdir.

Axı, “G20” sammitindəki auditoriya Kremlin mərkəzi təbliğat kanallarının - “ORT”-nin, “RTR”-in, yaxud qurama “Valday” konfransının auditoriyası deyil ki, Putin istədiyi cəfəngiyyatı danışsın və heç kim də ona etiraz etməsin, irad bildirməsin, sadəcə “ağzını ayırıb,qulaq assın” və o nə desə, başını yelləyərək, razılğını bildirsin. Hələ ABŞ-ı, Böyük Britaniyanı və s. demirik, hətta uzun zaman Rusiyaya qarşı nisbətən mülayim münasibət sərgiləmiş Almaniyanın Kansleri Olaf Şolts da Putini Balidə gözlədiyini və “ona deyəcək sözlərinin” olduğunu bəyan edib.

Putininsə bütün bunlara verəcək heç bir dolğun cavabı yoxdur – nə dildə, nə də əməldə! Ən maraqlısı isə odur ki, 24 fevraldan sonra yaranan bu acınacaqlı durumun və təkcə Ukrayna ilə Rusiyanın deyil, bütün dünyanın başına açılan bəlaların baiskarlarından biri elə Putinin özüdür!

Beləliklə, Baliyə Putin yox, Lavrov gedib və “üzü üzlər görmüş” Rusiya XİN başçısı bu qlobal tədbirdə əvvəllər də olduğu kimi qartımış sifətinə nə desələr sakitcə dinləməli olacaq.

Özü də bu, təkcə Lavrovun deyil, Rusiyadakı hakim imperiya siyasətinin sifətidir. O sifət ki, onun kölgəsi təkcə Ukraynadan deyil, tədricən Azərbaycan və onun tərkib hissəsi olan Qarabağ başda olmaqla, bütün postsovet məkanının üzərindən çəkilməyə və dağılmağa məhkumdur….
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Avropa liderləri Zelenskinin təklifinə "yox" dedilər
30 Aprel 2025 İran və Azərbaycan bütün kommunikasiyaların kəsişə biləcəyi yol ayrıcındadır - IRNA
30 Aprel 2025 İsraildən ŞOK: “Netanyahu 4 gün Bakıda qalacaq” – Səfərin ilginc DETALLARI
29 Aprel 2025 ABŞ-da siyasi fırtına: Demokratlar Trampa qarşı impiçment prosesinə start verdi
29 Aprel 2025 TBMM sədri Numan Kurtulmuş: "Yeni konstitusiyanı gecikdirmədən qəbul etmək lazımdır"
29 Aprel 2025 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
29 Aprel 2025 Çin-Azərbaycan əlaqələrində Moskva detalı – Rusiya arxa plana keçdi
28 Aprel 2025 İlham Əliyevin Məsud Pezeşkianla geniş tərkibdə görüşü başlayıb
28 Aprel 2025 Prezidentlərin məhdud tərkibdə görüşü oldu
28 Aprel 2025 İlham Əliyev Pezeşkianı qarşıladı
28 Aprel 2025 İlham Əliyev Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına müraciət ünvanlayıb
28 Aprel 2025 Kanadada növbədənkənar parlament seçkiləri keçiriləcək
28 Aprel 2025 Çin Pakistanı həmişə dəstəkləyir - Yi
27 Aprel 2025 Kallas Ermənistan Prezidenti ilə danışıqlar apardı
27 Aprel 2025 Tramp ermənilərə “xəyanət etdi” və hayları ciddi xəyal qırıqlığına uğratdı
27 Aprel 2025 Ukrayna şərtlərini açıqladı: Krım heç vaxt Rusiya ərasizi kimi tanınmayacaq
26 Aprel 2025 Tramp Romada Zelenski ilə görüşə bilər
26 Aprel 2025 İran hökümətinin birinci hədəf aldığı "düşmən" Azərbaycan dövlətidir - ÇÜNKİ...
26 Aprel 2025 Çin Avropa İttifaqına sanksiyaları ləğv edəcək
25 Aprel 2025 İlham Əliyev Kaya Kallası qəbul edib

Dünyapress TV

Xəbər lenti