![]() |
![]() ![]() ![]() |
|
Laçın Zirvəsi Ankara-Bakı-İslamabad xəttində hərbi ittifaq perspektivlərinin artdığı qənaətini möhkəmləndirdi; Prezident Əliyevin “mesajlarımız ünvanına çatdı” deməsi, Ərdoğanın “üç dövlət, bir millət” ifadəsi dostlara və düşmənlərə kifayət qədər aydın ismarışlar oldu...
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi infrastruktur layihələrinin ən mühüm mərhələlərindən biri - Laçın Beynəlxalq Hava Limanının açılışı təkcə bir nəqliyyat layihəsi deyil, bu hadisə həm siyasi, həm iqtisadi, həm də geostrateji baxımdan çoxqatlı və dərin mənalar daşıyır. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın baş naziri Şahbaz Şərifin iştirakı bu tədbiri yalnız yerli deyil, həm də regional və qlobal səviyyədə ön plana çıxarır.
Bu açılış mərasimində iştirak edən liderlərin seçimi təsadüfi deyil. Türkiyə artıq uzun müddətdir ki, Cənubi Qafqazda güclənmək istəyir və bunu həm diplomatik, həm hərbi, həm də iqtisadi yolla həyata keçirir. 2021-ci ildə Füzuli, 2022-ci ildə Zəngilan aeroportunun açılışlarında iştirak etmiş Ərdoğanın indi də Laçında olması bu ardıcıl strategiyanın göstəricisidir. Türkiyə bu regionda birbaşa siyasi və iqtisadi aktor olmaq istəyir. Ordu.az bu mövzuda öz təhlilində yazır ki, Pakistan liderinin bu tədbirdə iştirakı göstərir ki, Pakistan da Cənubi Qafqazda yer almaq istəyir.
Liderlərin zirvə görüşündə Azərbaycan Prezidenti müdafiə sahəsində əməkdaşlıq haqda da danışıb. "Tərəfdaşlığımızın önəmli istiqamətlərindən biridir. Birgə hərbi təlimlər və hərbi-texniki sahədə layihələr silahlı qüvvələrimizin potensialını gücləndirib. Bizim hərbi əməkdaşlığımız geniş coğrafiyada sülhü və sabitliyi gücləndirir".
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan çıxışında üç ölkənin əhalisinin ümumi sayının 350 milyon nəfərə çatdığını, məcmu ÜDM-inin isə 1,5 trilyon dollar olduğunu yada salıb. Türkiyə Prezidenti vurğulayıb ki, “ölkələrimiz ortaq idealları bölüşür”. O əlavə edib ki, Ankara Bakı və İslamabadla iqtisadi əlaqələrin gücləndirilməsi istiqamətində gələcək addımlara sadiqdir. “Ankara ölkələrimizin strateji tərəfdaşlığının gücləndirilməsinə yönəlmiş hər bir addımı dəstəkləyir”, - deyə Ərdoğan əmin edib. O qeyd edib ki, regional proseslər Türkiyə, Azərbaycan və Pakistan arasında əməkdaşlığın vacibliyini vurğulayır.
Türkiyə Prezidenti bildirib ki, üç ölkənin xarici işlər nazirliklərinə Ankara, Bakı və İslamabad arasında gələcək əməkdaşlıq üçün struktur bazanın formalaşdırılması istiqamətində addımlar atmaq tapşırılıb. “Ölkələrimiz arasında ticarət, investisiya, nəqliyyat, enerji, hərbi-sənaye kompleksi və terrorizmlə mübarizə sahələrində birgə dialoq gündəliyinə dair çərçivələr hazırlanacaq”, - deyə Ərdoğan vurğulayıb.
Ərdoğan Türkiyə, Azərbaycan və Pakistan liderlərinin üçtərəfli zirvə görüşlərinin mütəmadi keçiriləcəyini bildirib. “Bundan başqa, nazirlər səviyyəsində görüşlər də planlaşdırılır”, - deyə o qeyd edib. Türkiyə lideri nəqliyyat sektorunu üçtərəfli əməkdaşlığın strateji sahələrindən biri adlandırıb, həmçinin Ankara, Bakı və İslamabad arasında dialoqun üç ölkənin xalqlarına fayda verəcəyinə əminliyini ifadə edib.
Pakistanın baş naziri isə “Pakistanın bəxti gətirib ki, Türkiyə və Azərbaycan kimi səmimi qardaşları var” deyib: “Siz keçilməz qaya kimi bizimlə bərabər dayandınız və biz tərəddüd etmədən sizə etibar edirik. Silahdaş olan qardaşlar kimi biz sülh, ədalət və mənəvi dəyərləri hər zaman üstün tutacağıq” .
Göründüyü kimi, Laçında yeni bir siyasi arxitekturanın qurulması elan olundu. Prezident Əliyevin “Mesajlarımız ünvanına çatdı” deməsi, Ərdoğanın “Üç dövlət, bir millət” ifadəsi dostlara və düşmənlərə kifayət qədər aydın ismarışlar idi.
Professor Qabil Hüseynli “Yeni Müsavat”a bildirib ki, yeni bir konfiqurasiyanın şahidi olmaqdayıq. Onun fikrincə, Pakistan nüvə dövləti, Türkiyə NATO-da ordusu ikinci ölkədir və Azərbaycan dünyaya müttəfiqlərinin kimliyini Laçından bir daha nümayiş etdirmiş oldu: “Bu əlaqələr daha da güclənəcək. Azərbaycan ona xor gözlə baxan bəzi qonşularına da, içindən "Laçın koridoru"nu yenidən yaratmaq istəyini keçirənlərə də öz gücünü göstərdi. Ümumiyyətlə, istər regionda, istər dünyada Azərbaycana qarşı hansısa xain ssenarilər hazırlamaq istəyənlərə bir birlik nümayiş etdirildi. Laçında üç qardaş dövlətin rəhbərlərinin bəyanatları tarixi və qürurverici hadisə idi".
Q.Hüseynlinin sözlərinə görə, istər Rusiya, istər Fransa və digər qüvvələr bu mesajlardan müəyyən nəticələr çıxarmış olacaqlar: “Azərbaycan artıq əvvəlki deyil. Qarabağda münaqişə yaratmaq mümkün olmayacaq. Laçın Ermənistanla sərhəd bölgədir və burada ən yüksək səviyyədə təhlükəsizliyin təmin edilərək tədbir keçirilməsi göstərdi ki, heç bir anti-Azərbaycan mərkəzləri özlərini yorub hansısa planlar qurmaq haqda fikirləşməsinlər. Bu üçlük böyük bir güc olaraq meydana çıxmaqdadır”.
Siyasi analitik Məhəmməd Əsədullazadə hesab edir ki, Azərbaycan Türkiyə və Pakistan üçtərəfli hərbi-siyasi əməkdaşlığı regional siyasətdə yeni bir platformadır. Onun sözlərinə görə, hər üç ölkə son illərdə həlledici hərbi qələbələr əldə edib: “Türkiyə Suriyada qalib gəldi. 40 il fəaliyyət göstərən PKK ləğv edildi. Azərbaycan öz ərazi bütövlüyünü təmin edərək, Ermənistan üzərində həlledici qələbə əldə edib. Pakistan son Hindistanla hərbi qarşıdurmada həlledici qələbə əldə edib. Hər üç qalib ölkənin üçtərəfli əməkdaşlıq formatı unikaldır və bundan sonra da tərəflər arasındakı hərbi əməkdaşlıq yeni müstəvidə davam edəcək”.
Siyasi icmalçı Asif Nərimanlının fikrincə, üç ölkə Cənubi Qafqazda, o cümlədən, regionun tranzit olaraq yer aldığı Orta dəhlizdə birlik olduqlarını Şərqi Zəngəzurdan nümayiş etdirdi. Onun qənaətinə görə, eyni birlik mesajı Laçından Cənubi Asiya regionuna da ünvanlanıb: “Hindistanın Pakistana hücumuna toxunan Əliyev də, Ərdoğan da atəşkəsin əldə edilməsini, eyni zamanda münaqişənin (Kəşmir) sülh yolu və BMT-nin qətnamələrinə uyğun həllini dəstəklədi. Hər iki lider birbaşa Hindistanı hədəfə almasa da, BMT qətnamələri və həmrəylik mesajı ilə Pakistana dəstəyi bir daha ifadə etdi. Laçın Zirvəsi Ankara-Bakı-İslamabad xəttində "Üçqardaş Alyansı"nın qurulduğunun, siyasi, iqtisadi və digər sferalarda strateji əlaqələrin genişləndirilməsi ilə 44 günlük müharibədən sonra zaman-zaman gündəmə gələn üçtərəfli hərbi ittifaq perspektivlərinin isə artdığı qənaətini möhkəmləndirdi". Siyasi şərhçi hesab edir ki, Türkiyə-Azərbaycan-Pakistan strateji əlaqələrini formalaşmaqda olan çoxqütblü münasibətlər sistemində tarazlaşdırıcı, həm də həlledici “Orta güc” kimi qiymətləndirmək olar.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”