Prezident Administrasiyası siyasi partiyaların iştirakı ilə dəyirmi masa təşkil etdi - FOTO
Siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də siyasi dialoq mühitinin təşviq olunması məqsədilə Prezident Administrasiyası tərəfindən fevralın 25-də “Hilton Baku” hotelində dəyirmi masa təşkil olunub.

Referans.az xəbər verir ki, dəyirmi masada Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Ədliyyə və Maliyyə nazirliklərinin, Hesablama Palatasının, 25 siyasi partiyanın nümayəndələri, həmçinin tanınmış alimlər, politoloqlar, siyasi şərhçilər, internet televiziya kanalları və onlayn media subyektlərinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ötən dövr ərzində mövcud istiqamətdə görülmüş işlər haqqında danışaraq, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühitinin təşviq olunduğunu bildirib.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin bütün dünya azərbaycanlılarının qürur mənbəyi olduğunu xüsusi vurğulayan Administrasiya rəsmisi qeyd edib ki, qızıl hərflərlə yazılmış bu unudulmaz tarix dövlətimizə ərazi bütövlüyü və suverenlik bəxş etməklə Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub.

Yeni siyasi konfiqurasiya haqqında söhbət açan Ə.Vəliyev dövlət idarəetməsinin davamlı inkişafı naminə cəmiyyətdə mövcud potensialın səfərbər olunmasında siyasi partiyaların rolunu vurğulayaraq, sağlam əməkdaşlıq mühitinin sabitliyi və tərəqqini təmin edən əsas amillər olduğunu ifadə edib. Administrasiya rəsmisi 2022-ci ilin dekabrında qəbul edilmiş “Siyasi partiyalar haqqında” Qanunun əhəmiyyətindən danışarkən bildirib ki, yeni Qanun ölkənin partiya sisteminin keyfiyyətcə daha böyük inkişafına zəmin yaratmaqla, bütün siyasi partiyaların ilkin imkanlarını tarazlaşdırıb və partiyaların yeni siyasi konfiqurasiyanın formalaşması prosesində aparıcı instituta çevrilməsinə xidmət edib.

2024-2025-ci illərdə keçirilən Prezident, parlament və bələdiyyə seçkilərində siyasi partiyaların fəal iştirakı haqqında danışan Ə.Vəliyev partiyaların mütləq əksəriyyətinin seçkilərdə iştirakını demokratik münasibətlərin təzahürü kimi dəyərləndirib və bu iştirakçılığın partiyaların siyasi institut kimi daha da təkmilləşməsinə və inkişafına müsbət təsirlərini qeyd edib.

Tədbirdə çıxış edən dövlət orqanlarının nümayəndələri – Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Mərkəzi Seçki Komissiyası sədrinin birinci müavini Rövzət Qasımov, ədliyyə nazirini müavini Abiddin Hüseynov, maliyyə nazirinin müavini Azər Bayramov, Hesablama Palatası sədrinin müavini Nəsir Sadıqov siyasi partiyaların fəaliyyətinin tənzimlənməsinin müxtəlif aspektlərinə toxunaraq, dövlətin mövcud istiqamətdə gördüyü işlər barəsində ətraflı məlumatlar veriblər. Tədbirdə siyasi partiya üzvlərinin reyestrinin aparılması, bu sahədə qanunvericilikdə edilmiş son dəyişikliklər, siyasi partiyaların seçkilərdə fəal iştirakı, partiyalara dövlət büdcəsindən ayrılan maliyyə yardımları, bu yardımların xərclənməsi, hesabatlılıq, partiya sədrlərinin mediadakı fəaliyyəti, onların siyasi dialoqun dərinləşməsi prosesində rolu və digər bu kimi məsələlər geniş müzakirə olunub.

Daha sonra siyasi partiya (Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri Qüdrət Həsənquliyev, Haqq Ədalət Partiyasının sədri Əli İnsanov, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev, Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağa-zadə, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, AĞ Partiyasının sədri Tural Abbaslı, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, REAL Partiyası Siyasi Komitəsinin sədri Natiq Cəfərli, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev), elm (AMEA-nın Fəlsəfə və Sosiologiya institutunun direktoru İlham Məmmədzadə) və media (“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu) nümayəndələri çıxış edərək müzakirə olunan məsələlərə öz münasibətlərini ifadə edib, cəmiyyəti narahat edən məsələlərin daha səmərəli həllinin tapılmasında siyasi partiyaların rolunu vurğulayıblar.

Tədbir iştirakçıları birmənalı olaraq bəyan ediblər ki, milli maraqlar və milli birliyin qorunması naminə ölkənin bütün vətənpərvər və intellektual qüvvələrinin səfərbər olması zəruridir. Tədbirdə çıxış edən siyasi partiyaların sədrləri və təmsilçiləri ümummilli məsələlərdə hər zaman açıq əməkdaşlığa hazır olduqlarını bildirərək cəmiyyətin parçalanmasına yönəlmiş istənilən təxribatı sərt şəkildə qınayıblar.

Tədbir dövlət orqanlarının təmsilçiləri tərəfindən siyasi partiya nümayəndələrinin çoxsaylı suallarının cavablandırılması və müzakirələrlə davam edib.

İştirakçılar bu qəbildən olan tədbirlərin mütəmadi təşkilinin və hər bir siyasi təsisatın belə təşəbbüslərdə fəal iştirak etməsinin faydalı olacağını dilə gətiriblər.

Tədbirdə aşağıda adları qeyd edilən siyasi partiyalar iştirak edib:

Yeni Azərbaycan Partiyası

Vətəndaş Həmrəyliyi Partiyası

Böyük Quruluş Partiyası

Ana Vətən Partiyası

Ədalət, Hüquq, Demokratiya Partiyası

Demokratik İslahatlar Partiyası

Azərbaycan Demokratik Maarifçilik Partiyası

Milli Cəbhə Partiyası

Azərbaycan Milli İstiqlal Partiyası

Böyük Azərbaycan Partiyası

REAL Partiyası

Haqq Ədalət Partiyası

Azərbaycan Ümid Partiyası

Azərbaycan Demokrat Partiyası

Azərbaycan Xalq Partiyası

Vəhdət Partiyası

Ədalət Partiyası

Klassik Xalq Cəbhəsi Partiyası

Milli Dirçəliş Hərəkatı Partiyası

AĞ Partiyası

Azad Vətən Partiyası

Müasir Müsavat Partiyası

Gələcək Azərbaycan Partiyası

Yeni Zaman Partiyasıa
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Avropa liderləri Zelenskinin təklifinə "yox" dedilər
30 Aprel 2025 İran və Azərbaycan bütün kommunikasiyaların kəsişə biləcəyi yol ayrıcındadır - IRNA
30 Aprel 2025 İsraildən ŞOK: “Netanyahu 4 gün Bakıda qalacaq” – Səfərin ilginc DETALLARI
29 Aprel 2025 ABŞ-da siyasi fırtına: Demokratlar Trampa qarşı impiçment prosesinə start verdi
29 Aprel 2025 TBMM sədri Numan Kurtulmuş: "Yeni konstitusiyanı gecikdirmədən qəbul etmək lazımdır"
29 Aprel 2025 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
29 Aprel 2025 Çin-Azərbaycan əlaqələrində Moskva detalı – Rusiya arxa plana keçdi
28 Aprel 2025 İlham Əliyevin Məsud Pezeşkianla geniş tərkibdə görüşü başlayıb
28 Aprel 2025 Prezidentlərin məhdud tərkibdə görüşü oldu
28 Aprel 2025 İlham Əliyev Pezeşkianı qarşıladı
28 Aprel 2025 İlham Əliyev Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına müraciət ünvanlayıb
28 Aprel 2025 Kanadada növbədənkənar parlament seçkiləri keçiriləcək
28 Aprel 2025 Çin Pakistanı həmişə dəstəkləyir - Yi
27 Aprel 2025 Kallas Ermənistan Prezidenti ilə danışıqlar apardı
27 Aprel 2025 Tramp ermənilərə “xəyanət etdi” və hayları ciddi xəyal qırıqlığına uğratdı
27 Aprel 2025 Ukrayna şərtlərini açıqladı: Krım heç vaxt Rusiya ərasizi kimi tanınmayacaq
26 Aprel 2025 Tramp Romada Zelenski ilə görüşə bilər
26 Aprel 2025 İran hökümətinin birinci hədəf aldığı "düşmən" Azərbaycan dövlətidir - ÇÜNKİ...
26 Aprel 2025 Çin Avropa İttifaqına sanksiyaları ləğv edəcək
25 Aprel 2025 İlham Əliyev Kaya Kallası qəbul edib

Dünyapress TV

Xəbər lenti