Ermənistanın iki stulda oturmaq cəhdi:
Ermənistanda 11-14 fevral tarixlərində parlamentin sessiyası keçirilib və onun əsas mövzularından biri ölkənin Avropa İttifaqına üzvlük prosesinə başlaması haqqında qanun layihəsinin müzakirəsi olub.

Fevralın 12-də keçirilən iclasda “Ermənistan Respublikasının Avropa İttifaqına üzvlük prosesinə başlaması haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Erməni KİV-lərinin məlumatına görə, layihənin lehinə 63 deputat, əleyhinə isə 7 deputat səs verib.

Qanun layihəsi Evrovote vətəndaş təşəbbüsü tərəfindən irəli sürülüb və 60 min vətəndaşın imzası toplanıb. Qanun layihəsi 9 yanvar tarixində hökumət tərəfindən təsdiqlənərək parlamentə göndərilib.

Sənədin mətnində qeyd olunur ki, Ermənistan, xalqın iradəsini ifadə edərək, qarşısına ölkəni təhlükəsiz, müdafiə olunan və inkişaf etmiş bir dövlətə çevirməyi məqsəd qoyaraq, Avropa İttifaqına üzvlük prosesinə başlamaq niyyətindədir.

Artıq Brüssel də dialoqa hazır olduğunu bildirib. Lakin ən maraqlısı budur ki, Ermənistan Aİ-yə inteqrasiya etməyi qarşısına məqsəd qoymasına baxmayaraq, tam əks qütbdə dayanan Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmağa hazır deyil.

Ermənistanın Avropa İttifaqına üzvlüyünü dəstəkləyən qərbpərəst vətəndaş təşəbbüsünün nümayəndəsi, sabiq ədliyyə naziri Artak Zeynalyan Ermənistanın Aİİ-dən çıxmaq niyyətinin olmadığını bildirib. Onun parlamentdəki çıxışı erməni telekanalları vasitəsilə canlı yayımlanıb.

“Bu qanun layihəsi Avropa İttifaqına inteqrasiyanın başlanmasına yönəlib, Aİİ-nin ləğvi və ya neytrallaşdırılmasını nəzərdə tutmur. Burada Aİİ-dən çıxmaq və ya onunla əlaqələri kəsmək barədə heç bir məqsəd yoxdur. Biz sadəcə yeni bazarlar tapmağa çalışırıq”, – deyə o vurğulayıb.

Lakin ekspertlər Ermənistanın seçdiyi bu ikili kursu ağrısız şəkildə davam etdirməsinin mümkün olacağına şübhə edirlər. Çünki Aİ və Aİİ arasında balans saxlamaq qeyri-sabit bir strategiyaya çevrilə bilər. Bu, təəccüblü deyil, çünki Aİ Qərb dünyasının dəyərləri üzərində qurulub, Aİİ-də isə başda təcavüzkar Putin olmaqla Moskva və onun əlaltıları toplaşıb.

Maraqlıdır, Ermənistanda bu açıq-aşkar ziddiyyəti görmürlər?

Bəlkə də, daha məntiqli yanaşma ola bilərdi? Məsələ, aparıcı Avropa ölkələrindən iqtisadi və siyasi dəstək alaraq, əvvəlcə Aİİ-dən çıxmaq və sonra Aİ-yə üzvlük istiqamətində sürətli addımlar atmaq lazım idi? Yoxsa burada başqa baxış da var və Ermənistan rəhbərliyinin addımlarında heç bir ziddiyyət yoxdur?

Siyasi şərhçi, hüquqşünas və ictimai xadim Fuad Ağayev mövzu ilə bağlı fikirlərini Pressklub.az-la bölüşüb.

Onun fikrincə, Ermənistanın özünü saldığı vəziyyəti “suqsvanq” adlandırmaq olar.

“Çünki Ermənistanın eyni anda həm Aİİ, həm də Aİ üzvü olması sadəcə mümkün deyil – nə iqtisadi-hüquqi, nə də siyasi baxımdan. Aİİ Ermənistan iqtisadiyyatının bu ittifaqa dərin inteqrasiyasını tələb edir, Aİ isə iqtisadi azadlıq və Ermənistan qanunvericiliyinin öz norma və prinsiplərinə uyğunlaşdırılmasını şərt qoyur.

Digər tərəfdən, siyasi baxımdan da vəziyyət eynidir. Aİ Rusiyanı aqressiv niyyətləri olan düşmən dövlət kimi görür, Rusiya isə Aİ-yə düşmən strukturu kimi yanaşır. Üstəlik, Avropa İttifaqı Avrasiya İqtisadi İttifaqını sırf Rusiya layihəsi kimi qiymətləndirir.

Bütün bunları nəzərə alsaq, Ermənistanın yaxın perspektivdə Avropa İttifaqına üzv olmasını qeyri-real hesab edirəm. Əlbəttə, əgər Ermənistan Aİİ-dən çıxmasa”, – deyə ekspert vurğulayıb.

Lakin onun sözlərinə görə, Ermənistanın Aİİ-dən çıxması ciddi problemlər yaradacaq, çünki ölkənin iqtisadiyyatı, xüsusilə elektrik enerjisi, dəmir yolu şəbəkəsi və digər mühüm sahələr Rusiya və Aİİ-dən asılıdır.

“Yəni, Aİİ-dən çıxmaq Ermənistan üçün zəruri enerji resurslarının – neft məhsulları, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə tariflərin dərhal bahalaşması demək olacaq.

Alternativ həll yolları mümkündür. Amma yenə də bu yollar yalnız o halda reallaşa bilər ki, Ermənistan Aİİ-dən çıxmağa qərar versin. Əks halda, Ermənistanın hətta Ukrayna və Moldova səviyyəsində belə Aİ ilə əlaqələr qurmaq şansı olduqca azdır. Ən azı yaxın perspektivdə”, – Ağayev əminliklə bildirib.

Rauf Orucov
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Avropa liderləri Zelenskinin təklifinə "yox" dedilər
30 Aprel 2025 İran və Azərbaycan bütün kommunikasiyaların kəsişə biləcəyi yol ayrıcındadır - IRNA
30 Aprel 2025 İsraildən ŞOK: “Netanyahu 4 gün Bakıda qalacaq” – Səfərin ilginc DETALLARI
29 Aprel 2025 ABŞ-da siyasi fırtına: Demokratlar Trampa qarşı impiçment prosesinə start verdi
29 Aprel 2025 TBMM sədri Numan Kurtulmuş: "Yeni konstitusiyanı gecikdirmədən qəbul etmək lazımdır"
29 Aprel 2025 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
29 Aprel 2025 Çin-Azərbaycan əlaqələrində Moskva detalı – Rusiya arxa plana keçdi
28 Aprel 2025 İlham Əliyevin Məsud Pezeşkianla geniş tərkibdə görüşü başlayıb
28 Aprel 2025 Prezidentlərin məhdud tərkibdə görüşü oldu
28 Aprel 2025 İlham Əliyev Pezeşkianı qarşıladı
28 Aprel 2025 İlham Əliyev Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına müraciət ünvanlayıb
28 Aprel 2025 Kanadada növbədənkənar parlament seçkiləri keçiriləcək
28 Aprel 2025 Çin Pakistanı həmişə dəstəkləyir - Yi
27 Aprel 2025 Kallas Ermənistan Prezidenti ilə danışıqlar apardı
27 Aprel 2025 Tramp ermənilərə “xəyanət etdi” və hayları ciddi xəyal qırıqlığına uğratdı
27 Aprel 2025 Ukrayna şərtlərini açıqladı: Krım heç vaxt Rusiya ərasizi kimi tanınmayacaq
26 Aprel 2025 Tramp Romada Zelenski ilə görüşə bilər
26 Aprel 2025 İran hökümətinin birinci hədəf aldığı "düşmən" Azərbaycan dövlətidir - ÇÜNKİ...
26 Aprel 2025 Çin Avropa İttifaqına sanksiyaları ləğv edəcək
25 Aprel 2025 İlham Əliyev Kaya Kallası qəbul edib

Dünyapress TV

Xəbər lenti