Ardını oxu...
Bakıda dana ətinin qiyməti bahalaşıb. Təxminən qiymətlərdə 50 qəpik, 1 manat artım var. 1 kiloqram sümüklü dana əti 12 manata satılır. Sümüksüz dana əti isə 15 manat olub.
Satıcılar deyirlər ki, rayonlarda danalar bahalaşdığı üçün ətin qiyməti də qalxıb. Onların sözlərinə görə, yay fəslində mal qıtlığı var, amma ola bilər payızda qiymətlər aşağı düşsün.

Ətin bahalaşmasının səbəbləri...

Teref.az-ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, dana ətinin bahalaşması əsasən yemin qiymətinin qalxması ilə bağlıdır:
"Digər tərəfdən, bu artıma baytarlıq xidmətlərin, dərmanların, iynələrin bahalaşmasının da təsiri var. Bundan əlavə, əgər digər məhsulların qiyməti qalxırsa, ət istehsalçıları da öz ehtiyaclarını ödəmək üçün qiyməti qaldırmaq məcburiyyətindədirlər. Ölkədə 13 faizlik ümumi inflyasiya, 20 faizə yaxın ərzaq inflyasiyası varsa, ət istehsalçıları daha çox pul qazanmağa çalışmalıdırlar ki, inflyasiya ilə ayaqlaşa bilsinlər. Ona görə də digər sahələrdə qiymət artırsa, təkcə ətin qiymətinin qalxmaması məntiqsizlik olardı. Alıcılar həmişə istəyirlər ki, qiymətlər ucuz olsun. Amma digər məhsulların bahalaşması ət istehsalçılarının da qiymət artırmasına səbəb olub".

Yem bahalaşıb

O bildirib ki, dünya bazarlarında da yemin qiymətində kifayət qədər bahalaşma var: "Son 1 ildə əsasən qarğıdalı, arpa və digər dənli bitkilərin qiymətində 40 faizə yaxın bahalaşma var. Bu, Azərbaycana təsirsiz ötüşmür. Ölkə daxilində yem istehsalçıları da qiymətləri qaldırırlar".

Payızda mal ətinin qiyməti necə olacaq?

Payız mövsümündə ölkədə mal ətinin qiyməti necə olacaq sualına ekspert belə cavab verib: "Ölkədə iri və xırdabuynuzlu heyvanların qiymətləri əsasən dünya bazarlarında gedən proseslərlə bağlı olacaq. Yəni dünya bazarlarında hansı proses olacaqsa, bununla bağlı Azərbaycanda da qiymət dəyişikliyini görə biləcəyik".
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-iyul ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 6 milyard 391,0 milyon manat təşkil edib. Onun da 2 milyard 911,5 milyon manatı heyvandarlıq, 3 milyard 479,5 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Ət istehsalı artıb

2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,1 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,7 faiz, bitkiçilik məhsulları istehsalı 3,4 faiz yüksəlib.
2021-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyul aylarında quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 3,0 faiz artaraq 317,1 min ton, süd istehsalı 1,7 faiz artaraq 1 milyon 284,4 min ton, yumurta istehsalı 4,0 faiz artaraq 1 milyard 165,1 milyon ədəd, yun istehsalı 1,7 faiz azalaraq 14,8 min ton olub.
İribuynuzlu mal-qaranın sayı azalıb
2022-ci il iyul ayının 1-i vəziyyətinə ölkədə iribuynuzlu mal-qaranın sayı 2 milyon 654 min 474 baş olub. Ötən ilin müvafiq dövründə bu rəqəm 2 milyon 663 min 658 baş olmuşdu. Beləliklə, ölkəmizdə bu il ötən ilə nisbətən iribuynuzlu mal-qaranın sayı 0,3 faiz azalıb.

Ət idxalı artıb

Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında Azərbaycana 20,1 min ton ət idxal edilib. İdxal edilən ətin dəyəri 33,9 milyon dollar olub. 2021-ci ilin eyni dövründə dəyəri 31,8 milyon dollar olmaqla 18,3 min ton ət idxal edilmişdi.
 

Ardını oxu...
Azərbaycanda pomidorun topdansatış qiyməti kəskin bahalaşıb. Ötən ay ölkədə çəhrayı pomidorun topdansatış qiyməti 1,85 manat olub, iyun ayında isə bu rəqəm 80 qəpik idi. Bu, 2,3 dəfə çox deməkdir. Keçən ilin iyul ayında isə bu rəqəm 55 qəpik olub (3,4 dəfə artım).
Keçən ay Bakı və Göyçay pomidorlarının topdansatış qiyməti 1,55 manat təşkil edib, iyun ayında isə bu göstərici 80 qəpik idi. Bu, 93,7 faiz artım deməkdir. Bu ilin iyul ayında 1,55 manata olan Zirə pomidoru keçən ilin iyul ayında isə 55 qəpik idi (2,8 dəfə artım).

Bəs, bahalaşmanın səbəbləri nələrdir?
Aqrar sahə üzrə ekspert Mircavid Həsənov Sputnik Azərbaycan-a deyib ki, bahalaşmanın əsas iki səbəbi var:
"Birincisi, ötən il Rusiyaya pomidor ixracında problemlər olub və pomidor istehsalçıları ziyana düşüblər, yəni satış həyata keçirə bilməyiblər. Həmin ziyan çəkən istehsalçılar bu il pomidor əkməyiblər. Ona görə də bu il bazarda pomidor qıtlığı var.
İkinci səbəb yerli pomidorun daha çox Rusiyaya ixrac edilməsidir. Hətta, ilk dəfə bu il Xaçmazın açıq sahə pomidorları Rusiyaya ixrac edilib. Lakin həmişə açıq sahə pomidorları yerli bazarda satılırdı, istixana pomidorları isə xaricə gedirdi. Bazarda qıtlıq olanda qiymət qalxır".

Pomidor qıtlığı var
"Hazırda Xaçmazın açıq sahə pomidorları 60 qəpik-1 manata satılır. Keçən il isə Xaçmazda bu rəqəm 10-15 qəpik idi. Neçə illərdir ki, açıq sahə pomidorları 20 qəpikdən yuxarı qalxmayıb. Lakin bu ildən isə qiymət bahalaşıb. Qıtlıq olanda bahalaşma baş verir", - deyə aqrar ekspert bildirib.

Pomidor əkən həmişə pomidor, soğan əkən isə həmişə soğan əkməlidir
M.Həsənov ötən illər ziyana düşən, bu səbəbdən də pomidor əkməyən parnik sahiblərinə də öz müvafiq tövsiyələrin verilməsini zəruri hesab edir. Onun fikrincə, iqtisadçılar araşdırma aparmalı, hansı məhsulları əkməyin sərfəli olacağı ilə bağlı öncədən proqnozlar verilməlidir:
"Proqnoz verən zaman siyasi, iqtisadi proseslər nəzərə alınmalıdır. Digər tərəfdən, bizdə ixtisaslaşma yoxdur, yəni pomidor əkən həmişə pomidor, soğan əkən isə həmişə soğan əkməlidir. Bir az soğan baha olan kimi pomidor əkən gedib soğan əkir və s. Ona görə də fermer bir il qazanır, bir il itirir. İxtisaslaşma olsa, proqnozlar vermək də rahat olar".
İqtisadçının fikrincə, bu il və gələn il pomidor əkmək sərfəli olacaq.
Qeyd edək ki, bu ilin 7 ayında Azərbaycandan 112,2 min ton və ya 134,2 milyon dollar dəyərində pomidor ixrac olunub. Bu da keçən ilin müvafiq dövrünə nisbətən dəyər ifadəsində 4,7 faiz çox, həcm baxımından isə 5,7 faiz azdır.

Rusiyaya pomidor ixracı azalsa da, gəlir artıb
Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycandan Rusiyaya pomidor ixracı ötən 7 ay ərzində 109,4 min ton və ya 129,8 milyon dollar olub. Bu da keçən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 3 faiz çox, həcm baxımından isə 4,4 faiz azdır.

Ən çox pomidor Rusiyaya göndərilib
Göründüyü kimi, bu il Azərbaycandan pomidorun 97,5 faizi Rusiyaya göndərilib. İxrac gəlirlərində artım isə bu il pomidorun daha baha qiymətə satılması ilə bağlıdır.
2022-ci ilin yanvar-iyun aylarında Azərbaycanda istixanalarda pomidor istehsalının həcmi 220,1 min ton təşkil edib, bu da ötən ilin analoji dövründən 3,3 faiz çoxdur. 2021-ci ildə Azərbaycanda istixanalarda yetişdirilən pomidorun həcmi 343,06 min ton təşkil edib, bu da 2020-ci ilin göstəricisindən 18,9 faiz çoxdur.
2021-ci ildə pomidor istehsalı 2015-ci ilə nisbətən 1,6 dəfə, 2020-ci ilə nisbətən isə 4,2 faiz artaraq 807,3 min ton olub. 2021-ci ildə ölkə üzrə pomidor istehsalının 50 faizdən çoxu Şəmkir (21 faiz), Abşeron (13,9 faiz), Bakı (10,8 faiz), Xaçmaz (8,2 faiz) və Göyçay (5 faiz) payına düşüb.

Rusiyaya pomidor ixracı ilə bağlı məhdudiyyətlər tam aradan qaldırılıb
Xatırladaq ki, 2020-ci ilin dekabr ayında Rusiyaya pomidor ixracında bəzi ziyanvericilər aşkarlandığına görə logistik problemlər olmuşdu. Ancaq qarşılıqlı əməkdaşlıq sayəsində mövcud problemlər həllini tapıb. Bu ilin mart ayının 5-dən etibarən Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") tərəfindən Azərbaycandan pomidor məhsulunun bu ölkəyə ixracı ilə bağlı tətbiq olunan məhdudiyyətlər tamamilə aradan qaldırılıb.
Aparılan danışıqlar, həmçinin son zamanlar Azərbaycandan ixrac olunan məhsullar üzərində dövlət nəzarətinin gücləndirilməsi Rusiyanın müvafiq qurumu tərəfindən yüksək qiymətləndirilib və pomidor və alma məhsullarının 2023-cü ilin 1 yanvar tarixinə qədər dəmiryol vasitəsilə daşınması müsbət həllini tapıb.
"Rosselxoznadzor" tərəfindən bu ölkəyə idxal edilən kənd təsərrüfatı məhsullarının yalnız beynəlxalq tələblərə cavab verən konteynerlərlə daşınması tələbi mövcuddur.

Ötən il Azərbaycandan pomidor ixracının 96,5 faizi Rusiyanın payına düşüb
2021-ci ildə Azərbaycandan pomidor ixracı 2020-ci ilə nisbətən 22,6 faiz azalaraq 145,2 min ton olub. 2021-ci ildə Azərbaycandan pomidor ixracının 96,5 faizi Rusiya bazarının payına düşüb, az həcmdə isə Ukrayna, BƏƏ və Qazaxıstana ixrac olunub. Ötən il Rusiyaya 157 milyon 559 min dollar dəyərində 140 min 110 ton pomidor ixrac edilib.
 
Ardını oxu...
Düyü bütün dünyada, eləcə də Azərbaycanda ərzaq məhsulları içində ən çox istehlak edilənlərdəndir.

Azərbaycan bazarlarında düyünün 1 kiloqramının qiyməti 2 manat 18 qəpikdən başlayıb 56 manata qədər dəyişir. Bəs düyüdən təkcə 200 növ plov hazırlanan Azərbaycana düyü neçəyə idxal olunur?

Belə ki, bu ilin yanvar-iyul aylar ərzində xaricdən Azərbaycana 36 min 817,77 ton düyü idxal edilib.

İndex.az Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən xəbər verir ki, bu ilin 7 ayında ölkəmizin xaricdən idxal etdiyi düyünün dəyəri 31 milyon 202,80 min ABŞ dolları təşkil edib.

Bu, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə həcm baxımından 17%, dəyər baxımından isə 34,81% çoxdur.

Azərbaycanın düyü idxalı 2022-ci ilin ilk 7 ayının idxalına nisbətən 0,42%, təşkil edib.

Bununla da bu ilin 7 ayında düyünün 1 tonunun orta alış qiyməti 847,5 dollar, 1 kiloqramı isə ortalama 0,85 dollara başa gəlib.

Bir sözlə, Azərbaycanın xarici ölkələrdən aldığı bir kiloqram düyünün orta alış qiyməti 1 manat 44 qəpik təşkil edib.

Mirəli Qasımov – İndex.az
 
Ardını oxu...
Vaxt var idi, 300 milyon nəfər əhalinin yaşadığı SSRİ-nin çaya olan tələbatının 8-10%-ni Azərbaycan ödəyirdi.

Ölkəmiz müstəqillik əldə etdikdən sonra isə vəziyyət dəyişdi. Azərbaycanda çay istehsalı ildən-ilə artsa da, idxaldan asılılıq hələ də qalmaqdadır.

Məsələn, bu ilin I yarısında Azərbaycana xaricdən təxminən 7 min ton çay gətirilib. Çay idxalı ölkədən 35 milyon ABŞ dollarına yaxın valyuta çıxarıb.

Hazırda Azərbaycan çayı əsasən Şri-Lankadan alır. Yarın illik idxalımızın 84%-i bu ölkənin payına düşüb. Halbuki, yerli çay keyfiyyətinə görə digər ölkələrdəki analoqlarından geri qalmır. Bəs onun istehsalını genişləndirməyə, tələbatı daxili imkanlar hesabına ödəməyə nə mane olur? “Report” bununla bağlı yerli çay istehsalçıları ilə həmsöhbət olub.

Onlardan biri Əli Yaqubzadə deyir ki, Azərbaycan çayına daxil bazarda mövqeyini gücləndirməyə əsasən onun baha başa gəlməyə, yəni maya dəyərinin yüksək olması mane olur: “Məsələn, bizim istehsal etdiyimiz ən ucuz çayın kiloqramının qiyməti 12 manatdır və bu qiymət idxal çayı ilə müqayisədə yenə də yüksəkdir. Halbuki, bizim kiloqramını 2 min manata təklif etdiyimiz çay da var”.

Bununla belə, sahibkarın sözlərinə görə, yerli çay baha olsa da, ona pul verməyə dəyər və ağzının ləzzətini bilənlər çayı məhz onlardan alırlar: “Biz 100 növ çay istehsal edirik, onların hər biri tam orqanikdir, kimyəvi qatqısızdır. Məsələn, çaylarımızdan birinin tərkibində 12 sitrus meyvəsi var. Onu koronavirusun dərmanı belə hesab etmək olar. Məhsulumuzun keyfiyyətindən əmin olduğumuz üçün özümüz heç bir marketlə müqavilə bağlamaq üçün təşəbbüs göstərmirik. Kim istəyirsə, gəlib bizim plantasiyalarımıza baxır, sonra müqavilə bağlayır. Hazırda bir hektardan 2 tona yaxın çay yığırıq, 3 ildən sonra bu rəqəm 5 ton olacaq. 10 kilo yaşıl çaydan isə 3 kilo quru çay çıxır”.

Azərbaycanda çay istehsalı ilə məşğul olan şirkətlərdən birinin mütəxəssisi İsrafil İsrafilov da etiraf edir ki, onlar ucuz çay istehsal etmir: “Bizim istehsal etdyimiz ən ucuz çayın kiloqramının qiyməti 8 manatdır. Amma qönçə çayımız var ki, onun kiloqramını 700 manata təklif edirik. Bu çaydan məhsul az çıxır. Hər mövsum 50-100 kiloqram çıxsa, böyük nəticə hesab olunur. Onun yığılması və hazırlanması çox çətindir”.
 
Ardını oxu...
Çin 2022-ci ilin mart-iyul ayları arasında Rusiyadan neft, qaz və kömür alışını keçən ilin eyni dövrü ilə müqayisədə 15 milyard dollar artırıb.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin məlumatlarına istinadən məlumat yayıb.
Ətraflı

2022-ci ilin mart-iyul aylarında Çin Rusiyadan ümumilikdə 35 milyard dollarlıq neft, qaz və kömür alıb, 2021-ci ilin eyni dövründə isə Çin Rusiyanın enerji resurslarını almaq üçün 20 milyard dollar xərcləmişdi.

Agentlik əlavə edib ki, iyul ayında Çin 2021-ci ilin iyul ayı ilə müqayisədə 14% daha çox kömür idxal edib.
 
Ardını oxu...
OPEC+ tezliklə 2022-ci ildən sonrakı dövr üçün yeni saziş üzərində işə başlayacaq və onu daha səmərəli etmək niyyətindədir.
“Report” xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud bəyan edib.

“Biz tezliklə əvvəlki təcrübəmizə, uğurlarımıza və nailiyyətlərimizə əsaslanaraq 2022-ci ildən sonrakı yeni müqavilə üzərində işə başlayacağıq. Biz yeni sazişi əvvəlkindən daha səmərəli etmək niyyətindəyik”-deyə, o bildirib.

OPEC+ sazişi 2016-cı ilin sonunda dünya enerji qiymətlərinin aşağı düşməsi fonunda bağlanıb və 2017-ci ildən fəaliyyət göstərir. 2020-ci ilin may ayından etibarən sövdələşmə yenilənmiş formada fəaliyyət göstərir və bu ilin sonuna qədər qüvvədə olacaq.
Ardını oxu...
Banqladeşdə enerjiyə qənaət etmək üçün dərs günlərinin sayı və iş saatları azaldılacaq.

Bu barədə qərar ölkənin baş naziri Şeyx Hasinanın rəhbərlik etdiyi hökumət tərəfindən qəbul edilib.

Keçən ay yanacağın qiyməti bahalaşdıqdan sonra Cənubi Asiyada yerləşən ölkədə 10 dizel elektrik stansiyasının hamısını bağlanıb. Bağlanan stansiyalar Banqladeşin 23.000 meqavatlıq ümumi elektrik istehsal gücünün təxminən 6%-ni təşkil edir.

Bunun ardınca Banqladeşdə elektrik gündəlik iki saatlıq kəsilməyə başlayıb. Lakin bəzi bölgələr daha uzun müddət elektriksiz qalır.

Yeni qərara əsasən həftədə 6 günlük olan məktəb 5 günlük təhsil sisteminə keçəcək. Əvvəllər həftədə sadəcə cümə günləri dərs olmurdu, yeni qərarla artıq şənbə günlərində də məktəblər bağlı olacaq.

Eyni zamanda ofislərdə iş saatları 1 saat azalacaq. Dövlət qurumları saat 09:00-17:00 əvəzinə 08:00-15:00, banklar isə 09:00-16:00 saatlarında işləyəcək.
 
Ardını oxu...
Noyabrın 1-dən Serbiya Adriatik dənizindən tankerlərlə, daha sonra isə Xorvatiya ərazisindən keçən kəmərlə çatdırılan Rusiya neftini daha almayacaq.

Axar.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

“Biz elektriklə, neftlə nə edəcəyik? Noyabrın 1-dən bizim üçün Rusiya nefti olmayacaq, biz sanksiyalar altında qalacağıq”, – Serbiya rəhbəri bildirib.

O əlavə edib ki, alternativ xammal olan İraq Kərkükünün nefti Rusiya neftindən bir barrel üçün 31 dollar bahadır. Nəticədə məhdudlaşdırıcı tədbirlər büdcənin illik 600 milyon dollar itkisinə səbəb olacaq.
 
Ardını oxu...
Amerika Birləşmiş Ştatları yaxın bir neçə həftə ərzində Ukraynadan təxminən 150 min ton taxıl alacaq.

“Report” xəbər verir ki, bunu BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bizli deyib.

Onun sözlərinə görə, planlaşdırılan daşınma onların Ukraynadan təşkil etdikləri ilk gəminin Afrika Buynuzu bölgəsindəki insanlara çatdırdığı taxılın miqdarından altı dəfə çoxdur:

“Bu taxılın hara çatdırılacağı hələ müəyyən edilməyib, müzakirələr davam edir. Çox güman ki, o, Afrikaya göndəriləcək, çünki bu il quraqlığın təsiri ən ciddi ərzaq çatışmazlığına səbəb olub”.

Ümumdünya Ərzaq Proqramının məlumatına görə, hazırda 22 milyon insan aclıq çəkir.
 
Ardını oxu...
Son günlər Azərbaycanda həm unun, həm də çörəyin qiyməti artıb. Bahalaşma rayonlarda daha kəskin görünür – son bir həftədə un təqribən 15 faiz bahalaşıb.

Amma bahalaşan təkcə un və un məmulatları deyil. Duru yağ, ət, sabun, şampun və başqa mallarda da qiymət artımı müşahidə edilir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, son bir ildə ərzaq mallarında inflyasiya təqribən 18 faiz olub. Amma iqtisadçılardan Nemət Əliyev və bir çox başqaları bu rəqəmin reallıqda 40 faizə yaxın olduğunu düşünürlər.

“Dünyada baş verən proseslərin nəticəsidir”
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev “Turan”a bildirib ki, Azərbaycanda inflyasiya bütün dünyada baş verən eyni proseslərin nəticəsidir: “Bu, dünyada baş verən proseslərin, pandemiyanın nəticəsidir. Bir il yarım ərzində bütün dünya süni iqtisadi koma vəziyyətində olub. Həmin dövrdə ABŞ-da 3 trilyon dollar, Avropada da trilyonlarla dollar əhaliyə paylanılıb ki, sosial kollaps yaranmasın. Təbii ki, burada müsbət tərəf ilə yanaşı, mənfi tərəfi də var. Hələ 2008-ci ildən real iqtisadiyyatla maliyyə sektoru arasında balans pozulub. Maliyyə iqtisadiyyatının real iqtisadiyyata təzyiqi inflyasiyanın qlobal artımına gətirib çıxartdı”.

“Staqflyasiyaya çevrilir”
O xatırladır ki, dünya koronavirus pandemiyası dövründən çıxmamış Ukraynada müharibə başlayıb: (Rusiya bu il fevralın 24-də Ukraynaya təcavüz edib-red.) “Dünyada taxıl təchizatının 30 faizini, digər ərzaq məhsullarının, gübrənin 15 faizini Rusiya və Ukrayna təmin edirdi. Müharibəyə görə Ukraynadakı əkinlərə zərər vurulub, taxılın ixracatına imkan məhdudlaşıb, Rusiya isə sanksiyalar altına düşüb. Nəticədə isə yenə də bazar iqtisadiyyatının maliyyə-iqtisadi balansı pozulur və inflyasiya kəskin artaraq staqflyasiyaya (yüksək inflyasiya və ressesiyanın kombinasiyası) çevrilir”.

“Azərbaycan antiinflyasiya siyasəti həyata keçirir”
Komitə üzvü hesab edir ki, proseslərə iqlim dəyişikliyi və qaçqın problemi da öz təsirini göstərir: “Təbii ki, dünyada gedən inflyasiya prosesləri Azərbaycana təsir edir. Çünki ərzaq məhsullarının və ya onların komponentlərinin 50 faizə qədərini biz idxal edirik”.

R.Quliyevin sözlərinə görə, Azərbaycan antiinflyasiya siyasəti həyata keçirir: “Yəni böhran dövrünün qarşısı alınır, dövlət müəyyən rıçaqlardan istifadə edərək həmin inflyasiya dalğalarını geriyə atır. Bundan əlavə, Azərbaycan hökuməti müəyyən inkişaf proqramlarını tətbiq edir. Bizim 240 hektardan ibarət 51 aqroparkımız var, onlara 3 milyard manat xərclənib. Həmin aqroparklar Azərbaycan aqrar iqtisadiyyatına bir forpost kimi xidmət edir”.

“İnhisarçılıq…”
İqtisadçı Rəşad Həsənov da AzadlıqRadiosuna bildirib ki, son iki ildə inflyasiya qlobal bir problemdir. Amma qeyd edib ki, Azərbaycanda inflyasiyanı sürətləndirən digər faktorlar da var: “Məhz Azərbaycan iqtisadiyyatının quruluşundan qaynaqlanan məsələlər səbəb hesab oluna bilər. İnhisarçılıq, liberal fəaliyyət imkanlarının olmaması, idxaldan asılılıq bazarda inflyasiya təzyiqlərini artıran Azərbaycana xas faktorlardır”.

Onun vurğulamasına görə, xüsusilə inhisarçılıq və təchizatçı sayının az olması qiymətlərin optimallaşma imkanlarını məhdudlaşdırır: “Bu istiqamətdə guya 2016-cı ildən islahatlar aparılır, amma bu islahatlar heç də real nəticələrə gətirib çıxartmayıb”.

Ekspert hesab edir ki, qiymət artımı davam edəcək.
 

Dünyapress TV

Xəbər lenti