Ardını oxu...
"Gənc Alimlər" təşkilatımızın üzvü Emin Mirzəli mediaya yeni müsahibə verib.
“Astaranın Gənc Alimlər” təşkilatının üzvü Emin Mirzəlidən Elxan Nəcəfova çağırış; bizi dəvət edin!

-Emin bəy, sonuncu dəfə mediaya 2 il öncə müsahibə vermişdiz. Astara və region təhsili barədə geniş danışacağıq, amma gəlin hazırda gündəmdə olan sertifikasiya ilə bağlı proqnozunuzu öyrənək. Şayiələrə görə sertifikasiya ləğv olacaq...

Nazirlikdə çalışmasam da, ləğv olunmayacağını dəqiq deyə bilərəm. Çünki bu, ümumi bir planın, strategiyanın nəticəsidir. Yəni, məsələyə, müəllimlərin ixtisar edilməsi və ümumiyyətlə dövlətdən maliyyələşənlərin azaldılması siyasətinin tərkib hissəsi kimi baxmaq lazımdır. Eynilə əlillərin sayı yarıbayarı azaldıldığı kimi, müəllimlərin də sayı, azı üçdə bir nisbətində azaldılacaq. Hətta həkimlərlə bağlı da, biz “Gənc Alimlər”, eyni prosesi gözləyirik. Proses tamamlananda isə sözügedən nazirlər istefaya göndəriləcək.

-Bəs, hazırki sertifikasiya təsnifatladırması ədalətlidirmi sizcə?

Təbii ki xeyr. Fikrimcə, sertifikasiya dərəcələrində, təsnifatlaşmada dəyişiklər olacaq. Yəni, təxmini olaraq, 30-39 bal yığan, məsələn 20 faiz artım alacaq, 40-49 bal yığan 25 faiz, 50 bal yığan da hazırki kimi, 35 faiz.

-Emin bəy, çalışdığınız “Gənc Alimlər” təşkilatı Astara təhsilində ciddi dəyişiklikləri və Təhsil müdiri Rəşad Həsənovun gedişini proqnozlaşdırmışdı. Proqnozunuz özünü doğrultdu...

Bəli, astaralılar və mediamız şahiddir ki, biz hələ aylar öncəsindən, yəni “Regionallar” yaranmamışdan əvvəl, Astara təhsilində ciddi olaylar yaşanacağını, Rəşad Həsənovun qovulacağını və hətta həbs olunacağını demişdik. Gördüyünüz kimi, o öncə həbs olundu, sonra da biabırsızca təhsildən qovuldu.

-Bəs sizcə yeni strukturun formalaşması və Lənkəran-Astara Regional Təhsil İdarəsinin yaranması ilə Astara və ümumilikdə region təhsili üçün hansı müsbət dəyişiklər əlamətdar oldu?

Bizim əlimizdəki faktlar və müşahidələr göstərir ki, bəzi müsbət dəyişiklər olsa da, ümumilikdə region təhsili üçün durum kəskin dəyişməyib. Elə rayonumuzu götürək; Astarada təbii ki, artıq alimlərlə, ziyalılarla müharibədə olan, onları təhdid edən, saxta profillərdən onlara söyüş yazan bir Rəşad Həsənov siması, artıq yoxdur. Lakin, əvəzində, trollar vasitəsilə qruplarda tənqidçilərini sabotaj edən, yazılan şikayətləri ört-basdır etməyə çalışan bir Elxan Nəcəfov simasını qarşımızda görürük. Məsələn, bir nümunə deyim. Rabil Abdinov adlı əcaib bir trol tipi var. Nə zaman təhsillə bağlı qruplarda bir tənqid yazılısa, şikayət bildirilsə, dərhal cin vurmuş dəli kimi ortaya atılıb, şikayəti sabotaj etməyə, şikayətçini gözdən salmağa çalışır. Muzdlu ya da muzdsuz fəaliyyət göstərən bu cür rəzil ünsürlər, əslində Elxan Nəcəfova kömək etməkdən çox, onu daha da gözdən salırlar. Çünki hamı cənub təhsilindəki böhranlı durumu birbaşa gözüylə görüb, yaşayır, bunu inkar etmək isə ikrah doğurur.

-Emin bəy, yeri gəlmişkən, kənardan baxanda Eıxan Nəcəfov əvvəllər sakit, başıaşağı bir profil cızırdı. Sonra isə birdən-birə qəribə bir açıqlama ilə çıxış edərək, kimlərisə məhkəmə ilə cəzalandırmağından bəhs etdi ya da kimlərəsə xəbərdarlıq etdi...

Bəli, bu ilin əvvəlində, Lənkəran-Astara Region Təhsil idarəsi tərəfindən verilən açıqlama, gözlənilməz idi. O bəyənatda, guya quruma böhtan atan kiminsə, məhkəmə yoluyla cəzalandırılmağından bəhs olunurdu, lakin bunun, tənqidçilərə təhdid mesajı olduğu gün kimi aydın idi. Guya kimlərsə saxta profillərdən quruma böhtan atırlar, kimliyini gizlədirlər və s. Elxan bəy, savadlı adamdır, ən birinci o bunu yaxşı bilməlidir ki, hansısa müəllim, təhdidlərdən çəkinib, başqa adla və ya adsız olaraq, hansısa məktəbdə problemi gündəmə gətirirsə, yəni öz kimliyini açıqlaya bilmirsə, bu, elə Elxan Nəcəfovun böhranı, problemidir!

-Çox qəribədir ki, bu gün regionalın, hətta hansısa direktorun fəaliyyətini tənqid etmək, Təhsil nazirini tənqid etməkdən daha çətindir...

Eynilə! Təsəvvür edin, Astarada heç bir məktəbdə hansısa müəllim, direktorun fəaliyyətini tənqid edə, çatışmazlıqlarını dilə gətirə bilmir. Edəndə artıq direktor ona müharibə açır!

-Emin bəy, yer gəlmişkən, feysbuk qruplarında Astara 6 saylı məktəbdə baş verənlər gündəmə gəlməkdədir. Bunlar artıq medianın da gündəminə düşməkdədir. “Astaranın Gənc Alimləri” bu barədə nə düşünür?

Astara şəhər 6 saylı məktəbdə direktor Ülviyyə Bayramovanın qanunsuzluqları ilə bağlı hazırda aşkara çıxanlar, əslində yeni deyil. Hələ 2020-ci ildə “Təhsil Araşdırmalar Mərkəzi”nin hesabatında, “zavuç” işləyərəkən onun hansı qanunsuzluqlara yol verdiyi yazılmışdı. Onunla əməkdaşlar söhbət aparmışdılar və o, şagirdin bullinq prosesində iştirak etdiyini etiraf etmişdi! Həmin səsyazını əldə etmişik və yaxın zamanlarda rəsmi olaraq mediaya təqdim edəcəyik.

-Yeri gəlmişkən, Ülviyyə Bayramova hansısa “hami”lərinə güvənir. Konkret olaraq, deputat Etibar Əliyevin adı çəkilir. Astarada tədbirdə olarkən deputatın onu Elxan Nəcəfova tapşırdığı deyilir. Özü də hamının hüzurunda. Bir neçə gün öncə jurnalist həmkarımız, feysbukda Etibar Əliyevə bu barədə sual verib, amma o, bunu qəti inkar edib. Qısa bir müddət sonra isə deputat söhbəti silib...

Fikrimcə, media, bu işin axırına qədər getməlidir! Əgər doğrudan da deputat belə bir yaramaz direktora arxa çıxmırsa, nəyə görə sonradan yazışmanı silib?...

-Emin bəy, sonda Regional Təhsil müdiri Elxan Nəcəfova hansısa sözünüz var?

Media vasitəsilə, Elxan bəyə müraciət edirik; cənab Elxan Nəcəfov, zəhmət olmasa bizi, “Gənc Alimlər”i “Regional”a çağırın, gələk, üzbəüz faktları təqdim edək, aydınlaşdıraq. Əgər biz haqsızıqsa, onda birdəfəlik fəaliyyətimizi dayandırmağa hazırıq, yox əgər siz haqsızsızsa onda istefa verin, gedin. Onsuz da qanunsuzluqlar barədə dosyalar, enerji kimidir; itmir, sadəcə olaraq yer dəyişdirir, yəni zamanını gözləyir. Məsələn, bizə, Astara təhsil sektorunun məsləhətçisi Elçin Mirzəzadə barədə konkret cinayət dosyaları göndərilib. Sakinlər bizdən tələb edir ki, onun işinə baxaq. Hətta, şəbəkələrdə yayılan videolardan da görünür ki, sakinlər artıq özləri bu adamın cəzasını verməyə qalxırlar. Namus məsələsində görə onun döyülmə videosundan hər kəs xəbərdardır. Onlar deyirlər ki, Elxan bəy bizə bu yaramaz adamı savadına görə işdə saxladığını söyləyir. Hansı ki, bu adamda nə varsa da dəqiq savad yoxdur. Elxan bəy, görəsən savadı hansı meyarla ölçür... Bu adamın profilinə baxanda, azərbaycan dilində yaza bilmədiyi açıqca görünür...

Bir sözlə, Elxab bəy düşünür ki, heç kimin onun əməllərimi görmür, lakin yanılır! Biz “yığırıq” və zamanı gözləyirik.

Emin bəy, Elxan bəylə bağlı proqnozunuz nədir?

Proqnozum budur ki, yaxın zamanda Elxan bəy, ya dramatik şəkildə ifşa olacaq ya da istefa veməyə məcbur qalacaq. Nəticədə özü istefa verməsə də, məcburən çıxardacaqlar! Yaşayarıq görərik.
Teref.az
 
Ardını oxu...
Rusiya propoqandasının Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanının ağır yaralandığı barədə xəbərlər yaydıqdan sonra general Valeriy Zalujnı ilk dəfə “The Washington Post” qəzetinə geniş müsahibə verib. General deyib ki, Qərbdə Ukrayna ordusunun irəliləyişinin gözlənildiyindən daha yavaş olması ilə bağlı şərhlər onu qıcıqlandırıb.

Zalujnının sözlərinə görə, Ukrayna ordusu hava üstünlüyü və bir sıra zəruri silah növlərinin olmamasına baxmayaraq, irəliləyir. General vurğulayıb ki, qoşunlar cəmi 500 metr olsa belə, hər gün irəliləyir.

"Bu, bütün dünyanın baxdığı, mərc etdiyi və ya buna bənzər bir şou deyil. Hər metr qanla alınır", - Zalujnı əlavə edib.

Onun sözlərinə görə, planlaşdırılan performans planları yerinə yetirilir: “Bəlkə şou iştirakçılarının, müşahidəçilərin istədiyi qədər sürətli deyil, amma bu, onların problemidir”.

Eyni zamanda, Ukraynanın baş komandanı yenidən NATO ölkələrini Ukraynaya tez bir zamanda qırıcı təyyarələr verməyə çağırıb. O, NATO hərbçilərinin bu təşkilatın doktrinasına uyğun olaraq hava üstünlüyü olmadan hücuma keçməyəcəyini qeyd edib və bir daha Ukraynanın F-16 kimi qırıcılara ehtiyacı olduğunu vurğulayıb. Komandan hesab edir ki, təyyarəsiz döyüş odlu silahlara qarşı ox və yayla çıxmaq kimidir. Zalujnı deyib ki, hava üstünlüyü olmadan hətta “Leopard” kimi müasir tanklar da döyüş meydanında hədəfə çevrilir. O, bu döyüş maşınlarından bir neçəsinin məhv edildiyini etiraf edib.
Ətraflı

Zalujnı həmçinin bildirib ki, “Vaqner” üsyanı cəbhədəki döyüşlərə heç bir təsir göstərməyib - Ukrayna hərbçiləri rus qoşunlarının müqavimətinin zəifləməsini hiss etməyiblər. O, Moskvanın nüvə təhdidlərinə də münasibət bildirib və deyib ki, onlar Ukraynanın hücumunu dayandırmayacaqlar.

Ukrayna hərbçiləri iyunun əvvəlindən cəbhənin müxtəlif sektorlarında hücum əməliyyatlarına başlayıb. Son bir neçə həftə ərzində onlar məhdud irəliləyişə nail olub, 10-a yaxın yaşayış məntəqəsini azad ediblər, lakin Rusiya müdafiəsini yarıb keçə bilməyiblər. Analitiklərin fikrincə və Ukrayna Müdafiə nazirinin sözlərinə görə, hücumun əsas zərbəsi hələ də vurulmayıb.

Bir sıra NATO ölkələri F-16-ları Ukraynaya təhvil verməyə hazır olduqlarını bəyan ediblər, lakin bununla bağlı konkret qərarlar hələ qəbul edilməyib.

Rusiyada mayın əvvəlindən Zalujnının ya ağır yaralandığı, ya da öldürüldüyü barədə xəbərlər yayılıb. Bu cür xəbərləri RİA Novosti dövlət agentliyi də yayıb. Bundan sonra Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı ilə bir neçə video yayılsa da, Rusiya mediası və “Teleqram” kanalları onun ağır yaralandığını və vəzifəsindən kənarlaşdığını iddia etməkdə davam edirdilər.

İyunun ortalarında hərbi bloqerlər və müxbirlərlə görüşdə Rusiya Prezidenti Vladimir Putin Zalujnı haqqında suala cavab verərkən deyib ki, o, Ukrayna komandanının “xaricdə” olduğunu eşidib. Bundan sonra Zalujnının iştirakı ilə daha bir neçə video yayımlanıb. O, iyunun 28-də Kiyevdə “The Washington Post” qəzetinə müsahibə verib.

“AzPolitika.info”
 
 
 

Ardını oxu...
 
Xəbəri Paylaş
 
 
 

Gözəl qadınların şəxsi həyatda bəxti gətirmədiyini deyən Nura Suri bu gün onu narahat edən məsələlərdən danışıb.

Sarkazm.az xəbər verir ki, publika.az-a müsahibə verən ulduz ona ən unudulmaz həyat təcrübəsi qazandıran hadisədən, məşhurların həyat tərzindən, səhnə geyimlərindən və övladlarından söz açıb.

– Nura xanım, kamera qarşısında səmimisiniz, yoxsa kamera arxasında?

– Aşırı dərəcədə səmimi insan normal ola bilməz. Biz özümüzlə tam səmimi ancaq hamamda və tualetdə ola bilərik. Tam səmimi olmaq ruhunu hər kəsin qarşısında çılpaq soyunmaq deməkdir. Səmimiyyət odur ki, bir şey düşünüb başqa cür hərəkət etmirsən, bax bu, mənim üçün çox vacibdir. Yad adamların yanında həm səsinin tonuna nəzarət edir, həm özünü aparmağına diqqət edirsən, bir sözlə, özünü yığışdırırsan, hər şey dəyişir. Bu, mədəniyyət və tərbiyə göstəriciləridir. Əlbəttə ki, evdə ayaqlarını divana çox rahat şəkildə uzadıb yemək yeyə bilərsən. Amma kiminsə yanında bunu edə bilməzsən. Bəzi insanların davranışlarını səmimiyyət kimi qələmə verib ona göz yumurlar. İndi tərbiyəsizliklə səmimiliyi səhv salırlar.

Şizofreniya və ya psixoloji durumu normal olmayan insanlar istənilən vəziyyətdə tam səmimi ola bilər. Mənim üçün səmimiyyət insanlara qarşı münasibətimdə özünü göstərir. Hər halda sevmədiyim kiməsə işimin xətrinə yalandan yaltaqlana bilmərəm. Hətta bu xüsusiyyətimə görə, bəzən məni həzm etmirlər. Həmişə çalışmışam ki, başqalarında sevmədiyim, qəbul etmədiyim xüsusiyyəti öz həyatımda tətbiq etməyim. Odur ki, başqalarına hansı münasibəti göstərirəmsə, eyni diqqət və qayğını özümə qarşı gözləyirəm.

– Bu da həmişə mümkün olan iş deyil…

– Təbii ki, sui-istifadə edənlər olur. O zaman eyni münasibətini özlərinə qaytarıram ki, görüm qəbul edər, ya yox.

– Özünüzü sevdirmək üçün nə edirsiniz?

– Bu haqda heç düşünmürəm. Bir dəfə məktəbdən evə gəlib ağladım ki, niyə bütün qızlar kimisə sevə bilir, mən yox. İlk növbədə ana, ata, bacı qardaşı, ən yaxın qohum-əqrəbanı sevməlisən. Ən doğma insanlardan sevgi və diqqət görməyəndə, sevgini kənarda axtarmağa başlayırsan. Sevgini yalnız qadın və kişi münasibətlərində də axtarmıram. Sevginin izahlı lüğəti məndə daha genişdir, buraya həm idman, həm təbiət, həm canlılar aləmi, həm yaradıcılıq, həm incəsənət nümunələri və s. daxildir.Sevgiyə və həyata münasibətdə o qədər məntiqsiz yanaşmalar görürəm və düşünürəm ki, görən mən fərqliyəm, ya insanlar? Qısası, özümü sevdirmək üçün xüsusi heç nə etmirəm. Ümumiyyətlə, hesab edirəm ki, bir insanı ideallaşdırmaq səhvdir. Hər hansı tamaşaçı evdə valideynlərinə oxşamaq istəsə və bu yönə can atsa, daha yaxşı olar, nəinki məni özünə ilahiləşdirmək.

– Deyirsiniz ki, müğənni cəmiyyət üçün nümunə olmamalıdır?

– Nümunəvi olmaq müğənninin missiyalarına daxil deyil. O, seçdiyi həyatı yaşamaqda azaddır. Bir neçə gün əvvəl dünya şöhrətli ifaçı Freddi Merkurinin 73 yaşı tamam oldu, onun həyatı heç də nümunəvi olmayıb. Amma sənətçi kimi bu insan əfsanə idi. Sənət və yaradıcılıq yolundan ilhamlanmaq olar, həyatından yox.İstər aktyor, istər rejissor, istərsə də müğənni, əlbəttə ki, öz işini yaxşı bilməlidir. Müğənninin işi oxumaqdır, alimlik etmək deyil. Geyiminə və ya hansısa sualın cavabını bilmir deyə, onu ittiham etmək olmaz.

– Bu gün müğənnilər əsasən geyimlərinə görə, tez-tez tənqid edilir. Buna münasibətiniz necədir?

– Səhnə adamının geyiminə qarışmaq olmaz. Çimərlik geyimində şəkillərim niyə kimisə narahat etməlidir ki? Siz dənizə çimərlik paltarında girmirsiniz? Çimərlikdə, onsuz da, 200-300 adam sizi o paltarda görür. Deməli, bunu normal sayırlar, amma çimərlik paltarında paylaşdığım şəkil anormal olacaq? Hamısı paxıllıqdan irəli gəlir. Müğənnilərə qarşı səbəbsiz qıcıq var. Sadəcə əvvəllər bu, çox az idi, indi sosial şəbəkələr vasitəsilə neqativ enerjilərini məşhurlara ötürmək üçün yol tapıblar. Və bundan utanmırlar. İnsanlar utanc hissini itirib, bütün uğursuzluqlarını uğur qazanmış məşhurların boynuna yıxmaq istəyirlər.

– Utanc hissinin itməsinin səbəbini nədə görürsünüz?

– Bizim vaxtımızda öpüş səhnələrinə böyüklərin yanında baxmırdıq, amma müharibə və döyüş kadrlarını oturub birlikdə izləyərdik. Sevgi səhnəsinə baxmaq utanc hissi deyil. Uşaqların kiminsə doğranmasına, öldürülməsinə baxması məndə daha çox utanc və böyük narahatlıq hissi doğurur. Əzəldən beynimizə yeridilən fikirlər səhvdir. Kimsə geyimimə baxıb əxlaqıma qiymət verirsə, bu, özü ən böyük əxlaqsızlıqdır. İstədiyimi geyinə bilərəm, arzuladığım həyatı yaşamaqda azadam. Heç kimə zərər vermirəm, adam öldürmürəm, oğurluq etmirəm, ailə dağıtmıram ki…

– Yəni, cəmiyyət olaraq irad bildirməli olduğumuz məsələlər kölgədə qalır?

– Bəli. Əgər, savadı və əsəbləri yerində olmayan müəllimə oluram və şagirdimə doğru-düzgün təhsil vermirəmsə, bəli, sizin tam haqqınız var ki, məni daşa basasınız. Yaxud da pis həkiməmsə və xəstənin həyatı ilə oynayıramsa, bu, qınana bilər. Bu halda mən cəmiyyət üçün zərərvericiyəm. Digər hallarda başqasının həyatının sizə nə dəxli var ki? Gedin öz həyatınızı yaşayın da… Müğənnini tənqid etmək daha asan gəlir. Halbuki, hansısa məmur və millət vəkilinin hər hansı səhvini ona deməyə cürəti çatmaz.Kimsə rüşvət alıb ədalətsiz qərar çıxarırsa, bax burada utanmaq lazımdır. Halal və haram məsələsi var… Yoxsa ki, durub kiminsə paltarına baxıb “bunun abır-həyası yoxdur” yazmaq nə dərəcədə düzdür? Onsuz da, yazılanlar vecimə deyil, özlərini yormasınlar. İrad tutanlara sözüm odur ki, özünüz həyatda nəyə nail olmusunuz? Heç mi səhviniz yoxdur? Yoxsa dünyanın bütün dərdini müğənninin geyimindəmi görürsünüz?

– Məktəb illərində “Niyə sevə bilmirəm” deyə ağladığınızı yada saldınız. İlk dəfə nə zaman aşiq oldunuz və onu necə xatırlayırsınız?

– Komfortumu çox sevirəm. Həyat yoldaşımı sevdiyimi düşünürdüm, amma ondan zorakılıq görəndən sonra hisslərim bitdi.Bəlkə də bir həyat yoldaşı olaraq nələrəsə göz yummalı və danışmamalı idim. Görürsən ki, içkili gəlib, dəymə də adama. Həyat təcrübəm yox idi, çox erkən ailə qurmuşam, bəzi səhvlərimi yaşıma keçirəm. Harada susmaq lazım idisə, susmamışam. Heç kimə demirəm ki, belə olmaq lazımdır. Ailəni bir dəfə qurmusunuzsa, çalışın dağılmasın. Amma dözülməzdirsə, şiddət varsa, övladın əziyyət çəkirsə, onda artıq ayrılmaq qaçılmazdır. Həyat yoldaşım həm çox yaraşıqlı, həm imkanlı, həm də dünyada tanınan bir ailənin oğlu idi. İstədiyim hər şeyi mənim üçün edirdi. Ayrılandan sonra hiss elədim ki, artıq o adama qarşı heç bir hissiyyatım yoxdur. Elə bir hədd var ki, bütün bunlar artıq gözünə görünmür. Heç vaxt demirəm ki, iki insan münaqişəsində ancaq bir tərəf günahkardır. İkisinin də səhvi var.- Qadın özünü nə zaman tapır və sizə ən böyük həyat təcrübəsi qazandıran hadisə nə olub?- Qadın Allahdan sonra yaradan bir qüvvədir, dünyaya insan gətirir, həyat bəxş edəndir. Qadın və ana olmaq ilahi duyğudur. Anaların övladlarına qarşı olan sevgisini atalar o qədər güclü hiss etmir, onlar daha çox məsuliyyət daşıyıcısıdır. Qadınların övladlarına bağlılığı tam fərqlidir. Hər hansı hadisəyə qadın və kişinin yanaşması da müxtəlifdir. Qadınlığı biz anadan olan gündən anlayırıq, hətta valideynlərinə olan münasibətində hiss olunur. Qadınlarda qayğı çəkmək kimi xüsusiyyət var. Gecə yuxusuz qalmaq, uşağa baxmaq və yenidən ana olmaq qadını yormur, buna kişilər əziyyət kimi baxır. Ana olmağı əziyyət kimi görən insanlara da deyirəm ki, gözəl duyğuya əziyyət deməyin. Başqa bir adamın qayğısını çəkmək sevgi göstəricisidir. Kişilər qadın qədər sevə bilməz, sevməyi və qurban verməyi bacaran onlardır. Çox erkən yaşlarda ana olmuşam, ən gözəl həyat təcrübəsini də onda yaşamışam. Elə qadın var ki, yıxılan evin dirəyidir, elə övladlar var ki, xəstə ana-atasına baxır, elə qadın var ki, həyatını bacı və qardaşlarına qurban verir, eləsi var ki, çox qayğıkeş həyat yoldaşıdır, eləsi də var ki, gözəl məşuqədir. Hər bir qadın öz qadınlığını fərqli cür hiss edir və yaşayır. Məndə bu, analıqda özünü göstərir, başqa məqamlarda o qədər də güclü deyil.

– Oğlanlarınız qədrinizi bilir?

– Ümumiyyətlə, insan oğlu qədirbiləndir? İnsan olmaq o qədər çətindir ki. Reinkarnasiya olsaydı, insan olmaq istəməzdim.

– Nə olmaq istəyərdiniz?

– İt, quş və ya pişik olardım, insan olmazdım. İnsan qədər dünyada ikinci bir vicdansız və vəhşi məxluq yoxdur. Təbiətdə baş verənlərə baxıram və dözə bilmirəm. İnsan ferma açıb heyvan saxlayır, onun qayğısına qalır. Heyvanda ona qarşı sevgi və vəfa yaranır. Sonradan o fermanın sahibi heyvanları kəsib yeyir, ətindən, südündən, dərisindən istifadə edir. Hansı heyvan öz xeyrinə sənə sevgisini verə bilər? Ümumiyyətlə, təbiətə vurduğumuz ziyan onu məhvə aparır.

– Siyasətçi olsaydınız, təbiət üçün daha çox iş görə bilərdiniz bəlkə də. Siyasətə atılmaq arzusu və ya istəyi varmı?

– Tək əldən səs çıxmaz. Mənim kimi düşünən, təbiəti, heyvanları mənim kimi sevən insanların sayı çox olmalıdır ki, birləşib nə isə edə bilək. İmadəddin Nəsiminin 650 illiyi münasibətilə Mehriban xanım qərar verib ki, 650 min ağac əkilsin. Bunu eşidəndə sevincimin həddi hüdudu yox idi. Çünki ağacların kəsilməsi, oksigenin azalması çox qlobal problemlərdir…Deputat olsam, irəli sürəcəyim fikirlərdən biri odur ki, mağazada içki satılmasın. Ancaq restoran hotellərdə və s. şənliklərdə. Ancaq siyasətə atılmaq mənim üçün xəyal olaraq qalacaq.

– Xoşbəxt olmaq üçün həyatınızda nə çatmır?

– Tamamilə xoşbəxt olmaq üçün dəli olmalısan, sənə heç nə təsir etməməli, heç nə vecinə olmamalıdır. Belə olmur axı. Ağlaya, gülə, sevinə, yeməyin dadından və ya təbiətdən zövq ala bilirsənsə, müxtəlif hissi yaşaya bilirsə, bunun özü böyük xoşbəxtlikdir. Baxır kim xoşbəxtliyi nədə axtarır.

– Arzularınızı həyata keçirməyə sizə nə mane olur?

– Arzunun sənə aid olub-olmasından asılıdır. Arzuların potensialınla uzlaşır, ya yox. Əgər arzuların övladlarınla bağlıdırsa, alınmaya bilər. O da dünyaya öz energetikasını göndərir, sən də. Onda bu arzu həyata keçməyə bilər.

– Şou-biznesdə üslubunuzu təkrarlayanlar var?

– Çoxdur, saç düzümündən, geyim tərzinə kimi. Təbii qarşılayıram. Özləri deməsə də, kənardan hiss olunur. Tərzini, danışığını, təqdimatını çalışır ki, mənə oxşatsın. Ən vacibi odur ki, bu vaxta qədər mənə özümü kiməsə oxşatdığımı deyən olmayıb.

– Nə vaxtsa özünüzə və dəyərlərinizə xəyanət etmisiniz?

– Əlbəttə, bunu hamımız edirik. Məsələn, dünən həyat yoldaşımın başına nə isə gəlsəydi, mən ölərdim. Bu gün ona nə isə olsa, heç vecimə də deyil. Həyat elədir ki, bizə “heç vaxt etmərəm” dediyimiz hadisələri bizə etdirir. Elə vəziyyətə düşə bilərsən ki, hətta adam öldürmək, oğurluq etmək məcburiyyətində qalarsan. Evinə oğru girib övladına zərər versə, onu tikə-tikə doğrayar, hətta üstündən qanını da içərsən. Odur ki, heç kimi qınamamağa çalışıram.Elə cinayət hadisələri var ki, ölüm hökmünün qaytarılmasını istəyirəm. Uşaq zorakılığını son vaxtlarda tez-tez eşidirik. Niyə pedofil həbsxanada qalmalı və dövlət onu yedizdirməlidir? Olmaz ki, ölsün və bitsin. Pedofilin onsuz da müalicəsi yoxdur, xəstədir.

– Filmdə özünüzü aktrisa kimi sınamaq istərdiniz?

– Bir neçə dəfə təklif edilib, istəməmişəm. Elə bir film görmürəm ki, onda oynamaq istəyim. Yaxşı filmlər çəkirlər, amma dünya səviyyəsi ilə müqayisədə çox zəifdir.

– Gözəl xanımsınız, yəqin ki, evlilik təklifləri çoxdur. Dəyərləndirməyi düşünürsünüz?

– Gözəl xanımların həyatı heç vaxt siz düşündüyünüz kimi rəvan getmir. Gözəl olmayan xanımların həyatında hər şey yaxşı olur. Özümü gözəl hesab etmirəm, sadəcə özümə baxıram, gözəl görünməyə çalışıram və bunun üçün az əmək sərf etmirəm. Hər halda gözəl görünsəm də, bildiyimiz kimi deyil. Bəlkə də kişilər kordur. Ümumiyyətlə, bir çox kişiləri indi elə kişilər maraqlandırır, elə bir zəmanəyə gəlib çıxmışıq ki, qadınlar onların maraq dairəsinə daxil deyil.

– Övladlarınızın ataları ilə münasibətiniz necədir?

– Blok etmişəm, bu barədə danışmaq istəmirəm. Mələk deyiləm, mənim də öz tarakanlarım var.

– Bəs özlərinin ataları ilə ünsiyyəti?

– Onların münasibəti yaxşıdır deyə ümumiyyətlə danışmaq istəmirəm. Vaxtında yaxşı olmalı idi, böyüyəndən sonra yox…

– Nura Suri zəhərini kimə qusur?

– Emosionalam da, əsəbiyəmsə, hamıya qışqırıb bağıracam. Və emosional insandan qorxmuram, sakit insanlardan uzaq gəzirəm. Emosional insan hisslərini göstərir, sakit insanları tanımaq olmur. Tanımadığım insan dostluq edə bilmərəm.

– Müsahibə üçün təşəkkür edirəm. Sizi növbəti dəfə kəşf etmək maraqlı oldu.

– Minnətdaram.

Məqaləyə dair fotomateriallar:

Ardını oxu...
 
Ardını oxu...
İranda casusluq maddəsi ilə həbs olunan Fərid Səfərli istintaqın bitdiyini və hökmün elan ediləcəyini deyib

Dilarə Əsgərova hər gün xəbərləri izləyir ki, bəlkə Azərbaycanla İran arasındakı münasibətlər düzələr və onun oğlu da bu münasibətlərin pisləşməsinin qurbanı olmaz.

Almaniyada yaşayan və İrana tələbə yoldaşını ziyarətə gedən zaman həbs olunan Fərid Səfərli ötən gün anası ilə telefon əlaqəsi saxlayıb.

Bu barədə onun anası Dilarə Əsgərova Abzas Media-ya məlumat verib. O bildirib ki, oğlu telefon danışığında istintaqın yekunlaşdığını və yaxın vaxtda hökmün elan ediləcəyini bildirib.

"Mən soruşdum ki, qız əleyhinə ifadə veribmi? Dedi ki, "nəinki qız, heç kim əleyhimə ifadə verməyib. Ortada heç bir sübut da yoxdur". Yeganə soruşduqları sual budur ki, Avropada təhsil alırsan, niyə bu vaxt İrana gəlmisən? Niyə fars dilində bilirsən?"

Valideyn deyib ki, oğlu fars dilində danışa bilsə də, hüquqi terminləri bilmədiyinə görə vəkilə və tərcüməçiyə ehtiyacı var.

"Mən narahatam ki, Fəridin vəkili yoxdur. Birinci məhkəmədə ingilisdilli vəkil olub, ikinci, üçüncü məhkəmədə deyiblər ki, farsca danışa bilirsən, bu dildə ifadə verərsən. Amma Fərid deyir ki, mən farsca hüquqi terminləri bilmirəm. Məhkəmədə olan danışıqla məhkumlar arasında olan danışıq başqadır. Məhkəmədə əziyyət çəkdiyini dedi. Mən də tapşırdım ki, vəkilsiz, tərcüməçisiz ifadə verməsin".

Valideyn bildirib ki, Azərbaycanın İrandakı konsulu dəfələrlə müstəntiqlə, məhkəmə işçiləri ilə görüşməyə çalışıb, amma hələ ki, bu cəhdləri alınmayıb.

"Mən mətbuatdan oxumuşam ki, İranda casusluq maddəsinə ölüm cəzası verilir. Hətta isveçli bir alimə bir neçə il bundan qabaq casusluq maddəsi ilə ölüm hökmü çıxarılıb. Azərbaycanla İran arasında münasibətlər gərginləşdikcə mən bu cəzanın veriləcəyindən daha çox qorxuram".

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Abzas Media-ya bildirib ki, İran hökumətindən bu həbslə bağlı heç bir açıqlama ala bilməyiblər.

"Biz Xarici İşlər Nazirliyi olaraq, həm də Baş konsul vasitəsilə bu istiqamətdə iş aparırıq. Fərid Səfərli ilə bağlı mərkəzlə daim təmasdayıq və İran tərəfi ilə bu istiqamətdə iş aparılır. İndiki məqamda İran tərəfindən bu həbslə bağlı hər hansısa açıqlama yoxdur"- A. Hacızadə bildirib.

Almaniyada təhsil alan F.Səfərlinin bu il fevralın 20-də eyni universitetdə oxuduğu qızın yaşadığı Tehrana getdiyi deyilir.

Martın 4-dən onunla əlaqə kəsilib və o, Almaniyaya qayıtmayıb. Daha sonra İranda ona qarşı casusluq ittihamı ilə cinayət işi açılıb.

O, ittihamı qəbul etməyib.

Hazırda İranla Azərbaycan münasibətlərində müəyyən gərginliklər var.

Bu il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Səfirliyin mühafizə xidmətinin bir əməkdaşı həlak olub, ikisi yaralanıb. Bundan sonra səfirliyin əməkdaşları Azərbaycana təxliyə olunub. İran tərəfi hadisənin araşdırıldığını bəyan edib.

Münasibətlərin pisləşməsi fonunda Azərbaycanda inanclı şəxslərin kütləvi həbsi başlayıb. Hökumət bu həbsləri İranla münasibətlərin pisləşməsi ilə əlaqələndirmir, onların qanun pozuntusuna görə həbs olunduğunu deyir.
 
Ardını oxu...
Yeni elmi araşdırmada zəlzələ və kosmik radiasiya arasında əlaqə tapılıb. Yerin stratosferində əmələ gələn bəzi titrəyişlərin zəlzələdən xəbər verdiyi düşünülür. Amma zəlzələnin harada baş verə biləcəyi ilə bağlı suallar hələ də cavablandırılmayıb.

Teleqraf.com xəbər verir ki, araşdırma polşalı tədqiqatçılar qrupu tərəfindən aparılıb.

Elm adamları 50 illik məlumatları təhlil edərək müəyyən ediblər ki, qlobal seysmik aktivlik təxminən iki həftəlik gecikmə ilə kosmik radiasiyanın yaratdığı ikinci dərəcəli hissəciklərin sıxlığındakı ortalama dəyişikliklə bağlıdır. Həmçinin komanda müşahidə edilən korrelyasiyanın sırf təsadüflə bağlı olması ehtimalını istisna etdiklərini deyir.

Bu əlaqə təsdiqlənərsə, elm adamları bundan kütləvi dağıntı və insan tələfatına səbəb olan güclü zəlzələləri daha yaxşı proqnozlaşdırmaq üçün istifadə edə biləcəklərini düşünürlər.

Tədqiqatda yer alan Pyotr Xomola deyib: “İlk baxışdan zəlzələlərlə kosmik radiasiya arasında əlaqənin olması fikri qəribə görünə bilər, ilkin formada bizə əsasən Günəşdən və kosmosun dərinliyindən gəlib çatır”.

Ətraflı
Elm adamları bir neçə statistik üsuldan istifadə edərək, tədqiq olunan dövr üçün ikinci dərəcəli kosmik radiasiyanın intensivliyindəki dəyişikliklərlə 4 baldan çox və ya ona bərabər bütün zəlzələlərin ümumi gücü arasında korrelyasiya yarandığını aşkar ediblər. Bu korrelyasiya yalnız kosmik şüa məlumatlarının seysmik məlumatlardan 15 gün əvvəl yerdəyişməsi zamanı ortaya çıxır. Kosmik radiasiyada dəyişikliklərin yeraltı təkanlardan əvvəl olması faktı göstərir ki, korrelyasiya gələcək zəlzələ xəbərdarlığı sistemi üçün əsas kimi istifadə edilə bilər.

Bununla belə, komandanın araşdırmasında qeyri-müəyyən olan odur ki, bu açıq korrelyasiya Yer kürəsində zəlzələnin harada baş verəcəyini proqnozlaşdırmaq üçün istifadə edilə bilərmi? Bunun səbəbi, kosmik şüaların intensivliyindəki dəyişikliklər və zəlzələlər yalnız qlobal miqyasda seysmik fəaliyyət nəzərə alındıqda aktualdır.

“Tədqiqatın bu mərhələsində ən vacibi odur ki, planetimizin səthində qeydə alınan kosmik şüalanma ilə onun seysmikliyi arasında əlaqəni göstərə bilmişik”, - Xomola vurğulayıb.
 
 
 
Ardını oxu...
“Enerqoatom”un rəhbəri: “Hazırda AES-də “Rosatom”un nümayəndələri, hərbçilər və müxtəlif qruplar var və onlardan hər şeyi gözləmək olar”

Ukraynanın “Enerqoatom” şirkətinin prezidenti Petr Kotin UNIAN-a müsahibəsində Kaxovkaya SES-in partladılmasından sonra keçən ilin mart ayından rus qoşunları tərəfindən ələ keçirilən Avropanın ən böyük Zaporojye AES-də baş verənlərdən danışıb. AYNA müsahibəni istinadla təqdim edir:

- Ruslar Kaxovka SES və Kaxovka dənizinin bəndini dağıtdıqdan sonra “Enerqoatom” Zaporojye AES-dəki mövcud vəziyyətdən xəbərdardırmı?

- Biz Zaporojye AES-dən məlumat alırdıq, lakin onlar iki-üç həftə əvvəl məlumat ötürülməsini dayandırdılar. İndi başqa mənbələrdən məlumat alırıq. Bizdə stansiya ilə bağlı məlumat var.

- Məlumdur ki, onsuz da AES-də vəziyyət çətin idi, amma Kaxovka SES-də baş verən fəlakətlə bağlı vəziyyət daha da pisləşibmi?

- Ötən il martın 4-nə keçən gecə baş verən işğalın lap əvvəlindən stansiyada vəziyyət durmadan pisləşir. Əslində stansiya bütün iş sahələrində deqradasiyaya uğrayır və bu hər keçən gün daha da dərinləşir.

Fiziki təhlükəsizlik aspektini götürsəniz, o, əvvəldən qəzalı idi. Bu, avadanlığın ilk deqradasiyası idi. İşğalçılar fövqəladə hallara cavab sistemini məhv etdilər, AES-in böhran mərkəzini ələ keçirdilər. Hücum zamanı onlar AES-in yerləşdiyi ərazini atəşə tutub, boru kəmərlərinin zədələnməsi və radioaktiv maddələrin buraxılması təhlükəsi yaradıblar.

Nüvə və radiasiya təhlükəsizliyi də pisləşir. MAQATE-nin təhlükəsizliyinin əsas sütunları müxtəlif dərəcədə yararsız vəziyyətə düşüb və Kaxovka su anbarında baş verənlər vəziyyəti daha da qəlizləşdirir. Bir sözlə, hər tərəfli şəkildə durum daha da pisləşir.

Rabitə xətlərində problem var. AES-i xarici enerji ilə təmin etmək çox vacibdir ki, burada bir rabitə xətti qalır. Qalanların hamısı zədələnib. Sonuncu xətt səkkiz dəfə öz bütövlüyünü itirib və nəticədə stansiya faktiki olaraq işıqlandırma rejiminə keçib. Bu rejim Fukusimada qəzaya səbəb olan birinci mərhələdir (Fukusima prefekturasındakı Yaponiya AES-də qəza 2011-ci ildə baş verib və beynəlxalq INES şkalası üzrə yerli nəticələrə görə 7-ci səviyyəyə malik olub). İndiyə qədər bütün dizel generatorlarının işləməsini təmin edirik. Bu, stansiyanın nüvə ərimə rejiminə keçməsinin qarşısını alır.

Bundan əlavə, Kaxovka su anbarında baş verənlər də problemə əlavə edildi. Artıq AES-in soyutma hovuzu üçün müntəzəm enerji mənbəyi yoxdur. Bu, problemləri daha da artırır. Çünki lazım gələrsə, o zaman Kaxovka su anbarından su gəlməyəcək.

Biz Zaporojye AES-ə daxil olanda, ümid edirəm ki, ruslar onu dinc yolla tərk edəcəklər və təhlükəsizlik pozuntuları üçün əlavə əngəl yaratmayacaqlar. Bu zaman vəziyyəti qaydasına salıb elektrik şəbəkəsinə qoşmaq mümkün olacaq.

- AES-in qurğularının soyuq vəziyyətə çevrilməsi qəza riskini azaltmağa kömək edə bilərmi?

- Bu tip reaktorlar üçün soyuq vəziyyət ən təhlükəsizidir. Əgər stansiyanın deqradasiyasının belə yüksək səviyyədə olduğunu görsəniz, o zaman bütün reaktorları soyuq vəziyyətə keçirmək daha yaxşıdır və siz daha təhlükəsiz vəziyyətdə olarsınız.

Bir enerji bloku (beşinci) isti vəziyyətdədir. Soyuma elektrik enerjisinin, su təchizatının olmaması səbəbindən itirilə bilər. Bu halda su var, amma təzələnmə yoxdur. Bu, mənfi nəticələrə səbəb ola biləcək kifayət qədər uzun hadisələr ardıcıllığıdır. Blok istidirsə, o zaman daha pisdir. Onu soyuq bir vəziyyətə keçirmək və bütün güc bloklarını dayandırmaq məntiqlidir.

- İşğalçılar onu soyuq vəziyyətə çevirəcəklərmi?

- Əldə etdiyimiz məlumata görə, işğalçılar həqiqətən də onu soyuq vəziyyətə keçirməyi planlaşdırsalar da, oradan buxar çıxarmağa çalışırlar. Baxmayaraq ki, bu, enerji blokunun iş rejimi deyil: onlar elektrik enerjisini şəbəkəmizdən götürürlər və sonra nasosların işləməsi səbəbindən iş parametrlərini alırlar və bundan məhdud miqdarda buxar əldə edirlər. Buxar naminə belə böyük bir güc qurğusunu yükləmək axmaqlıqdır. Lakin işğalçılar arasında kifayət qədər sağlam düşüncəyə malik insanlar yoxdur.

- Ukraynalı nüvə alimləri stansiyada özlərini necə hiss edirlər. Onların vəziyyəti haqqında məlumat varmı?

- Stansiyada müxtəlif işçi qrupları var. “Rosatom”la müqavilə bağlayanlar var. Onlar artıq rəsmi olaraq bizim işçilərimiz deyil.

Və çox fəxr etdiyimiz bir heyət var. Bunlar bu müqaviləni imzalamayan nüvə alimləridir, təxminən 1200 nəfərdir. Onlar stansiyada işləməkdə davam edirlər, çünki raşistlərin sadəcə olaraq belə ixtisaslı kadrları yoxdur.

Amma ukraynalı heyət daimi psixoloji təzyiq altındadır. Onlara daim işgəncə verilir. Və onların azadlığa buraxılmasını gözləyirlər.

- Zaporojye AES-in Ukraynanın nəzarətinə qaytarılmasından nə vaxt və hansı şərtlərlə danışmaq olar?

- Biz Silahlı Qüvvələrimizə güvənirik. Və əsas məsələ - bu müharibədə Ukraynanın qələbəsi baş tutandan sonra o zaman biz Zaporojye AES-i geri qaytaracağıq. Bizi çox narahat edir ki, o, hansı vəziyyətdə olacaq və onu necə tez qaydasına salmaq mümkün olacaq.

- İşğalçıların terror aktına əl ataraq Kaxovka SES-i partlatdığını nəzərə alsaq, Zaporojye AES-də də eyni hal baş verə bilərmi?

- Bu məsələ ciddi narahatlıq doğurur. Hazırda stansiyada “Rosatom”un nümayəndələri, hərbçilər, müxtəlif qruplar var və onlardan hər şeyi gözləmək olar.

Müəllif: Turan Abdulla
ayna.az
 

Ardını oxu...
İstər Laçın rayonundakı humanitar dəhliz, istərsə də Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləridir. Orada yerləşən keçid məntəqəsində Azərbaycanın dövlət bayrağının qaldırılması tamamilə qanuni və məntiqlidir.

DİA.AZ bildirir ki, bunu Axar.az-a açıqlamasında rusiyalı politoloq Vitali Arkov deyib.

“Bakı bu hərəkətləri ilə heç bir norma və razılaşmanı pozmayıb. Görünür, İrəvan artıq növbəti hərbi təxribat üçün səbəb tapa bilmir və Azərbaycanın suveren ərazisində tamamilə qanuni addımlarına qarşı təxribat törədir. Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin nümayəndələrinin prosesdə iştirakı Azərbaycanın hərəkətlərinin legitimliyini təsdiq edir. Erməni tərəfi bunu yaxşı bilirdi, amma dayanmadı. Təxribatın məqsədi cavab atəşinin açılması, üstəlik Rusiya sülhməramlılarının da müdafiə məqsədilə silaha əl atmağa vadar etmək olub. Bu, İrəvana Moskvanı günahlandırmaq və sülhməramlı qüvvələrin Qarabağdan çıxarılmasını, onların NATO ölkələrinin hərbi qüvvələri ilə əvəzlənməsini tələb etmək imkanı verəcək. Amma Qarabağda dəqiq kimin, hansı müddətə qalacağına Bakı qərar verir. Bir daha xatırladıram ki, bura Azərbaycan ərazisidir.

Məntiqi nəticə çıxaraq: Ermənistanın bu və digər təxribatlarından faydalananlar Brüssel və Vaşinqtondur. Onlar İrəvanda öz marionetlərinin ipini çəkirlər”, - o bildirib.

Arkov qeyd edib ki, bunun təsdiqi olaraq rəsmi Vaşinqtonun çağırışını göstərmək olar:

“ABŞ Ermənistan və Azərbaycandakı vətəndaşlarına Ermənistan-Azərbaycan sərhədi boyu rayonları təcili tərk etmələri ilə bağlı xəbərdarlığı İrəvanın təxribatı ərəfəsində edib. Vaşinqton İrəvanın Moskvanın səyləri ilə əldə edilmiş atəşkəs razılaşmasını pozmaq planlarından nəinki əvvəlcədən xəbərdar idi, əksinə, açıq şəkildə bunu soyuqqanlılıqla planlaşdırırdı. ABŞ-ın geosiyasi tapşırıqlarının həyata keçirilməsində mümkün insan ölümü gözardı edilir”.
 

Ardını oxu...
Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.

DİA.AZ onunla müsahibəni təqdim edir:

- ABŞ-ın İrəvandakı səfirliyi Ermənistandakı Amerika vətəndaşlarına xəbərdarlıq edərək, bu ölkənin sərhədyanı rayonlarına, eləcə də Azərbaycanın Qarabağ iqtisadi rayonuna səfər etməməyə çağırıb. ABŞ 44 günlük müharibədən az əvvəl də belə bir xəbərdarlıq etmişdi. İndiki durumda bunu necə izah etmək olar?

- ABŞ zaman-zaman müxtəlif ölkələrdə yaşayan vətəndaşlarına bu tipli xəbərdarlıqlar edir. Bu da yeni xəbərdarlıq deyil. ABŞ-ın İrəvandakı səfirliyi bu mövzuda öz vətəndaşlarına bir neçə dəfə müraciət edib. Həm 44 günlük Vətən Müharibəsindən əvvəl, həm də bundan sonrakı dönəmdə. ABŞ səfirliyi hələlik Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmadığını, sərhədyanı ərazilərdə, o cümlədən Qarabağda gərginliyin olduğunu əsas gətirərək bu xəbərdarlığı edib. Bunlar da Zəngəzur və Göyçə ilə yanaşı, Qazax və Tovuz rayonları ilə sərhəd olan ərazilərdir.

Düşünmürəm ki, yaxın zamanda irimiqyaslı toqquşma ola bilər, xəbərdarlıq da məhz buna görədir. Sadəcə profilaktik xəbərdarlıqdır. Bilirsiniz ki, yay mövsümü başlayır, insanlar da mənzərəli yerlərə getməyi planlayırlar. Konkret adlarla göstərilən ərazilər də Ermənistanda turistik bölgələr sayılır. Yay mövsümündə insanlar daha çox həmin ərazilərə gəlirlər. Bu səbəbdən də o xəbərdarlıq olunub. Dediyim kimi, sülh müqaviləsinin imzalanmadığı və müəyyən təxribatların ola biləcəyi nəzərə alınaraq. Yəni bu, gözlənilən hansısa irimiqyaslı toqquşma ilə əlaqəli deyil.

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərində həmkarı İlham Əliyevlə Zəngəzur dəhlizi məsələsini müzakirə etdi. Hər iki lider bunun önəminə diqqət çəkdi. Sizcə, qarşıdakı dövrdə bu dəhlizin açılması ilə bağlı hansı həmlələr ola bilər? Xüsusən də Türkiyədən...

- Hər halda Türkiyə Azərbaycanın bu yöndə apardığı siyasətə dəstək verir. Prezident Ərdoğanın dediyi kimi, Türkiyənin özü də bu kommunikasiya xəttinin açılmasında maraqlıdır. Bununla bağlı “avtomobil və dəmir yolları” ifadələri işlədildi. Ermənistan dəmir yolu ilə bağlı 250 milyon dollara ehtiyacının olduğunu və bu xəttin hazır olmasının iki il vaxt aparacağını bildirir. Amma Türkiyə prezidenti əvvəlcə avtomobil, sonra dəmir yollarının açılmasından danışdı. Yəni Ermənistanın niyyəti olsa, konstruktiv davransa, keçmiş SSRİ-də həmin ərazidə mövcud olmuş nəqliyyat xətlərini açmaq olar.

Azərbaycanın istinad etdiyi əsas sənəd üçtərəfli bəyanatdır. Bu sənədin 9-cu bəndində açıq mətnlə qeyd olunur ki, Azərbaycanı Naxçıvanla birləşdirəcək kommunikasiya xətti açılmalıdır, Ermənistan təhlükəsizliyə təminat verməli, Rusiya isə nəzarəti həyata keçirməlidir. Ermənistan bunun üzərindən manipulyasiyalar edir, prosesi uzatmağa çalışır. Amma iyunun 2-də baş nazirlərin müavinlərinin Moskvada keçirilmiş görüşündə bu kommunikasiya xətlərinin açılması və orada keçid mexanizmlərinin tətbiqi müzakirə olunub. Verilən açıqlamalardan məlum olur ki, bu istiqamətdə müəyyən irəliləyişlər var. Əlbəttə, Ermənistan üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməkdən imtina edəcəksə, bu, ciddi nəticələrə gətirib çıxara bilər.

- Türkiyə lideri Bakıda olarkən Türk Dövlətləri Təşkilatı ilə bağlı da önəmli mesajlar verdi. Maraqlıdır ki, onun bu səfərindən sonra Türkiyə mediasında Türk Dövlətləri Təşkilatının Avropa Birliyi modelinə keçidi məsələsi gündəmə gəlib. Söhbət türk dövlətləri arasında vahid sərhəd və valyutanın, eləcə də vizasız rejimin tətbiqindən və sairdən gedir. Bunun üçün zəmin varmı?

- Əlbəttə, Türkiyə prezidentinin Azərbaycana səfəri olduqca önəmlidir. Türkiyə prezidenti seçildikdən sonra ilk dövlət səfərini də Azərbaycana etdi, bunun da xüsusi mənası var. Bu o deməkdir ki, Azərbaycan və Türkiyə strateji müttəfiqdirlər. Şuşa Bəyannaməsi ilə bu müttəfiqlik hüquqi müstəviyə keçirilib. Bakıdan verilən mesajlar göstərdi ki, Türkiyə özünün xarici siyasətində hansısa dəyişiklik etmir, əksinə, həyata keçirilən siyasət bundan sonra daha intensiv və irimiqyaslı şəkildə aparılacaq.

Cənab Ərdoğanın verdiyi mesajlar kifayət qədər konkret və önəmlidir. Bu istər Qarabağ, istər Şuşada konsulluğun açılması, istərsə də Zəngəzur dəhlizi ilə bağlı olsun. Zəngəzur dəhlizinin türk dünyası ilə əlaqələndirilməsi də çox önəmlidir. Cənab Ərdoğan öz mesajında bunu da diqqətdə çatdırdı.

Türk dövlətləri ilə (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyəti) əlaqələr bundan sonra da əvvəldən müəyyən edilmiş xətt üzrə inkişaf etdiriləcək. Mənim gözləntim bundan ibarətdir. Amma Avropa Birliyi modelinə keçid üçün hələ qət etməli olacağımız xeyli məsafə var. Bu istiqamətdə intensiv işlər aparılsa, əminəm ki, aparılır, onda siz dediyiniz nəticələrə gəlmək olar. Ən önəmlisi budur ki, Türk Dövlətləri Təşkilatının iki aparıcı ölkəsi – Türkiyə və Azərbaycan arasında ən yüksək səviyyədə müttəfiqlik anlaşmaları və ittifaq var. Bu da Türk Dövlətləri Təşkilatının əsas mühərrikinə çevrilib.

- Bəs Türkiyənin Şuşada baş konsulluğunun açılmasının bizim üçün nə kimi önəmi ola bilər? Ərdoğan artıq buna hazır olduqlarını açıqlayıb.

- Əlbəttə, Şuşada konsulluğun açılması olduqca vacibdir. Birincisi, o baxımdan ki, bunun beynəlxalq əhəmiyyəti var. Yəni Azərbaycanın işğaldan azad edilmiş ərazisində Türkiyənin diplomatik nümayəndəliyinin açılması həm beynəlxalq hüquq baxımından önəmlidir, həm də bu ərazilərin beynəlxalq hüquq çərçivəsində toxunulmazlığı məsələsi önə çıxır. Eyni zamanda, bölgənin və Türkiyənin burada oynadığı rolun əhəmiyyətini göstərmək baxımından vacib məsələdir. Yən həm təhlükəsizlik, həm də diplomatik nöqteyi-nəzərdən önəmlidir.
Ardını oxu...
“İstəməzdim ki, belə olsun. 31 valideyn yığılıb bu tədbiri təşkil edib”.

Bu sözləri Qaynarinfo.az-a açıqlamasında bir neçə gündür sosial şəbəkələrdə və mediada gündəm mövzusuna çevrilən Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Yaqut Ağamalıyeva bildirib.

Müəllim deyib ki, 4-cü siniflərin buraxılışı ilə əlaqədar valideynlərin təşkilatçılığı və təklifi ilə restoranların birində tədbir keçirilib.

– Tədbir deyəndə nəyi nəzərdə tutursunuz?

– Valideynlər bildirdilər ki, iştirakımla tədbir keçirmək istəyirlər. Mən də bu təkliflə razılaşdım. 27 may tarixində, yəni şənbə günü Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbdə 4-cü siniflərin buraxılışı ilə əlaqədar restoranların birində tədbir keçirildi. Sonda qurama bir hal alındı.

– Deyirsiniz bu görüntünü valideynlər bilərəkdən yayıblar?

– Xeyr. Elə bir qurama hal demirəm. Valideynlər özləri də çox pis olublar. İnanın ki, bütün valideynlər video yayılan günü məktəbə gəldilər və onlar da çox pis olmuşdular. Hamısı məni müdafiə etdilər. Hətta valideynlər özlərini günahkar görərək bildirirdilər ki, əgər bu cür tədbir edirdiksə, gərək bu həddə çatmayaydı. “Kaş müəllimi belə bir vəziyyətə çatdırmazdıq və onu pis vəziyyətə salmazdıq”, – deyirlər.

Heç mən özüm də bunu gözləməzdim. Əgər bir müəllim kimi valideynlərin mənə təqdim etdiyi qızılı rüşvət kimi götürürdümsə, qızıl üzük niyə barmağıma girmirdi? Mənim bu hədiyyədən heç xəbərim belə yox idi. Onu rüşvət kimi alsaydım, gizlincə edərdim. Elə bil tələyə düşdüm.

– Neçə ildir sözügedən məktəbdə çalışırsınız?

– 40 ildir müəllimlik fəaliyyəti ilə məşğulam. Bunun 35 ilini sözügedən məktəbdə çalışmışam. Görün bu illər ərzində məktəbə neçə direktor gəlib-gedib. Pis olsaydım, çoxdan işdən çıxarardılar. O, məktəbdə bu illər ərzində nə qədər hadisələr olub. Heç bir qalmaqalda iştirak etməmişəm, heç vaxt mənə töhmət verilməyib. Yetirmələrimdən müxtəlif vəzifələrdə çalışanlardan tutmuş, şəhid, qazi olanlara kimi var. Heç vaxt valideynləri nəyəsə məcbur etməmişəm. Bunları deyirəm, indi deyəcəklər ki, özünü tərifləyir və yaxud müdafiə edir. Bu hadisəni özümə bağışlaya bilmirəm, məni biabır elədilər. 40 il sonra niyə belə hadisə mənim başıma gəlsin? (ağlayır) Çox söz danışa bilmirəm. Guya bu qızıl tək Yaqut müəllimənin qulağına taxılıb? Heç kimin başına belə bir hadisə gəlməyib?

– Necə olub ki, valideynlər sizə qızıl almaq qərarına gəliblər, digər əşya yox?

– Uşaqlar mənə gül təqdim edəndə özüm ağlamışam. Amma yayılan videoda tam görüntü yoxdur. Videoda elə görünür ki, guya sırğam olmayıb, gəlmişəm ora valideynlər qulağıma qızıl taxırlar. Bu səhnə mənə çox ağır gəlir (ağlayır). Valideynlər özləri də deyir ki, uşaqlarımız 4 ildir oxuyur, biz sizə heç nə etməmişik. Bu bizim ürəyimizdən gəldi, qızıl aldıq. Ona görə özüm də hansısa valideyndən şübhələnə bilmirəm. Əgər belə idisə, niyə bu hədiyyəni mənə alardılar? Özləri də bu hadisəyə görə məktəbə gəlib, direktorla da görüşdülər. Bildirdilər ki, Yaqut müəllimin heç bir günahı yoxdur. Üzr istəyirəm, onlar bu hadisəni törədəni söyürlər də… Mən özüm də məəttəl qalmışam. İnana bilmirəm ki, burada müəllimin və ya hansısa valideynin əli var. Həyatda görmədiyim bir halla rastlaşdım. Ailəm, tanış-qohumlarım zəng edirlər. Bu hadisə ilə bağlı heç kimdən heç nə eşitmək istəmirəm. Çox utanıram (ağlayır). Bilsəydim ki, belə olacaq, heç vaxt o hədiyyəni qəbul etməzdim. Bu hədiyyəni almaq üçün uzağı hər valideynə 15 manat pul düşüb. Əgər mən tələb edirdimsə, deyərdim gedin bahalı qızıllar alın. Hansısa planım olsaydı, alıb qızılları qoyardım çantama. Heç buna icazə verməzdim. Bu hədiyyənin verilməsini pis mənada başa düşməmişəm. Dedim valideynlər etmək istəyirlərsə, qoy etsinlər. Bu yaşa çatmışam, belə bir hadisə ilə heç vaxt üzləşməmişəm..

– Bu videogörüntü ilə bağlı ilk dəfə sizi kim məlumatlandırdı?

– Məktəbin rəhbərliyi məlumat verdi. Zəng etdilər ki, siz tədbirdə iştirak edib, qızıl hədiyyə almısınız? Dedim, bəli. Necə olmuşdusa, elə də dedim.

– Bəs məktəb rəhbərliyinin bu tədbirin keçirilməsindən xəbəri olub?

– Xeyr. Təhsil idarəsi, məktəb rəhbərliyi nəyə görə bu tədbirin keçirilməsini və o hədiyyəni qəbul etməyimi soruşdu. Mən onlara hər bir şeyi izah etdim. Direktor tədbir keçirilməsini qadağan edibmiş. Amma bunu mənə deməyib və heç özüm də soruşmamışam. Şənbə günü olduğundan sinfimlə bu tədbiri restoranda keçirdim və nəticəsi də belə oldu. Mənim səhvim, birincisi, rəhbərliyi məlumatlandırmamağım, ikincisi, o hədiyyəni qəbul etməyimdir. Bilsəydim, orada iştirak etməzdim. Bu neçə illər ərzində heç bir məktəb rəhbərliyinə söz eşitdirməmişəm. Gərək bunu da etməzdim. Məktəb direktoru da mənə görə töhmət aldı.

– Abşeron-Xızı Regional Təhsil İdarəsinin sizinlə bağlı qərarı nə oldu?

– Təqaüd yaşıma hələ 3 ilə yaxın qalıb. İdarəyə necə olubsa, izahat yazdım. Valideynlər özləri də idarəyə gəldilər. Onlar özləri akt yazdılar ki, müəllimin günahı yoxdur. Hara lazımdırsa, orada izahat verməyə hazırdırlar. Daha heç nə bilmirəm. Özüm ibadət əhliyəm. Heç vaxt əyri yolla iş tutmaram.

– O qızılların aqibəti necə oldu?

– Mən qızılları valideynlərə təqdim etdim. Dedim mənə lazım deyil. Götürmürlər. Onlar da çox pis oldular. Müəllim kimi hər kəsdən xahiş edirəm ki, haqqımda mənfi heç nə yazmasınlar, tanımadan, bilmədən haqqıma girməsinlər.

www.yenicag.az
 
Ardını oxu...
Deputat, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bu mövzu ilə əlaqədar “Yeni Müsavat”ın suallarını cavablandırıb. DİA.AZ onunla söhbəti təqdim edir:

- Vahid müəllim, büdcənin dürüstləşdirilməsi ilə bağlı müzakirələrin hansı zərurətdən irəli gəldiyi barədə rəsmi açıqlamalar oldu. Dövlət başçısının da bu məsələ ilə bağlı tapşırığı olmuşdu. Sizin bu müzakirələrə münasibətiniz necədir?

- Ümumiyyətlə, dürüstləşdirilmiş dövlət büdcəsini şərtləndirən məsələlər var idi. Əgər biz 2022-ci ilin yekununa baxsaq, 2022-ci ilin dövlət büdcəsinin icrasında kifayət qədər müsbət məqamlar var. Mən belə hesab edirəm ki, 2022-ci ilin dövlət büdcəsinin icrası son on ildə ən yüksək səviyyədə icra olunan layihə idi. Büdcənin icrası təxminən 99 faizdən yüksək həyata keçirilmişdi. Bizdə hələ indiyədək belə, ən yüksək səviyyədə icra olmamışdı. Bu, həm ölkə hökumətinin, həm Maliyyə Nazirliyinin, həm İqtisadiyyat Nazirliyinin atdığı addımların nəticəsi idi. 2022-ci il dövlət büdcəsinin icrasında ilk dəfə olaraq Neft Fondundan transfert 12,7 milyard manat nəzərdə tutulmuşdusa, təxminən 4,8 milyard manat az vəsait istifadə olundu. Belə hadisə olmamışdı. İkinci bir misal: dövlət büdcəsinin kəsiri 3 milyard manata yaxın nəzərdə tutulurdusa, təxminən 1,4 milyard manat istifadə olundu. Yəni kəsir cəmi 1,6 milyard manat oldu. Faktiki olaraq qənaət edildi.

- Kifayət qədər ciddi rəqəmlərdir və dediyiniz kimi, ilklər sırasındadır. Bu qədər maliyyə ehtiyatlarına qənaət edilməsi nəyin hesabına baş verdi, şəffaflığın təmin olunması, yoxsa nəzarətin artırılması hesabına?

- Təbii ki, bu, şəffaflığın təmin olunması, kölgə iqtisadiyyatının müəyyən qədər aradan qaldırılması, korrupsiyaya qarşı aparılan mübarizənin nəticəsi idi. O cümlədən neftin qiymətinin yüksək olması öz təsirini göstərdi. Yəni bu sahədə 2022-ci ildə Azərbaycan hökuməti tərəfindən böyük işlər görüldü və məhz büdcənin belə bir şəkildə icrasına nail olundu. Büdcənin bu şəkildə icrası həm də 2023-cü il büdcəsinə düzəlişlər üçün şərait yaradan səbəblərdən biri oldu.

- Demək, 2022-ci ildəki şəffaflığın, qənaətin, nəzarətin hesabına əldə olunan ehtiyatlar 2023-cü ildə ayrı-ayrı vacib sahələrə ayrılır və əlavə xərclərə ehtiyac duyulmur, eləmi?

- Bəli. Eyni zamanda cari ilin ilk dörd ayının yekunları göstərdi ki, Azərbaycanın neft və qeyri-neft sektorunda kifayət inkişaf var. Əsasən də qeyri-neft sektorunda inkişaf oldu. Eyni zamanda neftin qiyməti öz sözünü dedi. Biz büdcədə neftin qiymətini 50 dollar götürmüşdük, amma neftin qiyməti orta hesabla 86,6 dollar oldu. Yəni 36 dollar əlavə vəsait daxil oldu. Bütün bunlar dövlət büdcəsinə yenidən baxılmasını şərtləndirdi. Bir tərəfdən də dövlət başçısı cənab İlham Əliyev bir neçə dəfə demişdi ki, bizim əsas prioritet işimiz Qarabağda tikintinin yekunlaşdırılması və əhalinin yurd yerlərinə köçürülməsidir. Bilirsiniz ki, Böyük Qayıdışa dair 2026-cı ilədək dövrü əhatə edən Dövlət Proqramı təsdiqlənib və artıq proses yüksək səviyyədə həyata keçirilməkdədir. Mayın 28-də cənab Prezident Laçına qayıdan ailələrlə görüş keçirdi. Orada əhalinin rahat yaşayışı üçün infrastruktur yaradılıb və proses davam edir. Ona görə də Laçın şəhəri də daxil olmaqla, digər ərazilərimizin qurulması üçün müəyyən qədər əlavə vəsait lazım idi. Mən Qarabağla əlaqədar bir misal da çəkim: 2021-2022-ci ildə Qarabağda həyata keçirilən işlərə haradasa 6,3 milyard manat vəsait xərcləmişik. Görülən işlər də kifayət qədər böyükdür, mən orada olmuşam və görmüşəm. Bu işlər hazırda sürətlə davam etdirilir. Biz 2023-cü ilin dövlət büdcəsində Qarabağa Böyük Qayıdışla əlaqədar 3 milyard manat vəsait ayırmışdıq. Amma bu vəsait bəs eləmirdi. Çünki orada işin miqyası kifayət qədər böyükdür. Ona görə də cənab Prezidentin göstərişinə əsasən, dövlət büdcəsində əlavə 2,2 milyard manatın ora ayrılması nəzərdə tutulur. Ümumilikdə 2023-cü ildə dövlət büdcəsindən 5,3 milyard manat Qarabağa sərf ediləcək. Bu, təxminən dövlət büdcəsinin altıda biridir, böyük rəqəmdir. Yəni Qarabağ dövlətimiz üçün prioritet sahədir. Yeri gəlmişkən, ötən həftə Prezident Administrasiyasının rəhbəri hörmətli Samir Nuriyevin rəhbərliyi ilə Əlaqələndirmə Qərargahının Laçın şəhərində iclas keçirməsi də dövlətimizin Qarabağa qayıdış məsələsinə nə qədər önəm verdiyini bir daha təsdiqləyir.

- Prioritetlərdən biri də sosial istiqamətdir...

- Ümumiyyətlə, dövlət büdcəsi təsdiq olunanda həmişə cənab Prezident əsas sosial layihələrə nəzər yetirib. 2022-ci ilin dövlət büdcəsində biz 45 faizi sosial layihələrə ayırmışdıq: müavinətdir, pensiyalardır, əmək haqlarıdır, şəhid ailələri, qazilərin məsələləridir, məktəb, xəstəxanalar və digər tikinti layihələridir. Amma mən deyərdim ki, hazırda Qarabağ məsələsi əsas prioritet məsələ kimi nəzərdə tutulur, ona görə də bu istiqamətə kifayət qədər böyük vəsait ayrılır. Məhz o səbəbdən 5,3 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Digər mühüm məsələyə gəldikdə, bilirsiniz ki, Qarabağla bağlı məsələ tam sona çatdırılmayıb, eyni zamanda sərhədlərin delimitasiya və demarkasiyası həllini tapmayıb. Həmçinin Rusiya hərbi kontingenti bölgədədir, Ermənistandan Laçın, Kəlbəcər, Naxçıvan bölgəsi son vaxtlar intensiv atəşə tutulur.

- Dövlət başçısının Laçından etdiyi xəbərdarlıq da sıradan məsələ deyildi...

- Bəli. Çox ciddi xəbərdarlıq idi. Prezident hətta bildirdi ki, biz amnistiya verməyə hazırıq. Özü də bu, həm ABŞ Dövlət Departamenti, həm Avropa dövlətləri tərəfindən çox yaxşı qarşılandı. Cənab Prezident həmişə olduğu kimi, sülh sazişinin imzalanmasına çalışır, birdəfəlik sərhəd məsələsinin həll olunmasını istəyir. Ona görə də müdafiə və təhlükəsizlik məsələləri bizimçün önəmli olduğuna görə, 1,1 milyard manat da bu sahəyə əlavə vəsaitin ayrılması nəzərdə tutulur. Eyni zamanda 800 milyon manata yaxın vəsait digər sahələrin - su, qaz, işıq və s. infrastruktur layihələrə, səfirliklərlə bağlı işlərə sərf olunacaq. Həmçinin Sahibkarlıq İnkişaf Fonduna müəyyən qədər vəsait ayrılacaq.

- Azərbaycan dövlətinin maliyyə sahəsi ilə bağlı sıxıntısının olmaması da əlavə üstünlüyüdür.

- Təbii ki. Azərbaycanın 65 milyard dollara yaxın ehtiyatı var. Bu, çox böyük ehtiyatdır, təxminən 110 milyard manata yaxın vəsait edir, dövlət büdcəsini 3 dəfə üstələyir. Ona görə də büdcədən vacib sahələrə vəsait ayrılır, bu, tamamilə düzgündür. Büdcə müzakirələrinin ilk oxunuşunda, həm komitə, həm plenar iclaslarda maliyyə nazirinin, İqtisadi İnkişaf Nazirliyinin rəhbərliyinin çıxışları çox müsbət məqamlar üzərində qurulmuşdu.

- Bu gün sizi narahat edən əsas məsələlər nədir?

- Hamını narahat edən inflyasiyadır. 2023-cü ilin dövlət büdcəsində 6,9 faiz götürülmüşdü, amma büdcədəki düzəlişlərdən sonra 10,4 faiz nəzərdə tutulub. Mən çıxışımda qeyd elədim, inflyasiya ilə bağlı Azərbaycanın daxilində də müəyyən problemlər var. Lakin əsas problem idxalda olan problemdir. Biz ölkəyə kifayət qədər məhsul idxal edirik. Xarici ticarətdə bizim bir saylı tərəfdaşımız Türkiyədir, sonra Rusiyadır, Ukraynadır, Orta Asiya ölkələridir və s. O ölkələrdə çox yüksək inflyasiya gedir. Biz oradan mal idxal edəndə həm inflyasiya idxal edirik, həm də qiymət artımı. Azərbaycanda da süni qiymət artımı var. Bununla əlaqədar Antiinhisar Xidməti işləyir, nazirlik işləyir, hökumətin antiinhisar tədbirləri var. Mən iclasda xahiş etdim ki, heç olmasa inflyasiyanı bir az aşağı səviyyədə qoruyub-saxlamaq, qiymət artımının qarşısını almaq üçün bu tədbirləri bir az da genişləndirmək və sərtləşdirmək lazımdır. Misal üçün, 2022-ci ildə ərzaq məhsullarında inflyasiya 20 faizə qədər olub, dərman vasitələrində inflyasiya 40 faizədək artıb. Biz heç olmasa ərzaq və dərmanla əlaqədar elə tədbirlər görməliyik ki, insanlar bu məsələlərlə bağlı əziyyət çəkməsinlər. Yəqin ki, bununla əlaqədar hökumətdə proqramlar işlənib-hazırlanacaq. Bu iki məsələ bizi çox narahat edir.

- Vahid müəllim, Qarabağla bağlı gərginliyi tətikləmək istəyən qüvvələrin fəaliyyəti göz önündədir. Siz qarşıdakı dönəmdə nə gözləyirsiniz?

- Cənab Prezident çox çalışır ki, Ermənistanla sülh sazişi imzalansın. Amma bunu istəməyən qüvvələr var. Son vaxtlaradək görüşlər həmişə üçtərəfli olurdu. Ancaq gördüyünüz kimi, Fransa prezidenti, Almaniyanın baş kansleri də işə qarışıb. Mən həmişə demişəm, yenə deyirəm: Fransa prezidenti olan yerdə Azərbaycan üçün müsbət heç nə görmürəm. Çünki o, birbaşa Ermənistanı müdafiə edir. Fransanın yerinə Türkiyə olsaydı, daha yaxşı olardı. Hesab edirəm ki, Qarabağla bağlı məsələlərin həllinin uzadılmasında bir əsas səbəb də Rusiya sülhməramlılarının bölgədə olmasıdır. Gəlin açıq danışaq, Rusiya istəmir ki, bu məsələ həll olunsun və sülhməramlılar Qarabağdan çıxsın. Sülhməramlılar Qarabağda olmasa, Azərbaycanla Ermənistan razılaşıb, sülh imzalayacaqdı. Cənab Prezident də bir neçə dəfə deyib ki, Qarabağda yaşayan mülki ermənilərlə bağlı heç bir problem yoxdur. Mülki ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, bizim qanunlarımızla yaşamalıdırlar. Azərbaycanda o qədər millət yaşayır ki, heç bir problem yoxdur. Mən Qarabağa dair məsələlərin həllini Brüsseldə görürəm. Çünki onların mövqeyi Azərbaycanın mövqeyi ilə faktiki olaraq üst-üstə düşür. Yəni onlar Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sərhədlərin delimitasiyası və demarkasiyasını, Azərbaycan və Ermənistanın ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınmasını istəyirlər. Bu məsələlər bizi qane edir, ermənilər də orda yaşayır, yaşasın. Yaşamırlarsa, cənab Prezident dedi, artıq özlərinin problemidir, bizə aidiyyəti yoxdur.

- Ermənistan Zəngəzur dəhlizi ilə bağlı da prosesi uzatmağa çalışır. Sizin gözləntiləriniz necədir?

- Arazdəyən-Horadiz dəmir yolunun bərpası olduqca vacibdir. İqtisadi cəhətdən hansısa mənfəətdən söhbət getmir. Əhalinin gediş-gəlişi üçün bu dəmir yolunun əhəmiyyəti var. Ümumiyyətlə, bizimçün Zəngəzur dəmir yolu və avtomobil yolunun açılması çox vacibdir. Mən fikir verirəm, bir İran xaric, Zəngəzur dəmir yolunun əleyhinə çıxan dövlətlər yoxdur. Hətta Çin səfiri dedi ki, bu dəmir yolu bizim üçün çox vacibdir. Yəni bu dəmir yolu çəkiləcək. Yadınıza gəlirsə, cənab Prezident dedi istəsələr də, istəməsələr də, bu, baş verəcək. Bu dəqiqə həm Zəngilan, həm də Naxçıvan istiqamətində iş gedir. Həm dəmir yolu, həm avtomobil yolu çəkiləcək. Son vaxtlar müəyyən irəliləyişlər də var. Baş nazirin müavinləri görüşürlər, müəyyən problemlərin həll edildiyi barədə onlar tərəfindən açıqlamalar verilir. Zəngəzur dəhlizi bizim Naxçıvanla, o cümlədən Türkiyə ilə birbaşa əlaqələrin qurulması baxımından çox vacibdir.

- Ermənistanın Azərbaycana vurduğu zərərin pul və ya ərazi şəklində ödənməsi məsələsi də yəqin ki, diqqət mərkəzindədir. Sizdə bu barədə məlumatlar nədən ibarətdir?

- Ümumiyyətlə, bu məsələ mütəmadi olaraq gündəmə gəlir, araşdırılır, hesablamalar da var. Təxminən 350 milyard dollarlıq vəsaitdən söhbət gedir. Mən inanmıram ki, Ermənistanın o vəsaiti qaytarmaq imkanı olsun. Amma dediyiniz kimi, ərazilər var, pul yoxdursa, torpaq verə bilər. Biz bunu mütləq mübahisələndirməliyik, mütəmadi olaraq beynəlxalq səviyyədə müraciətlər olmalıdır.

Dünyapress TV

Xəbər lenti