Ardını oxu...
Sözün düzü, müxtəlif dövlət qurumlarında, nazirliklərdə, səhiyyə, təhsil və s müəssisələrində, hətta orta məktəblərdə rüşvət və korrupsiyanın MİQYASINA baxanda adam dəhşətə gəlir. İki il öncə Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin rəhbəri külli miqdarda rüşvət almaqda həbs olunanda, vallahi gülməkdən uğunub getmişdik.
Təsəvvür edirsiniz, Orkestrin rəhbəri Cinayət Məcəlləsinin 311.3-cü (qabaqcadan əlbir olaraq külli miqdarda təkrar rüşvət alma) maddəsi ilə ittiham olunurdu. Adam düşünür ki, işi-gücü klarnet, qara zurna, saksafon, balaban, düdük çalmaq olan qurumda necə külli miqdarda rüşvət ola bilər..? Yaxşı, bəs orkestrin tabe olduğu Mədəniyyət Nazirliyi hara baxırmış...?
Axı, Maliyyə Nazirliyi, Hesablama Palatası hər il bu müəssisələrdə yoxlama aparır, bəs onlar hara baxırmış..? Dünən isə ölkə mediasında iki rüşvət və korrupsiya xəbəri ilə rastlaşdım.
Təsəvvür edirsiniz, Ağdam Rayon İcra Hakimiyyəti 1 adi bayraq almağa 1000 manat pul verib. Belə ki, Ağdam Rayon İcra Hakimiyyəti bayraq almaq üçün tender keçirib. Və əvvəlcə 6 ədəd bayrağın alınması üçün bir şirkətə 4194 manat, sonra isə yenə 6 bayraq almaq üçün başqa bir şirkətə 8850 manat pul verib. Birincisi, bir bayrağın qiyməti neçəyədir ki..?
12 bayrağa 4194 + 8850 = 11044 manat, yəni bir bayrağa təxminən 1000 manat pul verilib. Görəsən, bu bayrağın materialı nədəndir ki, bir bayraq 1000 manata başa gəlir..?
İkincisi, necə olur ki, bir şirkətə 6 bayrağa görə, 4194 manat, o biri şirkətə isə EYNİ ÖLÇÜDƏ, EYNİ SAYDA ( 6 ədəd ) bayrağa görə, 2 dəfə çox, yəni 8850 manat verilib. Bunun məntiqi-zadı haradadır..?
Üçüncüsü, “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri vergi borcu olan şirkətlərin tenderdə iştirakını istisna edir. Yəni vergi borcu olan şirkət tenderdə iştirak edə bilməz. Amma Ağdam RİH-nin keçirdiyi tenderdə iştirak edən şirkətin isə xeyli vergi borcu var. Və ən əsası bu şirkətlər icra başçısı Vaqif Həsənova yaxın adamlardır. İndi aydın oldumu, problem nədir..?
İndi isə daha bir əcaib korrupsiya əməlinə nəzər salaq. Dünən yayılan xəbərdən bəlli oldu ki, Hüseynqulu Sarabski adına 7 saylı musiqi məktəbində 1 MİLYON MANAT mənimsəmə aşkarlanıb. Cənablar, 1 MİLYON YEYİNTİ sadə məsələ deyil, söhbət 100-200 manatdan getmir.
İkincisi, söhbət hansısa nazirlikdən, komitədən, yaxud icra hakimiyyətindən getmir ee, adi musiqi məktəbindən gedir.
Burada 1 milyon mənimsəmə fəlakət, dəhşət deməkdir. İndi icazə verin, düşünək ki, adi musiqi məktəbində 1 milyon yeyinti varsa, görün...yekə, zırıltı...qurumlarda yeyinti MİLYARDLA hesablanır. Bəli, dünən məlum oldu ki, məktəbin sabiq direktoru Mehriban Rüstəmovaya verilən 10 il 6 ay cəza 3 ay azaldılıb və 10 il 3 ay olub. Belə ki, 2020-ci ildə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Mehriban Rüstəmovanın rüşvət və korrupsiya əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırma aparılıb. İstintaq-əməliyyat tədbirləri nəticəsində Mehriban Rüstəmovanın vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi bəlli olub, onun xidməti otağında, ona məxsus Nəsimi rayonunda yerləşən yaşayış evində və avtomobilində keçirilmiş axtarış nəticəsində rəhbərlik etdiyi musiqi məktəbinin müəllimlərinin adlarına olan 40 ədəd plastik kart, müxtəlif ölkələrin valyutalarında saxlanılan 40 min manata yaxın pul vəsaiti, musiqi məktəbinin şagirdlərinin adına olan 36 ədəd şəhadətnamə, məktəbin tarifləşmə və tabel cədvəlləri, əmr kitabı, 1 ədəd «notebook» və iş üçün əhəmiyyət kəsb edən digər sənəd və əşyalar aşkar edilərək götürülüb.
Dünən Bakı Apellyasiya Məhkəməsi 7 saylı musiqi məktəbinin həbsdə olan sabiq direktoru Mehriban Rüstəmova ilə bağlı hökmdən verilmiş apellyasiya şikayətinə baxıb. Və... Bakı Apellyasiya Məhkəməsi 1 il yenidən araşdırma aparıb və.... İş üzrə qüvvədə olan hökmü dəyişib, ittiham olunan sabiq direktorun cəzası 10 İL 6 AY-dan 10 İL 3 AYA ENDİRİLİB. Hökmün qalan hissələri dəyişdirilmədən saxlanılıb.
Təsəvvür edirsiniz, o boyda Apellyasiya Məhkəməsi 1 illik gərgin araşdırmadan sonra....
Vallahi nəsə yazmağa adam özü xəcalət çəkir, bu ölkənin məhkəmə-hüquq sistemi nə gündədir..? Amma, bircə onu yazmaq istəyirik ki, cənablar, bəs Ağdam icra hakimiyyətinə, 7 saylı musiqi məktəbinə, qara zurna, saksafon orkestrinə nəzarət etməli olan dövlət qurumları hara baxırdı..? Onlar niyə həbs olunmur..? Həm də həbs etmək problemdən çıxış yolu deyil...
 //gundelik-baku.com//

Ardını oxu...
Müasir dövləti ədalətli məhkəmə sistemi olmadan təsəvvür etmək mümkün deyil. Cənab Prezident İlham Əliyev Ali Məhkəmənin yeni binasının açılışında əbəs yerə demədi ki, bura “Ədalət sarayı” olmalıdır.
Təəssüflə qeyd etməliyik ki, Azərbaycanda məhkəmə-hüquq sistemində ciddi problemlər var. Hətta Milli Məclisin tribunasından deputatlardan biri “Məhkəmə-hüquq sistemimiz fəlakətli vəziyyətdədir” demişdir. Bəli, məhkəmə-hüquq sistemimizin acınaqcaqlı durumu hər kəsə bəllidir.
Məlumat üçün onu da qeyd edək ki, məhkəmənin ədalətli qərar qəbul etməsi üçün ilk öncə ölkədə ədalətli məhkəmə ekspertizası olmalıdır. Bu aksilomadır. Bu olmadan ədalətli məhkəmə qərarından danışmaq mənasızdır. Məhkəmədən öncə mütləq və mütləq ədalətli araşdırma və ekspertiza aparılmalıdır. Bunun üçün ekspertin vicdanı, dürüstülüyü ilə bərabər müasir kriminalistik-texniki avadanlıqlar olmalıdır. Bu sahə xüsusi bilik tələb edir.
Yaxşı yadımdadır ki, illər öncə Gündəlik-Bakıya daxil olan bir ekspert materialı bizdə heyrət doğurmuşdu. Belə ki, imzanın saxta, yoxsa həqiqi olması ilə bağlı Ukraynada verilən 10 səhifəlik ekspert rəyinə baxanda məəttəl qaldıq. Nə qədər elmi əsaslandırma, nə qədər mükəmməl, savadlı rəy.
Etiraf etməliyik ki, bizdə olsaydı 1-2 səhifə cızma-qara ilə necə gəldi rəy verərdilər. Sözün qısası, məhkəmə-hüquq sistemini ekspertizasız təsəvvür etmək mümkün deyil.
Çox təəssüf ki, Azərbaycanda normal məhkəmə ekspertizasını təsəvvür etmək belə düzgün sayılmaz. Bu gün az qala hər nazirliyin özünün ekspertiza mərkəzi var. Ədliyyə Nazirliyinin, Müdafiə Nazrliyinin və digər qurumların.
Bizim bu yazının mövzusu isə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyidir. Nəzərə almalıyıq ki, bütün məhkəmə araşdırmaları məhz Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəyi əsasında aparılır. Uzun illər bu Birliyin direktoru vəzifəsində Şakir Musayev adlı şəxs olub. Baş prokurorun o zamankı müavini Rüstəm Usubovla quda olan Şakir Musayev Ekspertiza Birliyini sözün həqiqi mənasında bazara çevirmişdi.
Yeri gəlmişkən, bir məsələni də qeyd edək ki, Elspertiza Birliyinin hüquq-mühafizə orqanlarından, prokurorluqdan qəti asılacağı yoxdur, müstəqil qurumdur.
Ancaq buna baxmayaraq Ekspertiza Birliyi həmişə kimlərinsə sifarişi ilə ekspert rəyi verib. Ad çəkmədən təkcə bir faktı qeyd edək. İri məmurlardan birinin, yaxud hansısa biznesmenin harın balası avtomobillə qəza törədərək vətəndaşı vurub öldürür. O zamankı Şakir Musayevin rəhbərlik etdiyi birlik ekspert rəyi verir ki, vətəndaş ürək tutmasından ölüb.
Bütün bunlar hamısı külli miqdarda marağın, mənfəətin hesabına baş verirdi.
Sözün qısası, 2016-cı ildə Şakir Musayevi əməllərinə görə, vəzifədən azad etdilər. Və Allah qoymasa, Şakir Musayevin müavini, onun “biznes şəriki” Ədalət Həsənov Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə direktor təyin edildi. Bir soruşan olmadı ki, Ədalət Həsənov uzun illər Ekspertiza Birliyində hansı əməllərə əl atmayıb...
Əslində Şakir Musayevin dövründə bu müəssisənin fəaliyyətində müşahidə olunan bütün nöqsanlara görə keçmiş direktor müavini Ədalət Həsənov məsuliyyətə cəlb olunmalı idi. Amma direktor təyin olundu.
Məlumat üçün onu da qeyd edək ki, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin hər rayonda şöbəsi və rəisi var. Biz cənab Ədalət Həsənovdan soruşuruq ki, Birliyinizin Beyləqan şöbəsinin rəisini vətəndaş niyə bıçaqlamışdı..?
Rayon şöbələrinin rəislərindən hər ay nə qədər pul tələb olunur..?
40 ilin həkimi, Azərbaycan Tibb Universitetinin dosenti, ixtiraçı alim, tanınmış həkim Zeyqəm Süleymanov deyir ki, nəvəmin ölümü ilə bağlı mən ədalətsiz Ədalət Həsənova heç nə başa sala bilmədim, indi görün yazıq sıravi vətəndaşların başına bu adam hansı oyunları açır..?
Sözün qısası, son vaxtlar Birliyin vətəndaşların hüquqlarını pozan bir quruma çevrilməsi barədə ən müxtəlif instansiyalara müraciətlər davam edir.
Deməli, problemdən yeganə çıxış yolu, professor Ədalət Həsənovun vəzifəsindən uzaqlaşdırılmasıdır.
P.S. Bizdə olan məlumata görə, Ədalət Həsənov həbsdən yayınmaq üçün özünə müxtəlif kağız-kuğuzlar düzəldib və evinin ən etibarlı yerində gizlədərək deyib ki, məni həbs etsələr bu kağızları vəkilimə verərsiniz. Bu haqda sonra...
 //gundelik-baku.com//
Ardını oxu...
Qısa məlumat üçün haqqında bəhs edəcəyimiz Xəzər rayon səhiyyəsi ilə bağlı onu deyə bilərik ki, rayonda 4 birləşmiş şəhər xəstəxanası, 2 vərəm xəstəxanası və 1 dispanser, 5 uşaq sanatoriyası, 1 şəhər poliklinikası, 1 Müalicə Diaqnostika mərkəzi, 1 Uşaq reabilitasiya xəstəxanası, 1 Səhiyyə Nazirliyinin Sanatoriya-Kurort və Reabilitasiya Mərkəzi, 1 özəl klinika və 4 özəl müalicə diaqnostika mərkəzi, 2 müharibə əlilləri və veteranları üçün pansionat, 1 müharibə veteranları xəstəxanası, 3 kurort-müalicə sanatoriyası və 2 psixo-nevroloji Sosial Müalicə müəssisəsi, 1 stomatoloji poliklinika fəaliyyət göstərir.
Bəli, konkret mövzumuz isə Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 14 saylı Birləşmiş Şəhər Xəstəxanası ilə, daha dəqiq desək, xəstəxananın baş həkimi Sultan İbrahim oğlu Əliyevin fəaliyyəti ilə bağlıdır. Məlumat üçün onu da qeyd edək ki, Sultan “doxtur” uzun illər Səhiyyə Nazirliyində şöbə müdiri, sonra Hematologiya və Transfuziologiya İnstitutunun direktoru vəzifəsində işləyib. Sonradan “Semaşko” kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəzə baş həkim təyin olunub. “Semaşko”da çalışdığı illərdə Sultan Əliyev sözün həqiqi mənasında oliqarxa, milyonçuya çevrilib. Onu da qeyd edək ki, bu tibb müəssisəsində 1000-ə yaxın çarpayı var, ümumi 2000 nəfərə yaxın işçi var, onlardan 500 nəfəri həkim, 800 nəfəri orta tibb işçisi, 700 nəfəri isə kiçik tibb işçiləridir. Mərkəzə il ərzində 30000 xəstə gəlir, 10000 xəstə əməliyyat olunur. Hər şeyə kommersant kimi yanaşan Sultan Əliyevin aylıq gəlirini hesablasaq astronomik rəqəm alınar. Sultan Əliyev xəstədən müayinə üçün pul alan həkim barəsində müxbirin sualına belə cavab verir: O hadisə 3 ay öncə baş verib, özü də gecə vaxtı...
Sultan Əliyevdən soruşan olmur ki, 3 ay öncə, ya da 3 saat öncə, nə fərqi var..?
Rüşvəti gecə alıblar, ya gündüz, bunun fərqi varmı, ay Sultan doxtur..?
Yaxşı bütün bunları qoyduq bir kənara, bəs kollektiv niyə Sultan Əliyevdən cana doyub..?
Belə ki, xəstəxananın həkimləri, tibb personalı, texniki işçiləri dad edirlər ki, biz belə baş həkim görməmişik, bu özünü nazir kimi aparır, işçiləri saymır, ancaq şöbə müdirlərindən aylıq tələb edir. Təsəvvür edirsiniz, Sultan Əliyevin əlindən bezən həkimlər başqa özəl xəstəxanalara üz tuturlar. Vallah, Sultan Əliyev polis rəisi, prokuror olsaydı, bəlkə də onu başa düşmək olardı. Amma həkimin xəstələrdən, xüsusilə də işçilərindən özünü belə yekə tutması, həkim adına yaraşan hal deyil. Sultan Əliyev işçiləriylə sanki qul kimi danışır. Onlarla ünsiyyət qurmaqdan qaçır. Həkimlər xeyirxah olmalı, xəstəyə can yandırmalı sağlamların dostu olmalı, hamının sağalmasına ümid verməlidirlər. Sultan Əliyev isə sifətindəki “zəhrimar”, qəzəb ilə nəinki xəstələri, hətta sağlam həkimləri də sanki öldürür. Bu adam üçün ancaq mənfəət, gəlir var, qalanı boş şeydir. Xəstənin maddi imkanı aşağıdırsa, həmin xəstəyə qarşı münasibət də fərqli olur. İmkanı olmayan xəstəni tibb ocağına qəbul belə etmək istəmirlər. Hazırda 75 yaşı olan Sultan Əliyev öz əməllərini 14 saylı Birləşmiş Şəhər Xəstəxanasında davam etdirir.
Bəli, Sultan Əliyev haqqında yazılan şikayətlərə görə, o 2015-ci ildə “Semaşko” xəstəxanasının baş həkimi vəzifəsindən azad edilərək 14 saylıya baş həkim təyin olunub. Və o gündən Buzovna camaatının qara günləri başlayıb. Bu adamı başa salmaq olmur ki, dövlət xəstəxanasında tibbi xidmət pulsuzdur. Bu adam dərman preparatlarına görə dərman firmalarından da mənfəət əldə edir. Biz hələ xadimələrin əmək haqqından, həkimlərin maaşından, hər xəstəyə görə, baş həkimə verilən “bəxşeyiş”dən danışmırıq. Görəsən, 60 yaşında həkimləri “təqaüdə” göndərən səhiyyə rəhbərləri nə üçün yaşı az qala səksəni haqlamış, kommersant baş həkim Sultan Əliyevi unudublar.
 //gundelik-baku.com//

Ardını oxu...Salam sizə şikayətim Azərsudandır. Deməli yaşadığımız Sumqayıt şəhəri 9-cu mk/rayon, ev 10/27 daxil bütün mikrayon ərazisində illərdir biz daxil bütün mikrorayon sakinləri su üzünə həsrətdilər. 9-cu mk/rayondan başqa bütün şəhərdə fasiləsiz su gəlir. Sumqayıtda 9-cu mk/rayon Sumqayıtın ən böyük mərkəzi ərazisi olduğu halda bizdə suyu guya qrafiklə səhər saat 06:00-dan 10:00-dək təzyiqlə birdə axşam saat 18:00-dan 22:00-dək təzyiqlə verməli olduqları halda heç qrafiklə belə normal su gəlmir gün ərzində isə ümumiyyətlə su olmur. Dəfələrlə Sumqayıt Sukanal İdarəsinə zəng edib şikayət etdikdə gah təzyiq aşağıdır, gah qəza var düzəldəcəklər, gahda indi bildirərik suyu verərlər deyib yola verirlər. Nədənsə 9-cu mk/rayonun "Təzyiq problemi", "Qəza problemi" illərdir bitmir. Azərsu-nun 955 saylı call center-nə şikayət etdikdə isə operatorlar hər dəfə şikayəti qeydə alıb yönləndirdiklərini bildirirlər dəyişən heçnə yoxdur. Normal ölkələrdə kommunal xidmətləri bir neçə şirkət əhaliyə göstərir və bu şirkətlərin arasında güclü rəqabət olur nəticədə sakinlər ucuz qiymətə keyfiyyətli və fasiləsiz xidmət görürlər bizdə isə hər zaman kommunal xidmətləri bir şirkət göstərir ona görədə Azərsu kimi fantastik qiymətə əhaliyə su satmağı azmış kimi illərdir içməli adı altında çirkli su, paytaxt Bakı daxil bütün ölkə ərazisinini isə fasiləsiz su ilə təmin edə bilmirlər. Üstəlik indiyədək Bakı və Abşeronun əksər əraziləri daxil bütün bölgələrə su xətləri çəkilməyib maraqlıdır ki, heç bir iş görüb xərc çəkməyən Azərsu illərdir maliyyə hesabatlarında dövlətdən pul almaq üçün guya zərərlə işlədiyini göstərir. Bütün bu problemlərin kökündə isə bütün sahələrdə olduğu kimi monopoliya dayanır. Sağolun.

 
 
Ardını oxu...
Teref.az Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdüründən edilən şikayəti kiçik ixtisarla oxuculara təqdim edir:
Göyçay rayonu Bığır kənd sakini Hümbətov Asif Atəş oğlu tərəfindən

ŞİKAYƏT

Bildidirəm k, Göyçay rayon Suvarma Sistemləri İdarəsinin rəisi Şakir Əhmədov dövlətin ayırdığı vəsaiti təyinatı üzrə xərcləmədən talan etsədə indiyə qədər onun barəsində qanunu tədbirlər görülmür.Səbəb kimi isə Şakir Əhmədovun talançılıqla əldə etdiyi pulun bir hissəsini yuxarı orqanlara xərcləməsidir.Beləliklə Şakir Əhmədov dövlət əmlakını talamaqda öz cinayətinə özündəndə yuxarı vəzifəli şəxsləri ortaq etmişdir.
Bu ortaqlıq fonunda Şakir Əhmədov cəzasızlıqdan dahada azğınlaşaraq cinayət əməllərini davam etdirməkdədir.Nəticədə də Göyçayın suvarma kanalları lildən qamışdan təmizlənmədiyi üçün kənd təsərrüfatına ciddi ziyanlar dəyir.

Şakir Əhmədov dövlət qəzetinə müsahibə verib qeyd edir ki, 6 ay ərzində 470 km uzunluğunda suvarma kanlları lildən qamışdan təmizlənib.Ancaq əslində bunlar sənədlər üzərinə yazılmış nağıllardır. 474 km kanallarda lildən təmizləmə işlərini yoxlamaq lazımdır ki, necə təmizlik aparılıb. Hər bir 1 metr kanala ən azından 1 manat xərclənəndə bu 474 000 (dörd yüz yetmiş dörd min) manat edir. Belə küllü miqdarda dövlət vəsaiti xərclənib, kanallar necə lildən təmizlənib ki, əhali yenə istifadə etməyə su tapmır.

Hunday markalı ekskavatorlar şəxsi işlərə cəlb edilərək hər gün Şakir Əhmədova pul qazandırlır.İdarə olunmayan avtomobillərə yanacaq yazılaraq pulu silinir.Suvarma kanallarda olan qurğuların , ekskavatorların təmiri adı ilə pullar silinir.Staj xatirinə adı işdə özləri uzaq ellərdə olan şəxslər var ki, maaş kartları Şakir Əhmədovun cibindədir.
Qarayazı beton kanalında əsaslı təmir zamanı, dəmir armaturdan istifadə edilməyib. Ancaq kanalın təmir üçün tərtib edilmiş lahiyə smetada betonlaşmada armaturdan istifadə edilməsi qeyd edilib.Bununlada Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədov dövlətin küllü miqdarda vəsaitini mənimsəmişdir.
Şakir Əhmədov talançılıq yolu ilə əldə etdiyi kapital hesabına Göyçayda 5 mənzilə, 14 obyektə sahib olub.Bütün obyektləri icarəyə verib. Bakı şəhərində, Qəbələ və İsmayıllı rayonlarında mənzillər alıb.Bahalı avtomobillər isə göz qamaşdırır.
Bundan başqa Şakir Əhmədov sürücü Zaur Zülfüqarovun bütün qohumlarının adını işə yazdırıb. (Bəzi başqa iddialarda var.Lakin təhqir elementləri teref.az olaraq biz onları dərc etmirik.)

Prezident cənab İlham Əliyevdən, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılovdan və Göyçay rayon İcra Hakimiyyəti başçısı cənab Natiq Ağayevdən xahiş edirik şikayətdə qeyd edilən faktlar yerində yoxlanılsın və Şakir Əhmədovun barəsidnə ciddi tədbirlər görülsün.
Hümbətov Asif Atəş oğlu
Teref.az olaraq məqalədə toxunulan iddialarla bağqlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Gəncənin Savalan qəsəbəsində su problemi var. Savalan qəsəbəsi uzun müddət Göygöl rayonunun balansında olub. Ancaq o vaxt da, indi də problem problemliyində qalıb. DİA,AZ bildirir ki, "ölümümüzə razıyıq" deyə etiraza qalxan sakinlər yerli məmurların onları üsyana sövq etdiyini gizlətmirlər.

İçməli su üzünə həsrət qalan sakinlər tələbatlarını su maşınları və əkin sahələrinin suvarılması üçün nəzərdə tutulan gölməçələrə yığılan su ilə ödəyirlər. DİA.AZ bildirir ki, sakinlər aidiyyatı qurumların məsələyə biganə münasibətindən narazıdırlar. Gəncə Su-Kanal Törəmə Səhmdar Cəmiyyətindən məsələdən xəbərdar olduqlarını, qəsəbənin su probleminin həlli üçün perspektiv layihə nəzərdə tutulduğunu, sakinlərin suya olan tələbatının ödəniləcəyini dedilər.

Amma buna inanan varmı? Hər halda bu vaxta qədər hansısa tədbiri görməyən “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinə və onun saxta diplomlu (bu barədə dia.az olaraq məlumatları təqdim etmişik -red.) rəhbəri Şöhrəddin Verdiyevə kimsə inanmır.

Ümid edək ki, xalqı hökumətə qarşı qaldıran bu kimi məmurlardan gərəkən qurumlar HAQQ-HESAB SORUŞACAQ...

Daha ətraflı aşağıdakı videoda:

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
 
 
Ardını oxu...
Azərbaycanda bəzi hallarda borc qiymətli kağızları ehtiyac olmadan buraxılır nəticədə dövlət büdcəsindən faizlər ödənilir.

DİA.AZ xəbər verir ki, Hesablama Palatası 2023-cü ilin dövlət büdcəsi ilə bağlı rəyində Maliyyə Nazirliyinə dövlət istiqrazlarının buraxılması ilə bağlı iradını səsləndirib.

Palata xatırladır ki, 2022-ci ilin 8 ayında dövlət büdcəsinin gəlirləri 20 milyard 184,7 mln. manat və ya 101,8%, xərclər isə 18 milyard 151,9 mln. manat və ya 100,4% icra edilib, büdcə profisiti 2 milyard 032,8 mln. manat təşkil edib.

Büdcədə kəsir olmadığına görə, kəsirin maliyyələşdirilməsi mənbələri üzrə 8 ay ərzində daxil olan 576 milyon manat, o cümlədən daxili borclanma hesabına cəlb edilmiş 380,1 mln. manat vəsait büdcə qalığına yönəldilib.

Palata öz rəyində ehtiyac olmadığı halda dövlət istiqrazlarının buraxılmasını məqsədə uyğun saymır. Qurum bildirir ki, bunun nəticəsində dövlət əlavə faiz xərcləri ödəməli olur: «Əvvəlki rəylərimizdə də qeyd edildiyi kimi dövlət büdcəsi profisitlə icra edildiyi halda borclanmaya gedilmişdir ki, ehtiyac olmadan cəlb edilmiş borc vəsaiti qalıq vəsaitə yönəldilərək istifadəsiz qalmış, nəticədə həmin vəsait əlavə faiz xərcləri yaratmış, eyni zamanda borc öhdəliklərinin yeni borclanma ilə ödənilməsi zamanı faiz dərəcələrinin artması ehtimalını şərtləndirmişdir».

Palatanın açıqlamasında o da bildirilirki, xarici dövlət borcunun ödənişinin daxili dövlət borcu ilə əvəzlənməsi təqdirində növbəti ilin büdcə layihəsinə uyğun olaraq büdcə kəsirinin maliyyələşdirilməsi və faktiki daxili borcun yenidən maliyyələşdirilməsi nəzərə alınmaqla təqribən 3 milyard manat dövlət qiymətli kağızlarının emissiyası tələb ediləcəkdir.

Bu bir tərəfdən büdcənin icrası prosesindən asılı olaraq növbəti ildə borclanma həcminin əhəmiyyətli artımına təsir edir.

Digər tərəfdən, Palata hesab edir ki, dövlət istiqrazlarının buraxılması bank kreditlərinin real sektora ötürülməsinə mane olur, eyni zamanda geniş investor bazasına malik olmayan qiymətli kağızlar bazarında faiz artımına şərait yarada bilər.
 
Ardını oxu...
Dünən ölkə mediasında bir hay-küylü xəbər oxudum: Ağcabədi Rayon İcra Hakimiyyətində yoxlama başlayıb... Maliyyə Nazirliyinin əməkdaşları hazırda icra hakimiyyətinin 2006-2019-cu il maliyyə dövrünü təftiş edirlər...
Həmin dövrdə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov olub...
Sözün düzü, bu haylı-küylü xəbəri oxuyanda acı təəssüf hissi keçirdim. Bir söz var ee...deyirlər “İş işdən keçəndən sonra tuman bağını bərkidir..”
Yaxşı, üstündən 10-15 il keçəndən sonra icra başçısının fəaliyyətini yoxlamaq görəsən, Maliyyə Nazirliyinin ağlına haradan gəlib..?
Görəsən, Allah qoymasa, Hesablama Palatası nə vaxt Ağcabədi Rayon İcra Hakimiyyətinin fəaliyyətini yoxlayacaq..?
Yəqin ki, Hesablama Palatası da bir 10 ildən sonra bu barədə düşünəcək. Həqiqətən də mən anlamağa çətinlik çəkirəm ki, dövlət bu icra hakimiyyətinə bu illər ərzində 100 milyonlarla maliyyə vəsaiti ayırıb, ancaq bir dəfə də olsun yoxlama olmayıb. Mən gözəl bilirəm ki, Maliyyə Nazirliyi hansı quruma pul ayırırsa, əvvəlcədən o məbləğin müəyyən faizi “otkat” kimi geri qaytarılır.
Təsəvvür edirsiniz, bu nə deməkdir..? Bir dövlət qurumu o biri dövlət qurumundan rüşvət alır. Vallahi, görəcəkli günlərimiz var imiş. Yaxşı, sabiq icra başçısı Şahin Məmmədovun Samuxda, sonra Ağcabədidə, daha sonra Masallıda icra başçısı işlədiyi dövrdəki fəaliyyətini nə vaxt yoxlayacaqsınız, cənablar..? Bəlkə, 2050-ci ildə..?
Bütün bunlar onu göstərir ki, yoxlamaların idarə edilməsində bir sistemsizlik, pərakəndəlik var, yəni vahid yanaşma yoxdur. Kimsə gecə yatıb yuxuda nə görürsə, sabah yoxlamaya, təftişə başlayır. Nə isə, ruslar demişkən, heç vaxt olmamaqdan, gec olmaq yaxşıdır. Gec də olsa, Maliyyə Nazirliyi cənab sabiq icra başçısının 14 illik fəaliyyətini yoxlamaq qərarına gəlib. Necə, nə cür yoxlayacaqlar bilmirik. Amma... Əmması odur ki, əgər Maliyyə Nazirliyi həqiqətən də obyektiv, dürüst yoxlama apararsa, Şahin Məmmədovun həbsi qaçılmaz olacaq. Buna yüz faiz əminik.
Görəsən, Maliyyə Nazirliyinin məsul şəxsləri Şahin Məmmədovdan soruşa biləcəkmi ki, dövlətin imkansız ailələrə verdiyi sosial müavinət kartları sənin cibində nə gəzirdi..?
Görəsən, “finansist” cənablar, Şahin Məmmədovdan Ağcabədidə artezian quyularının qazlılmasına və su kəmələrinin inşasına ayrılan pulları mənimsəməsini ortaya qoya biləcəkmi..? Şahin Məmmədovdan soruşan olacaqmı ki, yerin altında olan 18 kilometr uzunluğunda alternativ çuqun boruları doğrayıb 1 milyon dollara satmısan, hanı o pullar..?
Şahin Məmmədovun şəhid əsgərimizin atasını döyməsini, sahibkar xanım pul vermədiyi üçün ona kəllə atmasını qoyaq bir kənara... Şahin Məmmədovdan Harami düzündəki torpaqlara görə, söylədiyi 4 diplomat pulu soruşan olacaqmı..?
Şahin Məmmədovdan soruşan olacaqmı, ölkədəki yüzlərlə obyekti, torpaq sahələrini, fermaları, Bakıda mənzilləri, Ağcabədi şəhərində böyük mağazaları, maşın yuma sexini, böyük mebel mağazasını, iri maşınların təmiri sexlərini, avtomobillərin ehtiyat hissəslərinin satış mağazasını, Ağcabədi rayon Subartezian Quyularının İstismarı İdarəsinin həyətindəki “lepka” sexini, Alman qəsəbəsinin yerində beton zavodunu və aqlay sexini, Qarqar çayının yatağında daş, qum və çınqıl sexlərini və daha nələri hansı pulla alımısan..?
Biz hələ Şahin Məmmədovun Gürcüstandakı 1 milyon dəyərindəki villasını demirik. Həə, bax indi gəldik mətləb üstünə. Bəli, yuxarıda qeyd etdiyimiz kimi bu yoxlamalar illər öncə olmalı idi. Amma bu gün də gec deyil.
Bir şərtlə... Belə ki, Şahin Məmmədovun Samuxda, Ağcabədidə, Masallıda xalqdan və dövlətdən oğurladığı pullar, yüz milyonlar dövlətə qaytarılsa, buna yoxlama demək olar. Yoxsa, "xala xətrin qalmasın" yoxlama adı ilə “quş qoymaq”ın nə millətə, nə də dövlətə faydası yoxdur. Bir daha təkrar edirik ki, məmurlarda cəmləşmiş və dövlətimizin büdcəsi ilə bərabər olan pullar böyük təhlükə mənbəyidir. Şahin Məmmədov kimilər həbs olunmasa, həmin pullar müsadirə olunmasa, o boyda kapital xarici banklara, ofşor zonalara yol tapacaq.
Hətta bəzi məmurlar öz övladlarına xarici vətəndaşlıq alırlar ki, oğurladıqları pulları “əcnəbi övladlar”ının adına keçirsinlər və müsadirə olunmaqdan sığortalansınlar.
P.S. Bir zamanlar "Çibuş Şahin" adı ilə tanıdığımız birisi bazarda yanıbalalı inəyə meylli olduğu üçün onu alaraq, gətirib bəsləməyə başlayıb. Görəsən, Şahin Məmmədov "Çibuş Şahin"i tanıyırdı? //gundelik-baku.com//
 
Ardını oxu...
“Səhhəti ilə bağlı” Təhsil nazirinin müavini vəzifəsindən azad olunan Məhəbbət Vəliyevanın rəsmi fəaliyyətinə son verilsə də özfəaliyyəti hələ də davam etməkdədir. Deputat Etibar Əliyevin təbirincə desək “5-ci kolonun görkəmli nümayəsndəsi” olan bu xanım zamanında təyin etdiyi kadrlar vasitəsilə paytaxtın təhsil sektorunu nəzarətdə saxlayır, istədiyi kimi idarə edir. Bakı məktəblərini direktorla təmin edən Z.Əliyeva adına liseydən pərvazlanan və “Məhəbbətin qüdrəti” ilə vəzifəyə gətirilən şəxslər bu gün də öz himayədarlarına hesab verir və əmrlərini yerinə yetirirlər. “Məhəbbətin qüdrəti”ylə vəzifəyə gətirilən BŞTİ-nin müdiri Mehriban Vəliyeva isə deyəsən 5-ci kolonun Azərbaycan təhsilini məhv etmə əməliyyatının son akkordlarını vurur. Çünki onun fəaliyyətinə başqa ad vermək mümkün deyil. İnsan öz xalqına, dövlətinə nə qədər düşmən münasibət bəsləməlidir ki, onun gələcəyi olan təhsil sistemini bu qədər qəddarcasına məhv eləsin. Belə düşünmək olar ki, bu xanımlar qəsdən ölkədə təhsil sistemində narazılıqlar formalaşdırır, Dövlət başçısının, Mehriban xanımın bu sahədə atdığı addımları sabotaj etməklə məşğuldurlar. Bu əməllərin isə təbii ki, maddi maraqarla yanaşı siyasi maraqları da var. Vəzifədən uzaqlaşdırılan, heç bir səlahiyyəti olmayan birisi necə olur ki, hələ də paytaxtın təhsil sektorunu idarə edir? Məgər Bakının təhsil sitemini Vəliyevalardan başqa kimsə idarə etmək iqtidarında deyilmi? Hansı qüvvədir ki, bunları toxunulmaz edir, nazirlik içərisində nazirlik statusunda saxlayır ? Hətta bunların özgüvəni, arxayınlığı o həddədir ki, artıq direktor təyinatlarını kabinetlərdə yox, saunalarda, masaj salonlarında aparırlar. Dəniz mövsümü başa çatdığı üçün yəqin ki, yeni “hamam mövsümü”ndə təhsilimizin gələcək perspektivləri müzakirə olunacaq, Qəttəzə təyinatlar olunacaq. Bütün bunlar Azərbaycan təhsili adına təhqir deyilmi? Toplananların yerini dəyişəndə cəm dəyişmədiyi kimi Vəliyevaların da yerini dəyişəndə heç nə dəyişmir. Ölkənin paytaxtında təhsil adına bazar açanları nədən heç kim durdura bilmir? Bəlkə Bakının təhsilini 5-ci kolona “arendaya” veriblər, xəbərimiz yoxdur.

Bu gün paytaxt məktəblərində qanunsuz təyinatlar, 65 yaş həddini keçənlərlə müqavilələrin uzadılması, büdcədən kənar daxil olan vəsaitlərin sərfiyyatında şəffaflığın gözlənilməməsi, məktəblərin təchizatında qiymətlərin reallığı əks etdirməməsi adi hal alıb. BŞTİ-də vətəndaşların qəbulu sadəcə təhqiramiz formada aparılır. Qəbul otağı olmasına baxmayaraq idarənin alimənsəbləri özlərinə zəhmət verib kimisə qəbul etmir. İstidə-soyuqda şikayətə gələnlər küçələrə səpələnir, yaxşı halda mühafizə aparan polislər tərəfindən yola verilir.

Bu gün paytaxtın təhsil sistemi Məhəbbət Vəliyevanın xeyir-duası, Mehriban Vəliyevanın rəhbərliyi, Fuad Babayevin “maklerliyi” (ifadə deputat Etibar Əliyevə məxsusdur) ilə məhv edilir. Göz görəsi Azərbaycan təhsilinə divan tutulur, 5-ci kolonun təxribatları reallaşdırılır. Amma…

Maraqlıdır ki, bütün bunları bu sahəyə bilavasitə cavabdeh olanların hamısı görməzdən gəlir. Bununla bağlı cumhuriyyet.az bildirir ki, Deputat Etibar Əliyev və bir neçə təhsil ekspertinin dəfələrlə etdiyi çıxışlar, problemi işıqlandırmaları heç kimi narahat etmir. Sırf təhsil sektorunu kurasiya edənlər, cavabdeh olanlar deputatın, təhsil ekspertlərinin, geniş ictimaiyyətin dediklərinə heç bir reaksiya vermirlər. Milli Məclisin elm və təhsil komissiyası nədən həmkarlarının qaldırdığı problemlərə, səsləndirdiyi fikirlərə münasibət açıqlamır ? Prezident Aparatında bu sahəyə cavabdeh olanlar da «susmaq qızıldır» prinsipindən əl çəkmək fikrində deyillər.

Zamanında Ceyhun Bayramov tərəfindən təhsil sistemində yüksək vəzifələrə gətirilən, sonradan hörmətli Ceyhun müəllimin etimadını yerlə bir edən, müsbət reputasiyasına zərbə vuran vəliyevalar və onların komandası barədə tezliklə ciddi tədbirlər görülməzsə vəziyyət nəzarətdən çıxa bilər. Bütün fəaliyyəti ilə dövlətin təhsil siyasətini sabotaj edən, geniş ictimai narazılıq formalaşdıran, Azərbaycan təhsilini 5-ci kolonun təcrübə laboratoriyasına çevirən, Bakı məktəblərini böyük məhəbbətlə mehribancasına məhv edən qruplaşmaya qarşı ciddi tədbirlər görülməlidir. Mikayıl Cabbarova, Anar Ələkbərova müraciət edərək baş verənlərə təcili müdaxilə etmələrini, gələcəyimizi məhv etməyi hədəfləyən qruplaşmanın fəaliyyətinə son verilməsini təmin etmələrini xahiş edirik. Baş verənlərə susqunluq nümayiş etdirmək gələcəyimizə öz əlimizlə zərbə vurmağa bərabərdir. Biz hamımız övladlarımız-gələcəyimiz üçün narahatıq. Onların taleyi ilə oynayanları isə bu xalq, tarix bağışlamayacaq.
 //cumhuriyyet.net//

Dünyapress TV

Xəbər lenti