Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti Şəmkir maşın kanalının II növbəsininin zonasında təsərrüfatlararası paylayıcı kanalların layihələndirilməsi və tikintisi işlərinin satınalınması məqsədilə elan etdiyi açıq tenderə yekun vurub.Tenderin qalibi “Körpü-Bina-Tikinti” MMC olub və tərəflər arasında 8 990,846,26 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 30.05.2023-cü il tarixdə açıqlanıb.
Qeyd edək ki, Şəmkir maşın kanalının tikintisinə ötən əsrin 80-ci illərində başlanmış və inşası uzun illər yarımçıq qalmışdı. Kanalın yenidən qurulmasına 2006-cı ildən başlanılmış, davamı olaraq, 2015-ci ildən uzunluğu 27 kilometrdən çox olan kanalın ikinci növbəsinin tikintisinə başlanılıb.
2017-ci ilin avqust ayında Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin birinci mərhələsi üzrə qurğular da daxil olmaqla 8,55 kilometrlik hissəsinin istifadəyə verilməsi mərasimində Prezident İlham Əliyev də iştirak etmişdi.
Elə 2015-ci ildən də dövlət Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin xətti ilə ilə hər il kanalın tikintisi işlərinin satınalınmasına milyonlarla manat vəsait ayırır. Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, sözügedən qurum son illər “Körpü-Bina-Tikinti” MMC ilə bir neçə satınalma müqaviləsi bağlayıb. Milyonlarla vəsaitlər ayrılmasına baxmayaraq şirkətin çəkdiyi kanalın bəzi hissələrində beton üzlüyü aşınmış və bəzi yerlərdə çökmələr baş vermişdir ki, bu da böyük miqdarda su itkisi ilə nəticələnmişdir.
Odur ki, kanalın bu hissələrinin təmir-bərpasına hər il yenidən külli miqdarda vəsait ayrılmaqdadır. İndiyə qədər görülmüş işlərin müqabilində ayrılmış vəsaitlər isə doğurdan gözqamaşdırıcıdır.
”Şəmkir Maşın Kanalının nasos stansiyasının suvarma qabiliyyətinin artırılması və onun I növbəsinin təmir-bərpası” üzrə 45.142.513,69 manat məbləğində satınalma müqaviləsi 24.12.2020-ci il tarixdə;
Şəmkir maşın kanalının II növbəsinin zonasında təsərrüfatlararası paylayıcı kanalların tikintisi (II mərhələ) üzrə 14.410.000 manat məbləğində satınalma müqaviləsi 05.08.2020-ci il tarixdə;
Göründüyü kimi Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti təkcə Şəmkir maşın kanalının tikintisi işləri üzrə “Körpü-Bina-Tikinti” MMC ilə son üç ildə 68 543 359 manat məbləğində satınalma müqaviləsi bağlayıb.
Meliorasiya və Su Təsərrüfatı ASC Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin “Körpü-Bina-Tikinti” MMC ilə işbirliyi bunlarla bitmir. Birləşmiş Müdiriyyət 10.04.2019-cu ildə təsərüfatlararası paylayıcı kanallar üzrə (hansı kanallardan söhbət gedir, açıqlanmayıb) “Körpü-Bina-Tikinti” MMC ilə 9.528.000 manat məbləğində satınalma müqaviləsi bağlayıb.
Bunlardan əlavə Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti “Xətai rayonu, 2 saylı Zığ Zeytunçuluq Soxvozunun ərazisində yerləşən 86,44 ha bağ sahəsinin suvarma suyu ilə təminatı”-nı layihələndirib – tikinti işlərinin satın alınması üzrə 2.100.022,4 manat məbləğində satınalma müqaviləsini də 28.11.2022-ci ildə “Körpü-Bina-Tikinti” MMC ilə bağlayıb.
“Abşeron rayonunun Ərazisi üzrə Qala qəsəbəsi 3 nömrəli Qala Zeytunçuluq Sovxozu, Türkan Üzümçülük Sovxozu , Hovsan Zeytunçuluq Sovxozu və Abşeron Quşçuluq Sovxozunun ərazılərı olmuş 500,44 ha sahənın suvarma suyu ilə təmınatı”- nı layihələndirib – tikinti işlərinin satın alınması üzrə isə İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti “Körpü-Bina-Tikinti” MMC ilə 5.900.113,28 manat məbləğində satınalma müqaviləsini 28.11.2022-ci il tarixdə bağlayıb.
Göründüyü kimi Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti ilə “Körpü-Bina-Tikinti” MMC arasında son 4 il ərzində ümumilikdə 86 071 494 manat məbləğində satınalma müqavilələri bağlanılıb.
Qeyd edək ki, “Körpü-Bina-Tikinti” MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində 17.09.2001 tarixində dövlət qeydiyyatına alınıb. MMC-nin hüquqi ünvanı əvvəllər ABŞERON RAYONU, XIRDALAN ŞƏHƏRİ, QUŞÇULUQ YAŞAYIŞ MASSİVİ, ev 24 olub. Reystrdə hazırda hüquqi ünvan kimi BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, ƏHMƏD RƏCƏBLİ 2, ev 1 göstərilir. MMC-nin qanuni təmsilçisi əvvəllər Göyüşov Xəlili Əbdul oğlu olub.
Hazırda isə qanuni təmsilçi kimi Göyüşov Xaliq Avdil oğlu göstərilir. MMC-nin nizamnamə kapitalı 2016-cı ilə qədər 40 manat olub.06.29. 2016-cı il tarixdən şirkətin nizamnamə kapitalı 300 000.00 manata qaldırılıb. Qeyd edək ki, şirkət yarandığı tarixdən Bakıda və bölgələrdə çox milyonluq dövlət sifarişli layihələri həyata keçirib.
MMC-nin qanuni təmsilçi kimi Göyüşov Xaliq Avdil oğlu göstərilsə də, şirkətin başında ölkədə yol tikinti maqnatı kimi tanınan Xəlil Göyüşov dayanır. Bakıda inşa edilən körpü və tunellərdə tikinti işlərini həyata keçirən «Körpü-Bina-Tikinti» MMC Xəlil Göyüşovun rəhbərliyi ilə qatıldığı böyük layihələrdə böyük məbləğlərdə pulların yeyildiyinə dair məlumatlar yayılıb.
Onun adı bir neçə dəfə böyük tenderlərin “udulmasında” və dövlət qurumları ilə bazarlıq etməkdə hallanıb. Dövlət vəsaitlərinin nəqdləşdirilərək mənimsənilməsində iştirakçı olan Xəlil Göyüşovun geniş biznes şəbəkəsinə malik olduğu deyilir.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin direktoru Ramiz Vəkilova gəlincə. Verilən məlumatlara görə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sabiq sədri Əhməd Əhmədzadənin bu sahədə toxunulmazlıq statusu verdiyi şəxslərdən biri də Ramiz Vəkilov olub. Məlumatlara görə hazırda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri olan Zaur Mikayılov belə onu vəzifəsindən ala bilməyib.
Ramiz Vəkilovun da adı dövlət vəsaitlərinin talan edilməsində hallanır. Ramiz Vəkilov 30 ilə yaxındır ki, sözügedən vəzifəni daşıyır. Bu illər ərzində büdcədən ayrılan milyonlarla manat vəsaitin böyük hissəsi çay yataqlarının lildən təmizlənməsi, təsərrüfatlararası paylayıcı kanalların tikintisi, istismarı işlərinin aparılması adı altında mənimsənilir. Xəlil Göyüşov da milyonları məhz bu yollarla qazanır. Pullar ona Şəmkir kanalı ilə axan su kimi gəlir. Elə həmin kanallardakı supaylayıcı qurğular kimi hər tərəfə bölüşdürülür. Təbii ki, burada Ramiz Vəkilova da, yeni yaradılmış Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılova da pay vermək şərti ilə. (Aktualinfo.org)
Qlobal mədəniyyətin formalaşması,mədəniyyətlərin transformasiyalar nəticəsində xarici amillərin təsirinə məruz qalması,ölkəmiz qarşısında da yeni-yeni öhdəliklər yaradır.Bu mənada mədəniyyətimizin,tarixi abidələrimizin,qədim musiqi alətlərimizin,milli mətbəximizin- Azərbaycana məxsusluğunun qorunub saxlanmasında məsuliyyət Mədəniyyət Nazirliyinin,onun yerli şöbələrinin üzərinə düşür. Bu anlamda savadlı kadrlarla işlənilməyəndə əlavə problemlər ortaya çıxır. Nədən? Çünki işi, iş bilənə tapşırmadıqda,savadlı mədəniyyət işçiləri kənarda qaldıqda rayonlarda mədəniyyət abidələrimizin qorunub saxlanmasına biganəlik artır.O da faktdır ki,zamanla rayonlarda mədəniyyət şöbələrinə mühasib,zootexnik,hətta baytar ixtisaslı şəxslərin rəhbərlik etməsi səbəbindən tarixi abidələr istənilən şəkildə qorunmayıb bərpa və restavrasiya işlərindən kənarda saxlanılıb.Rəhbər şəxsləri mədəni abidələrin qorunması,abidələrə yanaşmada insanların maarifləndirilməsi deyil, pul qazanmaq maraqlandırıb.
Maliyyə yoxlamalarının nəticələri barədə məlumatlar açıqlananda ictimaiyyət bilib ki,bu idarələrdə artıq ödəmə, təyinatdan yayındırma,nəzərdə tutulan yanacaq pulunun mənimsənilməsi,lazımsız ştatların saxlanması kimi bir çox maliyyə pozuntularına yol verilib.Bir sözlə dövlət vəsaitinin mənimsənilməsində xüsusi istedada malik olublar.Eləcə də mədəniyyət şöbə müdiri olub ki,nazirinin adındakı axrıncı hərfin "Z" yoxsa "S" olduğunu bilməyib,hər ay katibəsindən soruşmaq məcburiyyətində qalıb. Deməli,sabiq Mədəniyyət nazirləri tərəfindən rayonlarda işlədilən belə şöbə müdirləri bölgələrdə yüksək mədəni xidmətin həyata keçirilməsində,poeziya günlərinin təşkilində maraqlı ola bilməzdilər,o cümlədən də yaşı əsrlərlə ölçülən abidələrin bərpasına yanaşma tərzləri istənilən şəkildə ola bilməzdi.Musiqi alətlərini tanımadan bu sahəyə rəhbərlik edənlərdə vardı,tarixi abidələrin yerləşdiyi yerlərin kommersiya strukturu kimi istifadəsinə razılıq verənlər də tapılırdı.Daha onlardan soruşan yox idi ki,musiqi mədəniyyəti tarixindən anlayışları varmı,musiqi alətlərini tanıyırlarmı,musiqi alətləri neçə qrupa bölünür,zərb alətlərinə hansı musiqi alətləri aiddir vəs. Qaldı saytların bu günlərdə Gəncə Dövlət Filarmoniyası və oranın direktoru Rəşad Yusifov barəsində yazdıqlarına, aidiyyatı şəxslər burada da qeyri adi heç nə axtarmazlar. Çünkü indiyə kimi bir çoxları musiqi alətlərini tanımadan şöbə müdiri işləyiblərsə, indi "not" bilməmək nədən təəccüb doğursun ki,düşünməzlərmi?
Yəni Gəncə Dövlət Filarmoniyasının direktoru Rəşad Yusifovun "not" nədir bilmədiyi halda, 200 nəfərə yaxın ali və orta ixtisaslı musiqi təhsilli müəllimlərə rəhbərlik etməsini qanun pozuntusudur, kimi demək,yazmaq hardasa Azərbaycan cəmiyyətində,Mədəniyyət Nazirliyində də təəccüb doğurmaz.
Göyçay rayonu, Bığır kənd sakini Seyidov Famil Ağasəf oğlu tərəfindən Hurriyyet.az saytınının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, 2023-cü ildə “Ege Hospital”da əməliyyat olunan atası həkim səhlənkarlığı nəticəsində ölüm təhlükəsi ilə üzləşib:
“Mən, Seyidov Famil Agasəf oğlu, yazaraq bildirirəm ki, atam Seyidov Ağasəf Babaş oğlu “Ege Hospital”da həkim səhlənkarlığının qurbanı olmuşdur. Bununla bağlı dəfələrlə Azərbaycan Respublikasının Baş Prokurorluğuna yazılı formada ərizələr versəm də, səhlənkarlıq edən həkimlər barəsində cinayət işi açılmır.
Belə ki, 15 fevral 2023-cü il tarixində atamın vəziyyəti qəflətən pisləşdiyindən, təcili olaraq xəstəxanaya yerləşdirdik. Bir neçə gün sonra Bakı şəhərində yerləşən “Ege Hospital”da əməliyyat olundu. Əməliyyatdan iki-üç gün əvvəl hospitalda atamın əməliyyatı üçün məndən 10 min AZN pul aldılar. Mən bu pulu atamı əməliyyat edən Seymur həkim və Emin həkimin köməkçisi olan xanıma hospitalda vermişəm. Əməliyyatdan əvvəl mən hospitalın hesabına 4500 manat pul keçirmişəm. Eyni zamanda 500 manat da həkimlər məndən özlərinə pul alıblar.
Tək dərdim atamın bir anda tez sağalmağı idi. Bu səbəbdən də borc-xərc edib, istədiklərini verirdim. Atam əməliyyat olunduqdan sonra hospitaldan bizə bildirdilər ki, hesaba ödənilmiş 4500 AZN pul geri qaytarılacaq, çünki İcbari Tibbi Sığorta Agentliyi tərəfindən əməliyyat həmin vəsait ödənilib. Daha sonra xəstəxana tərəfindən qaytarılan pulu Emin həkim məndən istəyərək bildirdi ki, atanın sağalması üçün bağırsaq və damar və s. almalıyıq. Qısa müddət ərzində hospitalda həkimin dediyi şəxs mənə yaxınlaşaraq 4500 manat pulu alıb getdi.
Qeyd edim ki, “Ege Hospital”ın həkimləri atamın əməliyyat olduğu xəstəliyi tam fərqli göstərərək, onu sığortalı kimi yazıb dövləti də, bizi də aldadıblar. Atamın xəstəliyi kəskin “Aorta anevrizma” (damar partlaması) xəstəliyidir. Ürək xəstəxanası və “Ege Hospital”ın həkimləri əlbir olub, bizim başımıza bu oyunu açıblar. Dəfələrlə Azərbaycan Respublikasının Baş Prokurorluğuna bununla bağlı müraciətlər etsək də, heç bir tədbir görülməyib. Atamın da vəziyyəti günü-gündən pisləşir. Hər gün evimizə təcili yardım gəlir.
Bütün bu yazdıqlarımı sübut etmək üçün əlimdə video çəkilişlər var. Dəfələrlə prokurorluq işçilərinə bu subutları təqdim etmək istəmişəm. Polislər həkimlərin bu biabırçı əməllərinin nə səbəbə gizli qalmasını istəyirlər, bilmirik.
Deməli, bu həkimlər kimlərəsə arxayındır ki, MRT (maqnit-rezonans tomoqrafiyası və ya nüvə-maqnit-rezonansı tomoqrafiyasının) aparat həkimini də öz saxtakarlıqlarına tabe edib, sənədləri dəyişiblər. Hər bir sübutlar məndə var. Necə rüşvət almaları ilə bağlı video çəkilişi və sənədlər barəsində olan subutları sizə təqdim edəcəm. Məni məcburi olaraq bu həddə çatdırıblar. Köhnə sənədləri onlara verən zaman geri qaytarmadılar. Çünki həmin sənəddə diaqnoz tamamilə başqa xəstəlik idi. Atam dövlətin sığortası ilə əməliyyat olunubsa, niyə məndən 15 min manat pul alıblar?
Bütün bu qanunsuzluqları Seymur və Emin həkim edib. Əlimizdə səs yazıları da var.Onlar həm pulumuzu, həm də atamın sağlamlığını alıb, heç olmasa onu müalicə etsinlər. Seymur həkim mənə telefonda söyüş söyüb, təhqir edərək cavab verir ki, “keşkə atanı stolda öldürərdim, çox səhv etmişəm”.
Bu özbaşınalığa son qoyulsun. Kasıb ailəyik, atamın sağalmağını istəyirik. Sağaltmırlar, heç olmasa verdiyimiz pulları geri qaytarsınlar, başqa yerdə müalicə etdirək.
Məsələ ilə bağlı Prezident Administrasiyasında qəbulda olmuşuq. Fuad Ələsgərovun tapşırığından sonra işi Nərimanov rayon Prokurorluğuna verdilər. Məni çağırıb izahat aldılar. Nərimanov rayon Prokurorluğundan deyirlər ki, bu mülki işdir, biz heç nə edə bilmərik, məhkəməyə müraciət etməlisiniz.
Onu da qeyd edim ki, mənim oxumaq və yazmaq savadım yoxdur. Məhkəmə pulsuz iş görmür, dövlət rüsumlarını necə ödəyim?
Hörmətli redaksiya! Sizdən xahiş edirəm, mənim səsimin prezidentə və lazımi orqanlara çatması üçün köməklik göstərəsiniz”.
v Xatırladaq ki, bu yaxınlarda aktualxeber.az saytında “DYP sistemində Kamran Əliyev fenomeni” başlıqlı məqalə dərc etmişdik. Məqalədə qeyd etmişdik ki, 2020-ci ilin ilin oktyabrında İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevə yeni vəzifə verilərək o, Baş DYP İdarəsinin rəis müavini, eyni zamanda, İmtahan Qeydiyyat İdarəsinə rəis təyin olundu. Aktualxeber.az saytı təyin edildiyi gündən bəri bu şəxsin DYP-də hansı yeniliklərlə yadda qaldığı barədə araşdırma aparıb. DYP sistemindəki rüşvət və korrupsiyadan danışarkən ilk ağla gələn birbaşa Kamran Əliyevin rəhbərlik etdiyi sürücülük vəsiqəsinin verilməsidir. İlk baxışdan K. Əliyev deyə bilər ki, nəzəri imtahanlar test üsulu ilə keçirilir və kim 10 suala doğru cavab yazırsa, sürücülük vəsiqəsini ala bilir. Düzdür, nəzəri sürücülük imtahanları test üsulu ilə keçirilir. Ancaq əslində isə bu gün 1.000 manat rüşvət verməyib sürücülük vəsiqəsi alan adamları barmaqla saymaq olar. Onu da qeyd edək ki, K. Əliyev bu vəzifəyə təyin olunana qədər qiymət 900 manat idi. İmtahan keçirilən zalın yaxınlığında gəzişən maklerlər vasitəsi ilə imtahan komissiyasına 1000 AZN verən şəxs 2 saat ərzində sürücülük vəsiqəsini almış olur. Verməyən “kəsilir” və yenidən imtahan vermək üçün 15 gün gözləməli olur. Nəzəri imtahanı verən şəxsi digər tərəfdən də “yezda” adlanan sürücülük qabiliyyətini yoxlayan imtahanda süni olaraq sıxışdırırlar. İmtahandan keçən şəxslərə “yezda” imtahanı zamanı elə avtomobil verilir ki, həmin şəxs onu idarə etməkdə çətinlik çətir və nəticədə kəsilir. Dövlət Yol Polisi sistemində ən çox korrupsiya və rüşvətxorluq halları yenə də Kamran Əliyevin kurasiyasında olan avtonəqliyyat vasitələrinin uçotu, qeydiyyatı və digər rəsmiləşdirmə sahəsindədir. Onlardan qanunla nəzərdə tutulmaş məbləğdən əlavə rüşvət tələb edilir. Əks təqdirdə, bürokratik əngəllərlə vətəndaşlar get-gələ salınır. Baş Dövlət Yol Polis İdarəsində hər bir otagın oz məzənnəsi var.Vətəndaş maşınını texniki baxış bokslarından keçirdikdən sonra 3-cü otaga keçir və burada alqı satqı müqaviləsi baglayarkən vətəndaşdan qanunsuz olaraq 10 azn pul tələb olunur.Əlində Bankın verdiyi 10 manat odəniş qəbzinin olmasına baxmayaraq vətəndaşdan yenidən 10 manat tələb edirlər.Buna etiraz edən vətəndaşa isə ag vərəqi verib “ged ozun sənədi doldur gətir” deyirlər. Nəticədə isə bunu bacara bilməyən vətəndaşlar onların məcburən dedikləri 10 manatı verməli olurlar. Mülki geyimdə otaqda oturmuş bir kişi və bir xanım bu müqavilə üçün 10 azn manat tələb edir. Hələ 5-ci otaqda oturmuş polis mayoru avtomobilin girovdan çıxarılması üçün vətəndaşlardan qanunsuz olaraq 10 manat tələb edir.Bundan başqa 1-ci otaqda oturmuş polis əməkdaşı bir mohuru 10 azn-ə vurur. Bunlar hələ bizim gordüklərimiz və müşahidə etdiklərimizdir.Bu xərclər və rüşvətlə bir yerdə vətəndaşın orda ucuz və mühərrikinin həcmi kiçik olan avtomobilə adi nömrə almaq üçün ən azı rüsumundan iki dəfə artıq, yəni 250-300 manat pulu çıxır. Azərbaycanda avtomobillərin dövlət nömrə nişanlarına olan maraq nömrələrin qiymətini fantastik dərəcədə artırıb. Nömrə biznesi də birbaşa Kamran Əliyevin kurasiyasıdır. Belə qənaətə gəlirik ki, bu şəxsin vəzifəyə təyin edilməsindən sonra rüşvətlə alınan pulların miqdarı daha da artıbdır. Biznesini genişləndirən və gəlirini artırmaq qərarına gələn K.Əliyev 77 seriyası ilə başlayan nömrələri açıq-aşkar satmaqdadır. Bu işləri görmək üçün isə o, DYP-də yeni korrupsioner şəbəkə formalaşdırmışdır. Bütün günü şəhərdə seriyaları açılmamış avtomobil nömrələri ilə şütüyən maşınları görə bilərsiniz. Məsələn 77 LL 777 seriyası ilə gəzən “NİVA” və 77 ZZ 777 seriyalı “Mersedes” avtomobillərinə hamı şəhərdə rast gələ bilər.77 ilə başlayan qarışıq hərflərlə olan, sonluğu da 777 olan avtomobil nömrəsinin qiyməti 20.000 manatdır. Bu nömrənin rüsumu cəmi 1.000 manatdır. Eyni hərflərlə olan nömrələrin rüsumu isə 1500 manat olsa da, DYP-də K.Əliyev onu 30.000 manata satır. Rüsumla satılan nömrə arasındakı fantastik fərqi hesablamaq üçün riyaziyyatçı olmağa ehtiyac yoxdur. Qarşı tərəfi də dinləməyə hazırıq. //aktualxeber.az//
Haqqında bəhs etmək istədiyimiz Fövqəladə Hallar Nazirliyi ( FHN ) ilə bağlı bir məsələyə toxunmaq istəyirik. Belə ki, bir neçə il əvvəl FHN-nin nazir müavinlərinin sayı 4-dən 7-yə qaldırıldı. Bütün dünya bütövlükdə mobil idarəetməyə üstünlük verir. Yəni rəhbər işçilərin sayı azaldırılır, artıq qurumlar ixtisar olunur, bir sözlə, dövlətin yükü azaldılır. Amma bizdə əksinə proseslər baş verir. Təsəvvür edirsiniz, nazirin xeyli sayda müavinləri, müşavirləri, köməkçiləri və daha nələr... Bu nəyə lazımdır? Axı, bu rəhbər işçilərin hər birinə kabinet, sürücü, katibə, gələcəkdə yüksək pensiya və daha nələr. Sözün qısası, FHN-nin 7 nazir müavinlərindən biri hələ də Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevdir. Təsəvvür edirsiniz, Ramiz Mehdiyevin oğlu 1 il MTN-də, 2 il DİN-də, 3 il XİN-də, 2 il İdman və Gənclər Nazirinin müavini, 4 il Mədəniyyət nazirinin müavini, sonra “Miqrasiya naziri”nin müavini, sonradan indiyədək isə FHN Nazirinin müavini işləyir. FİKİR VERDİNİZMİ..? Ramiz Mehdiyev özündən və nəslindən qat-qat ağıllı və savadlı adamların hər birini ayrı ayrılıqda ləkələyərək, həbsxanalara saldırdı, onları ləkələdi, gələcəklərini inanılmaz dərəcədə narahat duruma saldı. Amma öz oğlunu nazirliklərdə vəzifə kürsüsündə dolandırdı. Gör insan nə qədər yarıtmaz fəaliyyətə malikdir ki, bir nazirlikdə duruş gətirə bilmirdi. Nə qədər saymamazlıq edirmiş ki, o nazirlikdən bu nazirliyə yerini dəyişdirirmişlər. Bəli, Ramiz Mehdiyev və ailəsi haqqındakı yazı başqa bir yazının mövzusudur. Mövzumuz Ramiz Mehdiyevin oğlu ilə bağlı olmadığı üçün keçək əsas mövzuya. Bəli, FHN nazirinin 7 müavinindən biri də Orucəli Hacıyevdir. Orucəli Hacıyev kimdir, nəçidir..? Deməli, Orucəli Hacıyev Orucəli Məmməd oğlu Hacıyev 1959-cu ildə aprelin 20-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. Naxçıvan Dövlət Pedaqoji İnstitutunu bitirib və İBTİDAİ SİNİF MÜƏLLİMİDİR. Bir müddət Naxçıvanda ibtidai sinif müəllimi işləməklə bərabər, qara metal alveri ilə məşğul olub. DƏMİR ALIRAM, METAL ALIRAM...məsələsi... Yəni "Quska", Əli Həsənov komandası. Sonra metal satmaqdan FHN-ə transfer edib. Təsəvvür edirsiniz ibtidai sinif müəllimi hara, FHN GENERALI HARA..? Bu adamın adı nələrdə hallanmır ? Mediada yayılan xəbərlərdən bəlli olur ki, Ukraynada öldürülən iş adamının anası deyir ki, Orucəli mənə dedi ki, sənin oğlunu general Rövşən Əkbərov öldürüb…Amma sonra sözünü dandı. Bu əməlin adı Cinayət Məcəlləsində cinayəti bilib gizlətməkdir. Mediada yayılan digər xəbərdən bəlli olur ki, Orucəli Hacıyev Pirşağıda vətəndaşları aldadaraq 2 hektar torpaq sahəsini ələ keçirib. Belə ki, Orucəli Hacıyev 16 nəfər şəxsin 2 hektar torpaq sahəsini alıb orada istirahət kompleksi tikmək istəyib. Və vətəndaşlardan etibarnamə alaraq torpaqları ələ keçirib. Bu işdə Orucəlinin yaxın dostu “Axund” FTKA şirkətinin sahibi Fuad Axundov vasitəçilik edib. Ümumiyyətlə, indi nazir müavini olan Orucəli Hacıyev 90-cı illərdə qara metalın topdan alış məntəqəsini işlədib və bu sahədə monopolist olub. Qara metal işinin Paolo Pərvizin monopoliyasına verilməsindən sonra işləri yarımçıq qalan Orucəli Hacıyev Azərbaycanı tərk edib və Ukraynada yaşayaraq İrana qara metal ixracı ilə məşğul olub. Bəli, eşitdiyimizə görə Orucəli Hacıyevin İranla bu gün də biznes əlaqələri var. Sözün qısası, Orucəli Hacıyev 2006-cı ildə Azərbaycana qayıdaraq yeni yaradılan Fövqəladə Hallar Nazirliyində nazir müavini vəzifəsinə təyin edilib. Orucəli Hacıyev nazir müavini olmaqla yanaşı “Babək-97” şirkətini yaradaraq ölkədə sement satışını demək olar tam mənada inhisara alıb. Respublikaya hər ay 50 min ton sement idxal edən “Babək-97” firması FHN-nin əsas podratçı şirkətidir. Ölkənin fövqəladə hal baş verən bütün bölgələrində tikintilərə sement verilməsini məhz bu firma təşkil edir. Orucəli Hacıyevin adı mediada həm də ayı ovlamaq məsələsində hallanır. Bəli, Orucəli Hacıyev Şamaxıda böyük torpaq sahələrini ələ keçirib, orada otel və villa tikdirib, hətta deyilənə görə qoruq ərazilərində ayı ovlayır. Hətta bir vaxtlar Orucəli Hacıyevin ayı ovlaması ilə bağlı mediada video yayılmışdı, sonrada hamısını pul verib sildirdi. Orucəli Hacıyevin adı həm də mediada dəhşətli intihar hadisəsində hallanır. Belə ki, sahibkarın həyat yoldaşı Prezident İlham Əliyevə müraciətində yazır ki, Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyevin bacısı oğlu Sunay Əliyev dayısının adından vədlər verərək həyat yoldaşımı klinker (sement istehsalı üçün xammal ) alqı-satqısına cəlb etməklə onun və mənim külli miqdarda pulumuzu mənimsəyib. Respublikaya klinker gətirilməsinin Orucəli Hacıyevin nəzarətində olduğunu deyən bacısı oğlu sahibkarı müflis vəziyyətinə salıb. Və sonda sahibkar özünü güllə ilə vuraraq öldürüb. Ancaq bütün bunlarla bağlı Orucəli Hacıyev mətbuata heç bir açıqlama verməyib, susmağa üstünlük verib. Onu da qeyd edək ki, Orucəli Hacıyevin oğlu Elvin Hacıyev də atasından geri qalmır. İndi isə Elvin Hacıyevin şirkətlərinin və mülklərinin siyahısına nəzər salaq: – “BOL SÜFRƏ” MMC – “BABYLON-GROUP” MMC – “BABYLON AQRO” MMC – “BT PROJECT” MMC – “APİ DELTA GROUP” MMC QAX RAYONU, LƏKİT kəndində hüquqi qeydiyyata alınıb). – Bakının Zirə qəsəbəsində 4.4 hektarlıq əsasən pomidor yetişdirilən İSTİXANA (“BOL SÜFRƏ” MMC); – Qax rayonunda 2000 arı ailəsindən ibarət ARIÇILIQ TƏSƏRRÜFATI və BAL EVİ (“Api Delta Group); – Şurabad qəsəbəsində 30 hektardan artıq sahədə süni göllərdən ibarət NƏRƏ VƏ SAZAN BALIĞI FERMASI (“Babylon Agro”); – SULTANAHMET KÖFTECİSİ – Səbayel rayonu Əbdülkərim Əlizadə küçəsi 16 (“Babylon Group”); – SULTANAHMET KÖFTECİSİ METROPARK (7-ci mərtəbə) – (“Babylon Group”); – SULTANAHMET KÖFTECİSİ PARK BULVAR (Ticarət Mərkəzinin 3-cü mərtəbəsi) – “Babylon Group”); “Babylon Group” eyniadlı köftəxanaları Batumidə, Qazaxıstan və Rusiyada da açmaq üçün brend sahibi olan GATE 25 RESTORANI ailəsi ilə razılıq əldə edib. – Xocalı prospektində, Dəmirçi Towerin 25-cı mərtəbəsində fəaliyyət göstərən GATE 25 bar-restoranı (“BT Project” MMC). – Bakının “Torqovıy” kimi tanınan ərazisində, Rəsulzadə küçəsində fəaliyyət göstərən TARHUN RESTORANI (“Babylon Group”) – TARHUN (METROPARK) adı ilə daha bir restoran Təbriz küçəsindədir. – Nazir müavininin oğlu nizamnamə kapitalı 11688495.00 AZN, illik dövriyyəsi 4 milyon dolları aşan TECHNOİL şirkətinin həmtəsisçisidir. TECHNOİL-un Sumqayıtda, Sülh küçəsində yerləşən müəssisəsi mühərrik və sənaye yağları istehsal edir. Görəsən adi ibtidai sinif müəllimi olan Orucəli Hacıyev bu boyda biznes imperiyasını hansı yolla yaradıb..? Bu artıq hüquq-mühafizə orqanlarının işidir. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//
Unutmaq olmaz ki, bu mağazanın kassalarında işləyənlər meyvə-tərəvəz şöbəsində maldaşıyan, fəhlə işləyən şəxslərin də görməli olduqları işləri görürlər
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki “Aygün Moll”un yaxınlığında fəaliyyət göstərən ,,Bazarstore” mağazasının çoxsaylı müştərilərə necə xidmət göstərməsi haqda az-çox məlumatı olan hər kəs, az qalır ki, bu məmləkətdən baş götürüb qaçsın. Çünki, bu ,,Bazarstroe”nin özünə məxsus fırıldaq əməlləri, “minbir oyun” qaydaları var desək, heç də yanılmarıq. Axı, niyə də ki, yanılaq? Çünki, bunu isbatlamaq heç də o qədər çətin iş deyil. Belə ki, təqribən dörd-beş gün bundan öncə həmin ,,Bazarstroe”dən bir qədər alış-veriş etdim və kassaya yaxınlaşıb ödəmələri həyata keçirmək istədim. Həmin vaxt kassada çalışan xanım mənə bildirdi ki, “sizin etdiyiniz bazarlıq 62 manat təşkil edir”. Düzdür, həmin vaxt ödəniş edib yoluma davam etdim. Bir qədər aralı məsafəyə getdikdən sonra, alış-veriş etdiyim malların qiymətinə baxıb onu dəqiqləşdirə bildim ki, kassada işləyən xanımın mənə verdiyi ƏDV-də 1 neçə kq çəkidə olan pomidorun üstünə ərik meyvəsinin qiyməti, yəni 27 manata yaxın pul yazılıb. Bunu görüb dərhal geri qayıtdım və bu məsələni araşdırmağa başladım. Mağaza əməkdaşlarının iştirakı ilə apardığım araşdırma zamanı məlum oldu ki, ,,Bazarstore” mağazasında çalışan əməkdaşlar ya bilərəkdən, ya da ki, bilməyərəkdən ciddi səhvə yol veriblər. Həmin vaxt kassada işləyən xanım mənə “Müəllim, səhv düşüb, sizdən üzr istəyirik” deməklə, bir növ o, vəziyyətdən çıxmağa çalışdı. Deməli, mən öz haqqımı- hüququmu bilməsəydim, yaxud da üzüyola çıxıb getsəydim, o halda bu cür fırıldaq əməli ilə hesablaşılmalı idi. Qeyd edim ki, həmin “Bazarstore” böyük marketdir və elə hallar olur ki, adicə bu mağazanın şirniyyat şöbəsindən şirniyyat alan müştəri, alış-veriş etdiyi mallara görə ödəniş edərkən, kassiri təqribən 40 dəqiqə ərzində gözləməli olur. Çünki, bu mağazanın kassasında çalışan işçi kassaya gəlməlidir ki, müştəri etdiyi bazarlığını götürüb gedə bilsin. Onu da unutmaq olmaz ki, bu mağazanın kassalarında işləyənlər meyvə-tərəvəz şöbəsində maldaşıyan, fəhlə işləyən şəxslərin də görməli olduqları işləri görürlər. Belə bir səbəbdən də, çox zaman onları kassa arxasında tapmaq müşkül məsələyə çevrilir. Bu mağazada yaşanan əsas problemlərdən biri də ondan ibarət olur ki, meyvə-tərəvəz şöbəsində çalışanlar satdıqları məhsulların qiymətini mükəmməl bilmədiklərindən, çox zaman onlar gedib malların qiymətini baş admistratordan soruşurlar və daha sonra müştəriyə aldığı məhsulları çəkib verirlər. Həmin gün belə bir olayla üz-üzə qaldığımdan kassada çalışan xanım satıcıya ərkyanə şəkildə “Ay xanım, əgər bu mağazada işçi tapılmırsa məni də işə götürün, vallah-billah canbaşla işləyərəm. Axı, mən burada təqribən 40 dəqiqədir ki, sizi gözləyirəm” dedikdə, o, mənə “Yox, yox, heç cür olmaz! Bizə yaşlı adamlar yox, yalnız gənclər lazımdır” cavabını verdi.
Onu da qeyd edim ki, ötən ayların birində ev şəraitində xaş bişirmək məqsədilə bu mağazadan iribuynuzlu mal-qaraya aid dəst ayaq almışdım. Elə ki, həmin ayaqları bişirməyə başladıq, o halda qonşuluğumuzda yaşayan qonşular da dilə gəldilər. Yəni, birbirinə yaxın məsafədə yerləşən həyət evlərində yaşadığımızdan, evdə bişirdiyimiz xaşın iy-qoxusu ətrafa yayılır və qonuşulardan bəziləri “Ay qonşu bu nə iy-qoxudur?” deyib, sanki bizə qarşı əməlli-başlıca narazılıq etməyə başladılar. O halda dərk edib başa düşdüm ki, “Bazarstore”dən bağlı şəkildə, don vəziyyətdə aldığım ayaqlar xarab imiş. Düzdür, bununla bağlı mağazanın səlahiyyətli şəxslərinə narazılığımı ifadə etdim. Az sonra xəbər bildim ki, rəhbərlik həmin ayaqları mənə satan işçini işdən çıxarıb. Bu cür addımı atmaq, heç də ümumi vəziyyətdən çıxış yolu deyil.
Bəli, “Bazarstore”də bu cür xoşagəlməz vəziyyətin əmələ gəlməsinə əsas səbəb, işi-gücü az-çox bilən işçilərin uzun müddət ərzində burada qalıb çalışmamaları olur. Bu yöndə əldə etdiyimiz məlumatlara görə, iş axtaran gənclər bir neçə gün bu mağazada çalışıb işi-gücü az-çox öyrənsələr də, onlar çox keçmir ki, əmək haqlarının az olması səbəbindən işdən çıxıb gedirlər. Belə bir səbəbdən də, bu mağazada ixtisaslaşmış işçi tapmağın özü müşkül məsələ olur. Təəccüblü hal odur ki, kifayət qədər mal dövriyyəsi və gəlirləri olan “Bazarstore” mağazasında işçilərə normal əmək haqqı verilmir. Amma, onu da unutmaq olmaz ki, bu cür vəziyyətlərdə daha çox əziyyət çəkən çoxsaylı müştərilər olurlar. Deməli, bu gün Bakıxanov qəsəbəsindəki ,,Bazarstore” mağazasının rəhbərliyini müştərilərə göstərilən xidmətin səviyyəsini yaxşılaşdırmaq yox, hər nə yolla olursa-olsun, daha çox var-dövlətə sahib olmaq istəyi düşündürür. Yazida adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik. Mövzuya qayıdacağıq. Deryaz.az
Göyçay rayonu, Şəhadət kəndinin birinci küçəsindəki kollektor-drenajda antisanitar vəziyyət yaranıb.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Ərazidə yaşayan sakinlər bildiriblər ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Baş Şirvan kollektorunun İstismarı İdarəsinin unutduğu, baxımsız saxladığı kollektorlardan biri şəhid polkovnik-leytenant Vidadi Xəlilovun adını daşıyan küçədən digər küçəyə keçidi məhdudlaşdırıb:
“Hazırda həmin küçənin sonunda avtomobillərin hərəkətinin davam etdirilməsi mümkün olmur. Buna səbəb rayonun Şəhadət kəndinin birinci küçəsindəki kollektorun tam mənada kol-kos və zibil tullantıları ilə tutulması, keçid körpüsünün olmamasıdır. Sel sularının axıb getməsi də mümkünsüzdür. Qeyd edək ki, sel sularının axıdılması üçün nəzərdə tutulan kollektora Baş Şirvan Kollektorunun İstismarı İdarəsi nəzarət edir”.
Azərbaycanın görkəmli travmataloqlarından biri olan Məzahir Məmmədov Şəmkir Rayonu Kür qəsəbəsində yerləşən xəstəxana haqqında yazıb.
TEREF.AZ-ın gununsesi.info-ya istinadən xəbərinə görə, tanınmış həkim milyonlarla vəsait hesabına təmir olunan bu xəstəxananın fotolarını paylaşayaraq, indi baxımsız qaldığını deyib.
Onun açıqlamasını təqdim edirik: Ölkənin məşhur travmatoloqu TƏBİB-ə üsyan etdi
Bir neçə il bundan əvvəl milyonlarla vəsait hesabına yüksək səviyyədə əsaslı təmir və müasir avadanlıqlarla təchiz olunmuş Kür qəsəbə xəstəxanasının yetim qalan görüntülərini təqdim edirəm. Vaxtilə 15 il çalışdığım bu xəstəxanada ölkəmizin müxtəlif guşələrindən minlərlə xəstə şəfa tapıb.
Hərsahəli çalışan ,müasir yanaşmalar sərgiləyən tibb kollektivi vardı. İndi boş qalıb. Zamanında dörd tərəfdəki yaşayış məntəqələrinin əlli mindən çox sakininə ambulator və stasionar xidmət edilirdi. Bu gün Kür qəsəbəsi yuxarıların yadından necə çıxıbsa,xəstəxana da eləcə yaddan çıxıb. TƏBİB-in “möhtəşəm” fəaliyyətinin bütün ölkədə nəticəsi budur”.
Ağstafa rayon hərbi komissarının fəaliyyəti bazar iqtisadiyyatına uyğun qurulmaqdadır. Burada kapitalizmin yırtıcı qanunları işləyir. Ona görə Ağstafanın hərbi komissarı bəzi hallarda kimlərinsə gözünün düşməni, kimlərinsə gözünün işığı olur. Çünki hərbi komissar onun maddi maraqlarını təmin edənləri razı yola salır, edə bilməyən kasıb-kusub, yoxsul, qarnına bir tikə çörək tapa bilməyənləri isə narazı... Bəs, bu necə olur? Sualın sadə cavabı var: bazar qanunları. Yəni pulunu verən Ağstafa hərbi komissarlığında "şəklini çəkdirir", verməyən isə xəstə ola-ola hərbi xidmətə göndərilir. Yada salaq ki, bu günlərdə buna dair məlumat yaymışdıq. Məlum olmuşdu ki, xəstə bir yeniyetməni əsgərliyə aparırlar. Həmin gənc Əhmədov Elşən Tanrıverdi oğludur. Onun anası bildirmişdi ki, Ağstafa hərbi komissarlığı uşağı yoxladı, dedilər ki, guya problemi yoxdur. Onun sözlərinə görə, övladı Qazax xəstəxanalarında yatıb, uşaqda özündəngetmə halları var, rabitəsiz hərəkətlər edir, gecə oyanır və evdə gəzməyə başlayır, yəni belə bir xəstə uşaqdır. Ancaq yenə də uşağı əsgərliyə aparıblar. Ancaq bu ilk fakt deyil, dəfələrlə belə xəstə uşaqlar əsgərliyə aparılıb. Hətta bundan əvvəl xəstə uşağı əsgər aparmamaq üçün valideynindən 1000 manat tələb olunmuşdu. AnaXeber.info bildirir ki ,bu məsələ barədə yuxarı dairələrə məlumat verildikdən sonra Ağstafa hərbi komissarının müavini işindən azad olundu. Yəni komissar müavini qurban verərək özünü təmizə çıxarmağa çalışdı. Lakin hərbi komissar bu gün də qanunsuz əməllərini davam etdirir. Baxmayaraq ki, onun xəstə uşaqları əsgər göndərməsi faktları dəfələrlə gündəmə gəlib, hələ də öz iş "prinsip"lərindən əl çəkməyib. Onun öz müavinini "günah keçisi" kimi qurban verməsindən sonra gözlənilirdi ki, bəlkə öz fəaliyyətini korrektə edər, ən azı əvvəlki addımları bu dərəcədə təkrarlamaz. Amma göründüyü kimi, hələ də Ağstafa hərbi komissarlığında pul vermədinsə xəstə uşaqları əsgərliyə aparırlar. Görünən budur ki, Ağstafa hərbi komissarlığında "Dəmir yumruq" qaydaları hökm sürməlidir və şöbədə ciddi araşdırmalar aparılmalıdır. Çünki hərbi komissar xəstə uşaqları əsgərliyə göndərərkən "uf" da demir və onların valideynlərinin hansı hisslər keçirdiklərini, nələr yaşadıqlarını anlamaq istəmir. Ümumiyyətlə, xəstə bir gənci rüşvət verə bilmədiyi üçün orduya xidmətə göndərmək rəzalətdir. Üstəlik, söhbət qalib Ordudan, müharibədə zəfər çalmış müzəffər ordudan gedir. 44 günlük Vətən müharibəsindən sonra bu cür neqativ hallara son qoyulmalıydı, amma Ağstafa hərbi komissarı üçün fərq etmir, yenə də köhnə əməllərindən geri qalmır. Həmçinin, bir müddət əvvəl mediada məlumat yayılmışdı ki, xidmətə yararsız hərbi qulluqçuların komissiyyadan keçirilməsi zamanı onlardan 200-300 manat arası tələb edilir. Bundan əlavə hərbi xidmətə səfərbər edilən hərbi qulluqçuların xidmət yerlərinin öncədən təyin edilməsi prosesi hərbi birləşmələrin yerləşdiyi rayonlardan asılı olaraq müxtəlif vəsait müqavilində həyata keçirilir. Qeyd olunur ki, əgər araşdırılsa, Ağstafa rayonunda xeyli sayda sağlam gənc müxtəlif yollarla hərbi xidmətə “yararsızlaşdırılıb"".
Nəsimi rayonu Hüseynbala Əliyev küçəsində yerləşən Heydər Əliyev adına parkda ağaclar kəsilib. Reportyor.info-nun əməkdaşı baş verənlərin şəxsən şahidi olub və bütün bunları videolentə alıb. Daha sonra apardığımız araşadırmalar zamanı ağacların inşaat işləri ilə əlaqədar kəsildiyi üzə çıxıb. Məlum olub ki, “Kristal Abşeron” şirkəti ərazidə hündürmərtəbəli bina tikir.
“Kristal Abşeron” MTK Azərbaycanın inşaat sektorunda aparıcı şirkətlərdən biridir. Şirkət əsasən Bakı və Sumqayıtda hündürmərtəbəli yaşayış binaları tikir. Şirkət əvvəl Qapalı Səhmdar Cəmiyyəti kimi fəaliyyət göstərib. Ötən il isə təşkilati hüquqi formasını dəyişərək MTK-ya çevrilib. Şirkətin qanuni təmsilçisi İbrahim Dostumalıyevdir. Lakin mediada gedən məlumatlardan aydın olur ki, o, MTK-nın sahibi deyil. “Kristal Abşeron” deputat Ağalar Vəliyevin şirkəti kimi tanınır. Ağalar Vəliyev 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən deputat seçilib. Onun deputatlıq karyerası 2010-cu ildən başlayır.
Yəni, Ağalar Vəliyev 13 ildir deputat mandatı daşıyır. O, həm də “Azəraqrartikinti” ASC-nin Müşahidə Şurasının sədridir. “Kristal Abşeron”un adı bir sıra qalmaqallarda hallanıb. Xüsusilə, şirkətin inşa etdiyi binalardakı idarəedilməsində sakinlərin üzləşdiyi problemlərlə bağlı mediada kifayət qədər material yer alıb.
Qalmaqallı deputat
A.Vəliyevi ictimaiyyət millət vəkilindən daha çox iş adamı və “Azəraqrartikinti” ASC-nin rəhbəri kimi tanıyır. Mətbuatın monitorinqi göstərir ki, Ağalar Vəliyevi də Milli Məclisin ən qalmaqallı və qanunverici orqana nüfuz gətirməyən deputatlarından biri hesab etmək olar. Deputatla bağlı “Google” beynəxalq axtarış şəbəkəsində cumhuriyyet.az olaraq apardığımız qısa araşdırma zamanı qarşımıza çıxan ilk xəbər başlıqları belədir:
“Villası ilə Prezident Sarayını kölgədə qoyub, akvariumunda delfin saxlayan “Alabala”- Ağalar Vəliyev”(Yenicag.az); “Millət vəkili Ağalar Vəliyev Eldar Mahmudovun “toru”na necə düşüb?”(miq.az); “Ağalar Vəliyevin biznes gizlinləri, villası və mandat “legitimliyi” – ARAŞDIRMA”(arqument.az); “Deputat Ağalar Vəliyev şirkətində “şpion” axtarır”(liderinfo.az); “Ağalar Vəliyev bir ailənin faciəsinə səbəb ola bilər…”(bakunews.az); Deputat Ağalar Vəliyev yaralı tankçıya baş çəkib(azpolitika.info); “İcra başçısıyla deputat arasında qalmaqal – 4 hinduşkaya DSK sədri postu?” (aznews.az).
Ağalar Vəliyev susmaq üçün mandat alıb?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, deputat Ağalar Vəliyev son 7 il ərzində Milli Məclisin neçə iclasında iştirakı bizim üçün təəssüf ki, qaranlıq qalıb. Lakin cumhuriyyet.az olaraq bizi maraqlandıran məsələlərdən bəzilərinə parlamentimizin stenoqramlarından cavab tapa bilmişik. Yəni, “Azəraqrartikinti” ASC sədrinin parlament müzakirələrində iştirakının statistikasını müəyyənləşdirə bilmişik. Həmin statistikaya diqqət yetirib uyğun nəticəyə gəlmək heç də çətin deyil. Elə buradaca qeyd edək ki, bu açıqlamalarla heç də Ağalar müəllimin işgüzar nüfuzunu aşağılamaq fikrində deyilik. Lakin əlahəzrət həqiqətdən də qaçmaq olmur. Burada söhbət deputatın Azərbaycan parlamentinə sayğısının güzgüsünə çevrilmiş fəaliyyətindən gedir. Milli Məclisin iclaslarında demək olar ki, danışmayan millət vəkilinin sessiya və iclaslarda iştirakının nə mənası var? “Azəraqrartikinti” ASC-nin rəhbəri və onun kimi danişmayan biznesmen deputatlar öz rəhbərliyindəki qurumun işləri ilə məşğul olsa daha yaxşı olmazmı? Bu gün “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin görüləsi o qədər işləri var ki… Milli Məclisin deputatı Ağalar Vəliyev IV çağırış MM-in 2010-2015-ci illər ərzində keçirilən ümumilikdə 103 iclasından yalnız 2-də danışıb. Dördüncü çağırış MM-in 23 dekabr 2011-ci il tarixli IV sessiyasında Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi haqqında müzakirələrdə çıxış edib. Deputat 2-ci çıxışını 12 iyun 2012-ci il tarixli VI növbədənkənar sessiyada Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi haqqında (ikinci oxunuş) müzakirələrə qatılarkən irad edib. Bundan tam 5 il sonra 2016-cı il dekabrın 7-də biznesmen deputat bir daha “şeytanın qılçını sındıraraq” Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2017-cı ilin dövlət büdcəsi haqqında” Qanun layihəsinin müzakirəsində çıxış edib.
Millətin, yoxsa biznesin vəkili?
Qazancı danışmaqdan üstün tutan Ağalar Vəliyev gerçəkdən oliqarx imici formalaşdırmağa nail oldu. Dövlət sifarişləri əsasında ucaltdığı obyektlərlə həm özü ucaldı (ordenlə), oliqarxa çevrildi, həm də özünə milyonlarla manat dəyərində möhtəşəm və dünyada analoqu olmayan saray kompleksi ucaltdı. Unutmayın, bu ucalıqlarda gündə 10-15 manata bir qarnı ac-biri tox qeyri-rəsmi çalışan yüzlərlə, bəlkə də minlərlə qara fəhlənin alın təri var. Vergi orqanlarında və dövlət əmək müfəttişliyində çalışan mütəxəssislər “Azəraqrartikinti” ASC-nin hesabatlarına nəzər saldıqda, bu qurumun dövlət sifarişləri əsasında yerinə yetirdiyi çoxsaylı tikinti və təmir işlərinin belə deyək, bir ovuc inşaatçının əli ilə reallaşdırılmasını az qala möcüzə kimi qəbul ediblər. Əlbəttə. bizə çatan məlumata görə dəfələrlə bu məsələ ilə bağlı Ağalar Vəliyevə ciddi iradlar da olub. Lakin…Buradan da deputatlığın ona nə üçün lazım olduğunu ehtimal etmək çox da çətin deyil. Hər halda, büdcə yeyintilərinin zığ verdiyi işin içindən iş çıxanda millət vəkilliyinin sanbalı ortaya çıxır. “Azəraqrartikinti” ASC-nin sədri belə situasiyalarla az üzləşməyib. Onun dövlət vergi orqanları ilə uzun sürən çəkişmələrini xatırlayın.
O istəsə danışa bilər, amma…
Bütün yuxarıda sadalananlar o nəticəyə əsas vermir ki, A.Vəliyevin siyasi savadı və natiqlik qabilliyyəti çıxış etməyə imkan vermir. Əsla belə deyil. Məsələ burasındadır ki, biznesmen deputatımızın qalmaqallı çıxışları haqda da ilginc iddialar var. Bununla bağlı cumhuriyyet.az olaraq mediada yer alan və deputatın özü tərəfindən rəsmən təkzib olunmayan məlumatı olduğu kimi diqqətinizə çatdırırıq: “MTN İşi” ilə bağlı prosesə diqqət edəndə Eldar Mahmudovun və dəstəsinin iş adamları, məmurlarla yanaşı hətta Milli Məclis üzvlərini belə şantaj edərək, onların pulunu almaları faktı üzə çıxmaqdadır. Belə deputatlardan biri də iş adamı kimi tanınan Ağalar Vəliyev olub. “Azəraqrartikinti” Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri vəzifəsini tutan, həmçinin, Bakının bir çox məkanlarındakı “Kristal Abşeron” adlandırılan yaşayış binalarını inşa etdirən Ağalar Vəliyev MTN-nin “toruna” 2013-cü ildə düşüb. Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, Ağalar Vəliyev MTN tərəfindən özünün səsyazı ilə “vurulub”. Belə ki, yaxın ətrafı ilə bir məclisdə hökumətin sahibkarlara olan münasibətindən gileylənən iş adamının səsi yazılıb. Həmin səs yazısında Ağalar Vəliyev sətiraltı ifadələrlə bir sıra tənqidlər səsləndirib. Onu MTN-nə dəvət edərək, həmin səsyazısı qarşısına qoyulub və “müxalifətçi” ittihamı irəli sürülüb. Bu fakt qarşısında təslim olan deputatın 1 milyon pulu əlindən alınıb. Bundan başqa “Kristal Abşeron” yaşayış binalarının aşağı mərtəbəsində bir neçə obyekt yeri və mənzil də MTN rəhbərliyinə “hədiyyə” edilib. Araşdırmamız zamanı Ağalar Vəliyevin MTN-dən zərərçəkən statusu ilə bağlı prokurorluğa şikayət etmədiyi də bəlli olub. Görünür, Ağalar Vəliyev özünün “siyasi səhvi” səbəbindən “ilişdiyindən” bu məsələnin arxasına getməkdən imtina edib.
Deputatın “Kristal Abşeron”unda baş verənlər
Ağalar Vəliyevin biznesinə “Kristal Abşeron” MMC də daxildir. Belə ki, bu şirkətin təsisçisi Tovuzdan olan iş adamı Məhayət Nəbiyevdir. Şirkətin qeyri-rəsmi sahibi isə deputat Ağalar Vəliyevdir. Bununla bağlı cumhuriyyet.az bildirir ki, millət vəkilinin “krişalıq” etdiyi sözügedən şirkət Xırdalanda binalar inşa edib. Bu firmadan mənzil alanlar isə sözün əsl mənasında peşman olublar. Çünki alqı-satqı müqaviləsində məzənnəyə uyğun kredit ödənişi edilməsi bəndi yer alıb. Bu da 2015-ci ildəki 2 devalvasiyadan sonra payçıları müflis edib. Onlar dollarla kredit ödəməyə məhkum olunub. Məsələn, 50 kvadratlıq mənzil 110 min manata başa gələcək. Sakinlərin isə dərdinin üstünə təzə dərd gəlib. Belə ki, “Kristal Abşeron” özəl müəssisə olduğu üçün qazın qiyməti qeyri – əhali kateqoriyası üzrə hesablanır. Şirkət istiliyin qiymətini 40 qəpikdən 70 qəpiyə qaldırıb. Şirkət indiyə qədər qazanxanaları “Azəristiliktəchizat” ASC-yə təhvil verməyib. Bu da azmış kimi, keçən aydan etibarən istilik 70 qəpikdən 80 qəpiyə qaldırılıb. İndi 50 kv mənzili olan sakin hər ay təkcə istiliyə 40 manat ödəniş etməlidir. İsti suyun kubmetri isə 2 manat 30 qəpikdən 3 manat 50 qəpiyə qaldırılıb. Dövlət suyu əhaliyə 50 qəpikdən satır, “Kristal Abşeron” isə od qiymətinə… Sakinlərin dediyinə görə, yaxın günlərdə Prezident Administrasiyasının qarşısına toplaşacaqlar. Onlar şirkətin soyğunçuluğundan şikayət etməyə hazırlaşırlar.
Dəniz kənarında çoxqübbəli villa
A.Vəliyev ilə bağlı cummuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı daha bir maraqlı fakta rast gəldik. Belə ki, Ağalar müəllimin bir villasının görüntüləri da yayılıb. Həqiqətən də, Bakının Novxanı kəndi ərazisində ucaldılmış, gozəllikdə tayı-bərabəri olmayan bu çoxqübbəli villanin dəyəri milyonlarla ölçülür. Ümid və inamla ehtimal etmək olar ki, Ağalar Vəliyevin bu sənət əsəri büdcə vəsaitləri hesabına başa gəlməyib. Qeyd edək ki, bu bənzərsiz layihənin özəlliklərindən biri kimi villadan dənizə yeraltı tunel cəkilməsi ehtimalını söyləmişdik. Deyilənə gorə, millət vəkilinin dəniz sahilində yeraltı akvarium yaratmaq istəyi onun uşaqlıq arzusu olub.
Bəzi məlumatlara görə, akvariumda yerləşdirmək üçün dünya okeanında balina və delfin axtarışları gedir. Əldə etdiyimiz bu ilginc informasiya öz-özlüyündə ona görə maraq doğurur ki, “Azəraqrartikinti” ASC son bir neçə ildə büdcə vəsaitləri hesabına daha çox təmir-tikinti işləri aparan təşkilatlardan biri kimi ölkənin ən iri vergi ödəyiciləri sırasında yer alır. Ağalar Vəliyevin ortaqlıq etdiyi tikinti şirkətlərindən bəziləri ilə hesablaşmaqdan imtina etdiyi barədə gəzən söz-söhbətləri də nəzərə alsaq, hörmətli millət vəkilinin çoxqübbəli villasının tikintisinə hansı mənbələrdən vəsait əldə etməsi barədə müəyyən qənaətə gəlmək olar. Milli Məclisə ara-sıra şok hesabatları ilə gundəmdən düşməyən Hasablama Palatası deputat Ağalar Vəliyevin prezident sarayı ilə müqayisə edilə biləcək çoxmilyonluq mülkününün nəyin hesabına başa gəldiyini aşkarlaya biləcəkmi?