Hər gün bir yeni olay, hər gün bir yeni macəra, tükürpədən iddialar... Hər gün bir təhsil ocağından şiddətin, rüşvətin və daha nələrin, nələrin səsi ildırım sürətilə ölkəyə yayılır. Elm və Təhsil Nazirliyi də adəti üzrə olayın qəhrəmanını ya işdən çıxarır, ya da yerini dəyişdirir. Vəssalam. Yəni, haqqında görülən tədbir şəxsin "cibinin qalınlığından asılı olur". Bu dəfə də barəsində danışacağımız regional təhsil idarəsi tez-tez qalmaqalları ilə gündəmdəki mövqeyini əlində "möhkəm sıxıb saxlayan" Gəncə-Daşkəsən Regional Təhsil İdarəsidir. Belə ki, redaksiyamıza Daşkəsən rayon sakini Məmmədova Nuriyyə Cəlil qızı tərəfindən müraciət daxil olmuşdur.
Xanım redaksiyamıza müraciətində bildirir ki, "1988-ci ildən keçmiş Maarif şöbəsi, hazırkı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində mühasib işləyirdim.
İşlədiyim müddətdə hər zaman təhsil sahəsində baş verən qanun pozuntularına etirazımı bildirmişəm. 2022-ci ildə iş üçün lazım olan bəzi sənədləri tələb etdiyimə görə əmək haqqımdan 100 manat kəsildi. Belə olan halda prokurorluğa müraciət etdim. Bundan sonra Hesablaşma və Maliyyədən Aydın Rəhimov ilə Elçin Eyvazov güya gəlib yoxlama aparıb, səssizcə çıxıb getdilər, iş bağlandı. Bu minvalla 2023-cü ilin avqust ayına qədər işimi davam etdirdim. Avqust ayının 28-də Rövşən Kərimov tərəfindən qeyri-qanuni olaraq işimdən azad edildim. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin o, zamankı müdiri Anar Qədiməliyevə müraciət etdikdən sonra, sentyabr ayında Daşkəsən Rayon təhsil idarəsinə işə bərpa edildim. Lakin az sonra Rövşən Kərimov mənə iki dəfə səbəbsiz töhmət verdi.
Az müddət sonra isə həmkarlar ittifaqlarına üzvlükdən imtina etmədiyimə görə əmək müqaviləmə xitam verildi. Bununla bağlı müraciət etmədiyim dövlət qurumu qalmayıb. Lakin, təəssüflər olsun ki, aidiyyatı qurumlar məni işimdən azad etməklə hüququmu kobud şəkildə pozan Rövşən Kərimovun bu qanunsuz qərarı qarşısında acizlik nümayiş etdirirlər." Bundan əlavə, canlı yayımda Nuriyyə Məmmədova çox ciddi məlumatları açıqladı. O, bildirir ki, "Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində müdür müavini işləyən Rövşən Kərimov 5-6 dəfə imtahandan kəsildiyi halda hələ də vəzifədədir. Rövşən Kərimov tenderdən hər ay 1.000.000 (bir milyon) manat pul mənimsəyir. Müəllimlərin tarif cədvəlində özünün ağlına gələn (ərk elədiyi) müəllimlərin adlarına güya maddi köməklik üçün əlavə məbləğlər (hər müəllim üçün 20 min, 10 min) yazaraq büdcədən pul silir. 2022-ci ildə makler kimi tanıdığımız Gülnar Qarayeva 15000 (on beş min) manat rüşvət verərək Regional Təhsil İdarəsinə baş məsləhətçi vəzifəsinə təyin edildi, amma sonra imtahandan keçmədi. Daha sonra necə keçirdilər bilmirəm. Onu da deyim ki, idarədə saxta yolla işə daxil olanların hamısının bir cavabı var - "Eşqi Bağırovun imtahanından keçmişəm". Hansı yollarla keçiblər, bunu aidiyyatı qurumlar araşdırsa görəcək. 2023-cü ilin aprel ayında Anar Qədiməliyevlə Rövşən Kərimov regionala tabe olan 45 orta məktəb və 11 uşaq bağçası rəhbərliyinə tapşırıq verdilər ki, hamı bir nəfər kimi həmkarlar ittifaqlarına üzvlükdən imtina etsinlər, əks halda əmək müqavilələrinə son veriləcək. Mən bu tapşırığı icra etmədiyim üçün mənim əmək müqaviləmə son verildi. Yerimə isə Rövşən Kərimov 10-15 min arası rüşvət alaraq 6 ay belə stajı olmayan Fərid adlı birini imtahansız təyin edib. Mənə isə deyirlər ki, yenidən imtahan verərək, işə qəbul ola bilərsən. Daşkəsən rayon təhsil şöbəsinin müdiri təyin olunan Vüsal Cəfərov nazirliyin imtahanından keçməyib, müvəqqəti əmrlə işləyir. Vüsal Cəfərov güya işə davamiyyəti yoxlamaq - kimlərin gəlib-gəlmədiyindən xəbərdar olmaq məqsədilə yalnız qadın işçilərin şəkillərini çəkdirib, votsap vasitəsilə özünə göndərtdirir. Özü də bunu gündə 4 dəfə - səhər iş başlayanda, nahardan əvvəl, nahardan sonra və iş saatı bitəndə təkrar etdirir. Deyilənə görə Vüsal Cəfərov da həmin şəkilləri Rövşən Kərimova göndərir ki, "bu gün bu adamlar işdə olub". Məktəblərdə yuxarı siniflər hamısı demək olar ki, boşdur. Uşaqlar ayda 30, 50 və sair manat ödəniş etməklə məktəbin müəllimlərinin evində təhsil alırlar. Rövşən Kərimovun anası Kəmalə Kərimova Gəncə şəhər 8 nömrəli tam orta məktəbdə coğrafiya müəllimi işləyib. Halbuki, Rusiyada Şərabçılıq üzrə master təhsili alıb, güya müəllimlər institutunda ixtisasdəyişmə adı altında saxta yolla müəllim diplomuna yiyələnib. Bir neçə il yüksək dərs saatları ilə işlədikdən sonra bu il təqaüdə çıxdı. Ümumiyyətlə, sözügedən 8 nömrəli məktəbdə çalışanların böyük əksəriyyəti Rövşən Kərimovun yaxınları, ailə üzvləridir (bacısı, xalası və sair).
Rövşən Kərimov əvvəllər 34 və 8 nömrəli məktəblərdə çalışan Vəfa və Şahnaz xanımın üzünə məktəbin müəllimlərini durğuzaraq, onları işindən azad etdirib. Bundan əlavə, idarəmizdə şöbə müdiri vəzifəsində çalışan Abışov Kamil İsa oğlu inventarları satır - fakturaları özü yazır və məktəb direktorlarına göndərir. Halbuki nə Kamil Abışovun ixtiyarı yoxdur məktəb və uşaq bağçalarına inventarları özü versin, nə də məktəb direktorları onu almalıdır. Bu işi icra etmək üçün hər məktəbin təsərrüfat işləri üzrə müdiri var. Anbarın açarı şöbə müdirində olmalı deyil, bu qanuna ziddir. Amma, Kamil Abışov anbardarı işdən azad etməklə hədələyib açarları özündə saxlayır. Həmçinin, yuxarıda qeyd etdim ki, Rövşən Kərimov regionun bütün məktəb və uşaq bağçalarının rəhbərlərinə həmkarlar ittifaqlarından imtina etmək əmrini vermişdi. Amma, nə hikmətsə 6 ay sonra Rövşən Kərimov bütün məktəb və uşaq bağçalarının rəhbərliyinə yenidən həmkarlar ittifaqlarına üzv olmaq üçün ərizə ilə müraciət etmələrini əmr edib. Hamı işsizlikdən gileyləndiyi bu dövrdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində, eləcə də Daşkəsən Rayon Təhsil sektorunda eyni saatda 3-4-5 müxtəlif işdə işləyən, bir neçə yerdən əmək haqqı alan adamlar var. Rövşən Kərimov Gülnar Qarayeva ilə əlbir olaraq, bazardan ucuz məhsullar alaraq, büdcədən onların alınması üçün ikiqat pul sildirir, uşaq bağçaları üçün alınan tefal qazanlar və digər əşyaları bazarlarda satdırırlar." Nuriyyə Məmmədovanın işdən çıxarılma səbəbi ilə yanaşı sadaladığı bütün məlumatlar ciddi araşdırmaya ehtiyac duyulan məqamlardır. Bundan əlavə, xanım icra-probasiya şöbəsindən də narazıdır ki, işdən haqsız yerə çıxarıldığı üçün müraciət etdiyi məhkəmə qərarında qarşı tərəflə razılığa gəlmələri bildirilsə də buvaxta qədər nə Rövşən Kərimov, nə də icraçı tərəfindən xanıma qarşı hər hansı bir addım atılmayıb.
Qeyd edək ki, Nuriyyə Məmmədovanın iddiaları ilə bağlı tərəfimizdən Elm və Təhsil Nazirliyinə rəsmi sorğu göndərilib. Qarşıdakı günlərdə nazirliyin reaksiyası ilə birlikdə mövzuya yenidən qayıdacağıq.
Yasamal rayon sakinləri rayonda boş ərazilərin, səkilərin zəbt edilərək obyekt sahiblərinə satılmasından boğaza yığılıb. Sakinlər problemin Yasamal rayon İcra Hakimiyyətindən qaynaqlandığını və ərazilərin satılmasını İH-in acgözlüyü adlandırırlar.
Tribunainfo.az xəbər verir ki, bu barədə ictimai fəal Fimar Asimqızı yazıb. Dəfələrlə Yasamal rayonundakı qeyri-qanuni tikililəri, piyada səkilərinin zəbtini ictimailəşdirən ictimai fəal bu problemin Yasamal İH başçısının sözünün kəsəri olmamasından qaynaqlandığını bildirir:
“Yeni Yasamalda ensiz səki bütünlükdə qanunsuz tikililərlə (əlimdə sənədlər də var) zəbt olunub. Səkini boşaltmağa, onu bazara çevirənlərə dövlət qurumlarının gücü çatmır. Bu bacarıqsızlıqdı, acgözlükdü, vicdansızlıqdı. Yeni Yasamalı sata-sata qazandığınız pullar burnunuzdan fitil-fitil gələcək”
Qeyd edək ki, Yasamal rayon icra hakimiyyətinin başçısı Elşad Həsənovdur.
Abşeron icra hakimiyyəti sahibkarla anlaşaraq yaşıllığın məhv edilməsinə göz yumur.
Paytaxt.org-un xəbərinə görə, vaxtı ilə ETSN tərəfindən salınan yaşıllıq, Abşeron RİH-nin nəzarətinə verilsə də baxımsız qalaraq bəzi səbəblərdən məhv edilir.
Daxil olan məlumata görə, icra hakimiyyəti açıq şəkildə yaşıllığın məhv edilməsinə şərait yaradaraq, ərazini sahibkara obyekt sahəsi kimi verib.
Beləki, 4 saylı RETSİ nin əməkdaşları tərəfindən, Abşeron rayon Mehdiabad qəsəbəsi 28 may küçəsində obyektin qarşısında çıxarılan ağacların yerində dəfələrlə yeni tinğlər əkilməsinə baxmayaraq, sahibkarın həmin ağacları məhv etməsi aşkar edilib. Bildirilib ki, sahibkar hər dəfə öz məqsədinə çatmaq üçün ağacları yerindən çıxardıraraq ərazidən daşıtdırıb. Sahibkarın bu özbaşınalığına icra başcısı tərəfindən xeyir-dua verildiyi bildirilir. Məqsəd isə sahibkara məxsus obyektin qarşısın açmaq və obyekti böyütməkdir. Sahibkarın bu qanunsuzluqlar etməsinə alət olan icra hakimiyyəti və Mehdiabad bələdiyyəsi yaşıllığa sahib çıxmaq əvəzinə məhfinə rəvac verdiyi deyilir. Məlumatda, hadisələrin bu yerə gəlib çıxmasına icra başçısı ilə sahibkar arasında isti razılaşma olduğu da bildirilir.
Məhv edilən yaşıllığa görə, 4 saylı RETSİ tərəfindən qanuna müvafiq tədbirlər ğörülərək aidiyyatı üzrə hüquq mühavizə orqanlarına rəsmi müraciət edilib.
Cəlilabad rayon sakini Məmmədov Tofiq Tehac oğlu və Biləsuvar rayon sakini Quliyev Əhmədağa Həsən oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər bildirirlər ki, keçmiş adı “Avanqard MMC”, indiki adı “Avanqard MMC Günəşli Aqropark” olan şirkət onların pulunu mənimsəyib:
“Biz “Avanqard MMC” şirkətindən pulumuzu ala bilmirik. Bu şirkət illərdir bizim kimi, bir çoxlarının da haqqını mənimsəyib. Sonradan şirkətin adını və işçilərini də dəyişdilər. İndi həmin şirkətə gedəndə "bizim sizə borcumuz yoxdur, gedin bizdən əvvəlki rəhbərliklə söhbətinizi edin", - deyirlər.
Hazırda 10-15 nəfər adam bunlardan pullarını ala bilmir. Mən, Quliyev Əhmədağa Həsən oğluna şirkətin 2616 manat borcu qalıb. 2014-cu ildən həmin şirkətdə işləmişəm. Maaşım 1200 manat olub.
Mən, Məmmədov Tofiq Tehac oğlu, 15 il həmin şirkətdə gözətçi işləmişəm. İşdən çıxandan sonra oğlum Məmmədov Elməddin Tofiq oğlunu öz yerimə işə düzəltmişəm. Mən işlədiyim müddətdə şirkətin mənə borcu qalmayıb. Amma oğlumun 600 manat pulunu mənimsəyiblər. Dəfələrlə müraciət etmişik, lakin məsuliyyəti boyunlarından atırlar.
Biz sizin sayt vasitəsilə Prezident İlham Əliyevə müraciət edirik. Cənab Prezident, xahiş edirik göstəriş verin, şirkət bizlərin pulunu ödəsin. Şirkət adının dəyişibsə, bu o deməkdir ki, bizim pullarımızı mənimsəməlidir?!” Məsələ ilə bağlı “Avanqard MMC Günəşli Aqropark” şirkəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Cəlilabad rayonunda bəzi kənd məktəblərində yaradıan təhsil sistemi hələ də mənfət dağarcığı nhesaqb edilir. Rayonun bəzi məktəblərində korrupsiyanın ən nadir, ən inanılmaz növləri direktorlar tərəfindən özəl qayda olaraq idarəetmələrinin üsuluna çevrilib desək yanlmarıq.
Bu ən çox kənd məktəblərində rüşvətə sökənən özəl islahatlar olaraq qəbul edilir.
Buna misal olaraq, Paytaxt.org-a Cəlilabad rayon Bədirli kənd orta məktəbi direktorunun təhsildən pulqazanma qaydaları ilə bağlı məlumatı nəzərdən keçirməyimiz kifayətdir.
Daxil olan məlumata görə, Cəlilabadın bu kənd məktəbində rüşvət həcmin çoxalmasının əsas səbəbləri - məktəb direktorunun özəl tələb və əmrləridir. Müdir əsas olaraq vəzifəsini təhsilin səviyyəsini artırmaqda yox, rüşvətin keyfiyyətini qaldırmaqda mahir qazanc sahibidir. Beləki, direktor Şahin müəllim təsərrüfat işindən tutmuş, attestat və dəftərxana işinə qədər yaxşı qazanc əldə etmək üçün əlindən gələni edir. Deyilənə görə, yaxşı qazanıb yaxşı yedirtdiyi üçün RTİ və İH-də hörmət sahibidir.
Şahin müəllim əvəzçilik üzrə dərs demək üçün gələn müəllimdən bir balaca şirinlik görməsi qəbahət hesab etməyərək, öz məktəbində büllütenə çıxan müəllimin dərsi başqasına əvəzçiliklə verirsə buradan yuxarıya da nəsə verməsi də elə qəbahət sayılmaz.
Deyilənə görə, məktəbdə çox sayda xadimə və təəsərrüfat eləcə də kitabxana olmadığı bir məktəbdə bir neçə işçi maaşı yazılır. Yəni hər kəsin bildiyi metod -adı var özü yox qohum - əqraba ÖLÜCANLARI və onların adına olan maaş kartları. Onlarla belə Şahin müəllimin cibində olan maaaş kartların misal ətirmək olar. Mənbə belə iddia edir. Mənbə, daha sonra Şahin müəllimin qazanc qaydalarının bununla bitmədiyini iddia edir. Amma, məlumatın daha da ciddiliyinə vardığımız üçün əməkdaşlarımız araşdırmağa başlayıb. Əgər iddialar özünü doğrurdarsa növbəti yazıda Bədirli kənd orta təhsil ocağını özü üçün adı var özü yox təhsilnsisteminə çevirib, qazanc mənbəyi hesab edən Şahin müəllimin qanunsuzluqlarını silsilə yazılarda işıqlandırmağa çalışacağıq.
Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB massivi, 50 v ünvanda qanunsuz qeyri-yaşayış obyekti inşa olunur. Redaksiyamıza təqdim olunan fotoşəkillərdən görünən odur ki, iki marketin arasında yerləşəcək bu üçüncü obyekt yol infrastrukturunu da pozur; Abbas Fətulayev küçəsi ilə yaxınlıqdakı yaşayış binalarını əlaqələndirən yolu bağlayır. Ərazidə işlər necə deyərlər, şıdırğı, az qala gecələr də gedir. Aşkar hiss olunur ki, obyekti tikdirən tələsir, yaxud, tələsdirirlər.
Xatırladaq ki, Xətai və Suraxanı ərazilərinə düşən Abbas Fətullayev küçəsi 4 il əvvəl əsaslı şəkildə təmir edilib. Yenidənqurma işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işlər icra olunub. Ardınca küçəyə yeni asfalt-beton örtüyü döşənib. Təmir zamanı zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub. Elə həmin zəruri sayılıb bərpa edilən səkilərin üstünü sözügedən obyekt örtəcək.
Görülən işlərin yol tərəfdən nəzəri cəlb etməməsi üçün sahənin kənarına faner lövhələr söykəyiblər. Bununla belə fanerlərin arxasından tikilən obyektin özülü üzərində ucaldılmış dirək karkas dirəklər görünür. Axı cidanı çuvalda gizlətmək olmaz. Mediaya həmişə həssas yanaşmış Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı, hörmətli cənab Adil Əliyev də yəqin, bundan sonra məsələdən xəbər tutacaq və xatırlayacaq ki, sələfi Əzi Əzizovun ünvanına deyilən tənqidlərin əksəriyyəti məhz rayon ərazisində qanunsuz tikilələrə rəvac verməsi ilə bağlı idi.
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bir qrup tələbəsi tərəfindən “Hürriyyət”in redaksiyasına məktub daxil olub. Universitetdə baş verən və “artıq dözülməz həddə çatan” problemlərlə bağlı yazan tələbələrin müraciətini olduğu kimi dərc edirik:
“Öncə onu qeyd edək ki, bu, yalnız bizim narazılığımız deyil, həmçinin yüzlərlə tələbənin haqsızlığa, ədalətsizliyə qarşı baş qaldıran etirazıdır. Hazırda ADAU-nun vəziyyəti bir universitetin deyil, məhz şəxsi təsərrüfatın dağıdılması səhnəsini xatırladır.
Təhsil sistemi iflic vəziyyətindədir
Son illər ərzində, xüsusən də rektor Zəfər Qurbanovun dövründə, universitetdə tədrisin keyfiyyəti faktiki olaraq sıfra enib. Sabiq rektor İbrahim Cəfərovun dövrü ilə müqayisədə təhsil 2-3 dəfə aşağı düşüb, dərslər formal şəkildə keçirilir, tələbələr isə real biliklərdən məhrumdur. Fundamental fənlər bir semestrə sığdırılır, tələbələr fiziki və zehni olaraq yüklənərək, təhsil almaq imkanlarından məhrum edilirlər. Baytarlıq kimi praktiki biliklər tələb edən bir sahədə isə heç bir praktiki məşğələ keçirilmir, laboratoriyalar isə demək olar ki, işləmir. Bu vəziyyət ADAU-nun gələcəyini ciddi şəkildə sual altına alır.
Universitet təsərrüfatı dağıdılıb, tədrisin əsasını təşkil edən heyvanlar yoxdur
İbrahim Cəfərovun dövründə universitetin təsərrüfatında 60-dan çox iribuynuzlu, 200-dən çox xırdabuynuzlu heyvan var idi. Lakin hazırda yalnız 7-8 iribuynuzlu, 40–45 xırdabuynuzlu heyvan qalıb, digərləri satılıb və vəsait mənimsənilib. Baytarlığın Vivariumuna isə 2 iribuynuzlu və 2 xırdabuynuzlu (qoca, xəstə yararsız) heyvan veriblər. Bu vəziyyət isə tələbələrin praktiki təcrübə əldə etmələrinin qarşısını alır. Baytarlıq fakültəsi tələbələrinin praktiki biliklərdən məhrum olması, Azərbaycanın baytarlıq xidmətinin gələcəyini təhlükə altına alır.
Kənd Təsərrüfatı Nazirliyi passivdir, şikayətlərə heç bir cavab verilmir
Tələbələr dəfələrlə universitet rəhbərliyinə müraciət etsələr də, heç bir nəticə əldə olunmayıb. Kənd Təsərrüfatı Nazirliyinin qaynar xəttinə dəfələrlə məlumat vermişik, ərizə yazaraq müraciət etmişik, amma heç bir müvafiq tədbir görülmür. Nazirlik bizə boş vədlər verməkdənsə, konkret addımlar atmır. Nazirlikdən gələn cavablar ya saxtalaşdırılır, ya da məsələnin miqyasını kiçiltmək məqsədilə yanlış məlumatlar təqdim edilir. Şikayət edən tələbələrə təzyiq edilir və şikayətlərin rəsmi şəkildə irəliləməsinin qarşısı alınır.
Nazirlikdən universitetimizə nümayəndələr gəlib tələbələrlə görüş keçirilmir. Universitetə nazirlik əməkdaşları gəldikdə bəzi seçilmiş tələbələrlə nazir müavini, şöbə müdiri və s. görüşür. O tələbələr də universitetdə olan problemləri söyləmir, ancaq universitet rəhbərliyini tərifləmək üçün rəhbərlik tərəfindən görüşə icazə verilir.
Yataqxana şəraiti dözülməzdir, tələbələrin ləyaqəti tapdanır
Yataqxana şəraiti, içməli suyun pulla satılması, işıqlandırma və internetin bərbad vəziyyətdə olması tələbələrin təhlükəsizliyini təhdid edir. Liftlərin işləməməsi və suyun 6-cı və 7-ci mərtəbələrə əl ilə daşınması tələbələrin tez-tez qarşılaşdığı dözülməz bir vəziyyətdir. Gecə saatlarında yataqxana tamamilə qaranlıq olur və bu da əlavə təhlükə yaradır. Sərbəst dolaşan sahibsiz itlər tələbələrin təhlükəsizliyini ciddi şəkildə təhdid edir. Heç bir müvafiq qurum isə bu məsələyə müdaxilə etmir.
Təcrübə üçün nəqliyyat xətləri ayrılmır, pul mənimsənilir
Təcrübə üçün ətraf rayonlara gedən tələbələrə ayrılan nəqliyyat xətləri ya işləmir, ya da bu xətlərin pulu mənimsənilir. Tələbələr öz xərcləri ilə nəqliyyat tapmağa məcbur qalır, lakin bu xərclərdən heç bir şəffaflıq təmin edilmir.
Bundan əlavə, müxtəlif vəzifələrə qanunsuz təyinat – ixtisasına uyğun olmayan şəxslərə müxtəlif kafedralarda iş (vəzifə ) verilir.
Fakultələrdə bir çox otaqlarda stol və avadanlıqlar yoxdur, otaqlar boş haldadır.
Mart ayının 6-da Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyeva Gəncə şəhərinə səfər etdi və Gəncə əhalisi ilə görüş keçirdi. Bu görüşə də Aqrar Universitetdən özlərini təriflətdirmək üçün 4 nəfər müəllimin qatılmasına icazə verdilər. Bu müəllimlərdən biri rüşvətə görə 2009-2010-cu illərdə tələbə tərəfindən bıçaqlanmış Məhərrəm Hüseynovdur. Halbuki, universitetdə çox obyektiv, vətənini, millətini sevən, dövlətin, xalqın yaxşılığı üçün əlindən gələni edən o qədər müəllim, o cümlədən tələbə var ki, onların vəzifəli şəxslərlə görüşməsinə icazə verilmir.
Mətbəənin yerini dəyişib, 250 min manata yaxın pul siliblər
Universitetdə 2004-2005-ci illərdə qurulmuş mətbəəni yenidən qurmaq adi ilə yerini dəyişdirib, bu iş üçün 250 min manata yaxın pul siliblər. Halbuki, heç bir avadanlıq dəyişilməyib, sadəcə bir binadan başqa bir binaya köçürüblər.
Bu baxımdan, əminliklə deyə bilərik ki, Azərbaycan Dövlət Aqrar Universitetində təhsil artıq yalnız rəsmi formallıqdan ibarətdir və bu vəziyyət təcili olaraq dəyişdirilməlidir. Tələbələrin haqları kobud şəkildə pozulur və bu vəziyyət davam edərsə, ADAU-dan məzun olan tələbələr peşəkar baytar həkimi və mütəxəssis olarak yetişə bilməyəcəklər. Bu baxımdan, tələb edirik ki:
1. Tədris sisteminin dərhal yenidən qurulması, tələbələrə real biliklər verilməsi və dərs yükünün düzgün bölünməsi təmin edilsin.
2. Heyvan təminatının bərpa edilməsi, universitet təsərrüfatında baş verən oğurluq və mənimsəmələr araşdırılsın.
3. Yataqxana şəraitinin dərhal yaxşılaşdırılması, su, internet və işıq məsələlərinin həlli üçün təcili tədbirlər görülsün.
4. Sahibsiz itlərin problemi həll edilsin və tələbələrin təhlükəsizliyi təmin olunsun.
Bu məsələyə dərhal müdaxilə olunmasını və tələbələrin hüquqlarının qorunmasını xahiş edirik. Əks halda, əlimizdə olan bütün vasitələrlə hüquqlarımızı müdafiə etməyə davam edəcəyik”. Hazırladı: Jalə FAMİLQIZI
Redaksiydan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Azərbaycanda bir neçə ildir fəaliyyət göstərən Türkiyənin məşhur logistika şirkəti olan “Ref Logistics”dən şikayət var. Şirkətin rəsmisi sahibkarın pulunu alaraq, mallarını daşımaqdan imtina edib.
Belə ki, Rusiyadan İrana bir neçə vaqon taxta göndərən sahibkar, bu daşıma üçün 10 min dollar pul ödəyib. Tərəflər arasında daşıma işlərinin həyata keçirilməsi üçün yazılı razılaşma da əldə olunub. Lakin “Ref Logistics”in Azərbaycandakı nümayəndəsi İlqar Əliyev sahibkardan aldığı pula rəğmən, onun mallarını İrana keçirməkdən boyun qaçırıb. Daha doğrusu, “edəcəm” deyib, yoxa çıxıb. Şikayətçi bildirib ki, İlqar Əliyev onun telefon zənglərinə cavab belə vermir. “Bir aydan çoxdur ki, yüklərin İrana çatdırılması üçün pul ödənilib. Vaqonlar hazırda Astara dəmiryolu stansiyasındadır. Lakin İlqar Əliyevi tapmaq mümkün deyil. Nə telefonlara cavab verir, nə də malımı keçirir”. Sahibkar deyir ki, bu yubanma sayəsində ona, həm maddi, həm də mənəvi ziyan dəyib. “Yükün keçirilməsinin yubanmasına görə, mən davamlı çalışdığım adamların yanında etibarımı itirmək təhlükəsi ilə üz-üzə qalmışam. Maddi ziyan isə günbəgün artır. Həm vaqonlara görə ödəniş edirəm, həm də malın pulunu alaraq, digər işlərimi görə bilmirəm”.
Şikayətçi bildirir ki, analoji vəziyyətılə üzləşən təkcə o deyil. Onun sözlrinə görə, “Ref Logistics”in rəmisi İlqar Əliyev ondan başqa, daha bir neçə nəfərdən də eyni işlərin görülməsi adı altında pul alıb. Amma heç kimin işini icra etməyib.
Onlar dəqiqləşdiriblər ki, İlqar Əliyev maşın həvəskarıdır və mütəmadi olaraq aldığı avtomobilləri yeniləri ilə əvəzləyir. “Bizəd olan məlumata görə, bir neçə nəfərdən aldığı pulla özünə yeni maşın alıb. “Ref Logistics”in işləri ilə isə ümumiyyətlə, məşğul olmur. Bəzi məlumatlarda isə deyilir ki, başqa sahibkarlara qarşı da eyni hərəkət etdiyindən borclu qalıb və bizdən aldığı pullarla onları bağlayıb. İndi də əlində vəsait yoxdur ki, yüklərin keçidi üçün nəzərədə tutulan rüsumları ödəsin”. Adının çəkilməsini istəməyən sahibkar “Ref Logistics”in rəhbərliyindən və rəsmi qurumlardan yardım istəyib.
“Ref Logistics”lə bağlı araşdırma apararaq müəyyən etdik ki, sözügedən şirkət Türkiyədə təsis edilib. 20 ildir yükdaşıma sahəsində təcrübəsi var. Əsasən Rusiya və Rusiyadan yüklərin müxtəlif ölkələrə daşınması üzrə daha çox ixtisaslaşıb. Lakin şirkətin nümayəndəsi İlqar Əliyev haqqında açıq mənbələrdə hər hansı məlumat yoxdur. Qarşı tərəfi də dinləməyə hazırıq. Tribunainfo.az
Şikayətçilərdən birinin sözlərinə görə, Firudin Cavadov ondan aldığı illik təhsil haqqını universitetə ödəməyib. Hətta onu imtahandan keçirəcəyinə söz verərək əlavə pul da alıb. İqtisadiyyat.az xəbər verir ki, digər bir şikayətçi isə deyir ki, o, imtahan zamanı universitetdə qeydiyyatda olunmadığını öyrənib.
"Tələbə biletimi verib, məndən ödəniş tələb etdi. Əlavə olaraq imtahanları Bakıda verməyim öçün də pul ödədim. İkinci kursun birinci semestrində təhsil haqqını ödəsəm də, dərsləri oxuya bilmirdim. Soruşanda da sistemdə problemin olduğunu demişdi. Ümumilikdə 2100 manat pulum batıb", - zərərçəkən bildirib.
Qeyd edək ki, Firudin Cavadovun müxtəlif insanları aldadaraq pullarını mənimsədiyinə dair mətbuatda dəfələrlə xəbərlər yayımlanıb. İddialarla bağlı Firudin Cavadovla əlaqə saxlanılıb.
O, haqqında səsləndirilən fikirlərin yalan olduğunu deyərək iddiaları təkzib edib.