Ardını oxu...
Türkiyə vətəndaşına qarşı xüsusi ilə külli miqdarda dələduzluq etməkdə ittiham olunan şəxs azadlığa buraxılıb. Cinayət işi materiallarında tərəflər arasında baş verənlərlə bağlı maraqlı detallar üzə çıxıb. Təqsirləndirilən şəxs kriminal aləm üzvlərinin təzyiqləri ilə 550 min dollarlıq borc vərəqəsi imzalayıbmış.

Musavat.com xəbər verir ki, 1955-ci il təvəllüdlü Natiq Rzayev Türkiyə vətəndaşı Hüseyn Erenə qarşı iki epizod üzrə ümumilikdə 870 min dollarlıq dələduzluqda ittiham olunur.

Məlumata görə, Natiq Rzayevlə Hüseyn Eren 15 ilə yaxındır biznes əlaqələrinə malik olublar. Natiq Rzayev ayaqqabı alış-verişi ilə məşğul olub. Rzayev malı Türkiyədən Hüseyn Erenden alırmış.

Uzun illər davam edən ticarət əlaqələrində 2015-ci ildən etibarən problemlər yaranıb. Hüseyn Eren Natiq Rzayevdən hüquq-mühafizə orqanlarına şikayət edib. Bildirib ki, Natiq Rzayevə verdiyi 788 min dollarlıq malın pulunu ala bilməyib. Deyib ki, Natiq Rzayev Bakıda ona məxsus olan 90 min dollar dəyərindəki evi də sataraq pulunu ələ keçirib.

Hüseyn Eren bildirib ki, Natiq Rzayevə göndərdiyi malları Türkiyədə fabriklərdən nisyə götürüb. Natiq malı satıb pulu verə bilmədiyi üçün çətin vəziyyətdə qalıb. Onun sözlərinə görə, fabriklərdən aldığı malların pulunu ödəmək üçün Türkiyədə olan evlərini və maşınını satıb.

Natiq Rzayev dindirilən zaman özünü dələduzluqda təqsirli bilməyib. Deyib ki, alınan mallar hazırda Dağıstandadır. Onun sözlərinə görə, həmin məhsulların videogörüntüsü də var və həmin görüntüləri Hüseyn Erenə də göndərib.

Tərəflər arasındakı bu söhbət 2014-cü ildə başlayıb. Natiq Rzayev deyib ki, Hüseyn Erenlə məsələni həll edə bilmədiyi üçün araya kriminal aləmə yaxınlığı olan şəxslər girib. Həmin şəxslər Hüseyn Eren tərəfindən bu söhbətlərə cəlb edilib.

Natiq Rzayev ifadəsində həmin məsələləri belə danışıb:

“2018-ci ildən başlayaraq özlərini “lotu” kimi təqdim edən Türkiyə vətəndaşları Orhan, Polat, azərbaycanlı Amid, Ramin adlı şəxslər zəng etdi. Həmçinin “Çeçen” ləqəbli bir nəfər də var idi. Orhan adlı şəxs “pulu ödəməsən, oğlundan əlini üz” deyirdi. Görüşlərdən birində başıma tapança dayamışdılar. Hüseyn Erenə zəng edib dedilər ki, 600 min dollar yazdıraq? Hüseyn isə “50 min telinizə qurban, 550 min dollar yazdırın” dedi.

Mənə dəfələrlə zəng edirdilər. Hüseynə zəng edib bu barədə məlumat verdim. Mənə dedi ki, məsələni onlara tapşırıb.

Həmin şəxslərə hissə-hissə 38 min də pul vermişəm. Çünki qorxurdum. Oğlumun avtomobil nömrəsini, hara getdiyini bilirdilər.

Kriminal aləm üzvü olan həmin şəxslər hətta Dağıstanda mənim malları saxladığım anbara da gediblər. Oradan bir neçə maşın mal götürüblər”.

Natiq Rzayevin 550 min dollarlıq borcu etiraf edən əlyazma izahatı da cinayət işində sübut kimi yer alıb.

Bakı Ağır Cinayətlər məhkəməsində hakim Enur Nuriyevin sədrliyi ilə aprılan məhkəmə istintaqının nəticəsində Natiq Rzayevin birinci epizod üzrə təqsirli olması sübuta yetirilməyib.

Məhkəmə hesab edib ki, Natiq Rzayevlə Hüseyn Eren arasında məhz mülki hüquq münasibətləri mövcud olub. Onlar arasında mübahisə məhz mülki qanunvericiliklə tənzimlənən öhdəliyin icrası ilə bağlı yaranıb.

Məhkəmənin qənaətinə görə, Hüseyn Erenə məxsus malların bir qisminin Dağıstanda olması, onlar arasında ticarət əlaqələrinin indiyə qədər 10 milyon manatdan çox olması, Natiqin zərəri qaytarmaq üçün Dağıstanda olan malları satıb pulu ödəmək istəməsi onun əməlində dələduzluq niyyətinin olmadığını təsdiq edir.

Məhkəmə 788 min dollarlıq mübahisəli məsələnin mülki qaydada həll yolu tapa biləcəyinə qərar verib və bu epizodda Natiq Rzayevin əməlində cinayət tərkibi görməyib.

İkinci epizod kimi 90 minlik mənzilin satılması məsələsi də araşdırılıb. Bu əmələ görə Natiq Rzayev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədilikdə) maddəsi ilə təqsirli bilinib. Lakin bu epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə barəsində cəza təyin edilməyib.

Bununla da Natiq Rzayev məhkəmə zalından azadlığa buraxılıb.
Ardını oxu...
Iyun ayı yay fəslinin ilk ayıdır. İyun ayı ilin ən uzun günləri ilə fərqlənir. Temperatur rejimi tədricən yüksəlir və may ayına nisbətən 4-5 yüksək olur. Lakin bəzi günlərdə əsasən şimal və qərb ərazilərdən daxil olan siklonların təsiri nəticəsində hava şəraiti qeyri-sabit keçir.
Bu ilin iyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.
Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı ehtimal olunur.
Birinci ongünlüyün ilk günlərində əksər bölgələrdə hava şəraiti əsasən yağmursuz keçsə də, lakin bəzi şimal və qərb rayonlarında qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Mülayim şərq küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 23-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 19-24 dərəcə isti, gündüzlər 28-33 dərəcə isti, bəzi günlərdə 36-39 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 9-12 mm).

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 23-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 18-23 dərəcə isti, gündüzlər 29-34 dərəcə isti, bəzi günlərdə 37-40 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 21-35 mm).

Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 18-22 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 12-17 dərəcə isti, gündüzlər 19-24 dərəcə isti, bəzi günlərdə 29-34 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 63-130 mm).

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 19-22 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 11-16 dərəcə isti, gündüzlər 19-24 dərəcə isti, bəzi günlərdə 28-33 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 38-86 mm).

Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 23-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 18-23 dərəcə isti, gündüzlər 28-33 dərəcə isti, bəzi günlərdə 36-39 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 46-58 mm).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 20-24 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 17-22 dərəcə isti, gündüzlər 23-28 dərəcə isti, bəzi günlərdə 33-38 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 18-179 mm).

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 24-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 19-24 dərəcə isti, gündüzlər 29-34 dərəcə isti, bəzi günlərdə 37-41 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 12-49 mm).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 22-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 18-23 dərəcə isti, gündüzlər 28-33 dərəcə isti, bəzi günlərdə 35-37 dərəcə isti gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 29-47 mm).
Ardını oxu...
İkinci dünya müharibəsinin unudulmuş qəhrəmanı-Cahangir (Vladimir) Mircəfər oğlu Bağırov1919-cu il oktyabrın 6-da anadan olmuşdu. Moskva Dövlət Universitetinin Beynəlxalq fakültəsini və Yeisk Hərbi Aviasiya Pilotlar Məktəbini bitirib.
1938-ci ildə İspaniyada baş verən hadisələr fonunda universiteti tərk edərək xidmətə gedir. O, İspaniyaya könüllü kimi göndərilmək üçün ərizə ilə müraciət edir. Cahangir Daşkənd Hərbi Məktəbində kurslara göndərilir.
Cahangir döyüşün ilk günlərindən qırıcı təyyarəçi kimi Moskva yaxınlığındakı hava döyüşlərində iştirak edib.
1 il sonra yaralı halda tərxis olunub. Cahangir müharibəyə yararsız olmasına baxmayaraq, yenidən müharibəyə gedib. Ona yaralı olan zaman təklif edirlər ki, Müdafiə Nazirliyində vəzifə var, ora təyinatını versinlər. Lakin O, “hərbi komissar olmaqdansa, qanadlı döyüşçü olmaq yaxşıdır” deyir və yenidən cəbhə bölgəsinə qayıdır.
1943-cü ilin iyun ayında qeyri-bərabər döyüşdə 7-8 alman təyyarəsini vurub, sonda yanacağı qurtardığı üçün tarana gedib və təyyarəsini alman təyyarəsinə çırpıb.
Bağırovun həyatını tədqiq edən Adıgözəl Məmmədov yazır ki, “SSRİ Ali Sovetinin fərmanı ilə ona Sovet İttifaqı Qəhrəmanı adı verilsə də, atası Mir Cəfər Bağırov buna etiraz etmiş və oğlunun “Lenin” ordeni ilə təltif olunmasına etiraz etməmişdir. Mir Cəfər Bağırov həm də onun cənazəsini Azərbaycana gətirilməsinə etiraz etmişdir. Oğlum digər döyüşçülərdən nə ilə fərqlənir? deyən Bağırovun hətta bu təltifi irəli sürən Mixail Kalinin ilə münaqişə yaşadığı da söylənilir"
Lakin onun cənazəsi Həzi Aslanovun köməkliyi ilə Bakıya gətirilir. Cahangir Bağırovun cənazəsinin Bakıya gətirilməsinin bilavasitə təşkilatçısı olan Həzi Aslanov Bağırova təklif etmişdi ki, mərhumu Dağüstü parkda dəfn edilsin, O isə, “baxarıq” cavabın verir, lakin oğlunu Yasamal məzarlığında dəfn edir.
1956-cı ildə Mircəfər Bağırova hökm oxunduqdan sonra onun məhkəmə heyətindən xahişi olur: oğlu Cahangirin qəbrini ziyarət etmək. O, qəbiristanlığa gedir, oğlunun məzarı ilə 1 saat 26 dəqiqə danışır və həbsə gedir.
Cahangir Bağırovun qəbri anası Mariya xanımın qəbrinin yanındadır...
Dr. Zaur Əliyev
TEREF
Ardını oxu...
2025-ci ilin yanvar ayının əvvəllərində siyasi məhbus kimi tanınan bloqer Rəşad Ramazanov saxlandığı 15 saylı Cəzaçəkmə Müəssisəsində şəraitin ağır olmasından danışıb. Məhbus ictimaiyyətə çıxışında bildirib ki, sözügedən müəssisədə sanitariya-qaydaları pozulur, məhkumların saxlanma qaydalarına əməl edilmir və onların qidalanması ilə bağlı çoxsaylı problemlər mövcuddur.

Bu iddiaların geniş hüquqi analiz tələb etdiyini nəzərə alaraq, “Tribunat” platforması iki fərqli yazı təqdim edəcək. Birinci – hazırda mütaliə etdiyiniz – yazı məhbuslara verilən qidaların qanunvericiliklə tənzimlənməsi və praktiki implementasiyası ilə bağlı çətinliklərin şərhindən bəhs edir.

Ramazanov şikayətində cəzaçəkmə müəssisəsində məhkumlara verilən yeməklərin keyfiyyətsiz olduğunu bildirir. Onun iddialarına əsasən, alternativ variant kimi məhbuslara evdən gətirilən sovqatların onlara çatmasına məhdudiyyətlər qoyulur, müəssisə daxilində fəaliyyət göstərən mağazada isə qidaların qiyməti bahadır.

Oxşar iddialar həm həbs yerləri (müvəqqəti saxlanma yerləri və istintaq təcridxanaları), həm də cəzaçəkmə müəssisəsində saxlanılan başqa şəxslər tərəfindən həm mətbuatda, həm də yerli və beynəlxalq hüquqi müdafiə mexanizmlərinin qarşısında davamlı olaraq səsləndirilir.

Azərbaycan Respublikası qanunvericiliyində həm həbs yerləri, həm də cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin gündə üç dəfə keyfiyyətli yemək təminatı hüququ tanınır. “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun 20, “Müvəqqəti saxlanma yerlərinin daxili intizam Qaydaları”nın 10.8 və “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”nın 11-ci maddələrinə əsasən, istintaq təcridxanaları və müvəqqəti saxlanma yerlərində saxlanılan şəxslər gündə üç dəfə Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş yemək və maddi-məişət normalarına uyğun, keyfiyyət baxımından müasir gigiyena tələblərinə və qida normalarına cavab verən pulsuz, isti yeməklə təmin edilirlər. Oxşar müddəa Cəzaların İcra Məcəlləsinin 91.4 və “Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları”nın 338-ci maddəsinə müvafiq olaraq, ümumi, ciddi, xüsusi rejimli cəzaçəkmə müəssisələrində və həbsxanada cəzasını çəkən məhkumlara da şamil edilir.

Bu normalar özlüyündə proqressiv xarakter daşıyır, onlar nəinki şəxslərin keyfiyyətli qida qəbuluna təminat verir, hətta həbs yerlərinə münasibətdə fərdin yaşının, sağlamlıq vəziyyətinin və dini ənənələrin yemək hazırlanarkən nəzərə alınmasını da şərtləndirir. Bu isə Avropa Penitensiar Qaydalarının qidalanma məsələlərini tənzimləyən 22-ci maddəsi ilə birbaşa uyumludur (sözügedən maddə məhbusun yaşı, səhhəti, dini, mədəniyyəti və işin xarakteri nəzərə alınmaqla sanitar-gigiyenik tələblərə uyğun hazırlanan yeməyin gün ərzində 3 dəfə təşkilini müəyyən edir).

Bu qanun və qaydaların praktiki icrasını təmin etmək üçün qəbul edilən qərarlar (həbs yerlərində saxlanılanlara münasibətdə Nazirlər Kabinetinin “Tutulmuş və ya həbs edilmiş şəxslərin yemək və maddi-məişət normalarının təsdiq edilməsi haqqında” 18 fevral 2013-cü il tarixli 22 saylı qərarı, cəzaçəkmə müəssisələrinə münasibətdə “Məhkumların yemək və maddi-məişət normalarının təsdiq edilməsi barədə” 2001-ci il 25 sentyabr tarixli 154 nömrəli qərarı) yemək təminatını daha spesifik tənzimləyir və şəxslərin istehlak etməli olduğu gündəlik ərzaq normasını müəyyənləşdirir.

Bu müddəaların isə yuxarıda qeyd olunmuş normalar qədər proqressiv olduğunu demək bir qədər çətindir.

Belə ki, qaydalar məhkum və həbs edilmiş şəxslərə ət, balıq, yumurta, makaron məmulatları, kartof, tərəvəz, meyvə kimi məhsulların hansı miqdarda verilməsini nəzərdə tutsa da, yeməklər çeşidliklə müşayiət olunmur (bu isə məhbuslara hər gün oxşar yemək verilməsi deməkdir), qidaların bəzilərinin miqdarı azdır (məsələn, həftədə məhbusa yalnız iki ədəd yumurta verilir) və ya şəxsin zəruri qidalanma ehtiyacını təmin edəcək bəzi məhsullar, ümumiyyətlə, nəzərdə tutulmur (məsələn, bu qaydalar məhbusların süd məhsulları ilə təminini əhatə etmir). Qaydalar cəzaçəkmə müəssisələrində daha ağırdır, burada ərzaq məhsullarının kilokalorisi həbs yerlərinə münasibətdə daha azdır və məhkumlara zəruri qidalardan əlavə lazımi vitamin verə biləcək meyvə, meyvə şirəsi kimi məhsulları əhatə etmir. Həmçinin qaydaların heç biri özlüyündə seçim müxtəlifliyini əks etdirmir və demək olar, hər gün məhkumlar tərəfindən eyni qidaların qəbulunu şərtləndirir.

Alternativ olaraq, həbs edilmiş və azadlıqdan məhrum edilmiş şəxslərə nağdsız hesablaşma yolu ilə şəxsi hesablarında olan vəsaitlə ticarət köşklərindən ərzaq məhsulları əldə etməyə icazə verilir. İddialar isə onu deməyə əsas verir ki, ticarət köşklərində qiymətlər olduqca yüksəkdir. Baxmayaraq ki, qanun ticarət köşkündə satıla biləcək məhsulların siyahısını nəzərdə tutur, ancaq onların qiymət həddi heç bir norma ilə tənzimlənmir. Bu isə qiymət müəyyənləşdirilməsində sözügedən köşklərin inhisarçılığına gətirib çıxarır.

Başqa bir problem isə məhkumların qida məhsulları və ən zəruri mallar əldə etmək üçün maksimum xərcləyə biləcəyi pul limitinin müəyyənləşdirilməsidir (istintaq təcridxanaları və müvəqqi saxlama yerlərində saxlanan şəxslərə münasibətdə bu hədd müəyyən edilməyib). Cəzaların İcra Məcəlləsinə əsasən, məhkumlar, cəzaçəkmə müəssisəsinin növündən asılı olaraq, yalnız müəyyən pul həddinə qədər bu malları ala bilər. Məsələn, ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkən az ağır cinayətlərə görə məhkum olunmuş şəxs qida məhsulları və ən zəruri mallar əldə etmək üçün aylıq 50 manata qədər pul xərcləyə bilir, əgər o, həbsxanalarda ümumi saxlanma şəraitində saxlanılırsa, bu məbləğ yalnız 25 manatdır. Göründüyü kimi, bu məbləğlər olduqca azdır və çörəyin bir manata satıldığı ticarət köşkündən yalnız az sayda məhsul alışına icazə verə bilər.

Məhkumların “Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları”nın 6, “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”nın 2 və “Cəzaçəkmə müəssisələrinin daxili intizam Qaydalarının” 9 saylı əlavələrinə uyğun olaraq, əlavə bağlama, sovqat və ya banderol almaq hüququ var. Lakin qanun bu hüquqla bağlı da bir çox məhdudiyyətlər müəyyən edir. Əvvəla, qanunla sovqatların gətirilmə dövriliyi nəzərdə tutulur. Belə ki, həbs edilmiş şəxs həftədə bir dəfə, tutulmuş şəxs isə hər gün bağlama, sovqat və banderol ala bilər. Cəzaçəkmə müəssisələrində isə, müəssisənin növündən asılı olaraq, məhkum ən yaxşı halda il ərzində 48 bağlama, sovqat və ya banderol ala bilər, digər hallarda isə bu rəqəm 24-ü keçmir. Həbsxanalarda ümumi saxlanma şəraitində saxlanan məhkumlar isə il ərzində yalnız 6, ciddi saxlanma şəraitində isə altı ayda 1 bağlama, sovqat və ya banderol qəbul edə bilər.

Həmçinin gətirilə biləcək sovqatların əhatə dairəsi də məhduddur. Həbs olunan və azadlıqdan məhrum edilən şəxslərə ailələri tərəfindən yalnız 9 növ məhsul gətirmək mümkündür, burada bir çox məhsul, o cümlədən bişməmiş ət, balıq, makaron və makaron məmulatları, düyü, qarğıdalı, noxud və digər paxla növləri istisna edilir.

Avropa Şurasının 2023-cü il statistikasına əsasən, Azərbaycan Avropa Şurasında həbs olunan şəxslərin nisbətinə görə Türkiyə və Gürcüstandan sonra 3-cü ölkədir, ölkədə hər yüz min nəfərə 235 məhbus düşür. Lakin Azərbaycan məhz adambaşına məhbuslara ən az vəsait xərcləyən ölkədir. Avropa Şurasının İllik Penal Statistikasına əsasən, 2023-cü ildə Azərbaycanda həbs edilən bir şəxs üçün ayrılan büdcə 8.24 avro olub. Müqayisə üçün deyək ki, bu rəqəm qonşu ölkə Ermənistanda 29, Avstriyada 167.57, İrlandiyada 230, Gürcüstanda 15.30, Türkiyə üçün isə 12.45 avrodur.

Göründüyü kimi, qanunvericilikdə bu sahədə müxtəlif boşluqlar mövcuddur. Lakin digər problem qanunvericiliyin praktiki tətbiqilə bağlıdır. Bu iddialardan ən önəmlisi məhbusların qəbul etdiyi yeməyin keyfiyyəti ilə əlaqədardır. “AbzasMedia”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı ictimaiyyətə müraciətində bildirib ki, təcridxana yeməyi keyfiyyətsiz olduğundan 27 kameranın yalnız 8-i onu qəbul edir. Onun yazısına əsasən, Bakı İstintaq Təcridxanasında 14 nəfərlik kameraya yalnız 4 tikə ət verilib. Maraqlısı budur ki, oxşar vəziyyəti yalnız siyasi məhbusların özü və ailələri yox, həm də İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) da müəyyən edib. Ombudsmanın İşgəncələr Əleyhinə Milli Preventiv Mexanizminin Fəaliyyətinə dair 2022-ci il tarixli Hesabatında bəzi ərzaqların keyfiyyətsiz olduğu, sovqatların təcridxanaya buraxılmadığı, köşklərdə ərzaqların baha qiymətə satıldığı öz əksini tapıb. Ombudsman, həmçinin yuxarıda qeyd etdiyimiz məsələdən - yeməkxana menyusunun uzun müddət dəyişmədiyindən bəhs edir və müəssisələrə menyuda çeşidin artırılmasını tövsiyə edir.

Məhbusların həm istintaq təcridxanası, həm də cəzaçəkmə müəssisələrində yaşadığı qida problemləri Azərbaycana qarşı Avropa İnsan Hüquqları Məhkəməsinə verilən üç müxtəlif şikayətdə (İnsanov Azərbaycana qarşı, Əliyev Azərbaycana qarşı və Yunusova və Yunusov Azərbaycana qarşı işləri) öz əksini tapıb. İnsanov Azərbaycana qarşı işində ərizəçi sağlamlığına müvafiq qidalarla təmin edilmədiyindən şikayət edib. Əliyev Azərbaycana qarşı işində isə ərizəçi qeyd edib ki, istintaq təcridxanasında verilən yeməklər keyfiyyətsizdir və o, qida təminatı üçün tamamilə ailəsinə arxalanıb (Əliyev Azərbaycana qarşı, bənd 47). Təcridxanada soyuducu yoxdur və ailəsi tərəfindən həftədə yalnız bir dəfə ərzaq bağlaması qəbul edə bilib. Yunusova və Yunusov işində də ərizəçi onun sağlamlıq vəziyyətinə uyğun qida verilmədiyindən şikayət edib. İnsanov işində bu məsələyə şərh verməyən Məhkəmə (çox güman, bu digər daha önəmli məsələləri nizamlamasından irəli gəlir), Yunusova və Yunusov Azərbaycana qarşı işində bildirir ki, əizəçilərin xəstəliklərinin xarakterini nəzərə alaraq onların pəhrizə riayət etmələri aydın olsa da, Hökumət həbsdə olan ərizəçilərin hansı qida ilə təmin olunduğunu dəqiqləşdirməyib. Ümumiyyətlə, ərizəçilərin saxlanma şəraitinin onların sağlamlıq vəziyyətinə uyğunlaşdırıldığına dair işdə heç bir əlamət yoxdur. Əliyev Azərbaycana qarşı işində məhkəmə açıq-aydın bildirir ki, işdə saxlanma şəraiti ilə bağlı çox iddia var və müxtəsərlik naminə o, yalnız sıxlıq məsələsini təhqiq edəcək (Əliyev Azərbaycana qarşı, bənd 123). Hər bir halda bu üç işdə Strasburq Məhkəməsi kumulyativ (məcmu) saxlanma şəraitini nəzərə alaraq, Ərizəçilərin Konvensiyanın 3-cü maddəsi ilə nəzərdə tutulmuş işgəncələrin qadağan olunması hüququnun pozulduğunu bildirib və onların qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qaldığı nəticəsinə gəlib.

Beləliklə, həbs yerləri və cəzaçəkmə müəssisələrində qida təminatı ilə bağlı mövcud vəziyyət həm qanunvericilikdəki boşluqlardan, həm də praktiki problemlərdən qaynaqlanır. Qanunvericilik geniş mənada Avropa Penitensiar Qaydalarının 22-ci maddəsinə uyğun olaraq məhkumların qida hüququnu təmin etməyi hədəfləsə də, bəzi normalar müasir tələblərə və sağlam insanın qida rasionuna cavab vermir və alternativ qida qəbuluna məhdudiyyətlər yaradır. Burada qidalanmanın çeşidliyi şərti tələb olunmur, gündəlik təlabat məhsulu olan yumurta kimi bəzi qidaların miqdarı azlıq təşkil edir və ya insan sağlamlığı üçün önəmli olan meyvə və süd məhsullarının təminini nəzərdə tutmur, ticarət köşklərində satılan malların yuxarı qiymət həddi qanunla müəyyənləşmir, məhkumların xərcləyə biləcəyi məbləğə münasibətdə pul hədləri qoyulur və sair. Bununla yanaşı, mövcud qaydaların tətbiqində ciddi problemlər və pozuntular müşahidə edilir ki, bu da məhbusların saxlanma şəraitini daha da çətinləşdirir.

Qida ilə bağlı problemlər saxlanma şəraitinin ümumi keyfiyyəti ilə birgə məhbusların hüquqlarını ciddi şəkildə pozur və onların qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qaldığını deməyə əsas verir. Bu səbəbdən mövcud vəziyyəti yaxşılaşdırmaq üçün həm qanunvericilikdəki boşluqların aradan qaldırılması, həm də qanunların praktiki tətbiqinin gücləndirilməsi əhəmiyyət kəsb edir.
Ardını oxu...·
Bakını ermənilərdən qoruyan qoçu, "O olmasın, bu olsun" filmindəki Qoçu Əsgər real həyatda bu şəxs olub - Qoçu Nəcəfqulu. 1918-ci ildə ermənilər Bakıya hücumdə öz vəsaiti hesabına aldığı silah-sursatı camaata paylayaraq müdafiə dəstələri yaradıb. Daşnaklarla mübarizədə göstərdiyi igidliyə görə türk ordusunun generalı Nuru Paşa, onu ordenlə təltif edib. Bununla belə Bakıda bir çox qanlı hadisələr onun əli ilə törədilmişdi. Sovet hakimiyyətinin ilk günlərində Əli Bayramovun qətlini araşdıran məhkəmənin hökmü ilə güllələnib. Özü ilə gəzdirdiyi keçisi olub. Keçini çəpişlik vaxtından bəsləyib. Qoçunun nəvəsi bildirib ki, filmdə rejissor təxəyyülünün məhsulu var: "Keçinin olması faktı həqiqətdir, amma babam o qədər cılız adam olmayıb ki, keçiyə görə həmin satıcını vursun, alçaltsın. Elə hallarda babam həmişə sahibkara dəyən ziyanı ödəyib, keçini oradan uzaqlaşdırarmış. Həmin keçi daha çox qonum-qonşunu incidirmiş.
"Mən Bakıda bir sıra qanlı hadisələrin törədilməsinin iştirakçısı olmuşam, bizə hücum edən erməniləri öld*rmüş, bir sıra başqa cinayətlər törətmişəm. Əgər siz məni bu işlərimə görə mühakimə etsəydiniz, sizə minnətdar olardım. Ancaq mən nə Əli Bayramovu tanımışam, nə də onun öldürülməsində iştirak etmişəm. Mən Bakının yarısını erməni daşnaklarından qorumuşam. Ona görə də türklərdən mükafat və orden almışam. Bəs bunlar hara getdi?", - məhkəmə ifadəsindən.
Bu gün onun anım günüdür.
Anar Tağıyev
TEREF
Ardını oxu...
  

Mayın 29-da Xəzər Universitetində tələbələr arasında bıçaqlanma hadisəsi qeydə alınıb.

Hadisə universitetin 3-cü kurs tələbələri - 20 yaşlı Fərid Əliyev və Məhəmməd Vəlizadə arasında baş verib. Məlumata görə, iki gün əvvəl onların arasında yaranmış dava dostlarının müdaxiləsi ilə sakitləşdirilsə də, mübahisə sonradan telefon vasitəsilə davam edib.

Mayın 29-da Fərid Əliyev universitetə gələrək Məhəmməd Vəlizadəni gözləyib. Məhəmməd universitetə daxil olan zaman Fərid özü ilə gətirdiyi bıçaqla ona bel və ayaq nahiyəsindən xəsarətlər yetirib. Xəzər Universitetinin rəsmisi Əlövsət Əmirbəyli hadisə ilə bağlı bunları deyib:

"Hər ikisi universitetin ən yaxşı tələbələrindəndir. Mühəndislik fakültəsində oxuyurlar. İlk dəfədir eşidirəm ki, aralarında mübahisə olub. Əgər bu barədə məlumatımız olsaydı, valideynlərini xəbərdar edərdik. Universitetdə bütün tələbələr yoxlanılır, bıçağın necə keçirildiyini deyə bilmərik".

Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən isə bildirilib ki, hadisə ilə bağlı polisə məlumat daxil olub və əməli törətməkdə şübhəli bilinən Fərid Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Ardını oxu...
Sosial şəbəkələrdə özəl bağçalarda birində müəllimin azyaşlının başına su butulkası ilə xəsarət yetirməsinin görüntüləri yayılıb. Belə ki, Lənkəranda “Kaspi Kids” uşaq bağçasında azyaşlıya zorakılıq edib.

Son dövrlərdə, xüsusilə də, məktəbəqədər özəl təhsil müəssisələrində belə halların artması cəmiyyətdə də birmənalı qarşılanmır.

Baş verən belə hadisələr cəmiyyətə necə təsir edir?

Təhsil eksperti Elçin Əfəndi “Referans”-a açıqlamasında bu hadisəyə münasibətini bildirib.

“Bu heç də xoşagələn bir hal deyil. Biz xüsusilə də məktəbəqədər təhsil istiqamətində əvvəlki illərdə bu problemləri görmüşük. Buna görə də cəmiyyətdə, xüsusilə də, valideynlərdə inamsızlıq yaranıb və məktəbəqədər təhsil istiqamətinə uşaqların yönəldilməsində məhdudiyyətlər var. Əsas istəyimiz isə bu istiqamətdə təhsilverənlərin daha diqqətli olmasıdır. Çünki onların çalıqdıqları şəxslər azyaşlılardır, onlar nəyin necə olduğunu, necə baş verdiyi barədə məlumatlı deyillər. Biz onları bu prosesə alışdırmalıyıq. Əlbəttə, bu, şiddət vasitəsilə olmamalıdır. Yol olaraq ünsiyyəti seçməliyik. Hazırda müəllimənin davranışından görə bilirik ki, o, psixoloji cəhətdən özünü idarə edə bilmir. Yaranan ani vəziyyətdə çox radikal qərar qəbul edərək şiddət göstərir”.

Ekspert qeyd edib ki, təhsilverənlərin uşaqlara bu cür davranması uşaqlı ailələrin uşağını məktəbəqədər təhsildən yayındırmasına birbaşa səbəbdir. Bu isə təhsil sisteminin prioritetlərinə ziddir.
 
Ardını oxu...
Hal-hazırda keçmiş “Sovetski” kimi tanınan ərazidə söküntü işləri aparılır.

Bu barədə Trend etibarlı mənbədən məlumat əldə edib.

"Köçürülən sakinlərlə razılıq əldə edilmiş və onlara qanunamüvafiq kompensasiyalar ödənilib.

Hazırda söküntü işləri Nizami, Rza Quliyev, Nabat Aşurbəyova, Çingiz Mustafayev və Mirzə Ağalıyev küçələrini əhatə edir.

Bu proses Yasamal rayon İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Əmlak Məsələləri Dövlət Xidmətinin nəzarəti altında aparılır.

Sözügedən ərazidə artıq 3 yaşayış binası sökülüb yerində isə park salınması gözlənilir", - mənbə qeyd edib.
 
Ardını oxu...
Keçmiş Müdafiə Sənayesi naziri Yavər Camalovun vəfatından 7 il keçməsinə baxmayaraq, onun mirası ilə bağlı vərəsəlik məsələsində problemlər yaşanır.

Gununsesi.info-nun məlumatına görə, mərhum nazirin həyat yoldaşı bu məsələ ilə əlaqədar məhkəməyə müraciət edib.

Məlumata görə, vərəsəliklə bağlı prosedurlar hələ də başa çatmayıb və Camalovlar ailəsi qanunvericiliyə əsasən vərəsəlik haqqında şəhadətnamə ala bilmir.

Əsas problem, qanunvericiliyə əsasən birinci dərəcəli vərəsələr sayılan həyat yoldaşı, övladlar və valideynlərin dəqiq şəkildə müəyyənləşdirilməsində yaranıb.

Valideynlərin kimliyi Yavər Camalovun doğum haqqında şəhadətnaməsində öz əksini tapır.

Lakin ailəsi bu sənədi əldə etmək məqsədilə müxtəlif dövlət qurumlarına müraciət etsə də, müsbət cavab ala bilməyib. Bu səbəbdən “doğum faktının müəyyən olunması” tələbi ilə məhkəməyə müraciət edilib.

Məhkəməyə təqdim olunan ərizədə göstərilib ki, mərhumun doğum faktının müəyyən olunması onun mirası üzrə vərəsəliyin rəsmiləşdirilməsi üçün zəruridir. Əks halda, notariat orqanına təqdim olunmalı sənədlər tam olmadığından nə həyat yoldaşı, nə də övladları vərəsəlik haqqında şəhadətnamə ala bilirlər. Məhkəmə ərizəçinin müraciətini təmin edib.

Onu da qeyd edək ki, məhkəmə prosesində mərhumun ögey bacı və qardaşları da ifadə veriblər.

Xatırladaq ki, Yavər Camalov 1949-cu ildə Sabirabad rayonunda anadan olub. O, 2006–2018-ci illər ərzində Müdafiə Sənayesi naziri vəzifəsində çalışıb. 2018-ci il iyunun 23-də, müalicə olunduğu İsrail xəstəxanasında vəfat edib.

Ardını oxu...
  

Xəzər Universitetində tələbə bıçaqlanıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli Milli.Az-a bildirib ki, bu gün Nizami rayonu ərazisində 20 yaşlı şəxsə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub:

"Əməli törətməkdə şübhəli bilinən həmyaşıdı F.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır", məlumatda bildirilib.

Qeyd edək ki, hadisənin Xəzər Universitetində baş verdiyi, bıçaqlanan şəxsin tələbə olduğu bildirilir.

Dünyapress TV

Xəbər lenti