Ardını oxu...
“İnsan da nəfsinə görə xalqına bu cür allahsızlıq edər?!”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. O insanlara satışa çıxarılan meyvələrlə bağlı diqqətli olmağa çağırıb və xəbərdarlıq edib:

“Kal meyvəni dərənlərin də, satanların da haqqında cinayət işi açılmalıdır. Çünki millətin mənəvi sərvətinə ziyan vururlar. Kal meyvəni od qiymətinə satmaq üçün qırırlar, vitaminlər formalaşmır və meyvə yetişmir. Beləliklə, balalarımızın hamsının qarnı ağrayır, mədəsi çürüyür. Bu həm cinayət, həm də allahsızlıqdır. Kal meyvələri dərib baha qiymətə satmaq olmaz. Biabırçılıqdır! Bütün mer-meyvələri baha qiymətə yoluşdururlar ki, yüksək qiymətə satsınlar. Belə vətəndaşlıq, insanlıq olar?”.

Xalq artisti vətəndaşların cibinə göz dikən işbazları tənqid atəşinə tutub:

“Azərbaycan xalqına müraciət edirəm, meyvə-tərəvəz dükanlarından kal meyvələri almasınlar. Qoy üstlərində qalsın və məcbur olsunlar ki, meyvəni yetişdirib sonra bazara çıxarsınlar. Onsuz da camaatın ancaq pulu gedir. Bu məhsulların tərkibində vitamin yoxdur. 1 həftə, 5 gün bu meyvələri almayın. Yavaş-yavaş yetişir. Sahibkarlar o zaman Allahın bu əmanətinə məcbur qalıb xəyanət etməyəcəklər. Niyə belə haram iş görürsünüz? İnsan da xalqına qarşı nəfsinə görə bu cür allahsızlıq edər?!”
Ardını oxu...
"İstilik təchizatı haqqında" qanun qəbul edildikdən sonra çoxmərtəbəli binalara qaz daxil olmayacaq". Bunu energetika nazirinin müavini Elnur Soltanov parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində "İstilik təchizatı haqqında" qanunla əlaqədar keçirilən ictimai dinləmədə deyib. O bildirib ki, proses daha təhlükəsiz mühit yaradacaq. Nazir müavini, həmçinin bildirib ki, mərkəzi istilik sisteminə qoşulmaq mənzil mülkiyyətçilərinin öz iradəsindən asılı olacaq: "Bu da tarif məsələsini mənasızlaşdırır. Çünki vətəndaşlar hər ayın sonunda xərcləri öz aralarında bölüşdürə bilərlər. Bu da bizim bildiyimiz sistemi dəyişdirir. Sözügedən məsələ vətəndaşın tam haqqıdır".
Sözügedən qanun layihəsi ötən dəfə Milli Məclisdə müzakirə edilərkən “Azəristiliktəchizat” rəsmisi yaşayış binalarının mərkəzi istilik sisteminə qoşulmasını təklif etmişdi. Müzakirələrdə belə fikirlər də səslənmişdi ki, kombi sistemi vətəndaşın ziyanınadır, qaz çox aparır, bundan sonra MTK-lara, yaşayış binaları inşa edən şirkətlərə mənzillərin mərkəzi istilik sisteminə qoşulması vacib şərt kimi qoyulmalıdır. Bu məqsədlə yeni nəzarətedici qurumun yaradılması da təklif edilirdi. Yaşayış binalarının mərkəzi istilik sisteminə qoşulması isə qeyri-mümkün görünür. “Azəristiliktəchizat” hazırkı vəziyyətində heç mövcud abonentləri istiliklə təmin edə bilmir. Yaşayış binalarının mərkəzi istilik sisteminə qoşulması üçün nəhəng infrastruktur dəyişikliyi lazım gələcək. Bu, mümkün olacaqmı? Gələcək göstərər.

Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli Sherg.az-a açıqlamasında qeyd etdi ki, təkliflər səslənir, lakin mühüm məqamlardan biri arxa plana keçirilir:
- Təəssüf edirəm ki, bu cür mühüm məsələlərin müzakirəsində bələdiyyələr tamamilə kənara qoyulur. Bələdiyyələrin adı çəkilmir, onların məsələnin həllində iştirakı ilə bağlı təklif səslənmir. Əslində, bu prosesdə aparıcı qüvvə bələdiyyələr olmalı idi. Yeni tikilən binalarda idarəetmə ilə bağlı qanunvericilik mövcuddur. Qanuna görə, binada 50 faiz sakin yaşayırsa, sakinlər toplaşıb özünüidarəetmə qurumu yaratmalıdırlar. Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti olmalıdır. Binanın idarə edilməsi bu qurum tərəfindən həyata keçirilməlidir. Belə bir pilot layihə həyata keçirilib, bir neçə il əvvəl. O zaman İqtisadiyyat Nazirliyinin həyata keçirdiyi pilot layihə əsasında paytaxtın bəzi inzibati rayonlarında belə idarəetmə sistemi yaradılmışdı. Amma MTK-lar binanın idarə olunması kimi “yağlı tikə”ni əldən buraxmaq, sakinlərin öhdəsinə vermək istəmir. MTK-lar sakinlərin canlarını boğaza yığıblar. Əslində isə binaların idarə edilməsiylə bağlı qanunvericilikdə heç bir boşluq yoxdur. Sakinlər özləri idarəetmə qurumu yarada bilmirsə, bu halda idarəetmə bələdiyyə tərəfindən həyata keçirilir. Hesab edirəm ki, mərkəzi istilik sisteminə keçid faydalı olar. Bu, həm enerjiyə qənaət baxımından sərfəlidir, həm də binaların estetik görünüşü baxımından. Vaxtilə MTK-lar tikdikləri binalarda istilik sistemini sakinlərin öhdəsinə buraxdılar. Hər sakin mənzildə kombi sistemi quraşdırdı, kombi aparatını da çıxarıb eyvanlara qoydular. İndi bütün eyvanlarda kombi boruları “gözə dəyir”. Bu, binaların, ümumiyyətlə, şəhərin memarlıq üslubunu da korlayır. Nəzarətedici qurumun yaradılmasında isə hesab edirəm ki, ehtiyac yoxdur. Büdcədən maliyyələşən kifayət qədər qurum mövcuddur, daha bir yenisinə nə ehtiyac? Sadəcə, mövcud qanunvericiliyin işlək mexanizmi yaradılmalıdır. Nə sakinlər əziyyət çəksin, nə bələdiyyələr, nə də dövlət orqanları. Sakinlər də tariflərin şişirdilməsi kimi bir problemlə üz-üzə qalmasınlar.
Ardını oxu...
DogruXeber.az: - Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının milli bayramı-Müstəqillik Günü münasibətilə 29 may 2025-cü il tarixində Doha şəhərindəki “Ritz Carlton ” mehmanxanasında rəsmi qəbul təşkil olunub. Tədbirdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə xanım Əliyeva, Qətərin dövlət qurumlarını təmsil edən bir sıra rəhbər şəxslər, Qətərin Şura Məclisindən parlamentlərarası dostluq qrupunun üzvləri iştirak ediblər.

Ancaq maraqlıdır ki, Azərbaycan və azərbaycanlılar üçün olduqca əlamətdar olan belə gündə Qətərdə yaşayan soyadaşlarımızın, iş adamlarının tədbirdə iştirakına icazə verilməyib. Redaksiyamıza daxil olan məlumata görə, tədbir üçün hazırlanan məkana gedən soydaşalarımızın içəri daxil olmasına icazə verilməyib və bildirilib ki, bununla bağlı Azərbaycanın Qətərdəki səfirliyinin müşaviri Eldəniz bəydən xüsusi təlimat var. Bu təlimatın isə Azərbaycanın Qətərdəki səfiri Adış Sakit oğlu Məmmədov tərəfindən verildiyi bildirilir.

Azərbaycanın daha əvvəl İsveç, Norveç və Finlandiyadakı səfiri olan Adış Sakit oğlu Məmmədov daha çox diplomatik fəaliyyəti ilə deyil, Şeyxülislam Hacı Allahşükür Paşazadənin kürəkəni olmasıyla tanınır. O, 1995-ci ildən 1998-ci ilə qədər BDU-nun Riyazi-analiz kafedrasında müəllim və baş müəllim vəzifələrində çalışıb. Daha sonra ikinci ali təhsil alaraq diplomat kimi fəaliyyətə başlayıb.

İndi isə görünən odur ki, Azərbaycanı Qətər kimi bir ölkədə təmsil edən səfir büdcədən ayrılan vəsait hesabına təşkil olunan əlamətdar bayram tədbirlərində azərbaycanlıları görmək istəmir. Rəsmi məlumata görə, tədbirə qatılan qonaqların ümumi sayı 300 nəfərdən artıq olub. Ancaq nədənsə, onların arasında Qətərdə yaşayan, işləyən azərbaycanlı iş adamlarının, tanınmış şəxslərin olmaması kimsəni narahat etməyib.//Bakufakt.az
Ardını oxu...
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO 50003:2025 “Enerji menecment sistemləri - Enerji menecmenti sistemlərinin auditi və sertifikatlaşdırılmasını həyata keçirən qurumlar üçün tələblər” dövlət standartı qəbul edilib.

Sherg.az bu barədə AZSTAND-a istinadən xəbər verir.

Məlumata görə, sözügedən standart enerji menecmenti sistemlərinin audit proseslərini tənzimləməklə müəssisələrə enerji resurslarından daha səmərəli istifadəyə imkan yaradacaq. Bu standart həm də Enerji Menecmenti Sistemlərinin (EMS) auditi və sertifikatlaşdırılmasını həyata keçirən orqanlar üçün səriştəlilik, ardıcıllıq və qərəzsizlik tələblərini müəyyən edir.

Qeyd edək ki, yeni dövlət standartı “Elektroenergetika və bərpa olunan enerji” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 46) müzakirəyə çıxarılıb və İnstitut tərəfindən qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
 
Ardını oxu...
Nəsimi məhkəməsi (Ramin Xəlilov) qanuna “düzəliş” edib – MƏĞRUR BƏDƏLSOY YAZIR
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı

Səhiyyə Nazirliyinin rəyi ilə müalicəyə getdiyimiz Soçidən 23.07.2024-cü ildə qayıdanda J28632 Soçi-Bakı reysinə dələduzluqla buraxılmamağımıza 11 aydır hüquqi qiymət verilmir. Nə Xarici İşlər Nazirliyi, RF-dəki səfirliyimiz, nə diaspora ilə iş komitəsi 1-ci dərəcəli Qarabağ əlilinin və ona qulluq edən 2-ci dərəcəli həyat yoldaşının pozulmuş hüquqlarının bərpasına yardım edir, AZAL isə açıq şəkildə saxtalıqla məşğuldur. Təsəvvür edin, 11 aydır kamera görüntülərinin, sərnişin siyahısının təqdim edilməsindən imtina edilir.

RF prokurorluğuna elektron şikayətlərimizə 21.01.2025-ci il tarixli sonuncu cavabdan şikayətimizə 5 aydır cavab yoxdur. Yəqin daha saxta cavablarını əsaslandırmağa bəhanə tapmırlar. İndiyədək bizim gecikdiyimizi, saat 6-45 əvəzinə 6-46-da minik qapısında olduğumuzu, bu səbəbdən yerlərimizin 1944-cü il Çikaqo Konvensiyasına əsasən, RF-dən deport edilən şəxsə PULSUZ (rusca: BEZVOZMEZDNO) verildiyi bildirilirdi. Biz də şikayətimizdə bu faktın cinayəti açıq-aşkar ortaya qoyduğunu sübut etdiyini, yerlərimizin qabaqcadan elə minik qapısında, ya da uçaq salonuna gedən yolda satıldığını bildirib, cinayət işi qaldırılmasını, dəyən maddi-mənəvi ziyanın beynəlxalq Monreal Konvensiyasına əsasən ödənilməsini tələb etmişik. Biz yarım-bir dəqiqə gecikmişiksə, yerlərimiz yalnız bundan sonra kiməsə verilə bilərdi, halbuki bizə yerlərimizin artıq əvvəlcədən tutulduğu bildirilir. RF baş prokurorluğu Soçi və Cənub nəqliyyat prokurorluqlarının, AZAL-ın RF-dəki nümayəndəliyinin uydurduqları “deportasiya əməliyyatı”nın qarşısında cavab verməkdə acizdir. Ən azından deport olunan şəxs anonim ola bilməz axı!

Azərbaycanın RF-dəki səfirliyi 11 aydır susur, amma Rusiyanın Bakıdakı səfirliyi şikayətimizə anında cavab verib ki, ilk növbədə daşıyıcı şirkətə- AZAL-a qarşı pretenziya irəli sürülməli, RF-dəki Azərbaycan konsulluğu öz vətəndaşlarının hüquqlarını qorumalıdır. Bunu Azərbaycan Respublikası Konstitusiyasının 53-cü maddəsi də doğrulayır: “Azərbaycan Respublikası onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının HÜQUQİ MÜDAFİƏSİNƏ təminat verir və onlara HAMİLİK edir”. Bizə isə XİN, RF-dəki səfirliyimiz, diasporamız, baş prokurorluğun beynəlxalq əlaqələr idarəsi, AZAL-ın özü nəinki hüquqi yardım edir, əksinə hüququmuza saxtalıqla qadağa qoyub. Heç məhkəmə təminatı hüququmuz, dövlət hesabına hüquqi yardımla təminat hüququmuz da tanınmır.

8 aydır Bakının Nəsimi rayon məhkəməsinin hakimi Ramin Xəlilov heç bir müraciətimizə, vəsatətimizə, işin arbitraj məhkəməsinin həllinə verilməsi, iclasın videokonfrans əlaqə sistemi vasitəsilə keçirilməsi, dövlət hesabına vəkillə təminatımız barədə ərizələrimizə baxmır. Ən başlıcası, MPM-in 78.2 maddəsi əsasında cavabdeh AZAL-da olan iş üçün əsas önəm daşıyan sübutların – kamera görüntülərinin və sərnişin siyahısının təqdim olunması haqqında vəsatətə baxıb, bu sübutları tələb etmir. İşin arbitrajın həlinə verilməsini hakim özü təklif etməli olduğu halda (MPM-in 167.1.5 maddəsi), bu barədə ərizələrimizə də 3 aydır MPM-ə “dəyişiklik- DÜZƏLİŞ” edərək baxmır. Təsəvvür edin, MPM-də birinci instansiyanın qərardadından tərəfin qərardadı çıxarmış məhkəməyə ŞİKAYƏT VERƏ BİLMƏSİ təsbit olunub, hakim Ramin Xəlilov isə özbaşınalıqla qanuna DÜZƏLİŞ edib ki, “qərardaddan KASSASİYA ŞİKAYƏTİ VERİLƏ BİLƏR”.(?) MƏHKƏMƏNİN QANUNA DÜZƏLİŞ ETMƏK, DƏYİŞDİRMƏK SƏLAHİYYƏTİ VAR? Hələ ki Məhkəmə Hüquq Şurası məhkəmələrin qanun “yaradıcılığına” qiymət vermir.

Ramin Xəlilov 1-ci dərəcəli Qarabağ əlilinin dövlət hesabına vəkillə təminatından da imtina edib ki, pensiyası, gəlirləri vəkilin haqqını ödəməyə yetər. (?) Halbuki qanunvericilikdə əlillərin “gəlir deklorasiyası” verməsi, məhkəmənin gəlirlər haqında məlumat toplaması yazılmayıb. Ən azı, onda çıxarlar, xərclər də hesablanmalıdır. Nəsimi məhkəməsinin hakimi Ramin Xəlilovun 1-ci dərəcəli Qarabağ əlilinin dövlət hesabına vəkillə təminatından imtinası məhkəmə təcrübəsinin vahidliyi prinsipinin də pozulması deməkdir. Həmin məhkəmənin hakimi Vüsalə Musayeva ABB-yə qarşı işdə ərizə vermədiyi halda, həmin Qarabağ əlilinə “müharibə veteranı” kimi Ayaz Məmmədzadəni dövlət hesabına vəkil edib. Necə olur, əlil ərizə verəndə vəkildən imtina edilir ki, dövlət büdcəsi çökəcək, amma ərizə verməyəndə dövlət büdcəsini Ayaz Məmmədzadənin göstərmədiyi xidməti ilə “77 manat çökdürüblər”? VK da bu ikili standarta “Ramin Xəlilovun hakimlik fəaliyyəti ilə bağlı olduğundan” münasibət bildirə bilmədiyini təkrar edir. Bəs Vüsalə Musayevanın özünə Ayaz Məmmədzadəni vəkil etməsinə, vəkilin hakimlə ortaqlıqda büdcəni 77 manat “çökdürməsinə” necə, VK münasibətini belə bildirir?

Hakim Ramin Xəlilovun açıq-aşkar cavabdehə vəkillik xidməti göstərməsi, hətta qanuna dəyişiklik, düzəliş etməsi, 8 aydır süründürməçilik etməsi, işi arbitrajın həllinə verməkdən imtinası hakimə etiraza əsas, 1-ci dərəcəli Qarabağ əlilinə dövlət hesabına vəkil ayrılmasına haqq verir. Nəsimi məhkəməsinin, hakim Ramin Xəlilovun vəkilin xidmətinə ehtiyacı olan 1-ci dərəcəli Qarabağ əlilini hüquqi yardımsız qoyub, qarşı tərəfə vəkillik xidmətinə Məhkəmə Hüquq Şurası qiymət verməyə borcludur. Verəcəkmi?

Məğrur Bədəlsoy

P. S. Bakı Apellyasiya Məhkəməsi də dövlət hesabına vəkillə təminatda ikili standartlara üstünlük verir. Hətta kassasiya şikayətinə də “gəlir bəyannaməsi”, “büdcənin çökmə təhlükəsi” əsasında” vəkillə təminatdan imtina etməklə qadağa qoyulur. İnzibati Kollegiyanın üzvləri Şərafət Məmmədova, Pərviz Hüseynov, Cahangir Yusifov, Aytən Oruczadə...iki ildir vəkildən qərəzli imtina özbaşınalığını sürdürürlər. Mülki Kollegiya da onlardan geri qalmır. Rafael Eyvazovun sədrlik etdiyi heyət 1-ci dərəcəli əlilə kassasiya şikayəti verməyə vəkildən imtina edib ki, gəlirləri vəkilin xidmətini ödəməyə çatır. Eyni kollegiyanın başqa heyəti (sədrlik edən Vahid Sadıqov) isə eyni əlilə dövlət hesabına vəkil ayırmasını belə əsaslandırb ki, işləyib-işləməsindən asılı olmayaraq 1-ci dərəcəli əlilə dövlət hesabına vəkil ayrılmalıdır.
 
 
 
Ardını oxu...
  

Türkiyənin Antalya şəhərində bıçaqlanan Muay-Tay Federasiyasının sədri Araz Musayev baş verən hadisə ilə bağlı danışarkən Suranaxı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin adını çəkib.

Musavat.com xəbər verir ki, yaydığı video-açıqlamada Araz Musayev iddia edir ki, onu vurduran icra başçısıdır.

"Məni Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin tapşırığı ilə bıçaqlayıblar. Aramızda olan problem isə işlə bağlı olub. Adam Muay-Tay Federasiyasının başına keçmək istəyirdi. Bizim başqa problemimiz olmayıb. Bilirsiniz, federasiyaya təyinat istəklə deyil, seçimlə olur. Bu vaxta kimi mənə qarşı xoş olmayan addımlar atıb, son addım killer tutmaq oldu,-deyə Musayev ortaya iddia atıb.

Məsələ sosial şəbəbəkələrdə, ictimai sferada geniş müzakirələrə səbəb olub. Xeyli suallar ortada dolaşır ki, bu iddia doğrudurmu və Araz Musayevi vuran şəxs kimlərə bağlıdır.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Musavat.com-a açıqlamasında Araz Musayevin onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.

Adil Əliyev deyib ki, Araz Musayevin səsləndirdiyi fikirlər əsassız, böhtan və şər xarakterlidir:

“Hadisə ilə heç bir bağlılığım yoxdur. Bu barədə məlumatı mətbuat vasitəsilə almışam. Araz Musayevin çarpayıda uzanaraq cəmiyyətə və ölkənin ali orqanlarına təsir etməyə çalışması, ictimai rəyi manipulyasiya etməsi yolverilməzdir. Bu hadisəni törədən bəlli, hadisənin yeri-yurdu bəllidir. Mən Bakıda oturub öz işimlə məşğulam və bu kimi hadisələrdə indiyə qədər heç zaman adım hallanmayıb, hallana da bilməz. Çünki bizim daim bir məqsədimiz olub, o da dövlətimizə, xalqımıza xidmətdir. Araz Musayevin nə düşündüyünü, nə üçün belə böhtan atdığını bilmirəm. Ancaq bildiyim odur ki, bu, iyrənc yalandır. Əlbəttə ki, məni tanıyan kimsə bu yalana inanmır".
Adil Əliyev yekinda Musavat.com -a deyib ki, əslində Araz Musayev bu açıqlaması ilə özünü ifşa edir. Sitat: "Çünki hələ istintaqın nəticələri bəlli deyil. Belə olan halda Araz Musayev tələm-tələsik niyə mənim adımı hallandırır? Deməli ortada istintaqı yayındırmaq cəhdi var. İstintaq hər şeyi ortaya qoyacaq. Nəticəni gözləmək lazımdır".

Xatırladaq ki, mayın 28-də Türkiyənin Antalya şəhərində iki qrup arasında baş verən insident zamanı Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev bıçaqlanıb. O, dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb və cərrahi əməliyyat olunub. Hadisəni törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.

Musavat.com


Ardını oxu...

Azərbaycan Muay Tay Federasiyasının prezidenti Araz Musayev Türkiyənin Antalya şəhərində müalicə aldığı xəstəxanadan yaxın günlərdə evə buraxılacaq.

Gununsesi.info xəbər verir ki, bunu veteran idmançının özü bildirib.

O deyib ki, Antalyada keçirilmiş dünya çempionatı vaxtı Rusiyadan sifarişlə gətirilmiş şəxslər arxadan ona hücum ediblər, başına bir, qarın nahiyəsinə üç bıçaq zərbəsi vurublar: “Hazırda başımın 30 faizi işləmir, zərbə vurulan yerə tikişlər atılıb. Onlar Azərbaycan bayrağını qaldıran, himnini səsləndirən idmançısının həyatına sui-qəsd edərək, Beynəlxalq Muay Tay Federasiyasının 100-dən artıq üzv ölkəsi qarşısında Azərbaycanımızı biabır ediblər. Hələ də bütün dünya federasiyaları bu hadisədən danışırlar”.

A.Musayevin sözlərinə görə, həyatına hələ də ciddi təhlükə var və belə bir vəziyyətdə Azərbaycana qayıdacaq: “İnanıram ki, Vətənimdə rahat yaşaya biləcəyəm. Çünki biz bu ölkənin mərd övladlarıyıq, qalib ruhu ilə bu yerlərə gəlib çıxmışıq. Lakin mən Azərbaycana gəlməyə qorxuram. Mənə necə reaksiya veriləcəyindən, evdən, liftdən çıxanda kimlərin qarşıma çıxarılacağından qorxuram. Mən bunu çoxdan gözləyirdim. Azərbaycanda qanunlar sərt olduğundan edə bilmədilər, gəlib bunu qardaş ölkədə törətdilər. Hamı da bizə baxaraq güldü. Bir Azərbaycan idmançısının qanını dünya çempionatında hər kəsin gözləri qarşısında tökdülər. Bu, xəyanətkarlıq, düşmənçilikdir. Erməninin etmədiyini bunlar etdilər”.

Federasiya rəhbəri Azərbaycan və Türkiyə rəhbərliyinə, hüquq-mühafizə orqanlarına müraciət edib və kömək istəyib. O, müvafiq qurumların məsələ ilə daha ciddi məşğul olacaqlarına, cinayətkarların və onların arxalarında duranların tutulacaqlarına inamnı ifadə edib: “Hazırda Türkiyədə müalicə aldığım xəstəxananın palatasnın qapısında 15-20 jandarma dayanıb. Bütün gəlib-gedənlər bizə gülürlər, pis formada baxırlar ki, Azərbaycanda belə şeylər yenə də varmı? Biz inanırıq ki, öz ölkəmdə bu cür hallar davam etməyəcək. Mənə sui-qəsddə şübhəli bilinən 7 nəfər tutulub. Türkiyənin hüquq-mühafizə orqanları Azərbaycan Kikboksinq Federasiyasının I vitse-prezidenti Elşən Abdulrəhmanov və Azərbaycan Uşu Sanda Federasiyasının prezidenti Azər Həsənsoyu həbs ediblər. Lakin onların Azərbaycandan göstərişini verən var. Mən adi, sakit idmançıyam, heç kimlə düşmənçiliyim, nifaqım yoxdur. Bir canım var, qorxmuram, çəkinmirəm. İnanıram ki, bu hadisənin sifarişçisi də öz cəzasını alacaq və ona Azərbaycanda hökm oxunacaq”.

Qeyd edək ki, Araz Musayev mayın 28-də Türkiyənin Antalya şəhərindəki U-23 dünya çempionatında bıçaqlanıb. Hadisəyə görə həbs edilənlərin Azər Həsənsoy, Elşən Abdulrəhmanov, Eynulla Babazadə, Məhəmməd Qaytayev, Fuad Babayev, Rəşad Səlimov və Vüqar Əsədov olduqları bildirilir.

Gununsesi.info

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ardını oxu...
Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıllığını təmin etmək üçün 27 iyun iş günü ilə 21 iyun istirahət günlərinin yerlərinin dəyişdirilməsi barədə qərar verib.

26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü iş günü hesab edilmir, 21 iyun isə şənbə gününə təsadüf edir.

Bu il 28 iyun şənbə günü, 29 iyun bazar günüdür. Beləliklə, 26, 27, 28 və 29 iyun tarixləri qeyri-iş günü, 21 iyun isə iş günü olacaq.
Ardını oxu...
Qusar rayonunun Samur bələdiyyəsinin sədri Elnarə Ayibova Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinin sabiq rəisi, hazırda məhkumluq həyatı yaşayan Cavanşir Əvəzov barəsində hüquq-mühafizə orqanlarına şikayət edib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Elnarə Ayibova şikayətində Cavanşir Əvəzovun qohumları tərəfindən ona qarşı təzyiq və təhdidlərin edildiyini bildirib.

İstintaq zamanı müəyyən olunub ki, Cavanşir Əvəzov Samur bələdiyyəsinin balansında olan 17.0, 30.66 və 85 hektarlıq torpaq sahələrini saxta sənədlərlə yaxın qohumlarının adına keçirib. Hazırda həmin sahələrdən 17 hektarı yenidən Samur bələdiyyəsinin mülkiyyətinə qaytarılıb.

Lakin Elnarə Ayibovanın sözlərinə görə, bu torpaq sahəsinin bələdiyyəyə qaytarılmasına razılıq vermədiyi üçün Cavanşir Əvəzovun qohumlarının təzyiq və təhdidləri artmaqda davam edir. Onun bu barədə verdiyi şikayət ərizəsi hazırda rayon prokurorluğunda və Polis İdarəsində araşdırılır.

Qeyd edək ki, ötən ilin iyul ayında Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cavanşir Əvəzov külli miqdarda dələduzluğa cəhd, əldə edilmiş vəsaitlərin leqallaşdırılması, rəsmi sənədlərin saxtalaşdırılması və digər cinayətlərdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin məhkəmə onun cəzanı real çəkməsi üçün əsas görməyərək Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən (şərti məhkumetmə) hökm çıxarıb.
 

Dünyapress TV

Xəbər lenti