Ardını oxu...
İsrail İran ərazisinə, o cümlədən yaşayış binalarına zərbələr endirib.

“Report” “İRNA”ya istinadən xəbər verir ki, bunu İran Baş Qərargahının sözçüsü, briqada generalı Əbülfəzl Şekarçi bəyan edib.

Onun sözlərinə görə, Tehran İsrailin ABŞ-nin dəstəyi ilə həyata keçirdiyi hücumlara sərt cavab verəcək.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri Tehran yaxınlığındakı hərbi bazalara, o cümlədən Natanz nüvə obyektinə hücum edib.
Ardını oxu...
Aleksandr Xara: “Kalininqrad regionu Kreml üçün Baltikyanı ölkələrə çıxış, eləcə də Rusiya nüvə qüvvələrinin yerləşdirilməsi üçün vacibdir”

“Rusiyanın Ukraynada “yay hücumu”nu gözləyərkən unutmaq olmaz ki, Rusiya Federasiyası strateji məqsədə - NATO-nun faktiki məhvinə nail olmaq üçün həm hibrid üsullardan, həm də birbaşa təcavüzdən istifadə edə biləcəyi bir neçə, potensial məqamlar var. Məsələn, təcavüzün hədəfi Estoniya ola bilər. Yaxud da, Qara dənizdə ilk növbədə Rumıniyaya qarşı hansısa təxribatlar mümkündür. Amma Rusiya Federasiyasının öz təcavüzünü istiqamətləndirməyə cəhd edə biləcəyi ən çox ehtimal olunan vektorlardan biri Suvalki dəhlizidir. Axı Kalininqrad regionu Kreml üçün Baltikyanı ölkələrə çıxış, eləcə də Rusiya nüvə qüvvələrinin yerləşdirilməsi üçün vacibdir. Ona görə də burada aqressiyanın hibrid variantından – “rusdillilərin müdafiəsi” və ya “humanitar dəhlizin təmin edilməsindən” istifadə oluna bilər. Bu pərdə altında da Belarusun iştirakı ilə təcavüz mümkündür. Nəzərə almaq lazımdır ki, Belarusun Prezidenti Aleksandr Lukaşenko Çinə bu yaxınlarda etdiyi səfərdən sonra Kalininqrad qubernatoru ilə görüşüb və Rusiyanın bu regionuna ərzaq tədarükü ilə bağlı “danışıqlar” aparıb. Unutmayaq ki, Lukaşenkonun əslində Rusiyanın əmrindən imtina etmək variantı yoxdur”.

Bu sözləri ukraynalı ekspert Oleksandr Xara yazdığı analitik məqaləsində qeyd edib. Analitik hesab edir ki, potensial olaraq, Rusiya Federasiyasının seçimi bu cür təcavüzə əl atmaqdır: “Çünki burada bir neçə vacib amil var. Birincisi, Rusiyanın Ukraynaya qarşı müharibəsinin məqsədi təkcə Ukraynaya nəzarət etmək və Ukraynanın suverenliyini məhdudlaşdırmaq deyil, həm də Qərbin Ukraynaya dəstək verməməsi ilə bağlıdır. Əslində Moskva NATO-nun işləmədiyini göstərmək istəyir. Çünki məsələn, aqressiya varsa və heç bir reaksiya yoxdursa, bu, NATO-nun təşkilat olaraq artıq mövcud olmaması deməkdir. Gərginliyə səbəb ola biləcək ikinci amil, təbii ki, NATO-nun Avropa hissəsinin acınacaqlı vəziyyətidir. Bu günlərdə Alyansın baş katibi Mark Rutte bildirib ki, təşkilatın qarşıdan gələn sammitində müdafiə xərclərini artırmağa hazırlaşırlar. Nəzərə alsaq ki, bu cür qərarlar qəbul olunarsa, NATO-ya üzv ölkələr təhlükəsizliyə daha çox sərmayə qoymağa başlayacaqlar. Bununla da bir neçə ildən sonra Alyansın Rusiyanı daha çox cilovlamaq qabiliyyətinə malik olacağı aydındır. İndi isə prinsipcə, ehtiyatlı münaqişədə Rusiyanın üstünlüyü var”.

“ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbardın bəzi efemer qlobalist elitaların dünyanı nüvə münaqişəsinə sövq etməsi - o ad çəkməsə də, Rusiyanı nəzərdə tuturdu, - və bunu etmək mümkün olmadığı barədə bəyanatlarını nəzərə alsaq, bu, ABŞ-ın risk almağa hazır olmadığına işarədir”, - deyə Xara qeyd edib.

Onun sözlərinə görə, üçüncü amil isə ABŞ Prezidenti Donald Tramp faktorudur: “Əmin deyiləm ki, münaqişə baş verərsə, Tramp Estoniya və ya Litvaya kömək etməyə hazır olacaq. Onun Putinə pərəstişini, NATO-ya skeptisizmini və Rusiyanın NATO-nun şərqə doğru genişlənməsinin Rusiya-Ukrayna müharibəsinə səbəb olması ilə bağlı təbliğatını mahiyyətcə təkrarlayan ritorikasını nəzərə almaq lazımdır”.

“Ukraynaya gəlincə, NATO-nun Avropa hissəsi ilə Rusiya Federasiyası arasında münaqişə yaranarsa, müttəfiqlərimizin bütün diqqəti orada cəmləşəcək. Və təbii ki, bu, bizim üçün çox yaxşı deyil. Bundan əlavə, belə bir potensial eskalasiya üçün rusların Ukraynadan çoxlu qüvvələr çəkəcəyini gözləməməliyik. Mənə elə gəlir ki, onlar Avropa ölkələri ilə genişmiqyaslı münaqişənin olmasını istəmirlər. Ruslara güclü görünən və kollektiv təhlükəsizlik prinsipinə uyğun gələn bir şey lazımdır. Bunun üçün isə onlara ordu, korpus və yüz minlərlə əsgər lazım deyil. Bunun üçün bir neçə on minlərlə təlim keçmiş qoşun kifayətdir”, - analitik fikrini tamamlayıb.

Müəllif: Turan Abdulla

Ardını oxu...
Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putini təbrik edib.

Gundeminfo.az məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli Vladimir Vladimiroviç.

Dövlət bayramı- Rusiya Günü münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Azərbaycan və Rusiya xalqlarını əsrlər boyu ənənəvi sıx dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək münasibətləri birləşdirir. Bu gün həmin nəcib ənənələr dövlətlərarası əlaqələrimizin hərtərəfli inkişafı və məsələlərin geniş spektri üzrə əməkdaşlığın dərinləşdirilməsi üçün etibarlı bünövrədir.

Əminəm ki, dost xalqlarımızın və ölkələrimizin maraqları naminə biz bundan sonra da Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsi, strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda çoxplanlı qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün bütün səyləri göstərəcəyik.

Hörmətli Vladimir Vladimiroviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və uğurlar, Rusiyanın bütün vətəndaşlarına isə əmin-amanlıq və tərəqqi arzulayıram".
Ardını oxu...
ABŞ Prezidenti Donald Tramp etirazlar səbəbindən Milli Qvardiya qüvvələrinin Los-Ancelesə yeridilməsinin düzgün qərar olduğunu hesab edir.

İndex.az xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.

“Əgər bizim qoşunlarımız Los-Ancelesə girməsəydi, o, indi evlərin böyük hissəsi yandığı kimi, tamamilə yanıb kül olardı. Los-Ancelesin gözəl sakinləri çox şanslıdırlar ki, mən kömək etməyə qərar verdim!!!”, – o qeyd edib.

Daha əvvəl Pentaqon rəhbərinin xüsusi köməkçisi Brin Ullakott Makdonnell qoşunların yeridilməsinin ABŞ dövlət xəzinəsinə 134 milyon dollara başa gələcəyini bildirib.

İyunun 6-da Los-Ancelesdə qanunsuz miqrantların kütləvi saxlanılmasına başlanılıb, iyunun 7-si axşam saatlarına qədər miqrasiya qanunvericiliyini pozmaqda ittiham olunan ən azı 44 nəfər həbs edilib.
 
Ardını oxu...
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bugünkü iclasında növbəti dəfə erməni jurnalistlərlə rəsmi nümayəndə Mariya Zaxarova arasında mübahisə yaşanıb.

Trend xəbər verir ki, mübahisəyə Qarabağda qanunsuz ucaldılmış erməni abidələrinin sökülməsi ilə bağlı təxribat xarakterli sual səbəb olub.

“Mən sizə bir sual vermək istəyirdim: başqa ölkələrdə sökülən digər abidələr sizi maraqlandırırmı? Bu barədə nə vaxtsa sizdən heç bir material görməmişəm və eşitməmişəm. Hətta bizim sovet əsgərlərinin xatirəsinin qorunmasında, onların arasında erməni mənşəli olanların ad və soyadları aydın şəkildə görünənlərin belə müdafiəsində bu qədər geniş dəstək verdiyinizi heç vaxt müşahidə etməmişəm. Biz həmişə onların xatirəsini qorumaq, güllər qoymaq, məzarlarını təmiz saxlamaq, təhqirdən qorumaq və ya bərpa etmək üçün əlimizdən gələni edirik. Nə üçün siz bu kontekstdə heç vaxt sual verməyə təşəbbüs göstərmirsiniz, təkcə bizə deyil, bəlkə də elə öz ölkənizə. Bu sahədə birgə səylər nə yerdədir? Baxın indi görün nələr baş verib”, – deyə o bildirib.

Zaxarova əlavə edib ki, bu mövzunun niyə və hansı kontekstdə qaldırılması açıq-aydındır.

“Mən sizdən çox xahiş edirəm, bunu etməyin. Bu mövzu sizin informasiya məkanınıza və səlahiyyət sahənizə daxil deyil. Bu, artıq hörmətsizlikdir”, – deyə o əlavə edib.
Ardını oxu...
Xəzəryanı ölkələrin xarici işlər nazirləri, eləcə də müvafiq sahələri təmsil edən ekologiya, enerji və yerli idarəetmə qurumlarının nümayəndələri vaxtaşırı olaraq Xəzər dənizi ilə bağlı geniş spektrli məsələləri müzakirə edirlər. Hətta, Qazaxıstanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib ki, alimlər Xəzər dənizinin suyunun azalması məsələsi üzərində işləyirlər.

Son dönəmlərdə sözügedən mövzu Azərbaycan ictimaiyyətində də aktualdır. Əməkdar mühəndis, ADOG şirkətinin və Zirə Beynəlxalq Limanının rəhbəri Musa Süleymanov bu haqda maraqlı təkliflə çıxış edib. O, Xəzər dənizində suyun səviyyəsinin azalması ilə bağlı təşəbbüs irəli sürüb. Bununla da Xəzərlə Qara dənizin yeraltı tunel vasitəsilə birləşdirilməsi ideyası gündəmə gəlib.

Bəs bu təklif Xəzər dənizində suyun səviyyəsinin artmasına yardım də bilərmi? Layihə nə dərəcədə real görünür? Ümumiyyətlə, Xəzərdə dayazlaşmanın qarşısını hansı formada almaq olar?

Globalinfo.az-a danışan Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov bildirib ki, Xəzərlə Qara dənizin yeraltı tunellə birləşdirilməsi ideyası maliyyə baxımından çox bahalı texniki layihədir:

“Bunu həyata keçirmək üçün milyardlarla vəsait sərf olunmalıdır. Xəzərlə Qara dənizin suyu fərqli xüsusiyyətlərə malikdir. Qara dənizin okeanla əlaqəsi olduğu üçün suyu daha duzludur. Xəzərdəki duzluluq isə onunla nisbətdə 2,5-3 dəfə azdır. Belə olan halda duzlu suyun yenidən Xəzərə gətirilməsi biomüxtəlifliyə mənfi təsir göstərə bilər. Həmin təşəbbüs unikal variantdır və bununla Xəzərin dayazlaşmasının qarşısını almaq olar. Amma yaranacaq mənfi situasiyalar əvvəlcədən nəzərə alınmalıdır”.
Ardını oxu...
Səid Səfərov

S.Səfərov əlavə edib ki, Xəzərin səviyyəsi tarix boyu dəyişkən olub:

“Bunun da tektonik proseslər, iqlim dəyişiklikləri və sair kimi müxtəlif səbəbləri var. Xəzərin səviyyəsinin kəskin dərəcədə aşağı düşməsi qlobal istiləşmə ilə əlaqədardır. Qlobal istiləşmənin qarşısı alınmasa, bu problem uzun müddət qalacaq. Dünyadakı bütün dövlətlərin səyi ilə buna müdaxilə olunmalıdır. Atmosferə atılan karbon və parnik qazlarının konsentrasiyası ciddi şəkildə azalmalıdır. Çünki Xəzərin səthindən və su anbarlarından buxarlanmanın azalması üçün temperaturun artması dayanmalıdır. Bu yollarla qismən də olsa problem öz həllini tapa bilər”.

Biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev qeyd edib ki, Xəzərin dünya okeanından 28 metr aşağı yerləşdiyini nəzərə alaraq Qara dənizin suyunun Xəzərə axıdılması mümkündür:
Ardını oxu...
Arzu Mustafayev

“Xəzərdə suyun azalması çoxsəbəbli faktorlarla bağlı prosesdi. Xəzər qapalı su hövzəsi olduğundan bu tip qalxma-enmələr dövrü olaraq daimi baş verib və verəcəkdir. Elmi cəhətdən bu səbəblərin spektri ilə bağlı yekdil fikir yoxdur. Sovet dövrü alimlərinin bu səbəblərin arşdırılması istiqamətində çoxsaylı elmi tədqiqatları olsa da, vahid nəticə, yekdil fikir formalaşdırması mümkün olmayıb. Hesab edirəm ki, illik müşahidələr və dərin analiz vasitəsilə səviyyəni azaldan səbəblər arşdırılmalı, onların aradan qaldırılması yolları və metodikaları tapılmalıdır. Bundan başqa, prosesdə antropogen, endogen və ekzogen səbəblərin təsir dərəcəsi, kəmiyyəti öyrənilməlidir”.
 
Ardını oxu...
"Trampın siyasi ritorikası və avtoritar meylləri ABŞ demokratiyasına birbaşa təhdiddir..."

Bu şənbə, iyunun 14-də ABŞ-ın bütün ştatlarında hazırkı prezident Donald Trampın siyasətinə qarşı irimiqyaslı etiraz aksiyaları keçiriləcək.

Moderator.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Təşkilatçılar hesab edir ki, bu, Trampın ikinci prezidentlik dövrü başladıqdan bəri ən böyük birgünlük etiraz tədbiri olacaq. Aksiya "Kralsız gün" ("No Kings Day") adlanır və təsadüfi deyil ki, ABŞ Silahlı Qüvvələrinin 250 illiyi münasibətilə Vaşinqtonda keçiriləcək hərbi paradla eyni vaxta - iyunun 14-nə təsadüf edir. Həmçinin, həmin gün prezident Tramp 79 yaşını qeyd edir.

Məqsəd: küçələrdə şouya qarşı demokratiya

Bu aksiyaların koordinasiyası ilə 100-dən çox demokratik yönümlü qrup məşğuldur. Onların arasında daha öncə "Trump Resistance" hərəkatı ilə tanınan "Indivisible" təşkilatı da var. Hələ may ayında aksiyanı elan edən bu qrup Trampı ad gününü tanklarla və küçələrdə güc nümayişi ilə qeyd etmək istəyən avtoritar lider kimi təqdim edib. Təşkilatçılar bildirir ki, Trampın siyasi ritorikası və avtoritar meylləri ABŞ demokratiyasına birbaşa təhdiddir və bu səbəbdən aksiya "Kralsız gün" adı ilə keçirilir.

Vaşinqtonda yox, bütün başqa şəhərlərdə

Qəribədir ki, Vaşinqtonda - prezidentin doğum günü və hərbi paradın keçirildiyi şəhərdə heç bir rəsmi etiraz aksiyası planlaşdırılmayıb. "Indivisible" təşkilatının rəhbəri Liya Qrinberqin sözlərinə görə, bu, məqsədli strategiyadır. Məqsəd Tramp administrasiyasının paytaxtda qarşıdurma yaradaraq diqqəti yayındırmasının qarşısını almaqdır. Qeyd edək ki, Tramp daha öncə bəyan edib ki, Vaşinqtonda hər hansı etiraz sərt şəkildə yatırılacaq və "çox böyük güclə cavab veriləcək".

"Təlxəkləri qovaq": qadın hərəkatı da qoşulur

"No Kings Day" ilə paralel olaraq eyni gündə ABŞ-ın bir çox şəhərlərində "Clown Out" - "Təlxəkləri qovaq" adlı qadın yürüşləri də keçiriləcək. Bu marşlar əsasən MAGA rejiminin (Make America Great Again) cəfıngkiyini və antidemokratik ruhunu ifşa etməyə yönəlib. Aksiyanın təşkilatçıları bildirir ki, 14 iyun onlar üçün MAGA rejiminə qarşı real müqavimət göstərmək və demokratiyanı müdafiə etmək üçün bir fürsətdir. Onların mesajı aydındır: demokratiya uğrunda mübarizə hələ bitməyib - o, indi və burada davam edir.

Aksiyalar immiqrasiya böhranı fonunda keçirilir

Etiraz aksiyaları Tramp administrasiyasının sərt antimiqrant siyasəti ilə bağlı ABŞ-ın bir çox şəhərində, o cümlədən Los-Ancelesdə davam edən narazılıqlar fonunda keçirilir. Federal hökumətin miqrantlara qarşı zorakı münasibəti, xüsusilə də son günlərdəki kütləvi həbslər və deportasiya tədbirləri ictimai qəzəbi daha da artırıb.

Kaliforniya qubernatoru Trampı ittiham edib

Kaliforniya qubernatoru Qevin Nyusom televiziyada çıxışı zamanı Trampı ölkə daxilində qarşıdurmalar yaratmaqda və demokratik dəyərləri sarsıtmaqda ittiham edib. Onun sözlərinə görə, küçələrə hərbçilərin çıxarılması misilsiz addımdır və ABŞ demokratiyasının mahiyyətinə təhdiddir. Nyusom bildirib ki, Trampın iddia etdiyi kimi bu tədbirlər sadəcə təhlükəli cinayətkarlara qarşı yönəlməyib, əslində isə narazı vətəndaşların susdurulmasına xidmət edir.
Ardını oxu...
“İran ali dini liderinin müşaviri Əli Əkbər Vilayətinin guya Zəngəzur dəhlizinin açılmasına onların imkan vermədiyini deməsi və bu dəhliz açılacağı təqdirdə İranın Avropaya çıxışının bağlanacağı haqda söylədikləri qeyri-ciddidir. Vilayəti o məsələdə haqlıdır ki, farslar və ermənilər mənşə baxımından bir-birinə daha yaxındırlar”.

Bu sözləri “Reytinq” qəzetinə açıqlamasında professor Cümşüd Nuriyev Seyid Əli Xamnəinin müşaviri Əli Əkbər Vilayətinin fikirlərini şərh edərkən deyib.

Professorun sözlərinə görə, cənab Vilayəti bir zamanlar İranın Xarici işlər naziri olub və ölkəsinin Avropaya çıxışından danışarkən tarixə baxmalıdır.

“Zəngəzur dəhlizi mövcud olduğu dövrlərdə də İranın Avropa ilə əlaqəsi, quru yolu olmayıb, indi də yoxdur. Ermənistan özü Gürcüstan vasitəsilə Avropaya çıxış əldə edir. Yəni nə əvvəl, nə də indi İranın Avropaya çıxışı Ermənistan üzərindən olmayıb. Əgər Vilayəti Avropaya çıxışlarından narahatdırsa, Türkiyə ilə əlaqələri yüksək səviyyədə qursunlar. Çünki Avropaya ilə birbaşa əlaqə Türkiyə üzərindən mümkündür”,- deyə C. Nuriyev əlavə edib.

Professor iddia edir ki, İran faktiki olaraq Ermənistanı satıb:

“Azərbaycan ayrılmaz ərazisi olan Naxçıvanla yerüstü əlaqəni gücləndirməyə çalışır. Zəngəzur dəhlizi həm də bu baxımdan önəmlidir. Lakin Ermənistan bu məsələni gecikdirdi, Azərbaycan isə Naxçıvanla quru əlaqəni gücləndirmək məqsədilə İranla razılaşdı, körpü salınır, yol düzəldilir və s. Güman edirəm ki, Zəngəzur dəhlizi açıldıqda belə, bu, İrana problem yaratmayacaq”.

C. Nuriyev xatırladıb ki, Ermənistan bir dövlət kimi 1918-ci ildə yaradılıb və buna qədər indiki Ermənistan əraziləri Azərbaycana məxusus olub.

Müsahibimiz məlumatına görə, hazırda Qərbi Azərbaycan İcması tarixi torpaqlarımızla bağlı ciddi araşdırma aparır:

“Aydındır ki, yalnız İrəvan şəhəri Azərbaycanın razılığı ilə Ermənistana verilib. Ancaq Zəngəzur və Dərələyəzin Ermənistana verilməsində Azərbaycanın razılığı olmayıb, bu əraziləri Rusiya verib. Bunun da hüquqi qüvvəsi yoxdur. Zamanında bu ərazilər Naxçıvan vilayətinin tabeliyində olub və bu ərazilər tarixi Azərbaycan torpaqlarıdır”.
Ardını oxu...
Avropa Ukrayna və Moldovanı itirə bilməz, çünki bu, Moskvanın digər ölkələrə müdaxiləsinə gətirib çıxaracaq. Rusiya Odessanı ələ keçirməyi, daha sonra Moldova və Rumıniya ilə sərhədə çatmağı planlaşdırır.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Zelenskinin sözlərinə görə, cənub-şərqi Avropa, Ukrayna Rusiyanın xaos yaratmaq üçün əsas hədəflərindən biridir.

"Əgər Avropa bu il Moldovada uduzsa, bu, Rusiyanı sizin ölkələrinizə daha çox müdaxilə etməyə, resurslarınızı, suverenliyinizi və hətta tarixinizi əlinizdən almağa sövq edəcək. Ona görə də Avropanın Moldovanı dəstəkləməsi hamımız üçün son dərəcə vacib vəzifədir. Eyni şey Ukrayna üçün də keçərlidir", - Zelenski vurğulayıb.
 
Ardını oxu...
Bütün il yaşıllıqlarla örtülü olan və tez-tez "Zümrüd ada" adlandırılan İrlandiya öz "canlı" təbiət mənzərələri sayəsində turistləri valeh edir.

Qaynarinfo xəbər verir ki, İrlandiya dünyanın ən mənzərəli ölkəsi elan olunub. Bu nəticəyə DiscoverCars.com şirkətinin müştərilər arasında keçirdiyi sorğunun nəticələrinə əsasən gəlinib.

Respondentlərdən səyahətləri zamanı gördükləri təbiət mənzərələrini 1-dən 10-a qədər qiymətləndirmələri istənilib. Sorğuda ümumilikdə 6,5 minə yaxın insan iştirak edib.

Nəticələrə əsasən, İrlandiya xarici turistlərdən 10 baldan 9,52 bal toplayıb. Bu yüksək göstəriciyə ölkənin "sulu” yaşıllıqları və ecazkar təbiəti sayəsində nail olunub.

İrlandiya təkcə yaşıllıqları ilə deyil, həm də təəccübləndirici qayalıqları və tarixi qalaları ilə seçilir. Bütün bunlar birlikdə ölkənin hər nöqtəsində valehedici mənzərələr yaradır.

Ən mənzərəli ölkələr reytinqi

Reytinqin ikinci pilləsində Yeni Zelandiya yer alıb - onun göstəricisi 9,43 baldır. Üçüncü yeri isə Portuqaliya və Böyük Britaniya bölüşüb – hər iki ölkə 9,29 bal toplayıb.

1. İrlandiya
2. Yeni Zelandiya
3. Portuqaliya / Böyük Britaniya
4. Xorvatiya / Yunanıstan
5. Polşa / İtaliya
6. Kipr
7. Fransa
8. İspaniya
9. ABŞ
10. Mavriki

Dünyapress TV

Xəbər lenti