Ardını oxu...
"Səhiyyəmizdən onsuzda əlimizi üzmüşük. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki istər xəstəxanalar olsun, istərsə də digər obyektlərdə hər gün bir dərəbəylik nümunəsi ilə qarşılaşırıq. Az-çox ölkəmizdə qürurla söhbət açdığımız sabitlik qalmışdı, o da əldən gedir". DİA.AZ bildirir ki, bunu öz gileyində tanınmış jurnalist Zülfüqar Xeyirxəbərov ifadə edib.

Daha sonra narazı jurnalist yazır: "Təxminən saat 21:00 radələrində Səbael rayonu, Bibiheybət yolunda (Səbael DYP ilə üzbəüz) fəaliyyət göstərən "Gloria" Aptekə daxil olub 3 ədəd "Teraflyu" aldım. 3 manat çıxdılar. Qiymətini soruşdum, xanım qız cavab verdi ki 1 manat olub. Ötən həftə həmin yerdən eyni dərmanı səhv etmirəmsə 87 qəpiyə almışdım. Nə zaman bahalşdığını soruşdum. Məlum oldu ki, bahalaşan heç bir şey yoxdu, sadəcə müşətiləri loxlayırlar. İradımı bildirdim, dərmanın dəqiq qiymətini soruşdum. Bu dəfə də xanım qız 95 qəpik olduğunu dedi. Kassadakı bəydən bəs nəyə görə hər dərmana görə 1 manat çıxdığını soruşdum, üstümə hücum çəkdilər. 45-50 yaşlarında üst başı sıliqəsiz bir kişi üstümə şığıdı. Küçə söyüşləri ilə təhqir edib ölümlə təhdid etdi. Deyir "yaxşı edirəm, kefim istəyən qiymətə satıram, bas bayıra yoxsa təpənə bir güllə çaxıb meyitini ataram küçəyə". Səhiyyə nazirimizin canına and olsun ki, şişirdib eləmirəm, əlini cibinə salıb belə də dedi. "Bu saat təpənə bir güllə çaxaram".
Ardını oxu...
Ardını oxu...
Həm də maraqlı bilirsiz nədir? Peşəkar dələduzluq. Kartdan 3 manat çıxır, mən çek tələb edəndə 2.85-lik çek verir. Dövlət Vergi Xidməti yaxşı olar ki, apteklərin fəaliyyətini yoxlasın. Əkəsr apteklərdə çek vermirlər, verdikləri də belə saxtakarlıq.
Hörmətli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ümidvaram ki, həmin şəxsin kimliyi araşdırılacaq, o hər kimdirsə aid olduğu yerə gedəcək.
Hadisə barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin qaynar xəttinə xəbər verə bilmədim, çünki qaynar xəttə heç vaxt cavab vermirlər. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim. 8-ci bölməyə dəvət edib ərizəmi aldılar. Nəticəsini gözləyirəm. Ortada silahla təhdid var, ictimai yerdə söyüş-təhqir var, istehlakçı hüququnun tapdanması var, süni qiymət artımı, vergidən yaypınma var. Bunlar sıradan hadisə deyil, ölkəmiizn sabitliyinə, təhlükəsizliyinə ciddi təhdidlərdir. Bunun qarşısı vaxtında alınmalı, günahkarlar mütləq cəzalandırılmalıdır. Yoxsa hər yerindən duran xoşu gəlməyənin təpəsinə bir güllə çaxacaq".
Ardını oxu...
Ardını oxu...
Məsələ diqqətimizdədir. İddia olunanlarla bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
Ardını oxu...
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun ölkəmizə səfəri Vaşinqtonun Azərbaycan-Ermənistan sülh gündəliyini Rusiyanın təsirlərindən qorumaq məqsədləri daşıyır.

Son zamanlar Ağ Evin Bakı ilə İrəvan arasındakı ali səviyyəli təmasların moderatoru qismində həlledici statusa yiyələnmək istəyi də bununla bağlıdır.

ABŞ bu zamana qədər bunu yarıgizli şəkildə reallaşdırırdı, məsələn, Avropa İttifaqı və Gürcüstanı önə verməklə prosesin arxasına çəkilib nəticələri gözləyirdi.

2023-cü ilin fevralında keçirilən Münhen Təhlükəsizlik Konfransında isə digər iki komponenti özünün təkbaşına vasitəçiliyi şəklində birləşdirdiyini göstərdi.

ABŞ-nin sülh proqramına anti-Rusiya tətbiqləri yükləmək cəhdi Moskva üçün qəbuledilməzdir, ancaq Kremlin başı Ukraynaya qarışdığından Ağ Ev yaranan boşluqları doldurmaq istəyir.

Azərbaycana isə maraqlı olan ABŞ-nin Rusiya ilə konfrontasiyası yox, onun Ermənistan barədə ölçülər götürməsidir.

Bakının mövqeyini belə qiymətləndirmək olar ki, o, regionu Qərb-Rusiya cəbhələşməsindən uzaq tutmaq üçün əlindən gələni edir.

Ancaq beynəlxalq siyasi-təhlükəsizlik nizamındakı dağınıqlıq səbəbilə Rusiya ilə Qərb regiona diqqəti artırmağa davam edir və profillərini yüksəltmək üçün hibrid müharibə aparırlar.
Ardını oxu...
Lui Bononun Azərbaycana gəlişi Bakı-İrəvan təmaslarındakı yeni istiqamətləri müəyyən etmək üçün düsturlar hazırlanmasını özündə ehtiva edir.

ABŞ konstruktiv tezisləri hazırlamaqda çətinlik çəkir, çünki Rusiyanın regiona tarixən mövcud olan siyasi nüfuzunun kökünü qaza bilmir.

Bakı da Qərbdən xüsusi bir aktivlik gözləyir – Ermənistanda revanşizmin qidalanma kanallarını bağlamaq üçün və həqiqi-hərtərəfli sülh naminə. Rusiyadan gözləntisi isə daha çox təhlükəsizlik qayğıları ilə əlaqədardır və Moskvanı müxtəlif vasitələrlə irimiqyaslı təxribatlardan çəkindirməyi bacarır.

Qısası, Bakı “münaqişə monopolistləri”nin diqqətinə çatdırır ki, hərəsi öz üzərinə düşən vəzifədən düzgün yapışsa, regional sülh və firavanlıq da təmin olunar.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Lui Bono ilə görüşdə ABŞ-nin diqqətinə işğal faktının davam etdirilməsini çatdırıb.

Belə ki, Bayramov Bonoya Qazaxın yeddi, Naxçıvanın isə bir kəndinin hələ də işğalda qaldığını söyləyib və bununla Vaşinqtonun, heç olmazsa, Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşməsinə töhfə verəcəyinə inam ifadə edilib. Bu, Vaşinqtondan konkret addımlar gözləmək kimi başa düşülə bilər.

Vaşinqtonun səyləri hələlik sərhədlərin delimitasiyası məsələsində Azərbaycanın mövqeyinə tam yaxınlaşmayıb.

Vaşinqton indi Azərbaycanı inandırır ki, onun vasitəçiliyi ilə Ermənistanla keçiriləcək ali səviyyəli danışıqlar fayda verəcək.
Ardını oxu...
Dövlət Departamenti sülhyaratma prosesini əlində saxlamaq üçün başqa bir əməkdaşını – dövlət katibinin köməkçisi Erika Olsonu İrəvana göndərib.

Olson baş nazir Nikol Paşinyanla görüşüb və görünür ki, Vaşinqton danışıqların növbəti raundunun “münsif”i olmaqda israrlıdır.

Vaşinqtonun, yəqin, bir planı var, çünki o məcburdur ki, vasitəçiliyi ilə keçirilən görüşlərdən mühüm tənzimləyici mexanizmlər çıxarsın.

Aqşin Kərimov
Ardını oxu...
Gənclər və idman naziri Fərid Qayıbovun sosial şəbəkədə videosu yayılıb. Görüntülərdə o, hava limanında digər sərnişinlər kimi pasport qeydiyyatından keçmək üçün növbədə dayanıb. Videonun nə zaman və hansı hava limanında çəkildiyi məlum olmasa da, paylaşılan görüntülər sosial şəbəkələrdə alqışla qarşılanıb. Sosial şəbəkə istifadəçiləri F.Qayıbovun ümumi keçiddən istifadə etməsini, səbrlə növbədə dayanmasını səmimiyyət əlaməti kimi qiymətləndiriblər və nazir xeyli sayda bəyənmə toplayıb.

Gənclər və idman naziri bundan əvvəl də səmimi davranışları ilə diqqəti cəlb etmişdi. Nazir Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin çağırışına qoşularaq işə ictimai nəqliyyatla və ya piyada getdiyini bildirmişdi. Rəsmi feysbuk hesabında paylaşım edən nazir bunun sağlam həyat tərzinin və ətraf mühitin qorunması üçün faydalı təşəbbüs olduğunu diqqətə çatdıraraq hər kəsi bu təşəbbüsə qoşulmağa çağırmışdı.

Gənclər və idman nazirinin səmimi davranışları “xalqdan uzaq nazirlər dövrü”nün bitməsi anlamına gəlirmi? DİA.AZ-ın məlumatına görə, ictimai xadim, D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğlu “Şərq”ə açıqlamasında qeyd etdi ki, nazir Fərid Qayıbovun davranışları digər nazirlərə, məmurlara, icra başçılarına örnək olmalıdır:

- Yadınızdadır, Salyanın sabiq icra başçısı şagirdlərin yuxarı qaldırdığı gül çələnginin altıyla addımlamışdı. Elə bil qalib sərkərdədir. O görüntülər nə qədər müzakirə edildi, çoxları onu qınadı. Sonra da vəzifəsindən azad edildi. Məmurlar, nazirlər nə qədər xalqa, sadə insanlara yaxın olsalar, insanlar da onlara yaxınlaşacaq, problemlərini dlə gətirəcək, beləliklə dövlətimiz daha da güclənəcək. Nazir də, icra başçısı da, hər bir məmur, vəzifə sahibi bilməlidir ki, dövlətin dayağı xalqdır. Necə ki, cənab Prezident deyir, mən xalqın xidmətçisiyəm, siz, vəzifə sahibləri də ilk növbədə xalqın xidmətçisi olmalısınız”, məmurlar məhz bu cür davranmalıdır. İstər nazir olsun, istər icra başçısı, ya hansısa yüksək vəzifə sahibi tabeliyində olanları “konvertlə” yox, səmimiyyəti, dürüstlüyü, işgüzarlığı ilə cəlb etməlidir.

Rəhbər belə olduqda tabeliyində olanlar da dürüst işləməyi özlərinə borc bilər, çünki rəhbərin necə işlədiyini görəcəklər. Məmurlar nə qədər sadə olsalar, xalqın içində olsalar, xalq da onlara bir o qədər yaxınlaşacaq, arada uçurum qalmayacaq.

N.Cəfəroğlu bu mənada gənclər və idman nazirinin hərəkətini bəyəndiyini söylədi: - Fərid Qayıbovun davranışları xoşuma gəlir.

Onun davranışları digərlərinə də örnək olmalıdır. Xoşum gəldi ki, nazir idmançılarımızı İrəvandan tez geri çağırdı. Deməli, operativ qərar verə bilir. O, gənclərlə səmimi davranacaqsa, gənclər də ona yaxın olacaq. Vəzifə sahiblərinin əsas keyfiyyətləri dürüstlük, çalışqanlıq, səmimiyyət, mehribanlıq olmalıdır.
Ardını oxu...
İranın devrilmiş şahı Məhəmməd Rza Pəhləvinin oğlu vəliəhd şahzadə Rza Pəhləvi İsrailə səfər edəcək. Səfərlə bağlı üç məqam diqqət çəkir:

Birincisi Rza Pəhləvinin İsrailə səfərinin məhz Holokost qurbanlarının Beynəlxalq Anım Gününə təsadüf etməsidir. Onun rəsmi açılış mərasimində iştirak edəcəyi bildirilib.

İkincisi, Rza Pəhləvi səfər çərçivəsində İsrailin kəşfiyyat və atom enerjisi naziri Gila Qamlielin ilə görüşəcək.

Üçüncüsü, Rza Pəhləvi bəhai dini icmasının üzvləri və Yəhudi-İran icması ilə görüşəcək.

Nə baş verir?

İrandakı aksiyalar fonunda keçmiş şah Məhəmməd Rza Pəhləvinin böyük oğlu Rza Pəhləvi və anası Fərəh Pəhləvi kifayət qədər aktivləşib. Tez-tez efirlərə çıxan ikili İranın gələcəyi, demokratik dəyərlər, insan haqları və s. məsələlər ətrafında fikirlərini tirajlayır.

Maraqlıdır ki, Qərbin özü də Rza Pəhləviyə media və siyasi dəstək verir. Onun bir müddət öncə Vaşinqtonda forum keçirməsi və Münhen Təhlükəsizlik Konfransına dəvət edilməsi də bunu təsdiqləyir.

Qərb İrandakı etirazları diqqətlə izləyir və analiz edir. Etiraz aksiyaları fonunda İranda rejim dəyişikliyi Qərbin alternativləri sırasındadır. Bunu bilən Rza Pəhləvi də İranda hakimiyyəti yenidən ələ almaq və monarxiyanı “restavrasiya” etmək üçün fürsətləri dəyərləndirir.

Düşmənimin düşməni...

Rza Pəhləvinin indiki məqamda İsrailə səfər etməsi, kəşfiyyat və atom enerjisi naziri Gila Qamlielin ilə görüşməsi ciddi hadisədir. Məsələ ondadır ki, Təl-Əviv Rza Pəhləvi ilə yaxından maraqlanır və onun üzərindən İranı zəiflətməyə çalışır.

Pəhləvi uzun müddətdir, İranın xaricdəki müxalif qruplarını birləşdirməyə və vahid lider kimi rejimlə mübarizə aparmağa çalışır. Pəhləvi tərəfdarları onun yenidən canlandırılan monarxiyaya rəhbərlik etməsini, digər fəallar isə 1979-cu il inqilabında vəliəhd şahzadənin atasını devirən şiə din xadimlərinin rəhbərlik etdiyi avtoritar islamçı respublikanın yerinə yeni bir respublikanın yaradılmasını istəyirlər. O isə İslam Respublikasını əvəzləyən yeni bir sistem təklif edir, seçilmiş monarx mövqeyi yaratmağa çalışır.

Hələlik Pəhləvi buna tam nail olmasa da, görünür, bu cəhdi İsrailin, xüsusilə də kəşfiyyat rəhbəri Gila Qamlielin diqqətini çəkib. Rəsmi Təl-Əviv başa düşür ki, İranla mübarizə aparmaq istəyirsə, ona İran cəmiyyətinə təsir edə biləcək real sima lazımdır.

İsrail Rza Pəhləvinin tərəfdarlarından İranın strateji məntəqələri haqda kəşfiyyat materialları əldə etmək üçün də istifadə edə bilər.

Güney Azərbaycan üçün risklər

Rza Pəhləvinin İsrailə səfər etməsi və Təl-Əvivlə təmasları gücləndirməsi Güney Azərbaycanın müqəddəratını təyin etməsi üçün ciddi risklər yaradır.

Məsələ ondadır ki, İranın zəiflədilməsi fonunda gündəmə gələn ən önəmli ssenarilərdən biri İranın bir neçə ölkəyə parçalanmasıdır. Bu ssenari çərçivəsində Güney Azərbaycan da müstəqillik əldə edə bilər.

İsrailin Rza Pəhləvi ilə danışıqlara getməsi Güney Azərbaycanın öz müqəddəratını təyin etməsinə maneə təşkil edə bilər. Güney Azərbaycan nümayəndələri də bu mənada Rza Pəhləvi ilə paralel İsraillə danışıqlara getməli, onun təkbaşına İranda hakimiyyətə yiyələnməsinə mane olmalıdır.

İstər pəhləvilər, istərsə də molla rejimi Güney Azərbaycan üçün müsbət gələcək vəd etmir. Güney Azərbaycan öz müqəddəratını təyin etməli, bu istiqamətdə İsraillə əməkdaşlığa da getməlidir.

Turan RZAYEV
Politoloq
 
Ardını oxu...
Təhlillərimdə bir neçə dəfə Azərbaycanla İranın "İrəvan uğrunda" mübarizəsini qeyd etmişəm.
Bəli, İranın son məqsədi Ermənistanı müstəqil dövlət kimi saxlamaq deyil. Onun məramında Ermənistanın lazım olan hissələrini ələ keçirmək cəhdi dayana bilər.
Artıq bir neçə gündür ki, İran mediası Ermənistanın baş naziri Nikol Paşinyanı da "edam kürsüsünə" çıxarıb.
Yəqin düşünülür ki, Paşinyan Azərbaycanla Türkiyə qarşısında böyük güzəştlərə gedəcək...
Aksin Kərimov
Teref.az
Ardını oxu...
Kim kimi qabaqlayacaq? Kreml təmas xəttindəki toqquşmadan dərhal sonra Azərbaycan və Ermənistana Moskvada görüş təklifi edib. Toqquşmadan bir neçə gün əvvəl isə görüşün Vaşinqtonda keçirilməsi təklif edilmişdi. Brüssel də növbədə gözləyir. Azərbaycan və Ermənistan liderləri arasında görüşün birinci hansı paytaxtda keçirilməsi uğrunda yarış başlayıb. Görüş məkanlarının əhəmiyyəti və fərqi nədədir?
Moskva, Vaşinqton və Brüsselin hər üçü sözdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını istəyir. Ancaq Kreml indidən tərəflərə mesaj göndərir ki, sülh sazişi Vaşinqton və ya Brüsseldə imzalanarsa, bu uzunömürlü olmayacaq. Bu o deməkdir ki, sülh sazişi Qərbdə imzalanarsa Rusiya buna müxtəlif yollarla mane olacaq, təmas xəttində gərginlik azalmayacaq. Bəs sülh sazişi Moskvada imzalanarsa nə baş verəcək, Vaşinqton və Brüsselin reaksiyası necə olacaq? ABŞ və Avropa İttifaqının əllərində Rusiya kimi bölgəni qarışdıracaq alətləri yoxdur. Bu onlara lazım da deyil. Vaşinqton və Brüsselə Cənubi Qafqazda sülh və bölgə ölkələri arasında əməkdaşlıq, o cümlədən Rusiyanın təsirinin azalması lazımdır. Bu olacaqsa, ABŞ və Avropa İttifaqı məmnun qalacaq. Ancaq Kreml Azərbaycanla Ermənistan arasında barışın əldə olunmasını ona görə təmin etmək istəmir ki, bölgə ölkələri ABŞ və Avropa İttifaqı ilə əməkdaşlığı gücləndirsinlər. Bu Kremlin maraqlarına ziddir. Rusiya paytaxtında imzalana biləcək mümkün sülh sazişi bölgədə Rusiyanın təsir imkanlarını artırmağı hədəfləyir.
Elxan Şahinoğlu
Teref.az
 
 
 
Ardını oxu...
Siyasi ekspertlər Ermənistan ordusunun aprelin 11-də Laçın rayonu istiqamətində törətdiyi hərbi təxribatın arxasında üçüncü dövlətlərin dayanması qənaətinə gəlib.

Eskalasiyanın baş verməsi Azərbaycana və Ermənistana təzyiqin artması kimi qiymətləndirilir. Bölgədə sabitliyin pozulmasında daha çox Rusiyanın maraqlı olduğuna dair rəylər üstünlük təşkil edir. Ümumiyyətlə, son günlər Kremlin həm Azərbaycandan, həm də Ermənistandan narazı qalması üçün kifayət qədər ciddi proseslər baş verir. Yeni geosiyasi konyuktur Rusiyanın və İranın maraqlarına cavab vermir. Aprelin 7-də Baş nazir Nikol Paşinyan Ermənistanın Laçın dəhlizi istiqamətində sərhəddin 12 kilometrlik hissəsinin 7 kilometrini Azərbaycanla razılaşdırdığını və delimitasiya prosesinin kartoqrafların iştirakı ilə baş tutduğu barədə açıqlama verir. Paşinyan sərhəd xəttinin qalan 5 kilometrlik hissəsi üzərində də işlərin davam etdirldiyini bildirir. Hətta Ermənistanın Baş naziri Dığ-Gornuzor istiqamətində vəziyyətin xeyli yaxşılaşdığını deyir. Görünür, bu vəziyyət hansısa tərəfi qane etməyib. Həm delimitasiya prosesinin başlanması, həm də ermənilərin Gorus-Laçın-Xankəndi yolundan təhlükəsiz istifadəsi üçün imkanın yaranması dəhlizə nəzarət edən Rusiya sülhməramlı qüvvələrinə ehtiyacın olmaması deməkdir. Aprelin 10-da isə Gorus-Laçın yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsi quraşdırması barədə məlumat yayılır.

Bu da öz növbəsində, bölgədə kommunikasiya vasitələrinə nəzarətin Azərbaycanın nəzarətini təmin etməklə yanaşı, Ermənistanın Qarabağdakı erməni silahlı birləşmələrinin əlaqəsinin kəsilməsi deməkdir. Status-kvonun dəyişməsi Ukraynadakı müharibə fonunda Cənubi Qafqazda zəifləyən Rusiyanın Azərbaycan və Ermənistan üzərində həm geosiyasi, həm də hərbi təsirinin aradan qalxmasına gətirib çıxara bilər. Paralel olaraq, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müşahidə missiyasını Azərbaycanla sərhəddə buraxmaması Moskvada qəzəblə qarşılanmışdı və atəşkəsin pozulması bunun üçün müəyyən əsaslar yarada bilər. Aprelin 5-dən 7-dək ABŞ Ordusunun Avropa Komandanlığının qərargah rəisinin müavini, briqada generalı Patrik Ellisin başçılıq etdiyi nümayəndə heyəti Ermənistana səfər edib. Patrik Ellis Ermənistan Müdafiə Nazirliyinin nümayəndələri ilə şəxsi heyətin hazırlanması, birgə təlimlərin keçirilməsi, təcrübə və bilik mübadiləsi imkanlarını müzakirə edib. Çünki ABŞ generalı İrəvan döndükdən bir neçə gün sonra Ermənistanın müdafiə naziri Suren Papikyan Brüsselə işgüzar səfər edir.

Aprelin 10-da Papikyan NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Komandanlığında qəbul edilir. Təbii ki, KTMT üzvü və Rusiya ilə hərbi müttəfiq olan Ermənistanın ABŞ və NATO ilə hərbi əməkdaşlığı dərinləşdirmək qərarı Moskvada sakit qarşılana bilməzdi. Bu baxımdan, Azərbaycan sərhədində baş vermiş hərbi təxribat Rusiyanın regiondakı son proseslərə reaksiyası idi. Eyni zamanda, Azərbaycan Prezidentinin Qazaxıstana səfəri də geostrateji əhəmiyyət daşıyan sazişlərin imzalanması ilə müşahidıə olunub. Xüsusilə də Qazaxıstan neftinin və digər yüklərin Rusiyadan yan keçməklə Orta dəhliz vasitəsilə nəqlinə dair razılaşmalar da çox güman ki, Kremlin etirazına səbəb olub. Moskva Orta dəhlizin keçdiyi Zəngəzurda münaqişəni alovlandırmaqla “oyun”u pozmağa çalışır. Nəhayət, sərhəddə təxribatın mühüm səbəblərindən biri Azərbaycan və Ermənistan liderlərinin ABŞ-ın vasitəçiliyi ilə görüşünün təşkili barədə yayılan məlumat ola bilər. Qeyd edək ki, Ermənistan mətbuatı ABŞ-ın Dövlət katibi Entoni Blinkenin tərəfləri Vaşinqtonda bir araya gətirmək istədiyini yazıb.

“Diplomatik mənbəmizin sözlərinə görə, indiki mərhələdə avropalılar Ermənistan-Azərbaycan danışıqlar prosesinin qarşıdan gələn görüşünü öz himayəsi altında keçirmək, xüsusən də İlham Əliyev və Nikol Paşinyan yaxın həftələrdə Brüsseldə görmək istəyirlər. Avropa tərəfinin bu qədər marağına baxmayaraq, ilkin razılaşmaya görə, mayın ikinci yarısındakı görüş böyük ehtimalla Vaşinqtonda baş tutacaq”,-deyə qəzet yazır.

Xarici İşlər Nazirliyindəki mənbə onu da bildirib ki, danışıqların Vaşinqtonun aparılması məsələsində tərəflərin yanaşmaları üst-üstə düşür. “Görüşün keçirilməsi təşəbbüsü bu məsələdə nəzərəçarpacaq dərəcədə fəal olan ABŞ dövlət katibi Entoni Blinkenə məxsusdur”, - deyə “Past”qəzeti qeyd edir.

TEREF.AZ-ın məlumatına görə, “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Cebhe.info-ya açıqlamasında bildirib ki, Ermənistan ordusunun Laçın istiqamətində atəşkəsi pozması birmənalı şəkildə təxribatdır.

Lakin politoloq hesab edir ki, bu silahlı toqquşma yalnız Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda görüşəcəyinə dair məlumatla bağlı deyil:

“Ermənistan hərbçiləri ilə ABŞ və NATO hərbçiləri arasında təmasların baş verməsi bu prosesin bir tərəfidir. Nəzərə almalıyıq ki, Azərbaycan hərbi komandanlığı ilə də ABŞ arasında intensiv müzakirələr gedir. Bu günlərdə Azərbaycanın Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov da ABŞ-a səfər edib və Pentaqon rəhbərliyi ilə müəyyən məsləhətləşmələr aparıb. Göründüyü kimi, ABŞ Cənubi Qafazda sülh prosesinə yalnız diplomatik yolla deyil, həm də hərbi vasitələrlə daxil olamağa başlayır. Bu isə Rusiyanı narahat etməyə bilməz. Maraqlı olan isə bu təxribatın Azərbaycan-Ermənistan şərti sərhədində törədilməsidir. Avropa İttifaqının müşahidə missiyasının Ermənistan ərazisinə yerləşdirilməsindən sonra faktiki olaraq, təxribatların, qarşıdurmaların mərkəzi Azərbaycan ərazisinə, yəni Rusiya sülhməramlı qüvvələrinin Qarabağdakı müvəqqəti nəzarət zonasına keçirilmişdi. Həmin bölgədə də sülhməramlılar erməni separatçılarını silahlandırır, onlarla faktiki olaraq, müttəfiqlik edir və sairə. Bu dəfə güc sərhəddə nümayiş etdirildi. Rusiya bu mesajı verməklə demək istəyir ki, sərhəddə avropalı müşahidəçilərin yerləşdirlməsinə baxmayaraq, biz öz siyasətimizi yürüdürük, resurslarımız var və bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Təbii ki, baş verən təxribat Rusiyanın güc nümayişi idi və bu mesajı yüngül qəbul etmək lazımdır. Bu, Rusiyanın vəziyyətə istənilən an müdaxilə etmək imkanına malik olduğunu göstərir. Fikrimcə, buna adekvat reaksiya olmalıdır. Amma hərbi-siyasi xarakterli reaksiyanı qarşı tərəf, yəni ABŞ, yaxud NATO göstərməlidir”.

O bildirib ki, Rusiyanın Cənubi Qafqaz üzərindən qurduğu planlarda heç Çin də, Türkiyə də maraqlı deyil:

“Yəni bizim tərəfdaşlarımız kifayət qədərdir. Mövcud situasiyada biz iki istiqamətdə addım atmalıyıq. Birinci, Azərbaycan-Ermənistan münasibətlərinin tənizmlənməsi istiqamətində sülh danışıqları danışıqları davam etdirilməlidir. Hesab edirəm ki, Ermənistan da bunda maraqlıdır. İkincisi, əsas strateji və hərbi müttəfiqimiz olan Türkiyə ilə bütün bu addımları razılaşdırmalıyıq. Rusiya təxribatlarını davam etdirəcək. Çünki Rusiyanın bölgə ilə bağlı qlobal planları var. Bu planlar getdikcə iflasa uğramağa başlayır. Rusiyaya böyük güc müqavimət göstərir. Rusiyanın Şimal-Cənub nəqliyyat dəhlizinin açılmasında və onun Cənubi Qafqaz, Xəzər dənizi və Mərkəzi Asiya üzərindən keçməsində, yalnız Qərb ölkələri və Türkiyə deyil, Çin də maraqlı deyil. Ona görə də hazırda həmin dəhlizin birləşdirici hissəsi Azərbaycanın üzərinə düşür. Bütün oyunlar da Azərbaycanın başı üzərindən həyata keçirilir. Ermənistanın ABŞ və NATO ilə, Azərbaycanın isə ABŞ-la hərbi təmasları göstərir ki, amerikalılar hər iki tərəflə işləməyə başlayıb. Bu da Rusiyada narahatlıq doğurur. Rusiya planları pozmaq üçün bütün təxribatlara əl atır. Fikrimcə, belə təxribatlar davam edəcək”.
 
Ardını oxu...
İranın rəsmi, dini və hərbiləşdirilmiş dairələrinə yaxın saytlarda Azərbaycan Respublikasının adının “Bakı dövləti” şəklində yazılması bizə qarşı düşmənçilyin bir başqa nümunəsidir.
Bununla iki məqsəd güddükləri aşkardır. Birinci məqsədləri Azərbaycan Respbulikasının varlığını inkar, ikinci məqsədləri Azərbaycan adının ancaq İrana aid olduğunu iddia etməkdir.
İmkanları olsaydı, SSRİ-nin dağılmasından sonra Azərbaycanın müstəqilliyini də tanımazdılar.
Reallıqla barışmalı olsalar da, dövlətimizi “Bakı dövləti” adlandırmaqla hikkələrindən əl çəkmirlər. Bizi də məcbur edirlər ki, “İran adlı dövlət” ifadəsini işlədək və yazaq.
Elxan Şahinoğlu
Teref.az
Ardını oxu...
Rəsmi statistikaya görə, bu ilin yanvar-fevral aylarında Azərbaycana gələn 233 min əcnəbilərin 35,1 %-i və yaxud 82 mini ölkə ərazisinə dəmir yolu və avtomobillə daxil olub, 2 ay ərzində Azərbaycandan xaricə gedən 218 min bizim vətəndaşların isə 29,7 %-i və yaxud 65 mini ölkə ərazisini dəmir yolu və avtomobillə tərk edib.
Rəsmi qurumlar deyir ki, Azərbaycanın quru sərhədləri ilə ölkəyə gəlib, ölkədən gedənlər idxal (ixrac) yüklərini daşıyan avtomobillərin sürücüləri və yükləri müşayiət edən şəxslərdir.
Teref.az yazır ki, bunu politoloq Natiq Cəfərli deyir. Daha sonra politoloq dediklərini şərh edərək davam edir:
Bu izah inandırıcı deyil, bizim vətəndaşların çoxu, çox güman, Naxçıvan sakinləridir, onlara sərhəd açıqdır, xaricdən gələnlərin bəzilərinə isə, çox güman, özəl şərait yaradılır, yəqin ki, şəhərdə Rusiya nömrəli bahalı maşınlar görmüsüz.
Quru sərhədləri qanunsuz, məntiqsiz olaraq bağlı saxlamaq Konstitusiyanı pozur: Əvvəla, ölkə vətəndaşlarına bərabər münasibət pozulub, Naxçıvan qeydiyyatı ilə, məsələn, Kürdəmir qeydiyyatı olan vətəndaşlar arasında nədən fərq qoyulmalıdır ki?! İkincisi, bu mənasız qadağa bəziləri üçün, deyəsən, qazanc yerinə çevrilib, kimlərisə ölkəyə/ölkədən müəyyən maraqlar müqabilində buraxırlar.
Bu biabırçılıqdır, quru sərhədlər mütləq açılmalıdır, bu qadağanın rəsmi səbəb olan "pandemiya" ilə heç bir əlaqəsi yoxdur, digər məsələlər isə, sadəcə bəhanədir...
Natiq Cəfərli
Teref.az
Ardını oxu...
İran və Azərbaycan xarici işlər nazirləri Hüseyn Əmir Abdullahian və Ceyhun Bayramov iki gün dalbadal – 7 və 8 aprel tarixlərində telefonla danışıblar. Bu təbiidir. İki ölkə arasındakı münasibətlər dibin də aşağısındadır, faktiki müharibənin astanasındayıq. Bu nə Azərbaycanın, nə də İranın maraqlarına cavab verir. Ancaq münasibətlərin gərginlik mərhələsindən çıxması üçün ilk addımları Tehran atmalıdır:
1) Azərbaycan səfirliyinə edilən hücumun araşdırılması barədə Bakıya müfəssəl məlumat verilməlidir;
2)Deputat Fazil Mustafaya hücum edən terrorçulara əmrin İrandan verildiyi təsdiq olunarsa, Tehran buna aydınlıq gətirmək məcburiyyətindədir. İranın sərhəddə qoşun birlikləri toplamasından və hərbi təlimlərindən tutmuş, internetdə təxribatçı görüntülərin yayılmasına qədər məsələlər danışıqların sonrakı mərhələsində müzakirə olunmalıdır.
İki ölkənin xarici işlər nazirlərinin mütəmadi telefon danışıqlarının mövcud gərginliyi azalacağına inam azdır. Çünki belə telefon danışıqlar keçmiş aylarda da olub, ancaq münasibətlərin normallaşmasına müsbət təsir etməyib. Çünki İranda qərarları bu ölkənin Xarici İşlər Nazirliyi vermir. İranda Azərbaycanla bağlı qərarları güc strukturları – İran İslam Keşikçiləri Korpusu və ona aid strukturlar verirlər. Deməli, münasibətlərin normallaşması üçün bu stukturların qərar verməsi lazımdır. Onlar qərar vermədən İran Xarici İşlər Nazirliyi istəsə belə münasibətləri normallaşdıra bilməyəcək, nazirlərin hər telefon danışığından sonra növbəti təxribatla üzləşəcəyik və gərginlik azalmayacaq. Digər tərəfdən İran parlamenti Azərbaycan əleyhinə sənədlər qəbul edir. İran Xarici İşlər Nazirliyi parlamentlərini inandırmalıdır ki, Azərbaycanın daxili işlərinə qarışmaq olmaz. İran XİN bunu edə biləcəkmi və ya bunu etmək istəyəcəkmi? Misal üçün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian telefon danışığı zamanı illərdir təkrarladıqları fikri deyib: “Düşmənlər İran və Azərbaycan arasındakı problem və gərginlikdən faydalanırlar”. Aydındır ki, iranlı diplomat düşmənlər dedikdə İsraili və ABŞ-ı nəzərdə tutub. Yenə də eyni hava. ABŞ və İsrail Tehranın düşməni ola bilər, ancaq Azərbaycanın bu iki dövlətlə tərəfdaşlıq münasibətləri var. Tehran bunu qəbul etməyincə münasibətlərin normallaşmasından danışmaq yersizdir. Elə Ceyhun Bayramov da telefon danışığında iranlı həmkarının diqqətinə çatdırıb ki, Azərbaycan milli maraqlarına uyğun müstəqil xarici siyasət həyata keçirir.
İki ölkə arasında gərginliyin azalması və münasibətlərin normallaşması üçün daimi əsasda fəaliyyət göstərən ikitərəfli komissiyanın fəaliyyətinə ehtiyac var. Bu komissiyada yalnız iki ölkənin diplomatları deyil, güc strukturlarının nümayəndələri və deputatları da iştirak etməlidir. Çünki Azərbaycana qarşı təxribatçı qərarları məhz İranın güc strukturları və deputatları qəbul edirlər. Güc stukturlarının saytlarında və televiziyalarında Azərbaycan əleyhinə təbliğat heç zaman dayanmayıb, bu məsələlərə də aydınlıq gətirilməlidir, bu məsələlərin həlli İran Xarici İşlər Nazirliyinin səlahiyyəti xaricindədir. Eyni zamanda İranın ali dini liderinin mollalarına Azərbaycan haqqında danışarkən diqqətli olmalarını tövsiyyə etməlidir.
Nazirlər telefon danışığı zamanı Azərbaycanla İran arasında mövcud olan layihələrin icrası istiqamətində iş aparılmasına dair razılıq ifadə ediblər. İki ölkə arasında ortaq layihələrin icrası vacibdir. Ancaq münasibətlərdə gərginlik azalmadan, İrandakı bütün strukturlar Azərbaycanın daxili işlərinə qarışmaqdan vaz keçməyincə, təxribatlarını durdurmadıqca, ortaq iqtisadi layihələrin reallaşması çətin olacaq.
Elxan Şahinoğlu
Teref.az
 

Dünyapress TV

Xəbər lenti