![]() |
![]() ![]() ![]() |
|
“Agalarov Development” şirkətinin təsisçisi Emin Ağalarovun Özbəkistanda da “Sea Breeze” layihəsini icra edəcəyi barədə məlunat vermişdik.
Ötən ilin dekabr ayında Emin Ağalarov Daşkənd vilayətinin Bostanlıq rayonunda “Sea Breeze Uzbekistan” beynəlxalq turizm mərkəzi layihəsini Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təqdim etmişdi.
Musavat.com xəbər verir ki, E.Ağalarov Çarvak su anbarının sahilində “Sea Breeze Uzbekistan” beynəlxalq turizm mərkəzini tikintisinə başlayır.
Bir neçə gündür Özbəkistanda səfərdə olan Emin Ağalarov atası Araz Ağalarovla birlikdə turizm mərkəzinin tikiləcəyi ərazidə olublar. Layihənin icrası ilə bağlı rəsmi şəxslərlə görüşlər keçirilib.
“Sea Breeze Uzbekistan” layihəsinin inşasına yaxın günlərdə başlanılacaq.
Musavat.com
Ermənistanın tələm-tələsik və yarımçıq sülh sənədi imzalamaq hiyləsinin məkrli səbəbləri üzə çıxır; Paşinyan “aydınlaşdırılmalı bəzi məqamlar” deyəndə nəyə işarə edir?
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsi Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında Albaniyada müzakirə predmeti olub, lakin konkret vaxt barədə məlumat yoxdur. “Yeni Müsavat” xəbər verir ki, bu barədə erməni mediası yazıb.
“Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanması üçün tarixi razılaşdırmaq, həmçinin bəzi məqamları aydınlaşdırmaq üçün ikitərəfli məsləhətləşmələr davam edir”. Bunu isə az öncə Paşinyan bildirib.
Ardınca Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan mayın 29-da deyib: “Biz sülh sazişinin imzalanması üçün diplomatik kanallar vasitəsilə Azərbaycanla məsləhətləşmələr aparırıq. Sülh müqaviləsinin mətni yekunlaşıb və onun imzalanması qalıb”.
Lakin rəsmi Bakının sülh müqaviləsinin imzalanması üçün iki legitim şərti və ya tələbi bəlli. Belə olan surətdə Paşinyanın və onun komandasının nikbinliyi nə ilə bağlı ola bilər? Bakı ilə “aydınlaşdırılmalı bəzi məqamlar” deyəndə Ermənistan baş naziri nəyi nəzərdə tutur, 2025-ci ildə bu il sənədin imzalanması mümkündürmü? Buna ən böyük əngəl hazırda nədir - Ermənistan cəmiyyəti, Rusiya, İran, yoxsa Qərb?..
“Paşinyan hesab edir ki, sülh sazişinin imzalanmasında istənilən gecikmə İrəvan üçün riskdir”. Bunu isə rusiyalı politoloq Yevgeni Mixaylov söyləyib. “Lakin Nikol Paşinyanın ”Ermənistanın Konstitusiya Məhkəməsi sülh müqaviləsini təsdiq etməsə, şəxsən Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum təşəbbüsü ilə çıxış edəcəyi" barədə bəyanatları nədənsə inandırıcı görünmür və ümumiyyətlə, heç nə demək deyil. Təbii ki, Azərbaycanı bu ardıcıllıqlar qane etmir. Bakı sülh sazişi imzalanana qədər Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların Ermənistan Konstitusiyasından çıxarılmasını tələb edir. Azərbaycanın mövqeyi tamamilə ədalətlidir. Bakı risk etmək istəmir. İrəvan başa düşməlidir ki, Bakı ilə sülh əldə olunmasa, Azərbaycanın sülh sazişinin imzalanması ilə bağlı irəli sürdüyü tələbləri yerinə yetirmək üçün konkret addımlar atmasa, Bakının İrəvanı sülhə məcbur etməsi daha ağır formalar ala bilər", - deyə o qeyd edib.
Başqa sözlə, Azərbaycanın “B planı” işə düşə bilər...
Züriyə Qarayeva
Siyasi ekspert Züriyə Qarayeva “Yeni Müsavat”a bildirib ki, Ermənistana diplomatik təzyiqləri artırmaq lazımdır. Onun fikrincə, rəsmi İrəvanı sülhə məcbur etmək üçün siyasi-diplomatik üsullarla təsirləri gücləndirməliyik. Ekspertin sözlərinə görə, Ermənistan hakimiyyəti sülh mövzusunda “gözə kül üfürür” və vaxt udmağa çalışır. “Cənab Prezident hər bir görüşdə və çıxışlarında Azərbaycan dövlətinin mövqeyini, tələblərini səsləndirir. Əgər münaqişənin tam başa çatması Ermənistana lazımdırsa, şərtlər qəbul olunmalıdır. Ancaq vaxt qazanmaq və hakimiyyət kürsüsünü düşünmək Paşinyana vacibdirsə, Azərbaycan hər hansı siyasi oyunda iştirak etməyəcək”, - Z. Qarayeva belə söyləyib.
Ekspertə görə, prosesin uzanması regionda kənar təsirlərin dərinləşməsinə səbəb olur və bundan sui-istifadə edilir: “Ermənistan beynəlxalq ictimaiyyəti inandırmaq istəyir ki, guya sülhü onlar istəyir, Azərbaycan əngəl olur. Bu yalan propoqanda davam edir. Buna görə də düşməni ifşa etməliyik və diplomatik təzyiqlərlə məlum iki şərtin yerinə yetirilməsinə nail olmalıyıq. Paşinyan qarşıdan gələn seçkilərdən qalib çıxmaq istəyirsə, Bakını dinləməlidir. Nəzərə alsınlar ki, Gümrüdə kommunistlər qələbə qazandı. Ardınca Rusiyadan Ermənistana həmlələr artmağa başladı. Paşinyan Kremlin addımlarını görə bilirsə, Azərbaycanla sülh prosesini sürətləndirməlidir. Çünki ondan asılı səbəblər var. Hər halda, Azərbaycan yeni bir diplomatik hücum planı ilə Ermənistanı sülhə məcbur etməlidir”.
Zaur Məmmədov
Politoloq Zaur Məmmədov hesab edir ki, Paşinyan əslində yeni nəsə deməyib, onun bu açıqlaması ikitərəfli dialoqda yeni qərar vermədiyinin göstəricisidir. Z.Məmmədova görə, Paşinyanın Azərbaycanla sülh sazişinin imzalanması prosesini ATƏT-in Minsk qrupunun ləğvi və Ermənistan Konstitusiyasına dəyişiklik məsələləri ilə əlaqələndirməsi proseslərdə inkişaf yox, geriyə qayıdışdır: “Paşinyan bildirir ki, Ermənistan Minsk qrupunun ləğv olunması ilə eyni vaxtda sülh sazişi imzalamağa hazırdır, amma bu yanaşma əslində prosesə süni şərtlər və paralel mexanizmlər əlavə etməkdir. Ermənistan əvvəllər Minsk qrupunu ”status" məsələsini gündəmdə saxlamaq üçün istifadə edirdi. İndi isə bu strukturun ləğvini müzakirə obyektinə çevirmək, sadəcə olaraq zaman udmaq və əsas məsələlərdən yayınmaq istəyir. İrəvan çox yaxşı bilir ki, təxminən gələn ildən başlayaraq ABŞ, Fransa və Rusiya Minsk qrupunun diriltmək üçün fəaliyyətə keçə bilərlər. Bu, Ermənistanın maraqlarına cavab verəcək. Ona görə məsələləri uzatmaqla bu kartı əlində saxlamaq istəyir".
Onun fikrincə, Konstitusiya məsələsində də eyni qayda ilə vaxt udmaq və məsuliyyətdən yaxa qurtarmaq istəyir: “Əslində isə onun məsuliyyətdən yaxa qurtarması üçün ən yaxşı yol mövzunun müzakirəsini xalqa vermək, referendum vasitəsi ilə erməni cəmiyyətinin öz gələcək aqibətlərini müəyyən etməsidir. Azərbaycanın bu məsələdə mövqeyi bəllidir - Ermənistanın konstitusiyasında dəyişikliklər edilmədən sülh sazişi hüquqi baxımdan qeyri-müəyyən qalacaq və gələcəkdə iddiaların yenidən qayıtma riski yaranacaq”.
Politoloq düşünür ki, Paşinyan çıxışında guya konstruktivlik göstərir, əslində isə bu, siyasi manipulyasiya, vaxt udmaq və beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdidir: “Minsk qrupunun ləğv edilməsi və Ermənistan konstitusiyasının dəyişdirilməsi sülhün real təminatı üçün zəruri şərtlərdir. Çünki bu məsələlər Ermənistanın gələcəkdə Azərbaycana qarşı ərazi iddialarının və ya revanşist planlarının qarşısını almaq üçün hüquqi əsasları aradan qaldırır”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
ABŞ-ın ticarət naziri Hovard Lutnik və iş adamı İlon Mask Fransa prezidenti Emmanuel Makronu lağa qoyublar.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, hadisə Ağ Evdə - prezident Donald Tramp İlon Maskın administrasiyadakı işindən ayrılması barədə məlumatı açıqlayarkən baş verib.
Jurnalistlər Maskdan gözünün altının niyə qaraldığını soruşublar. O isə cavabında “Fransa yaxınlığında heç yerdə olmamışam” deyə cavab verib və əlavə edib ki, şillələrlə zarafat etmək yaxşı fikirdir. Bundan sonra Lutnik zarafatla Maskın gözünün altını qaraldana işarə edərək “Fransanın birinci xanımı” deyib.
Mask özü zərbəni 5 yaşlı oğlundan aldığını deyib: “Ona dedim ki, gəl, üzümə yumruq vur. O da etdi. Həmin anda mən demək olar ki, heç nə hiss etmədim və sonra qançır göründü".
Öz növbəsində ABŞ prezidenti Donald Tramp Maskın üzündəki zərbə izinə fikir vermədiyini bildirib. Eyni zamanda o, xanımının Makrona sillə vurması barədə danışaraq “bilmirəm nə başverib, yalnız məsləhət görərdim ki, qapını bağlamaq lazımdır” deyib. Daha sonra isə qeyd edib ki, videonu görəndən sonra Makronla danışıb, ailəsində hər hansı problem olmadığını öyrənib.
Musavat.com
Pakistanın xarici işlər naziri İshaq Dar cümə günü bildirib ki, İslamabad Əfqanıstanla münasibətləri yaxşılaşdırmaq və Kabilə səfir təyin etmək qərarına gəlib.
"Report" xəbər verir ki, o, bu barədə "X" səhifəsində yazıb.
"Mayın 19-da Pakistan nümayəndə heyəti ilə birlikdə Kabilə məhsuldar səfərimdən sonra Pakistan-Əfqanıstan münasibətləri müsbət istiqamətdə irəliləyir. Bu sürəti qorumaq üçün Pakistan hökumətinin Kabildəki müvəqqəti işlər vəkili rütbəsini səfirə yüksəltmək qərarını məmnuniyyətlə elan edirəm", - o yazıb.
Diplomat qeyd edib ki, bu addım iki ölkə arasında iqtisadiyyat və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşməsinə töhfə verməlidir.
Musavat.com xəbər verir ki, Zelenski axşam müraciətində bildirib ki, həm Ukrayna, həm də Türkiyə — danışıqların ev sahibi olaraq — “Rusiya memorandum”u barədə hələ də heç bir məlumat almayıblar.
“Ruslar bu sənədi niyə gizlədirlər, anlaşılmazdır. Tamamilə qəribə mövqedir. Formatla bağlı heç bir aydınlıq yoxdur. Görünür, Moskva diplomatiyadan tamamilə uzaqlaşıb. Onlar daim elə hərəkətlər edirlər ki, dünyaya sübut etsinlər: məhz onlar dünyadakı ən qeyri-adekvat subyektdir. Elə bu da hamını inandırır ki, Rusiyaya qarşı yeni təzyiqlər — daha sərt təzyiqlər olmalıdır,” — deyə Zelenski vurğulayıb.
Musavat.com
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı olub.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı ikitərəfli əlaqələr, regional və qlobal proseslər müzakirə edilib.
Ərdoğan Türkiyənin Ukrayna ilə Rusiya arasında ədalətli və davamlı sülhün təmin olunması üçün səylərini davam etdirəcəyini, ölkəsinin İstanbulda iki ölkə nümayəndə heyətləri arasında başlayan danışıqların davam etdirilməsinin tərəfdarı olduğunu bildirib.
Dövlət başçısı, həmçinin danışıqlarda əsir mübadiləsi barədə əldə olunan razılaşmanın qısa zamanda həyata keçirilməsindən məmnun olduğunu söyləyib.
Prezident Ərdoğan İstanbulda keçirilməsi planlaşdırılan danışıqların ikinci raundunda mümkün atəşkəsin müzakirə edilməsinin sülhə yol açacağını qeyd edib.
Türkiyə lideri nümayəndə heyətləri arasında görüşlər başa çatdıqdan sonra dövlət başçıları səviyyəsində görüşlərin keçirilməsinin sülh prosesi üçün faydalı olacağını və bunu ləngimədən reallaşmalı olduğunu diqqətə çatdırıb.