Ardını oxu...
Azad edilmiş torpaqlara qayıdış başlayır. Zəngilan rayonu ilk sakinlərini artıq qəbul edib. Viran qalmış yurd yerlərində otuz ildən sonra kəndlər, şəhərlər salınır.

Bəs məskunlaşma yerlərinin salınması zamanı dövlət qurumları büdcə vəsaitlərini şəffaf və ədalətli xərcləyirmi? Söhbət yerli və xarici şirkətlərin işlərin görülməsinə müsabiqəsiz cəlb olunmasından, hətta məmurların işləri tələskənliyə salıb, öz ailə şirkətlərinə ötürməsindən gedir.

Ağdam, Cəbrayıl, Zəngilan, Laçın, Kəlbəcər, Füzuli və Xocavənd rayonlarında 21 yaşayış məntəqəsinin şəhərsalma əsaslandırılmasının hazırlanması üzrə müqavilələr bağlanıb.

Şəhərsalma əsaslandırılması - tikinti obyektinin yerləşdirilməsi üçün hazırlanan planlaşdırma sənədidir.

Müsabiqəsiz bağlanan 22 müqavilə

Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən məlumatlarda göstərilir ki, kəndlərin şəhərsalma əsaslandırılma sənədinin hazırlanması üzrə elan bu resursda yerləşdirilməyib. Başqa sözlə, 2 dövlət layihə institutu, 4 özəl Azərbaycan və 1 Türkiyə şirkəti ilə ümumi dəyəri 11 milyon 304 min manat olan 22 müqavilə müsabiqə keçirilmədən bağlanıb.

Hökumət adından bu müqavilələrin bağlanmasını Dövlət Şəhərsalma və Arxitektura Komitəsi öz tabeliyindəki quruma – Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə həvalə edib. Qurum Şuşa rayonunun Daşaltı kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılması işlərini "Feniks-AA” MMC-yə təqdim edib.

İkinci Qarabağ müharibəsinədək bu kənddə ermənilər yaşayırdı. Kənd hərbi əməliyyatların episentrində olub və bu səbəbdən bir çox tikili ziyan çəkib. Layihənin sentyabr ayının sonunadək hazırlanması üçün şirkətə 250 min manat ödənilib.

Aydın Aydınlı "Feniks-AA” şirkətinin direktorudur. 27 yaşlı şirkət rəhbəri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatovun oğludur.

"Dövlət satınalmaları haqqında" qanunun 13.2.1-ci maddəsində qeyd olunub ki, satınalma prosedurlarında iştirak edən iddiaçının nümayəndəsi və ya vəzifəli şəxsi ilə birbaşa qohumluğu, təsisçilik və asılılıq münasibətləri olan şəxslər satınalan təşkilatın təmsilçisi, məsləhətçisi və satınalmalarla əlaqədar digər vəzifələrin icraçısı ola bilməzlər. Bu, dövlət satınalmalarında maraqların ziddiyyəti sayılır.

"Feniks-AA” şirkəti 2001-ci ildən bəri tikinti və layihə şirkəti kimi çalışır.

İlqar İsbatov 2008-ci ilədək, yəni - Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun direktoru vəzifəsinə təyin olunanadək bu şirkətə rəhbərlik edib.

Şirkətin direktoru vəzifəsini bir müddət Valeh Eyvazov tutub. O, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 2021-ci ildə formalaşdırılan 11 nəfərdən ibarət İctimai Şurasının üzvüdür. Lakin memar kimi deyil, "Demokratiyanın İnkişafı Problemləri Mərkəzi” İctimai Birliyinin təmsilçisi kimi bu şurada təmsil olunub.

Məlum olur ki, layihələndirmə işləri üzrə bağlanan müqavilələrin 3-ü şura üzvlərindən daha birinə aidiyyatı olan şirkətə qismət olub.

Toğrul Bayramov Komitənin İctimai Şurasının üzvüdür. Memardır. Keçən ilin iyun ayanda qeydiyyatda keçən "Bureau Mühit” MMC-nin direktorudur. Amma 2021-ci ilin sentyabrında Şuraya bu qiyafədə deyil, "Ulduz İnformasiya Kommunikasiya Texnologiyaları Sahəsində Maarifləndirmə” İB-nin nümayəndəsi kimi seçilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin işğaldan azad olunmuş ərazilərdə bir neçə yaşayış məntəqəsinin memarlıq simasının və obrazının müəyyən edilməsi məqsədilə 2021-ci ilin iyul-avqust aylarında təşkil etdiyi memarlıq müsabiqəsi "Qədim Qarabağın yenilənən siması” adlanırdı.

Yenicə yaradılan "Bureau Mühit” şirkətinin memarlar komandası müsabiqəyə çıxarılmış altı kənddən dördü üçün təkliflər təqdim edib. Bunlar: Laçının Şəlvə kəndi, Cəbrayılın Xudafərin qəsəbəsi, Kəlbəcərin Zar kəndi və Füzulinin Horadiz kəndi idi. Münsiflər heyəti bu layihələri mükafat fondu 5 min və 3 min manat olan 1-ci və 2-ci yerlərə layiq görüb. Bir neçə ay sonra, 2022-ci ilin aprel ayında isə bu yaşayış məntəqələrindən 3-nün – Şəlvə, Zar və Xudafərin kəndlərinin şəhərsalma əsaslandırılmasının hazırlanması üçün "Bureau Mühit” şirkətinə 848 min manat ödənilib.

Kəndlərin lahiyələndirilməsinə qeyri-şəffaf yolla cəlb edilən şirkətlərdən biri də "Qala Group” MMC-dir.

"Qala Group” şirkəti öz internet səhifəsində dövlətin satınalma portalına istinadən bildirir ki, o, "yaşayış məntəqələrinin salınmasının şəhərsalma əsaslandırılması ilə bağlı elan etdiyi 13 açıq tenderə yekun vurub və "Qala Group” şirkəti bu tenderlərdən 4-nü qazanıb”. Hərçənd elə həmin portaldaca yazılır ki, bu satınalmaların əsasını təşkil edən satınalma müsabiqəsi (elanı) Dövlət Satınalmalarının Vahid Elektron Portalında yerləşdirilməyib.

Şirkət Laçın rayonunun Güləbird, Zəngilanın Cahangirbəyli, Məmmədbəyli və Cəbrayıl rayonunun Horovlu kənd-qəsəbələrinin şəhərsalma əsaslandırılmasının hazırlanması üçün 1 352 369 manat vəsait alıb.

"Qala Group” şirkətinin sahibi Orxan Mustafayev işadamıdır. Birləşmiş Ərəb Əmirliklərində qurduğu "İdeal Consept Holding” şirkətlər qrupuna "Qala Group”la yanaşı, "Sabah Residence” tikinti şirkəti də daxildir.

Qarabağda görüləcək işlərə cəlb olunan digər yerli şirkət "BİMD” QSC-dir. Şirkət "Overall Management Group” şirkətlər qrupuna daxildir. Qrupun təsisçisi Orxan Məstanovdur. Qrupa daxil olan "CONCO” QSC müharibədə Gəncə şəhərinə atılan raket zərbələri nəticəsində dağıdılan binaların bərpası üçün Ərazi Tikinti-Planlaşdırma Mərkəzindən və Dövlət Tikinti və Arxitektura Komitəsindən ümumi dəyəri 11 098 913 manat olan 4 müqavilə alıb. Bu müqavilələr də tender qanunvericiliyinə əməl etmədən, birbaşa bağlanılıb.

"BİMD” QSC Füzulinin Pirəhmədli və Dədələr, Kəlbəcərin Zarlar və Yanşaq kəndlərinin şəhərsalma əsaslandırılmasının hazırlanması üçün dövlət büdcəsindən 1 530 000 manat alıb.

Qarabağda layihələndirmə işlərinə cəlb olunan şirkətlərdən biri də Türkiyənin "Rem Mimarlik Dekorasyon Restorasyon Proje Ve Taahhut Hizmetleri Ltd.” şirkətidir. O yerli şirkətlərdən daha çox iri məbləğdə müqavilələr almağa nail olub. Türkiyə şirkəti Xocavənd rayonunun Hadrut qəsəbəsinin və ətraf kəndlərin bərpa və yenidənqurulmasının şəhərsalma əsaslandırılmasının hazırlanması üçün Ərazi Tikinti-Planlaşdırma Mərkəzindən 2 242 000 manat, Tuğ və ətraf kəndləri ilə bağlı eyni işin icrasına görə 2 124 000 manat vəsait alıb. İşlərin icrası üçün ayrılan müddət sentyabr ayında tamamlanır.

Qarabağda aparılan işlərin tender qanunvericiliyinə əməl olunması səviyyəsi barədə prezident İlham Əliyev də çıxışında münasibət bildirib:

"Biz hər şeyi planlı şəkildə edirik. Əlbəttə ki, tələsirik, amma, eyni zamanda, tələskənliyə yol vermirik. Bütün tender prosedurları keçməlidir, şəffaflıq tam təmin edilməlidir, orada heç bir inhisarçılıq olmamalıdır. Açıq tender prosedurları təmin edilir və ediləcək. İctimaiyyətə müntəzəm olaraq məlumat verilməlidir və veriləcək”.

İqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, dövlət satınalmaları ilə bağlı qanunların icrasına nəzarət edilmir deyə problemlər yaranır: "Azərbaycanda ən geniş yayılmış qanun pozuntusu ondan ibarətdir ki, bilərəkdən layihələrin icra müddətinin başlanma tarixi gecikdirilir və son anda vaxt məhdudiyyəti adı altında həmin layihələr birbaşa satınalma yolu ilə heç bir rəqabət, şirkətin özünün maddi-texniki bazasının, təcrübəsinin qiymətləndirilməsi aparılmadan öz benefisiarlarına layihələrin ötürülməsi prosesi baş verir”.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri Əhməd Həsənov AbzasMedia-ya deyib ki, işğaldan azad olunmuş ərazilərdə yaşayış məntəqələrinin layihələndirilməsi üzrə işlərin tender yolu ilə deyil, birbaşa müqavilə əsasında satın alınmasına prosesin yubanacağı əsas götürülməklə icazə verilib. Onun sözlərinə görə, Ərazi Tikinti-Planlaşdırma Mərkəzi dövlət satınalmalarına nəzarət edən quruma bir mənbədən satınalma üçün deyil, artıq imzalanmış ikitərəfli müqavilələrə razılıq üçün müraciət edib.

Ərazi Tikinti-Planlaşdırma Mərkəzi layihələri hazırlayan şirkətlərin seçimi üçün müsabiqələrin keçirilməməsi, "bir mənbədən” üsulu tətbiq etməklə bağlanan müqavilələrin qiymətinin müəyyən olunması, eləcə də şirkətlərin seçim meyarları, bağlanan müqavilələrdə maraqlar toqquşmasına dair informasiya sorğusuna cavab verməyib.

İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma sənədlərinin hazırlanmasının planlaşdırılması, razılaşdırılması prosesində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin iştirakı barədə informasiya sorğusu da cavabsız qalıb.

"BİMD” QSC və "Feniks-AA” MMC-nin rəhbərliyi layihələndirmə işləri üzrə bağlanmış müqavilələrin şübhəli məqamlarına dair informasiya sorğusuna cavab verməyib. "Qala Group” şirkətinin rəhbərliyi isə bu sorğudakı sualları sifarişçi təşkilata ünvanlamağı məsləhət görərək, cavabdan yayınıb.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, Qarabağ iqtisadi rayonunda 2040-cı ilə qədərki üç mərhələdən ibarət olan bərpa planının ilk mərhələsinin 2026-cı ildə yekunlaşdırılması nəzərdə tutulub. Birinci mərhələyə Ağdam, Füzuli şəhər mərkəzlərinin, Hadrut, Suqovuşan qəsəbələrinin və 32 kəndin bərpa prosesi daxildir.

Qarabağın sakinləri yurdlarına qayıtmağa başlasalar da, bu bərpa və şəhərsalmanın hansı şərtlərlə, necə aparıldığından xəbərsiz saxlanılırlar.

Araşdırma: AbzasMedia
 
 
 
Ardını oxu...
DogruXeber.az: - “Son vaxtlar ölkəmizdə uşaqlara qarşı müəyyən qüvvələr tərəfindən iki istiqamətdə iş aparılır. Birincisi, mənəvi-psixoloji terrordur. Bu, adətən internet şəbəkələrində baş verir. Hazırda uşaqların, demək olar, hamısında bahalı smartfonlar var. Azad internetdə milyardlarla psxiologiyaya çox mənfi təsir göstərən materiallar doludur. Mənəvi məsələlərdən biri də məktəblərin yaxınlığında uşaqlar üçün şirnikləşdirici məhsulların satılmasıdır. Qidalar, içkilər və s. Hətta mən şahid olmuşam, orta sinif uşaqları məktəbin düz qabağındakı mağazadan enerji içkiləri alıb içirlər. Eyni zamanda qumar oyunları, müxtəlif formalarda, hətta bəzən guya “uşaq oyunu” adı altında əsl qumar oyunları satılır. “Poz, qazan” və s. Narkotikaya uşaqları həvəsləndirmə faktlarına da rast gəlinir”.

Bu sözləri Pravda.az-a sosioloq Elçin Bayramlı “Araz” supermarketlər şəbəkəsindəki uşaq bölmələrində qumar oyunları, kartların satılması ilə bağlı danışarkən deyib.

E.Bayramlı bildirib ki, uşaqlara qarşı aparılan ikinci terror fiziki-bioloji tərəfdəndir: “Bu, qidalarla bağlıdır. Uşaqların dərs yükünün ağırlığı, çətinliyi bir növ psixodrom terrordur. Məktəb çantalarının ağır olması da fiziki cəza növüdür. Sanki uşaqlarımıza düşmən kəsilmişik, bütün istiqamətlərdə onların fiziki-mənəvi sağlamlıqlarını məhv etmək üçün əlimizdən gələn hər şeyi edirik. Ötən gün Səbail rayonu 20-ci sahədə yerləşən “Araz” marketdə idim. Eyni vəziyyətdir, uşaq bölmələrində qumar oyunları, kartlar satılır. Heç bir əhəmiyyət də vermirlər. Tək orda deyil, bütün böyük marketlərdə, mağazalarda bu, uşaqlar üçün əlçatandır. Hətta böyüklərimizdə mənəvi dəyərlərimiz o qədər “korşalıb” ki, hər hansı uşaq dükandan qumar oyunu alanda satıcı onu uşağa böyük məmnuniyyətlə təqdim edir. Eləcə də siqaret, enerji içkiləri, pivə alanda, baxmayaraq ki, qadağandır, məktəb uşaqlarına çox rahatlıqla verirlər. Çünki bazar iqtisadiyyatında yeganə dəyər puldur. Biznesin heç vaxt şərəfi olmur. Cəmiyyəti məhv etsin, uşaqlara zərər vursun, bütün bunlar veclərinə deyil. Belə yanaşma ilə bir cəmiyyət olaraq gələcəyimizi öz əlimizlə məhv etməyə çalışırıq. Təəssüf ki, bu kimi hallar ictimailəşəndə də media çox da reaksiya vermir”.

Sosioloq deyib ki, sosial şəbəkədə “Araz” marketdə uşaqlar üçün qumar oyunlarının satılması ilə bağlı paylaşımına biganə yanaşılıb: “Şərh yazmaqla kifayətləndilər. Bu cür məsələlər ictimailəşməyəndə belə əməlləri törədənlər kölgədə qalır, cəzalandırılmırlar, heç bir ictimai qınaq olmur, heç dövlət orqanlarına da bu məsələ çatmır. Deməli, bütün problemlər əslində bizim özümüzlə - cəmiyyətlə bağlıdır. Cəmiyyət heç nəyə reaksiya vermirsə, ölü canlar formasında yaşayırsa, heç bir sağlam gələcəkdən söhbət gedə bilməz. İlk növbədə özümüz düzəlməliyik ki, uşaqlarımız da yaxşı olsun. Bizsə düzəlmək əvəzinə, təəssüf ki, daha da korlanırıq”.
Ardını oxu...
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağını ucaldıb. Prezident İlham Əliyev tərəfindən Laçında söylənilən tarixi fikirlər:
“Murov dağından Araz çayına qədər sərhəddə əlverişli mövqelərdəyik.”
“Şəhidlərimizin canı, qanı bahasına bu gün bu torpaqlardayıq.”
“Delimitasiya aparılmadan bizi heç kim ittiham edə biməz.”
“Erməni vandalizminin təzahürləri hər bir kənddə, hər bir şəhərdə var.”
“Bu bayraq burada əbədi dalğalanacaq.”
Qarabağ Azərbaycandır!

Etibar Əliyev - millətvəkili
DİA.AZ
Ardını oxu...
Bu məktəb ziyalı yeri deyil. Ziya sözü işıq deməkdir. Uşaq gəlib işıqlı yerdə, yaxşı mühitdə təhsil almalıdır. Gördüyünüz kimi burada o şərait yoxdur.

Bu sözləri Aranlı kəndinin sakinlərindən biri deyir.

İmişli rayon Aranlı kəndinin Yusif Sadatxanov adına 1 saylı orta məktəbi qəzalı vəziyyətdədir.

Məktəb istifadə müddətini çoxdan başa vurub. Pəncərələri sınıq-salxaqdır, divarları uçub-tökülür, döşəmə və tavan çöküb. 1972-ci ildən fəaliiyyət göstərən məktəbin hazırkı vəziyyəti tədris üçün yararlı deyil.

Məktəbdə iki növbəli tədris sistemində 420 şagird təhsil alır.

Aranlı sakinləri deyirlər ki, “Övladlarımız qəzalı vəziyyətdə olan bu məktəb binasında elmin sirlərini öyrənməyə çalışırlar. Məktəbin tavanı uçmaq təhlükəsi ilə üz-üzədir. Qışda yağış-qar suları birbaşa sinif otaqlarına axır. Bu da şagirdlərin təhsil almasına, dərsə davamiyyətinə təsir edir. Odur ki, aidiyyatı qurumların ya məktəbi təmir etməsini, ya da yenidən tikilməsi üçün hərəkətə keçməsini istəyirik”.

Kənd sakini Tofiq Kərimov: “Bu məktəb 1972-ci ildə tikilib. 1980-ci ilə qədər məktəbdə fasilələrlə təmir işləri aparılıb. O vaxtdan sonra məktəbə baxan olmayıb. İndi məktəb bərbad haldadır. Döşəməsi çöküb, pəncərələri sınıqdır. İş o yerə çatıb ki, yağış yağanda sinif otağında gölməçələr yaranır. Şagirdlər oturmağa yer tapmırlar. Tədris ili başlayıb. Uşaqlarımız bu il də təmirsiz məktəbdə oxuyacaqlar. Xahiş edirik məktəbimizin köməyinə çatasınız”.

Kənd sakini Məhəmməd Xammədov: “Məktəblə bağlı giley-güzarımız var. Uşaqlarımız məktəbə gedib oxuya bilmirlər. Əslində müəllimlərdən narazı deyilik, yaxşı dərs keçirlər, siniflər bərbaddır. Özünüz görürsünüz, şüşələr yox, döşəmə yox. Qapılar pis vəziyyətdədir, sinif otaqlarından üfunət iyi gəlir. 5 yaşında uşaq burda xəstəlik tuta bilər. Vəzifəli şəxslərdən məktəbin təmirinə kömək etmələrini xahiş edirik. Uşaqlarımız gələcəyin əsgərləridir. Bu şəraitdə təhsil alan oğul vətəni qorumağa gedəcək”.

Kənd sakini Mədət İmanov: “Məktəb 1972-ci ildən fəaliyyət göstərir. Mən özüm 2-ci sinifə bu məktəbdə başlamışam. Məktəbin görüntüsünə şahid oldunuz, bərbad vəziyyətdədir. Bu məktəb ziyalı yeri deyil. Ziya sözü işıq deməkdir. Uşaq gəlib işıqlı yerdə, yaxşı mühitdə təhsil almalıdır. Gördüyünüz kimi burada o şərait yoxdur. Aidiyyatı qurumlardan kəndimiz üçün yeni məktəb tikilməsini xahiş edirik”.

Məktəbin direktoru Anar Ələkbərov da məsələyə münasibət bildirdi. Məktəbin qəzalı vəziyyətdə olması barədə aidiyyatı qurumlara məlumat verildiyini, yaxın zamanlarda yeni məktəb binasının tikintisinə start veriləcəyini bildirdi.

Anar Ələkbərov: Məktəbin vəziyyəti ilə bağlı aidiyyatı qurumlara məlumat verilib. Məktəbin yeni binasının tikintisi 2022-2023-cü ilin fəaliyyət planına salınıb. Regional Təhsil İdarəsinin əməkdaşları məsələyə yerində baxış keçirdilər, 2023-cü ildə yeni məktəb binasının tikiləcəyi barədə söz verdilər. Hələ ki, tədrisimizə köhnə binada davam edəcəyik. Heç bir təmir işləri aparılmayıb. Məktəbdə hazırda 420 şagird təhsil alır.

Biz də öz növbəmizdə Aranlı kənd məktəbinin gələcək taleyi ilə bağlı məlumat almaq üçün Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinə üz tutduq. Bizi qurumdan Tədrisin Keyfiyyəti Sektorunun müdiri Mahir Zahidov qarşıladı. Bildirdi ki, Aranlı kəndinin qəzalı məktəbinin yenisi ilə əvəz olunması növbəti ilin tədbirlər planına daxıl olunub.

Rəsmi qurumun sözcüsü: 2019-2023-cü illər üçün regionların iqtisadi inkişafı üzrə dövlət proqramında həmin məktəbin tikintisi nəzərdə tutulub. Buna müvafiq olaraq 2023-cü ildə İmişli rayon təhsil sektoru üzrə Aranlı kənd 1 saylı tam orta məktəbin 528 yerlik binasının tikintisi nəzərdə tutulmuşdur. Şagirdlərimizin müasir tipli məktəbdə təhsil almaları üçün hər çür şərait yaradılacaq. Əlavə olaraq qeyd edim ki, yeni tədris ilində yeni məktəbin tikintisinə qədər məktəbdə olan qəzalı vəziyyəti nəzərə alaraq carı təmir nəzərdə tutulub. Şagirdlərin normal şəraitdə təhsil almaları üçün müəyyən şərait yaradılacaq.

Görünüşə görə Aranlı məktəbliləri növbəti tədris ilini də qəzalı məktəbdə oxumalı olacaqlar. Verilən vədlərə əməl olunacaq, ya yox, bunu da gələcək göstərəcək.

Məsələni diqqətdə saxlamağı özümüzə borc bilirik.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Belediyye.net

Ardını oxu...
DİA.AZ: - Zaqatala rayon Kəpənəkçi kənd məktəbi xarabanı xatırladır.

DİA.AZ fotoqraf Vaqif Muğallının öz "facebook" hesabında paylaşdığı məlumata istinad edərək yazır ki, Kəpənəkçi məktəbi istifadə müddətini çoxdan başa vurub. Buna baxmayaraq Kəpənəkçi məktəbliləri bu məktəbdə təhsil almağa davam edir.

Zaqatala rayonunun bu kənd məktəbinin bərbad vəziyyətini diqqətə çatdırmaq istəyən Vaqif Muğallı öz səhifəsində foto və videolar paylaşaraq belə yazıb: "Bura Azərbaycanın ən gözəl rayonlarından biri olan Zaqatalanın ucqar Kəpənəkçi kəndinin orta məktəbidir. Əgər bura məktəb demək olarsa. Məktəbin girişində yazılmış "Təhsil Millətin Gələcəyidir" cümləsi diqqətimi çəkdi. Millətimizin gələcəyini bu cür şəraitdə yetişdirmək vətənimi, millətimi sevən bir insan olaraq məni çox narahat edir".

Məktəbin vəziyyətindən narahatlığını ifadə edən fotoqraf aidiyyatı quruma üz tutaraq yazısını belə yekunlaşdırıb: "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və bütün aidiyyatı qurumlardan artıq dərəcədə xahiş edirəm millətimizin gələcəyinə biganə qalmayın".

Daha ətraflı aşağıdakı videoda:

BURA TIKLAYIN...
 



Ardını oxu...
 
 
 
 
 
 
 
 
 
2022-ci ilin sentyabrın 21-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb Xidmətinin rəisi Mahmud Yusifovun DİN rəhbərliyinə müalicəmin təşkil edilməsi haqqında müraciətimə cavabını aldım. Rəis bildirib: “A.N. Heydərov adına Respublika Hospitalı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə bağlandığından , təcili tibbi yardıma ehtiyacı olan kontingent istisna olmaqla, digər şəxslərin, o cümlədən DİN -in təqaüdçülərinin müalicəyə SIĞORTALI ƏSASLARLA qəbul edilməsi nəzərdə tutulmuşdur.

Yuxarıda qeyd olunanları nəzərə almaqla, TƏBİB -in yaşadığınız ərazi üzrə poliklinikasına müraciət edərək, Hospitala və ya xəstəliyinizin profilinə uyğun digər klinikaya sığortalı əsasla ödənişsiz müayinə və müalicəyə GÖNDƏRİŞ ala bilərsiniz”.

Göründüyü kimi, DİN-in Tibb xidməti ərazi poliklinikasının Hospitala göndəriş verməsini bildirir, ərazi poliklinikası (26 saylı poliklinika) isə göndəriş verməkdən imtina edir ki, TƏBİB icazə vermir. Bu isə müalicə hüququna qadağa deməkdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1542 çağrı mərkəzindən istənilən dövlət xəstəxanasına getməyi məsləhət bildilər (?). Dövlətin Daxili İşlər Nazirliyinin tibbi uçotunda olan 1-ci dərəcəli Qarabağ qazisinə adi bir göndəriş verilməsindən imtina edilir, istənilən dövlət xəstəxanasına getməyi məsləhət görürlər? !

Fikrimizcə, əlilliyi olmayan təqaüdçülərlə əlil- təqaüdçüləri də sığortalı əsaslarla müalicə məsələsində ayırmaq gərəkir. Onsuz da əlillər dövlət hesabına sığorta olunurlar və onların tibbi uçotunda olduqları tibb müəssisələrində müayinə və müalicə hüquqları saxlanılır. Eyni zamanda, hərbi qulluqçu əlillər hərbi – güc poliklinikalarında da qeydiyyatda olduqlarından, onlardan ərazi poliklinikalarının göndərişini tələb etmək məntiqə sığmır. Belə ötür – ötür oyunu ilə müalicə yox, əsəb gərginliyi gerçəkləşir.

Məğrur Bədəlsoy
Qarabağ Qazisi
 
 
Ardını oxu...
“Birinci Qarabağ müharibəsində iştirak etmişəm. Müharibə veteranı kimi 80 manat alıram. Dolana bilmirəm”.

TEREF.AZ xəbər verir ki, bunu Meydan TV-yə Saatlı rayonunun Azadkənd kənd sakini Dəyanət Səmədov deyib. Onun sözlərinə görə, kənddə cəmi 1 hektar torpaq sahəsi var. Həmin sahədə əkin-biçinlə məşğul olsa da, bu il su problemindən zərərə düşüb.

“Dörd nəfərlik ailəyə cəmi 1 hektar sahə ayrılıb. Bilmirəm nə əkim ki, ailəmi dolandıra bilim. Neçə illərdir müraciət edirəm ki, heç olmasa daha 1 hektar sahə ayrılsın, amma müraciətimə baxılmır”.

Dəyanət Səmədov qeyd edib ki, kənddə onun kimi digərləri də əkin-biçinlə dolanır. Su olmadıqda vəziyyətləri daha da pisləşir:

“Vəziyyət get-gedə daha da çətinləşir. Uşaqlar böyüdükcə tələbat da artır. Bir yandan da əkin xərcləri çoxalıb. Kənddə başqa iş də yoxdur ki, işləyib ailəmi dolandıra bilim. Heç olmasa 2-3 hektar əlavə yerim olsaydı, dolanışıq üçün pul çıxardı”.

Şikayətçi deyir ki, onun müraciətinə baxılmamasına səbəb torpaq sahəsinin olmaması deyil, ayrı-seçkilik qoyulmasıdır.

“Hektarlala sahəsi olanlar illik xərclərini çıxara bilirlər, biz isə yox. Pay torpaqları imkanlılara, bir də vəzifəli qohum-əqrabası olanlara verilir”, – Dəyanət Səmədov deyib.

Azadkənd Kənd Bələdiyəsinin sədri Fuad Rəhmanov Meydan TV-yə deyib ki, pambıq mövsümündən sonra Dəyanət Səmədova bir hektar torpaq sahəsi veriləcək.
Ardını oxu...
Emin Əmirullayev nazirlər arasında yeni Hacıbala Abutalıbov prototipidir. Anaxeber.info xatırladır ki, vaxtilə keçmiş Bakı merinin də hər çıxışı dillərdə dastana, müzakirələrə və məsxərəyə obyekti olardı. İndi elm və təhsil nazirimiz də hər çıxışında "gül" vurur, sonra məlum olur ki, birinci növbədə islahatlara özündən başlamalıdır. Əmirullayev təhsil naziri olduğu vaxtdan əmr vermir, sadəcə təhsil ekspert kimi başımıza məsləhət verən kəsilib, yalnız təkliflər irəli sürür. Di gəl, heç bilmirsən bu baş-ayaq reseptləri kimə söyləyir; əgər cəmiyyətə təklif edirsə, ictimai müzakirələr təşkil olunmalıdır, elm və təhsil adamlarına ünvanlanıbsa, onları nazirliyə dəvət edib fikirlərini öyrənmək lazımdır - yəni həm təhsil adamlarını, həm alimləri, ekspertləri, parlamentin təhsil komitəsinin üzvlərini, valideynləri və müəllimləri... Amma nazir Əmirullayev nə edir? - məktəblərdə pul yığılması ilə bağlı əndrəbadi təklif və fikirlər səsləndirir, bununla necə mübarizə aparıldığını heç özü də bilmədiyini qeyd edir, problemin həllini cəmiyyətin öhdəsinə buraxır. Heç belə nazir olar? Saakaşvili kimi, birmənalı və sərt tələb qoyursan, yumruğunu masaya vurub iradə ortaya qoyursan ki, hansı məktəbdə pul yığılsa, direktoru cəzalandırılsın. Yeri gəlmişkən, yeni tədris ili başlayıb, 5 oktyabr Müəllim Gününə az qalıb və indidən pul yığmaqla bağlı valideyn komitələri votsapda müzakirələrə başlayıb. Bu məsələnin bir tərəfi... və islahatçı təhsil naziri imici qazanmağa çalışan Əmirullayevin bu sahədə fəaliyyətsizliyinə bir "quş"! Nazir bu neçə il ərzində heç bir iş görməyib. Pul də yığılır, rüşvət də var, təhsilin keyfiyyəti də yerində sayır, məktəblər dərs keçmir, hətta o səviyyəyə enmişik ki, 190 bal toplayan da tələbə adını qazana bilir. Bu, məktəblərin son illərdə verdiyi təhsilin deqradasiyaya uğramasıdır. Anaxeber.info yazır ki, təhsil nazirinin rus sektorları ilə bağlı dedikləri də məntiqdən uzaqdır. Nazir deyir ki, rus sektorları üçün müəllim qıtlığı var, yəni uşaqlarınızı Azərbaycan sektoruna qoyun. Ancaq Əmirullayev düşünmür ki, bu problem dövlətin, nazirliyin işidir, valideynin günahı deyil. Əgər müəllim çatışmırsa, onda rus sektorlarını birdəfəlik ləğv edin. Yəni bu da nazirin növbəti "Dədə Qorqud" tövsiyələrindən biri... Bu da azmış kimi, ötənlərdə nazir dedi ki, 469 müəllim sertifikasiyada “anbar”, “şənbə” və “pambıq” sözləri verilmiş test tapşırığında sözün düzgün yazılışını tapa bilməyib. Hamı nazirin bu açıqlamasını müzakirəyə çıxardı. Amma sən saydığını say, gör... Məlum oldu ki, elm və təhsil naziri Qobu qəsəbəsində iki şagirdin ölümü ilə bağlı başsağlığında özü babat səhvlər buraxıb. Cəmi 4 cümləlik başsağlığında sizcə, nə qədər səhv ola bilər? Hörmətli dilçilərimiz bu 4 cümləni təhlil etsələr, orfoqrafik, morfoloji, sintaktik və üslub səhvlərinə rast gələ bilərlər. Deməli, təhsil naziri hələ 4 cümlədə bu qədər səhv buraxırsa, müəllimlərin "şaftalı" sözünü yanlış yazması təbii haldır. Buna görə naziri özü Azərbaycan dilini yaxşı öyrənməli, kursa getməlidir. Əmirullayev "səbir" yerinə "səbr" yazdığı halda müəllimlərə irad tutmaqla özünü növbəti dəfə çətin vəziyyətə salmış oldu. Axı elm və təhsil naziri nəhayət nə vaxt danışmaq əvəzinə real işlər görəcək? Təhsildə konkret dəyişikliklər dövrü nə zaman başlanacaq? Biz hələ də pul yığılmasından, dərsliklərin bərbad vəziyyətdə olmasından, direktorların pul yığmağı tələb edən audio yazılarının yayılmasından danışırıq, hələ də müəllim - direktor - valideyn komitəsi alver şəbəkəsi davam edir, Təhsil Nazirliyinin adı dəyişib Elm və Təhsil Nazirliyi olub, yenə də keyfiyyət, məzmun, məna dəyişməyibsə, nazir özü sözü düz yaza bilməyib müəllimləri səhv çıxarırsa, onda vay bu millətin gələcəyinin halına! Ümumiyyətlə, nazirin danışmaqdan, tədbirlərdən başı açılsa, təğyiri - libas olub məktəbləri ziyarət eləsin, universitetlərə baş çəksin, nazirliyə 50 valideyn toplayıb bütövlükdə bütün valideynlərin ümumi problemlərini onların dilindən eşitsin, yoxsa o tədbir sənin, bu tədbir mənimlə təhsil irəli getməz, cənab Əmirullayev...
Anaxeber.info
 
Ardını oxu...
Qaraj və yol xətləri üçün 25 milyon çox böyük vəsaitdir…

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyi tender maxinasiyalarının miqyasını və məbləğini genişləndirməkdədir. Tia.az məlumat verir ki, bu dəfə qaraj tikintisi və yolların xətlənməsi üçün 25 milyon nəzərdə tutulub. Bu rəqəm isə kifayət qədər şişirdilmiş görünür və BNA sədri Vüsal Kərimli növbəti korrupsiyaya imza atmaqdadır.

Təbii ki, qaraj və yol xətləri üçün 25 milyon çox böyük vəsaitdir. Deməli, ya yeyinti var, ya da məbləğ şişirdilib. Belə ki, yolların xətlənməsi (1-2), eləcə də “Zığ Avtoparkı” MMC-yə məxsus avtobus qarajının tikintisi (3) ilə bağlı elan etdiyi 3 açıq tenderə yekun vurub.

Tenderlərin qalibləri müvafiq olaraq “1 №-li Xüsusi Təyinatlı Yol İstismarı”, “Yol Xətt” və “Minera” MMC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 1,558 milyon manat, 18,085 milyon manat və 5,677 milyon manat, ümumilikdə isə 25,32 milyon manat ödəniləcək. Ümumiyyətlə, BNA-nın tender əməliyyatları və maxinasiyaları çox sakit şəkildə həyata keçirilir. Halbuki qurum şəhərdə bu illər ərzində nə xətləməni başa çatdırıb, nə parkinqlər qurulub, nə dayanacaqlar yaradılıb. Bir sözlə, BNA “pakazuxalıq” edir.

Dünyapress TV

Xəbər lenti